Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə13/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
Mühazirələr 2021

Dinləmə mədəniyyəti. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət.

Cəmiyyət daxilində yaşayan insan öz iradəsindən asılı olmayaraq ətrafında olan müxtəlif insanlar və ya insan qrupları ilə ünsiyyət qurmaq məcburiyyətində qalmış olur. Bu ya insanın öz istəyi yaxud da ətrafdakıların ona qeyri-şərtsiz müraciəti əsasında baş verir. Ünsiyyətin özəlliyi ondan ibarətdir ki, iki və ya daha çox tərəfdən biri və ya hər ikisi hər hansı bir məlumatı və informasiyanı ötürür və ya qəbul edir. Lakin ünsiyyətin daha bir mühüm əlaməti ondan ibarətdir ki, tərəflərdən biri və ya hər ikisi müəyyən vaxtlarda dinləyici rolunda çıxış edir.Bu istənilən ünsiyyət prosesində baş verir.

Ünsiyyətin sona qədər normal dialoq formasında keçməsində dinləmə amili əsas yer tutur. Hər birimiz müəyyən vaxtlarda kiməsə qulaq asmaq, hər hansısa bir məlumatı qəbul etmək hadisəsi ilə üzləşmişik. Bunun təzahür formalarını ilk əvvəl ailədə, hələ körpənin təzə dirçəlməyə və nə isə anlamağa başladığı bir dövrdə valideynlərinin ona nə isə başa salmasında, daha sonra uşaq baxçasında müxtəlif yeni uşaqların ətrafında , yeni tərbiyəçilərin ona nə isə izah etdiyi vaxtlarda, sonra məktəb, universitet mühazirələrində, daha sonra isə müxtəlif irihəcmli tədbirlərdə, konfranslarda, elmi və ya sadəcə toplantılarda açıq-aydın görmək mümükündür. Bütün bu hallarda bizlər dinləmək və hər hansı bir məlumatı qəbul etmək, sonra həmin məlumatı analiz edib, nəticə çıxardıb digərlərinə ya ötürürük, ya da sadəcə özümüz əldə etdiyimiz məlumatla kifayətlənmiş oluruq. Lakin bu proses zamanı ən vacib faktor düzgün dinləmək vərdişidir. Bu vərdişlərin hələ ailədə düzgün aşılanması lazımdır. Düzgün dinləmək vərdişlərinə malik olmayan insan ona ötürülən məlumatı da düzgün qiymətləndirməkdən, obyektiv nəticə çıxarmaqdan çox uzaq olar.

Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.Dinləmə də danışmaq prosesi kimi insanın fəaliyyət formalarından biridir.Bu bir həqiqətdir ki, istəsək də, istəməsək də dinləmək bizim hər birimiz üçün həyati zərurətlərdən birisidir. Elm sübut etmişdir ki,insanların ünsiyyətinin dörddə üçü danışmağın və dinləməyin payına düşür.Hesablamalara görə insanlar öz iş vaxtlarının 9 faizini yazmağa, 16 faizini oxumağa, 25 faizini danışmağa və 50 faizini dinləməyə sərf edirlər. Belə görünür ki, bütövlükdə dinləmə fəaliyyəti digər fəaliyyət növlərini bir neçə dəfə üstələyir. Dinləmək insanın şüurlu fəaliyyətidir, özünəməxsus cəhdidir. Bu cəhd sosial varlıq olan insanın informasiyaya olan ehtiyacından və yaxud gerçəkliyin hadisə və proseslərinə təsir etmək istəyindən irəli gəlir.Dinləmədə həmçinin tərəflərin bir-birinə olan münasibəti (həmfikirliyi,daxili rəğbət hissi,ikrah və s.) öz əksini tapır.

Dinləmə qabiliyyəti insana düşdüyü şəraitə uyğunlaşmağa, nitq qabiliyyətlərini inkişaf etdirməyə, nitqi idarə etməyə və fərdi davranış kompleksini formalaşdırmağa imkan verir. Dinləməyi bacaran insan əks tərəfdə mədəni və mötəbər şəxs kimi qəbul olunur, nitq strategiyası və taktikasından yaxşı istifadə edə bilir, optimal ünsiyyəti qurmaq qabiliyyətlərinə yiyələnir.

Dinləmənin danışmaq üzərində nə kimi üstünlüyü var?

Praktikada belə bir fikir mövcuddur ki, ünsiyyət zamanı təşəbbüs danışanın tərəfində olur, danışan dialoqu idarə edir, yəni “danışmaq” - hakimiyyətə nail olmağın yoludur. Dinləmək isə, zəiflik, iradəsizlik, təşəbbüsü öz əlinə almaq qabiliyyətinin olmaması ilə eyniləşdirilir. Əsl həqiqətdə isə, dinləməyi bacaran insanlar ünsiyyət zamanı həmişə hakim mövqedə olurlar. Məhz dinləməyi bacaran insan əks tərəfin nitqində ona lazım olan informasiyanı tapa bilir. Belə informasiya isə ünsiyyət iştirakçısına böyük üstünlük verir.

Dinləmə həmsöhbətə yaxşı təsir vasitəsidir. Hər bir insan dinləməyi bacaran həmsöhbətlə qarşılaşanda özünə inamı artır və onda əks tərəfə buna görə minnətdarlıq hissi yaranır. Hamımız üçün ən yaxşı həmsöhbətlər bizi dinləyənlərdir. Dinləmə həmsöhbətin sizə inamını artıran vasitədir. Bir çox hallarda heç bir söz demədən həmsöhbətdə yaxşı təəssürat yaratmaq olur. Belə üstünlük həm təlimdə, həm də yaxın insanlar arasında ünsiyyətdə çox əhəmiyyətlidir.

İnsan həmsöhbətinin sözünü kəsəndə və onun hər fikrinə tələsik reaksiya verəndə aşağıdakı mənfi nəticələr əldə olunur:

• informasiyanı tam şəkildə çatdıra bilmir (əks tərəf Sizi sadəcə olaraq dinləməyəcək);

• əks tərəfi qıcıqlandınr (şüuraltı proses);

• özünə qarşı mənfi təəssürat yaradır (belə münasibəti yaxşı tərəfə dəyişmək isə çox çətindir);

Yaxşı dinləmənin əsas üsulları aşağıdakılardır:

1. Diqqəti eşitdiyinizin üzərində cəmləmək (düşünmə sürəti nitq sürətindən 4 dəfə yüksəkdir. Yaranmış zaman fərqini eşitdiklərinizin təhlilinə və nəticələrin çıxarılmasına sərf edin).

2. Mövzunun məzmunundan uzaqlaşmayın. Söhbətin mövzusu üçün ikinci dərəcəli fikirləri, əks arqumentləri, sonrakı sualların düşünülməsini rədd edin.

3. İnsanın psixikasına mənfi təsir göstərən sözlərə reaksiya verməyin. Belə ki, bu zaman əks tərəfdə qeyri- ixtiyari olaraq etiraz etmək istəyi yaranır və bu anda mövzudan kənarlaşma baş verir.

4. Həmsöhbətin sözünü kəsməyin. Əks tərəfin nitqini danışma və şərh etmə ilə eyni zamanda dinləmək çətin olduğu üçün susmaq daha yaxşıdır (söhbət zamanı əks tərəfə hörmətsizlik və laqeydlilik kimi qəbul oluna biləcək saata baxma və digər belə hərəkətlərə yol verməmək).

5. Danışanın nöqsanlı xüsusiyyətlərinə fikir verməmək (əks tərəfin nitqində qeyri-dəqiqlikləri, səhvləri və çatışmazlıqları bildirməklə onun çatdırmaq istədiyi informasiyanı eşitməyəcəksiz).

6. Həmsöhbətin nitqinə münasibət formalaşdırarkən tələsik eşitdiklərinizə qiymət verməkdən uzaq olun. Həmsöhbətə fikrini axıra kimi çatdırmaq imkanı vermək lazımdır. Onun söhbət əsnasında gətirəcəyi faktlar sizin məsələ ilə bağlı rəyinizi dəyişə bilər və yaxud onun baş vermiş hadisəyə sizdən fərqli yanaşması üzə çıxa bilər. Qarşı tərəfin axıra kimi dinlənilməməsi qarşılıqlı anlaşmanın pozulmasına və mübahisələrin yaranmasına gətirə bilər.

Peşəkar dinləmə üsulları maraqlarınızı qorumağa və məqsədə nail olmağınıza kömək edə bilər. Uğurlu ünsiyyətin mühüm şərtlərindən biri də informasiyanın ötürülməsi və alınmasında qarşılıqlı maraqların mövcudluğudur. İnformasiyanın alınmasına maraq isə dinləmək və eşitmək bacarığında təzahür olunur.

Eşitmək və dinləmək ünsiyyətin əsas elementləridir. İlk baxışdan elə görünür ki, dinləməyi hamı bacarır. Təcrübələr göstərir ki, çox az sayda insan lazımi səviyyəli dinləmək qabiliyyətinə malikdir.

Dinləmə ünsiyyətdə daha məhsuldar üsul hesab olunur. Dinləmənin fəal və passiv formaları mövcuddur.

Passiv dinləmə yalnız susmaq deyil, həmsöhbətin sözlərinə diqqətlə qulaqasmanın göstərilməsidir. Söhbət əsnasında Siz diqqətinizi başınızı tərpətməklə, baxışlarınızla və digər qeyri-verbal üsullarla həmsöhbətə göstərə bilərsiz. Eyni zamanda, həmsöhbəti ünsiyyətə həvəsləndirən səmimi replikalardan da istifadə etmək olar: “Bəli, razıyam”, “elədir ki var”, “anlayıram” və s.

Kütləvi işgüzar söhbətlərdə (danışıqlar, təlimatlann verilməsi, mühazirələr və s.) həmsöhbətə diqqət baxışlarla bildirilir, sual və qeydlər reqlamentləşdirilmiş vaxtda və ya həmsöhbətin istədiyi anda səsləndirilir.

Fəal dinləmə yalnız şəxslərarası ünsiyyətdə istifadə olunur. Fəal dinləmənin üç üsulunu qeyd etmək olar:

• təkraretmə;

• emosional dinləmə;

• interpretasiya.

Həmsöhbətin sözünün ya təsdiqedici ya da sualedici intonasiya vasitəsilə təkrar edilməsi onun sözlərinə diqqətin zərif şəkildə qeyd edilməsi üsuludur. Nümunə üçün, rəis ilə dialoq:

müqaviləni ikinci gün ala bilərsiz.

- ikinci gün?

- Bəli, ikinci gün. Bu vaxta kimi bütün sənədləri hazırlamaq lazımdır.

- Bütün sənədləri!

Emosional dinləmə - həmsöhbətin sözlərinin emosiyalarla (fərəh, təəccüb, ironiya, etinasızlıq və s.) bəzədilməsidir. Nümunə üçün sənədlərin hazırlanması tapşırığını almış işçinin digər işçi ilə dialoqu:

- Mənə ikinci günə kimi sənədləri hazırlamaq tapşırığı verilib.

- İkinci günə kimi (sual və təəccüb)?! Sən ki çatdırmazsan.

İnterpretasiya fəal dinləyicinin yüksək ustalıq səviyyəsidir. Həmsöhbətin sözlərini qəbul edərkən passiv dinləmədən istifadə olunur. Həmsöhbət sözünü bitirdikdən sonra Siz ona ondan eşitdiklərinizi qısa şəkildə nəql edirsiz. Bu üsuldan ən mötəbər dinləyici hesab olunan uşaqlar daha çox istifadə edirlər. İnterpretasiyanın tətbiqi zamanı “başqa sözlə Siz hesab edirsiz ki..”, “sizin fikrinizcə”, “deməli, düşünürsüz ki...” ifadələrindən geniş istifadə olunur.

Həmsöhbətin fikrini daha qısa şəkildə ifadə etmək və yeri gəldikdə özünü mövzu barədə mülahizəsini onun diqqətinə çatdırmaq olar. Bunun üçün aşağıdakı ifadələrdən istifadə etmək olar:

• Sizin dediklərinizi ümumiləşdirsək, belə deyə bilərik ki...

• Əgər mən Sizi düzgün anladımsa....

• Demək, Sizin əsas fikriniz ondan ibarətdir ki...

Beləliklə, peşəkar dinləmənin interpretasiya metodundan istifadə etməklə həmsöhbətə fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməkdə, vəziyyətdən çıxış yolunu tapmaqda və ya belə vəziyyətə münasibəti dəyişməkdə kömək etmək olar. Yəni, ünsiyyət zamanı informasiyanın alınması ilə bərabər, həmsöhbətin düşüncəsinə və davranışına təsir göstərmək olar. Bu halda, dinləmə mədəniyyəti idarəetmə mədəniyyətinə çevrilir.

Yekunda nitq mədəniyyətinin aşağıdakı qaydalarını bir daha qeyd etməyimiz yerinə düşər:

• həmsöhbəti dinləməyi bacarmaq (bir çox hallarda dinləmək bacarığı danışmaq bacarığından daha qiymətlidir);

• biz insanı dinləməklə daha çox bilik əldə edir, danışarkən isə yalnız öz bildiklərimizi səsləndiririk;

• insanın rəğbətini qazanmaq istəyirsənsə, özün haqqında danışma və həmsöhbətə onun barəsində suallar ver.

Ümumiyyətlə düzgün dinləmək özü bir ədəbdir. Bu ədəbə riayət olunması insanın ətrafdakılar yanında hörmətini artırar, ünsiyyət prosesini gözəlləşdirər, insanın kamilləşməsinə və hikmətinin artmasına təsir göstərər.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə