Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası



Yüklə 0,79 Mb.
səhifə3/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

12.3 Nitq hissələri haqqında anlayış

Nitq hissələri haqqında ilkin praktik (terminsiz) anlayış savad təlimi dövründən başlayaraq verilir. Bu dövrdə şagirdlər “Alma, armud, heyva, nar- meyvədir “– deməklə ayrı - ayrı növlərin bir cinsdə birləşdiyini bildirirlər. Dərsliyin tələbinə görə müəllim şagirdlərdən ev quşları və vəhşi quşların adlarını xəbər alır. Tədricən şagirdlər “əşyaların adları” anlayışını mənimsəməyə hazırlaşırlar. Digər qrammatik anlayışların əsası da bu yolla qoyulur. Belə bir hazırlığın əsasında II sinifdə “Əşyanın adını bildirən sözlər”, “Əşyanın necəliyini bildirən sözlər”, “Əşyanın hərəkətini bildirən sözlər” və s. mövzular keçilir.

Nitq praktikasında əşya sözü altında gözlə görülən şeylər, ilk növbədə cansız əşyalar nəzərdə tutulur. Bu da adi danışıqdakı şey (ərəbcə əşya) anlayışına uyğun gəlir. Şagirdlər qızartı, ağartı, xəyal, ağıl, qayğı, hörmət kimi feldən və sifətdən əmələ gələn sözləri isim hesab etmirlər. Əlamət sözü əşyanın əlaməti ilə yanaşı, keyfiyyətini də, əşyanın başqa əşyaya və ya anlayışa münasibətini də, o cümlədən mənsubiyyətini də bildirir. Şagirdlər çox vaxt igidlik, qoçaqlıq, sərinlik kimi sifətlərdən əmələ gəlmiş isimləri sifət, ilahi, ülvi, lacivərd, zəngin kimi sözləri isə isim hesab edirlər. Hərəkət sözü altında uşaqlar, adətən, yalnız fiziki hərəkəti (qaçdı, tullandı) nəzərdə tuturlar. Qrammatik anlayış isə hal və vəziyyətlə əlaqədar olan digər hərəkətləri də (duymaq, törəmək, oturur, dinmir, yuxulayır və s.) əhatə edir. Şagirdlərin ağarır, daralır, istiləşir kimi sifətdən düzələn felləri sifət; işləyir, dişləyir, duzlayır və s. kimi isimdən əmələ gələn sözləri isim; qaçış, yarış, görüş və s. kimi feldən əmələ gələn isimləri fel hesab etmə hallarına da yol verilməməlidir. Belə sözlərdə leksik məna qrammatik mənaya uyğun gəlmir. Burada sözlərin formal xüsusiyyətləri mühüm rol oynayır. Bunlar bir daha sübut edir ki, nitq hissələri ilə əlaqədar üzərində söhbət gedən anlayışlar yalnız sualların köməyi ilə müəyyənləşdirilə bilər.

Əşya, varlıq, əlamət və hərəkət bildirən sözlərə kim? nə? hara? necə? nə cür? hansı? nə edir? nə olur? nə etdi? nə edəcək? nə olacaq? sualları verilir. Adi nitq təcrübəsində sual bildirən bu sözlər yeni məlumat almaq, başqa sözlə, məlum olmayanı öyrənmək məqsədilə qoyulur. Belə halda sual məna sualı hesab olunur. Sual bildirən söz və ya söz birləşməsi formal-qrammatik sual rolunda o halda çıxış edir ki, xüsusi şəklində digər sözlərə uyğun gəlsin. Onların aralarındakı qarşılıqlı münasibətin iki qaydası mümkündür:

1) Sual sözdən sözə qoyulur və birləşən sözlər arasında əlaqələrin növü onlarla xarakterizə olunur: kim? – şagird; hansı? – çalışqan; necə? – yaxşı; nə edir? – oxuyur. Bunlar sintaktik suallardır.

2) Sual bildirən söz və ya söz birləşməsi “əşyavilik”, “əlamət”, “hərəkət” in indikatoru rolunda o şərtlə çıxış edə bilər ki, o, sözə qoyulsun. Başqa sözlə, hər hansı sözə elə sual seçilir ki, ona həmin söz cavab verir. Hər bir söz isə yalnız bir suala cavab olur: məsələn, “Kürən at sürətlə getdi” cümləsindəki at isminə nə? sualı, kürən sifətinə necə? sualı, getdi felinə nə etdi? sualı, sürətlə zərfinə necə? sualı qoyulur. Bu sualların xüsusiyyəti ondan ibarətdir ki, onlar özlərinə cavab olan sözlərlə formaca uzlaşır. Ona görə də həmin suallar onlara cavab olan sözlərin qrammatik mənasının indikatoru ola bilər

Morfoloji sualın qoyuluşu xüsusi əməliyyatdır. Şagirdlərin əksəriyyəti çox vaxt morfoloji sual əvəzinə öz funksional xarakterinə görə başqa suallar, xüsusilə məna ilə bağlı suallar verirlər:

1) Təhlil olunan sözün sual ifadəsinə daxil edilməsi: məsələn, təhlil üçün yazmaq sözü verilir, şagird sual cümləsi qurur. “Sən inşa yazırsan?”

2) Varlığın faktına münasibət üzrə sual qoyulur: məsələn, təhlil üçün igidlik sözü verilir. İgidlik ismi şagirddə igid adam haqqında təsəvvür yaratdığından ona münasibətlə sual qoyur, igidlik – necə adam? – igid.

3) Sual sözün leksik mənasına uyğunlaşdırılır (Sözün formal xüsusiyyəti nəzərə alınmır): məsələn, gülüş sözünə nə etmək? sualı seçilir (gül – nə etmək? – gülmək).

Morfoloji sualın sintaktik sualla qarışdırılması hallarına da yol verilir. Şagird açmaq felini təhlil edərkən həmin sözün cavab olduğu sualı (nə etmək?) seçmir, əksinə açmaq sözünə görə sual qoyur: Nəyi açmaq?

- kitabı.

İbtidai siniflərdə qrammatika təlimi üzrə iş dərk olunmuş nitq vərdişlərinin əsasına qoyulmuş qrammatik bacarıq və vərdişlərin daha fəal formalaşdırılması xətti üzrə getməlidir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə