28
yətinə malikdir. Avstraliya isə, əksinə geniş torpaq sahələrinə
malikdir. Ancaq insan qüvvəsi və kapital çatışmazlığı vardır.
Ona görə də, bu ölkə buğda, yun, ət kimi "torpaq-tutumlu"
əmtəələr istehsal edə bilir. İnkişaf etmiş sənaye ölkələri isə
avtomobil, maşın, avadanlıq və s. kimi kapital tutumlu
əmtəələrin istehsalına üstünlük verirlər. Bol və ucuz işçi qüv-
vəsinə malik olan zəif inkişaf etmiş ölkələrdə isə əməktutumlu
əmtəələrin istehsalı üstünlük təşkil edir.
Beynəlxalq ticarət haqqında mülahizələr dərinləşdiril-
dikdə göstərilən amillərin təşkili ilə xarici ticarətin əsasını
təşkil edən digər amillər də ortaya çıxır. Bunlar aşağıdakılardır:
1. Yerli istehsalın kifayət etməməsi;
2. Əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlən-
məsi;
3. Müxtəlif ölkələrdə fərqli əmtəələrin istehsalı.
Yuxarıda qeyd olunduğu kimi
beynəlxalq əmək bölgüsü
nəticəsində ölkələr konkret əmtəə istehsalı üzrə ixtisaslaşmış
və bir çox əmtəələr bəzi ölkələrdə ya istehsal edilmir, ya da çox
az istehsal edilir, digər ölkələrdə isə əmtəələr izafi istehsal
edilir. Beləliklə, dünyada heç bir ölkə özünün bütün ehtiyac-
larını özü təmin edə bilmir.
Beynəlxalq miqyasda qiymət fərqi də xarici ticarəti
şərtləndirən mühüm amillərdən biridir. Aydındır ki, bütün öl-
kələrdə əmək məhsuldarlığı eyni deyildir. Bu isə əmtəələrin
maya dəyərinin və son nəticədə isə beynəlxalq qiymətlərin
fərqli olmasına səbəb olur. Beynəlxalq ticarət isə tələb edir ki,
hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən
az xərclə daha çox əldə edilən məhsulun istehsalı ilə məşğul
olsun. Ölkə daxildə ucuz başa gələn məhsulları istehsal etməli,
baha başa gələn əmtəələri isə xaricdən gətirməlidir. Bu şərtə
əməl edən hər bir ölkə beynəlxalq əmək bölgüsünün üstünlük-
lərindən ölkənin sosial-iqtisadi irəliləyişi üçün istifadə etmiş
olur. Bu, müvafiq fəsillərdə görəcəyimiz kimi son nəticədə
29
xarici ticarəti bütün ölkələr üçün əlverişli edir və bütün dün-
yada rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.
Beynəlxalq ticarətin bütün tədqiqatçıları iki əsas suala
cavab verməyə çalışırlar: 1. Dünya ticarəti necə qurulmuşdur?
və 2. Dünya ticarəti necə qurulmalıdır?
Məlumdur ki, beynəlxalq ticarət elə qurulmalıdır ki, o
ölkəyə mənfəət gətirsin. İlk baxışdan elə görünür ki, mənfəət
əldə etməkdən ötrü bütün mümkün üsullardan istifadə etmək
olar. Belə olduqda isə, meydana daha bir sual çıxır: bəs bu
halda ticarət edənlərdən kim udur, kim uduzur? Əgər bir ölkə
xarici ticarətdən mənfəət əldə edirsə, bu mənfəət digər ölkənin
ziyanı hesabınamı olur? Sərbəst ticarət sərfəlidir, yoxsa ticarət
bu və ya digər səbəblərə görə məhdudlaşdırılmalıdır? Bu
məhdudiyyətlərin həddi nə qədər olmalıdır?
Bütün bu suallara beynəlxalq ticarət nəzəriyyələrində
bu və ya digər dərəcədə cavab verilmişdir.
Dostları ilə paylaş: