İqtisadi nəzəriyyə
ECONOMICS
5
İqtisadiyyata giriş
(birinci bölmə)
İqtisadi nəzəriyyə
ECONOMICS
6
Mövzu 1. Kursun məqsədi, vəzifələri və əsas prinsipləri
1.1 İqtisadi biliklərin meydana çıxması, formalaşması mərhələləri və müasir
istiqamətləri
1.2 Elmlər sistemində iqtisadi nəzəriyyənin (Economicsin) yeri
1.3 Cəmiyyətin təsərrüfat həyatının mikroiqtisadi, mezoiqtisadi, makroiqtisadi
və meqaiqtisadi səviyyətlərdə öyrənilməsi
1.4 Economicsin 10 prinsipi
1.1. İctimai elimlərin tərkib hissəsi sayılan iqtisad elminin tarixi minillikləri əhatə
edərək, bəsit və ibtidai şəkildə olsa da, ilk ünsürləri qədim Babilistan, Misir, Çin,
Hindistan,Yunanistan kimi sivilizasiya ocaqlarında meydana çıxmişdir.
Qədim Hind və Çin mənbələrində, Misirin papirus yazılarında, şumerlərin daş və
kərpic üzərində həkk olunmuş kitabələrində, Babilistan hökümdarı Xammurapinin
qanunlarında, Şərq və Qərb müəlliflərinin, xüsusilə də Yunanistan, Roma müdrik
filosoflarının, tarixçilərinin əsərlərində, natiqlərinin çıxışlarında o dövrün təsərrüfat həyati,
əkinçilik, sənətkarlıq peşələri, gəmiçilik, sələmçilik, ticarət əlaqələri haqqında bir sıra
qiymətli məlumatlar öz əksini tapmışdır.
Elm tarixində iqtisadiyyat-oykonomiya anlayışı ilk dəfə qədim yunan filosofu
Ksenofont (e.ə.450-355) tərəfindən onun «Ev təsərrüffat», yaxud «Ev iqtisadiyyatı» adlı
kitabında işlədilmişdir.Sonralar yunan filosofu Aristotel (e.ə.384-322) bu sözü daha geniş
mənada işlədərək, şərh etmişdir.
«Oykonomiya» sözü 2 hissədən ibarət olub, «oykos» (ev təsərrüfatı) və «nomos»
(qanun, qayda) söz birləşməsindən əmələ gələrək, «ev təsərrüfatı qaydaları», yaxud «ev
təsərrüfatının idarə olunması qaydaları-qanunları» anlamını verir. Bu mənada qədim
Yunanıstan iqtisadi biliklərin vətəni, qədim yunan müəllifləri isə onun yaradıcıları sayıla
bilərlər.
IV-XVIII əsirləri əhatə etmiş orta əsrlərdə, qədim və antik dövrlərə nisbətən iqtisadi
fikirlərin ardıcıllıqla inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də Qərb
ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi olmuşdu. Doğrudur, buddizm-xristian-
islam dininin müqəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, xüsusi mülkiyyət,
ədalətli bölgü, əmək haqqı, vergilər, qənaət, sadə həyat tərzi, sələmçiliyin pislənməsi
haqqında müəyyən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlimlərdə zülmə qarşı səbirli
olmaq, cəmiyyətdəki ictimai və iqtisadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının
hökmü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir.
Orta əsrlərdə ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) dünya iqtisadi təlimlər
tarixində xüsusilə seçilmişdir. O, bəşər cəmiyyətinin keçdiyi inkişaf yolunu köçərilik, oturaq
həyat və mədəniyyət mərhələləri kimi səciyyələndirmiş, eyni zamanda həmin dövrlərin tarixi
ardicilliqla bir-birini əvəz etməsini əmək bölgüsü, habelə məhsuldar qüvvələrin ümumi
yüksəlişi ilə əlaqələndirmişdir. İnsanların tədricən cəmiyyət halında birləşməsinin
zəruriliyini irəli sürmüş müəllif göstərmişdir ki, bəşəriyyətin yaşaması və təhlükəsizliyi üçün
təbiətin bəxş etdiyi müxtəlif təyinatlı nemətlərdən səmərəli faydalanmaq tələb olunur.
İqtisadi nəzəriyyə
ECONOMICS
7
Orta əsr gerçəkliyi şəraitində İbn Xəldunun sərbəst bazar, əmtəə, dəyər, qiymət,
rəqabət, tələb, təklif, ticarət, pul, sərvət, dövlət idarəçiliyi haqqındakı elmi-nəzəri ideyaları,
iqtisadi təlimlər tarixinin dəyərli səhifələrini təşkil edir.
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin iqtisadi təlimləri müxtəlif mənbə,
habelə müəlliflərin əsərlərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun ifadəsini
italyalı din xadimi Foma Akvinskinin (1225-1274) ziddiyyətli iqtisadi görüşlərində
tapmışdır. O, cəmiyyətin iqtisadi problemlərini, insanların müxtəlif təbəqələrə mənsub
olmasını ilahi qanunlarla bağlamış, mülkiyyəti insanın ilk günahının cəzası saymışdır.
Tacirlərin müəyyən gəlir əldə etməsilə razılaşan müəllif, ölkəyə onun ehtiyaclarını ödəmək
ücün deyil, yalnız qazanc naminə mal gətirənləri «nifrətə layiq olan alçaq peşə» sahibləri
adlandırmışdı. O, Aristotelin iqtisadi təliminə əsaslanaraq «ədalətli qiymət» prinsipini irəli
sürmüş, mübadiləni ekvivalentlik hesab etmiş, öz növbəsində ekvivalentliyi isə əmək
məsrəfləri (xərcləri) ilə əlaqələndirmiş, lakin qiymətin rəqabətdən asılı olmadığını
göstərmişdir.
Feodalizm cəmiyyətini son dövrü, Qərbi Avropada iqtisadi təlimlər tarixində Tomas
Mor (1478-1532) və Tommazo Kampanella (1568-1639) kimi utopik sosialistlərin adları ilə
bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı əsərlərində, yaşadıqları dövrün iqtisadi-
ictimai nöqsanları tənqid olunmaqla yanaşı, qurmaq istədikləri utopik cəmiyyətin
üstünlükləri göstərilmişdir. Həmin gələcək utopik cəmiyyətdə xüsusi mülkiyyət olmamalı,
hamı işləməli, insanların ehtiyacları tam ödənilməli, iş günü 4-6 saat təşkil etməli, uşaqların
və yeniyetmələrin tərbiyəsi ictimai nəzarət altında aparılmalı idi.
XVI əsrin sonu və XVII əsrin əvvəlləri dünya təsərrüfat həyatında böyük coğrafi
kəşflər, əmtəə-pul münasibətlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, ilkin kapital
yığımı prosesi, müstəmləkə sisteminin yaranması, dünya bazarının formalaşması kimi yeni
hadisələrlə əlamətdar olmuşdu. Nəticədə xüsusi mülkiyyətin müxtəlif formaları geniş
yayılmağa başlamış, azad sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar açılmış, rəqabət
mübarizəsi gündəlik təsərrüfat həyatına daxil olmuşdu.
Ona görə də əvvəllər müxtəlif elmlərin tərkibində inkişaf etmiş iqtisadi təlimlər,
fikirlər, baxışlar tədricən müstəqil bir elm sahəsi kimi formalaşmağa başlamışdı. Bu elmin
ilk məktəbi merkantilizm adlanmışdı.
Merkantilistlər iqtisadi məktəbinin U.Stafford, T.Men, Q.Skaruffi, A.Serra,
A.Monkretyen kimi müxtəlif ölkələrinin nümayəndələri, ölkənin iqtisadi həyatında pula
(qızıla, gümüşə) və bunun əsas mənbəyi saydıqları ticarətə, xüsuslilə də xarici ticarət
əlaqələrinə əsas diqqət yetirmişlər. Onlar iqtisadiyyatı bir sistem kimi deyil, onun yalnız
əmtəə tədavülü dairəsini, alqı-satqı əlaqələrini öyrənərək belə bir prinsip irəli sürmüşlər ki,
qızıl-gümüş əsl sərvət olduğundan ölkə «çox şey satmalı və az məhsul idxal etməlidir».
Fiziokratlar iqtisadi məktəbi Fransada formalaşmış və onun banisi Fransua Kene
(1694-1781) sayılır. «Taxıl», «Fermer», «İqtisadi cədvəl» əsərlərində göstərilmişdir ki,
ölkənin iqtisadi həyatını, onun sərvətinin əsl mənbəyini ticarət deyil, torpaq və kənd
təsərrüfatı təşkil edir. Bu məktəbin ən mühüm xidməti ondan ibarətdir ki, onlar
merkantilistlərdən fərqli olaraq öz iqtisadi təlimlərini tədavül dərəcəsindən (ticarətdən)
istehsal (kənd təsərrüfatı, aqrar) bölməsinə yönəltmişlər. Fiziokratlar göstərirdilər ki,
təsərrüfatın digər sahələrində təbiətin və torpağın verdiyi məsulların yalnız forması
dəyişdirilir, amma mahiyyət etibarilə yeni bir şey yaradılmır. Ona görə də bütün diqqət
Dostları ilə paylaş: |