odur. İstədilər ki, Mədinəni də mərkəz etsinlər, alınmadı. Dedilər Mədinə peyğəmbərin
şəhəridir, Allaha aid deyil. Yəni mərkəziyyət pozulmadı, dağılmadı. İrandasa vahid din
sistemini etdilər 4 parça, ondan sonra başladı ölkə daxilində ruhanilik bir tərəfdən, obirisi
başqa tərəfdən təfriqəyə. Həm dövlətdə, həm dində parçalanma getdi, həm də hərə başladı
öz oduna dastanlar, nağıllar qoşmağa. Hərə öz odunun müqəddəs olduğunu sübut etməyə
çalışdı. Din məhv oldu, mifləşdi.
Bütün dinlərin tarixində çox maraqlı bir epizod var. İnsanlar uzun müddət - bəlkə də 10 min il
mifin içində yaşayıblar, onları miflər idarə edib və yaşadıb. Bu miflər inkişaf edə-edə gedir.
Sonra cəmiyyətin şüuru artır, onun içindən böyük şəxsiyyətlər çıxır, yenidən mifdən dinə
keçilir. Hər bir dində mif var və o, inanc qaynağına çevrilib. Məsələn, Yerin öküzün üstündə
durmasını götürək. Bu, bir mifdir. Dinə keçəndə o, bunu rədd edə bilmir, o da deyir ki, Yer
öküzün üstündə durubdur.
Tövratın özündə nə qədər Şumer əfsanəsi var.
Bəli, bax, o cürdür. Mif o qədər güclüdür ki, hətta dinin də onu qırması çətin olur. Mifdən
dinə belə keçidin özü bəşəriyyətin inkişafı deməkdir. Sonra zaman-zaman dinlər güclənib,
miflər azalıb. İslamda xüsusən azdır, çünki o, sonuncu dindir, halbuki əvvəlki dinlərin
əksəriyyətinin yarısını, bəlkə də çoxunu miflər təşkil edir. Amma islam da ondan tam qaça
bilməyib, mifin müəyyən şərtlərini özündə saxlayıb. İslamda mifləri kimlər yaradıb - farslar.
M.F.Axundzadə deyir ki, farslar qədər əfsanəyə inanan xalq yoxdur; onlar əfsanəçi xalqdır.
"Şahnamə" əfsanə üstündə yazılıb. Bunların başqa dastanlarının bir dənəsi də düz deyil,
hamısı nağıl, əfsanədir. Firdovsi, farslar həm dini, həm də tarixi mifləşdiriblər.
Reallığı mifləşdiriblər.
Mifləşdiriblər və gerçəklikdən uzaqlaşdırıblar. Nə cür olub bu? Zaman-zaman islam dininə
mifləri kütləyə xoş gəlməkçün saldılar. Məsələn, deyək ki, İmam Hüseyn 3 yaşında əjdahanın
ağzını cırdı. Məkkədə, yaxud Mədinədə əjdaha nə gəzirdi ki, İmam Hüseyn də bağda oturub
onun ağzını cırsın?! Bax, bu, mifdir. Yaxud həzrət Əli barmağını saldı, Xeybərin darvazasını
tulladı, bir tayı məğribə düşdü, bir tayı məşriqə, hələ də tapa bilmirlər. Bu da başqa mifdir.
Bəli, Xeybər qalasının darvazasını həzrət Əli öz adamlarıyla çıxarıb. Qalanın divarlarını sökmək
mümkün deyildi, ona görə dəmir qapıları çıxarıblar. Güc verib yerindən çıxararaq qırağa
qoyublar. Sonra mifdə deyilir ki, həzrət Əli qapı tayını aldı əlinə, onunla vurdu düşmənlərin
hamısını, sonra tulladı. Elə deyil. Həzrət Əlini Xeybər davasında vurublar, zirehi parçalanaraq
düşüb. Bundan sonra döyüşə-döyüşə geri çəkilib; divarda dəmir lövhə vurublarmış ki, bu,
Xeybər qalasıdır. O lövhəni sökərək özünə zireh edib və vuruşub. Bu əhvalatı farslar
mifləşdirirlər, çünki savadsız, cahil kütləni ancaq belə miflərlə idarə etmək olar - gerçək din
ona çox da xeyir etmir. "Gerçək din" deyəndə savadsız kütləyə bir az qəribə gəlir; gərək elə
edəsən ki, din mifli olsun - sevsin, dəlicəsinə vurulsun, xəyalpərvər olsun, ancaq dinpərvər
olmasın. Bu oyunu islam dininin də başına gətiriblər.
Bəşəriyyət dindən sonra, açığı budur, inkişaf edərək yavaş-yavaş gerçək elmə və fəlsəfəyə
gedir. Fəlsəfənin, yəni məntiqin gücü bəşəriyyətə daha artıq təsir edir.
Yəni məsələ nədədir? Mifi öyrənmək lazımdır, mif bizim tariximizin bir hissəciyidir. Amma mən
Qumilyovun bu fikrinin tam tərəfindəyəm: "Mif özünə yer tapan yerdə elm yoxa çıxır". Burası
da var ki, elmi hamının öyrənməsi üçün onu müəyyən dərəcədə mifləşdirmək lazımdır. Bizdə,
məsələn, fantastika ədəbiyyatı yaranıb. Fantastika özü mifin yeni şəklidir. Demək, elmi
fantastikləşdirirlər. Orada hər şey də maraqlıdır. Amma bu marağın özü elmin üstünə
gətirilsə, yəni elmi mifə tərəf eləsən elmə marağı artıracaqsan. Yox, mif elə nağılların,
əfsanələrin üstündə dayansa cəmiyyətin inkişafını geri çəkəcək.
Bəy, Sizin bu danışdıqlarınıza qulaq asdıqca hədsiz təəssüflənirəm ki, siyasət gözəl bir
tarixşünas, dinşünas, filosof alimimizi elmimizdən qoparıb aldı. Bu dediklərinizin hər cümləsi
bir tezisdir. Nə gözəl olardı ki, onları sanballı elmi monoqrafiyalara çevirəydiniz!
Bunu mənə bir neçə adam deyib. Ayrı-ayrı vaxtlarda iki yəhudi alimi də bildirib ki, heyf,
Azərbaycan yaxşı bir alimdən məhrum olur. Mən bilmirəm nə qədər doğru düşünürəm, ancaq
istəyirəm ki, azad, xoşbəxt cəmiyyət quraq, onda elmdən, alimlikdən qətiyyən uzaqlaşmaram.
Amma indi görürəm ki, bu mümkün deyil - xalqa mənim siyasətçiliyim alimliyimdən daha çox
xeyirlidir. Düzdür, gələcəyə özümdən sonra çoxlu elmi kitablar qoya bilərəm, ancaq gözüm
baxa-baxa xalq aclıq, dilənçilik, zülm altında yaşayırsa yazdıqlarımdan nə fayda?! Öncə
cəmiyyəti sağlamlaşdıraq, sonra sağlam cəmiyyətə sağlam elm, sağlam ədəbiyyat verərik...
Allah Sizə qismət etsin ki, arzuladığınız o sağlam cəmiyyətin başında durasınız və eyni
zamanda, beyninizdəki bu elmi düşüncələri də istədiyiniz səviyyədəki əsərlərə çevirəsiniz.
İndisə yenə qayıdaq Sizin Kələki dövrünüzə.
"Yadıma tez-tez Yaşar Türkazər düşürdü"
Kənddə olduğunuz müddətdə dostlarınızı və düşmənlərinizi saf-çürük edə bildinizmi?
Mən dostlarımı saf-çürük etmirəm. Cəmiyyətdə də yeni bir şey yaratmıram. Bilirsiniz ki, mən
Mustafa Kamalı çox sevir və onun dahiliyini də qəbul edirəm. Mustafa Kamaldan ingilislər
soruşublar ki, nə cür oldu ki, bu azadlığa nail oldunuz, bu mücadilədə qələbə çaldınız? Cavab
verib ki, mən gördüm ki, tarix buna gedir, xalq da buna gedir; sadəcə olaraq mən onların
qabağındakı əngəlləri götürməklə məşğul oldum. Yəni Azərbaycan xalqı azadlığa gedir - yol
da ora gedir, zaman da onu tələb edir; sadəcə olaraq yolumuzdakı əngəlləri götürməyə
çalışıram. Dostlarıma münasibətdə də eləyəm.
Mən dostluqdan fayda güdmürəm; sadəcə, dostluğa mane olanlardan uzaq dururam. Keçmiş
dostum mənə düşmənçilik edəndə ona düşmən olmuram - əngəl kimi özümdən aralayıram ki,
qabağımda durma, qoy öz yolumla gedim.
Yaxın dostlarım çoxlu sınaqlardan çıxdılar, mənimçün əziz oldular. Özü də, təkcə dostlarım
yox - xeyli insan mərdliyi, əqidəsi, məsləkiylə mənə dayaq oldular. İnandım ki, xalqımız hələ
hər şeyi itirməyib, onun çox güclü, sağlam qüvvəsi var. Hətta hakimiyyətimiz dövründə mənə
qarşı olan bir çoxları hakimiyyətdən gedəndən sonra mənimlə mehribanlaşdılar. Amma
hakimiyyət dövründə mənə yaltaqlananların da içərisində mənə düşmən olanlar tapıldı.