Сян кюврялмя мян kövrəlim ƏLƏDDİn dəMİRÇİ Сян кюврялмя mяn kюvrяlim



Yüklə 462,83 Kb.
səhifə2/3
tarix26.09.2017
ölçüsü462,83 Kb.
#1689
1   2   3

TENGİZ OĞLUMA

Oğlum Temgizə
Uşaqkən duz kimi yalardım səni,

Götürüb çiynimə alardım səni.

Gündə beş-on dəfə sorardım səni,

Qoymazdım üzündən gözüm ayrıla,

Atası qurbandı Tengiz oğluma.
Arabir döyərdim çox sevdiyimdən,

Çəkilib kənara baxardın gendən.

Deyərdin, ay ata, küsmüşəm səndən,

Onda söz verərdim qəndə, noğula,

Atası qurbandı Tengiz oğluna.
Sənədir ümüdüm, özgə kimim var,

Hələ ki vəzirsən, mənəm hökümdar.

Əgər lazım olsa verrəm ixtiyar,

Bəzənib gedərsən toya-bayrama,

Atası qurbandı Tengiz oğluna.
Mən necə yaşadım, eləcə yaşa,

Qoyma xörəyinə haram qarışa.

Halalca çörək ye, çıxginən başa,

Hər yerdən sorağın xoş gəlsin, bala,

Atası qurbandı Tengiz oğluna.
Daha aldıqların borcumu qaytar,

Mənim də verəsi bir az borcun var.

Bax sonra demə ki, kürdü qocalar,

Əzizlə, qılıqla, dolan başına,

Atası qurbandı Tengiz oğluna.
FƏLƏK
Elimizin qeyrətli ziyalı oğlu Arif Əliyevin qəfil ölümü münasibətilə.
Kökümü qurutdun, kökün qurusun,

Heç puçur açmasın budağın, Fələk!

Bir pöhrə çıxartdın Gözəl dağından,

Getməz sinəmizdən bu dağın, Fələk!


Kor olsun gözlərin, seçəydin gərək,

Saldığı körpüdən keçəydin gərək.

Yüz ölçüb bir dəfə biçəydin gərək,

Ayrılıq ölümdü sınağın, Fələk!


Bilinmir erkəksən, yoxsa zən əhli,

Acgöz əzrayılsan, tamahkar zəli.

Günahlı-günahsız qara telləri,

Apardın, dağılsın ocağın, Fələk!


Kaş çəkib görəsən bala dərdini,

Çölündən çərinə sala dərdini.

Bir loğman olmuya bula dərdini,

Qoy sənin də sönsün çırağın, Fələk!

Kök yandı, süd yandı, el-oba yandı,

Şimşəklər oynadı, bulud ağladı.

Yerdə yal-yamaclar duyub ağladı,

Sənin islanmadı yanağın, Fələk.


Gör nələr törətdin, batdın günaha,

Qıydın anaların göz yaşlarına.

Səni and verirəm o bir Allaha,

Qaytar, geri dönsün qonağın, Fələk.


Yaman fənd işlətdin, çaldın Arifi,

Şirin dünyasından aldın Arifi,

Nə üçün qaldırıb saldın Arifi,

Gəlsin cəhənnəmnən sorağın, Fələk!



NƏ DEYƏSƏN
Xalqına xəyanət edən Əkrəm Əylisliyə

Öz dilindən, öz dinindən,

Dönəninə nə deyəsən.

Gah məscidə, gah kilsəyə,

Girəninə nə deyəsən.
Tarixinə zərbə vuran,

Keçmişini bilib-danan,

Torpağını ucuz satan,

Dəlisinə nə deyəsən!


Hiyləgərmiş qoca dərviş,

Həm mollaymış, həm də keşiş.

Əl altından görürmüş iş,

Beləsinə nə deyəsən.


Xalq yazarı beləmolu,

Sahv eylədi, çaşdı yolu.

Bu satqının nifrət dolu,

Sinəsinə nə deyəsən.


Heyif sənə, Azərbaycan,

Yaşayırmış səndə bu “yan”.

Vətəninə xain çıxan,

Gədəsinə nə deyəsən.


Öz xalqını atan kəsə,

Haylardan dost tutan kəsə.

Balayanın kirvəsinə,

Əylisliyə nə deyəsən.


Sən də bildin, ay Dəmirçi,

Göyüm-göyüm göynər içi.

Ölçüyə gəlməzdi suçu,

Öləsinə nə deyəsən?



YETƏR BALAMIN
Qızım Yetərin ana olması münasibətilə
Şükür, sözlərimi eşitdi Xudam,

Arzu-diləyinə yetişdi balam.

Daha ana oldu, mənim də anam,

Körpə balası var Yetər balamın.


Canımsan, gözümsən, ay mənim qızım,

Gündüz günəşimsən, gecə ulduzum.

Çoxdandır bu idi mənim də arzum,

Babadı atası Yetər balamın.


Bülbül heç çəkməsin gül həsrətini,

Qoy hamı eşitsin körpə səsini.

Nənə görmək istər öz nəvəsini,

Kövrək anası var Yetər balamın.


Dəmirçi, şükr elə ulu Tanrıya,

Bu şirin baladan versin hamıya.

Özü kömək olsun cavan anaya,

Hər vaxt üzü gülsün Yetər balamın.



AY NAMAZ
Uşaqlıq dostum Namaz Namazova
A məhlə yoldaşım, uşaqlıq dostum,

Nə tez ötüb keçdi illər, ay Namaz.

İndi qocalığa qədəm qoymuşuq,

Uzaqlarda qaldı günlər, ay Namaz.


Zaman bizi çal-çuxura tulladı,

Vədə gəlib öz əliylə çulladı.

Cavanlıqdan qocalığa yolladı,

Beləcə ağardı tellər, ay Namaz.


Nələri eşitdik, nələri bildik,

Kimlərə əyildik, kimləri əydik.

Acılı-şirinli çox günlər gördük,

Lal olub söyləşir dillər, ay Namaz.


Xudam imkan verdi, əlimiz tutdu,

Dedilər, ay canım, nə vurhavurdu?

Xalqın boz-bulannıq çayı duruldu,

Bizdə durulmadı göllər, ay Namaz.


Nə qədər tülkülər ulasalar da,

Qurdu çaqqallara calasalar da,

Meşənin cırısı aslan olsa da,

Yenə hökmdardı fillər, ay Namaz.


Allah bədnəzərdən özü saxlasın,

Çəksin imtahana, yaxşı yoxlasın.

Hər nəyi varsa da, özündə qalsın,

Söznü aparsın yellər, ay Namaz.


Dünyanı tor görür gözümüz indi,

Daha xoşa gəlmir sözümüz indi,

Daha qışa dönür yazımız indi,

Solur bağçamızda güllər, ay Namaz.




BAXMIR
Yaxın qohumum və müəllimim

şair Əli Səngərliyə

Nə yorğun gəlirsən, ay qoca köhlən,

Ayaqlar kövrəlib, sözünə baxmır.

Hanı çaylar kimi çağlıyan çağın,

Kölgən ləngər vurur, izinə baxmır.
Sən ki, vurulmuşdun uca dağlara,

Qartal qayalara, qoca dağlara,

Eyvandan baxırsan baxça-bağlara,

Gözəllər yan keçir, üzünə baxmır.


Çox da qəm eyləmə, qocalıqdı bu,

Baxıb keçdiyimiz bacalıqdı bu,

Duyub düşünənə ucalıqdı bu,

O da könlümüzün sözünə baxmır.


Ehey, oylaqlara uzaqdan baxan,

Bulud tək qaralan, şimşək tək çaxan.

Bulanlıq sel kimi coşdanıb axan,

Küsüb Səngərlinin gözünə baxmır.

Dəmirçi Ələddin qədir biləndi,

Gahdan ağlayandı, gahdan güləndi.

Səni belə gördüm, qəlbim köyrəldi,

Tüstün haray çəkir, közünə baxmır.



ÖZÜN AĞLA
Əziyyət payladın insan olana,

Budumu hörmətin duyub-qanana.

Nədir şikayətin Allah-Talıya,

Götür qələmni yaz, özün ağla.


Elə ki, gözündə dünya qaraldı,

Ayağın getmədi, canın sozaldı.

Bildin ki, dərdinə dərman olmadı,

Qalıbdır ömrünə az, özün ağla.


Niyə yanmıyasan, sən ay, Dəmirçi,

Dolanır başında çən, ay Dəmirçi.

Sənə də gələcək tən, ay Dəmirçi,

Etmə bu dünyaya naz, özün ağla.



HƏLƏ
Mənim məktubumu çatdırın ona,

Bilsin məhəbbətim ölmüyüb hələ.

O vaxtı alışıb yanan ürəyim,

Yenə tüstülənir, sönmüyüb hələ.


Görüş yerimizi qoy yada salsın,

İstər qəh-qəh çəksin, istər ağlasın.

Öpdüyüm öpüşlər xatirə qalsın,

Dodağım üzündən küsmüyüb hələ.


Sən mənim gülümsən, bağbanın mənəm,

Dəvasız, dərmansız loğmanın mənəm.

Dünyadan dönərəm, səndən dönmərəm,

Dəmirçi nazından bizmiyib hələ.



ZÜLÜMDÜ
Ay eloğlu, bir dərd çəkmək dərd deyil,

El həsrəti, yurd həsrəti zülümdü.

Qürbət eldə baş girləmək asantdı,

Keçirdiyi ayı, ili zülümdü.


Ürək dözməz vətən yada düşəndə,

Qəm-qüssədən cana qada düşəndə,

Halsızlaşıb haldan-hala düşəndə,

Dizin-dizin sürünməyi zülümdü.


El sevinir, oğulu kəndə gələndə,

Güllər açır, gələn deyib-güləndə.

Oruc Nikbin binələri gəzəndə,

Ayrılanda kövrəlməyi zülümdü.


Dəmirçiyəm, el canlısan, eloğlu,

Vurğunluqda ötüb keçdin Vurğunu.

Xudam sənin gen eyləsin solğunu,

Çəkməyəsən həsrətliyi, zülümdü.


SIĞIŞMADIM MƏN
Yadlar da, qohum da satqına dönüb,

Gözümün işığı batqına dönüb.

Gül-çiçək yerinə qanqal göyərib,

Gözümün önündən getmir duman, çən,

Bu geniş dünyaya sığışmadım mən.
Mənasız yaşadım keçən ömrümü,

Ayları, illəri içən ömrümü.

Saxlaya bilmədim uçan ömrümü,

Çəkindim hər kəsdən, dolandım gendən,

Bu geniş dünyaya sığışmadım mən.
Dərd-kədər çəkməkdən baş əldən gedib,

Sayıram illəri, yaş əldən gedib.

Daha ay Dəmirçi, huş əldən gedib,

Qurtara bilmədim fitnədən-feldən,

Bu geniş dünyaya sığışmadım mən.

OLSUN
Bir ocaqdı bu dostların ocağı,

Başdadılar kimin gəlsə qonağı.

Üçünün də yanar olsun çırağı,

Süfrəsində duz-çörəyi bol olsun.


El oğluyuq, eldən ötrü yananıq,

Mərifətdə yaxşı-yaman qananıq.

Yamanlığı yaxşılıqnan alanıq,

Biz istərik el-obada toy olsun.


Arzumuzdan arzu doğsun günbəgün,

Mərd ucalsın, namərd ensin günbəgün.

Paxılları, paxır tutun günbəgün,

İşi-gücü nalə çəkmək – vay olsun.


Ay Dəmirçi, tay-tuşunu özün seç,

Müşdərisən, yaxşı görür gözün, seç.

Dost yanında utanmasın üzün heç,

Bu da sənə Tanrı verən pay olsun.



YARAŞSIN
Bu dünyada məzlumlara qıyma sən,

Qananları qanmaz bilib sayma sən.

Fitnələrə, tənələrə uyma sən,

Fərli söz de, söz də sənə yaraşsın.


Mərd kişinin balası da mərd olar,

Fərsiz oğul el-obaya dərd olar.

Zər atanın işi-gücü nərd olar,

Cəhd elə ki, küsən dostlar barışsın,

Sən dostlara, dostlar sənə yaraşsın.
Pislik etmə, yaxşılığa meyil ver,

Əlləş, çalış, cəmiyyətə xeyir ver,

Pul üstündə kimsə səni döyür -ver,

Xata-bala səndən uzaq dolaşsın,

Sən adına, ad da sənə yaraşsın.
Ay Dəmirçi, dərd dalınnan kef gələr,

Səhv danışma, səhv üstündən səhv gələr.

Toy evinə zurna gələr, dəf gələr,

Al badəni, qoy diləklər gül açsın,

Sən badəyə, badə sənə yaraşsın.

BU DÜNYA
Bol olsa süfrənin nazı, neyməti,

Xəstə olan cana verməz ləzzəti.

Yoxsa bir insanda duymaq həvəsi,

Bülbül yüz oxusun, nə faydası var,

Karın qulağında kardı bu dünya.
Çaqqalın çoxluğu tənditdər şiri,

Arxasız həmişə boylanar geri.

Tanrının verdiyi bəndənin biri,

Ana kəlməsini deyə bilməyir,

Lalların dilində laldı bu dünya!
Nə qədər yüksəlsən, aşağıya bax,

Enib vəzifədən çəkməginən ax.

Ömrün sonunacan olmazsan xoşbaxt,

Görənin gözündə işıqlı günəş,

Korun gözlərində kordu bu dünya!
Dəmirçi demir ki, əlim üzmüşəm,

Bu gözəl həyatdan doyub-bezmişəm.

Dünya, səni sevib, səni seçmişəm,

Çalıb oynayana kefdi, damaqdı,

Ah, of...çəkənlərə, zordu bu dünya!


YAXŞIDI
Dəyərsiz adamdan, qızarmaz üzdən,

Dağların bir parça daşı yaxşıdı.

Könülsüz verilən yağlı tikədən,

Könüllü sözlərin xoşu yaxşıdı.


Bədnəzər gözlərdən, paxıl adamdan,

Xəbəri olmuyan sevincdən-yasdan.

Yaramaz qohumdan, vəfasız dostdan,

Qansalar, yarğanın qaşı yaxşıdı.


Dəmirçi söz qoşdu, keçdi canından,

Dönmədi fikrindən, düz amalından.

Dözülməz həyatın ah-amanından,

Gözünnən süzülən yaşı yaxşıdı.



ÖLDÜRƏR
Eldən utanmasa fərsiz oğullar,

Atanı yataqda boğar, öldürər.

Yapışar canının şah damarından,

Zəlitək qanını sorar, öldürər.


İstəsə qapıda nökər eyliyər,

İstəsə evindən qovar, teyliyər.

İstəsə danlıyar, istəsə döyər,

Dərdi boğazına yığar, öldürər.


Girər qılığına varı varsa da,

Saldığı bağının barı varsa da,

Damında beş-on baş malı varsa da,

Həm satar, həm də ki sağar, öldürər.


Dəmirçi yazanda boşa yazmayır,

Gör nələr düşünür, xoşa yazmayır.

Duyan qəlbə yazır, daşa yazmayır,

Yazmasa hissini boğar, öldürər.




MƏNİ
Gecə quşlarının şirin nəğməsi,

Elə bil anamtək qoxluyur məni.

Elə sığınmışam bu dar dərəyə,

Sayki bu gözəllik saxlıyır məni.


Səhər günəşləyəm, gecə aylayam,

Milyon ulduzlardan alıram salam.

Könlümdə arzular, xəyala dallam,

Fikrim hər tərəfə salğıyır məni.


Havası sərindi, suyu buz kimi,

Dəyir tellərimə külək yaz kimi,

Öpür ayağımı otlar duz kimi,

Çəmənlər şeh çəkib yağlıyır məni.


Kaş ki, cavan vaxtım olaydı barı,

Doyunca gəzərdim yalı-yamacı.

Getmir ayaqlarım yoxuşa sarı,

Bildim ki, qocalıq haqlıyır məni.


Gördüm pərişandı bir çoban qardaş,

Üzü kədər dolu, gözlərində yaş.

Bir quzu vermişdi qurda qarabaş,

O hal sinəmdədi dağlıyır məni.


Təbiyyət xoş baxır üzümə burda,

Heç nədi şahlıq da, zərli saray da.

Duman-çən hardadı, Dəmirçi orda,

Bu yerlər özünə bağlıyır məni.



AY ZABİT
Nə qədər alışdım, isindim sənə,

İstərəm görünsün boyun, ay Zabit.

Bu uzaq yolları gəlib gedirsən,

Görüm açıq olsun yolun, ay Zabit.


Sən də bir kişinin əziz oğlusan,

Görürəm vicdanı təmiz oğlusan.

Ağır bir elin var – Daşlıqullarlısan,

Yaxşı nəsildəndi soyun, ay Zabit.


Bilirəm atasan, balaların var,

Övlada atalıq qayğıların var.

Çin-çin olsun gözəl arzuların vur,

Edəsən oğul-qız toyun, ay Zabit.


Sərin bulaq üstə bizim meşədə,

Sağlıqlar deyəsən badən əlində.

Həm şəhər yerində, həm kənd yerində,

Həmişə yerisin surun, ay Zabit.

Bir görüşdən bəyənildin, neyniyim,

Çəkildi başımdan dumanım, çənim.

Ürəyi genişdir dəmirçilərin,

Burdadır, sənin də yerin, ay Zabit.



DANIŞAM
Heç zaman vicdanım qəbul etməyib,

Kimisə aldadam, yalan danışam.

Kiməsə sataşam, ya da saymayam,

Kiminsə qeybətin qıram, danışam.


Nahaqdan, böhtandan danışmamışam,

Xatadan, baladan uzaq olmuşam,

Bir kəsin sözünə inanmamışam,

Gərək gözlərimlə görəm, danışam.


Arxamda tərpənməz dirəyim ola,

Pəhlivan sayağı kürəyim ola,

Zorda yenilməyən biləyim ola,

Bir-bir əclafları siləm, danışam.


Dəmirçi, bəxtini yazan yazıbdı,

Gəncliyin keçibdi, can sozalıbdı.

Qocalmaq vaxtına az-maz qalıbdı,

Ömrün son gününü biləm, danışam.


YAXŞIDI
Bir məni başa sal, ay mamam oğlu,

Balamı yaxşıdı, balmı yaxşıdı?

Ömrüm yarı keçib, seçə bilmirəm,

Anamı yaxşıdı, yarmı yaxşıdı?


Dözmürəm soyuğa, nə də istiyə,

Meylim gündən qaçır, girir kölgəyə.

Anlaya bilmirəm yanan ürəyə,

Yağışmı yaxşıdı, qarmı yaxşıdı?


Neynirəm sonradan açılan vaxtı,

Neynirəm qızıldan qurulan taxtı.

Bilmirəm saçlarım bu yaşlı vaxtı,

Dəmirçi, qaramı, çalmı yaxşıdı?


YOXDU
Dəymir gözlərinə xeyli zamandı,

Bilib əhvalını soran da yoxdu.

Qoca qartal idim, indi qaz oldum,

Yumşaq tellərimi yolan da yoxdu.


Günahın hamısı sizdədi, sizdə,

Bir ozan tanıram sizin tərəfdə,

Sazı sinəsində, təzənə əldə,

Götürüb“Kərəmi” çalan da yoxdu.


Dəmirçi gülməyir, qəlbi qan ağlar,

Hələ qar yağmamış bağlanıb yollar.

Harda qalmasınız, ay can-ciyarlar,

Axtarıb qeydimə qalan da yoxdu.



HEÇ XƏBƏR ALMA
Bir qohum ki, söz deyəsən, qanmaya,

Sən yananda o da sənə yanmaya,

Təsif çəkib qisasını almaya,

Sorub əhvalını heç xəbər alma.


Söz deyəndə qaytarırsa sözünü,

Acıqlanıb bərəldirsə gözünü,

Heç utanıb sındırmırsa özünü,

Sorub əhvalını heç xəbər alma.


Sən çor desən, can deməsə uzaq dur,

Hər kəlmədə can deməsə uzaq dur,

Xançobana xan deməsə uzaq dur,

Sorub əhvalını heç xəbər alma.



BURNUMA DOSTLARIN ƏTİRİ GƏLİR
Yaxın dostlarım – Bayraməli və Ələddin üçün.
Elə bil anamdan süd əmifdilər,

Anamın o südü gedərmi hədər?

Sizə inamım var qardaşım qədər,

Xoşbəxt o kəslərdi sevib-sevilir,

Burnuma dostların ətiri gəlir.
Çox gəzdim, dolandım, çəkdim korluğu,

Çoxunda çox gördüm vəfasızlığı.

Yenə sizdə gördüm etibarlığı,

Sizinlə ürəyim vurur, yüksəlir,

Burnuma dostların ətiri gəlir.
Qırx il dost olmuşuq, bu hələ azdı,

Qırx il də dost olsaq, yenə də azdı.

Dəmirçi sizlərə bu şeiri yazdı,

Sizi sevdiyimi bir Allah bilir,

Burnuma dostların ətiri gəlir.


QAYIT ÖZ YURDUNA, ELİNƏ QAYIT
Kəndimizin qeyrətli oğlu Şair Oruc Nikbinə

Kəs bu ayrılığı, unut həsrəti,

Bülbüllər heç zaman sevməz qəfəsi.

Elin nəfəsidir, şair nəfəsi,

Qayıt öz yurduna, elinə qayıt.
Sənsiz bu təbiət darıxır, vallah,

Qıy vuran qartallar karıxır, vallah.

Yamyaşıl meşələr soluxur, vallah,

Qayıt öz yurduna, elinə qayıt.


Sən gəzən dərələr, dağlar burdadı,

Çörəyə duz səp ye, verər bal dadı.

Özün şəhərdəsən, meylin yurtdadı,

Qayıt öz yurduna, elinə qayıt.


Onsuz da qəribdir sənsiz bu dağlar,

Geri dön, qoy olsun qəmsiz bu dağlar.

Ucalmaz dumansız, çənsiz bu dağlar,

Qayıt öz yurduna, elinə qayıt.


Gəlmir qayalardan kəkliyin səsi,

Sükuta qərq olub Ballı dərəsi.

Binələrdə qatarlaşmır dəyəsi,

Qayıt öz yurduna, elinə qayıt.


Qoyma darıxmağa, təkdir Tənəkli,

Enmir bulağına beli səhəngli.

Gəzmir at belində bığı eşməkli,

Qayıt öz yurduna, elinə qayıt.


Vurğunmu doğuldun, vətənə, elə,

Bir az canına bax, özünü gözlə.

Fəxrsən, dayaqsan, bizə, ay lələ,

Qayıt öz yurduna, elinə qayıt.


Susmuş bulaqların sözünü aç, gəl,

Batmış çeşmələrin gözünü aç, gəl,

Yarıb biçənəkdən, izini aç, gəl,

Qayıt öz yurduna, elinə qayıt.


Payız, qış taxtından yıxılan zaman,

Yazın nəfəsini qoxuyan zaman,

Quşlar yuvasını toxuyan zaman,

Qayıt öz yurduna, elinə qayıt.

Dolan el içində, üzünü görək,

Mehriban baxışlı gözünü görək.

Gələn baharını, yazını görək,

Qayıt öz yurduna, elinə qayıt.


Baxacam yollara Səngər dağından,

Alacam müjdəni Gözəl dağından,

İçək Tənəklinin gur bulağından,

Qayıt öz yurduna, elinə qayıt.


Aldı kitabını Alek1 Dəmirçi,

Oxudu, ağladı, göynədi içi.

Bütün el gözləyir Nikbin Orucu,

Qayıt öz yurduna, elinə qayıt.



DAĞLARDA
Sehirli çırağam, halım pərişan,

Fikrim, həm xəyalım gəzir dağlarda.

Aparın, yandırın, yanıb kül olum,

Vermişəm özümü nəzir dağlarda.


Hər kefi kök olan, eşqi coşan da,

İstəyi, arzusu aşıb-daşan da,

Nabələd ovçutək yolu çaşan da,

İlhamı sönən də “yazır” dağlarda.


Dəmirçi dağ gəzər, dağlar oğludu,

Sinəsi körükdü, sözü odludu.

Keçdiyi, gəzdiyi haqqın yoludu,

Hər dərdə-kədərə dözür dağlarda.




DEYİRƏM
Gizli keçən məhəbbətim çürüdü,

Bu saf eşqim ürəyimdə əridi.

Sənli günlər nə bəxtəvər gün idi,

Ürək yenə səni sevir deyirəm,

Bunu mənə özü deyir, deyirəm.
Öz əlinlə od vurub yandırsan da,

Məcnun kimi çöllərə saldırsan da,

Nəsimitək dərimi soydursan da,

Ürək yenə səni sevir deyirəm,

Bunu mənə özü deyir, bilirəm.
Bülbül kimi qəmli-qəmli ötərəm,

Belə getsə həsrətindən ölərəm.

Ürək yenə səni sevir deyirəm,

Bunu mənə özü deyir, bilirəm.



OLACAQSA
Elə bir gün doğacaqdır,

Qəm, qüssəni boğacaqdır.

Dünya gözəl olacaqdır,

Zaman gözəl olacaqsa.


Çox düşünmə, a boş beyin,

Yüz də qızıldan don geyin.

Lovğalanıb onda öyün,

Dünya sənə qalacaqsa.


Bir gün zəhlən gedər puldan,

Dayandırmaz səni yoldan.

Köçməlisən bu dünyadan,

Tarix tamam olacaqsa.


Uca dağlar saxlar qarı,

Soyu olan verər barı.

Neynirsən həyasız yarı,

Başında qoz qıracaqsa.



NƏNƏMƏ ŞİKAYƏT
İnsansız qan ağlar baxçalar, bağlar,

Uçub dağıdıldı təzə binalar.

Pələngin taxtına çıxıb çaqqallar,

Elə hey tıxırlar, deyirlər yenə,

Bunlar doymaq bilmir, nənə, ay nənə.
Gəlin qaynənəyə gözün ağardır,

Oğul dədəsinə çəpəki baxır.

Qardaş bacısını yandırıb-yaxır,

Qarılar başında görünmür dingə,

Sən də dəyişsənə nənə, ay nənə.
Baş aça bilmirəm bu nə oyundu,

Kim-kimi istəyir, oda onundu.

Gözəllik satılır nağdı pulundu,

Açıxca bazardı, saymırlar vecə,

Utanmaq götürülüb, nənə, ay nənə.

SƏNİ
Oyanginan, ay baxtavar,

Tay-tuşların keçib səni.

Hər gün araq içən oğlan,

İndi araq içib səni.


Harda qaldı kef-damağın,

Qulağa gəlmir sorağın.

Etibarlı yoldaşların,

Sırasından seçib səni.


Tək qalıbsan yurd yerində,

Yoxdur yanına gedən də.

Dəmirçi öz ürəyində,

Çoxdan ölçüb-biçib səni.




NECƏDİ
Cır-çırpı gətirin, çatın ocağı,

Bu yerlərin əksik olmaz qonağı.

Təhməz bulağında bülbül kababı,

Yanında da tut arağı, necədi?


Köz düşübdür, daha odun vurmayın,

Şişə çəkin tikələri, durmayın.

Bozartmanı soyumağa qoymayın,

Kabab gələ təzə-təzə, necədi?!


Məclisimə dostlar gələ görüşə,

Həsrət qalan bir-biriylə öpüşə.

Cavanşirnən Səməndər də gülüşə,

Bir gözəl də şərab süzə, necədi!?


Göy çəməndə bir zər ataq ürəknən,

Bir-birimizə qıjıt verək1 həvəsnən.

Yeqanları axtarasan sürəgnən,

Dəmirçi də bir şeş-qoşa, necədi.



OLUBDU
Hardasan ay əllərim gətirən illər,

O kefli, damağlı ötüşən günlər.

Görən necə oldu o yağlı dillər,

Ara seyrəkləşib, uzaq olubdu.


Sizdən can eşidib, sizə can deyən,

Sizdən can istəməz sizə can verən.

Sizlərə xoşbəxtlik, arzu diləyən,

Daha gözünüzdə tozaq olubdu.


Nədir Dəmirçinin görən davası,

Xoşuna gəlməyir köhnə havası.

Qəlbini göynədir bir söz yarası,

Gözəl yaz havası, sazaq olubdu.



DEYİŞMƏ
Dəmirçi:

Oruc qardaş, binənizə gəlmişəm,

Çağrılmamış müsafirəm, yola ver.

Üç-dörd aylıq zəhmətimi çəkginən,

Vaxtı ötmüş qoca şirəm, yola ver.
Oruc Gülməmmədov:

Ay Dəmirçi, binəmizə xoş gəldin,

Buyur, qardaş, bu çəmənlər sənindi.

İstədiyin yerdə dəyə qurginan,

Yol-yamaclar, biçənəklər sənindi.
Dəmirçi:

Bayraməli tələ qurdu dostuna,

Avand olsun, işi getsin rastına.

Heç bilmədim nədən durdu qəstimə,

Elə bildi topal-şiləm, yola ver.
Oruc Gülməmmədov:

Həki sağam, yox demərəm varlığa,

Qıyarammı dostum dözə korluğa.

Eşitmişəm öyrənibsən bolluğa,

Bu gördüyün varsa nələr, sənindi.
Dəmirçi:

Heç olmasa gəldim gördüm üzünü,

Qonaq oldum, kəsdim çörək-duzunu.

Sən danışdın, mən eşitdim sözünü,

Yazdım-pozdum, coşdu sinəm, yola ver.
Oruc Gülməmmədov:

Baba yurdum bir cənnətə bənzəyir,

Düşmən gəlsə tapdalanır, əzilir.

Dost gələndə kef-damağım düzəlir,

Deyək-gülək şirin dillər, sənindi.
Dəmirçi:

İşim budu hoo hoylamaq malları,

Gəzməmişəm, tanımıram yolları.

Darıxıram, dolaşıram kolları,

Ağırlaşıb daha şələm, yola ver.
Oruc Gülməmmədov:

Təbiyyətin vurğunusan, bilirəm,

Bu yolların yorğunusan, bilirəm.

Hər vaxt sənə xoş güzəran dilərəm,

Hikmət dolu neçə dəftər sənindi.
Dəmirçi:

İnək, buzov qoruğuna düşəcək,

Bilirəm ki, yer yiyəsi söyəcək.

Kənddə olan dost-tanışım söyəcək,

Səbrin olsun, dayan hələm, yola ver.
Oruc Gülməmmədov:

İstəyirsən qat malını malıma,

Canın üçün fərq eləməz halıma,

Ötür malı yamacıma, yalıma,

Mən vol verdim, indi hünər sənindi.
Dəmirçi:

Saz nə lazım, fışqırığın bəsimdi,

Hay-harayın, qışqırığın, bəsimdi,

Tənəkliyə yaraşığın bəsimdi,

Dörd yanına eylə kərəm, yola ver.


Yüklə 462,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə