Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   2   3   4   5   6   7   8   9   ...   53

 

oynatdı,  bir  neçə  pozada  özünə  baxıb  xoşhallandı.  Dodağını 
güzgüdəki dodağına yapışdırıb hərarətlə öpdü. Sonra köynəyini 
astaca  sinəsindən  aşağı  çəkdi.  Lifçiyini  sürüşdürüb  göbəyinin 
yanında saxladı. Hər döşünü bir əlinə alıb sıxdı. Döşlərində elə 
qəribə  hərarət  vardı  ki...  Gilələr  bərkiyib  başqa  cür  olmuşdu. 
Elə  bil  döşlərin  ətrafında  od  qalamışdın.  Heç  özünü  bu  halda 
görməmişdi. 
Bir  əliylə  sağ  döşünün  giləsindən  tutdu,  o  biri  əliylə 
telefonu  götürdü.  Nəsə  yazdı,  gözlədi,  cavab  alıb,  beləcə,  bir 
müddət lal-dinməz dayandı. Gözlərini yumub, bu gün ilk dəfə 
əllənmiş  döşlərini  bir-birinə  sıxdı.  Özünə  də  tanış  olmayan 
qəribə  hisslərin  əlindən  xilas  olmaq  istəməsə  də,  könülsüz-
könülsüz lifçiyini, sonra da köynəyini yuxarı çəkdi. Qapıya sarı 
gəlib açarı tərsinə burdu. 
Anasının mətbəxdən hələ də səsi gəlirdi… 
 
 
* ** 
 
Qaranlıq hələ tam qovuşmamışdı. Birdən başlanan külək 
adamları qovub indidən evə salmışdı. Lap vacib işi olan, harasa 
tələsən, bir də evindən bezən adamlardan başqa gözə bir kimsə 
dəymirdi. Hər halda, Ziyada belə gəlirdi. 
Köhnə  dəmir  qapının  qarşısında  dayanıb,  dərindən  nəfəs 
aldı.  Qapını  döydü,  gözlədi,  bir  də  döydü,  xeyli  müddət 
gözləyib  pərişan  halda  geri  dönmək  istədi.  Bu  vaxt  həyətin  o 
başından,  külək  vıyıltısının  arasından  onun  kişi  səsinə  oxşar 
səsini eşitdi: 
- Kimdi? Kimdi gələn? 
- Allah qonağı. 
-  Allaha  qurban  olum,  qonaq  göndərməyə  ayrı  vaxt 
tapmayıb? 


 

Ziyad dinməyib gözlədi. Arvad gəlib qapıya çatana qədər 
çox  uzun  göründü.  Qapını  bir  də  döymək  istəyəndə  köhnə 
dəmir  qapı  ləng  halda  aralandı.  Zəif  işığın  fonunda  arvadın 
çəlimsiz sifəti göründü. 
-  Bay,  Ziyad,  sənsən?  Axı  hələ  sənin  vaxtın  deyil.  Bir 
hadisə-zad olub? 
- Yox, əşi… Öldüm, gəlirəm… 
Ziyad əlindəki qara bağlamanı düz qapının ağzına qoyub, 
ayaq yoluna tərəf qaçdı. 
Qayıdanda qara bağlama hələ də yerindəydi. Onu götürüb 
evə girdi. 
-  Ay  Ziyad,  yetim  qalasan  səni,  indi  sənin  yeməyinə  nə 
hazırlayım?  Bir  az  sosiska  var  idi,  onu  da  özüm  yemişəm. 
Canın çıxar, ac yatarsan. 
Ziyad  Nadir  şahdan  qalma,  köhnə  mətbəxə  girib,  qara 
bağlamanı onun qabağına qoydu. 
-  Ac  niyə  yatıram?  Budur,  hər  şey  almışam.  Bir  şey 
hazırla,  bir  ləzzətlə  axşam  yeməyi  yeyək.  Sənin  üçün 
«İvanovka» çaxırı da almışam. 
Arvad bir söz demədi. Astaca bağlamanı götürüb eşələdi. 
Sanki  bir  anda  alınanların  nə  olduğunu  bilmək  istəyirdi.  Dözə 
bilməyib, kolbasanın qırağından kəsdi, dişsiz ağzına atıb tez-tez 
çeynəməyə  başladı.  Buna  görməmişlik  demək  olmazdı.  Arvad 
bir həftə olardı ki, adam balası kimi bir şey tapıb yeməmişdi. 
Ziyad kövrəldi, ürəyi  əsdi,  özünü saxlaya  bilməyib  otağa 
keçdi.  Səssiz-səmirsiz  bir-iki  dəqiqə  ağladı,  ürəyini  boşaldıb 
çirkli  əl-üz  dəsmalı  ilə  gözlərini,  burnunu  sildi.  Ötkəm  səslə 
arvad olan tərəfə səsləndi: 
- Mənim çirkin gözəlim, əlli ol görək. 
Elə  bu  vaxt  əl  telefonuna  zəng  gəldi.  Qızı  idi.  İstədi 
telefonu  açmasın,  qoy  elə  bilsinlər  iş  başındadır,  telefonu 
götürməyə  imkanı  yoxdur.  Nə  düşündüsə  telefonun  cavab 
düyməsini basdı. 


 

- Nədi, qızım, bir nigarançılıq… 
- Ata, anam deyir… 
-  Anan  özü  niyə  danışmır?  Mənnən  danışmağı  qüruruna 
sığışdırmır? 
Telefonun  o  başında  qızı  bir  anlıq  duruxub  qaldı. 
Deyəsən, telefonun səs ötürən nöqtəsini barmağı ilə qapatmışdı 
ki, deyilənləri atası eşitməsin. Ancaq uzaqdan-uzağa qırıq-qırıq 
nəsə  səslər  gəlib  qulağına  çatırdı.  Özü  də,  deyəsən,  ələkçinin 
qıl verəni də var idi. Yəqin bacısıydı, ya da bir başqası. 
- Ata, anam deyir, Tuqay dünəndən evə gəlməyib. 
- Dünəndən evə gəlməyib? Harada veyillənir görəsən? 
Ziyad telefonu qapadıb, Tuqayın nömrəsini yığdı. Telefon 
söndürülmüşdü. O da telefonunu söndürüb hirslə stolun üstünə 
atdı. 
Mətbəxdən  yaxşı  iy  gəlirdi.  İydən  Ziyadın  ağzı  sulandı. 
Arvad  kimi  özü  də  möhkəm  acmışdı.  Bir  azdan  arvad  əlində 
padnos otaqda göründü. 
- Allah səni saxlasın, acından az qalırdım mayallaq aşam. 
- Niyə, bir şey almağa pulun yoxdur? 
-  Pulum  var  ey,  heyim  yoxdu  ki,  gedib  bir  şey  alam… 
Allah  öldürsün  onu,  necə  ki,  öldürdü.  Ayağımı  yerə  vuranda 
dağlar  lərzəyə  gələrdi.  İndi  beş  addım  getməyə  can  çəkirəm. 
Gəlib  çıxmasaydın,  iki  gündən  sonra  gəlib  meyidimi 
görəcəkdin. 
-  Yaxşı,  yaxşı,  hələ  ölməkdən  danışma,  qoy  yeməyimizi 
yeyək. Ölməyə hələ vaxt var. 
Arvad  qızardıb  gətirdiklərini  stolun  üstünə  düzdü.  Qalan 
şeyləri gətirmək üçün arvadı gözləməyib, Ziyadın özü mətbəxə 
keçdi. 
Şirin-şirin  yeyirdilər.  Heç  elə  bil  qızardılan  kolbasa, 
sosiska  deyildi,  əmlik  quzu  ətindən  hazırlanmış  yemək  idi. 
Arada bir süzüb araqdan, çaxırdan da içirdilər. 


 

Bir xeyli beləcə dinib-danışmadılar. Yedilər, içdilər, köks 
ötürə-ötürə bir-birinə baxdılar. 
Ziyad niyə belə acmışdı? Hə, yadına düşdü. Səhər  yediyi 
bir  tikə  çörəyin  üstündəydi.  Günorta  verilən  yemək  payından 
xırda  həşarat  çıxmışdı,  o  da  yeməyini  qoyub  bayıra  getmişdi. 
Hirsindən  iki  siqareti  dalbadal  çəkib,  deyinə-deyinə  işinin 
dalınca  yollanmışdı.  Sonra  da  evə  getmək  üçün  hazırlığa 
başlamışdılar.  Hamı  sevinirdi,  üzlərdə,  baxışlarda  bir  sevinc 
haləsi dolanırdı. Asan iş deyildi, on beş gün idi ki, evlərindən-
eşiklərindən  aralı  düşmüşdülər.  Qarşıdakı  işlər,  görüşəcəkləri 
adamlar yadlarına düşdükcə, xoş söhbətləri, zarafatları andıqca 
sinələri qabarır, üzlərinə təbəssüm qonurdu. 
Nə yaxşı ki, bu dəli külək bir az gec başlanmışdı. Yoxsa 
bütün  işləri  pozulacaq,  arzuları  qeyri-müəyyən  vaxta  qədər 
təxirə  salınacaqdı.  Axı  güclü  külək  olanda  vertalyot  havaya 
qalxa  bilmirdi.  Belə  də  vertalyot  küsmüş  uşaqlar  kimi  bir 
qıraqda  dayanıb  boynunu  bükəcək,  dənizçilər  həsrətlə  bir 
göylərə,  görünməyən küləyə, bir də uzaqda qalan tənha sahilə 
baxa-baxa küləyin səngiməsini gözləyəcəkdilər... 
Ziyadın halı yaxşılaşmışdı. Arvad da pis deyildi. Gülmək 
üçün bəhanə gəzir, yarımçıq, duzsuz lətifələri bir-birinin yanına 
düzürdülər. 
- O, çukçanın lətifəsi var, arvadını bir şələ oduna dəyişir, 
o necəydi? 
- Mən nə bilim, ay Ziyad… Siqaretin nədir? 
- Nazik, filtirli. 
- Yox, onlar sinəmə düşmür, durum görüm şkafda nə var. 
Ağır-ağır  ayağa  qalxıb  rəngi  getmiş,  köhnə  şkafa  tərəf 
gəldi,  siyirməni  açıb  eşələdi.  Bir  qutu  fıltirsiz  siqaret  tapdı, 
yerinə  qayıtdı.  Damağına  qoyub  alışdırdı,  acgözlüklə  tüstünü 
sinəsinə çəkdi. 
- Doğrudan, Ziyad, niyə gəlmisən? 
- Gəlmək olmaz? 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə