Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası



Yüklə 0,79 Mb.
səhifə5/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

Xüsusi və ümumi isimlər






Xüsusi və ümumi isimlərə aid çalışmalar:

1.Ümumi isimlər nə bildirir?










Dörd dənə ümumi isim bildirən şəkil çəkin.





2. Sxemdəki sözlərdən mürəkkəb sözlər düzəlt və cümlədə işlət.

Gül

quş

qızıl

ağac
3. Verilmiş nümunələrdə xüsusi isimlərin və ümumi isimlərin altından xətt çək.




Mən aşiqəm Qarabağ, İstər al qumaşa tutalar məni,

Şəki, Şirvan, Qarabağ. İstər yanar oda atalar məni.

Tehran cənnətə dönsə, Səsləyə dənizlər, adalar məni.

Yaddan çıxmaz Qarabağ. Sənsən ilk mənzilim, axır ünvanım,

Azərbaycanım!

Qrammatik biliklərin verilməsi prosesində kəmiyyət kateqoriyası (azlıq və çoxluq) mühüm rol oynayır. Bu ümumi kateqoriya isimdən əlavə digər nitq hissələrinin tədrisi ilə də bağlıdır. Dilimizdə kəmiyyət kateqoriyası yalnız qrammatik əlamətlərlə deyil, sözlərin məzmunu ilə də müəyyən edilir. Elə sözlər var ki, onlar mətn xaricində həm təki, həm də çoxu bildirir. Moruq, quş, alma, kitab – kimi sözlər həm çoxu, həm də onun tərkib hissələrini təşkil edən təki təmsil edir. Məsələn: “Meşədə doyunca moruq yedik”, “Okeanın sahilində quş bazarı gördük”, “Bağda alma yetişib”, “Mətbəədə kitab çap edirlər” cümlələrində bütövü, çoxluğu bildirən həmin sözlər – “Bu moruq əlimdən yerə düşüb”, “Yediyim alma şirindir”, “Bu kitab ilk dərsliyimdir” cümlələrində təklik bildirir.

Şagirdlər II sinifdə cəmliyin əsas morfoloji vasitələrindən yalnız biri ilə ( -lar, -lər ) tanış olurlar. Bəzi dialekt şəraitində yaşayanlar və azsaylı xalqlar müstəsna olmaqla Azərbaycanın hər yerində şagirdlər cəm şəkilçilərini düzgün qavrayır, onları ahəng qanununa uyğun şəkildə işlədirlər. Dilimizin orfoepik normalarına uyğun olaraq həmin şəkilçilər şifahi nitqdə -rar, -rər (şarrar, şəhərrər); -dar, -dər (atdar, itdər); -nar, -nər (odunnar, günnər) və s. kimi işlənir.

Cəm şəkilçilərinin l samiti ilə qurtaran sözlərə qoşulduğu hallara da (əllər, dillər, yollar, sallar və s.) diqqət yetirilməlidir ki, yazıda şagirdlər qoşa samitlərdən birini buraxmasınlar. Belə hallarda bəzən sözün mənası dəyişir: yolar, ələr, dilər, salar.

İsmin tədrisində ən mühüm və ən çox vaxt tələb edən məsələ onun hallanmasının öyrədilməsidir. Əgər II sinifdə kim? nə? sualına cavab olan (adlıq hal) sözlər üzərində iş gedirsə, III sinifdə şagirdlər “İsmin cümlədə dəyişməsi” adı altında onun necə hallandığını öyrənirlər. Onlar başa düşürlər ki, isimlər cümlədə başqa sözlərlə əlaqəyə girdikdə dəyişir. Onlar hallanmadakı ardıcıllıqla hər bir halın sualı (kim? nə? hara? kimin? nəyin? haranın? kimə? nəyə? haraya? kimi? nəyi? haranı? kimdə? nədə? harada? kimdən? nədən? haradan?) ilə tanış olur, onlardan istifadə edərək sözləri dəyişmək və həmin sözləri cümlə içərisində işlətmək üzrə məşq edirlər. Onlar başa düşürlər ki, əgər bir isim müəyyən suala cavab verirsə, sonra onu hər hansı bir isimlə əvəz etsək, yenə də ismin həmin halında olacaqdır. Deməli, şəkilçi sualı, sual şəkilçini tələb edir, onların ikisi birlikdə halın mahiyyətini açmağa xidmət edir. İsimləri hallandırarkən şagirdlər halların adlarını (ardıcıllığını), suallarını, şəkilçilərini səhv salır, mənasını basa düşmürlər. Ona görə də hər bir halın nə üçün belə adlanması, ardıcıllıgı, sualı, şəkilçiləri (saitlə və samitlə qurtaran isimlərin qəbul etdiyi şəkilçilərin variantını, bu variantın mahiyyətini), axırı q və k ilə bitən çoxhecalı isimlərdə q və k samitinin hansı hallarda və nə səbəbdən ğ və y ilə əvəz olunmasını bilməlidirlər. I sinifdən etibarən praktik şəkildə orfoepiya təlimi prosesində başlanan bu iş III sinifdə qrammatik cəhətdən əsaslandırılmalı, IV sinifdə Şəfəq, üfüq, Rafiq, Tofiq, şərq, vərəq, Mаlik kimi isimlər hallanarkən q-nın ğ-ya, k-nın y-ya keçməməsi başa salınmalıdır.

İsmin çıxışlıq halının yazılışına da ciddi nəzarət etmək lazımdır. Orfoepiyanın orfoqrafiyaya təsir göstərməsinə (adamnan-adamdan, sənnən-səndən, cannan-candan) və s. yol verilməməlidir.

Hər bir hal forma və məna bildirməklə yanaşı, həm də müxtəlif sintaktik vəzifə yerinə yetirir. Adlıq hal cümlədə daha çox mübtəda vəzifəsini, qalan hallar isə ikinci dərəcəli üzv vəzifəsini ifa edir. Şagirdlərin bunların hamısını bilmələrinə ehtiyac yoxdur.

İsmin hallarının yaxşı mənimsənilməsini təmin etmək üçün xüsusi cədvəllərdən istifadə etmək olar. Belə cədvəlləri müəllim tərtib edə bilər. Cədvəllər üçün sonu sait və samitlə bitən adi sözlərdən əlavə aşağıdakı xarakterli sözlərin seçilməsi məsləhət görülür: sonu q, k, x ilə bitən çoxhecalı sözlər (qoruq, çörək, Yevlax, Qazax və s.), sonu q və x ilə bitən digər sözlərdən fərqli olaraq, şəfəq, Faiq, ittifaq, tarix və s. çoxhecalı sözlər, həmçinin su, qu kimi sözlər. Sonuncu sözlərin səs tərkibinin yaxınlıgına və sonunda u samitinin olmasına baxmayaraq hallanması fərqlənir.

A. h. su qu bu

Y. h. suyun qunun bunun

Yn. h. suya quya buna

T. h. suyu qunu bunu

Yer.h. suda quda bunda

Ç. h. sudan qudan bundan

İsmin tədrisi prosesində şagirdlərin nitqinin inkişafı, xüsusilə leksik işlər üzrə çalışmaların aparılması üçün geniş imkanlar açılır. Dərsliklərdən əlavə şagirdləri omonimlər (Qaş qaralır – Üzüyə qaş salırlar), sinonimlər (qəhrəmanlıq, cəsurluq, igidlik, qoçaqlıq), antonimlər (cəsurluq – qorxaqlıq, qəm – sevinc), çoxmənalılıq (əl-ələ vermək – görüşmək; əl tutmaq – kömək etmək, əl eləmək – yola salmaq; ələ salmaq – dolamaq; əl çəkmək – sığallamaq və s.) üzərində işlətmək lazımdır.
Sifətin öyrədilməsi yolları

“Sifət” anlayışının mənimsənilməsi üçün şagirdlər II sinifdə “Əşyanın, varlığın necəliyini bildirən sözlər” mövzusu keçilərkən yiyələndikləri bilik, bacarıq və vərdişlərə əsaslanmaqla əlamətin adını bildirən sözləri əşyanın və hərəkətin adını bildirən sözlərdən fərqləndirməyi bacarmalıdırlar. Sifət sözü təqdim olunarkən şagirdlər girdəsifət, qaragöz, alyanaq, gülərüz sözlərinin köməyi ilə bir adamın sifəti haqqında fikir söyləyirlər. Elə buna əsasən də şagirdlər müəyyən heyvanın, meyvənin “sifətini” (əlamət və keyfiyyətini) müəyyənləşdirməyi öyrənirlər.

Məktəb praktikasında “əlamət” və “keyfiyyət” anlayışları şagirdlər tərəfindən çətin mənimsənilir. Ona görə də “Sifət” mövzusu keçilərkən əvvəlcə müxtəlif əşyalar üzərində müşahidə təşkil olunmalı və onların hər birinə xas olan əlamət və ya keyfiyyət müəyyən edilməlidir. Müəllim yazı taxtasına bir neçə isim (şar, kitab, qardaş, hava və s.) yazır, hər birinin qarşısında müvafiq əlamətləri yazmağı tapşırır. Şagirdlər yazırlar: yumru, sığallı, şirin; qardaş – böyük, mehriban, ağıllı, bilikli.

Əlamətin əşyanın gözlə görünən, keyfiyyəti isə gözlə görünməyən xüsusiyyət olduğunu şagirdlərə başa salmaq lazımdır: forma (yumru, uzun, əyri, yastı və s.), böyüklük (yekə, kiçik, hündür, alçaq, qoca, cavan və s.), insanın xarici görünüşü (topal, çolaq, gülərüz, qozbel və s.), rəng (qırmızı, göy, yaşıl, çəhrayı narıncı və s.), əşyanın əlamətini, dad (dadlı, dadsız, şirin, acı, turş, şor və s.), iy (ətirli, üfunətli və s.), insanın daxili əlaməti (yaxşı, pis, xeyirxah, mülayim, gülərüz, rəhmli, ağıllı və s.) keyfiyyətini bildirir. Sonralar onlar praktik yolla gözəl, böyük kimi bir çox sözün həm əlamət, həm də keyfiyyət bildirdiyini öyrənəcəklər. Onlar başa düşəcəklər ki, gözəl insan söz birləşməsində gözəl sözü ya onun xaricən yaraşıqlı, göyçək, qəşəng olmasını (əlamətini), ya yaxşı, xeyirxah, hamının qəlbinə yol tapan, əlindən pislik gəlməyən, daxilən zəngin adam olmasını (keyfiyyətini), ya da hər ikisini bildirə bilər. Məsələn: Nübar gözəl qızdır. Rasim gözəl insandır.

Tədricən şagirdlərə nisbətən mücərrəd əlamətləri bildirən sifətlər (igid, şən, qədim, narazı və s.) də təqdim olunur. Sifətin tədrisi prosesində şagirdlərin bədii parçalar üzərində müşahidələrini təşkil etmək çox faydalıdır. Onlar görürlər ki, sifət hər hansı ismi daha canlı, təbii şəkildə təsəvvür etməyə imkan verir. Nitqdə sifətdən nə qədər çox istifadə olunursa, o, bir o qədər aydın, dəqiq və ifadəli olur.

II sinifdə dil dərslərində sifət üzrə leksik işlər aparılarkən elə çalışmalardan istifadə edilməli, elə nitq şəraiti yaradılmalıdır ki, şagirdlər müəllimin öyrətmək istədikləri sözləri işlətmək məcburiyyətində qalsınlar. “Qara hərflərlə verilmiş hər bir sözü yaxınmənalı sözlə əvəz edib köçürün: səssiz meşə, ləzzətli xörək, rəngbərəng çiçəklər, duzlu balıq, gödək don, göyçək qız”. Şagirdlər həmin sözləri sakit, dadlı, əlvan, şor, qısa, gözəl sözləri ilə əvəz edirlər.



Sinonim sifətlər üzərində iş apararkən məna çalarlığındakı incə fərq şagirdlərin nəzərinə çatdırılmalıdır: məsələn, “Sayıq məktəblilər casusu sərhədçilərin yanına gətirdilər” cümləsindəki sayıq sözünü şagird gözüaçıq, itigözlü sözü ilə əvəz etmək istəyir. Müəllim onu başa salmalıdır ki, daha çox elə sayıq sözünün işlədilməsi məqsədəmüvafiqdir. Bu söz məhz qorxulu anda, düşmən həmləsinin gözlənildiyi hallarda işlənir. Müəllim cümlələri tamamlayıb köçürməyi tələb edir. Məsələn: “Çayın suyu şirindir, dənizin suyu isə ...”. Şagirdlər nöqtələrin yerinə şordur sözünü yazırlar.

III sinifdə şagirdlər düzəltmə sifətlərlə (terminsiz), -lı, -li,-lu, -lü; -sız, -siz, -suz,-süz və s. sifət düzəldən şəkilçilərlə tanış edilirlər. Bu şəkilçilər söz yaradıcılığına, eyniköklü sözlər üzrə iş aparmağa imkan verir (duzlu, duzsuz; dadlı, dadsız və s.). Bu zaman sifətlərin orfoqrafiyasına xüsusi diqqət yetirilməlidir. Ədəbi tələffüzün təsiri ilə [daddı, ətdi, oddu, süd, unnu, yunnu, qar, tərri] şəklində yazılışa, həmçinin [gəniş, əgri, qazzı //qazdı, dəgirmi, üzzü//üzdü] - kimi dialektizmlərə qarşı mübarizə aparılmalıdır. Şagirdlərin bənövşəyi, qəhvəyi, igid, qoçaq və s. sözlərini [bənövşeyi, qəhveyi, iyid, qoçax] və s. kimi işlətmələrinin də qarşısı alınmalıdır.

IV sinifdə -kı, -ki, -ku, -kü; -dakı, -dəki; -ıq, -ik, -uq, -üк; -ıcı, -ici, -ucu, -ücü şəkilçilərinin köməyi ilə fellərdən sifətin düzəldilməsi, sifətlərin əvvəlində ən, çox, daha sözlərinin işlədilməsi, mürəkkəb sifətlər, onların yazılışı öyrədilməli, sifətin dərəcələri üzrə praktik iş aparılmalıdır. Burada ən, çox, daha sözlərinin mənası üzərində xüsusi iş getməli, məsələn, şagirdlər gözəl, çox gözəl, daha gözəl, ən gözəl söz və ifadələrini düzgün işlətməyi öyrənməli, ən sözünün üstünlüyün zirvəsini bildirdiyini başa düşməlidirlər. Sifətin tədrisi prosesində şagirdlər bitişik və defislə yazılan mürəkkəb sifətlərlə də qarşılaşırlar. Gülərüz, alnıaçıq, zolaq-zolaq, rəngbərəng, tərtəmiz, al-əlvan və s. kimi sifətlərin yazılışına xüsusi diqqət yetirilməlidirlər.
Dərs nümunəsi

Sifət. III sinif



Mövzu: “Sifət”

Standartlar seçilir.

Məqsəd müəyyənləşdirilir.

İş forması: kiçik qruplarla iş

İş üsulu seçilir.

İnteqrasiya dəqiqləşdirilir.

Resurslar, təchizat: işçi vərəqləri, 5 ədəd qırmızı gül ləçəyi (karton)

Dərsin gedişi:



Motivasiya: (10 dəq)

Müəllim:


- Uşaqlar, biz şifahi xalq ədəbiyyatında tapmaca mövzusunu keçirdik. Mən sizə dedim ki, ürəyimdə bir əşya tutmuşam, siz isə onu tapmağa çalışırdınız. Necə?

Müxtəlif fərziyyələr irəli sürülür.

-Həmin naməlum əşyanı tapmaq üçün siz nə kimi suallar verirdiniz?

Uşaqların cavabları dinlənilir.

-Ən çox istifadə olunan suallar bu əşyanın nəyinə aiddir?

Uşaqların cavabları eşidilir.

-Deməli, əşyanı təsvir etmək üçün ən çox onun əlamətləri sadalanır?

-Sadalanan əlamətləri siz necə soruşursunuz?

Uşaqların fərziyyələri dinlənilir.

-Gördüyünüz kimi, əlamətləri sadalayarkən necə? sualından istifadə olunur.

Azərbaycan dilində əşyanın adını bildirən sözlərə nə deyilir? (isim). İndi isə biz əşyanın əlamətini bildirən sözləri öyrənəcəyik və Azərbaycan dilində bunu sifət adlandıracağıq.

Problemin qoyulması:

- Alma və lumuya aid sifətləri sadalayın. Onların əlamətləri fərqlənirmi?

- Bu fərqi siz nədə görürsünüz?

- Bəs əlamətləri hər hansı xüsusiyyətlərinə görə bir neçə qrupa bölmək olarmı?

- Bəs bu qrupları necə adlandırmaq olar?

- Sifət hər hansı cismin üzü, rəngi, forması, dadı deməkdir. Deməli, sifət hansı suala cavab verir? (necə? nə cür? hansı?).

- Biz bu gün qruplar şəklində sifət haqqında məlumat toplayacağıq. Bu məlumatı toplayarkən bütün dediklərimizi yoxlayacağıq. Təsəvvür edin ki, sifət yazda çiçək açan lalədir. Lalənin ləçəkləri isə qrupların verdiyi cavablar olacaq.

Kiçik qruplarda tədqiqatın aparılması: (15 dəq)

Qruplara bölünmənin prinsiplərindən birini istifadə edərək kiçik qruplar təşkil edilir ( 4 nəfər). Hər qrupa işçi vərəqləri təqdim edilir. Əlavə olaraq ləçək formasında qırmızı karton verilir.



Məlumat mübadiləsi: (15 dəq)

Qruplar tədqiqatın nəticələrini təqdim edir. Hər qrup qiymətləndirilib dəstəklənir.



Məlumatın təşkili və nəticələrin çıxarılması: (5 dəq)

Nəticələr əsasında çiçək “ləçəklənir”.





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə