22
edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb
edilə bilər”.
Müddəadan görünür ki, işçinin fərdi əmək mübahisəsini həll
etmək üçün təkbaşına tətil hüququndan istifadə etməsi onun iş
yerini itirməsi ilə nəticələnə bilər. Bu baxımdan fərdi əmək
mübahisəsinin həlli vasitəsi kimi təkbaşına tətil etmək risklidir
və bu baxımdan digər vasitələrdən istifadə edilməsi daha
məqsədəuyğundur.
Məhkəmələr vasitəsi ilə fərdi əmək mübahisələrinin həlli
Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı
maddəsində göstərilir ki,
“Hər kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət
orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və
digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və
hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət
edə bilər”.
Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən fərdi əmək
mübahisələrinə bilavasitə məhkəmələrdə baxılır. Lakin
yuxarıda şərh olunduğu kimi fərdi əmək mübahisəsinin
tərəfləri mübahisənin məhkəmədən kənar həlli üsullarından da
istifadə edə bilərlər. Lakin bütün hallarda birbaşa məhkəməyə
müraciət etmək hüququ saxlanılır.
Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə məhkəməyə
müraciət, işçinin və ya onu təmsil edən tərəfin (məsələn,
həmkarlar ittifaqı komitəsinin) işəgötürənin onun əmək
funksiyalarını yerinə yetirməsi ilə bağlı hərəkət və ya
hərəkətsizliyi ilə razılaşmamasının nəticəsidir. Yuxarıda qeyd
olunduğu kimi işçi və ya onu təmsil edən nümayəndə
məhkəməyə yaranmış fərdi əmək mübahisəsi ilə bağlı və ya
əgər fərdi əmək mübahisəsinə əmək mübahisəsi komissiyası
baxmışdırsa, onun qərarı ilə razılaşmayaraq verilir.
23
Fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət
aşağıdakı subyektlərdən daxil ola bilər:
•
Hər hansı işəgötürənlə əmək münasibətlərində olan və
ya olmuş işçi tərəfindən.
İşçi tərəfindən verilən iddianın əsasını aşağıdakılar təşkil
edə bilər:
-əmək müqaviləsinə hər hansı səbəbdən xitam verilməsinə
görə işçinin işə bərpa olunması ilə bağlı;
-Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara
dəyişikliklərin edilməsi (məsələn, maddənin düzgün tətbiq
olunmaması və ya əmək müqaviləsinə xitam verilməsi
qaydalarının pozulması səbəbindən);
-Əmək haqqı üzrə ödənişlərlə bağlı;
-Sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı;
-Əmək Məcəlləsində göstərilən digər hallarla bağlı.
•
İşə qəbul edilmək üçün müraciət etmiş şəxs tərəfindən.
•
İş yerində ayrı-seçkilik və müxtəlif qısnamalara məruz
qalan işçi tərəfindən;
•
İşəgötürən tərəfindən
İşəgötürən tərəfindən işçiyə qarşı iddianın verilməsi əsasən
işçinin kommersiya sirrini pozması, işəgötürənən əmlakına
qəsd etməsi və s. hallarda zərər vurması ilə bağlı olur.
Bu vəsaitdə işəgötürənin işçiyə qarşı məhkəməyə iddia verməsi
ilə bağlı şərhlərə yer ayrılmır.
Fərdi əmək mübahisələrinin həlli məqsədi ilə məhkəməyə
müraciət üçün iddia müddətləri
Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə məhkəməyə
iddianın verilməsi üçün Əmək Məcəlləsində müddətlər
müəyyən edilmişdir. Bu müddətlərə əməl etmək olduqca
vacibdir. Əks halda üzürlü səbəb olmadan məhkəməyə
müəyyən olunmuş müddətlər başa çatdıqdan sonra verilən
iddialara baxılmır.
24
Əgər işçi müəssisədə fəaliyyət göstərən Əmək Mübahisələrinə
baxan Komissiyaya müraciət etməyibsə onda “qalan bütün
hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi
hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim
ayı ərzində məhkəməyə müraciət edə bilər”.
Hüquqlarının pozulmasının aşkar edildiyi gün. Məhkəmə
praktikasında “hüquqlarının pozulmasını aşkar edildiyi gün”lə
bağlı çoxsaylı anlaşılmazlıqlar ortaya çıxır. Baxmayaraq ki,
Əmək Məcəlləsi buna nisbətən dəqiq anlayış verir. Əmək
Məcəlləsinin 296-cı maddəsinə
əsasən
“Hüququnun
pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin,
(sərəncamın, qərarın),
əmək kitabçasının, haqq-hesab
sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi,
həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş
şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada
sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi
haqqında tələblərə iddia müddəti şamil edilmir”
Diqqət yetirmək lazımdır ki, istehsalat zədələnməsi və ya peşə
xəstəliyi ilə bağlı işçinin sağlamlığına dəymiş zərərin
ödənilməsi ilə bağlı məhkəməyə iddia verilməsi üçün
müddətlər müəyyən edilmir. Bu o deməkdir ki, işçi
sağlamlığına dəyən zərərin əvəzini tələb etmək üçün
məhkəməyə istənilən vaxt müraciət edə bilər.
Qeyd: Praktikada belə hallar olur ki, işəgötürən işçi ilə əmək
münasibətlərinə xitam verir, lakin bununla bağlı işçiyə zəruri
sənədləri, o cümlədən əmək kitabçasını, əmək müqaviləsinə
xitam verilməsi ilə bağlı əmrin surətini təqdim etmir. Burada
məqsəd işçinin məhkəməyə müraciət etməsinin qarşısını
almaqdır.Belə halda şəxsin məhkəməyə iddia verməsi zəruridir.
İşçi iddiasında işgəötürənin onunla faktiki olaraq əmək
münasibətlərinə xitam verməsini göstərməklə, həmçinin həmin
sənədlərin məhkəmə vasitəsi ilə istənilməsini tələb edə bilər.