Nitq müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun həm informasiya, həm çağırış müraciət, həm dinləyicini təhriketmə və s



Yüklə 18,04 Kb.
tarix01.01.2023
ölçüsü18,04 Kb.
#98083
dil nitq


“Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi”dir. Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür. İsveçrə dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində dil və nitqin oxşar və fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir. Dilin funksiyaları (məlumatvermə, ünsiyyət, təsirgöstərmə) nitqin də funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur.
Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır: 1. Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir (13, 73). Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir. 2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması) nəzərdə tutulur. Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. 3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin nitqi və onun məhsulu olan mətn üzrə aparılır. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir. 4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, dəyişikliyə uğrayır. Lakin dil normalarının köməyi ilə bu dəyişikliklərdən, təsirlərdən özünü qoruyur. 5. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqlə müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola bilər. Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir.
Nitq prosesinin müəyyən məhsulu (məsələn, mətn), həmin məhsulun da iki tərəfi olur: 1) oradakı fikir, yəni nitqin məzmunu; 2) bu fikrin maddi qabığı varlıq, yəni forma. Deməli, bu mənada dil nitqin formasıdır, fikir isə onun məzmunu. 6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər. Bu səbəbdən birinin nitqi, danışığı digərlərindən gözəl, zəngin, əhatəli, məzmunlu və təsirli olur. Bu, danışanın (yazanın) dünyagörüşündən, savad dərəcəsindən, dilə şüurlu münasibəti və s. asılı olaraq müxtəlif formalar kəsb edir. Belə keyfiyyətlərə malik olanlar dil vasitələrindən daha məharətlə, olmayanlar isə bir qədər zəif istifadə edirlər. Natiqlik fəaliyyətində bu cəhət nəzərə alınmalı, natiq öz nitqi üzərində müntəzəm işləməli, danışığında dilimizin zəngin və rəngarəng ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır. Nitq fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir. Digər yaradıcılıq formaları kimi nitq də (şifahi və yazılı) dilin vahidləri və ifadəlilik vasitələrindən istifadə baxımından estetik keyfiyyətlərə malik olmalı, dinləyicini özünə cəlb etməlidir. İfadə olunan hər bir fikir dinləyiciyə (oxucuya) təsir etməli, onda müəyyən hisslər oyatmalıdır. 7. Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir. Dil sisteminin ən böyük vahidi sayılan cümlə nitq sistemində ən kiçik vahid olur.
Dil və nitq aşağıdakı fərq qarşılaşmada özünü aydın göstərir: Obyektivlik– subyektivlik, ümumilik–xüsusilik, daimilik–dəyişkənlik, bəşərilik– millilik, statiklik-dinamiklik, mücərrədlik-konkretlik, ictimailik-fərdilik, mümkünlük-gerçəklik, rasionallıq-emosionallıq və s. Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır. “Nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz növbəsində dilin bərqərar olması üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə dildən əvvəl olur” (14). Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.
Yüklə 18,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə