Mövzu “BİTKİ ekologiyasi” FƏNNİNİn predmeti, İNKİŞaf tariXİ VƏ problemləRİ. Plan


Yanğının ekoloji amil kimi bitkilərə təsiri



Yüklə 452,13 Kb.
səhifə6/6
tarix14.10.2017
ölçüsü452,13 Kb.
#4732
1   2   3   4   5   6

5. Yanğının ekoloji amil kimi bitkilərə təsiri

İnsan fəaliyyəti ilə əlaqədar olan faktorlardan biri bitki örtüyünün yandırılmasıdır. Meşələrin yandırılmasından ildə 350-360 mln. ton aerozol atmosferə keçir. Yanğın çirklənməsinin 15%-i antropogen mənşəlidir, 50%-i sənaye çirklənməsidir. Meşənin yanması daş kömür dövründə ildırım çaxmasından baş vermiş, sonralar bu insan amili ilə əlaqədar olmuşdur.

Yanğın nəticəsində getdikcə priofit (yanğına davamlı) növlər meydana gəlmişdir. Priofitlər yanğından sonra tez inkişaf edib meyvə verən bitkilərdir. Yanğınadavamlı növlərin yarpağında su çox olur, meyvələri bir neçə ildən sonra cücərir, meyvəsi və gövdəsinin qabığı qalın olur.

Yanğına davamsız növlərin qabığı isə nazik olur. Gövdəsinin qabığı nazik olan ağaclardan: qızılağac, titrək qovaq, fındıq və s. göstərmək olar. Palıdın qabığı qalındır. Odadavamlı palmalarda kambi yoxdur, köklərində yatmış tumurcuqlar var ki, gövdə yandıqda köklərində olan yatmış tumurcuqlar inkişaf edir.

Odadavamlılıqda yuxarıdan budaqlanmanın əhəmiyyəti böyükdür. Yanğından zədələnən bitkilərə parazitlər, göbələklər və bakteriyaların keçmə ehtimalı çoxalır. Yanğın yerinin qara qalıqları (külü) günəş şüasını udduğu üçün torpağın temperaturu yüksəlir ki, orada istisevən bitkilər bitir, erkən yazda torpaq nisbətən yaxşı qızdığı üçün bitkilər tez inkişaf edir. Belə torpaqlara rütubət düşdükdə, çox su saxlayır. Yanan bitkilərin külündə azota tələbatı çox olan bitkilər-nitrofillər yayılır. Bitkilər yanğın yerində, avtoxton yolla, müxtəlif vasitələrlə gətirilərək, transformasiya olunur. Əvvəlcə həmin yerdə bitkilər əlaqəsiz şəkildə tək-tək yayılır. Sonra getdikcə yaşayış mühiti dəyişdikcə bitkilər qruplaşır, bitki örtüyünə xas olmayan növlər tədricən sıradan çıxır. Demək olar ki, belə bitki örtüyü labil bitkilikdir. Bitki örtüyünün stabil hala keçməsi üçün, orta hesabla, çəmənlikdə -25, meşədə 50 ilə kimi formalaşma gedir.

MÖVZU 8. BİTKİLƏRİN HƏYATI FORMALARI (BİOMORFLAR).

PLAN


  1. Həyati formalar bitkilərin mühit şəraitinə uyğunlaşma forması və bitki ekologiyasının sistematik vahidi kimi.

  2. Həyati formaların təsnifatı

-Fanerofitlər

-Xamefitlər

-Hemikriptofitlər

-Kriptofitlər

-Terofitlər

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Həyati formalar bitkilərin mühit şəraitinə uyğunlaşma forması və bitki ekologiyasının sistematik vahidi kimi

Həyati forma (biomorf, boy forması) – bitkilərin uzun zaman ərzində yerli şəraitə uyğunlaşma nəticəsində kəsb etdiyi (onlarda ifadə olunan) xarici görünüşə deyilir (V.V.Alyoxin, 1944).

Həyati formalara ağaclar, kollar, yarımkollar, kolcuqlar, otlar və s. aiddir. Sistematik yaxın olmayan bitkilər eyni mühit şəraitində yaşayış şəraitinə uyğunlaşarkən, onlarda ümumi quruluş (görünüş) yaranır, eyni həyati forma əmələ gəlir. Eyni zamanda bir növə aid bitkilər müxtəlif ekoloji şəraitdə inkişaf edərsə, həyati formaca fərqlənə bilər. Məsələn, tundrada qaraşam, adi küknar, tozağacı və s. ağacların kol formasına (20-25sm) rast gəlinir, Böyük Qafqazın Azərbaycana aid hündür hissəsində ağcaqayın, tozağacı və s. ağacların kol formaları mövcuddur. Əksinə, Qvineyada çay kolu ağac formasında olub, hündürlüyü 5-6m, gövdəsinin diametri 6-7sm-ə çatır. Göründüyü kimi həyati forma bitkilərin bir çox ekoloji amillərə tarixən uyğunlaşmasıdır.

Yer üzərində mövcud olan bitkilərin, xarici görünüş və forma etibarı ilə müxtəlifliyi çox qədimdən tədqiqatçıların diqqətini cəlb etmişdir. Teofrast b.e.300 il əvvəl bitkiləri –ağaclar, kollar, yarımkollar və otlara bölmüşdür. Sonralar həyati forma sistematik məqsədlə istifadə edilmişdir (Çezalpino, 1583; Morison, 1715; K.Linney və digərləri). Bitkilərin müxtəlifliyinə alman coğrafiyaçısı A.Humbolt (1805) da diqqət yetirmiş və o, bütün bitkiləri 17 (bəzi mənbələrdə 19) “formaya” ayırmışdır (palmalar, bananlar, kaktuslar, paxlalılar, taxıllar, əzvaylar və s. formalar). A.Humbolt formaları ayırarkən, qohumluq əlaqələrini deyil, xarici görüşünə görə oxşarlığı nəzərə almışdır.

“Həyat forması” terminini Danimarka botaniki E.Varminq 1884-cü ildə elmə gətirmiş və o, bitkilərin mühit şəraitinə uyğunlaşma reaksiyalarına xüsusi diqqət vermişdir. Həyati forma-yaşayış şəraitinin təsiri ilə xarici görünüşdə təzahür edən uzunmüddətli uyğunlaşmadır.

V.Alyoxin (1944) həyati formaların uyğunlaşma təbiətli olduğunu göstərərək yazırdı: “Həyati forma - bitkilərin uzun müddət yerli yaşayış şəraitinə uyğunlaşması nəticəsində onlarda ifadə olunan zahiri görünüşüdür”. Sonrakı illərdə onlarla tədqiqatçı həyati formaların mühit şəraitinin təsirinin nəticəsi olması fikrini təsdiqləmişlər. Sonralar “həyati forma” anlayışının yeni prinsipial tərifi meydana gəldi: “Həyati forma - ekologiyanın sistematik vahididir” (A.Şennikov, 1962).

İ.Serebryakov da həyati formanı bitki örtüyünün əsas taksonomik vahidi hesab edərək göstərirdi ki, həyati forma –müəyyən mühit şəraitində növün yaşlı fərdlərinin məcmusu olmaqla, özünü yeraltı və yerüstü orqanlarla birlikdə, özünəməxsus ümumi quruluşla büruzə verir.

Morfoloji nişanələrinə görə özünə qədərki təsnifat sistemlərini ümumiləşdirərək İ.Q.Serebryakov (1974) özünün yeni sistemini yaratmışdır. Onun taksonomik sistemi bitki ömrünün uzunluğu və onun skelet oxunun nişanələri əsasında qurulmuşdur. Serebryakova görə həyati formaların taksonomik sistematikasında ali takson şöbədir. Sonrakı taksonlar bunlardır: tip, sinif, yarımsinif, qrup, yarımqrup, bölmə və nəhayət həyati forma.

Serebryakov həyati formaları dörd əsas şöbəyə bölür:

1). ağac bitkiləri; 2) yarımodunlaşmış bitkilər; 3. yerüstü otlar; 4) su otları. Göstərilən şöbələr 8 tipi əhatə edir. Tiplər isə ardıcıl olaraq biomorflara qədər parçalanır. İ.Serebryakovun sistemi hazırda mövcud olan sistemlər arasında ən mükəmməli hesab olunur.

Biologiya və kənd təsərrüfatı üzrə mütəxəssis hazırlığının bakalaviatura səviyyəsində həyati formaların nisbətən sadə təsnifatından istifadə etmək məqsədəuyğundur. Məşhur Danimarka alimi K.Raunkiyerin təklif etdiyi sistem nisbətən sadə, lakin mükəmməl sistemdir.

Həmin sistemin əsasını bitkinin mühüm morfoloji xüsusiyyətləri təşkil edir. O, həyati formaların ayrılmasında bərpa tumurcuqlarının yerləşməsini, xırda ekoloji qruplar ayırmaq üçün isə tumurcuqların mühafizə dərəcəsini, əlverişli olmayan mühitdə yarpaqların olub-olmamasını nəzərə almışdır və s. Raunkiyer həyati formalara təkamüldə uyğunlaşma nəticəsində yaranmış fenomen kimi baxırdı. Raunkiyerə görə bütün ekoloji amillər bitkiləri həyati formalara ayırmaq üçün eyni əhəmiyyətli deyil. Bu məqsədlə, geniş ərazilərdə rütubət və istilik amillərinə diqqət yetirmək kifayətdir.



  1. Həyati formaların təsnifatı

Raunkiyerə görə həyati formaların təsnifatı aşağıdakı kimidir, onlar 5 tipdə birləşir: A) Fanerofitlər, B) Xamefitlər, C) Hemikriptofitlər, Ç) Kriptofitlər, D) Terofitlər.

  1. Fanerofitlər (yunanca faneros-açıq, fiton –bitki) tumurcuqları açıqda olan bitkilərdir. Həmin bitkilərdə tumurcuqlama torpaq səthindən 25sm-dən yuxarıda başlayır. Fanerofitlər 15 yarımtipə bölünür.

Hündürlüklərindən asılı olaraq fanerofitlər 4 qrupa bölünür.

  1. Meqafanerofitlər -30 metrdən hündür ağaclardır. 3 yarımtipi özündə birləşdirir (aşağıda verilir).

  2. Mezofanerofitlər -8-30 metr hündürlükdə olan ağaclardan ibarətdir. 3 yarımtipi var (aşağıda verilir).

  3. Mikrofanerofitlər –hündürlüyü 2-8m olan ağac və kollarla təmsil olnur. 3 yarımtipi var (aşağıda verilir).

  4. Nanofanerofitlər-hündürlüyü 2 metrdən az olan kollardan (ağaclardan) ibarətdir. 4 yarımtipi var.

I,II,III və IV fanerofit qruplarının hər birinin eyni adlı 3 yarımtipi mövcuddur:

  1. Həmişəyaşıllar, tumurcuğunda tumurcuq pulcuğu olmayanlar;

  2. Həmişəyaşıllar, tumurcuğunda tumurcuq pulcuğu olanlar;

  3. Yarpağını tökənlər, tumurcuğunda tumurcuq pulcuğu olanlar.

Nanofanerofitlər qrupunun qeyd olunan bu 3 yarımtipindən əlavə 4-cü yarımtipi də var ki, o “otvari fanerofitlər” adlanır.

Fanerofitlərin 14 və 15-ci yarımtipləri epifitlər və sukkulentlərdir.

Epifitlər (yunanca epi-üzərində, fiton-bitki) başqa bitkilər üzərində yaşayan bitkilərdir, torpaqla əlaqələri olmur. Parazit deyillər, su və qidanı almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ gəlmişdir. (mamır, şibyə, qıjı, yosunlar və s.). Azərbaycanda çox təsadüf edilən ağ bağambürcə epifit bitkidir. Çiçəkli epifitlərə tropiklərdə tez-tez rast gəlinir.

Sukkulentlər (latınca, sukkus-şirə) ehtiyat qida maddələri toplanmağa xidmət edən yerüstü şirəli və lətli orqanları olan bitkilərdir. Zəngçiçəklilər fəsiləsindən olan gözəl briqamiya bu yarımtipə aiddir.

B. Xamefitlər (yunanca xami-alçaq, fiton-bitki) tumurcuqlama torpaq səthindən 25sm-dən yuxarı olmayan bitkilərdir. Bunlara alçaqboylu kollar, yarımkollar və otlar daxildir. Gövdələri ya yerə yatmış, ya olduqca qısa, bir yerə toplaşaraq yastıq əmələ gətirmiş olur. Böyümə konusları qorunur. Raunkiyer bu həyati formanı 4 yarımtipə bölür:

1. Yarımkollar-zoğların yuxarı hissələri vegetasiyanın sonunda quruyur, yalnız aşağı hissələri əlverişsiz şəraitə uyğunlaşır. Yarımtipin nümayəndələrinin bəziləri otvari fanerofitlərdən və digər nanofanerofitlərdən əmələ gəlmişdir. Bu yarımtipə dodaqçiçəklilər, paxlalılar, qərənfilkimilər və s. fəsilələr daxildirlər.

2. Passiv xamefitlər-onların vegetativ zoğlarında yaxşı inkişaf etmiş mexaniki toxumalar olmadığından dik dura bilmir, torpaq üzərinə sərilirlər və kök verirlər. Zoğun üç hissəsi bir qədər yuxarı qalxmış olur. Alp və dağ bitkiləri arasında çox rast gəlinir. Ərəbotu, dovşan kələmi, daşdələn, yastıq otu növləri və s. passiv xamefitlərdir.

3. Fəal xamefitlər-bu bitkilərin vegetativ zoğları əyilərək yuxarı qalxırlar. Alçaq gövdəlidirlər, gövdə torpaqdan azca yuxarı qalxmış olur. Bu yarımtipə qıfotu, kəklikotu, ayıqulağı, qara şümrək və s. aiddir.

4. Yastıqvari bitkilər-zoğları qısa və sıx bitən bitkilərdir. Yastıqvari boy onların böyümə konuslarını əlverişsiz şəraitdən mühafizə edir. Onlar passiv xamefitlərdən əmələ gəlmişlər. Bəzi dağ və yüksək alp bitkiləri (unutmaməni, gəvən, soğan, tıs-tıs(yojik və s.) bu yarımtipə aiddirlər.

C. Hemikriptofitlər (yunanca, hemin –yarıya qədər, kripto-gizlədirəm, fiton –bitki). Əsasən mülayim zonanın ot bitkilərindən ibarətdir. Bərpa tumurcuqları torpaq səviyyəsində yerləşir. Ölü toxuma örtüyü və ya torpaq səthi ilə mühafizə olunurlar. Mülayim qurşağın çoxlu ot bitkiləri, xüsusən çəmən bitkiləri bura daxildir. Həyati forma 3 yarımtipə bölünür:

1. Protohemikriptofitlər (rozetsizlər) –bu bitkilər uzanmış zoğlara malikdirlər. Tumurcuqlanma nöqtəsi zoğun əsasında və ya yan zoğun uclarında yerləşir. Lakin zoğlar hər il zoğun əsasına qədər məhv olurlar. Dazı, moruq, gicitkən və s. növlər buraya aiddirlər.

2. Natamamrozetli hemikriptofitlər-ən iri yarpaqları gövdənin aşağı olduqca qısalmış buğumlarından çıxır. Bu bitkilərdə yarpaq və çiçək daşıyan zoğlar aşağı hissədən – qısalmış buğumlardan çıxır. Bərpa tumurcuqları iri yarpaqların çıxdığı buğumlarda yerləşirlər. Qərənfilçiçəklilər, qaymaqçiçəklilər, çətirçiçəklilər, zəngçiçəklilərin bir çox nümayəndələri bu yarımtipdə birləşirlər.

3. Rozet tipli hemikriptofitlər – bunlarda uzanmış yerüstü zoğların üzərində generativ orqanlar yerləşir. Yarpaqlar və bərpa tumurcuqları isə yalnız zoğun əsasında cəmlənir. Şahçiçəyi, dəvəayağı, bənövşə, zəncirotu, öskürəkotu və s. növlər bu yarımtipə aid bitkilərdir.

Ç. Kriptofitlər –bərpa tumurcuqları torpaq və ya su altında olan bitkilərdir. Kriptofitlər iki qrupa- geofitlərə və tumurcuqları su altında olanlara (helofitlər və hidrofitlər) bölünürlər.

I. Geofitlər (yunanca geo-yer, fiton-bitki) –bərpa tumurcuqları yerin altında olan bitkilərdir. İlin əlverişsiz şəraitini hansı formada keçirməsindən asılı olaraq həyati forma 5 yarımtipə bölünür:

1. Kökümsovlu geofitlər – uzanmış üfüqi kökümsovlara malikdirlər. Cil, əsmə, qulançar, toyçiçəyi və s. bura aiddir.

2. Gövdə yumrulu geofitlər-bərpa tumurcuqları gövdə mənşəli yumrularda yerləşən bitkilərdir (kartof, yerarmudu, pion və s.).

3. Kök yumrulu-kökümsovlu geofitlər -əlverişsiz şəraitdə yerüstü orqanlar məhv olur, yeraltı kökümsov və kökyumruları isə həyat qabiliyyətlərini saxlayırlar (çöl qanqalı, çöl sarmaşığı və s.).

4. Soğanaqlı geofitlər-ehtiyat qida maddələri və bərpa tumurcuqları soğanaqlarda toplanır. Soğan, xincalaus, qaz soğanı, zambaq, novruzgülü və s. növlər bu yarımtipə aiddir.

5. Tumurcuqköklü geofitlər –bəzi geofitlərdə torpaqaltı əlavə tumurcuqlar müşahidə olunur. Məsələn, yaz qaymaqotunda və digər növlərdə köklərdə əlavə tumurcuqlar da vardır.

II. Helofitlər (yunanca, helos-bataqlıq) və hidrofitlər (hidro-su, fiton-btki, ) bərpa tumurcuqları suyun altında olan kriptofitlərdir. Tumurcuqları su altında yerləşən kriptofitlər 2 yarımtipə bölünür:



  1. Helofitlər –bu bataqlıq bitkilərində vegetativ zoğlar suyun səthinə qalxır. Gəccəvər, qurbağa otu, qamış və digər bitkilər bu yarımtipə daxildir.

  2. Hidrofitlər –bunlarda vegetativ zoğlar suya girmişlər (ağ suzanbağı, kanada elodeyası, qovuqca və s.).

  3. Terofitlər - (yunanca, teros – yay, fiton-bitki). İlin əlverişsiz dövrünü toxum vəziyyətində keçirən birillik bitkilərdir. Səhra, yarımsəhra və bozqırlarda yayılmış və yaşayış tərzi ilə seçilən bitkilərdir. Efemerlər tez-tez rast gələn terofitlərdir.

Nəticədə qeyd etmək lazımdır ki, həyati formaların, onların nişanələrinin, əlverişsiz şəraitə uyğunlaşmalarının, yaş dəyişmələrinin və çoxalmalarının öyrənilməsi nəinki nəzəri, həmçinin böyük təcrübi əhəmiyyətə malikdir. Bitkilərin bu xüsusiyyətlərini bilmədən, onları insanın xeyrinə iqlimləşdirmək və mühafizə etmək olmaz.

© a.e.f.d. Vüqar V. Bəşirov

Yüklə 452,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə