Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   7   8   9   10   11   12   13   14   ...   87

 
33 
gözləməsi;  2)  nitq  məharəti.  Təkcə  nitq  normalarını  deyil,  həm  də  mövcud 
variantlardan  məzmun  baxımından  dəqiq,  üslub  və    situativlik  cəhətdən  daha 
uyarlı dil vahidini  seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə 
üslubiyyatın vəhdətidir.  
Başqa  bir  mənbədə  mədəni  nitq,  nitq  mədəniyyəti  anlayışı  belə  izah 
olunur:  “Nitq  mədəniyyəti  –  nitqin  ədəbi  dil  normalarına  uyğunluğu,  dilin  ifadə 
vasitə və  imkanlarından nitqin məqsəd  və məzmununa müvafiq surətdə istifadə 
etmək  bacarığı;  dil  səviyyələrinin  və  onlara  daxil  olan  vahidlər  sisteminin 
formalaşdırılması,  təkmilləşdirilməsi  problemlərini,  dil  hadisə  və  proseslərinin 
inkişaf  xəttini,  üslubiyyat  məsələlərini  araşdıran  dilçilik  bəhsi”.  Bu  tərif  nitq 
mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir. 
 Nitq  mədəniyyəti  insanın  yüksək  ictimai  mədəniyyəti,  təfəkkür  mədə-
niyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların 
nitqi  ilə  bağlı  aparılan  sosioloji  tədqiqatlar  göstərmişdir  ki,  nə  qədər  nitq 
düzgündürsə  qadın  şəxsi  və  professional  həyatda  bir  o  qədər  xöşbəxtdir.  Bu 
nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi  onun iç  
dünyasını  aşkarlayan  başlıca  vasitədir.  Adamları  tanımaq,  onlara  bələd  olmaq 
üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün 
böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli 
buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya 
ağılsız  olması  məlum  olmur.  Tarixi  inkişafın  bütün  dövrlərində  nitqə,  onun 
gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. 
“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm 
söz anlayan olasan, həm də söz anladasan” (84). 
Maraqlı  və  canlı danışıq aləmi    səslərin deyiliş tərzi, işlənmə  forması  ilə 
çox  bağlıdır.  K.S.Stanislavskinin  dediyi  kimi,  “sadə  və  gözəl  danışığı  bacarmaq 
özü bir elmdir və onun xüsusi qanunları var”. 
A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq 
ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. 


 
34 
Bir  latın  atalar  sözündə  deyilir  ki,  şair  anadan  şair  doğulur,  natiqlər  isə 
tədricən  yetişir.  Buradan  aydın  şəkildə  bəlli  olur  ki,  gözəl  danışığa  yiyələnmək 
həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış 
bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”. 
Yaxşı  nitqi,  mədəni  nitqi  şərtləndirən  bir  sıra    tələblər  (əslində  onlar 
mədəni  nitqin  keyfiyyətləridir)  vardır  ki,  bunlar  nitqin  normativliyidir.  Həmin 
tələblər  bunlardır:  aydınlıq,  düzgünlük,  sadəlik,  dəqiqlik,  yığcamlıq,  zənginlik, 
təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti 
probleminə  həmçinin  orfoqrafiya  və  durğu  işarələrinə  əməl  edilməsi  də  daxildir. 
Bunlar  hər  biri  ayrılıqda  və  hamısı  birlikdə  etalon  səviyyəli  nitqi  yaradır  ki,  bu 
nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə 
böyük uğurlar qazanırlar. 
Nitqin  əsas  keyfiyyətləri  haqqında  yığcam  bir  şəkildə  aşağıdakıları  qeyd 
etmək olar: 
1.  Nitqin  aydınlığı.  Aydınlıq  dinləyici  və  oxucunun  nitqi  asanlıqla 
anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt 
sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. 
Nitqin  aydınlığı  üçün  əsas  amil  danışanın  (eləcə  də  oxuyanın  və  yazanın)  nitq 
obyekti  haqqında  mükəmməl  məlumata  malik  olmasıdır.  Natiq  haqqında 
danışacağı  materiala  dərindən  və  yaxşı  bələd  olsa,  həmin  materialı  ifadə  etmək 
üçün  müvafiq  dil  vasitələri  də  tapa    bilər.    Bəhs  olunan  mövzular,  hadisələr, 
əhvalatlar  və  s.  barədə  dərin,  həm  də  ətraflı  biliyə  malik  olan  natiqlər  daha 
maraqla  dinlənilir,  onların  şərhində  heç  bir  dolaşıqlıq,  zidd  fikirlər  müşahidə 
olunmur.  Belə  adamlar  sadə,  aydın  cümlələrlə,  faktlarla,  dəlillərə  əsaslanaraq 
danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun 
nə  dərəcədə  yararlı  olduğunu  aydın  təsəvvür  edirlər.  Firudin  bəy  Köçərli  nitqin 
aydınlığını  təfəkkürün  düzgün    işləməsi,  fikrin  düzgünlüyü  ilə  əlaqələndirir. 
“Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat 
fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi. 


 
35 
Nitq  zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, 
işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. 
Danışıq  zamanı  qüsurlu  cümlələrə  tez-tez  təsadüf  edirik.  Radio  və  televiziya 
verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları 
göstərmək olar: Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar 
çıxış  etdilər.  Təcili  atəşin  dayandırılması  tələb  olundu.  Hadisə  yerinə  çıxılmış;  
Rəis  mədəni  (birinci    hecadakı  ə  uzadılaraq  tələffüz  olunur)  adamdır.  O,  bu  işə 
məhsuldur.  Dövlət  film  fondundan  itmiş  məşhur  bəstəkar  Müslüm  Maqomayev 
haqda  film  tapılmışdır;  Başımıza  gətirilən  ermənilər  tərəfindən  vəhşilikləri 
saymaqla  qurtarmaz;    Ona  müvəffəqiyyət  uğurları  arzulayıram;  Bu  il  havaların 
pis  keçməsi  ilə  bağlı  qəbahət  yaranmışdır;  Biz  bunlara  müdaxilə  göstərməyə 
çalışırıq və s. 
Düzgün  olmayan  tələffüz  –  səslərin  öz  məxrəcində  deyilməməsi, 
qarışdırılması,  bəzən  də  səslərin,  hecaların  tələffüzdən  düşməsi,  məzmuna, 
məqsədə uyğun  intonasiyaya əməl olunmaması və s.  də nitqin aydınlığına xələl 
gətirən  səbəblərdir.  Normal  nitq  tempindən  yavaş  və  ya  əksinə,  iti  danışanlara 
təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. 
Belə  nitqi  eşitmək  və  qavramaq  çətin  olur.  Sözlərin  əvvəli  və  ya  axırı  “udulur”, 
səslər  anlaşılmır.  K.S.Stanislavski  bu  cür  nitq  haqqında  demişdir:  “Səsləri 
dəyişdirilmiş  sözlər  mənə  ağzının  yerində  qulağı,  qulağın  yerində  barmağı  olan 
adam  təsiri  bağışlayır.  Əvvəli  aydın  deyilməyən  söz  başı  əzilmiş  adam  kimidir. 
Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf 
və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya   diş, kəsilmiş qulaq 
və  bu  kimi  şikəstliklər  təsirini  bağışlayır.  Bəzi  adamlar  ehtiyatsızlıq  üzündən 
sözləri  yapışdırıb,  mənasız  və  formasız  kütləyə  çevirəndə  mən  balın  üstünə 
düşmüş  milçəyi  xatırlayır  və  tutqun  dumanda  payız    palçığı  və  çiskinini 
təsəvvürümə gətirirəm” (52, 62). 
Kütlə  qarşısında,  auditoriyada  çıxış  edən  nitqinin  aydın  olması  üçün 
aşağıdakılara əməl etməlidir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə