Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

 
91 
 
QEYRƏT XOCALIDA
ŞUŞADA QALIB 
 
Xocalının işğalının 6-cı ildönümünə 
(26.02.1998) 
 
Üz tutub yalvarma bir də Allaha, 
heyrət Xocalıda, Şuşada qalıb. 
Namusdan, şərəfdən danışma daha, 
qeyrət Xocalıda, Şuşada qalıb. 
 
Göstərə bilməsək orda şücaət, 
əyilsin səndəki, məndəki qamət. 
Nə qola güc gələr, nə dizə taqət, 
qüvvət Xocalıda, Şuşada qalıb. 
 
Silahdan yapışsın əli silahlı, 
çomağın götürsün əli çomaqlı. 
Yığılsın harda var başı papaqlı, 
qüdrət Xocalıda, Şuşada qalıb. 
 
Biz indi tufanda boğulan ada, 
nə nalə, nə fəryad yetişər dada
Çağırma heç kimi daha imdada, 
vəhdət Xocalıda, Şuşada qalıb. 
 
Nərə çək, yürüş et, atılaq oda, 
ya biz də bilmərrə gedərik bada, 
ya da bir dəfəlik dərs verək yada. 
Millət Xocalıda, Şuşada qalıb, 
qeyrət Xocalıda, Şuşada qalıb. 
Vəhdət Xocalıda, Şuşada qalıb! 
 
 
 
 


 
92
VURUŞMAĞI MƏNƏ DƏ ÖYRƏT  
 
Sən öz hünər tarixini qanınla yazdın, 
qəhrəman xalq, qəhrəman yurd – nə böyük qismət! 
Qoy Qafqazın zirvəsinə ad olsun adın, 
hər igidin bir qayaya, bir dağa şöhrət, 
çeçen qardaş, vuruşmağı mənə də öyrət.   
 
Bu günündə, bu günümdə görüşək bir yol
sərt ruhunla qanıma hop, ciyərimə dol. 
Lap elə, gəl, rəhbərim ol, komandanım ol, 
bəlkə onda ellik ilə tapaq cəsarət, 
çeçen qardaş, vuruşmağı mənə də öyrət. 
 
Min əzaba qatlaşmasaq, bu bəla ötməz, 
səngərləri ev bilməsək, bu dava bitməz. 
Ac qalmaqla canavarın ürəyi getməz, 
gödən belə yapışdıqca artar güc-qüvvət
çeçen qardaş, vuruşmağı mənə də öyrət.  
 
Gör, haçandır, biz il-ildən cılızlaşırıq, 
bölünürük bölgələrə, yalqızlaşırıq. 
Aldanırıq, uduzuruq, ucuzlaşırıq, 
kasıbımda ruh qalmayıb, varlımda qeyrət, 
çeçen qardaş, vuruşmağı mənə də öyrət. 
 
Sən bir milyon –  durmusan yüz miylona qarşı, 
bu inadla səsin qalxıb çatacaq ərşə! 
Hər şəhidçün çaldırırsan qələbə marşı! 
Sən gözümdə ən qadir  xalq, ən böyük millət, 
çeçen qardaş, vuruşmağı mənə də öyrət. 
 
Sənin xalqın qırılmaqda, yurdun dağılmış, 
mənim isə ruhum ölmüş, səsim boğulmuş. 
Mənim sənə çatmağıma çox var, sağ olmuş. 
Bu sözümə kim güləcək, kim edər heyrət
çeçen qardaş, vuruşmağı mənə də öyrət! 


 
93 
Mən dünənlə çox öyündüm, sənsə bu günlə, 
sən Vətənə qurban getdin, mən dedim ölləm. 
Nə vaxt görsən özümçündü sonuncu gülləm, 
demək onda coşub – daşır qanımda cürət, 
onda daha söyləmərəm, gəl, məni öyrət, 
indi isə öyrət məni, yenə də öyrət, 
çeçen qardaş, vuruşmağı mənə də öyrət! 
                                                                      1991 
 
 
 
TAPILMAZ 
 
Nə yaxşı ki, zaman yazır tarixi, 
zamandan ki, bir mötəbər tapılmaz. 
Gündə ruhən çəkilsək də çarmıxa, 
İsa kimi bir müzəffər tapılmaz. 
 
Başçı olmaq sevdasına düşən çox, 
alıların gözlərini deşən çox. 
Koroğlutək bığlarını eşən çox, 
düşmən üstə getməyə ər tapılmaz. 
 
Ömrüm boyu qurumayan yaş gözüm, 
öz arzuma atılacaq daş, özüm. 
Bu canavar yığnağına, kaş dözüm, 
mənə qahmar bir hünərvər tapılmaz. 
 
Ram olandan yüz dayaza, axmağa, 
başlamışıq hər dayaza axmağa. 
Doğmasına, dostuna şər yaxmağa 
özümüzə tay, bərabər tapılmaz. 
 
Bu nə gündür yaşayırıq, bu nə il, 
bu istəklə həm rəzilik, həm səfil. 
Nadanlığa qurşanandan müttəsil, 
içimizdə bir xoşxəbər tapılmaz. 


 
94
SON SEÇİM 
 
Arzuların ən sonuncusu, 
seçimlərin ən axırıncısı, 
səfərlərin ən ağırı, 
istəyin, duyğunun axırı 
                             ölüm. 
Badələrin ən zəhərlisi, 
zəhərlərin ən acısı  
                             ölüm. 
Əlimiz hər yerdən üzüləndə, 
ümidimiz hər kəsdən kəsiləndə
dövran bizdən üz döndərəndə, 
əziz doğmalarımızdan küsəndə, 
həyatdan doyanda, bezəndə 
                             məcburən, 
çaşhaçaşla səni seçirik, 
gözümüzdə qan-yaşla səni seçirik. 
Hərçənd yüz cür bəzəsək də, 
hərdən səbirsizliklə gözləsək də, 
ucalığını şəhidlikdə gəzsək də, 
əzablısan, ağrılısan, ağırsan, 
ən ürəksizi də yandırırsan, 
                            yaxırsan. 
 
 
 
CAHİLLİK, XƏBİSLİK 
 
Bu yay, uzun illər istifadə etdiyimiz 
yorğan-döşəyi və yastıqları söküb 
yenidən sırıtdırmaq qərarına gəldik. 
Bu məqsədlə yataq əşyaları 
sökülüb-töküldü 
yuyulub təmizlənməyə. 
Əlavə insanlar da çağırıldı köməyə. 
Yastıq və döşəklərin içində 


 
95 
mənim və ailəmin adları yazılmış 
müxtəlif formalarda bükülüb-tikilmiş 
                     cadu-pitilər tapıldı. 
Bunları görcək nə qədər əzablı 
                     hisslərə qapıldım. 
Xəyalım uçdu yaxına,uzağa, 
özümə və ailəmə mərhəm bilib 
vədəli-vədəsiz evimdə qarşıladığım 
                       doğmalarımın yanına. 
Məyusluqdan bir üzücü ağrı doldu canıma. 
Özüm-özümü başladım günahlandırmağa, 
                                                  qınamağa! 
Siz ey diqqətimlə, imkanlarımla qarşıladığım, 
sədaqət göstərib evimdə saxladığım 
və xidmətində olduğum insanlar! 
Nə deyim indi sizə? 
Bu boyda tərbiyəsizlik, 
bundan da böyük alçaqlıq?! 
Bu da qohumluq, doğmalıq, 
                             müsəlmançılıq! 
 
 
 
BİR MƏZAR DAŞINA YAZI 
 
Sən bir nazlı xanım idin, 
qədd-qamətli, nəcabətli. 
Sən bir müdrik qadın idin 
kövrək qəlbli, səxavətli. 
Sən hamıdan məhrəm idin 
qohum, qonşu, dost içində. 
Sən həmişə doğma idin 
yaxın üçün, yad üçün də. 
Yoxluğundan yananların 
gəlir indi güzarına. 
Səni daim ananlardan 
salam olsun məzarına. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə