Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

78
Əhməd Sami Elaydi
187). Bu anlayışa əsasən Anar peşəkarcasına real Azərbaycanı 
deyil, istədiyi və arzularına uyğun olan Azərbaycanı təsvir edir. 
«Utopiya, nağıllara xas xəyali bir cənnət ölkə dizaynıdır. 
İçində yaşanılan konkret, real cəmiyyət və dövlət nizamından 
məmnun olmama, əskikliklərin və səhvlərin tənqid olunması, 
bundan başqa hər cür xoşbəxtliklərin, gözəlliklərin, yaxşılıq-
ların, bərabərliyin hakim olduğu xəyali, düşsel bir məkan, cə-
miyyət və dövlət modeli təsəvvürüdür» (164, s. 246). Bu kon-
tekstdə yanaşıldıqda Anar məhz utopik və xəyali düşüncələrə 
söykənərək vətənin taleyi ilə bağlı bir sıra məsələlərə aydınlıq 
gətirməyə çalışır. 
Yazıçı romanın ilk hissəsində iqtisadiyyatı, mədəniyyəti, 
sosial  şəraiti inkişaf etmiş bir ölkə kimi Azərbaycanı  təsvir 
edir, hətta göstərir ki, ölkəni ən çox narahat edən problem – 
Qarabağ münaqişəsi həll olunmuşdur. Müəllif bu məqamı belə 
təsvir edir: «İndi Azərbaycan əhalisinin rifah səviyyəsinə görə 
ərəb əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı 
etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə 
səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmət-
lər (mənzil elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən 
başqa) pulsuz olmuşdu» (14, s. 309). 
Buna əlavə olaraq göstərilir ki, Azərbaycanın qədim əra-
ziləri qaytarıldı, Şimali və Cənubi Azərbaycan vahid dövlət 
oldu. «Keçmişlərdə Hökumət evi adlanan bina indi Odlar sa-
rayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən 
on altı daimi məşəl yanırdı – bu məşəllər Quzey və Güney 
Azərbaycanın on altı tarixi ərazisini, vaxtilə Xanlıqlar ad-
lanan  əraziləri təmsil edirdi – sağ cinahda Bakı, Gəncə, 
Qarabağ, Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol ci-
nahda Təbriz,  Ərdəbil, Zəncan, Marağa, Urmiya, Qaradağ, 
Maku və Xoy» (14, s. 324). 
 Yazıçı bu hissədə yeni Azərbaycan dövlətinin  əsaslarını 
təsvir etməyə davam edir. O, Azərbaycanın yeni vəziyyətini 


Müstəqillik dövrü Azərbaycan romanı
79
təmin edən konstitusiyaya nəzər salmağı da unutmur: «Milli 
Məclisin iclas salonunda Dövlət bayrağı və gerbiylə bərabər 
Ana Yasanın əsas müddəaları da həkk olunmuşdu: «Birləşmiş 
Azərbaycan Respublikası Azəri türk millətinin vahid, azad, 
müstəqil, demokratik, dünyəvi dövlətidir. Azərbaycan respub-
likasının bütün vətəndaşları irqindən, millətindən, dilindən, di-
nindən, sosial durumundan, sinfi  mənsubiyyətindən, cinsindən 
asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Azərbaycan 
böyük Türk dünyasının ayrılmaz parçasıdır» (14, s. 329-330). 
 Göründüyü kimi, yazıçı bu müddəalarda Azərbaycanın 
uzun müddət münasibəti kəsilmiş olan türk dünyasına qovuş-
masını vurğulayır. 
 Romanın bu hissəsində diqqəti çəkən məqamlardan biri mil-
li özünəqayıdış, kökədönmədir. Belə ki, romanda küçələrin, uni-
versitetlərin, meydanların adları dəyişdirilmiş, Türk dünyasının, 
o cümlədən, Azərbaycanın tarixində mühüm rol oynayan böyük 
şəxsiyyətlərin adlarından istifadə olunmuşdur. Onun təsvir etdi-
yi Azərbaycanın Füzuli universiteti, Mahmud Qaşqarlı universi-
teti, Hunlar, Manas, Orxon meydanları, Boz qurd heykəli, Nuru 
paşa prospekti, Mürsəl paşa prospekti və Ənvər paşa prospektlə-
ri var. Daha mühüm bir məqam yazıçının bu əhvalatları Novruz 
bayramı fonunda təsvir etməsidir. Şübhəsiz ki, bu təsadüfi  deyil. 
«Anarın əsərinin başlanğıcında təsvir etdiyi təntənəli şəkildə ke-
çirilən Novruz bayramı milli-mənəvi dəyərlər üzərində kök at-
mış, şaxələnmiş, boy vermiş, illəri, qərinələri özündə yaşatmış, 
cilalanmış milli xalq bayramıdır» (121, s. 250). 
«Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsin-
dən doğmuş», «tarix boyu etnosun həyatında da bir dönüş və 
təzələnmə nöqtəsi olaraq düşünülmüş» (24, s. 278) Novruz 
bayramı romanda milli-etnik düşüncənin özünəməxsus təza-
hür şəkli kimi şərtlənir. 
Yazıçı bu hissədə istədiyi və arzuladığı yeni Azərbaycanı və 
ölkənin istiqlaliyyətinə nail olunmağını təsvir etdikdən sonra 


80
Əhməd Sami Elaydi
mühüm bir məqama toxunur. Bu məqam istiqlaliyyəti qoru-
yub saxlamağın daha əhəmiyyətli olması ilə bağlıdır. Çünki 
Azərbaycan öz müstəqilliyini bir daha itirərsə, yenidən onu 
qaytarmaq ciddi çətinliklərlə müşayiət oluna bilər. Ona görə 
də yazıçı bu sitatla utopiya ilə əlaqəli birinci nağılı yekunlaş-
dırır: «İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbəxtliyi 
xalqıma, dostlarıma, ailəmə çox görmə. Ən pis günümüz bu 
olsun. Tarix boyu çox əzablara, məşəqqətlərə tuş olduq, ağır 
günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır ki, iradə-
mizlə, ağlımızla, halal zəhmətimizlə ağ günə çıxdıq, bu günü-
müzü qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca 
Tanrım, amin» (14, s. 344). 
Romanın ikinci hissəsi də Məlikməmməd nağılından gətirilən 
sitatla başlayır: «Bir də gördü ki, ağ qoçnan, qara qoç budu dö-
yüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə 
mindi. Amma ağ qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da 
Məlikməmədi götürüb qaranlıq dünyaya apardı» (14, s. 345). 
Bu parçaya diqqət yetirdikdə onun təsadüfi   səciyyə daşı-
madığını görməmək mümkün deyildir. Ondan belə bir nəticə 
çıxarmaq olar ki, işıqlı və qaranlıq dünya arasında savaş gedir. 
Əgər işıqlı dünya öz varlığını möhkəm qoruyub saxlamazsa
gec-tez sıradan çıxmış olar. 
«Ağ qoç, qara qoç» romanının ikinci nağılı isə birinci 
nağıla tam kontrast təşkil edən hadisə  və epizodlarla mü-
şayiət olunmaqdadır. Burada böyük güclərin siyasi-iqtisadi 
maraqlarının kəsişdiyi Azərbaycanın dövlət müstəqilliyini 
itirərək müxtəlif zonalara bölünməsi təsvir olunmuşdur» 
(114, s. 491). 
Belə ki, ölkənin paytaxtı Bakı üç hissəyə - zonaya parçalan-
mışdır. Birinci zona Behişti-Badi-Kübə, ikinci zona Bakı kom-
munası, üçüncü zona isə Baku siti adlanır. Zonaların hərəsinin 
öz xüsusiyyətləri var. Hər şeydən əvvəl bu zonaların xüsusiy-
yətlərinə nəzər salaq. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə