______________Milli Kitabxana_______________
SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ
1
Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali
Azərbaycan və sair adlandırılan ölkənin bir qismi "super dövlət" SSRİ-nin
tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı.
Amerikadan alman, cəmaatın rişxəndlə "tısbağa yumurtası" adlandırıb, ancaq
əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu -"yaiçnıy parasok" da nemət
sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır
müharibədən sonra bu "paraşok" demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi
isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı
ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə
"yaiçnıy paraşok" gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər
dəfə bir at yükü kişmişlə qayıdan Çax-Çux Xalıqın Qonaqlıdakı həyəti bütün
həyətlərdən yığnaqlı olmuşdu.
Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış
yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi
görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün
yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci
katibi Sultan Əmirlinin "payoku
1
"ndan hər cür nemət dadıb özünü "kişmiş acı"
saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində -
qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə
göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini
açıb, atasından "çırpışdırdığı" kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki,
Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-
birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng
əllərlə ciblərinə basışdırdığı rəngli pula - göy əlliliklərə, qırmızı otuzluqlara
baxa-baxa, "Çax-çux özünə gün ağlasın, biz də özümüzə" - deyib gülüşsünlər.
Yüksək rütbəli işçilərə - məmurlara müftə paylanan ərzaq.
______________Milli Kitabxana_______________
Bu üç nəfər- iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü
dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən
bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də
bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların "ağzını şirin eləmişdi",
cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə "müftəcə yeyirdilər".
Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər
ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.
Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan,
dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara
ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla
gizlədirdi:
- Ey, ey, saçlarınız görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin
başını dala itələyirdi.
Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli
də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:
- Ey, ey, əlləriniz görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin
əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, "dizlərin
görüşü", "ayaqların görüşü" də bunun üstünə gəlib, hər üçünün arasında sehrli,
sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam
edirdi.
Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri
idi. "Ekspeditor"
1
Xalıqın rəsmi "faktura" - malın siyahısı və qiymətləri ilə mal
payladığı və qeyri-rəsmi "çax-çux" - alver elədiyi üç para kənddə, o cümlədən
burda - Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet
Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında "sərhədin açıldığı"
2
gündən
indiyə qədər - beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün
deyil, bu get-gəl Əmirlilərin o tayda - "xarici ölkədəki qohumları" ilə, Təbrizin
Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx
Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda - Sovet
Ekspeditor - satılmaq üçün mal gətirən
"1941-45-ci illər müharibəsi"ndə müttəfiq dövlətlər - SSRİ, ABŞ və İngiltərə arasında müqavilə
üzrə Sovet-İran sərhəddi açılmış, Cənubi Azərbaycanda Demokrat Partiyasının başçılığı ilə Şura
(Sovet) hakimiyyəti qurulduqdan sonra sərbəst gediş-gəliş başlanmışdı.
______________Milli Kitabxana_______________
Azərbaycanında "sinfi düşmən" sayılan məsləkdaşları ilə əlaqədardılar.
1
Palıd
kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-
çux yenə "Məhəmməd Əmirdən, şeyx qardaşlardan", o qardaşlardan qalan
mülklərdən, var-dövlətdən danışacaq.
Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri - "o
tayda Azərbaycan Demokrat Firqəsinin məğlubiyyəti, yəni "Milli Hökumətin
yıxılması" və "Şahın bizimkiləri topa tutması"
2
da bu gur saçlı, möhkəm bədənli,
"əziz-ərköyün sədr oğlunun" gur hissiyyatla dolu şadlığına mane olmamışdı.
Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər
toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: "Sədr oğlunun Araz
aşığındandı, Kür topuğundan", yəni "heç nə vecinə deyildi". Və bu sözlərdə
həqiqət vardı.
Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və
qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə
yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında "əziz-ərköyün
sədr oğlu" kimi, "şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli
yetirməsi" kimi, "ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən" və
"yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı" kimi görmüşdü. Qonaqlının
nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu
it saxlayan Qudalı məhləsinin itlərini döyərdi;
Əmirlilərə
açıq-açığına
"düşmənlərim" deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına
tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna "Göbələk Məmiş"
deyib qaçışan Qudalı cavanlarını "deşiklərinəcən qovardı", əlinə keçənlərin ağız-
burunlarının qanını bir-birinə qatardı; "Qudalı cavanlarının atamanı Qıllı
Qeybalı", Qonaqlının partkomu Cəfər əminin - Lüt Cəfərin özündən iyirmi yaş
kiçik arvadı Ayna bacının "ora-burasına baxanda" Qeybalını "Dantes
3
köpəyoğlu" adlandırıb "duelə"
Sovet Azərbaycanında "batin " - gizlin şəraitdə SafAğ Elminin tədrisi ilə məşğul olan adamlar həm
öz adi adları, həm də "AdıPünhan" adı ilə tanınırdılar. "Əmirli" familiyası altında yaşayanlar ən
qədim zamanlardan ərəbcə "Muğanna" nəsli adlanırdılar. Müasir Muğannalar Cənubi Azərbaycanda
"Muğani", Sovet Azərbaycanında "Muğanlı", Türkiyədə "Muğlar" adı ilə tanınırlar.
Həmin üç dövlətlə müqaviləyə əsasən İran, Cənubi Azərbaycanı yenidən fəth etmişdi.
Dantes - Puşkinin qatili, Rus ədəbiyyatını öyrənən orta məktəb şagirdlərinin nifrət obyekti.
Dostları ilə paylaş: |