Aydın Çobanoğlu
94
YADİGARDI
Xanım Nüşabənin Xanım nəvəsi,
Dumanlı dağlarda gəz, yadigardı!
Həyalı dolanıb, ismətli gəzsə,
Kimdən qalsa bir xoş iz, yadigardı.
Hansı bir yamaca yayılsa səsin,
Hansı gülün üstə dəysə nəfəsin.
Hansı bir çiçəyə varsa həvəsin,
Əyil, ehmallıca üz, yadigardı.
Dağları yada sal söküləndə dan,
Doymaq olmur qaymağından, balından.
Gözəllik vurğunu aşıq Aydından,
Qəbul etsən, şirin söz yadigardı.
İstisu, 11.09.1981
Ömrün etməyəcək vəfa dedilər
95
GÖZƏLLƏMƏ
Könlüm gül üzünün əsiri olub,
Demə, ötərgidi, demə, keçəndi.
Yanıb, həsrətindən gül rəngim solub,
Eşqin badəsini versən, içəndi.
Şəlalə tək çağlayırsan, çağla sən,
Dağlayırsan, bu sinəmi, dağla sən.
Birdəfəlik yaxşı yadda saxla sən:
– El aşığı tükü-tükdən seçəndi.
Dilini şəkərdən, baldan eləmə,
Qəddini yaşıldan, aldan eləmə,
Aydını ağ üzdə xaldan eləmə,
Ömür azdı, yarananlar köçəndi.
“Abşeron” qəzeti,
30.01.1982
Aydın Çobanoğlu
96
MÜQƏDDƏS KİTAB
Ən ülvi, ən əziz yolumdur mənim
Müqəddəs kitabım, – əsas qanunum!
Zəhmətdə bərkiyən qolumdur mənim
Müqəddəs kitabım, – əsas qanunum!
İlqarım, hörmətim, sədaqətimdir,
Hissimdir, duyğumdur, məhəbbətimdir,
Xoşbəxt gələcəyim, səadətimdir
Müqəddəs kitabım, – əsas qanunum!
İlimdə, günümdə, anımda yaşar,
Qəlbimdə, adımda, sanımda yaşar,
Qanımda dolanar, canımda yaşar,
Müqəddəs kitabım, – əsas qanunum!
Dostluq, bərabərlik bayrağıdır o,
Qardaşlığın, sülhün dayağıdır o,
Bu günün, sabahın mayağıdır o, –
Müqəddəs kitabım, – əsas qanunum!
Həyatım, vüqarım, yetkinliyimdir,
Vicdanım, məsləkim, bütövlüyümdür,
Aydınam, iradəm, mətinliyimdir
Müqəddəs kitabım, – əsas qanunum!
“Sovet kəndi” qəzeti, 07.10.1982
“Abşeron” qəzeti,
07.10.1982
Ömrün etməyəcək vəfa dedilər
97
VƏTƏN MƏHƏBBƏTİ
Hər könüldə yuva qurub, iz salıb
Vətən məhəbbəti, xalqlar dostluğu!
Ocaq olub ürəklərdə köz salıb
Vətən məhəbbəti, xalqlar dostluğu!
İllər ötüb, elə sanma qocalıb,
Qocaldıqca günə, Aya ucalıb.
Marsdan, Veneradan bac-xərac alıb
Vətən məhəbbəti, xalqlar dostluğu!
Xoş sədası tutub bütün dünyanı,
Çarəsiz dərdlərə tapıb dərmanı.
Fəth eləyib yeri, həm asimanı,
Vətən məhəbbəti, xalqlar dostluğu!
Eldən, hər obadan qüvvət alıbdı,
Zəfərlər üstündən zəfər çalıbdı.
Dəryanın üzündə şəhər salıbdı
Vətən məhəbbəti, xalqlar dostluğu!
Aydın, yolumuza işıq saçacaq,
Yoxdu ondan başqa möhtəşəm ocaq.
Dünyamızda yeni dünya quracaq
Vətən məhəbbəti, xalqlar dostluğu!
Bakı şəhəri,
21.11.1982
Aydın Çobanoğlu
98
ÇOBANLAR
İgidliyin, comərdliyin nişanı,
El-obanın qüdrətidir çobanlar.
Ana yurdun iftixarı, vüqarı,
Ucalığı, vüsətidir çobanlar.
Dağların vəfalı dostu, qardaşı,
Bulaqların sirr biləni, sirdaşı.
Çəmənlərin, çiçəklərin yoldaşı,
Süfrələrin nemətidir çobanlar.
Dədə deyib zaman-zaman el ona,
Qayalardan mətin dağlar oğluna.
Bağlanıb Vətənə – Azərbaycana,
Babaların hikmətidir çobanlar.
Dönəndən tarixin yeni varağı,
Xoşdu güzaranı, xoşdu novrağı.
Ali məclislərdən gəlir sorağı,
Məclislərin zinətidir çobanlar.
Qiymətini bilir ötən hər anın,
Ellər üçün yaradanın, quranın.
Hər yerdə, hər zaman Aşıq Aydının
Şirin sözü, söhbətidir çobanlar.
“Abşeron” qəzeti,
22.02.1984
Ömrün etməyəcək vəfa dedilər
99
AŞIĞI
Başına döndüyüm Muqum müəllim,
Nə salıbsız dağa-daşa aşığı?!
Qurbanlıq qoç kimi Mina dağında,
Nolar, dolandırın başa aşığı.
Çoxdandı Allahın qəm bəndəsiyəm,
Qəlbi sınıq, gözü nəm bəndəsiyəm.
Taledən qisməti kəm bəndəsiyəm,
Qoymayın dolaşa, çaşa aşığı.
Aydınam, gözlərəm mən neçə vaxtdı,
İşim od üstündə yanan kababdı.
Səbəbsizə səbəb olmaq savabdı,
Göndərin maşınla qoşa aşığı.
Bakı şəhəri,
20.08.1984
Dostları ilə paylaş: |