www.kitabxana.net
– Milli Virtual Kitabxana
56
Zemadan fərqli olaraq,Lida ilk sevgisinin bəlasını çəkirdi. Orta məktəbi bitirib ata-anasının razılığı
olmadan sevişməyə başladığı oğlana qoşulub qaçmışdı. Bir il keçmişdi sevgisi vaxtsız açan çiçək təki erkən
soldu. Ayrılmağa məcbur olan Lida yeni doğulan uşaqla kimsəsiz qalmışdı. Vaxtında ata-anasının məsləhətini
qulaqardına vurmağına peşman olsa da, sonrakı üzürxahlığının xeyri olmadı. Acığa düşən valideynləri ona
yaxın durmayıb, "get, cəzanı çək" dedilər. Əyalətdəki tanışları, doğmaları arasında çətin dolanışığı ilə özünü
sındırmaq istəməyən Lida istədiyi qaydada yaşamaq üçün uşağını götürüb böyük şəhərə, paytaxta gəldi. Gözəl
və cavan olmasına güvənib, xoşbəxtlik axtarışına başladı. Kirayə ev tapdı, qızına dayə tutdu. O, qızına qulluq
etsəydi, bəs kim pul qazanacaqdı? Az maaşa işləməyə dəyməzdi. Yüksək maaşlı işi isə haradan tapacaqdı. Ona
görə də pul qazanmaq üçün hər yola düşməyə hazır idi. Onsuz da həyatı pozulmuşdu. Bundan sonra gündə biri
ilə yatağa girməsinə kimsə eyib etsə də onun üçün əhəmiyyəti yox idi. İnsanla qaynaşan bu nəhəng şəhərdə
minlərlə onun kimi yaşayanlar vardı...
Gülyaya isə pul dolanışıqdan çox, kef çəkməyə lazım idi. Atası böyük vəzifədə işləyirdi. Evlərində nə
zamansa maddi sıxıntı, ehtiyac görməmişdi. Onu sıxan ailədəki ürək ağrıdan laqeydlik, özbaşınalıq idi. Məsul
vəzifədə çalışdığı üçün atasının üzünü gecədən-gecəyə, bəzən isə günlərlə görmürdü. Daim əsəbi, fikirli
görüntüsü olan bu adam evə pul gətirməklə vəzifəsini bitmiş hesab edirdi. Arvadına və qızına hər hansı başqa
diqqət və münasibətə nə həvəsi, nə də vaxtı yox idi. Uşaqlıqda anlamasa da böyüdükcə valideynləri arasındakı
soyuqluğu, sevginin olmamasını yəqin etdi. O, deyəsən dünyaya cavanlıq səhvinin nəticəsi kimi gəlmişdi. Sonra
da ata-anası uşağa görə ayrılmayıb, nə vaxtsa sevəcəklərinə ümid bəsləyərək dözmüşdülər. Amma ürək əşya
deyil ki, sınığını yapışdırasan. Atasının kənarda arvad saxlamasını anası da bilirdi. Üzdə özünü laqeyd göstərən
anasının da son vaxtlar gizlində kiminləsə görüşdüyündən əmin olmuşdu. Hərə özü üçün yaşadığından sanki
Gülya unudulmuşdu. Ondan yalnız yaxşı oxumağı tələb edən atası bütün maddi xərcləri ödəməklə, diqqət və
təhlükəsizliyini yaxın qohumu olan sürücüsü Vaqifə tapşırmışdı. Maddi tələbatdan əlavə, gənc yeniyetmə qızın
mənəvi ehtiyacı yaddan çıxmışdı. Valideynlərin başları özlərinə qarışdığından qapalı həyat sürən qıza mənəvi
dayaq olmaq vəzifəsini sürücü öz üzərinə götürmüşdü. Düşüncələrini, qəlbindəki fikirlərini Vaqiflə bölüşən
qızda, özündən on yaş böyük olan kişiyə qarşı xüsusi isti münasibət, xoş duyğular yaranmışdı. İlk əvvəl
dostluğa bənzəyən bu münasibət günlər ötdükcə sevgiyə çevrildi...
Gülya, yaşca xeyli böyük ailəli kişini sevməyin heç də düz iş olmadığını başa düşürdü. Ancaq Vaqifə elə
öyrəşmişdi ki, onsuz nə edəcəyini düşünmək ağır idi. O, hər səhər tezdən gəlir, onu məktəbə tələsdirirdi. Bəzən
yatıb qalanda otağına daxil olub mehriban-casına yuxudan oyadırdı. Təbəssümlə maşına əyləşdirib məktəbə
aparırdı. Məşğələ qurtaranda qapının ağzında hazır dayanardı. Evdən kənara hara çıxsaydı, arxasınca gələrdi.
Axı, atası ona qızın üstə göz olmağı bərk-bərk tapşırmışdı. Gülyanı heyran edən o idi ki, nə vaxtsa Vaqifin
incidiyini, yorulduğunu görməmişdi. Daim üzü gülər, diqqətli və qayğıkeş idi. Ata-anası onunla Vaqif qədər
www.kitabxana.net
– Milli Virtual Kitabxana
57
maraqlanmırdılar. Onların yaratdığı boşluğu yalnız Vaqif doldururdu. Qəlbən çəkdiyi əzabları Vaqif kimi
duyan, anlayan da yox idi. Ailədəki könülbulandırıcı şərait Gülyanı yaşıdlarından da kənarlaşdırırdı. İstəmirdi
ailədəki ab-havadan dostları da xəbər tutsun. Hər hansı oğlan dostu Vaqifi əvəz edə bilməyəcəkdi. Çünki,
əsasən, "macəra" axtaran bu oğlanların Vaqifdən fərqli olaraq həyat təcrübəsi, dünyagörüşü çox az idi. Ona görə
də günlərin birində öz ürəyinin istəyi ilə elə avtomobildəcə Vaqifin qucağına atıldı. Təzə-təzə tərəddüd keçirən
sürücünü az keçməmiş özünə ram etdi. Gah avtomobilin arxa oturacağında, gah da öz otağında öpüşməkdən
yorulmurdu...
Nəyə görə sevmək, evdən kənardan arvad saxlamaq atasına, başqa kişiylə görüşmək anasına olardı,
amma onların etibar etdikləri insanla sevişmək Gülyaya olmazdı. Qalan vaxtı xatırlanmayan qaydalar, əxlaq
normaları söhbət ondan gedəndə yada düşürdü. Bu o zaman baş verdi ki, anası Gülyanın sevgisindən xəbər
tutdu. Düzgün yolda olmadığını xəbərdar edən anası, o gündən nəzarəti artırdı. Bir müddət keçəndən sonra
qızının onun tələbinə əhəmiyyət verməməsini görəndə təcili atasını məlumatlandırdı. Aldığı xəbərdən
qəzəblənən atası səhərisi günü Vaqifi işdən azad etdi və qızı ilə bir daha rastlaşmamağı tapşırdı. Əks halda,
görüşməyə davam edərsə, bütün yollara əl atıb onu həbs etdirəcəyi ilə hədələmişdi.
O gündən canının qorxusundan Vaqif gözə dəymədi. Gülya hikkəsindən aləmi bir-birinə qatdı. Ata-
anasına qarşı ürəyində olanları üzlərinə vurub, gizli heç nə qoymadı. Özünü azad elan edib, yenə qarşısını
kəsərlərsə bu dəfə onları camaat içində biabır edəcəkləri ilə xəbərdar etdi. Sevdiyim adamla imkan vermədiniz,
indi kiminlə oldu gəzəcəyəm,- deyə Gülya ürəyindəki dərd-qəmini alkoqol və narkotiklə soyudan yaşıdlarına
qoşulub yolunu barlara saldı. Ona görə də usanmadan hər gün öz aləmində uğursuz sevgisinin acığını çıxırdı. O,
nə elədiyini bilsə də çox vaxt özü-özünü dərk etməkdə çətinlik çəkirdi: yataqdakı yaxınlıq anlarında bayılaraq
aldığı həzz, nədənsə bəzən də amansız əzaba çevrilirdi və “bəxti qara” yataq tərəfdaşına bu heyvani işin tez
qurtarmasını yalvarırdı...
İncinin halı evdən çıxandan bəri qaydasında deyildi. Özünü çox pis hiss edirdi. Əhvalının korlanması
görünür görkəminə də təsir etmişdi. Qızlar hərə özünə təzə "kavaler" tapsa da, ona yanaşan olmamışdı.
Arzulamırdı da köhnə tanışlardan kimsə ilə qarşılaşsın. Bu gecə fərdi xidmət deyil, ümumi xidmətə qoşulub,
dincəlmək istəyirdi. Yorulmuşdu. Bu, həyat idimi yaşayırdı? Hər gecə tanımadan, sevmədən bir kişinin
qucağında olmaq, müxtəlif adamların təmasını hiss etmək, şəhvani duyğularla heyvani instinkti yerinə yetirmək,
kənardan kef kimi görünsə də, əslində məşəqqət idi. Sevmək, xoşbəxtliyindən həzz almaq üçün Allahın
yaratdığı bu vasitəni, neməti - alçaltmaq, ucuzlaşdırıb alver etmək günah idi. Cəzasından heç yana qaça
bilməyəcəyin günah...