Aqata Kristi “Baş Nazirin Oğurlanması”



Yüklə 96,51 Kb.
tarix26.09.2017
ölçüsü96,51 Kb.
#1693

Aqata Kristi

Baş Nazirin Oğurlanması”

İndiki müharibə (1-ci dünya müharibəsi) və onun problemləri keçmişdə qalmış işlərdir, güman edirəm milli böhranın olduğu bir vaxtda dostum Puaronun oynadığı rolu arxayınca, risk etmədən dünyaya bəyan edə bilərəm. Bu sirri yaxşı saxlayıblar. Onun barəsində mətbuata bir söz də belə olsun çatmayıb. Amma həmin sirrə ehtiyac keçib gedib. Düşünürəm ki, İngiltərə böyük bir fəlakətini belə məharətlə ötüşdürdüyünə görə gözəl zəka sahibi, qəribə dostuma, heç olmasa borclu olduğunu bilməlidir.

Bir axşam nahardan sonra dostumgildə oturmuşdum. Tarixin üzərində ətraflı dayanmayacağam. Bunu demək kifayətdir ki, bu, İngiltərənin düşmənləri “danışıqlar yolu ilə sülh” şüarını tutuquşu kimi təkrar etdikləri bir vaxtda baş vermişdir. Yararsız olduğum üçün ordudan tərxis olunmuşdum və səhhətimlə bağlı iş tapmışdım. Axşamlar nahardan sonra Puaroya baş çəkmək, dostumun sərəncamında olan maraqlı işlər barəsində onunla söhbət etmək adətim olmuşdu.

Ingiltərənin baş naziri cənab Devid MakAdamın həyatına qəsd etmək cəhdi haqqında səs-küyə səbəb olan xəbəri onunla müzakirə etməyə can atırdım. Qəzetlərdəki bu məlumat, ehtimal ki, senzuradan diqqətlə keçmişdi. Baş nazir ağlasığmaz bir halda canını qurtarmışdı. Güllə ancaq onun yanağını yüngülcə yaralamışdı. Daha heç bir məlumat verilməmişdi.

Düşünürdüm ki, qanunun belə kobud şəkildə pozulması bizim polisin rüsvaycasına ehtiyatsız hərəkət etməsi nəticəsində mümkün olmuşdur. Yaxşı başa düşmüşdüm ki, İngiltərədə alman casusları belə bir uğur qazanmaq üçün daha çox risk etmək arzusunda olacaqlar. “Döyüşən Mak”, mənsub olduğu partiya ona bu ləqəbi vermişdi, var gücü ilə genişlənməkdə olan pasifistlərin təsirinə qarşı qətiyyətlə mübarizə aparırdı. O, İngiltərənin nəinki baş naziri, o, İngiltərənin özü demək idi və onu öz nüfuz dairəsindən uzaqlaşdırmaq –Britaniyaya sarsıdıcı və iflicedici zərbə endirmək demək idi.

Puaro boz kostyumunu balaca süngər parçasıyla təmizləməklə məşğul idi. Heç zaman Herkyul Puaro kimi şıq geyinən olmazdı. Təmizkarlıq və səliqə-səhman dəlisiydi.

Indi benzin iyinin havanı bürüdüyü bir vaxtda o, heç də bütün diqqətini mənə yönəldə bilməzdi.Bir dəqiqədən sonra səninlə olacağam, dostum.

- Bircə yağ ləkəsindən başqa hamısını təmizləmişəm. Yağ ləkəsi xoşagələn şey deyil. Mən onu belə təmizləyirəm. O, süngəri əlində yellətdi.

- Yenidən bir siqaret yandıraraq gülümsündüm.Maraqlı bir şey var?- bir-iki dəqiqədən sonra ondan soruşdum.

- Mən günəmuzd işləyən bir qadına – siz ona nə deyirsiniz?- ərini tapmaqda kömək edirəm. Çətin işdir, xüsusi nəzakət tələb edir. Məndə belə fikir yaranıb ki, ərinin tapılmasından razı qalmayacaq. Sən nə deyirsən buna? Mənim özümə gəldikdə, mən kişiyə rəğbət bəsləyirəm. O, gözüaçıq adamdır.

Güldüm.


  • Axır ki, bu yağ ləkəsi getdi! Indi sizin ixtiyarınızdayam.

  • Sizdən soruşmaq istəyirəm ki, MakAdama qarşı sui-qəsd barədə siz nə fikirdəsiniz?

  • Uşaq işidir! –Puaro cəld cavab verdi. -çətin ki adam buna inansın. Tüfəngdən atəş açasan, amma məqsədə nail olmayasan. Bu keçmişin üsuludur.

  • Bu dəfə məqsədə çatmağa az qalmış imiş –ona etiraz etdim.

Puaro hövsələsizcəsinə başını yellətdi. Cavab vermək istəyirdi ki, sahibəsi qapıdan başını içəri salıb ona xəbər verdi ki, aşağıda iki centlmen onu görmək istəyir.

  • Adlarını demək istəmirlər, ser, amma deyirlər çox vacib işləri var.

  • Qoyun gəlsinlər, -ehtiyatla boz şalvarını bükərək Puaro dedi.

Bir neçə dəqiqədən sonra iki nəfər içəri girdi. Qabaqdakı adamı, ümumi Palatanın lideri görkəmli şəxsiyyət Lord Esteri tanıdıqda, ürəyim bərkdən döyündü. Onun yoldaşı isə hərbi nazirliyin üzvü, bildiyim kimi, baş nazirin yaxın şəxsi dostu cənab Bernard Doc idi.

  • Müsyo Puaro? – Lord Ester sualedici tərzdə dedi. Dostum baş əydi. Məşhur adam mənə baxdı və tərəddüd etdi. – Mənim şəxsi işimdir.

  • Siz kapitan Heystinqzin yanında danışa bilərsiniz, - dostum dedi və mənə qalmaq üçün başıyla işarə etdi. – Onun belə işlərdə səriştəsi yoxdur, qətiyyən! Amma ki, tədbirli olmasına cavabdeh ola bilərəm. Lord Ester hələ də tərəddüd edirdi, lakin cənab Doc birdən söhbətə müdaxilə etdi.

  • Əşi, gəlin vaxt itirməyək, davam edin. Bizim bildiklərimizi lap tezliklə bütün ingiltərə biləcəkdir. Vaxt qızıldır.

  • Xahiş edirəm, əyləşin, cənablar, - Puaro nəzakətlə dedi. Böyük stulda oturmaq istərdinizmi, milord? Lord Ester azacıq diksinən kimi oldu. –Siz məni tanıyırsınız?

Puaro gülümsündü:

  • Əlbəttə. Mən şəkilləri olan kiçik qəzetləri oxuyuram. Necə ola bilər ki, tanımayım?!

  • Müsyo Puaro, sizinlə son dərəcə vacib bir məsələ barəsində məsləhətləşməyə gəlmişəm. Xahiş edirəm, söhbətimiz tamamilə məxfi qalsın.

  • Herkyul Puaronun sözünə inanın – daha heç nə deyə bilmərəm! – dostum təmtəraqla dedi.

  • Söhbət baş nazirdən gedir. Böyük kədər içindəyik.

  • Çıxılmaz vəziyyətə düşmüşük. – cənab Doc söhbətə qoşuldu.

  • Yara ağırdır, hə? – mən soruşdum.

  • Nə yara?

  • Güllə yarası.

  • Hə, o yaranı deyirsiniz! – cənab Doc ehtiyatsızlıqla ucadan dedi: - O, çoxdankı əhvalatdır.

  • Mənim həmkarım deyir, - Lord Ester sözünə davam etdi, - O iş keçib gedib. Xoşbəxtlikdən uğursuz oldu. Arzu edirəm ki, ikinci sui-qəsd də belə uğursuzluqla nəticələnəydi.

  • İkinci sui-qəsd də olub?!

  • Bəli, amma xarakter etibarı ilə başqa cür olub. Müsyo Puaro, baş nazir yoxa çıxıb.

  • Nə?!

  • Onu oğurlayıblar!

  • Ola bilməz! –deyərək donub qaldım.

Puaro mənə tərəf kəskin bir nəzər yetirdi. Bildim ki, həmin nəzər məni susmağa çağırır.

  • Bədbəxtlikdən, olsa da, olmasa da, bu yalnız həqiqətdir, - lord cənabları davam etdi.

Puaro cənab Doca baxdı. –siz indicə dediniz ki, müsye, vaxt qızıldır. Bununla nə demək istədiniz? Qonaqlar bir-birinə baxdılar və sonra lord Ester dedi:

  • Müsye Puaro, müttəfiqlərin konfransı barədə eşitmisinizmi?

Dostum başıyla təsdiq cavabı verdi.

  • Aydın səbəblər üzündən onun nə vaxt və harada keçirilməsi haqqında ətraflı məlumat verilmir. Baxmayaraq ki, bunu qəzetlərdən gizlədirlər, əlbəttə, diplomatik dairələrə onun tarixi geniş surətdə məlumdur. Konfrans sabah – cümə axşamı Versalda keçirilməlidir. Indi vəziyyətin dəhşətli dərəcədə ağırlığını başa düşdünüz? Sizdən gizlətməyəcəyəm ki, baş nazirin konfransda iştirakı həyati zəruriyyətdir. Aramızdakı alman casuslarının başladıqları və müdafiə etdikləri pasifist təbliğat çox fəallaşıb. Ümumi fikir belədir ki, konfransda dönüş nöqtəsini güclü şəxsiyyət olan baş nazirin çıxışı müəyyən edəcəkdir. Onun konfransda iştirak etməməsi ən ağır nəticələrə - bəlkə də vaxtından əvvəl və fəlakətli sülhə gətirib çıxara bilər və onun əvəzinə göndəriləcək başqa adamımız yoxdur. Yalnız o, İngiltərəni təmsil edə bilər.

Puaronun sifəti daha da ciddiləşdi.

  • Onda siz belə hesab edirsiniz ki, baş nazirin oğurlanması, konfransda onun iştirak etməsinə imkan verməmək üçün bilavasitə edilən cəhd kimi qiymətləndirilməlidir?

  • Şübhəsiz, mən belə hesab edirəm. O, doğrudan da həmin vaxt Fransaya gedirdi.

  • Konfrans haçan keçirilməlidir?

  • Sabah axşam saat doqquzda.

Puaro cibindən böyük bir saat çıxardı.

  • Indi doqquza on beş dəqiqə qalıb.

  • Iyirmi dörd saat, - cənab Doc fikirli-fikirli dedi.

  • On bes dəqiqə də əlavə edin, - Puaro düzəliş verdi. –On bes dəqiqəni unutmayın, müsye, o kara gələ bilər. Indi baş nazirin oğurlanmasının təfsilatı barədə. Bu, Fransada, yoxsa İngiltərədə baş vermişdir?

  • Fransada. MakAdam bu səhər Fransaya getmişdir. O, sabah Parisə yola düşən donanma komandanının bu axşam qonağı olmalıydı. Baş naziri La-Manş boğazından eskadron mina gəmisi ilə aparmışlar. Bulonda baş qərargahdan bir maşın və baş komandanın yardım düşərgəsindən də bir adam onu qarşılayıb.

  • Eləmi?

  • Onlar Bulondan yola düşüblər, amma gəlib çıxmayıblar.

  • Necə?!

  • Müsye Puaro, maşın da qondarma imiş və yardım düşərgəsindən olan adam da. Həqiqi maşın isə sürücü və yardım düşərgəsindən olan ağzı və əlləri məharətlə bağlanmış adamla birlikdə ehtiyat yolda tapılmışdır.

  • Bəs qondarma maşın?

  • O hələ də azadlıqdadır.

Puaro hövsələsizliyini biruzə verdi:

  • Ağlasığmayan bir şeydir! Şübhəsiz maşın uzun müddət diqqətdən yayına bilməz.

  • Biz də belə düşünürdük. Adama elə gəlir ki, bu iş sadəcə olaraq ətraflı axtarış tələb edir. Fransanın o hissəsi hərbi qanunlara tabedir. Biz əmin idik ki, həmin maşın nəzəri cəlb etmədən uzağa gedə bilməz. Fransız polisi, bizim Skotlənd yardım işçiləri və hərbçilər beyinlərini işə salıblar. Siz deyən kimi, ağıla sığmayan işdir. Amma heç nə aşkar edilməyib.

Bu an qapının yanında tappıltl eşidildi və cavan bir zabit içəri girdi. O, möhkəm möhürlənmiş zərfi lord Esterə uzatdı.

  • Fransadan indicə gəlib, ser. Göstəriş verdiyiniz kimi məktubu bura gətirdim.

Lord Ester məktubu həvəslə cırıb açdı və bu zaman bərkdən dilləndi. Zabit geri çəkildi.

  • Nəhayət xəbər gəldi. Bu teleqramın şifri indicə açılıb. Onlar ikinci maşını tapıblar, içində də nazir Danielz burnuna xloroform tutulmuş, ağzı və əlləri bağlı halda baxımsız “C” fermasının yaxınlığında. Danielz arxa tərəfdən burnuna və ağzına nəyinsə sıxıldığını, azad olmaq üçün var gücü ilə çalışmağından başqa heç nə xatırlamadığını deyir. Polis onun dediklərinin doğru olduğunu qənaətbəxş hesab edir.

  • Onlar daha heç nə tapmayıblar?

  • Xeyr.

  • Baş nazirin ölüsünü də? Onda ümid var. Amma qəribə işdir. Nə üçün ona bu səhər atəş açmağa cəhd etdikdən sonra, indi onun sağ qalması üçün onlar bu qədər dəridən-qabıqdan çıxırlar?!

Doc başını yellətdi.

  • Bir şey tamamilə aydındır. Onlar baş nazirin konfransda iştirak etməsinə nəyin bahasına olursa olsun mane olmaq əzmindədirlər.

  • Əgər bu, insanlıq baxımından mümkündürsə, baş nazir hökmən orada olacaq. Allah eləsin. Indi, cənablar, hər şeyi mənə başdan danışın. Mən eləcə də bu atəş açma məsələsini də bilməliyəm.

  • Keçən gecə nazirlərdən birinin – kapitan Danielzin müşayiət etdiyi baş nazir...

  • Baş naziri Fransaya yola salan həmin kapitan?

  • Bəli, bayaq dediyim kimi, onlar maşınla Vindzora getdilər. Orada baş nazirin rəsmi qəbulu oldu. Bu səhər tezdən o, şəhərə qayıdarkən, yolda ona qəsd etmək cəhdi baş verdi.

  • Zəhmət olmasa, bir dəqiqə deyin kimdir bu kapitan Danielz? Sizdə onun dosyesi varmı?

Lord Ester gülümsündü. Mən bilirdim ki, məndən onu soruşacaqsınız. Biz onun haqqında bir o qədər də çox bilmirik. O, diqqəti cəlb eləyən ailədən çıxmayıb. Ingilis ordusunda xidmət edib, olduqca bacarıqlı nazirdir, müstəsna dərəcədə gözəl dilçidir. Güman edirəm ki, yeddi dildə danışır. Elə bu səbəbdən baş nazir müşayiət etmək üçün məhz onu seçmişdir.

  • Ingiltərədə onun heç qohumları var?

  • Iki xalası. Missiz Everard Həmpsteddə, miss Danielz isə Askot yaxınlığında yaşayır.

  • Askot? Vindzorun yaxınlığındakı, hə?

  • Bu məsələ nəzərdən qaçmayıb, amma bir nəticə vermədi.

  • Güman edirsiz ki, kapitan Danielz şübhədən uzaqdır?

Lord Ester cavab verərkən onun səsində bir kədər hiss olunurdu.

  • Xeyr, müsye Puaro. Bu günlərdə kiminsə şübhədən uzaq olduğunu deməkdə çətinlik çəkərdim.

  • Çox yaxşı. Milord, indi başa düşdüm ki, baş nazir həqiqətən polisin ayıq mühafizəsi altında olacaq və ona qarşı hər hansı bir hücum qeyri-mümkün hesab edilməlidir, elə deyilmi?

Lord Ester başını tərpətdi.

  • Elədir. Baş nazirin maşının başqa bir maşın yaxından müşayiət edirdi. Onun içində mülki paltarda xəfiyyələr.

Cənab MakAdam bu ehtiyat tədbirləri barədə heç nə bilmirdi. O, şəxsən çox qorxmaz adam olub, xəfiyyələri özbaşına kənar edərdi. Lakin, təbii ki, polisin də öz tədbirləri olur və doğrudan da baş nazirin sürücüsü O’Mörfi cinayət axtarışı şöbəsinin işçisiydi.

  • O’Mörfi? O, irland adıdır, elə deyilmi?

  • Elədir ki, var, o, irlanddır.

  • Irlandiyanın harasındandır?

  • Kler qraflığından, məncə.

  • Aydındır, davam edin, milord.

  • Baş nazir üstüörtülü maşında Londona yola düşdü. O, kapitan Danielz içəridə otumuşdular. Ikinci maşın adəti üzrə onun dalınca gedirdi. Amma bədbəxtikdən, müəyyən naməlum səbəbdən baş nazirin maşını əsas yoldan kənara çıxdı...

  • Yolun döngə olan yerində? –Puaro onun sözünə müdaxilə etdi.

  • Bəli, bəs siz haradan bildiniz?

  • Bu ki, aydın işdir. Davam edin.

  • Müəyyən səbəb üzündən –lord Ester davam etdi – baş nazirin maşını əsas yoldan qırağa çıxıb...polisin maşını onların kənara çıxmasından xəbərsiz olduğundan, yollarına davam ediblər. Əsas yoldan azacıq aralı get-gəlişsiz torpaq yolda baş nazir gedən maşını qəflətən maska geymiş bir dəstə quldur tutub saxlayır. Sürücü...

  • Cəsarətli O’Mörfi! –Puaro fikirli halda mızıldandı.

  • Özünü bir anlığa itirmiş sürücü əyləci basır. Baş nazir başını pəncərədən bayıra çıxarır. Həmin anda bir güllə, sonra da ikinci güllə açılır. Birinci güllə onun yanağını yüngülcə dalayıb keçir, ikincisi isə xoşbəxtlikdən aralıdan ötür. Təhlükəni başa düşən sürücü maşını quldur dəstəsinin üstünə sürərək irəli çıxır.

  • Güclə xilas olur, - titrəyərək bərkdən dedim.

  • Cənab MakAdam aldığı yüngül yaradan ötrü səs-küy qaldırılmasına razı olmur. Yüngülcə cızıldığını bildirir. O yerli kiçik kənd xəstəxanasında dayanır. Orada onun yarası sarınır. əlbəttə, baş nazir kim olduğunu demir. Sonra o, qrafikə müvafiq olaraq birbaşa Çeyərin Krosa gedir. Orada Duvra gedən xüsusi qatar onu gözləyirmiş və kapitan Danielz tərəfindən baş vermiş əhvalat haqqında təşvişə düşmüş polisə qısa məlumatdan sonra baş nazir vaxtında Fransaya yola düşür. Duvrda onu gözləyən mina gəmisinə minir.

Bulonda, bildiyiniz kimi, Birləşmiş Krallığın bayrağı olan qondarma maşın baş naziri gözləyirmiş. Hər şey öz qaydasındaymış.

  • Mənə demək istədiyiniz bunlar idi?

  • Bəli.

  • Bəlkə müəyyən bir şey yadınızdan çıxıb, milord?

  • Bəli, olduqca qəribə bir fakt.

  • Eləmi?

  • Baş naziri Çeyərin Krosa aparmış maşın geri qayıtmayıb. Polis O’Mörfi ilə söhbət aparmaq istəyib, dərhal axtarış başlanıb. Maşın alman casuslarının görüş yeri kimi tanınmış Soho rayonunda diqqəti cəlb etməyən kiçik bir restoranın yanında tapılmışdır.

  • Bəs sürücü?

  • Sürücünü heç yerdə “gördüm” deyən olmayıb. O da yoxa çıxıb.

  • Beləliklə, - Puaro düşüncəli halda dedi:

  • Iki nəfər yoxa çıxıb: baş nazir Fransada və O’Mörfi Londonda.

O, hərəkətlərində ümidsizlik hiss edilən lord Esterə diqqətlə baxdı.

  • Müsye Puaro, sizə yalnız deyə bilərəm ki, dünən mənə O’Mörfinin satqın olduğunu desəydi, ona mənim gülməyim gələrdi.

  • Bəs bu gün?

  • Bu gün nə fikirləşdiyimi bilmirəm.

Puaro qaşqabağlı halda başını tərpətdi. O, yenidən qədim cib saatına baxdı.

  • Başa düşürəm ki, cənablar, mən tamamilə sərbəst hərəkət etməliyəm, hər mənada. Yəni hara getməliyəm, necə getməliyəm – özüm seçməliyəm.

  • Oldu. Bir saatdan sonra Duvra xüsusi qatar yola düşür. Həmin qatarla Skotlənd Yarddan əlavə kontingent gedir. Sizi bir hərbçi zabit və Cinayət Axtarışı Şöbəsinin bir əməkdaşı müşayiət edəcək. Onlar hər cəhətdən sizin sərəncamınızda olacaqlar. Sizi qane edirmi?

  • Tamamilə. Getməmişdən qabaq sizə bir sualım da var, cənablar. Sizi nə vadar etdi ki mənim yanıma gələsiniz? Mən ki sizin bu böyük London şəhərində naməlum, nəzərəçarpmayan bir adamam.

  • Biz sizi ölkənizin ən məşhur adamının xüsusi zəmanət və arzusuyla axtarıb tapmışıq.

  • Nə?! Mənim köhnə dostum, polis komissarı?

Lord Ester başını buladı.

  • komissardan da yüksək bir adam. Elə bir adam ki, onun sözü Belçika üçün bir vaxt qanun olub və yenə də olacaqdır. Ingiltərə ona and içib.

Puaro onun sözünü alqışlamaq üçün əlini aktyorsayağı yellətdi.

  • Kaş elə olsun! Amma mənim müəllimim unutmur... cənablar, Herkyul Puaro sizə sədaqətlə qulluq edəcək. Allah eləsin ki, bu, vaxtında olsun. Ancaq qaranlıqdır, qaranlıq... görə bilmirəm.

  • Yaxşı, Puaro, - nazirlərin dalınca qapı örtülən kimi səbirsizliklə ucadan dedim:

  • Nə fikirləşirsiniz?

Dostum mahir və cəld hərəkətlərlə balaca çamadanını qablaşdırmaqla məşğul idi. O, fikirli-fikirli başını buladı.

  • Nə fikirləşdiyimi bilmirəm. Ağlım başımda deyil.

  • Nə üçün, necə ki siz dediniz, onu oğurlasınlar? Madam ki, başına bir zərbə vurmaq da bəs edərdi? –tərəddüd etmədən dedim.

  • Məni bağışlayın, dostum, amma mən heç də elə deməmişəm. Görünür ki, onların işi onu oğurlamaq imiş.

  • Nə üçün?

  • Çünki qeyri-müəyyənlik çaxnaşmaya səbəb olur. Bu da bir səbəb. əgər baş nazir ölmüşdürsə, bu, dəhşətli fəlakət olacaqdır, amma vəziyyətlə barışmaq olar. Indi isə elə bil iflic vəziyyətindəsən. Baş nazir gəlib çıxacaq, ya yox? Ölüb, yoxsa sağdırmı? Heç kəs bilmir və nə qədər ki, onlar bilmirlər konkret heç nə demək olmaz və mən sizə dediyim kimi qeyri-müəyyənlik çaxnaşma törədir, çaxnaşma isə almanlar üçün sərfəlidir. Əgər baş naziri oğurlayanlar onu bir yerdə gizli saxlayırlarsa, belə olan təqdirdə yenidən hər iki tərəfin bu vəziyyətdə razılığa gəlməsi üçün onların əlində üstünlükləri var. Alman idarələri pul verməkdə israfçı deyildir, amma belə bir işdə onlar məcburdular ki, səxavət kisəsinin ağzını açsınlar. Üçüncüsü, onlar cəllad kəndirinə keçmək üçün heç bir risk etmirlər. Şübhəsiz, onların işi adam oğurlamaqdır.

  • Belə isə, bəs nəyə görə ona əvvəlcə güllə atsınlar?

Puaro əsəbiliklə əl-qol atdı. –bax mənim başa düşmədiyim də budur. Onlar baş naziri oğurlamaq üçün bütün tədbirləri (özü də çox yaxşı tədbirləri) görüblər, bununla yanaşı, tamamilə qeyri-real görünsə də filmə çəkilməyə layiq bu əməliyyatı melodramatik bir basqında təhlükə altında qoyurlar. Londondan iyirmi mildən az bir məsafədə maskalanmış quldur dəstəsinin bu hərəkətinə demək olar ki, inanmaq mümkün deyildir.

  • Bəlkə bunlar biri digərindən tamamilə asılı olmayan ayrılıqda edilmiş iki sui-qəsd cəhdləridir?

  • Xeyr. Bu qədər təsadüf ola bilməz. Bəs onda kimdir satqın? Birinci cəhddə, hər halda, güman ki, satqın var. Bəs satqın kimdir? – Danielz ya O’Mörfi? Onlardan biri olmalıdır, yoxsa maşın nə üçün əsas yoldan çıxıb? Biz baş nazirin öz həyatına edilmiş sui-qəsd cəhdinə göz yummadığını zənn etməyə bilərik. O’Mörfi yolu öz arzusuyla dönüb, yoxsa Danielz ona belə etməyi təklif edib?

  • Əlbəttə, bu, O’Mörfinin öz işi olmalıdır.

  • Bəli, əgər Danielzin işi olsaydı baş nazir əmri eşitmiş olardı və buna görə də səbəbini soruşardı. Bu işdə bir-birinə zidd olan həddində artıq “niyələr” var. Əgər O’Mörfi düz adamdırsa nə üçün əsas yoldan çıxıb? Düz adam deyildirsə, niyə maşını yenidən işə salıb və bu zaman açılan iki güllə bunun nəticəsində ona dəyib?! Çox güman ki, baş nazirin həyatı xilas olub və yenə də deyirəm, əgər, o, düz adamdırsa nə üçün Çeyərin Krosu tərk etdikdən sonra alman casuslarının məşhur görüş yerinə gedir.

  • Burası pisdir. –dedim.

  • Gəlin, bu işə ardıcıllıqla nəzər yetirək. Bu iki adamın lehinə və əleyhinə nə deyə bilərik? Birinci O’Mörfidən başlayaq.Əleyhinə: onun baş yoldan çıxması şübhəlidir; Kler qraflığından olub irlanddır; çox xoşagəlməz halda yoxa çıxıb. Lehinə: maşını yenidən işə salarkən göstərdiyi cəldlik baş nazirin həyatını xilas edib; o, Skotlənd Yardın əməkdaşıdır və görünür, etibarlı xəfiyyədir ki, ona vəzifə həvalə edilib. Indi Danielz barəsində. Keçmiş barədə heç nəyin məlum olmaması, bir ingilisə lazım olduğundan da çox dil bilməsi (Bağışla, dostum, dilçi kimi zaysan!) faktından başqa əleyhinə deyilən çox dəlil yoxdur. Lehinə gəldikdə isə onun ağzı tıxanmış, əlləri bağlı, burnuna xloroform tutulması faktını deyə bilərik. Axırıncı fakt onun bu işlə əlaqəsi olmadığına dəlalət edir.

  • Şübhəni yayındırmaq üçün o, ağzını və əllərini özü də bağlaya bilərdi.

Puaro başını buladı.

  • Fransız polisi belə səhv etməz. Bundan başqa əgər Danielz öz məqsədinə nail olubsa və baş nazir isə asanlıqla oğurlanıbsa, onun kənarda qalmasının mənası yoxdur. Onun cinayətkar yoldaşları Danielzin ağzını bağlayıb, ona xloroform verə bilərdilər,amma bununla onların hansı məqsədi həyata keçirməyə ümid bəslədiyini başa düşə bilmirəm. Baş nazirlə bağlı əhvalat aydınlaşana qədər Danielz onlar üçün indi az əhəmiyyətli olduğundan ona yaxından göz qoyulmalıdır.

  • Bəlkə o, polisi yalnış yola salmağa ümid bəsləyirdi? Belə olan halda o, nə üçün belə etməyib? O, sadəcə olaraq burnuna və ağzına nəyinsə sıxıldığını, daha heç nəyi xatırlamadığını deyir. Burada heç bir iz azdırma yoxdur. O, həqiqət kimi gözəl səslənir.

  • Yaxşı, -divar saatına baxaraq dedim, - güman edirəm, yaxşısı budur ki, stansiyaya gedək. Fransada bu işə daha çox açar taparıq.

  • Ola bilər, dostum, amma mən şübhə edirəm. Baş nazirin o məhdud ərazidə aşkar olunması hələ də mənim üçün aydın deyil. Onu həmin yerdə gizlətmək çox böyük çətinlikə başa gəlməlidir. əgər iki ölkənin hərbçiləri və polisi onu tapmayıblarsa, mən necə taparam?!

Çeyərin Krosda bizi cənab Doc qarşıladı.

  • Bu, Skotlənd Yardın xəfiyyəsi Barnez və mayor Normandır. Onlar tamamilə sizin sərəncamınızda olacaqlar. Sizə uğurlar olsun. Xoşagələn iş deyil, amma ümidimi üzməmişəm. Mən indi getməliyəm. –və nazir tez çıxıb getdi.

Biz mayor Normanla rabitəsiz tərzdə söhbət edərkən, platformada duran kiçik bir qrupun arasında sarışın, ucaboy bir kişi ilə safransifətli yoldaşı söhbət edərkən tanıdım. O, Puaronun köhnə tanışlarından biri – xəfiyyə inspektoru Cəpp idi və Skotlənd Yardın ən bacarıqlı zabitlərindən biri hesab edilirdi. O, yaxınlaşıb dostumu sevincək salamladı.

  • Eşitdim siz də bu işlə məşğulsunuz. Bir qədər çətin işdir. Belə ki, onlar əşyayi-dəlillərin izini yaxşıca itiriblər. Amma inana bilmirəm ki, onu uzun müddət gizli saxlasınlar. Adamlarımız Fransanı ələk-vələk edəcəklər. Eləcə də fransızlar. Hiss etməyə bilmərəm ki, bu saatlardan asılı məsələdir.

  • Elədir, əgər baş nazir sağdırsa, - ucaboy xəfiyyə qaş-qabaqlı halda qeyd etdi.

Cəppin çöhrəsi tutuldu. –bəli... amma məndə nədənsə elə fikir əmələ gəlib ki, o, sağ-salamatdır.

Puaro başını tərpətdi. –bəli, bəli. O, sağdır. Bəs onu vaxtında tapmaq olar? Mən də sizin kimi inanmıram ki, o bir qədər müddətdə gizlədilmiş qalsın.

Fit verildi və hamımız vaqonun içinə getdik. Sonra ahəstə və xoşagəlməyən təkanla qatar stansiyadan uzaqlaşdı.

Bu maraqlı səyahət idi. Skotlənd Yardın əməkdaşları bir yerə toplaşmışdılar. Şimali Fransanın xəritələri sərilmişdi və şəhadət barmaqları oradakı yollar və kəndlərin üzərində gəzirdi. Hər kəsin öz mülahizəsi var idi. Puaro adəti çərənliyini biruzə vermədən onun qarşısında oturub gözünü ona zilləmişdi. Üzündəki ifadə çətinliyə düşmüş uşağı xatırladırdı. Mən Normanla söhbət edirdim. Onun çox qəribə adam olduğunu aşkar etdim. Duvra çatanda Puaronun davranışı məni bərk narahat etdi. Bu balacaboy adam gəmiyə minərkən ümidsizliklə qolumdan yapışdı. Külək şiddətlə əsirdi.



  • Aman Allah! –Puaro mızıldandı, - bu dəhşətdir!

  • Cəsarətli olun, Puaro, -bərkdən dedim. – siz müvəffəqiyyət qazanacaqsınız, siz onu tapacaqsınız. Buna əminəm.

  • Eh, dostum, siz mənim keçirdiyim hissləri düzgün başa düşmürsünüz. Mənə əzab verən bu zəhrimara qalmış dənizdir. Dəniz xəstəliyi – bu dəhşətli xəstəlikdir!

  • Belə deyin! – tamamilə çaşqın bir halda dedim.

Mühərriklərin ilk döyüntüləri hiss olundu və Puaro dərindən nəfəs alaraq gözlərini yumdu.

  • Mayor Normanda Şimali Fransanın xəritəsi var, baxmaq istərdinizmi?

Puaro səbirsizliklə başını buladı.

  • Xeyr, xeyr! Məni rahat buraxın, dostum. Bilirsiz, fikirləşmək üçün mədə və beyin harmoniyada olmalıdır. Laverquyenin dəniz xəstəliyindən yaxa qurtarmaq üçün olduqca əla metodu var. Yavaş-yavaş nəfəs alıb, nəfəs verirsiniz, belə etdikdə başınızı soldan sağa döndərir və hər nəfəs aldıqca altıya qədər sayırsınız.

Onu idman hərəkətləri edən yerdə qoyub göyərtəyə getdim. Biz yavaş-yavaş Bulon Harbora daxil olduqda Puaro tər-təmiz geyinmiş halda gülümsəyərək gəlib çıxdı. Pıçıltı ilə qulağıma dedi ki, Laverquyenin metodu “möcüzə” edirmiş ki!

Cəppin şəhadət barmağı hələ də xəritə üzərindəki xəyali istiqamətlərdə hərəkət edirdi.

Cəfəngiyyat! Maşın Bulonda yola düşüb, burada onlar ayrılıblar. Indi bu fikirdəyəm ki, naş naziri başqa maşına keçiriblər. Bildin?


  • Həə, - ucaboy xəfiyyə dedi, - dəniz limanlarına sərəncam verəcəyəm! Görünür, baş naziri gəmidə olarkən oğurlayıblar.

Cəpp başını buladı.

  • Şübhəsiz.

Dərhal bütün dəniz limanlarını bağlamaq üçün əmr verildi.

Bizə gəmidən düşəndə dan yeri ağarırdı. Mayor Norman Puaronun qoluna toxundu. – burada sizi hərbi maşın gözləyir, ser.



  • Təşəkkür edirəm, müsye. Amma bu dəqiqə Bulondan getməyi məsləhət görmürəm.

  • Nə?

  • Dedim ki, məsləhət görmürəm, biz burada – körpünün yanında olan mehmanxanaya gedəcəyik.

O, dediklərini yerinə yetirdi, tələb etdi və ona xüsusi otaq verildi. Heç nə anlamadan təəccüblənmiş halda üçümüz də onun arxasınca getdik.

O, bizə cəld bir nəzər saldı. – sizin ürəyinizdən keçəni duyuram. Yaxşı xəfiyyə belə hərəkət etməlidir, elə deyilmi? O, enerjili olmalı, ora-bura baş vurmalı, tozlu yola sərilib maşın təkərlərinin izlərini mikroskopla axtarmalıdır. O, siqaret kötüklərini, yerə düşmüş kibrit çöplərini yığmalıdır, hə? Sizin fikriniz belədir, elə deyilmi?

Onu gözləri bizə meydan oxuyurdu.


  • Amma mən Herkyül Puaro, sizə deyirəm ki, məsələ belə deyildir! əsl açar içəridə - buradadır! – o, əlini alnına vurdu. – görürsünüz, mənim Londondan getməyimə ehtiyac yox imiş. Londondakı mənzilimdə sakitcə oturmaq kifayət edərmiş. Əsas məsələ içəridəki kiçik beyin hüceyrələrindədir. Onlar gizlincə və sakitcə öz işlərini o vaxta qədər görürlər ki, birdən mən xəritə tələb edirəm və barmağımı bir yerə qoyub deyirəm : baş nazir buradadır! Belə də olur. Məntiq və ardıcıllıqla insan hər şeyə nail ola bilər. Bizim Fransaya bu çaparaq gedişimiz ağılsız bir səhv olub. O, uşaq oyunu olan gizlənpaç kimi bir şeydir. Indi isə baxmayaraq ki, həddindən artıq gecdir, mən dərhal içəridə işə başlayacağam. Rica edirəm sizdən, dostlar, sakit olun.

Düz beş saat müddətində bu balacaboy adam göz qapaqlarını pişik kimi açıb-yumaraq hərəkətsiz oturdu. Onun parıldayan yaşıl gözləri get-gedə daha da yaşıllaşırdı. Skotlən Yardın xəfiyyəsi aydınca ona həqarətlə baxırdı, mayor Norman bezmiş və təngə gəlmişdi, mən isə vaxtın ləng və yorucu keçdiyini görürdüm.

Nəhayət, ayağa durdum və bacardığım qədər sakitcə pəncərəyə tərəf getdim. Iş hoqqabazlığa çevrilirdi. Dostumdan ötrü gizlincə narahat olurdum. Işdir şayət o, uğursuzluğa düçar olsa, barı bu bir o qədər də gülməli şəkildə olmayaydı. Iki ölkə arasında gündəlik işləyən, yanalma körpüsü boyunca tüstü burumları buraxa-buraxa dayanan gəmini pəncərədən tənbəl-tənbəl seyr edirdim.

Birdən böyrümdən gələn Puaronun səsi məni ayıltdı.


  • Dostlar, gəlin başlayaq.

Ona tərəf döndüm. Onda qeyri-adi sakitliyin hökm sürdüyünü duydum. Onun gözləyi həyəcandan parıldayır, ürəyi köksü altına sığışmırdı.

  • Dostlar, səfeh olmuşam! Axır ki, günəşin zərrələrini görmək olur.

Mayor Norman tələsik qapıya tərəf getdi.

  • Maşın üçün göstəriş verim?

  • Ehtiyac yoxdur. Ondan istifadə etməyəcəyəm. Allaha şükür, külək kəsib.

  • Demək istəyirsiniz ki, piyada getmək niyyətindəsiniz?

  • Xeyr, dostum. Mən müqəddəs Pyotr deyiləm. Mən gəmiylə dənizi keçib getməyi üstün tuturam.

  • Dənizi keçmək?

  • Bəli. Ardıcıllıqla işləmək üçün gərək əvvəldən başlayaq və bu işin də başlanğıcı İngiltərədədir. Buna görə də biz İngiltərəyə qayıdırıq.

Saat üçdə biz yenidən Çeyərin Krosun platformasında dayanmışdıq. Bizim öyüd-nəsihətlərimizə baxmayaraq Puaro vaxtı itirməmək üçün yeganə yolu başdan başlamaqda görür, bunu təkrar-təkrar deyir və bizim dediklərimizə məhəl qoymurdu. Yolda gedərkən Puaro astadan Normanla məsləhətləşdi və axırda Duvrdan bir yığın teleqram göndərdi. Normanda olan xüsusi buraxılış sayəsində biz hər yerdən rekord vaxtda keçib gedirdik. Londonda içində mülki adamlar oturmuş böyük bir polis maşını bizi gözləyirdi. Onlardan biri makinada yazılmış vərəqi dostuma verdi. O, mənim sualedici baxışlarıma cavab verdi.

  • Londonun qərbində müəyyən radius daxilində olan vilayət xəstəxanalarının siyahısıdır. Bundan ötrü Duvrdan teleqrafla xəbər göndərmişdim.

Biz Londonun küçələrində sürətlə gəzib dolaşırdıq. Bətt Roudda olduq. Hammerşmit, Cizvik və Brentfordan keçib getdik. Məqsədimizi başa düşməyə başladım. Vindzordan keçib Askota gəldik. Ürəyim atlandı. Askotda Danielzin xalası yaşayırdı. Deməli, biz O’Mörfini deyil, onu təqib edirdik. Bizim lazımi vaxtda səliqəli bir villanın darvazası yanında dayandıq. Puaro maşından sıçrayıb düşdü və zəngi basdı, onun nurlu çöhrəsinə qaranlıq çökdüyünü gördüm. Düzü, o, narazı idi. Zəngə cavab verildi. O, içəri girdi. Bir neçə dəqiqədən sonra o, yenidən göründü və maşına minərək kəskin və ani bir hərəkətlə başını buladı. Ümidləri puça çıxmağa başladı. Indi beşin yarısıydı, əgər o, Danielzi cinayət törətməkdə günahlandıran müəyyən dəlil tapsaydı belə, baş nazirin Fransada saxlandığı yeri bir kəsdən öyrənə bilməsəydi, bunun nə xeyri olardı?!

Bizim Londona qayıtmaq səfərimiz arasıkəsilmiş səfər idi. Əsas yoldan bir neçə dəfə çıxdıq və hərdənbir balaca binaların yanında dayanırdıq. Binalardan birini çətinlik çəkmədən kənd xəstəxanası olduğunu sezdim. Puaro hər xəstəxanada yalnız bir neçə dəqiqə ləngiyər, amma hər dəfə dayananda nurlu çöhrəsindəki əminlik getdikcə qüvvətlənərdi.

O, Normana nə isə pıçıldadı. Norman ona cavab verdi:


  • Bəli, əgər sola dönsəniz körpünün yanında onların sizi gözlədiyini görərsiniz.

Biz yan yola gəldik və zəif işıqda yolun kənarında gğzləyən ikinci maşını ayırd etdik. Maşında mülki geyimdə iki nəfər vardı. Puaro aşağı düşüb onlarla danışdı və sonra biz şimal istiqamətində yola düşdük. Ikinci maşın arxadan bizi müşayiət edirdi. Bir müddət yol getdik, məqsədimiz, aydındır ki, Londonun şimal qəsəbələrində biriydi. Nəhayət, biz hündür bir binanın küçə qapısına yaxınlaşdıq. O, yoldan bir qədər aralıda – bağın içindəydi.

Normanla mən maşında qaldıq. Puaro və xəfiyyələrdən biri qapıya yaxınlaşdılar. Səliqəli geyinmiş ev qulluqçusu qapını açdı. Xəfiyyə dedi:



  • Mən polis zabitiyəm, evi axtarmaq üçün orderim var.

Qız alçaqdan qışqırdı, orta yaşlı, ucaboy, yaraşıqlı bir qadın zalda onun arxasınca peyda oldu.

  • Qapını bağla, Edit. Məncə, onlar ev oğrularıdırlar.

Amma Puaro cəld ayağını qapıdan içəri qoydu və eyni zamanda fit çaldı. Dərhal o biri xəfiyyələr tökülüşüb evin içinə doldular və qapını arxalarınca bağladılar.

Normanla mən təxminən beş dəqiqə müddətində keçən məcburi fəaliyyətsizliyimizi lənətləyirdik. Nəhayət qapı açıldı və dustaqları – bir qadın və iki kişini mühafizə edən polis işçiləri göründülər. Qadın və kişilərdən biri başqa maşına aparıldı. Ikinci kişini bizim maşında Puaronun özü oturtdu.



  • Mən o biri adamlarla getməliyəm, dostum. Amma bu centlmendən yaxşı muğayat olun. Siz onu tanıyırsınız, elə deyilmi? Ondan icazə verin onu sizə təqdim edim: müsye O’Mörfi!

  • O’Mörfi! – biz yola düşəndə heyrətlə ona baxdım, ağzım açıla qaldı. Onun əllərinə qandal vurulmamışdı, amma onun qaçmağa cəhd edəcəyini ağlıma gətirmirdim.

O’Mörfi gözlərini zilləyərə qabaqda oturmuşdu, sanki sarsılmışdı. Bununla belə, Normanla mən onun öhdəsindən gələ bilərdik.

Təəccübümün əksinə olaraq biz hələ də şimal istiqamətində yolumuza davam edirdik. Deməli, biz Londona qayıtmırdıq. Çox təəccübləndim. Maşın sürətini azaltdı, birdən gördüm ki, biz Henden təyyarə limanının yaxınlığındayıq. Puaronun fikrini dərhal anladım. O, Fransaya təyyarə ilə getməyi təklif etdi. Üzdən baxanda bu işgüzar təklif idi. Amma yerinə yetirilməsi mümkün deyildi. Teleqram daha tez olardı. Vaxt hər şey demək idi. Puaro baş naziri xilas etməkdə şəxsi qələbəni başqalarına həvalə etməlidir. Maşın dayandı, mayor Norman bayıra sıçradı. Onun yerində mülki geyimli şəxs əyləşdi. Norman Puaro ilə bir neçə dəqiqə məsləhətləşdikdən sonra cəld yola düşdülər. Mən də maşından düşüb Puaronun qolundan yapışdım.



  • Təbrik edirəm, dostum! Gizlənmə yerini onlar sizə deyiblər! Amma qulaq asın, siz bu dəqiqə Fransaya teleqramla xəbər verməlisiniz. Özünüz getsəniz həddindən artıq gecikəcəksiniz.

Puaro bir- iki dəqiqə maraqla mənə baxdı.

  • Təəssüf ki, dostum, elə şeylər var ki, onlar teleqramla göndərilə bilməz.

Elə bu vaxt mayor Norman qayıtdı. Onu hava qüvvələri qoşunları paltarı geymiş cavan bir zabit müşayiət edirdi.

  • Bu, kapitan Lyoldur. O, sizi Fransaya aparacaq. Elə bu dəqiqə yola düşə bilər.

  • Isti geyinin, ser. Istəsəniz sizə müvəqqəti palto verə bilərəm. – cavan təyyarəçi dedi.

Puaro böyük saatına baxırdı. O, öz-özünə mızıldandı. – bəli, vaxt var, özü də lazım olan qədər vaxt. – sonra başını yuxarı qaldırdı və cavan zabitə baş əydi. – təşəkkür edirəm, müsye. Amma sizin sərnişininiz mən deyiləm. O, buradakı centlmendir.

O, danışarkən bir qədər kənara çəkildi və bir uzaqdan bir qaraltı vaqe olaraq onlara tərəf gəldi. Bu, o biri maşında getmiş olan kişi sərnişin idi. Işıq onun üzünə düşəndə təəccübdən donub qaldım. Bu baş nazir idi!



  • Allah xatirinə, bu barədə mənə hər şeyi danışın. – Puaro, Norman və mən maşınla Londona qayıdarkən səbirsizlikə ucadan dedim. – necə olub ki, onlar baş naziri oğurlayıb yenidən İngiltərəyə gətiriblər?

  • Onu oğurlayıb geri qaytarmağa ehtiyac olmayıb, - Puaro laqeydliklə cavab verdi. – baş nazir heç Londondan getməyib. O, Vindzordan Londona gedərkən yolda oğurlanıb.

  • Necə, necə??

  • Hər şeyi aydınlaşdıraram.baş nazir maşınındaymış, katibi də yanında. Birdən xloroform yastıqçası onun üzünə sıxılıb...

  • Kim tərəfindən?

  • Bacarıqlı dilçi kapitan Danielz tərəfindən. Baş nazir huşunu itirən kimi Danielz danışıq trubkasını götürür və sağa dönmək üçün O’Mörfiyə göstəriş verir, sürücü şübhələnmədən elə də edir. Bir neçə yard aşağıda gediş-gəlişin az olduğu yerdə böyük bir maşın dayanmışdı, görünür xarab olmuşdu. Onun sürücüsü O’Mörfiyə dayanmaq üçün siqnal verir. O’Mörfi sürəti azaldır. Naməlum adam yaxına gəlir. Danielz başını pəncərədən çıxarır və güman ki, dərhal təsir edən keyləşdirici dərmanın – etil xlorinin köməkliyi ilə xloroform kələyi təkrar edilir. Bir neçə saniyədən sonra iki nəfər köməksiz adamı maşından dartıb çıxarır, onları başqa maşına mindirir və onların yerini özgə iki adam tutur.

  • Mümkün olan iş deyil!

  • Qətiyyən! Müzik Holl aktyorlarının məşhur adamları necə fövqəladə dəqiqliklə yamsıladığını görmüsünüzmü? Ictimai xadim rolunu oynamaqdan asan heç nə ola bilməz. Baş nazirin rolunu oynamaq, deyək ki, Kləpəmdən olan Con Smitin rolundan daha asandır. O’Mörfinin əvəzedicisinə gəldikdə, baş nazir yola düşənə qədər ona əhəmiyyət verən olmazdı və sonra o, gözə görünməyəcəkdi.o, Ceyərin Krosdan birbaşa dostlarının görüş yerinə gedir, O’Mörfi kimi özünü təqdim edir və tamam başqa bir adam kimi üzə çıxır. O’Mörfi isə özündən sonra lazımi şübhəli iz qoyaraq yoxa çıxır.

  • Axı baş nazir kimi özünü qələmə verən adamı hamı görüb?

  • Onu şəxsən və ya yaxından tamıyan heç kəs görməyib. Həm də Danielz onu mümkün qədər hər kəslə ünsiyyətdə olmasının qabağını kəsirdi. Bundan başqa onun üzü sarınmışdı, davranışındakı qeyri-adilik onun həyatına edilmiş sui-qəsd nəticəsində aldığı şokdan əzab çəkməsi faktı ilə əlaqələndiriləcəkdi. MakAdamın zəif yeri onun boğazı idi və həmişə böyük nitq söyləməmişdən əvvəl mümkün qədər səsini qorumağa çalışırdı. Bu kələyi Fransaya qədər gizli saxlamaq tamamilə asan idi. Fransada isə bu həyata keçməyən qeyri-mümkün bir iş idi. Buna görə də baş nazir yoxa çıxır. Ölkənin polisi La-Manş boğazına can atır, ancaq ilk hücumun təfsilatına varmaq üçün heç kəs özünə əziyyət vermir. Baş nazirin Fransada oğurlanması barədə illüziyanı sübut etmək üçün ağlabatan bir tərzdə Danielzin ağzını tuturlar, burnuna xloroform tuturlar.

  • Bəs baş nazirin rolunu ifa edən adam?

  • Maskasını çıxarırlar. O, bir də qondarma sürücü şübhəli adamlar kimi həbs oluna bilər, amma onların bu işdə oynadığı əsl roldan şübhələnmək heç kəsin xəyalına gəlməz və onlar axırda sübut olmadığı üçün azad ediləcəklər.

  • Bəs həqiq baş nazir?

  • Onu və O’Mörfini birbaşa Həmpstetdə Danielzin “xalası” adlanan “ işsiz Everardın” evinə gətirirlər. Əslində isə adı xanım Berta Ebentaldır. Polis xeyli vaxtdır onu axtarmaqdadır. Danielz bir yana dursun, bu mənim onlara kiçik də olsa, qiymətli hədiyyəm oldu. Ağıllı plan imiş, lakin Herkyül Puaronun daha ağıllı olduğunu nəzərə almayıblar.

Zənn edirəm dostumun bu ani lovğalığını bağışlamaq olardı.

  • Ilk dəfə işin düz olmadığına nə vaxtdan şübhə etməyə başladınıız?

  • Elə işə içəridən başladığım vaxtdan etibarən! O atışma məsələsini aydınlaşdıra bilmirdim, amma bu işin nəğd nəticəsi kimi baş nazirin üzü bağlı Fransaya yola düşdüyünü aydınlaşdırarkın anlamağa başladım! Həm də Vindzor və London arasındakı kənd xəstəxanalarına baş çəkərkən təsvir etdiyimiz üzü bağlı və yarası sarınmış adamın həmin səhər heç kəsin görmədiyini deyərkən əmin oldum. Bundan sonra bu mənim kimi adam üçün uşaq oyunu idi.

Növbəti günü səhər Puaro mənə təzəcə aldığı teleqramı göstərdi. Teleqramın haradan vurulması qeyd olunmamışdı, imza da qoyulmamışdı. Orada deyilirdi:

  • Düz vaxtında.

Bir xeyli keçəndən sonra axşam qəzetləri müttəfiqlərin konfransı barədə məlumatı dərc etdilər. Onlar cənab Devid MakAdamın gurultulu alqışlarla qarşılandığını xüsusilə qeyd edirdilər. Onun ilhamverici nitqi dərin və uzun müddət yadda qalan təəssürat oyatmışdı.

İngilis dilindən tərcümə edən:

Azərbaycan Dillər Universitetinin

Tərcümə Fakültəsinin

baş müəllimi Səfər İsgəndərli.
Yüklə 96,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə