NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə25/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

Oğulcan, qocalaraq yaşlaşdığımı, zəiflik və süstlüyümün artmaqda olmasını görüb sənə vəsiyyət etməyə tələsdim. Zehnimdə olanları sənə çatdırmamış ölüm məni haqlayar və ya bədənimdə çatışmazlıq yarandığı kimi, düşüncəmdə də nöqsan yaranar, yaxud bəzi nəfsi istəklər və ya dünya fitnələri səni məndən tez qabaqlayar (nəfsi istəklərə tabeçilik dünyaya ürəkdən bağlanmaq sənə hakim olmamışdan vəsiyyət etdim ki, birdən mənim öyüd-nəsihətlərimi qəbul etməzsən) və üsyankar dəvəyə dönərsən deyə, onda bir sıra fəzilətlər yazdım. Gəncin qəlbi (toxum səpilməmiş) boş yer kimidir. Hansı toxum səpilsə onu qəbul edər (bitirər). Buna görə də ürəyin (dünyaya vurğunluq səbəbindən) bərkiməmiş və ağıl və dərrakən (boş puç işlərə) mübtəla olmamış səni ədəbləndirməyə başladım (din, hikmət, bilik ibrət qaydalarını sənə xatırlatdım) ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçirməkdən qurtulasan. Beləliklə, bizim (çox zəhmətlə) əldə etdiyimiz ədəb (zəhmətsiz olaraq) sənə çatar və bizim üçün qaranlıq (gizlin naməlum) olan şey, sənə aydın olar.1

Oğulcan, məndən əvvəlkilərin ömrü kimi (uzun) ömür sürməsəm də, onların işlərinə nəzər salıb, xəbərləri barəsində düşünərək onlardan qalan şeyləri seyr etmişəm. Nəticədə onlardan biri (kimi) olmuşam. Hətta onların işləri barəsində mənə çatan şeylərə görə sanki birincisindən sonuncusuna kimi hamısı ilə yaşamışam. Beləliklə, onların işlərinin saf və yaxşısını bulanıq və pisindən və xeyrini ziyanından seçdim. Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum olanını (məəttəlliyə səbəb olanını) səndən uzuqlaşdırdım. Sənin işin məni, mehriban atanı vadar edən şeyə vadar etdiyi vaxt və səni tərbiyə etmək və ədəbləndirmək qərarına gəldiyim zaman belə məsləhət gördüm ki, bu işi həyata (yeni) üz tutduğun, zəmanəni yeni dərk etdiyin (gənc yeniyetməlik) və pak niyyət və təmiz nəfsə malik olduğun vaxtda görüm. Və bu işə Allahın kitabı, onun tə’vili (yozumu), İslamın (həqiqi) yolları, şəriət hökmləri və Allahın halal-haramını öyrətməklə başlayıram. Allahın kitabından başqa bir şeylə başlamıram sənin təliminə. Sonra xalqın nəfsi istəklər və (ziddiyyətli) rəylərə uymaları səbəbindən (əqidə şəri hökmlərdə) şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə.

Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və (Əbu Talib, Seyyidüş-şühəda Həmzə fər Təyyar kimi) keçmiş babaların və əməlisaleh əhli-beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər (özlərinə diqqət yetirərək səadət xoşbəxtlik tapdılar). Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi. (Onlar özlərinə aşkar məlum olan şeylərə inanaraq ona uyğun davrandılar, qaranlıq naməlum qalan şeylərdən isə uzaqlaşdılar.)

Beləliklə, əgər nəfsin, sənin qohumlarının (təcrübə edərək) keçdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qəbul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şübhələrə (qatma-qarışıq sözlərə) girişərək mübahisə və çəkişmələrə daxil olmaq deyil, başa düşmək, çalışmaq və elm və bilik əldə etmək olmalıdır.1 Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq öz Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bütün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizlənib saflaşaraq təvazökar və itaətkar olmasını, fikrinin kamilləşərək (pərakəndəlikdən uzaqlaşıb) cəmlənməsini və o barədəki səyinin məqsədyönlü olmasını yəqin etdikdən sonra (bu vəsiyyətnamədə) dediklərimə nəzər sal və barəsində fikirləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən (ürəyin pak itaətkar olmasa, düşüncələrin pərakəndə olsa, müxtəlif məqsədlərə malik olsan), bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara (azğınlıqlara) düşürsən. Anlayışı olmadan bilmədiyi yol ilə gedən və ya (haqqı batilə) qatışdıran kimsə dini istəyən adam deyil! Belə olan halda, dayanmaq və özünü saxlamaq (ağıl elmin hökmünə) daha yaxındır.

Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır (bəla çətinliklərə) düçar edən nicat verəndir. (Xülasə, işlərdə şəriksiz Allahdan başqa təsiredici yoxdur.) Dünya ancaq Allahın nemətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, (onun hikmət məsləhətə əsaslanmamasını sanma) onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin (hikmət məsləhətini) bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən (Onun rəhmət ipindən) yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun.

Oğulcan, bil ki, Allah barəsində Peyğəmbər (səlləllahu əleyhi alih) kimi heç kəs xəbər verməyib. Belə isə onu öz (səadət xoşbəxtlik) bayraqdarın hesab et və (əzab çətinliklərdən) nicat və qurtuluş rəhbərin bil. Mən (bu barədə) sənə öyüd-nəsihət verməkdə heç nəyi əsirgəmədim. Sən özün üçün (öz xeyrin üçün) fikir və düşüncələrində hər nə qədər səy və təlaş etsən də, heç vaxt mənim sənin üçün olan fikir və düşüncələrim həddinə çata bilməzsən.



Oğulcan, bil ki, əgər Rəbbinin şəriki olsaydı, sənin (hidayət edilməyin) üçün onun da peyğəmbərləri gələr, onun səltənət və hökmdarlıq nişanələrini görər, iş və sifətlərini tanıyardın. Amma Allah, Özünü vəsf etdiyi kimi təkdir. (Qurani-Kərimin Kəhf surəsinin 110-cu ayəsində buyurur ki: «أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ» «Sizin tanrınız yalnız tək olan Allahdır».) Səltənətində heç kəs Ona qarşı çıxmır. O heç vaxt zavala uğramır və həmişə olub (əbədi əzəlidir). O hər şeydən əvvəldir, amma (say mənasında olan) əvvəl olmaq və birinciliksiz.1 Həmçinin hər şeydən axırdır, sonluqsuz!2 O, rübubiyyətinin qəlb və ya gözün əhatə etməsi nəticəsində isbat edilməsindən böyükdür.3 Buna görə də Onun sifətlərini (deyilən kimi) dərk etdikdən sonra, itaət və bəndəlik axtarışında, əzab və cəzasından qorxmaqda və qəzəbindən (rəhmətindən uzaqlaşmaqdan) çəkinməkdə qədir-qiyməti kiçik, qüdrəti az, acizliyi çox və Rəbbinə ehtiyacı böyük olan sənin kimisinə necə davranmaq layiqdirsə, elə hərəkət et. Çünki O, sənə yaxşılıqdan başqa bir şey əmr etməyib və səni çirkin işlərdən başqa bir şeydən çəkindirməyib.4 Oğulcan, səni dünya, onun necəliyi, aradan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sənə axirətdən və həmin diyarda onun əhli üçün hazırlanmış şeylərdən xəbər verdim. Dünya və axirət işləri barəsində sənin üçün misallar da çəkdim ki, onlardan ibrət götürərək ardınca gedəsən! Dünyanı sınaqdan keçirib tanıyan kimsə (arzu istəklərinə) uyğun olmayan qəhətlik və dar yerdən, su və yeməyi bol və yaşıllıqları (geniş) olan yerə səfər edən müsafirlər dəstəsi kimidir. Onlar öz diyar və yerlərinin gen-bolluğuna çatmaq üçün yolun əziyyətləri, dostların uzaqlığı, səfərin çətinlikləri və yeməklərinin pisliyinə dözərlər. Beləliklə, həmin çətinliklərdən əziyyət və ağrı-acı hiss etməzlər. (Öz) yığdıqlarının həmin yolda xərcləməsində bir ziyan görməzlər.1 Onlar üçün onları mənzil və yerlərinə yaxınlaşdıran şeydən sevimli bir şey yoxdur. Dünyaya aldanan ( axirətə göz yuman) şəxs isə yeyib-içməyi bol, naz-neməti çox və (arzu-istəklərinə) müvafiq mənzildə olan və sonra ordan qəhətlik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün (əvvəl) olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur!

Oğulcan, özünü səninlə başqası arasında olan şeydə tərəzi et. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi, başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi, özündə də çirkin say. Sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi, başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az olsa da bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi (sən başqalarına) demə.

Bil ki, məğrurluq və özünü bəyənmək xoşagəlməz və haqqa zidd bir xüsusiyyətdir və ağıla ziyan gətirər. Beləliklə, öz yaşayış və dolanışığını təmin etmək üçün çalış. Başqaları üçün xəzinədarlıq etmə. (Hərisliklə mal sərvət yığaraq onu başqaları üçün saxlama.) Öz doğru yoluna çatanda (haqq yolu tapanda) isə, Rəbbin müqabilində ən təvazökar və itaətcil halda ol.

Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən orada yaxşılıq axtarışına və yükünün (ağır günah itaətsizliklərdən) yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möhtacsan. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər ( yolda qalaraq başqalarına çata bilməzsən). Sənin azuqəni qiyamət gününə aparacaq və sabah, sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki ola bilər ki, (ehtiyac günü) onu axtarasan və tapmayasan. Sənin ehtiyacın olmayan zaman səndən borc istəyəni qənimət bil ki, möhtac olduğun gündə onu sənə qaytarsın.



Bil ki, sənin qarşında çox təhlükəli və çətin bir keçid var. Orada yükü yüngül olan yükü ağır olandan xoşhaldır və ağır tərpənən sürətlə gedəndən pis və aciz vəziyyətdədir. Həmin yolda, sənin enəcək yerin, mütləq ya cənnətdir, ya da od. Buna görə də (həmin diyara) çatmamışdan özün üçün qabaqcadan hazırlıq görən göndər (ki, sənin üçün asayiş rahatlıq yeri əldə etsin). Getməmişdən qabaq mənzil hazırla ki, ölümündən sonra razı salmaq vasitələri yoxdur və heç kəs dünyaya qayıtmır. (Orada yaxşı görmək mümkün deyil ki, günahdan keçsinlər, həmçinin dünyaya qayıtmaq olmur ki, pis işlərə görə tövbə edilsin.)

Bil ki, göylər və yerin xəzinələri (qüdrətli bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və (onların) qəbul edilməsinə zəmanət verib. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb, (günahına görə) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta sənin özünü günahdan saxlamağını yaxşı iş (görmək) kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Beləliklə, nə vaxt çağırsan, səsini eşidər, nə vaxt Onunla münacat və razü-niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini Ona çatdırarsan, ürəyinin sirrini Onun yanında açarsan və dərd-qəmindən Ona şikayət edər, Onunla dərdləşərsən. Ondan istəyərsən çətinliklərinin çarəsini və kömək və yardım diləyərsən Ondan. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri, Onun rəhmət xəzinələrindən istəyərsən. Sənə Ondan istəmək icazəsi verməklə, xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsi ilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın sənə gec cavab verərək (dualarını) gec qəbul etməsi naümid etməməlidir səni. Çünki bəxşiş niyyət miqdarında olur. (Duanın qəbul olunması niyyətin saflığı daimiliyndən asılıdır.) Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. (Çünki duanın qəbul olunması qədər geciksə, istək daha da artar daha yaxşı razü-niyaz edilər. Nəticədə həmin şəxs bəxşiş edilməyə daha çox layiq olar.) Çox şey var ki, (Allah-təaladan) istəyərsən və o sənə verilməz. Amma dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. (Xülasə, əbədi səadət xoşbəxtliyə səbəb olan şeyi istə. İstəklərin çoxu dünya malı sərvət barəsində olduğu üçün İmam əleyhis-salam onu məzəmmət edərək belə buyurur:) Mal sənə qalmır. Sən də ona qalmayacaqsan. (Axirətdə səninlə birgə olmayacaq ki, sənə xeyir versin sən həmişə dünyada qalıb ondan bəhrələnməyəcəksən.)

Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətə gedən yoldasan. (Buna görə belə bir yerə ürək bağlamaq rəva deyil.) Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır. Belə isə ölümün səni özünə «ondan tövbə edərəm» deyib etdiyin günah zamanı haqlayaraq səninlə (həmin tövbə etmək barəsindəki) fikrin arasında ayrılıq salmasından qorx və çəkin. (Əgər belə olsa) həmin vəziyyətdə sən özünü məhv etmisən. (Çünki ağıldan uzaq belə bir fikirlə günah edib onun cəzasına düçar olmusan.)



Oğulcan, ölümü və qəflətən düşəcəyin ölümdən sonrakı hadisələri çox yada sal ki, o sənin yanına gələnə kimi özünü hazırlayıb (silahını taxaraq) kəmərini bağlamış olasan. Məbadə ölüm səni qəflətən haqlasın və (sən ona hazır olmadığın üçün) qalib gəlsin sənə! Dünya əhlinin dünyaya ürək bağlamaları, güvənmələri, hərislikləri və onun üstündə bir-birləri ilə düşmənçilik etmələrinin səni aldatmasından qorx. Çünki Allah səni ondan xəbərdar edib.1 Dünya özü də özünü sənin üçün vəsf edib və pisliklərini açıb göstərib. (Onun başqaları ilə rəftarını görürsən.) Dünyapərəstlər hürən itlər və ov axtaran yırtıcılardır (həmin heyvanlar kimidirlər). Onların bəzilərinin bəzilərindən xoşu gəlmir və bir-birlərinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar (bəzisinin) ayaqları bağlanmış dördayaqlılardır (dördayaqlılar kimidirlər).2 Digər qismi isə (başlı-başına) buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər-ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yoluna aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. (Ona vurğunluq ürək bağlamaq nəticəsində) onu öz rəbbləri ediblər. Bu cür, dünya onlarla oynayır (ağıllarını oğurlayır) və onlar da dünya ilə oynayırlar (başlarını ona qatıblar). Ondan sonra gələcək (ölüm, çətinliklər qiyamət günü kimi) şeyləri unudublar!!

Bir az döz və möhlət ver ki, qaranlıq açılsın. Deyəsən, kəcavələr çatdı (səfərdə olanlar gəldilər)! Tələsənin birləşəcəyi vaxt yaxındır. (Dünyaya könül verənlər tezliklə, hələ əbədi yerinə çatıb düşərgə salmamış qabaqkı karvana çatacaq əməllərinin cəzasını alacaqlar.)

Oğulcan, bil ki, mindiyi dəvə gecə-gündüz yol gedən kimsə özü yol getməsə də, miniyi onu aparar. İstirahət və dincəlməkdə olsa da yolu qət edər.1

Yəqin bil və inan ki, heç vaxt öz arzuna çatmayacaq və heç vaxt öz ölümündən qurtula bilməyəcəksən. Sən səndən əvvəlkilərin yolundasan. Belə isə (ölümə heç bir çarə olmadığı üçün mal sərvətə görə) çalışmaqda yüngül keçin və dərinə getmə. Qazanılan şeydə səy və təlaşını gözəlləşdir (həris olma ki, onun axırı həlak məhv olmaqdır). Çünki çox çalışmaqlar var ki, malın əldən çıxmasına səbəb olur. Hər çalışan tapmaz və hər ortayollu ümidsiz və məhrum olmaz. Nəfsin səni saysız nemətlərə çatdırsa da, onu bütün alçaqlıq və rəzilliklərdən üstün tut, əzizlə. Çünki nəfsindən sərf etdiyin şeyin müqabilində, onu əvəz edəcək bir şey tapa bilməyəcəksən. Başqasına qul olma (mal məqam tamahı ilə heç kəsə baş əymə). Allah səni azad yaradıb. Pisliklə (başqasının yanında abır tökməklə) qazanılan xeyrin (mal məqamın) harası xeyirdir?! Çətinliklə əldə edilən asanlığın nə xeyri var?!



Tamah və hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin. (Dünya onun mallarına tamah hərislik nəticəsində haram işlər görmə ki, əgər etsən ilahi əzaba düçar olacaqsan.) Əgər səninlə Allah arasında başqa nemət sahibinin olmamasına bacarığın çatsa, et bunu! (Başqalarının yanında abrını tökmə.) Çünki sən (dünya süfrəsindən) öz payını tapacaq, (sənə çatmalı olan) hissəni əldə edəcəksən! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan çatan az, Onun yaratdıqlarından gələn çoxdan daha üstün və əzizdir, hərçənd ki, hər şey Ondandır.

Susmağının nəticəsində əldən çıxan şeyi əldə etmək danışmağın nəticəsində əldən çıxan şeyi geri qaytarmaqdan daha asandır.1 Qabda olan şeyin qorunması onun qapağının bərk bağlanmasından asılıdır.2 Mənə sənin öz əlində olanı qoruyub saxlamağın başqasının əlində olanı istəməyindən daha xoşdur. (Mal sərvətə malik olmaq insanı başqasına möhtac edən israfdan daha yaxşıdır.) Ümidsizliyin (yoxsulluğun) acısı başqalarına əl açmaqdan daha yaxşıdır. İffətli və ismətli iş, günah və xəta ilə olan varlılıqdan daha xeyirlidir. İnsan öz sirrini daha yaxşı qoruyur. (Çünki onun sirri gizlin saxlamaq üçün olan səyi başqalarından daha çoxdur.) Çox çalışanlar var ki, çalışdıqları şey onlara ziyan gətirir. Çox danışan hərzəçi olar. (Öz dünya axirət işləri barəsində) düşünən bəsirətə çatar. Yaxşı işlər görənlərə qoşul ki, onlardan olasan. Pislərdən ayrıl ki, onlardan olmayasan. Haram nə qədər də pis yeməkdir! Zülmün ən pisi zəif və acizə zülm etməkdir. Yumşaqlıq və mehribanlığın sərtlik və kobudluq sayıldığı yerdə sərtlik və kobudluq yumşaqlıq və mehribanlıqdır. (Yumşaqlıq fayda verməyən yerdə sərtlik bəyənilir ağlın bir görə bilmədiyi yerdə dəlilik lazımdır.) Çox vaxt dərman dərd, dərd isə dərman olar. (Bəzən birinə yoxsulluq xəstəlik məsləhət xeyir olur, varlılıq sağlamlıq yox.) Çox vaxt öyüd verməsi gözlənilməyən kəs öyüd verər, öyüd verməsi istənilən kimsə isə xəyanət edər. (Çox vaxt ağıllı uzaqgörən ya nadan düşmən sənin xeyir-ziyanın barədə sənə öyüd verər, dostun isə xəyanət edərək sənə yaxşı yol göstərməz.) Arzulara güvənmək və dalmaqdan çəkin. Çünki arzu axmaqların və ağlı az olanların sərmayəsidir. Ağıl təcrübələri yadda saxlamaq, qorumaqdır. (Ağıllı adam təcrübələri əldən verməz. Ağılsız isə onları tez yaddan çıxardar.) Etdiyin ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Fürsət olan zaman o, qəmə çevrilməmişdən tələs. Hər axtaran (axtardığını) tapmaz və həmçinin hər səfərə gedən geri dönməz. (Dünyaya ürək bağlama. Fürsəti əldən vermə axirət üçün azuqə götür. Çünki fürsət həmişə ələ düşmür ölüm səfərinə gedən geri dönmür.) Ziyanlardan biri də azuqəni (təqva pərhizkarlığı) əldən vermək (yaxud var-dövləti şəhvət nəfsi istəklərə sərf etmək) və axirəti bərbad etməkdir. Hər bir işin bir sonu var. (Ağıllı o adamdır ki, işin sonunu fikirləşir.) Sənin üçün nə təqdir edilibsə, tezliklə sənə çatacaq. (Bu qədər əziyyət çəkmə öz din dünyanı bərbad etmə. Mal sərvət əldə etmək üçün dəniz çöllükləri qət edən) tacir özünü məhvə və təhlükəyə atır. Nə çox elə az (mal) ki, bərəkəti çoxdan (çox maldan) daha artıqdır. (İsmətli peşə sahibinin əldə etdiyi şeyin xeyir-bərəkəti həm dünyada, həm axirətdə günahkar varlının sərvətindən daha üstündür.)

Alçaq və xar köməkçidə və (nifaq ikiüzlülükdə) günahlandırılan dostda xeyir yoxdur. (Çünki həmin köməkçinin imkanı olsaydı özünü zillət xarlıqdan qurtarardı. İkiüzlü dost da ona görə ki, həmin şəxsə inam yoxdur. Çünki o öz xeyrini güdər dosta ziyan dəyməsi barəsində fikirləşməz, qayğılanmaz.) Nə qədər ki, zəmanənin cavan dəvəsi sənə ram olub, onunla asan və yüngül davran. Özünü bir şeyin çoxuna göz dikib təhlükəyə atma. (Mal sərvətini çoxaltmaq üçün hərislik göstərmə ki, çətinliklərə düçar olarsan.) Mindiyin dəvənin itaətsizlik etməsindən çəkin! (İnadkarlıq düşmənçilikdən çəkin. Yoxsa səni işlərdə elə çətinliklərə düçar edər ki, onlardan yaxa qurtara bilməzsən.) Özünü qardaşın (dindaş dostun) səndən ayrılanda ona yaxınlaşmağa, üz döndərəndə mehribanlıq və dostluğa, simiclik edərək əsirgəyəndə ona bəxşiş etməyə, uzaqlaşanda ona yaxınlıq etməyə, sərtlik edəndə ona qarşı yumşaq olmağa və o, pis iş görəndə üzr istəməyə vadar et. (Qısası, onun pislikləri müqabilində yaxşılıq et.) Sanki sən onun qulu, o isə sənin nemət verənindir (kimi et bunları). Deyilənləri öz yerindən başqa yerlərdə işlətməkdən (münafiqlə bu cür davranmaqdan) və ya onları ləyaqətsiz (alçaq) adamlarla münasibətdə etməkdən çəkin. (Çünki münafiq ləyaqətsiz adama yaxşılıq etmək şoranlığa toxum səpməkdir.) Dostunun düşməni ilə dostluq etmə. Əgər belə etsən öz dostunla düşmənçilik etmiş olarsan. Öz qardaşına (dindaş dostuna) saf (niyyətlə) öyüd ver (ona öyüd verərkən Allahın razılığını əldə etməkdən başqa heç bir qəsdin olmasın), istər (onun sənin öyüdünə münasibəti) yaxşı olsun, istərsə də pis. Qəzəbini qurtum-qurtum ud (özünü cilovla). Çünki mən sonda ondan şirin və dadlı bir içki görmədim. Sənə qarşı qəzəbli və kobud olanla yumşaq davran. Çünki (sənin yumşaqlığın onu utandırar ) tezliklə o sənə qarşı yumşalar. (Müqabil tərəf başa düşən adam olanda belə etmək lazımdır. Başa düşən adam olmasa isə onun qəzəbi müqabilində sərtlik etmək lazımdır.) Düşməninlə yaxşı və xoş davran. Bu, iki qələbədən (intiqam alaraq onu cəzasına çatdırmaqdan ya güzəşt edərək ona yaxşılıq etməyin birindən) daha şirindir.1 Qardaşınla (dindaş dostunla) münasibətlərini kəsmək istəyəndə dostluğunun yerinin bir azını saxla ki, həmin dost nə vaxtsa o dostluq yeri ilə qarşılaşsa ora qayıda bilsin.2 Sənin haqqında yaxşı və xoş fikirdə olanın zənnini doğrult. (O səni yaxşı bildiyi səndən yaxşılıq umduğu üçün xeyir yaxşı işləri tərk etmək rəva deyil.) Aranızdakı dostluğa güvənib arxalanaraq qardaşının haqqını pozma. Haqqını pozduğun kimsə qardaşın deyil. Ailən və qohumların sənə nisbətdə camaatın ən bədbəxti olmamalıdırlar. (Yaxınların bəxşiş yaxşılıq edilmək baxımından başqalarından daha üstündürlər. Necə deyərlər: «Evə gərək olan çıraq məscidə yaraşmaz».) Səndən uzaq gəzənlə heç vaxt tanışlıq etmə. (Çünki istəməyən adamla tanış olmaq insanın həqir xar olmasına özünə zülm etməsinə səbəb olur.) Gərək qardaşının (dindaş dostunun) səndən ayrılmaq bacarığı sənin onunla birləşməyindən və (həmçinin) onun pislik etməsi sənin yaxşılıqlarından üstün olmasın. (Xülasə, o qədər ayrılmağa şərait yaratsa da, sən birləşməyə səbəb olan şeyləri önə çək.) Sənə zülm edənin zülmü gözündə böyüməsin. Çünki o öz ziyanına (zalımlar üçün müəyyən edilmiş cəzaya) və sənin xeyrinə (sənin zülm sitəmə səbr etməyə vəd edilmiş mükafata nail olmağına) çalışır. Səni sevindirənin mükafatı sənin onu qəmləndirməyin deyil!

Oğulcan, bil ki, ruzi iki qisimdir: bir ruzini sən axtarırsan, bir ruzi isə səni axtarır və sən ona tərəf getməsən belə sənə çatar. Ehtiyac və yoxsulluq zamanı özünü alçaltmaq, varlı ikən isə zülm və kobudluq etmək necə də çirkin xasiyyətdir!3 Sənin dünyandan qazancın yalnız öz yerini (əbədi axirətini) abadlaşdırmağa sərf etdiyin miqdardır. (Bundan başqa sərf etdiyin ya özündən sonra qoyub getdiyin şeylərin sənə xeyri olmayacaq onlar əlindən yapışmayacaqlar.) Əgər əlindən çıxan şey üçün ah-zar edib inildəyirsənsə, onda sənə çatmayan şeylərə görə də ağlayaraq nalə qopar.1 Artıq baş vermiş şeylərə əsaslanıb, olmayanlara dəlil gətir. (Gördüyün şeylərə baxıb görmədiyin şeyləri dərk et ki, gözüaçıq işbilənlərdən olasan.) Çünki işlər (dünyanın işləri) bir-birinə bənzəyir. İncidilərək əziyyət verilməyincə öyüddən faydalanmayanlardan olma. Çünki ağıllı adam ədəb vermək və öyrətməklə öyüdlənər, heyvanlar isə kötək yeməyincə tabe olmazlar. Sənə üz tutan qəm-qüssələri təmkinli düşüncələr və (Allah-təalaya olan) gözəl inamla özündən uzaqlaşdır. (Allahın istəyinə tabe ol ki, sənin səadət xoşbəxtliyin ondadır.) Kim düz və orta yolu tərk etsə, haqdan uzaqlaşıb və özünə zülm edib. Dost qohum yerindədir. (Qohumun barəsində riayət etdiyin şeyləri onun barəsində etməlisən.) Dost o kəsdir ki, gizlində də düz olsun. (Dostunun hüzurunda etdiklərini o olmayanda da həmin cür etsin. Belə olmasa münafiq ikiüzlüdür öz xeyrinə görə özünü dost kimi göstərir.) Nəfsi istəklər korluğa bərabərdir. (Kor bir şey görmədiyi kimi nəfsi istəklər əsiri qəlbi kor olduğu üçün yaxşı ilə pisi öz xeyri ilə ziyanını bir-birindən ayıra bilmir.) Çox uzaq var ki, yaxından da yaxındır və çox yaxın var ki, uzaqdan da uzaqdır. (Çox vaxt yad insana xeyir verər, qohum isə ziyan vurar.) Qərib o adamdır ki, dostu yoxdur (hətta öz vətənində olsa belə). Haqqı (düz söz əməli) aşanın yolu daralar.1 Öz qədir və məqamına uyğun (hərəkət edən) adamın qədri həmişəlik qalar. Əldə edərək yapışmalı olduğun ən möhkəm səbəb və ip səninlə Allah arasında olan səbəbdir. (Allahın ipindən yapışan kəs heç kəsə möhtac olmaz.) Sənin barəndə laqeyd olan (xeyrinlə ziyanını bir hesab edən) kəs sənin düşmənindir. Bəzən tamah və hərislik (insanı) həlakətə sürükləyəndə ümidsizlik əldə etmək olar. (Çox vaxt insan zərər bədbəxtçiliyinə səbəb olan şeyə tamah salır həmin şeydən ümidsizləşmək onu əldə etmək kimidir.) Hər yırtıq (çirkinlik) açılmaz (açaraq üzə çıxarmağın yaxşı deyil). Hər fürsət ələ düşməz. (Elə isə onu qənimət bil əldən vermə.) Çox vaxt görən (ağıllı) adam öz düz yolunda səhvə düşür və kor (nadan ağılsız) nicat yolunu tapır.2 Pisliyi təxirə sal, gecikdir. Çünki istədiyin vaxt ona tərəf tələsə bilərsən. Nadanla əlaqələri kəsmək, ondan ayrılmaq ağıllı ilə münasibət qurmağa bərabərdir. Kim zəmanədən əmin olsa, zəmanə ona xəyanət edər. Kim onu böyük sansa, onu zəlil və xar edər.3 Hər ox atanın oxu hədəfə çatmaz.4 Hökmdar (onun düşüncə rəftarı) dəyişəndə zəmanə (vəziyyət) də dəyişər.5 Yoldan qabaq yol yoldaşını, evdən qabaq isə qonşunu soruş.

Başqasından nəql etsən belə, gülünc söz danışmaqdan çəkin. (Çünki o, insanın başqaları yanında kiçilməsinə səbəb olur.) Qadınlarla məsləhətləşməkdən çəkin. Çünki onların nəzər və düşüncələri zəifliyə, qərarları isə süstlüyə doğru gedir. Hicab və örtüklə (ora-bura) baxmalarının qarşısını al. (Çölə çıxıb gözlərinin camaata sataşmasına icazə vermə.) Çünki hicabın möhkəmliyi (hicab örtmək onunla zinətlənmək) onları daha yaxşı qoruyur. (Hər qədər hicabda olsalar, pozğunçuluqdan qorunmuş olarlar.) Onların çölə çıxmaları sənin onların yanına (kişi qadınlığından asılı olmayaraq) inanılmayan və etibar edilməyən adamlar gətirməyindən pis deyil.1 Əgər bacarsan, elə et ki, səndən başqasını tanımasın. Qadını ona aid olmayan işə hakim etmə. Çünki qadın iş buyruqçusu deyil, ətirli bir güldür (gül kimidir. Buna görə onu işləri yerinə yetirməkdən saxla). Onu əzizləyəndə ona aid olan şeylərdən kənara çıxma. Onu tamaha salma ki, başqası üçün şəfaət etsin, vasitəçilik etsin. Qısqanclıq edilməməli yerdə qısqanclıq etmək və pis gümana düşməkdən çəkin. (İffətli qadın barəsində pis gümana düşüb heç nədən özündən çıxma.) Çünki bu iş, düz qadını əyriliyə və (nalayiq işlərdən uzaqlıq zinəti ilə) bəzənmiş qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər.1 Əlin altında olanların və işçilərinin hər biri üçün bir iş müəyyənləşdir ki, (yerinə yetirməsə) həmin işə görə ondan yapışaraq sorğu-suala tuta biləsən. Çünki bu üsul onların sənin işlərini bir-birinin boynuna ata bilməmələri üçün daha münasibdir. Qohumlarına hörmət et, əzizlə onları. Çünki onlar sənin qol-qanadındırlar ki, onlarla uçursan; əsil-kökündürlər ki, onlara qayıdırsan (onlardan kömək yardım alırsan başucalığın onlarladır); sənin (yardımçı) əlindirlər ki, onlarla (düşmənə) hücum edirsən (qələbə qazanırsan).

Sənin din və dünyanı Allah yanında əmanət qoyuram (ki, qorusun qarşıya çıxacaq hər bir pis hadisədən saxlasın). Ondan sənin üçün indi və gələcəkdə, dünya və axirətdə ən gözəl təqdir və istəyini diləyirəm. Salama layiq kimsəyə salam olsun!



Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə