______________Milli Kitabxana_______________
"Mirqəzəb" kəlməsindən körüyə dönən köksü atlana-atlana, əmisinin canındakı
alovu öz canında duyardı.
Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü
də belə bir yaxın, doğma, məhrəm elqızı gətirmişdisə, aydın deyilmi ki, saç-
saqqalının ağ vaxtında heç də "dünyadan kam almaq" yox, otuz dörd illik gərgin
mübarizələrdən sonra da "bezobraziye"yə qarşı barışmaz, ardıcıl mübarizəsini
davam etdirmək üçün sağlamlığını, qüvvəsini, iradəsini saxlamaq məqsədi
güdmüşdü?! Qurtardı daha! o həyatın, o məişətin bütün məhrumiyyətləri, əzab-
əziyyətləri qurtardı! Elqızı samovarla məşğuldursa, demək Sultan əmi "revkom
kabinetin"dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay
içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər
işləsin.
Səməd köksünü ötürdü. İlahi, o iş, o rejim üçün necə darıxmışdı! Gecə
yarıda, bütün şəhərin sükuta batdığı, təkcə stansiyada parovozların nəfəs aldığı
bir vaxtda, "rayonun döyünən ürəyi, düşünən beyni" adlanan o qırmızı tuf daş
binanın çilcıraqları altında, qaraqabaq, yerəbaxan, "əfəl Məsim"lə, Əziz müəllim
Mayılovla, Məleykə bacı ilə, fədai əmi ilə birgə yuxusuz qalmaq, öz evlərində
başlarını atıb yatan adamlar üçün nə isə bir xeyirli iş gördüyünü bütün qəlbinlə
duymaq necə xoşdur!.. Məleykə bacı – Məleykə Muradova tez-tez "Sultan
Mamedoviçin çayını təzələyib", arada rusca qalın-qalın kitablar oxuyardı:
"Voskresenye", "Anna Karenina", "Bratya Karamazovı", "İdiot". Sən də oxu,
Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!" -
deyərdi. "Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!" -
deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu "diapozonlu xanım"
adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi "diapozonlu xanım"la yola
getmirdi: "Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! Sabun bişirən şairi!" -deyərdi.
"Vaqifi də oxu! Vurğunu da oxu!" - deyərdi. Sonra birdən-birə məlum oldu ki, o
"diapozonlu"nun gizlin əri var, o "gizlin ərin qardaşı "xalq düşməni çıxıb,
güllələnib. Buna görə də kəbin kəsdirmirlər". Xəlvətdə, kabinetin küncündəki
palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı:
"Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı
dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Ruşun bu
həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs
baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl
______________Milli Kitabxana_______________
bilirəm ki, Sabir nədi, - Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi
var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq..."
Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-
quru, rəsmi çinovnik qadına çevrilərdi. "Başqasının istəklisi?.." Bəlkə elə
Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, -
Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?!.
Qonaqlının ədəbiyyat müəllimi Ələskər müəllimin - "Dam direktor" ləqəbli o
zərif kişinin qardaşı Qurban da "37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən
"Övliyalar" kitabı tapılmışdı. Ələskər müəllim müharibə vaxtı Rusiyanın
harasındansa "evokuasiya" edilmiş - köçürülmüş həmin, adı unudulmuş şəfqət
bacısı Sestra ilə evlənmişdi ki, "rusnan qohumluğuna görə həbs olunmasın".
Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu
işlərdən və "ərköyün sədr oğlu" ikən əzab-keşə çevrilib! Bədbəxtliklərdən necə
bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, "cəhənnəm kürəsindən" necə
cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O "zaklyuçeniye"nin, o
"qəsd işi yoxdu" sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa
oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun "cəhənnəm kürəsindən" çıxmaq
istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub.
Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür
heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna "Bircə bala"
deyən Sultan Əmirli də "mənim balam" deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap
tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..
Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!
Daş cığırın qurtarıb qalın, əkmə çayırlığın başlandığı yerdə, həyətin
genişliyində Səməd bir daha yuxarı baxdı və elqızını bu dəfə bəridə - pilləkəndə
görüb istər-istəməz ayaq saxladı. Elqızı onu tanımışdı? Qarşılamağa gəlirdi?
Yox, deyəsən elə deyildi.
Üfüqün parıltısı çəkilmişdi. Evlə bağın arasında toran qatılaşıb, demək olar
ki, əməlli-başlı qaranlıq çökmüşdü. Elqızı həyətin ortasında dayanmış əli
çamadanlı adamı deyəsən heç görməyib, pilləkəndən düşən kimi sola buruldu.
İndi qaramtıla çalan uzun xalatının ətəkləri yellənə-yellənə, evdən on-on iki
addım o yanda, tut ağacının altındakı dəyirmi stola tərəf getdi. Orda, dəyirmi
stolla köhnə qarğı kresloların yanında, kərpic yığınının üstündə manqal qızarırdı.
______________Milli Kitabxana_______________
Elqızı tutun dövrəsində, stolun
ətrafında hərlənib-fırlandı, manqalın
hənirindən titrəşən yarpaqların altına qayıdanda bir əlində maşa, o biri əlində
hərəsinə bir-iki yağlı qabırğa çəkilmiş dəmir şişlər peyda oldu. Maşa ilə odu
yayıb, şişləri manqala düzdü. Sonra tutun haçasından qalayı ağaran böyük bir
sini endirib, su kranını açdı, gur şırıltılı suyun altında sinini yuyub, bayaqdan
çiynində ağaran çay dəsmalı ilə qurulayıb, stolun küncünə qoydu. Sonra
hardansa bir yığın yuxa gətirdi, yuxalara su çiləyib, bircə-bircə siniyə yığıb, çay
dəsmalı ilə örtdü və cəld dönüb, manqalın yanında çöməlib, şişləri çevirməyə
başladı.
Səməd yaxınlaşıb on addımlıqda dayanmışdı. Başını azca yana əyib, elə dolu
ürəklə, elə aludə gözlərlə tamaşa eləyirdi ki, elə bil ömründə nə belə səliqə-
səhmanlı gəlin görmüşdü, nə də belə səriştə ilə hazırlanan xörək-çörək. Bir azdan
o yuxalar piləyə dönəcək. Elqızı bu bütöv, şirə ilə dolu qabırğaları birbaş
yuxanın arasına çəkib bükəcək, qaynar-qaynar aparıb süfrədə açanda kababın
buğu tavana vuracaq. Yaşa, əmi, o müsibətlərin hayıfını çıx!
Sevincdən, riqqətdən Səmədin hətta gözləri doldu. Bu, övlad sevinci idi.
Bəlkə lap uşaq sevinci idi. Eynilə, körpə uşaq görəndə yanaqları uzunu damlalar
süzülən o "diapozonlu xanım" kimi, göz yaşı axıtmağa hazırdı. Yəqin elə buna
görə də Səməd bu "göz yaşı zəifliyindən yaxa qurtarmaq", lap uşaq kimi, bir
oyun açmaq istəyib fikirləşdi ki, səsini çıxarmasın, özünü göstərməsin, elqızı
yuxalı, kabablı sinini aparıb süfrəyə qoyandan sonra birdən qapıdan girib
başlasın ki, "Çoxdandı qayğanaq yeməmişəm, əmi. O yumurta səbəti hardadı?"
Əmisinin bu zarafatdan necə şaqqıldayıb güləcəyini, "Bircə bala"nın belə
gümrah gəlişindən necə fərəhlənəcəyini indidən görüb, qərara aldı ki, elə-belə də
eləsin.
Əmma həyatı Səmədlə başqa oyun oynayırdı.
Tut ağacına doğru uzadılıb altına dəmir yol relslərindən dirəklər vurulmuş
eyvana işıq zolağı düşdü, o zolaqdan bəriyə, tutun topa tacına doğru kölgə
uzanıb çəkildi, sonra Sultan əminin hamanca yorğun, cod səsi eşidildi:
- Nə uzun çəkdi sənin bu kababın! Getməliyəm axı mən!
Hamanca yorğunluq! Hamanca gərginlik! Hamanca Sultan Əmirli!
Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.
Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki,
bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsə-
Dostları ilə paylaş: |