İnqilab Əhmədov


İnzibati idarəetmə islahatlarının xronikasında mərhələlər



Yüklə 405,02 Kb.
səhifə2/6
tarix15.03.2018
ölçüsü405,02 Kb.
#32310
1   2   3   4   5   6

1.5. İnzibati idarəetmə islahatlarının xronikasında mərhələlər
1-ci mərhələ (2004-2006-cı illər). Hakimiyyət ilk öncə bu dövr üçün cəmiyyətdə olan qələbə eyforiyasından maksimum istifadə etməklə “ağrıdıcı” islahatlara başladı. Bu mərhələdə korrupsiya ilə mübarizə, sosial hüquqların bərpası və yoxsulluq probleminin hansı yolla olur olsun nisbətən yüngülləşdirilməsi əsas hədəf kimi götürüldü. Məqsəd aydın idi. Bu istiqamətdə islahatları fundamental dəyişiklər tələb etməyib nisbətən daha tez və əsasən inzibati yolla həyata keçirmək mümkün idi. Bu dəyişikliklərin cəmiyyətdə böyük rezonans doğuracağı və populizm baxımından siyasi hakimiyyətə indiyə qədər görünməyən dividend gətirəcəyi artıq hesablanmışdı. Ümumiyyətlə populizm məsələsi ilə bağlı onu demək lazımdır ki, Saakaşvili hakimiyyəti demək olar ki hakimiyyətdə olduğu bütün dövrdə məhz bu amili həmişə əsas götürmüş və təcrübə göstərdi ki, yanılmamışdı. Millətin və dövlətin mövcudluğuna kənar təhlükənin olduğunu irəli sürməklə daxildə öz ətrafında mobilliyə nail olmaq rejimin əsas taktikalarından olmuşdur.

Korrupsiya ilə mübarizə “qızılgül inqilabı”-ından sonra start götürən ilk məsələdir. Bunun üçün ilk olaraq M. Saakaşvili 2004-cü ilin yanvarında Davos İqtisadi Forumunda ictimai xidmətlərdə korrupsiyanın qarşısının alınması üçün 8 milyon dollar yardım istədi. Eyni zamanda, həmin vaxtı İsveçrə banklarından eks-prezident Şevardnadzenin yaxın olan şəxslərin korrupsioner və cinəyatkar əməllərini əsas gətirərək onların bank hesablarının dondurulmasını tələb etdi. Bu ərəfədə ən səs-küylü addım Gürcüstanın ən iri mobil operatorunun sahibi Şevardnadzenin kürəkəni Cia Joktaberidzenin vergidən yayınma ilə əlaqədar həbs edilib 15.5 milyon dollar qarşılığında azad edilməsi oldu. 2004-cü ilin mayında Gürcüstan parlamenti çirkli pulların yuyulması, müsadirə, kriminal əməllərdən olan mənfəətlər haqqında Avropa Şurası Konvensiyasını ratifikasiya etdi. Həmin ilin oktyabrında parlament tərəfindən Rəhbərlik Kodeksi qəbul olundu. Bu kodeks şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində atılmış ən ciddi addımlardan biri hesab edilir. Bu Kodeksin qəbul olunmasında ən əsas hədəf məmurların hesabatlılığının gücləndirilməsidir. Təhsil sistemində korrupsiyanın qarşısının alınması üçün universitetlərə qəbul prosesinin təşkili üçün tamamilə yeni və daha şəffaf bir sistem hazırlandı. Saakaşvili hakimiyyətinin ilk illərində korrupsiya ilə aparılan mübarizə nüfuzlu beynəlxalq təşkilatlardan da müsbət rəy aldı. Təsadüfi deyil ki, Dünya Bankının 2006-cı ilin iyulundakı hesabatında Gürcüstan korrupsiya ilə mübarizə və onun azaldılması sahəsində Şərqi Avropa və keçmiş Sovetlər Birliyi ölkələri arasında örnək ölkə elan edildi. Dünya Bankı xüsusilə vergi və gömrük islahatlarını vurğuladı.



Korrupsiya ilə bağlı mübarizə çərçivəsində ilk addımlar bunlar olmuşdur: torpaq islahatı; dövlət idarəetmə sistemində dəyişikliklər; rüşvətxorluqla mübarizə; kadr dəyişikliyi. Sosial hüquqların bərpası istiqamətində ilk addımlar isə bunlar oldu: büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və müavinətlərin vaxtında verilməsi və vaxtaşırı artırılması; ehityac duyulmayan, icazəverən təşkilatların ləğvi və ümumiyyətlə icazəvermə sisteminin minimuma endirilməsi; vətəndaş-dövlət münasibətlərində birincinin xeyrinə imtiyazların bərpası; ölkədə insan haqqının psixoloji amil kimi gündəmə gətirilməsi və bunun real nəticə verməsi.

2-ci mərhələ (2007-ci il və 2008-ci ilin birinci yarısı). Təxminən 2007-ci ildən başlayaraq Saakaşvili hakimiyyətinin fəaliyyətində açıq-aydın gərginlik və ziddiyətli addımlar hiss edilməyə başlandı. Hakimiyyət daha çox azad sözə və müxalif mövqeyə qarşı dözümsüzlük nümayiş etdirir, xarici iş adamlarının ölkəyə investisiya yatırılmasına əvvəlki tək can yandırmır, hökumət üzvlərinin tez-tez dəyişdirilməsi demək olar ki, adi hal alırdı. Bu arada hadisələrin belə arzu olunmaz şəkil almasını aydınlaşdırmaq üçün onların arxasında hansı səbəblərin durmasını təyin etmək olduqca vacibdir.

  1. Hakimiyyət islahatların ilkin mərhələsində əldə etdiyi uğurların yalnız onun deyil, həm də bütövlükdə cəmiyyətin və deməli onun ayrı-ayrı qruplarının (hətta hakimiyyətə müxalif təbəqənin) qələbəsi olduğunu anlayır və bu amilin bir qədər sonra ona qarşı yönələcəyindən ehtiyat etməyə başladı. Məsələ bundadır ki, Qərb sivilizsasiyasında mövcud olan oturuşmuş və bir-birini tarazlayan hakimiyyət qollarına malik olmayan, yenicə azadlığın şərbətini içib hələ məst olan cəmiyyətdə hakimiyyəti bir qədər sonra artıq qanuni yolla almaq olmayacaqdı. İstənilən narazılığı böyük bir qarşıdurmaya çevirmək, xarici qüvvələrin dəstəyi ilə çox rahat mümkün idi. Və beləliklə bütün görülmüş işlərin və onunla birgə hakimiyyətin də əldən çıxıb cürbəcür müəmmalı qruplara keçməsi təhlükəsi get-gedə artırdı.

  2. Hakimiyyət bu riski görüb artıq özünü müdafiə tədbirlərini görməyə başladı. İlk öncə hakimiyyət üçün ümumi oyun qaydaları ilə yanaşı əlahiddə imtiyazlara malik xüsusi şərait yaradılmağa başlandı. Artıq dövlət səviyyəsində korrupsiya simptomları artmağa başlayırdı. Hakimiyyət belə şəraitdə böyük maliyyəyə çox böyük ehtiyac duyurdu. Bu isə artıq hakim komandada narazılığın artmasına, bəzilərinin Saakaşvili hakimiyyətini tərk etməsi ilə nəticələndi. Artıq real siyasi müxalifət meydana gəlirdi. Bu potensialın cəmiyyətin narazı hissələri ilə birləşib hakimiyyətə ciddi təzyiqlər göstərməsi isə o qədər də çətin deyildi.

  3. İlk qarşıdurma 2007-ci ilin noyabrında yarandı və hakimiyyət özünü olduqca qeyri-adekvat apardı. Bununla da hakimiyyətə gəldiyi ilk gündən bəri Saakaşvili ilk dəfə olaraq cəmiyyətin kifayət qədər böyük hissəsinin etimadını itirməyə başladı. Belə şəraitdə isə adətən, hakimiyət sivil yolla istefaya getməkdənsə güc yolunu seçir və nəzarəti bir qədər də gücləndirir. Təbiidir ki, ətraf mühit hakimiyyətin bir qədər də olsa tərəddünün şahidi olsa bu hakim komanda üçün çox ağır olacaqdı. Deməli güc nümayiş etdirmək və populist şüarlarla hakimiyyəti daha da gücləndirmək lazım idi. Ancaq artıq belə şəraitdə hakimiyyətin güclü olması onun islahatları davam etdirib insanların şəraitini daha da rahat etməsi yox, daha çox hakimiyyətin özünü təpkilərdən qurtarmağa yönəlirdi.

  4. Hadisələrin belə məntiqlə inkişafında xarici amilin işə qarışması olduqca məntiqli görünürdü və bu baş verdi. 2008-ci ilin avqust müharibəsi - Rusiyanın Gürcüstanda indiyədək görünməmiş aqressivliyi və sonda 2 nəzarətsiz respublikanın müstəqillik qazanmaq adı ilə tam anneksiyası ilə nəticələndi.


1.6. Siyasi hakimiyyət hansı uğurları əldə etdi
Sosial korrupsiya. Gürcüstan siyasi hakimiyyətinin son 6 ildə aparılan islahatlarının ən uğurlu nəticəsi sosial korrupsiyanın təsirli dərəcədə azalması oldu. İllərlə insanların öyrəşdiyi və adi hal sandığı sosial rüşvətxorluq tez bir zamanda heçə endirildi. Məlum oldu ki, çox zaman sovet mirası və ya mentalitetlə əlaqələndirilən sosial rüşvətxorluq əslində böyük bir kvazi idarəetmə qurumlarının mövcud olması ilə bağlıdır. Bu qurumların ləğvi nəinki dövlət idarəetmə sistemini zəiflətmədi, hətta ona ehtiyac duyulan çevikliyi və effektivliyi verdi. Ən əsası isə əlahiddə imtiyaza malik olmayan sadə vətəndaşlar üçün bu qurumların ləğvi konkret məbləğdə vəsaitin qənaəti və ailə zənbilində nisbətən artıq əlavə vəsaitin əmələ gəlməsi ilə digər ehtiyacların həllinə rəvac verildi. İslahat dövründə əhalinin orta gəlirlərinin artması paralel olaraq yuxarıda qeyd edilən korrupsion xərclərin azalması ilə muşaiyyət olunduğundan bütövlükdə ümumi həyat tərzində artım nəzərə çarpacaq dərəcədə çox oldu.

Qanunvericilik bazası. İslahatların məntiqi nəticəsi kimi ölkədə müvafiq qanunvericilik bazası yarandı. Bu xüsusilə Avropa Birliyinə can atan Gürcüstan üçün çoxsaylı standartların tətbiqi ilə yadda qaldı. Nəzərə alaq ki, Gürcüstan Dünya Ticarət Təşkilatının (DTT) üzvü kimi bu sahədə bir sıra unifikasiya xarakterli addımları 2000-ci ilin lap əvvəlindən atmağa başlamışdı. Məhz DTT-nin üzvlüyü standartlaşma ilə bağlı çoxsaylı əngəllikləri aradan qaldırmağa şərait yaratdı. Saakaşvili hakimiyyəti dövründə institusional islahatlar və korrupsiya ilə mübarizə isə gömrük və digər icazə sistemində nisbətən şəffaf, qanunlara söykənən idarəetmə mexanizminin tətbiqi ilə bu sahədə işlərin pozitiv məcrada xeyli irəliləyişinə imkan yaratdı. Bir zamanlar korrupsiya və “dilənçiliklə” yadda qalan Gürcüstan gömrüyünün hazırkı durumu dramatik dərəcədə yaxşılaşıb. Müqayisə üçün Azərbaycan - Gürcüstan quru sərhədində, Böyük-Kəsik sərhəd məntəqəsində iki ölkənin gömrük sisteminin, o cümlədən keçid məntəqəsində infrastrukturu müşahidə etmək kifayətdir. Gürcüstanın yüksək səviyyəli gömrük sistemi fonunda, daha böyük maliyyə imkanına malik Azərbaycanın gömrük xidməti acınacaqlı təsir bağışlayır.

Beynəlxalq rezonans. Gürcüstanda islahatlar həm də çox böyük beynəlxalq rezonans doğurdu. Dünyanın əksər inkişaf etmiş ölkələrində bu ölkəyə rəğbət dramatik dərəcədə artdı. İnqilabi dəyişikliklər dünyada yüksək qiymətləndirilir, bu işdə ölkəyə beynəlxalq yardımın artımı müşahidə edilridi. ABŞ hökuməti siyasi dəstəyini daha qabarıq şəkildə nümayiş etdirirdi. BMT-nin “Minilliyin Çağırışı” proqramı çərçivəsində ölkəyə maliyyə dəstəyi alan ölkələr sırasında Gürcüstan birincilər sırasında idi. Avropa Birliyi Gürcüstanın bu məkana inteqrasiya prosesinə hər vəchlə rəvac verirdi. Əlbəttə, indiki zamanda pozitiv reytinqin beynəlxalq aləmdə nə qədər vacib bir element olduğu bəllidir, bu baxımdan, təsadüfi deyil ki, Gürcüstanın reytinqi müstəsnasız olaraq bütün indekslərdə artıma meylli görünürdü.

Biznes üçün şərait. Biznes mühitində, xüsusən də islahatların ilkin mərhələsində pozitiv dəyişikliklər müşahidə olunurdu və bu ölkənin beynəlxalq aləmdə pozitiv imicinin artması ilə üst-üstə düşürdü. Qonşularla müqayisədə zəngin təbii resurslara malik olmayan Gürcüstan üçün bu çox vacib idi. Ölkəyə Avropa məkanından investisiya axınının artması bunu bir daha sübüt edirdi. Əlbəttə bu investisiyaların bir qismi həm də siyasi dəstək rolunu oynayırdı. Digər ölkələrlə müqayisədə burada gəlir səviyyəsi, hakimiyyətin elan etdiyi güzəştlərə baxmayaraq, bir o qədər də yüksək deyildi. Ancaq islahatların dönməz xarakter alması üçün bu investisiya yatırımları müstəsna əhəmiyyətə malik idi. Ümumilikdə isə bütün bu səylərə baxmayaraq, ölkə iqtisadiyyatı xarici investisiyaya böyük ehtiyac duyurdu. Qonşu Azərbaycanın Gürcüstanın investisiya zənbilində ən böyük payçılardan olması isə bir tərəfdən karbohidrogen dəhlizi kimi Gürcüstanın böyük əhəmiyyət kəsb etməsindən irəli gəlirdisə, digər tərəfdən aparılan islahatlara inamdan doğurdu. Dünya İqtisadi Forumunun 2008-2009 “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”na nəzər saldıqda Azərbaycan və Gürcüstanda biznes mühitinin əsas problematik faktorların kəskin fərqləndiyini görürük. Burada nəzərəçarpacaq əsas fərq islahatlardan sonra Gürcüstandakı biznes mühiti üçün korrupsiya faktorunun artıq ciddi problem olmamağıdır. Əvəzində isə siyasi qeyri-stabillik, inflyasiya, işçi qüvvəsinin qeyri-adekvatlığı, maliyyə resurslarına çıxış əsas problemli nöqtələr hesab edilirdi. Azərbaycanın biznes mühiti üçün isə korrupsiya, vergi dərəcələrinin yüksək olması, inflyasiya, bürokratik ləngimələr əsas maneələr hesab edilir. Göründüyü kimi, iki ölkə arasında üst-üstə düşən məqamlardan birincisi məhz yüksək inflyasiya faktorudur.
1.7. Siyasi hakimiyyət nədə uduzdu
İslahatların tempinin səngiməsi və habelə siyasi hakimiyyətin reytinqinin ikinci seçki dövründən başlayaraq aşağı düşməsi tendensiyası bir neçə obyektiv və subyektiv amillərlə bağlıdır.



  1. İlk mərhələdə əsasən inzibati strukturların ləğvi və reorqanizasiyası ilə bağlı olan islahatlar çox böyük effekt versə də sonrakı mərhələdə daha fundamental islahatlara və bütövlükdə iqtisadi inkişafın çevikliyi və səmərəliliyini təmin etmək üçün vacib olan struktur islahatlara girişmək Saakaşvili komandası üçün xeyli çətin oldu. Bu sahədə uğur qazanmış digər ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu iş nisbətən daha uzun zaman tələb edir. Struktur islahatların ardıcıl surətdə həyata keçirilməsi isə öz növbəsində uzun müddətə pərçimlənən siyasi kursdan və ətraf siyasi mühitin əlverişliliyindən asılıdır.

  2. Gürcüstanın siyasi və sosial-iqtisadi islahatları sözün əsl mənasında tarixi eksperiment idi və hələ tam oturuşmamış sosial-iqtisadi və psixoloji durum üçün bu eksperiment, islahatları aparan siyasi hakimiyyət üçün təhlükəli görünürdü. İlkin mərhələdə cəmiyyətin böyük hissəsinin ümdə arzularını reallaşdıran hakimiyyət tezliklə anladı ki, yeni mərhələ üçün, nisbətən fəallaşmış və minimum iqtisadi ehtiyaclarını ödəmiş vətəndaşlar daha yüksək və hələ ki hakimiyyət üçün əlçatmaz olan, daha yüksək tələblər irəli sürəcək. Və o zaman hələ qanunların iradəsi ilə tam idarə olunmayan ölkəni çox rahat sürətdə anarxiyaya sürükləmək olar. Beləliklə real alternativ kimi hakimiyyət, demokratiya kranını bağlamağa və tədricən daha sərt avtokrat idarəetmə üsullarına əl atmağa məcbur oldu.

  3. Xarici amil kiçik və qeyri stabil duruma mailk bir ölkə olan Gürcüstan üçün olduqca vacib əhəmiyyətə malik idi. Rusiyanın açıq-aydın şəkildə Gürcüstanın islahatlarının uğurunda maraqlı olmaması aydın idi. Bu baxımdan Rusiya hər vəchlə bu ölkənin siyasi hakimiyyəti üçün problemlər yaradır, müxalif meylli mövqeləri dəstəkləyir və onları hakimiyyətə qarşı qoyaraq ölkədə qarşıdurma yaradırdı. Məhz bu amil Gürcüstan hakimiyyətini hər an ayıq-sayıq olmağa, hətta lazım gələrsə müvəqqəti olaraq islahatları qurban verərək, ölkənin sabitliyini qoruyub saxlamağa vadar edirdi.

Bölmə 2. Gürcüstanın iqtisadi siyasətində son 5 ilin islahatları

2.1. Makroiqtisadi siyasət
Gürcüstan iqtisadi potensialının çox çeşidliliyinə görə fərqlənir. XX əsrin 90-cı illərində Azərbaycan kimi qəfil müharibə ilə üzləşən və suveren ərazisinin bir hissəsini itirən Gürcüstan dərin iqtisadi sarsıntılardan sonra 2000-ci ildən başlayaraq aktiv iqtisadi artım fazasına keçmişdir. 2003-2004-cü illərin siyasi qeyri-stabilliyi və yeni iqtisadi tsiklə keçid durğunluğa səbəb olsa da, aparılan radikal sosial-iqtisadi islahatlar nəticəsində 2005-2007-ci illərdə yüksək iqtisadi artım tempi müşahidə edilmişdir. 2008-ci ildən etibarən isə ÜDM-in dinamikasında kəskin azalma var.


2.2. Fiskal siyasət
Hökümətin fiskal reformlar istiqamətində ilk addımı Maliyyə Nazirliyinin özünün ölçüsünü azaltmaq oldu. İlk öncə ödəməmələr problemini ortadan qaldırmaq üçün, 1 yanvar 2004-cü ilə qədər ödənilməyən bütün vergilərə amnistiya tətbiq edildi ki, bu da 100 milyon GEL (52 milyon $) dəyərində aktivin leqal qeydiyyatına imkan verirdi. Həmçinin bu tarixdən sonra yaranan vergi borcları üzərində ciddi nəzarət quruldu. Vergi sisteminin özü də xeyli sadələşdirildi. 2005-ci ildə həyata keçirilən ilk əsas islahat dalğasında vergilərin sayı 22-dən 8-ə qədər azaldıldı, 1 yanvar 2008-ci ildən isə bu say 6-ya endirildi.

Aşağıdakı cədvəldən göründüyü kimi, vergilərin sayı ilə yanaşı, vergi dərəcələri də azaldılmışdır. 2005-ci ildə qəbul edilən yeni vergi məcəlləsi, həmçinin biznes qeydiyyatının və vergi ödənişinin sadələşdirilməsini nəzərdə tuturdu. Buna qədər məhkəmələrdə baş tutan və ləngimələrlə müşaiyyət olunan biznes qeydiyyatı Vergilər Departamenti tərəfindən həyata keçirilməyə başlandı və lazım olan sənədlərin sayı da azaldıldı. Hal hazırda şirkətlər 3 gün ərzində pərakəndə ticarətçilər isə bir gün ərzində qeydiyyatdan keçə bilərlər. Gürcüstanda yeni hökumətin iqtisadiyyatı leqallaşdırmasının mühüm görünən nəticəsi vergi daxilolmalarının artımıdır. Belə ki, vergi gəlirləri 2003-cü ildəki 1.2 milyard GEL (558 milyon $) səviyyəsindən 2007-ci ildə 172% artımla 4.4. milyard GEL (2.6 milyard $) həddinə çatmışdır.



Gürcüstanda əsas vergi növlərinin dərəcələri


Vergilər / Dərəcələr

2005-ci ildən əvvəl (%)

2005-2007-ci illər (%)

2008-ci il (%)

Gəlir vergisi

12-20

12

25

Sosial vergi

27-33

20

ləğv edilib

Mənfəət vergisi

20

20

15

ƏDV

20

18

18

Gömrük rüsumu

0-30

0.5, 12

0.5, 12


Göründüyü kimi, Gürcüstanın müasir vergi sistemində ən mühüm dəyişiklik sosial vergi və mənfəət vergisi üzrə olmuşdur. ƏDV yalnız islahatlardan sonra Azərbaycanın səviyyəsinə çatmışdır. Gəlir vergisi isə əksinə, artırılmışdır. Gömrük rüsumlarında isə yalnız yuxarı plankanın dəyişimi baş tutub. Ancaq istənilən halda bütün bunlar Gürcüstan iqtisadiyyatının indiki vəziyyətində çox ciddi dəyişikliklər hesab olunmalıdır.

Vergi yükünün daxili strukturunda da dəyişikliklər baş vermişdir. Belə ki, Əlavə Dəyər Vergisi (ƏDV) büdcənin əsas vergi gəliri mənbəyinə çevrilmişdir. Əgər 2003-cü ildə ƏDV mədaxili ümumi vergi gəlirlərinin 35%-i təşkil edibsə, 2007-ci ildə (ilk üç rüb) bü rəqəm 44%-ə bərabər olmuşdur. Bu isə iqtisadiyyatın daha çox istehsal deyil, xidmət və ticarət bazalı olmasından xəbər verir. Habelə bu vergi yükünün daha çox əhalinin üzərinə düşməsinin göstəricisi idi.

Gürcüstanın yeni höküməti artan vergi və özəlləşdirmə gəlirləri hesabına bütün sahələr üzrə büdcə xərclərini kəskin şəkildə artıra bildi. Bu müddət ərzində büdcə xərcləri prioritetləri də, bir neçə dəfə dəyişmişdir. Beləliklə, ümumi mərkəzləşmiş hökümət xərcləri 2003-cü ildə 897 milyon GEL (417 milyon $) olmuşdursa, bu rəqəm 2007-ci ildə 5.2 milyard GEL (3.1 milyard $) səviyyəsinə çatmışdır. 2003-cü ildə sosial xərclər büdcənin ən böyük xərc maddəsi olmuşdur. 2004-cü ildə sosial xərclər kəskin artmış, hətta 2005-ci ildə də ən böyük xərc maddəsi olaraq qalmışdır. 2006-cı ildə isə social müdafiə xərclərinin mütləq məbləği artsa da, müdafiə xərcləri tədricən büdcənin ən böyük xərc maddəsinə çevrildi. Müdafiə xərcləri 2006-cı ildə ümumi büdcə xərclərinin 18%-ni, sosial müdafiə xərcləri isə 16%-ni təşkil etmişdir. 2007-ci ildə ümumi müdafiə büdcəsi 397 milyon GEL-ə (238 milyon $) qədər azaldıldı ki, bu da həmin il üçün bütün büdcə xərclərinin 10%-i demək idi. 2007-ci il üçün real büdcə mədaxili proqnozlaşdırılandan artıq oldu və demək olar ki, bütün əlavə vəsait müdafiə sektoruna ayrıldı. Nəticədə müdafiə xərcləri gözləniləndən 3 dəfə çox oldu (659 milyon dollar) və ümumi büdcə xərclərinin 29%-ni təşkil etdi. Bu müddət ərzində isə təhsil və səhiyyə xərclərində yalnız müəyyən həddə artım olmuşdu. 2003-2007-ci illər ərzində təhsil xərclərinin ÜDM-də payı 2.1%-dən 2.8%-ə qədər artdı (məktəblərin rekonstruksiyası xərcləri daxil olmaqla). Səhiyyə xərclərinin ÜDM-də payı isə 1.3%-dən 1.8%-ə çatdı. 2008-ci ildə büdcədə səhiyyə xərclərinin 5% artımı müqabilində, təhsil xərclərinin 6% azalması gözlənilir. Ancaq hökümət büdcə prioritetlərinə yenidən baxaraq “sosial tutumlu” büdcə vədləri vermişdi. Təklif edilən artımlar əsasən pensiyalara və yeni iş yerlərinin açılması proqramlarına yönəlir.

Gürcüstan ilk dəfə olaraq dövlət büdcəsinin üzünmüddətli proqnozlaşdırılmasına 2007-ci ildən keçmişdir. Ölkə artıq büdcədə daimi gəlirləri təmin edə bildi və vergi rüsumlarını da təmin edə bilir. Bu da hökumətə üzünmüddətli proqnozlar etməyə imkan verir. Gürcüstan hökuməti ölkənin dövlət büdcəsinin parametrlərini artırmaq niyyətindədir. 2007-ci ilin mayına olan məlumata əsasən, Gürcüstanın dövlət büdcəsi 648 mln. lari (1 dollar – 1,67 lari) artacaq. Bu dəyişiklik çox mühümdür, belə ki, hələ bir neçə il öncə ölkənin bütün büdcəsi bu məbləğə bərabər idi. Prioritetlər isə sosial sahənin yaxşılaşdırılması, Gürcüstan Silahlı Qüvvələrində islahatlar və müasirləşdirilmə, yolların, digər infrastrukturun və kənd təsərrüfatının yaxşılaşdırılmasıdır. Xüsusilə meliorasiya, özündə məktəblərin tikintisini nəzərdə tutan təhsil sahəsi. Ümumilikdə isə Gürcüstan büdcəsinin xərc hissəsi 648 mln. lari artır. Sahələr üzrə artım isə aşağıdakı kimi görünür:



- Prezident Administrasiyası - 2 466 900 lari,

- Hökumət dəftərxanası - 1 300 100 lari,

- Ədliyyə Nazirliyi - 9 695 900 lari,

- Müdafiə Nazirliyi - 442 100 000 lari,

- DİN - 97 208 000 lari,

- Elm və Təhsil Nazirliyi - 25 517 900 lari,

- Energetika Nazirliyi - 8 793 200 lari,

- Cənubi Osetiya ərazisində müvəqqəti inzibati vahid - 12 400 000 lari,

- Ətraf Mühit və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi - 5 597 900 lari,

- Kənd Təsərrüfatı Nazirliyi - 2 597 900 lari.

Hökumətin xərclərinin artımı ilə bağlı inflyasiya proseslərinin sürətlənəcəyi məsələsinə gəldikdə isə ilin sonuna kimi bu göstərici 8,5 faizi ötmədi. Dövlət hələ investisiya artımı, pul kütləsinin toplanması, makroiqtisadi göstəricilərin saxlanılmasının öhdəsindən gəlməkdədir.



Azərbaycanda isə 2003-2007-ci illərdə dövlət büdcəsinin xərcləri 5047,3 mln. manat, yaxud 5 dəfə artaraq 1266,7 mln. manatdan 6314,9 mln. manata çatmışdır. Həmin artımların 70 faizi və ya 3,5 mlrd. manatı 5 funksional xərc bölməsinin - sənaye və tikinti, müdafiə, ümumdövlət xidməti, məhkəmə hakimiyyəti və hüquq mühafizə orqanlarının saxlanması xərclərinin və əsas bölmələrə aid edilməyən xərclərin payına düşür. Öz növbəsində, ötən 5 il üzrə məcmu xərc artımlarının 1136,2 mln. manatı, yaxud 22,5 faizi büdcənin sosial blokunu təşkil edən üç sferanın - təhsil, səhiyyə, sosial müdafiə və sosial təminatın payına düşür.
Azərbaycan dövlət büdcəsi xərclərinin dinamikası (2003-2007)





2003

2004

2005

2006

2007

Dövlət büdcəsi xərclərinin məbləği, mln. manatla

1266,7

1475,8

2140,6

3790,1

6314,9

Büdcə xərclərinin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

31,8

16,5

43,6

77,1

66,6

Büdə xərclərinin ÜDM payı2, %-lə

17,7

17,3

17,1

21,3

-

ÜDM-nin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

11,2

10,2

26,4

34,5

-

Yerli xərclərin məbləği, mln.manatla

294,5

366,5

518,7

622,1

732,1

Yerli xərclər əvvəlki ilə nisbətən artıb (azalıb), faizlə

145

24,4

41,4

19,8

17,1

Yerli xərclərin məcmu büdcə xərclərində payı, faizlə

9,9

24,2

25,2

16,0

12,7



Yüklə 405,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə