Vilayət bağçası İkİnCİ cİld


İslam təşkilatları - rəhbərin qolları6



Yüklə 0,52 Mb.
səhifə4/10
tarix23.01.2018
ölçüsü0,52 Mb.
#22123
1   2   3   4   5   6   7   8   9   10

İslam təşkilatları - rəhbərin qolları6

Bismillahir-Rəhmanir-Rəhim.


Məsuliyyət hissi

Tələbələrin bir məsələyə dair məsuliyyət hiss etmələrinə və qəzetdə bəyanat yaymalarına sevindim. Mənim istədiyim budur. İstəyirəm ki, gənclər, xüsusən də tələbələr ölkənin və dünyanın cari məsələlərinə dair məsuliyyət hiss edib ciddi çalışsınlar.


Daimi mübarizə

Siz deyirsiniz ki, bu sözlərlə məni incitdiniz. Xeyr, təsadüfən sevindirdiniz. Çünki sizin bu məsələlərə qarşı ciddi yanaşdığınızı görürəm. Təbii ki, əvvəldən bilirdim, təkcə bugünkü toplantıdan anlamadım. Lakin insan öz gözləri ilə müşahidə etdikdə daha artıq sevinir.

Həyatda həmişə mübarizə var; hətta cəmiyyət mübariz və inqilabçı olmasa da. Yəni həyatın xisləti keşməkeşlidir. Bu keşməkeş bəzən təbiətlədir, bəzən təbiət daxilindəki şər qüvvələrlə, bəzən xarici ünsürlərlə, bəzən hegemonizmlə, bəzən daxili şeytanla və nəfslə. Hər halda, həyat keşməkeşli və mübarizə yeridir.
İnqilabçı cəmiyyətin təbiəti

Cəmiyyət bizim cəmiyyətimiz kimi inqilabçı olduqda təbii ki, bu mübarizə daha sərtləşir. Nə üçün deyirik ki, inqilabçı cəmiyyət təbiətcə mübarizdir? Çünki fərz edirik ki, inqilab mövcud quruluşu ortadan götürüb. Təbii ki, bu, bir sıra düşmənlər yaradır. Dəyişiklik etmədən bir quruluşu ortadan götürmək imkansızdır. Deməli, cəmiyyətdə əxlaqi, elmi və əməli dəyişiklik baş vermişdir. Və bunun bir sıra düşmənləri var.


Düşmən və düşmənliklər

Bəli, siz bu gün bu düşmənlikləri yaxşı görürsünüz. Əgər kimsə başını öz işinə və tısbağa qınına salmasa, azca qaldırsa, bizim çoxlu düşmənlərimizin olduğunu görər; xaricdən də var, daxildən də, maraqları təhdid olunanlar da var, daxildəki istək və arzuları həyata keçməyənlər də, şəxsi tamahları, sərmayə, pul, sərvət, iyirmimərtəbəli binası olmayanlar da.

Bəzilərinin bu quruluşda yalnız şəxsi həvəsləri və cinsi hissləri doymadığından, pozğunluqlarını doyura bilmədiklərindən quruluşla düşməndirlər. Demək istəmirəm ki, çox və mühümdürlər. Demək istəyirəm ki, bizimlə düşmənliklərin çoxluğu bu vəziyyəti yaratmışdır.

Xaricdə hegemonizm, sionizm, sionizmin varlığından qazanc götürənlər, İslam bölgəsinin mürtəce dövlətləri və sair qüvvələr var. İslam Respublikası quruluşu, bu quruluşu sevənlər və bütün xalqımız əleyhinə düşmənçiliklər var.


Müharibə vəziyyəti

Səhnə müharibə səhnəsidir. Bu məsələnin xırdalıqlarına varmaqda məqsədim budur ki, sizin zehninizdə doğrudan da döyüş səhnəsi canlansın, yumşaq yataqda yatmadığımıza, asfalt yolla hərəkət etmədiyimizə bütün vücudunuzla inanasınız. Biz müxtəlif dövlətlərin düşmənçiliyi ilə dolu bir yolla gedirik və müharibə vəziyyətindəyik.


İslam birliyinin xüsusi rolu

Tələbə təbəqəsinin, müsəlman tələbələrin və İslam birliyinin bu müharibədə xüsusi rolu var. Demək istəmirəm ki, ən üstün rol onunkudur, lakin hər halda, xüsusi rolu var. Buna görə, siz özünüzü yaxşı bir mübariz kimi yetişdirməlisiniz. Bu mənim bütün tələbələrə, xüsusən də buraya gəlib bu məsələni mənimlə müzakirə edən siz qardaş və bacılara əsas sözümdür.


Müharibə qaydaları

Yəni bir qüvvə kimi müharibəyə qoşulmalısınız. İnsan bəzən görür ki, düşmənin bombardmanı çox güclü və şiddətlidir. Bəzən hiss edir ki, axşama qədər iki kilometr geri çəkilməyə məcburdur. Bu zaman əvvəla, yalançı ümid ona üstün gəlməməli, ikincisi isə hiss etdiyimizi uca səslə deməməliyik.

Quran buyurur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar."7 Bu, cəmiyyətdəki mənfi qruplar barədədir. Onlara təhlükəsizlik, yaxud qorxu barədə bir söz çatdıqda yayır və şayiəyə zəmin yaradırlar. Bir əsgər müharibədə düşmənin bir iş görmək istədiyini hiss etdikdə onu öz komandirinə deyə bilər, lakin bu xəbəri yaymamalıdır. Çünki digərlərində ruh düşkünlüyü yaranar.
Ümid ətri

Deməli, birinci özündə, sonra isə digərlərində ümid yaratmaq və bundan əlavə, bir-birinə haqq və dözümlülüyü tövsiyə etmək. Təhlükə hiss etdikdə hərəkəti sürətləndirmək, səyi artırmaq, qüvvəni çoxaltmaq və döyüş yoldaşlarını daha artıq qorumaq lazımdır; yəni digərinin zəiflədiyini duyduqda ehtiyatlı olsun və onu qorusun.


Döyüş və ümid

Bunlar düşmənin təhlükəsini hiss edən zaman insanın diqqət yetirməli olduğu məsələlərdir. O, həm də güc toplamalıdır. Əgər lazım olsa, bu zəif cəhətləri düzəltmək üçün vaxt itirmədən özündən yuxarıya və lazım olan hər kəsə məlumat verməlidir.

Siz müharibə vəziyyətində olduğunuzu bilin. Və bu sizdə ümidi artırmalıdır. Ümidsizliyi əsla yaxın buraxmayın. Əgər ümidsizliyə uğramaq istəmirsinizsə, olanlara bədbin yanaşmamalısınız. Təbii ki, özümüzü də aldatmamalıyıq. Yəni reallığı görməyib əbəs yerə sevinməməliyik. Mən bunu əsla tövsiyə etmirəm. Lakin çalışın ki, həqiqət bizə və heç kəsə olduğundan acı və pis görünməsin. Bundan ehtiyatlı olun.
Ümid tövsiyəsi

Mən görürəm ki, siz söhbət əsnasında tez-tez ümidli olduğunuzu vurğulayırsınız. Bəli, bu, mütləq lazımdır. Bilirsiniz ki, mən bu məsələyə qarşı həssasam. Mən bəzən söhbətlərimdə də bunu təkrarlayır, xüsusi və kiçik toplantılarda da deyirəm. Sizə də bu tövsiyəni edirəm.


Fikirləri qəbul etməyə hazır mühit

Sizi elmi, duyğusal, yaxud siyasi təzyiqlər qarşısında qoyanlar tələbələrin neçə faizidir? Azdır. Siz deyə bilməzsiniz ki, tələbələrin hamısının bu hissi, bu problemi var. Deyə bilərsiniz ki, hamıda bu potensial var. Bəli, düzgündür. Çünki gənc mühiti müsbət, yaxud mənfi, qurucu, yaxud dağıdıcı fikirləri qəbul etməyə istedadlı və hazırlıqlı bir mühitdir. Real vəziyyətə gəlincə isə belə deyil.


Gənc tələbə mühiti

Tələbə mühiti gənc mühitdir. Düzdür, burada sizin işarə vurduğunuz düşüncə problemlərinə düçar olan tələbə azlığı var. Onlar bunu ortaya ata, başqasını təsir altına sala bilərlər və ola bilsin, özünüz dediyiniz kimi, siz onları qane edə bilməyəsiniz.


Hidayət

Siz bu problemi aradan qaldırmağa çalışmalısınız. Yəni tələbə mühitində inqilabın təməllərinə qarşı şübhəyə düşmüş insanları hidayət etmək vəzifəsini hiss etməlisiniz. Bu məsələ rəhbərlik məsələsinə aid deyil, dini etiqadlara və İslamın prinsiplərinə aiddir.

Şayiə yayılır, söz danışılır, səhv və əsassız əsaslandırmalar edilir, müxtəlif cəhətlərdən - istər sinifdə, istər müxtəlif çıxışlarda və istər universitet xaricindəki mediada dini təməllərə hücumlar baş verir. Bunlar var. Mən bunlar haqda az-çox məlumatlıyam. Lakin bu, gənc, mömin və inqilabçı təbəqəni daha artıq fəaliyyətə vadar etməlidir. Yəni durumun sizdən nə tələb etdiyini bilin və həmin sahədə fəaliyyətinizi artırın.
Möhkəm təməllər

Məsələn, indi tələb olunan işlərdən biri budur ki, şübhənin sizə keçməməsi üçün siz öz elm və düşüncə təməllərinizi möhkəmləndirəsiniz. Bu şəraitdə sizə lazım olan, yəni mübarizənizin şərtlərindən sayılan məsələlərdən biri budur. Buna nail olun, heç kimi gözləməyin.


Aparıcı insanlar və ümumi kütlə

Bu gün İslam cəmiyyətində ən vacib sandığım məsələlərdən biri sizin toxunduğunuz və mənim də dəfələrlə təkid göstərdiyim bu məqsədlərdir. Bunun qaynağı mənim bir çıxışda cəmiyyətin aparıcı insanlarına və ümumi kütləyə aid dediyim məsələdir. Bu, tarixi faktlara söykənən bir fikirdir.

Mənim həmin bir saat yarımlıq çıxışım üçün, bəlkə bir neçə dəfə artıq tarixi fakt mövcuddur. Erkən İslam çağında baş verənlər bu çıxışda dediklərimə aiddir. Yəni haqq tərəfdarı olan aparıcı insanlar lazım olan vaxt öz vəzifələrinə əməl etmədilər. Ümumiyyətlə, hər bir şey buna qayıdır.
Ümumi kütlə

“Ümumi kütlə” dedikdə məqsəd ancaq savadsız və nadan insanlar deyil. Ümumi kütlə bu xüsusi məsələyə qarşı özəl həssaslığı olmayanlar, məsuliyyət hiss etməyənlər və lazımi dərkdən məhrum olanlardır. Ümumi kütlənin mənası budur. Ola bilsin, onlar başqa bir sahədə çox məlumatlı və məqsədli olsunlar, lakin bizim söhbətimizin mövzusu olan bu sahədə lazımi ayıqlıqları və fəaliyyətləri olmadığından ümumi kütlədən sayılırlar.


Aparıcı insanlar

Aparıcı insanlar bunun əksidir. Bunların bəzisi haqq, bəzisi isə batil tərəfdarıdırlar. Yəni batil cinahda da aparıcı insanlar mövcuddur, amma biz onları mövzuya daxil etmirik. Onlar bizim söhbətimizə daxil deyillər. Bizim söhbətimiz haqq tərəfdarı olan aparıcı insanlardan gedir. Əgər siz haqq tərəfdarı olan aparıcı insanların hər hansı bir dövrdə din, iman, elm və mərifətlərinin hökm etdiyi kimi vəzifələrinə əməl etdiklərini, lazımi fəaliyyət göstərdiklərini görsəniz, bilin ki, heç bir faciə baş verməyəcək.


Şüreyh Qazi

Aparıcı insanlardan biri öz vəzifəsinə əməl etsə, ümumi kütlədən minlərlə insanı düzgün istiqamətə sövq edə bilər. Məsələn, əgər Şüreyh Qazi Hani ibn Ürvənin Übeydullah ibn Ziyadın həbsxanasında döyüldüyünü, yaralandığını və ölümlə hədələndiyini gördükdə Übeydullahdan qorxmayıb - Übeydullah demişdi ki, xəbər versən, səni öldürəcəyəm - bunu xalqa desəydi, heç şübhəsiz, Kərbəla hadisəsi baş verməzdi.


Tarixin gedişinin dəyişilməsi

Demək istəyirəm ki, aparıcı bir insanın yerli qərarı tarixi dəyişdirə bilər. Oradakı cəmiyyət Şüreyhin sözü ilə qiyam edə bilərdi. Əlbəttə, bunun istisnaları da baş verə bilər. Mən istisnaları nəzərə almadan deyirəm. Übeydullah onda hələ güclənməmişdi, onu asanlıqla devirə bilərdilər. Əgər bu baş versəydi, Müslim ibn Əqil də öldürülməzdi, Kufənin və İraqın hakimiyyəti Əhli-beytin əlinə keçərdi və o zaman Kərbəla hadisəsi baş verməzdi.

Düzdür, Allahın qəza və qədərinə əsasən, İmam Hüseyn (ə) nə zamansa şəhid olacaqdı. Amma o zaman və bu hadisədə olmayacaqdı.
Aparıcı insanların qərarının təsiri

Bəzən bir qərar belə olur. Erkən İslam çağında bu nümunələrdən çox tapmaq olar. Səqifə hadisəsi yolu zamanında dəyişəcək qərarlardan ola bilərdi. İmam Həsən Müctəbanın (ə) dövründə də belə aydın nümunələr var, Əmirəlmömininin dövründə də, Siffeyndə də, digər yerlərdə də. Kərbəlada və erkən İslam çağında da belə oldu, indi də belədir.

Siz haqq tərəfdarı olan aparıcılarsınız. Çox gözəl. İndi təhlükə hiss edirsiniz. Sizin duyduğunuz bu təhlükələrin, fərz edək ki, hamısı düzgündür. Bəli, mən əksəriyyətini real hesab edirəm, inkar etmirəm. Mənimlə sizin fərqimiz budur ki, siz bunları ilk dəfədir görürsünüz, mən isə artıq neçənci dəfədir. Mən bu hadisələrin nə ilə nəticələnəcəyini bilirəm. Buna görə də, bu hadisələr qarşısında mühakiməm sizdən fərqli ola bilər. Təhlükələrin mövcudluğuna gəlincə isə, təxminən əksərində sizinlə razı və bu haqda məlumatlıyam.
Düşüncənin gücləndirilməsi

İndi aparıcı insanlar olan sizlər görün bu təhlükə qarşısında nə etməlisiniz. Bəli, işlərin biri budur ki, filankəsi (özünü nəzərdə tutur (müt.)) görüb ona deyəsiniz. Bu, baş tutdu. Lakin məsələ bununla bitmir. Hər biriniz məsuliyyət hiss etməlisiniz. Bu məsuliyyətlərin biri budur ki, özünüzü düşüncə baxımından gücləndirəsiniz. Düzdür, siz İslam birliyisiniz və bir İslam birliyi bir ruhani kimi bərk olmur. Nə vaxtsa bir söz, bir hadisə, bir emosional, yaxud əqli amil ona təsir buraxa bilər.


Ələ alınması mümkün olmayan insan

Bunun baş verməməsi üçün bir iş görün. Bu, ilk addımdır. Yəni indi buraya toplaşmış sizin hər biriniz ələ alınması mümkün olmayan insan olsanız, etiqad bəslədiyiniz düzgün istiqamətdə hərəkət etsəniz, siz 50 nəfər 50 min nəfərlik bir universiteti hansısa bir səmtə çəkə bilərsiniz.

Tehran Universitetinin təxminən 50 min tələbəsi var. Siz də təxminən 40-50 nəfərsiniz. Qeyd etdiyim müharibədə olduğu kimi lazımi şərtlərə yiyələnin. Belə olsa, təsir buraxa bilərsiniz. Bu təsir altı aydan, bir ildən sonra görünməyə bilər. Eybi yoxdur, beş ildən sonra görünsün.
Təsirin rolu

50 nəfərin 50 min nəfərlə işləməsinin müəyyən mexanizmi var. Düzdür, şərait fərqlidir. Siz söhbətiniz əsnasında tərəf-müqabilin birliyinə işarə vurdunuz. Haradan bildiniz ki, onlar birdirlər? Nə bilirsiniz birdirlər? Xeyr, mən qəbul etmirəm. Sizin birliyiniz daha güclüdür.

Düzdür, sizin düşməniniz maddi baxımdan qüdrətlidir. Bu ölkədə zahirdə müxalif olmayan bir jurnalda çap olunan bir məqalə müəyyən xətt əsasında hərəkət edir. Siz ehtimal verin ki, bu, sərhədlərin xarici ilə əlaqədədir. Bunlar var, amma onların birliyinə dəlil deyil.
Düşmənlərin daxili ixtilafları

Siz bilin ki, bu gün İslam Respublikası qarşısında dayanan qruplar - dünyanın ABŞ, Yaponiya və Avropa kimi güclərindən tutmuş xaricdə oturan və hər birinin tərəfdarları olan əksinqilabçı ünsürlərə və daxildəki bəzi qüvvələrə qədər hamısının arasında ixtilaf və təfriqə var. Bu ixtilaflar siz möminlərin öz aranızda hiss etdiyiniz uğunsuzluqlardan qat-qat artıqdır. Bunu bilin. Onlar bir olsaydılar, işləri daha yaxşı gedərdi, halbuki belə deyil. Universitetdə bir gəncin ayrı cür düşünməsi isə təbii məsələdir.


Mədəni qarşıdurma

Bir insan gəlib universitetdə qəşəng bir söz deyir. Bu söz əsaslandırma baxımından güclü olmasa da, gəncin təbiəti onu qəbul edir. Bizim eybimiz budur ki, onun qarşılığında belə xüsusiyyətlərə malik olan bir natiq göndərmirik ki, gedib düzgün söz danışsın. Bu zaman hamı ona sarı yönələr. Problem budur. Siz elə bilməyin ki, qarşı tərəf möcüzə edir və bu möcüzə gəncləri məhvə aparır. Xeyr, natiqlik sənəti belədir.


Tələbənin təbiəti

Mənim tələbələrlə əlaqəm çox olub. Tələbə təbiətcə yeni sözü qəbul edəndir; çünki yeniliyə həvəslidir. O həm də elm adamıdır. Elm adamı olmaq insanı yeni əsaslandırmaya və yeni sözə sövq edir. O, xüsusən inqilab mühitində bu əsaslandırmaya yönəlir. Ümumiyyətlə, inqilab mühitində, hətta əks-inqilabçı mühitdə də belədir. O, yenilik, dəyişiklik istəyir. Buna görə də, bir nəfər gəlib yeni bir söz danışanda, düzgün və ya səhv bir fəlsəfi termin işlədəndə, 50 il bundan əvvəl Avropada kitabı yazılmış, sonra ona qarşı 10 kitab yazılmış köhnə bir nəzəriyyəni ortaya atanda, ifadə qəşəng, söz gözəl və cəlbedici, bir qədər də yeni və rəsmi təbliğatın əksinə olanda tələbəni cəlb edir.


Rəsmi təbliğat problemi

Rəsmi təbliğat məsələsi də bir problemdir. Bizim problemlərimizin bir hissəsini bu gün dinin, dini tələblərin hakimiyyətdə olması təşkil edir. Təbii olaraq hakimiyyət qarşısında bir qədər imtina mövcuddur. Çarə yoxdur. Əmirəlmömininin hakimiyyətində də belə idi. Hakimiyyətin xisləti elədir ki, ona qarşı bir qədər rəğbətsizlik mövcud olur. Düzdür, İslam Respublikasına qarşı rəğbətsizlik başqa hakimiyyətlərə qarşı rəğbətsizlikdən qat-qat azdır. Hətta demokratiya iddiasında olan, prezidentlərini çox uca tutan, təəssübkeşliklə müdafiə edən hökumətlərə qarşı rəğbətsizlik də İslam Respublikasına qarşı rəğbətsizlikdən qat-qat artıqdır.


Haqq cəbhəsi

Bunların hamısının nəticəsində gənc bir düşüncəyə yönəlir. Çox gözəl, siz gəlin haqq cəbhəsinə deyin ki, mən bu işlə daha çox məşğul olmalıyam. Bəlkə sizdən də çox mənim borcumdur ki, gənc üçün məqbul bir düşüncə və təbliğat sahəsini universitetə yönəldim. Əgər çoxlarını doğru yola gətirməsə, o zaman universitetdən və özümdən gileylənim ki, nə üçün belə oldu.

Baxın, mən belə düşünürəm və bu düşüncənin arxasında 30-35 il təcrübə dayanır. Mən özüm bu məsələ ilə qarşı-qarşıya qalmışam. Sizin yadınızda deyil. Bu gün bəzi inqilabçı fikir və təmayüllər məzəmmət olunduğu qədər bir zamanlar ölkəmizdə İslam təmayülləri, hətta onun inqilabçı növü məzəmmət olunurdu. Düzdür, onlar məxfi idilər, lakin elə məxfi olmaları onlara kömək edirdi.
Cəlbedici və məntiqli söz

Dəqiq yadımda deyil, 72-73-cü illərdə baş verən 2-3 hadisəyə görə qəti şəkildə bu nəticəyə gəldim ki, rejim kommunistlərin təbliğat kitablarını, xüsusən də çox da rejim əleyhinə olmayan və yalnız elmi məsələləri və dinə qarşı mövzuları ehtiva edən kitablarını yayır. O zaman heç kim buna inanmırdı. Mən gördüklərimdən bu nəticəyə gəlmişdim.

İnqilabdan sonra da belə idi. Mən əvvəllərdə iki dəfə Gilan Universitetinə getdim. Universitetlər hələ tətil edilməmişdi. O zaman bəzi qruplar universitetləri tam ələ keçirmişdilər. Sizin yadınızda olar, yaxud da eşitmisiniz ki, bu Tehran Universitetində solçu qruplaşmalar yerləşmişdilər, otaqları var idi. Başqa bir neçə universitetə də girmişdilər. Mənim getdiyim iki universitetdə - Gilan və Zahidan universitetlərində inqilabçı uşaqlar qoymadılar, dedilər ki, təhlükə var, siz getməyin.

Çıxış üçün dəvət olunmuşdum. Lakin universitetə getmək təhlükəli idi. Bir qrup zala toplaşıb pis və sərt şüarlar verirdilər. Orada müsəlman uşaqlar da vardı, amma onlar çoxluq təşkil edirdilər; ən azı iddia və sözləri üstün gəlirdi. Dedim ki, yox, mən elə bunun üçün gəlmişəm, getməsəm olmaz.

O zaman İnqilab Şurasının üzvü və imamın Müdafiə Nazirliyində nümayəndəsi idim. İnqilabın birinci ili idi. O gün məni belə çəkindirdilər, amma mən də bir hövzə tələbəsi olduğumu bildirib dedim ki, xeyr, gedirəm. Bu, hər iki yerdə bizim dostlarımızın təəccübünə səbəb oldu.

Gənclərə deyiləsi və onlar üçün məqbul olacaq sözlərim vardı; hətta qruplaşmalarda olan inadkar gənclərə də. İş elə alındı ki, onlar danışa bilmədilər və mən universitetin zalından qələbə ilə çıxdım.


Haqq sözün dəyərləndirilməsi

Universitet belədir. Biz bu işi görməliyik. Demirəm ki, gedin çıxış edin, lakin bu işi yüksək dəyərləndirin. Məqalə yazılıb universitetdə yayılsın, söz deyilsin. Bu gün irad tutulan bütün məsələlərdə deyiləsi sözlər var; sırf düşüncə məsələlərindən, nəzəri məsələlərdən tutmuş praktik və real məsələlərə, sizin dediyiniz rəhbərliyə aid məsələlərə qədər.


Siyasətlər

Misal üçün, televiziya və radio məsələlərini fərz edin. İndi rəhbəri teleradio şirkətinin prezidenti kimi təqdim etmək istəyirlər. Deyirlər ki, rəhbər ölkənin idarəçisidir, Ali Məhkəmənin rəisi də rəhbərdir, çünki o təyin edir; konstitusiyaya uyğun olaraq, prezidenti də rəhbər təyin edir. Demək istəyirlər ki, bu işi də rəhbər yönəldir. Xeyr, rəhbər yalnız ümumi siyasətləri təyin edir.


Uğur və uğursuzluq

Əlbəttə, mən bir qədər irəli də gedirəm. Əgər doğrudan da ehtiyac hiss etsəm, bəzən ölkə məmurlarının işinə qarışıram. Lakin bunlar əslində, rəhbərin vəzifələrindən deyil. Rəhbər siyasətləri təyin edir, məmurlar da icra edirlər. Hər bir uğur siyasətlərə, hər bir uğursuzluq da icraçıların pis işləməsinə aiddir.


Uğurlu siyasətlər

Nə üçün? Çünki icraçıların özləri o siyasətləri bəyənirlər. Əgər siyasətlər uğursuzluğa səbəb olsaydı, onlarla fəxr etməzdilər. Bu siyasətlər rəhbər tərəfindən irəli sürülür və icrasına təkid göstərilir. Lakin icrada pis işləndikdə, acı və xoşagəlməz nəticələr qarşıya çıxır.

Rəhbərin mənası bu deyil ki, mən universitetə gedim. Əlbəttə, universitetə də gedirəm. Bu bir neçə ildə unviersitetə getmədiyimə görə həmişə özümü narahat hiss etmişəm. İnşallah, birinci sizin universitetinizə gedəcəyəm.
Rəhbərin missiyası

Mən tələbə mühitini və universiteti sevirəm, orada yorğunluq hiss etmirəm. Lakin demək istəyirəm, rəhbərdən gözlənilən bu deyil ki, bir neçə tələbə gəlib suallarını versinlər, o da cavablasın və yol göstərsin. Xeyr, rəhbər düşüncə baxımından elə şərait yaratmalıdır ki, bu işlər görülsün. Bu da qısamüddətli deyil, uzunmüddətli işdir.

Xoşbəxtlikdən, bu işlər də görülüb, lakin problem və çatışmazlıqlar var. Bəzi ruhani dostların belə işlərə lazımi hazırlıqları yoxdur. Ola bilsin, başqa yerlərə daha hazırlıqlı olsunlar. Bəzilərinin də Allaha şükür olsun ki, hazırlıqları var.
Rəhbərin qolu

Siz İslam birliyisiniz. İslam birlikləri həmişə rəhbərin qolu kimi işləyib. İnqilabın əvvəlindən indiyədək belə olub, indi də belə olun. Siz bu işi görün. Bu sizin vəzifənizdir. Yəni əslində, rəhbərin bu məqsədlə durub universitetə getməsinə ehtiyac yoxdur. Bu iş siz gənclərin əli ilə həll olunur və həll olunmalıdır. Siz iradə göstərin, işə atılın və səhnəni idarə edin.


İradə, hərəkət və qələbə

Meydan sizindir. Mən həmişə gənclərə deyirəm ki, Quran İsrail övladlarına Beytülmüqəddəs barədə belə buyurulur: "Əgər girsəniz, mütləq qələbə çalarsanız".8 İsrail övladlarına dedi ki, bu nəhənglərin (Əmaliqənin) şəhərdə olmasına baxmayın. İsrail övladları şəhərə girməyə qorxurdular. Dedi ki, siz daxil olsanız, qələbə çalacaqsanız. Bu, çox əhəmiyyətli məsələdir. Yəni siz iradə göstərib hərəkət etsəniz, qələbəyə zəmanət verilir.


Əsas təhlükə

Mənim qorxum budur ki, bizim yaxşı uşaqlarımız, universitetin aparıcı tələbələri vəziyyəti ayrı cür görüb ruhdan düşsünlər. Bu, mühüm və real təhlükədir. Çünki tələbə uşaqlarda, universitetin mömin qüvvələrində faəliyyət həvəsi olmasa, bizim heç bir şeyimiz qalmaz.

Sizdə fəaliyyətə həvəs olsun, meydana atılın, qələbə sizinlədir. Ayrı cür ola da bilməz. Düzdür, ötən illərdə tələbə mühitlərində, İslam birliklərində bəzi nöqsanlar olub. Bunlar başqalarına aid deyil, tələbə və birliklərin özlərinə aiddir.

Siz mənim övladlarım kimisiniz. Mən sizdən razıyam. Bu bir neçə ilə baxdıqda sizdə mənfi bir cəhət görmədim, hamısı yaxşı olub. Nümunəsi işarə vurduğum bu bəyanatdır. Əvvəllər də öz mövqeyinizdə yaxşı olmusunuz. Sizləri demək istəmirəm, ümumi olaraq, İslam birlikləri bəzi qüsurlara yol veriblər.

Görünüb ki, bir universitetin İslam birliyi siyasi baxımdan özünə müxalif bir cinahı vurmaq üçün nəinki qeyri-inqilabçı, hətta inqilabla düşmən bir ünsürlə birləşib; onunla yola getmir, amma bununla yola gedir.

Baxın, inqilab və İslam mühitlərini lazımi qüvvə və həvəsdən salan bunlardır. Əgər həvəs və qüvvə olsa, başqa cəhətlərdən heç bir nigaranlıq yoxdur. Allaha şükür olsun ki, bütün mövcud problemlərə rəğmən, mömin insanlarda bu həvəsi hiss edirəm.

Seçkilərdən sonra siz mənim yanıma gələndə dedim ki, dünyanın siyasi analitikləri son prezident seçkilərində gənclərin əksəriyyətinin səs verdiyini deyirlər. Doğru da deyirlər. Bu seçkilərdə gənclər mühim rol ifa etdilər.

Sonra əlavə edirlər ki, gənclər dəyişiklik istəyirlər. Bu söz də doğrudur. Lakin bu dəyişiklik nədir? Onu özləri təyin edirlər. Başlayırlar İslam Respublikasında dəyişilməsini istədiklərini gənclərə öyrətməyə. Düzdür, üç-dörd nəfər nərmə-nazik rep gənci onların dediyi kimidir. Lakin bunu bütün gənc nəslə aid etmək olmaz.

Mən bir az əvvəl Tehran Universitetinin İslam birliyindən gəlmiş qardaşlara dedim ki, siz gəncsiniz, bu seçkilərdə səs vermiş və haqlı olaraq, dəyişiklik istəyən gənclər sizlərsiniz. İndi gedin və necə dəyişiklik istədiyinizi deyin.
Dəyişiklik fəryadı

Bu, mühüm məqamdır. Yəni müsəlman və inqilabçı bir gənc tələbə ehtiyacı olduğu dəyişikliyi ucadan desin. Desin ki, mən bu dəyişikliyi istəyirəm. Qoy onların ağzı yumulsun. İşarə vurduğum çox kiçik bir azlığın meydanı ələ almasına imkan verməyin. Onlarda təhlükəyə atılmaq yoxdur. Buna görə də mübarizə apara bilməzlər. Əvvəllər dar şalvar, indi isə enli şalvar. Onlar mübarizə adamı deyillər, təhlükəni gözə alıb yeni mübarizə meydanlarına daxil olmazlar. Onlar əyyaş və əhli-kefdirlər, cəmiyyətdə istənilən dəyişikliyi təyin etməyə haqları çatmır.


Gəncin dəyişiklik istəyi

Amerika radiosu, BBC, İsrail radiosu, Assoşited Press, Yunayted Press və digər beynəlxalq media şəbəkələri gücsüz və zəlil bir azlığın dilindən danışır, bunu ölkənin bütün gənclərinə aid edirlər. Bizdə 30 milyon gənc var. Siz bu 30 milyonun ən yaxşılarısınız. Siz gedin və nə istədiyinizi deyin. Bunlar mühümdür. Universitet gənci desin ki, bəli, biz dəyişiklik istəyirik; biz istəyirik ki, bu bir neçə ildə inkişaf adı altında İslam dəyərlərinin ziddinə görülmüş bütün işlər İslam dəyərlərinə yönəldilsin və inkişafı bu yolla əldə edək. İslamçı bir gəncin istədiyi dəyişiklik inqilab prinsiplərini və İslam ucalığını dirçəltməkdir.

Mən bu bir neçə gündə bizim cari məsələmiz olan Avropa hadisələrinə görə çox ehtiyatlıyam ki, kimdənsə bir səhv baş verməsin. Halbuki səfirlər məsələsi çox xırda bir məsələdir. Bu, İslam Respublikasının ümumi siyasətini, qüdrətli hərəkətini sarsıda bilməz. Lakin bu ərəfədə bir nəfərin belə dediyi söylənilir: "İslam Respublikasının inqilabçı qüruru daha bitmişdir".
İzzət və iqtidar

Nə üçün? Çünki üçüncü dərəcəli bir adam deyib ki, səfirlər qayıtmaq istəsələr, problem yoxdur. Əslində, heç belə də deməyib, onlar belə başa düşüblər. Dərhal sevindilər ki, inqilab qüruru bitdi. Biz deyirik inqilab izzəti, onlar isə deyirlər inqilab qüruru. Görün nə qədər əhəmiyyətlidir: siz elə bir mövqedə olasınız ki, danışanda izzət və başucalığı duyulsun. Bizim inqilabçı qüvvələrimizin sözlərində əsla zəiflik hissi olmamalıdır. Sözlərinizdən, rəftarlarınızdan və seçdiyiniz mövqelərdən başucalığı və iqtidarınız duyulmalıdır.


Hüzurun bərəkəti

Yalançı və xəyali yox, real qüdrətiniz olsun. Məncə, bu, mümkündür.

Bilin ki, ölkənin ümumi idarəsində rəhbərin fəal rolu olmasaydı, vəziyyət gördüyünüz kimi deyil, çox pis olardı. Lakin rəhbərin rolunun da xüsusi mənası var. Bu bəlkə də çoxları üçün başadüşülən deyil. Məsələn, kimsə “iş” sözünü eşidəndə, təsəvvüründə mütaliədən qabaq bel vurmaq canlanır. Maddi və fiziki olmayan zərif işlər adətən, gec yada düşür.

Rəhbərin rolu vəsfəgəlməzdir, məmurların əksəriyyətinin və müəyyən mənada, hamısının rolundan güclü, mühüm və dəfələrlə əhatəlidir.


İmam və rəhbərin rolu

İmamın mənəvi şəxsiyyəti mənimlə və mənim kimilərlə müqayisəediləsi deyildi, olduqca yüksək idi. Lakin imamın əməli rolu o zaman bugünkündən dəfələrlə az idi. Mən konstitusiyanın istədiyi və dediyi rolu nəzərdə tuturam. Bu baxımdan, nigaran olmayın ki, rəhbərin rolu görünmür. Bu, yetərincə mövcuddur.

Əlbəttə, bu rol sizin istədiyiniz başqa məsələlərlə yanaşı ola bilər. Fərz edin, tələbələrlə, yaxud hansısa təbəqə ilə daha sıx əlaqə olsun. Yaxud rəhbərə bağlı hansısa orqanda, təşkilatda hansısa dəyişiklik baş versin və ya verməsin. Bunlar xırda məsələlər olsa da, bəzən daha artıq gözə gəlir.

İnşallah, müvəffəq olasınız. Allah sizi İslam, inqilab və bu ölkənin gələcəyi üçün qorusun! Həm təhlükələrdən qorusun, həm də ölkə düşmənlərinin azdırıcı işlərindən! Pak və nurlu qəlblərinizi Öz nuru ilə daha da nurlandırsın və sizi ölkəni idarə etməyə hazırlasın! O zaman vəziyyət indikindən qat-qat yaxşı olacaq. Çünki sizlər inqilab uşaqlarısınız. Allah sizi qorusun ki, bu dövrdən özünüzü sağlam çıxarıb sizi gözləyən ağır yükə hazır ola və onu çiyninizə götürməyi bacarasınız!

Allah amanında!



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə