Mövzu “BİTKİ ekologiyasi” FƏNNİNİn predmeti, İNKİŞaf tariXİ VƏ problemləRİ. Plan



Yüklə 452,13 Kb.
səhifə3/6
tarix14.10.2017
ölçüsü452,13 Kb.
#4732
1   2   3   4   5   6

PLAN

  1. Bitki həyatında suyun əhəmiyyəti.

  2. Hidrofitlər.

  3. Hiqrofitlər.

  4. Mezofitlər.

  5. Kserofitlər.

  6. Havanın qaz tərkibi, oksigen və karbon qazının bitki həyatında rolu.

  7. Havada olan zərərli qatışıqlar və bitkilərdə onlara qarşı davamlılıq

  8. Havanın fiziki xüsusiyyətlərinin bitkilərə ziyanlı təsirləri.

  9. Küləklərin bitkilərə faydalı təsirləri.

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Bitki həyatında suyun əhəmiyyəti

Su rejimi Yer üzəridə ayrı-ayrı zonalarda və ilin fəsillərində dəyişdiyindən, rütubət amili də bitki həyatında böyük rol oynayan ekoloji amilə çevrilir.

Bitki həyatında suyun böyük əhəmiyyəti vardır:



  1. su çatışmadıqda orqanizmin həyat fəaliyyəti pozulur, canlı susuz yaşaya bilməz;

  2. su bitkilərdə biokimyəvi proseslərin getməsi üçün mühitdir;

  3. su bitkilərin canlı plazmasının tərkib hissəsidir, sitoplazmanın kolloid quruluşunu təmin edir;

  4. fotosintez suyun iştirakı ilə gedir;

  5. fermentlərin aktivliyi və hüceyrənin turqor vəziyyəti sudan asılıdır;

  6. su bitki daxilində müxtəlif maddələrin hərəkətini təmin edir;

  7. buxarlanma nəticəsində bitki suyu itirərək, artan su gərginliyini saxlayır, bitkilərin qızmasını normallaşdırır və s. Bitki orqanları, adətən 50-90% (kserofitlər-50, sukkulentlər 90%), bəzən isə daha çox su saxlayırlar. Bitki tərəfindən qəbul edilən suyun cəmi 0,5-1,0%-i bitki kütləsinin sintezinə sərf olunur. Bir qram quru bitki kütləsinin yaranmasına 200-1000 qr su sərf olunur (transpirasiya əmsalı).

Bitki üçün mühitdə olan suyun da əhəmiyyəti böyükdür. Su bitkilərin böyümə və inkişafını tənzimləyən vacib ekoloji amil olduğundan, burada atmosfer və torpaq quraqlığının böyük əhəmiyyəti var.

Atmosfer quraqlığı –havanın rütubət defisiti (h.r.d) ilə xarakterizə olunur və o, böyük ekoloji əhəmiyyət kəsb edir.

H.r.d.= 100% - h.n.r.

burada, h.n.r. –havanın normal rütubətliliyidir, %-lə

havadakı su buxarının elastikliyi

H.n.r. = * 100% (nisbi rütubət)

doymuş su buxarının elastikliyi

Məsələn, Amazonka çayı ətrafında havanın orta illik normal rütubəti 89% olduğu halda (kəsr11%), Amudərya çayı ətrafında isti günlərdə 5% olur (kəsr 95%). Nisbi rütubət və ya havanın normal rütubəti eyni bitmə yerində fəsillər və hətta sutka üzrə dəyişir. Nisbi rütubətin küknar meşəsində sutkalıq gedişi aşağıdakı kimi olur:




nisbi rütubət, %-lə
100 -

meşə altında

50 -

meşə üzərində



0 2 4 6 8 10 12 14 16 18 20 22 24 sutkanın vaxtları

Şəkil 1. Küknar meşəsində nisbi rütubətin sutkalıq gedişi.

Küknar meşəsində nisbi rütubət səhərə yaxın maksimum, günorta saatlarında isə minimum olur.

Torpaq quraqlığı –torpaqdakı bitki tərəfindən mənimsənilə bilən suların miqdarı ilə ifadə olunur. Bitki torpaqdakı sərbəst (qravitasiya və qrunt suları) və kapillyar su formalarını yaxşı mənimsəyir. Hiqroskopik su forması zəif mənimsənilir. Torpaqdakı mənimsənilə bilməyən su formaları - buxar şəkilli su və kristallaşma suyudur.

Torpağın normal su potensialı 15 bardır (1bar = 0,987atmosfer; 1atm=105 paskal).Torpaqda normal su potensialı 10 bardan 20 bara qədər dəyişdikdə bitkilər quruyurlar.

Suyun mənbəyi atmosfer çöküntüləridir. Onlar yağış, qar, dolu, şeh, çiskin, duman şəklində yerə düşür. Məsələn, duman və çiskinli günlərdə sutka ərzində yer səthinə 0,2 mm yağıntı düşür. Atmosfer çöküntüləri, əsasən bitki kökləri vasitəsi ilə torpaqdan sorulur.

Atmosfer çöküntülərinin hər birinin ekoloji əhəmiyyəti var. Duman temperaturu mülayimləşdirir, bitkilərin su ilə təmin olunmasına şərait yaradır. Qar örtüyü istiliyi mühafizə edir. Qar və torpaq donarkən əmələ gələn buz bitki üçün su mənbəyidir.

Yer kürəsində ümumi suyun miqdarı 1500 mlrd km3-dir. Onun 97%-i dəniz və okeanların payına düşür. Şirin sular dünya su ehtiyatının 3%-ni təşkil edir (97%-i duzludur) .

Yer səthinə düşən çöküntülər həcmində su buxarlanır. Orta hesabla Yer kürəsinə ildə 97,3 sm yağıntı düşür və o qədər də buxarlanır. Okean üzərindən ildə 116-124sm su buxarlandığı halda, 107-114 sm yağmur düşür. Balans gələn su hesabına dolur. Quruya isə, orta hesabla, 71sm yağıntı düşdüyü halda, 47sm buxarlanır. Soyuq Arktika ilə quru səhralara eyni miqdarda -150-250mm rütubət düşür, temperatura fərqlərinə baxmayaraq, hər iki zona səhralıqdır. Orta illik yağıntılar Orta Asiya səhralarında 10sm, Lənkəranda-125sm və Batumda 247sm təşkil edir. Göründüyü kimi Yer səthinin rütubətlə təminatı fərqləndiyindən, su bitkilər üçün başlıca ekoloji amilə çevrilir və bitkilərin yayılmasını nizamlayır.



  1. Hidrofitlət

Suya olan tələbatlarına görə A.P.Şennikov (1950) bitkiləri 6 ekoloji qrupa bölür: hidrofitlər, hiqrofitlər, mezofitlər, kserofitlər, psixrofitlər (soyuq rütubətli şimal və hündür dağ bitkiləri) və kriofitlər (quru soyuq yer bitkiləri – Qafqaz və Naxçıvan dağ yüksəklikləri bitkiləri).

Hidrofitlər (yunanca hidro-su, fiton-bitki) suda sərbəst üzən və suya tam girmiş su bitkiləridir (elodeya, suzanbağı, suçiçəyi, oxyarpaq və s.). Bəzi hidrofitlər (məsələn, buynuzyarpaq) hətta suyun altında çiçəkləyirlər.



Təkamül prosesində hidrofitlər su mühitində müəyyən uyğunlaşmalara uğramışlar:

  1. suda işıqlanma zəif olduğundan, xloroplastlar su bitkilərində yalnız mezofildə deyil, həmçinin epidermisdə yerləşirlər;

  2. suda oksigen havaya nisbətən az olduğundan hidrofitlərdə hava zolağı və hüceyrə aralıqları, hiqrofitlərlə müqayisədə, çoxdur;

  3. su bitkilərində heterofiliya (yarpaq müxtəlifliyi) daha çox müşahidə edilir. Su mühitində (içərisində) yarpaqlar kiçik, su səthində isə iri olur. Sualtı yarpaqların epidermisi nazikdir, kutikula və tükcüklər yoxdur. Belə yarpaqlar suyu asan qəbul edir;

  4. su bitkilərində mexaniki toxumalar zəif inkişaf etmişdir;

  5. suyun dibində inkişaf etmiş bitkilərdə (bentoslar) kök sistemi güclüdür, plankton bitkilərdə isə kök sistemi reduksiya olunmuşdur. Su və mineral qida maddələri bu cür bitkilərə yarpağın nazik lövhəsindən daxil olur;

  6. vegetasiya dövründə temperatura suda havaya nisbətən aşağı olur, buna görə də su bitkilərində vegetativ çoxalma üstünlük təşkil edir.



  1. Hiqrofitlər (yunanca hiqros - rütubət, fiton - bitki)

Bu qrupa rütubətli yerlərdə bitən bitkilər-bataqlıq, göl və çay sahili, rütubətli çəmən və müşə bitkiləri aiddirlər. Floramızda rast gəlinən xınagülü, dilqandalı hiqrofitlərdəndir. Tropik hiqrofitlər rütubətli tropik meşə və ot bitkiləridir. Onlarda kutikula və yarpaq lövhəcikləri nazikdir. Atmosfer rütubəti hiqrofitlərin həyatında mühüm rol oynayır (epifitlər). Kutikula buxarlanması onlar üçün səciyyəvidir, ağızcıqlar həmişə açıqdır. Artıq su (quttasiya suyu) hidatorlar vasitəsi ilə xaric olunur. Səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

  1. torpaq suyunda və torpaqda oksigenin çatışmaması ilə əlaqədar, onların yarpaq, gövdə və köklərində hüceyrəarası sistemlər (hüceyrə aralıqları və hava zolaqları) inkişaf etmiş olur. Lakin bunlarda aerenxim toxumaların inkişafı hidrofitlərə nisbətən zəifdir;

  2. çox rütubətli torpaqlarda bitən bitkilərdə hava kökləri formalaşır. Hava (tənəffüs) kökləri tropiklərdə manqro cəngəlliklərində (İran körfəzi, Qırmızı dəniz, Cənubi Braziliya, Yeni Zelandiya və s.) bitən bitkilərdə rast gəlinir. Manqro bitki örtüyündə 8 fəsiləyə aid olan 26 bitki növü (həmişəyaşıl kol və ağaclar) yayılıb. Bunlar içərisində Rhizophoraceae, SonneratiaceaeVerbenaceae fəsilələrinin növləri çox saylıdır. Oksigen çatmadıqda rütubətli çəmən bitkiləri, adi qamış yerüstü sürünən əlavə köklər (bəzən 1-2metrə kimi) verməklə həyatlarını təmin edə bilirlər.



  1. Mezofitlər (yunanca mezos-orta, fiton-bitki).

Mülayim iqlim vilayətlərində bitən orta dərəcədə rütubətə uyğunlaşan bitkilərdir. Əksər kənd təsərrüfatı bitkiləri mezofitlərdir. Çəmən otları (çəmən yoncası, pişik quyruğu, inciçiçəyi və s.), ağaclar (ağ şam, qızılağac, tozağacı və s.), dirrik bitkiləri (kələm, soğan, şüyüd və s.), bir çox tarla bitkiləri (kartof, vələmir və s.) və digərləri mezofit bitkilərdir.

Mədəni mezofit bitkilər yüksək dərəcədə ekoloji plastikliyi və qısa müddətli su çatışmazlığına davamlılığı ilə fərqlənirlər. Generativ orqanların əmələ gəlməsi dövründə onlar quraqlığa çox həssasdırlar. Sorqo, buğda, qarğıdalı və çovdar quraqlığa nisbətən davamlı mezofit kənd təsərrüfatı bitkiləridir.

Mezofitlərin yarpaq toxumaları yuxarı səthdə sıx süngər parenximindən, aşağı səthdə isə yumşaq parenximdən təşkil olunur. Damarlanma şəbəkəsi kserofitlərə nisbətən sıxdır.

A.P.Şennikov (1950) mezofitləri 5 qrupa ayırır:

1. rütubətli tropik həmişəyaşıl meşələrin mezofitləri;

2. qışda yaşıl ağacvarı mezofitlər;

3. yayda yaşıl ağacvarı mezofitlər;

4. Yayda yaşıl otları (çoxillik və birillik) mezofitlər;

5. efemerlər və efemeroidlər;

Efemerlər – birillik, alçaqboylu, kök sistemi zəif inkişaf etmiş səhra, yarımsəhra və bozqırlarda yayılan və bütün inkişaf mərhələlərini bir neçə həftədə (1,5-2,5ayda) başa çatdıran bitkilərdir. Yaz və payız efemerləri ayırd edilir. Onlar rütubət olduqda bitir, quraqlıq başladıqda inkişafı başa çatdırırlar. Əlverişsiz şəraiti toxum halında keçirirlər. Yastıqotu, yaz dəstərəyi, yaz xaççiçəyi, çöl bənövşəsi və s. bitkilər efemerlərdir. Qobustan, Acınohur, Ceyrançöl və qış otlaqlarının yem bazasının əsasını təşkil edirlər. Onların təsərrüfat əhəmiyyəti böyükdür.

Efemeroidlər-kökümsov, kök yumrusu və soğanaq əmələ gətirən çoxillik bitkilərdir. Onlar erkən yazda və payızın sonunda inkişaf edirlər. Meyvə və toxum əmələ gəldikdən sonra efemeroidlər torpaqda soğanaq, kökümsov və kökyumrusu şəklində qalır. Əlverişli şərait yarandıqda – vegetativ yolla çoxalırlar. Quraqlıq rayonların efemeroidlərinin yeraltı orqanları müəyyən rütubət ehtiyatı saxlayaraq, quraqlıq şəraitə uyğunlaşırlar. Efemeroidlərə soğanaqlı soğan, zanbaq, qazsoğanı, kökümsovlu cillər və s. aiddir.


  1. Kserofitlər (yunanca ksero-quru, fiton-bitki)

Kserofitlər quraqlıq bitkiləridir. Atmosfer və torpaq quraqlığında uzun müddət fizioloji fəallığını saxlayırlar. Tipik kserofitlər üçün orqanların kseromorf quruluşu səciyyəvidir:

1) yarpaqlar sıxdır (bərkdir), möhkəmdir, kutikula qalındır, mexaniki toxumalar çoxdur. Buna görə çox su itirdikdə belə, bitki turqor gərginliyini itirmir;

2) yarpaqlar uzununa bükülür, ağızcıqlar bükülmüş hissədə qalır. Topal, şiyav, ceyranotu və s. bu kimi bozqır taxıllarda yarpaqlar qeyd olunan quruluşdadır;

3) bir çox kserofitlərdə yarpaqlar reduksiyaya uğramışdır;

4) bəzi kserofitlərin yarpaqlarının səthi mum işartısı ilə örtülüdür;

5) kserofitlərin yarpağında iki cərgə çəpərvarı parenxim toxumaları yerləşir;

6) kserofitlərdə hüceyrə şirəsinin osmotik təzyiqi yüksəkdir.

Ən tipik kserofitlər də quraqlığı sevmirlər, onlar yalnız quraqlığa davamlı bitkilərdir. Tipik kserofitlərdə sadalanan əlamətlərin olmasına baxmayaraq, torpaqda su çoxaldıqda onlar suyu çox buxarlandırırlar. Deməli, onlar suyu həm qənaətlə sərf edə, həm də torpaqdan sürətlə ala bilərlər.

Bəzi kserofitlərdə ikimərtəbəli kök sistemi vardır. Püstənin yuxarı kökləri 80sm, aşağı kökləri isə 160-180sm dərinliyə gedərək, ilin müxtəlif vaxtlarında onu su ilə təmin edə bilir. Bu səbəbdəndir ki, Naxçıvan və Orta Asiya kimi quraqlıq zonalarda püstə bitə bilir.

Bundan əlavə, kserofitlərin güclü inkişaf etmiş kök sistemi çox geniş sahədən suyu sora bilir (məsələn, qara saksaul). Yayda güclü quraqlıq dövründə kserofitlərdə boy artımı dayanır, yarpaqlar tədricən tökülür.

A.P.Şennikov (1950) quraqlığa uyğunlaşmalarına görə kserofitləri iki qrupa bölür; sukkulentlər və sklerofitlər. P.A.Qankel (1965) isə kserofitləri 5 tipə ayırır: sukkulentlər, eukserofitlər, hemikserofitlər, poykilokserofitlər və stipakserofitlər.

1. Sukkulentlər – qalın, ətli, şirəli yerüstü orqanlara malik kserofit bitkilərdir. Parenxim toxumaları güclü inkişaf etmişdir, hüceyrələrdə çoxlu su saxlayırlar. Kür hövzəsində şorani yarımsəhralarda bitən sarıbaş bitkisi tipik sukkulentdir. Gövdəli (kaktuslar, südləyənlər) və yarpaqlı (aqavalar, əzvay, maldili və s) kserofitlər də bu tipə aiddir.

2. Eukserofitlər, yəni həqiqi kserofitlər. Mexaniki və ötürücü toxumaları yaxşı inkişaf etdiyindən yarpaqları möhkəm və bərk olur, su ehtiyatı saxlamır. Osmotik təzyiqi yüksəkdir. Güclü kök sistemi suyu asanlıqla yarpaqlara çatdırır. Bu qrupa bozqırlarda bitən yovşan, çayır, bulaq otu və digər növlər aiddir.

3. Hemikserofitlər-kök sistemi 5-6 metr və daha çox dərinə gedən bitkilərdir. Quraqlığı pis keçirirlər. Qumlu səhralarda geniş yayılıblar (sürvə, dəvətikanı və s.).

4. Poykilokserofitlər – su rejimini nizamlaya bilməyən bitkilərdir (əksər şibyələr, bozqır mamırları və yosunları). Quru və isti havada onlar quruyur, anabioz vəziyyətə düşür, yağışdan sonra “dirçəlir”.

5. Stipakserofitlər – bu qrupa sıxkollu bozqır taxılları (şiyav, topal və s.) aid edilir. Onların kök sistemi güclü inkişaf etdiyindən qısamüddətli yağış suyundan da istifadə edirlər. Yalnız qısamüddətli quraqlığa dözə bilirlər.



6. Havanın qaz tərkibi, oksigen və karbon qazının bitki həyatında rolu

Havanın ekoloji amil kimi bitkilərin həyatında rolu böyükdür. Hava qaz halında olan müxtəlif maddələrin qarışığıdır. Digər ekoloji amillərdən fərqli olaraq Yer kürəsinin müxtəlif zonalarında havanın kimyəvi tərkibi, demək olar ki, eynicinslidir. Hava 78,06% azotdan, 21,0% oksigendən, 0,9% arqondan, 0,03% karbon qazından 0,01% hidrogen, neon, helium, ammonyak və digər qazların qarışığından ibarətdir. Havada bütün hallarda su buxarı da olur ki, buxar çox isti və şaxtalı günlərdə yox dərəcəsinə qədər azala bilir. Bitki həyatında oksigen və karbon qazının əhəmiyyəti xüsusilə böyükdür.

Oksigen. Oksigenə təbiətdə molekulyar O2, atomar (O) və ozon (O3) şəklində rast gəlinir. Oksigenin təbii mənbəyi yaşıl bitkilərdə gedən fotosintez prosesidir, oksigen bu prosesdə yaranır. Yaşıl bitkilər bir ildə 1,2-4,78 . 1011ton (120-487mlrd. ton) və ya ümumi atmosfer oksigeninin 0,01%-ni hasil edirlər. (ümumi atmosfer oksigeni 2,8 . 1014 tondur).

Bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən biri atmosferdə oksigen balansını qoruyub saxlamaqdır. Atmosferdə oksigen qatılığının azalması canlı aləmi ultrabənövşəyi şüaların öldürücü təsirinə məruz qoyur. Ozon qatı (20-40 və ya 15-35 km yüksəklikdə) bu şüaların təsirini 6500 dəfə azaldır.

Atmosferdə oksigenin çatışmazlığı:


  1. yanacağın yandırılmasına sərf olunması və

  2. bərpa olunma mənbələrinin məhdudlaşması ilə əlaqədardır. Son illərdə insanın təsərrüfat fəaliyyəti nəticəsində təkcə yanmaya milyard tonlarla oksigen sərf olnur. V.Q. Baqdanovun (1970) hesablamalarına görə, 60-cı illərlə müqayisədə, yüz il əvvəl yanmaya 10 dəfə az oksigen sərf olunurdu. Yanacaqların yanmasına ildə 14 milyard ton və ya bir ildə hasil olunan oksigenin 12%-i sərf olunur. F.Y.Şipunovun hesablamalarına görə yanmaya sərf olunan oksigenin miqdarı bu sürətlə artarsa, illik sərf olunan oksigen hasil olunana bərabər olacaqdır. Təkcə Atlantik okeanını keçməklə qitələr arası uçan bir reaktiv təyyarə atmosferdə 35 ton O2 və O3 yandırır (R.Dayo, 1975).

Digər tərəfdən, son 10 ildə meşə sahələri 2 dəfə azalmışdır. Hər il 15 milyon hektar meşə qırılır və bərpa olunmur. Minlərlə hektar bitki örtüyü SES və s. tikintilər inşa etdikdə su altında qalır, məhv edilir.

Yaşıl bitkilər havasız yaşaya bilməzlər. Oksigen bitkilərin tənəffüsü zamanı mənimsənilir. Bitkilərin fotosintez zamanı mühitə buraxdığı oksigenin miqdarı tənəffüs prosesində qəbul etdiyi oksigendən 10-30 dəfə artıqdır.

Hazırda oksigen Yer üzərində, bəzi müstəsnalardan başqa, bərabər paylandığından məhdudlaşdırıcı rol oynamır və quruda bitən bitkilər üçün elə bir ekoloji əhəmiyyəti yoxdur. Lakin bu məhdudlaşdırıcı amil su və torpaq mühitlərində özünü göstərir. Suyun üst qatlarında həll olan qazların 35%-ni oksigen təşkil edir. 200-600 metr dərinlikdə oksigen 11,4%, 800-1600 metrdə isə 15,5-23,4% olur. Sularda oksigenin miqdarı və paylanması temperaturdan, suyun qatlarının hərəkətindən və orada yaşayan bitkilərin xüsusiyyətlərindən asılıdır. Yaşıl bitkilərlə zəngin olan durğun sular oksigenlə daha çox doymuş vəziyyətdə olur və hətta belə sulardan oksigen atmosferə buraxılır.

Torpaq havasında olan oksigen də dərinliyə getdikcə azalır, 4-6 metrdə 15-17,3%-lik səviyyəyə düşür. Bataqlıqlarda və digər sularda oksigen çatışmazlığın-dan bitkilərdə bir çox morfoloji-anatomik dəyişikliklər əmələ gəlir:



  1. gövdənin bazal hissəsində kövrək hüceyrələr yaranır;

  2. hüceyrələrin qılafı və köklər nazikləşir;

  3. köklərin budaqlanması azalır, sorucu çıxıntılar əmələ gəlmir;

  4. gövdənin əsasından yeni əlavə köklər inkişaf edib yer səthinə uzanır. Bir sözlə, rizosferanın həcmi kiçilir, köklər qısalır və səthi vəziyyətə keçir. Rütubətli çəmən otlarında və qamışda yerüstü sürünən əlavə köklər, tropik manqr cəngəlliyi bitkilərində isə hava kökləri əmələ gəlmişdir.

Oksigen çatışmadıqda köklərdə hava boşluqları olan toxumalar-aerenxim formalaşır, su altı orqanların xarici səthi böyüyür (su altı yarpaqlarda ağızcıqlar olmadığından, oksigen hüceyrə qılafından diffuziya yolu ilə daxil olur).

Karbon qazı.

Karbon qazının mənbəyi müxtəlif yanmalar, bitki və heyvanların tənəffüsü, vulkanlar, torpaq mikroorqanizmlərinin fəaliyyəti və digər proseslərdir. Atmosferdə karbon qazının normal miqdarı 0,03%-dir (və ya 1 litr havada 0,57mq-dır). Havada karbon qazının miqdarının 0,05% olması yolverilən həddir. O, 0,03-0,05% arasında olduqda, bitkilərin məhsuldarlığı artır. Havada CO2-nin miqdarı 0,07%-ə çatdıqda canlıların tənəffüsü çətinləşir.

Atmosferdə karbon qazının miqdarı gündəlik, mövsümi və illik tərəddüd etdiyindən o, ekoloji amil rolunu oynayır:


  1. gecələr bitkilərdə assimilyasiya prosesi kəsildiyinə görə havada CO2-nin miqdarı gündüzə nisbətən yüksəlir (0,04%-ə qədər);

  2. payızda assimilyasiya zəif getdiyindən havada karbon qazının qatılığı artır;

  3. yayda bitkilərdə fotosintezin sürətli yüksək olduğundan atmosferdə CO2-nin qatılığı aşağı düşür;

  4. havada CO2-nin qatılığının artması infraqırmızı şüaların torpaqdan əks olunmasını çətinləşdirir və atmosfer istiləşir (istixana effekti adlanır). Havada CO2-nin miqdarı 0,06% olarsa, temperatur 10C artır.

Son illərdə atmosferdə CO2-nin miqdarı 0,03%-i aşaraq, onun ümumi miqdarı 2,25 . 1012 tona çatmışdır (F.Ramad, 1981). Bu miqdarda karbon qazı, başqa mənbələrə ehtiyac olmadan, 35 il Yer kürəsində yaşıl bitkilər tərəfindən həyata keçirilən fotosintez prosesini təmin edə bilər. Hər il, təkcə sənayedən atmosferə 20 mlrd. ton CO2 daxil olur və yaxın vaxtlarda bu göstəricinin 4-5 dəfə artacağı gözlənilir (A.A.Niçiporoviç).

7. Havada olan zərərli qatışıqlar və bitkilərdə onlara qarşı davamlılıq

Sənayenin inkişafı ilə əlaqədar atmosferin çirklənməsi artmaqdadır. Havada CO2-nın, sinil turşusu, xlor, ammonyak, müxtəlif ammonium birləşmələri, kükürd qazı, sulfid turşusu və s. miqdarı artmaqdadır. Təcrübələr göstərir ki, havada SO2 1/5000 və H2SO3 (sulfid turşusu) isə 1/1000000 həcmdə olduqda bitkilərə öldürücü təsir göstərir.

İldə atmosferə 8,5 min ton NO, freon-11 (CFCl3), freon-12 (CF2 Cl2), aerozol və soyuducularda istifadə olunan qazlar buraxılır. Bunlar biosfer və ozon təbəqəsinə arzuolunmaz təsir edir. XX əsrdə ozon təbəqəsinin 5-10%-nin (bəzi məlumatlara görə 20-30%-nin) azalması qeyd edilir.

Havanın tərkibində üzvi (bakteriya və digər kiçik canlılar) və mineral mənşəli təbii toz, həmçinin kosmik fəzadan daxil olan kosmik toz da vardır.

Təmiz havanın indikatorları olan şibyələrə böyük şəhərlərdə bitən ağacların gövdələrində rast gəlinmir. Havada SO2-nin miqdarı 0,01% olduqda şibyələrin tənəffüsü pozulur.

Sənaye şəhərlərinin havası iynəyarpaqlılar (xüsusən ağ şam) üçün də zərərlidir. Moskvada Botanika bağında son 25-30 ildə iynəyarpaqlılar çox pis inkişaf edir. Ağacların təpə hissəsi və yarpaqları məhv olur, budaqlanma anormal olur və s.

İri şəhərlərdə və sənaye mərkəzlərində havanın tərkibi bir çox zərərli birləşmələrlə çiçəklənir. Qurum, his, kül və digər yanacaq tullantıları yarpaqların səthinə yığılır, fotosintez və tənəffüsün sürətinə təsir göstərir. Aseton, etilen, SO2, azot oksidi, qurğuşun oksidi bitkinin yaşıl hissəsindəki xlorofili dağıdaraq bitkilərə öldürücü təsir göstərir.

Ağaclar otlara nisbətən çox zədələnir. Zərərli qazlara qarşı ağacların həssaslığı müxtəlifdir. Ən həssaslarından başlayaraq onları aşağıdakı kimi sıralandırmaq olar:

-iynəyarpaqlılar: ağ şam, küknar, şam, qara şam;

-enliyarpaqlılar: fıstıq, palıd, ağcaqayın, cökə, göyrüş, armud, ərik, qarağac, toz ağacı.

Bir çox kimyəvi zavodların ətrafında şam ağaclarının məhv olmasına baxmayaraq, zərərli tullantılar toz ağacına heç bir təsir etməmişdir.

Qaz tullantılarının təsir mexanizmi çox mürəkkəbdir. Onlar fotosintezin pozulmasına səbəb olur, transpirasiya və tənəffüsə, assimilyasiya olunan maddələrin axınına və s. təsir edirlər.

Krasinskiy zərərli qazlara davamlılığın üç növünü ayırır: 1) bioloji; 2) morfoloji-anatomik; 3) fizioloji. Bioloji, morfoloji-anatomik və fizioloji xüsusiyyətlərinə görə adi zirinc, qarağac, tikanlı küknar, şabalıd, adi doqquzdon, parlaq dovşanalması, gümüşü iydə, adi çaytikanı, kanada qovağı, tozağacı və digər bitkilər havanın çirklənməsinə davamlıdır. Şəhərlərin və sənaye mərkəzlərinin yaşıllaşdırılmasında həmin bitkilərdən istifadə etmək məqsədəuyğundur.

8. Havanın fiziki xüsusiyyətlərinin (küləyin) bitkilərə ziyanlı təsirləri

Havanın qaz tərkibindən başqa fiziki xüsusiyyətlərinin də bitkilərin həyatında böyük rolu vardır. Havanın sıxlığı və təzyiqi digər ekoloji amillərə təsir göstərir.

Temperatura və təzyiqin təsirindən hava daim hərəkətdə olur. Havanın bu cür hərəkəti külək adlanır. Külək bitkilərə birbaşa və dolayısı ilə təsir göstərməklə, böyük ekoloji əhəmiyyətə malikdir. Bitki həyatı üçün küləklərin həm ziyanı, həm də faydası vardır.

Küləyin bitkilərə ziyanı aşağıdakılardır:



  1. səhradan əsən küləklər istilik rejimi yaradır;

  2. havanın hərəkəti transpirasiyaya təsir edir, suyun sürətlə buxarlanmasına səbəb olur;

  3. külək torpağı qurudur,

  4. külək yarpaqları zədələyərək və yerə tökərək bitkilərin assimilyasiya səthini azaldır. Belə bitkilərdə fotosintez nəticəsində əmələ gələn üzvi maddələr bitkini təmin edə bilmir və nəticədə məhsuldarlıq aşağı düşür (kövrək xirnik bitkisi küləkli Abşeronda zəif inkişaf edir);

  5. güclü küləklərin təsirindən ağaclar qırılaraq məhv olur. Küknar, tozağacı və digər bitkilərin kök sistemi səthdə yerləşdiyindən güclü küləklər ağacları kökündən qoparıb, yerə yıxır. 1904-cü ildə uraqan Moskvanın Lefortov ərazisində şam massivini tam məhv etmişdir;

  6. yüksək dağlarda, dəniz və okeanların sahillərində külək eyni istiqamətdə əsdiyindən ağaclarda bayraq formalı çətir əmələ gəlir. Küləyin gəldiyi tərəfdə budaqlar tam məhv olur və ya pis inkişaf edir. Gövdədə illik halqalar külək istiqamətində yaxşı, əks tərəfdə zəif inkişaf etdiyindən, gövdə torpağa doğru əyilərək eybəcər forma alır;

  7. külək ot bitkilərinə də mexaniki təsir göstərir. Boy atmış əkinlər, çəmən otları küləyin təsirindən yerə yatır. Bu bitkilərdə həyati proseslər pozulur, məhsuldarlıq aşağı düşür.

Palıd küləyə qarşı davamlıdır. İynəyarpaqlılar arasında kanada küknarı, tikanlı şam küləyə qarşı çox davamlı olduğundan, onları dəniz kənarlarında əkirlər.

Yüklə 452,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə