İnqilab Əhmədov


Sosial yardım sistemində islahatlar



Yüklə 405,02 Kb.
səhifə5/6
tarix15.03.2018
ölçüsü405,02 Kb.
#32310
1   2   3   4   5   6

3.3. Sosial yardım sistemində islahatlar
Qızılgül inqilabının baş verdiyi tarixdə - 2003-cü ildə dövlət büdcəsinin sosial təhlükəsizlik xərcləri ümumi xərclərin 11% -i qədər idi ( 47 milyon ABŞ dolları). Təbii ki, sosial təhlükəsizlik ən əsas məqsədlərdən olduğu üçün yeni gələn hakimiyyət sosial yardımların həcmini artırmaq qərarına gəldi. 2005-ci ildə artan tələblər və prioritet məqsədlər büdcənin ümumi xərclərinin payında sosial müdafiə xərclərini 20%-ə qədər artırdı. Sosial müdafiəyə çəkilən ümumi xərclər 2006 və 2007-ci illərdə də artdı. Bunun nəticəsində büdcə proporsiyasında ciddi dəyişikliklər yarandı və büdcəyə ödənişlər artdı və bu başqa büdcə xətlərinə ötürüldü. 2007-ci ildə haqqında danışdığımız xərclər 778 milyon laridən 466 milyon dollara çatdı. 2008-ci ildə isə bu xərclərin 1.1 milyard lari, yəni 124 milyon dollara çatdırılması planlaşdırılmışdır (icra rəqəmləri məlum deyil). Bu isə ümumi büdcə xərclərinin 23%-i deməkdir. Pensiyalarda da artımın olacağını nəzərə alsaq bu göstərici daha böyük ədədlərlə ifadə oluna bilər .

Sosial yardım sferasında həyata keçirilən islahatlardan sonra yardım alanların faiz göstəricisi


1 - həddindən artıq kasıblar; 2 – kasıblar; 3 - qeyri-kasıblar
Lakin beş il ərzində (2003 - 2008-ci illər) həyata keçirilən əhəmiyyətli və zəruri islahatlara baxmayaraq, yoxsulluq problemində hökumət dramatik dəyişikliklərə nail ola bilmədi. Bir çox makroiqtisadi göstəricilərin, xüsusilə də adambaşına düşən ÜDM göstəricisinin artdığı halda yoxsulluq probleminin hələ də aktuallığını saxlaması izahat tələb edir. Ümumiyyətlə Gürcüstanda yoxsulluq problemini aktuallığını üç arqumentə bağlayırlar. Birinci arqument xarici təsirlərlə bağlıdır. Dünya Bankı belə qənaətə gəlmişdir ki, xüsusilə, 2004-cü ildən sonra yoxsulluq səviyyəsində azalma deyil, kiçik də olsa artım baş verməsi nəzarət oluna bilməyən amillərlə bağlıdır. Burada Dünya Bankının yoxsulluq səviyyəsinin artmasına təsir göstərən iki əsas amilini qeyd etmək lazımdır. Birinci amil Rusiya ilə münasibətlərdən qaynaqlanan amildir. Belə ki, 2005-ci ildə Rusiya bazarı müəyyən gürcü məhsullarına bağlı elan edildi. Rusiya bazarı sadə vətəndaşların əsas gəlir mənbələrindəndir. Buna görə də bu amil yoxsulluq probleminə təbii olaraq öz təsirini göstərməyə bilməzdi. Dünya Bankına görə ikinci amil 2005-ci ilin yazında baş verən və Gürcüstan iqtisadiyyatına əhəmiyyətli ziyan vuran daşqındır. İkinci arqument qeyd edir ki, onun birinci müddəti ərzində iqtisadiyyatın normalaşdırılması və biznes mühitinin yaxşılaşdırılması hökumətin iqtisadiyyatı yenidən qurmasına əsaslanmışdır. Bu dəyişikliklərin qısa müddətdə problemin həllinə imkan yaradacağını gözləmək mümkün deyil. Bir çox ekspertlərə görə dəyişikliklər uzunmüddətli dövrdə problemin həlli üçün yaxşı əsas yaradır. Bu iki arqumentə əsaslanan Dünya Bankına görə 2005-ci ildə ki, xarici təsir (Rusiya bazarının bağlanması) və gözlənilməz daşqın əsasən yoxsul əhalinin 60%-inin yaşadığı kənd ərazilərinə təsir etdi. Nəzarət edilə bilməyən təsirlər və iqtisadiyyatdakı dərin struktur islahatları nəticəsində islahatların növbəti ilində yoxsulluq artdı və yoxsulluq səviyyəsi Gürcüstanın 2004-cü ildən sonra tətbiq etdiyi metodologiyaya əsasən 32,9%-ə qədər yüksəldi. Lakin Dünya Bankının mütəxəssislərinin fikrincə islahatların yekunlaşması biznes imkanlarının və birbaşa xarici investisiyaların genişlənməsinə və hökumətin sosial xərcləmələrinin artmasına səbəb olmuşdur. Nəticədə yoxsulluğun tədricən yüngülləşməsi meyli belə şoklara qarşı daha elastik olmuşdur. Yoxsulluq problemi ilə bağlı üçüncü arqument kimi isə liberal, azad bazar istiqamətində islahatlarla bağlı çətinliklər, Gürcüstan cəmiyyətinin bu məsələyə hazırlıqsız olmaları qeyd olunur.
3.4. Kənd təsərrüfatında istehsalın azalması yoxsulluğun əsas səbəblərindən biri kimi
Sosial proqramların genişləndirilməsi və sosial xərcləmələrin artmasının yoxsulluq və işsizlik probleminə real təsir göstərə bilməməsinin ən əsas səbəblərindən biri “qızılgül” inqilabından sonra kənd təsərrüfatının inkişaf etməməsidir. Belə ki, M. Saakaşvilinin hakimiyyətə gəldiyi ilk il kənd təsərrüfatının ÜDM-də payı 19.3% təşkil etdiyi halda, 2007-ci ildə bu göstərici 9.7%-ə enmişdir. Bu illər ərzində bu sektorda istehsal orta hesabla 5% aşağı düşmüşdür. Əgər bu iqtisadiyyatın daha məhsuldar sektorlarına keçidlə bağlıdırsa, bu narahat olunacaq proses deyil. Lakin rəsmi statistikaya əsasən Gürcüstanın əhalisinin 55% bu sektorda çalışır. Ona görə də yuxarıda deyilənlər yoxsulluğun azalmamağına səbəb olan bir prosesdir. Bundan əlavə kənd təsərrüfatında hər işçiyə düşən əlavə dəyər faktiki olaraq iqtisadiyyatda ən aşağıdır və 2003-cü ildən bəri bu istiqamətdə heç bir inkişaf yoxdur. Kənd təsərrüfatının iqtisadiyyatda payının azalması eyni zamanda Rusiya ilə münasibətlərdə yaranan gərginliklə də bağlıdır. Gürcüstanın bəzi kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarının bağlanması bu sektorda bir sıra gəlirli sahələri çətin vəziyyətdə qoydu. Bunu xüsusilə Gürcüstanın məşhur kənd təsərrüfatı sahəsi olan şərabçılıq haqqında qeyd etmək olar.
3.5. İşsizlik: yoxsulluğun digər əsas səbəbi
Gürcüstanda hələ də davam edən işsizlik problemi həll edilmədən yoxsulluğun azaldılması qeyri mümkündür. Rəsmi statistikaya görə 2004-cü ildə 11.5% olan işsizlik 2007-ci ildə 13.5%-ə qədər yüksəlmişdir. Lakin özlərini “işsizlər” kateqoriyasına aid edənlər 30%-ə yaxındır. Rəsmi statistika ilə bu uyğunsuzluğun səbəbi ondadır ki, statistika dolanacaq üçün kənd təsərrüfatı ilə məşğul olanları işsiz hesab etmir, insanların çoxu isə belələrinin işsizlər kateqoriyasına aid edilməli olduğunu bildirirlər. İşsizlik ölkə boyunca dəyişkəndir. Ümumiyyətlə işsizlərə edilən yardımların rəsmi statistikaya əsaslanması bəlkə də, ədalətli bir ideya deyil. Belə ki, işsizliyə görə müavinət alanlar əsasən şəhərlilərdir. Şübhəsiz ki, kənd təsərrüfatının zəifləməsi ilə Gürcüstanda kəndlilərin vəziyyəti daha da pisləşmişdir və kənd yerlərində yaşayanları qeyri-məhsuldar işçilər adlandıra bilərik. 2004-cü ildə həyata keçirilən islahatlardan sonra Gürcüstanda yoxsulluq probleminin niyə azalmamasına cavablardan biri də inflyasiya ilə bağlıdır. Bu ölkədə 2004-cü ildən sonra inflyasiya davamlı olaraq artmışdır.
3.6. Təhsil sistemində islahatlar
2004-cü ildən bəri Gürcüstanın elm və təhsil sisteminin təkmilləşdirilməsi üçün radikal islahatlar aparılmışdır. Bu islahatlar ağrılı və ziddiyyətli yollardan keçmişdir. Ümumi şəkildə Gürcüstan dövlətinin həyata keçirdiyi təhsil islahatlarının hədəfləri aşağıdakılardır: a) Gürcüstan təhsil sisteminin Avropa standartlarına tədricən uyğunlaşdırılması; b) təhsilin bütün səviyyələrində korrupsiyanın qarşısının alınması; c) təhsilin maliyyələşdirilməsinin yeni sisteminə keçid.

İslahatlar başlayandan ən vacib məsələlər elmin və tədqiqatın təhsil proseslərinə inteqrasiyası, elmin və təhsilin maliyyələşdirilməsinin münasib hüquqi bazasının yaradılmasıdır. Bununla bağlı olaraq xüsusən aşağıdakı məsələlər həll edilməlidir:



  1. Sahənin hazırkı vəziyyətinin qiymətləndirilməsi təhlili

  2. Təhsilin Avropa standartlarına uyğunlaşdırılması üçün milli konsepsiyanın hazırlanması

  3. Elmi tədqiqatların nəticələri ilə bağlı kommersiya proqramlarının hazırlanması və onların oxşar Avropa proqramlarına sinxronizə edilməsi

  4. Gənc tədqiqatçı mütəxəssislərin və alimlərin stimullaşdırılması ilə bağlı proqramların hazırlanması və yuxarıda göstərilən proqramlar kimi bunun da Avropanın uyğun proqramlarına uyğun tərtib edilməsi

Bunlardan başqa isə aşağıdakı məsələlər vacibdir: a) Cənubi Qafqazda Avropa sisteminə uyğun peşəkar təhsil sisteminin yaradılması; b) ömür boyu təhsil və peşəkar təhsil üzrə Gürcüstandakı sosial partnyorluq əsasında Avropa strukturları ilə əməkdaşlıq; c) təhsildəki prioritetlərin həyata keçirilməsi üçün ən effektli və sürətli yol hesab edilən Boloniya prosesində iştirak; d) kredit transferləri və yığımı sisteminin həyata keçirilməsi; e) tələbələrin ümummilli ittifaqının yaradılması; f) tələbə və müəllim heyətinin stimullaşdırılması.

Gürcüstanda təhsil 6-14 yaş arası bütün uşaqlar üçün məcburidir. Gürcüstanın təhsil sisteminin pillələri belədir: məktəbəqədər təhsil – 4 il, ilkin təhsil 6 il, əsas təhsil 3 il, orta təhsil 2 il və ya alternativ olaraq peşə-texniki təhsil və ixtisaslaşdırılmış təhsil 3 il müddətində müəyyən edilmişdir. Orta təhsili bitirərkən verilən sertifikat ali məktəbə qəbul olmaq üçündür. Mərkəzləşdirilmiş Milli İmtahanlardan keçən hər bir şəxs dövlət tərəfindən akkreditə edilmiş universitetə qəbul oluna bilər. Ali təhsil isə bakalavr (3-4 il), Magistratura (2 il) və Doktorantura (3 il) pillələrindən ibarətdir. Təhsil siyasəti 2005-ci ildə qəbul edilmiş Ümumtəhsil Qanunu və 2004-cü ildən qəbul edilmiş Ali Təhsil Qanunu vasitəsilə həyata keçirilir. Məktəb və universitetlərin akkreditə edilməsi və onlara lisenziya verilməsi ilə məşğul olan Təhsil və Elm Nazirliyi 2008-ci il üçün 20 ali təhsil ocağını akkreditə etmişdir. Ümumi savadlılıq səviyyəsi 2001 - 2006 periodu ərzində 94% olmuşdur.



Bütün bunlardan başqa Gürcüstan son illər kirrikulum islahatında da əhəmiyyətli uğurlar qazanmışdır. Qiymətləndirmə üçün milli sistem və ali məktəblərə qəbul imtahanlarının daxil olduğu mərkəzləşdirilmiş milli imtahan sistemi yaradılmışdır. Gürcüstanda dərsliklərin nəşri, təhsilin dövlət təhsil qrantları vasitəsilə maliyyələşdirilməsi, müəllimlərin treninqi və stimullaşdırılması sahəsində ciddi işlərin görulməsini də vurğulamaq lazımdır. Müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün onlara 11 min larilik vauçerlər paylanılmışdır. Bu vauçerlər müəllimlərin səhiyyə xidməti ilə təmin olunması üçün ayrılmışdır. Hətta 11 min larilik bu vauçerlərdən onun ailə üzvləri və qohumlarına da müəyyən faizdə (rəsmi qaydada müəyyənləşdirilmiş) istifadə etmək imkanı verilmişdir. Gürcüstanın təhsil islahatından danışarkən Dünya Bankı ilə birgə maliyyələşən müəllimlərin peşəkar inkişaf proqramı qeyd olunmalıdır. Bu proqram üç istiqamətdə həyata keçirilmişdir. Bu istiqamətlər aşağıdakılardır:

  1. təhsil qrantları

  2. məktəblərdə müəllimlərin peşəkar inkişaf proqramı

  3. məktəb şəbəkələrinin inkişafı proqramı

Hər üç istiqamət üzrə proqram Gürcüstanın bütün regionlarında həyata keçirilmişdir. Bu regionlar arasında hətta ucqar dağ regionları və konfliktli zonada yerləşən regionlar da olmuşdur. Yeni hakimiyyətin əsas vəzifələrindən biri kimi təhsilin davamlı inkişafı üçün konsepsiya üzrə işlər başlanıldı. Bu konsepsiya üzrə aşağıdakı məsələlərlə bağlı tədbirlər işlənib hazırlanmışdır:

  1. Hamı üçün təhsil

  2. Yaşlıların tədrisi

  3. Təhsilə informasiya texnologiyalarının daxil edilməsi

  4. Kommunikasiyaların inkişafı

  5. Ekoloji təhsil

Gürcüstanda həyata keçirilən islahatlarla bağlı dövlət xərcləmələrinin dinamikası aşağıdakı cədvəldə verilmişdir:
Gürcüstanın təhsil üçün konsolidə edilmiş (birləşdirilmiş) Dövlət Büdcəsi

İllər

Gürcü larisi ilə

ABŞ dolları ilə

ÜDM-yə nisbətdə (faizlə)

2003

164

76

2.1

2004

286

149

2.9

2005

289

160

2.5

2006

414

232

3

2007

458

274

2.8

Ümumiyyətlə bu sahədə həyata keçirilən islahatlar üçün aşağıdakı ardıcıl olaraq aşağıdakıların həyata keçirilməsi müəyyən edilmişdir:





Təhsildəki islahatların tənqidi. Gürcüstan təhsil sistemində həyata keçirilən islahatları yetərsiz qəbul edən və tənqid edənlər də az deyil. Onlar bu tənqidlərinə kifayət qədər əsaslar da gətirirlər. Belə ki, onlar Gürcüstan dövlətinin islahatları maliyyələşdirmək üçün resursunun kifayət qədər olmamağını və maliyyələşdirmə sistemi, prinsipləri və meyarlarının yetərli olmamağını başlıca problem hesab edir. Təhsildə ən çox tənqid edilən cəhət ali təhsilin hazırkı əmək bazarının tələblərinə cavab verə bilməməsidir. Ali təhsili bitirənlər arasında iş tapa bilmək əməlli-başlı problemə çevrilib. Xüsusilə, dövlət ali məktəblərini bitirənlərin çox az hissəsi, cəmi 3-4%-i iş tapa bilir. Universitetlərə qəbulda subyektiv faktorların əhəmiyyətli rol oynaması daha ağrılı problem kimi qeyd edilir. Həyata keçirilən kirrikulum islahatı və tədris metodlarının müasir tələblərə cavab verməməsi tənqid olunan məqamlardandır. Buna baxmayaraq, ölkədə keçirilən sorğular onu deməyə əsas verir ki, hökumətin təhsil islahatlarına münasibət pozitivdir və bu ildən ilə daha aydın görünür. 2005-ci ildə Tbilisi, Kutaisi və Qori şəhərlərində aparılan sosioloji sorğunun respondentlərinin 46%-i təhsil islahatlarını hökumətin uğurlu addımı kimi qəbul etmişdir. Eyni sorğunun növbəti il üçün nəticələri hökumət üçün daha uğurlu olmuşdur. Bu dəfə respondentlərin 59%-i təhsil islahatlarını dəstəkləmişdir. 2007-ci ildə bu göstərici 65%-ə yüksəlmişdir. Beləliklə aparılan təhsil islahatlarının ildən-ilə daha artıq dəstəklənməsi təhsil islahatlarının hökumətin ən uğurlu addımlarından birinin olmağını söyləməyə imkan verir. QHT-lərin də bu islahatlar haqqında rəyi müsbət olmuşdur. Onların rəyinə əsasən təhsil islahatı hökumətin yeganə islahatıdır ki, bütün rəyi soruşulanlar tərəfindən uğurlu addım kimi şərh olunmuşdur. QHT-lərin fikrincə bəzi bölgələrdə hələ də təhsilin vəziyyəti ağır olaraq qalır.

Ümumiyyətlə, yeni sistemə keçən ölkələrdə, xüsusilə Gürcüstanda təhsil islahatlarının aparılmasını cəsarətli addım kimi alqışlamaq lazımdır. Çünki, bu islahatları aparmaq müəllim-tələbə kontingenti kimi, iri bir kontingentlə hesablaşmağı tələb edir. Bu islahatların uğursuzluğu hakimiyyətin növbəti seçkilərdə birbaşa məğlubiyyəti deməkdir. Xüsusilə Sovet sistemindən çıxan Gürcüstan müəllimlərinin bu islahatlara necə yanaşacağı ikinci bir problemli məsələ idi. Lakin hər halda istər Gürcüstana, istərsə də digər postsovet ölkələrinə (o cümlədən Azərbaycana) bu islahatlar lazımdır. 1999-cu ildə Avropa ölkələrinin Boloniya prosesinə start verməsi hətta qloballaşan dövrdə Avropanın özünün də müəyyən təhsil islahatlarına ehtiyac hiss etməsi ilə bağlıdır. Bu prosesin əsas məqsədi dünyada daha cəlb edici hesab olunan Amerikan təhsil modelinin qarşısına cəlb edici Avropa təhsili çıxarmaqdır. Qeyd etmək lazımdır ki, həm əhalinin, həm də QHT-lərin fikirlərinə diqqət yetirdikdə təhsil islahatların uğurlu aparılması bu cəsarətli addımın müsbət effektlər verdiyini göstərir. Təhsil islahatlarının inzibati hissəsinə gəldikdə ali təhsil Boloniya prosesinin şərtlərinə uyğun üç pilləli sistemə keçirilmişdir. Halbuki, bizdə yalnız bu yaxınlarda yeni “Təhsil Qanunu” ilə bu sistemə keçmək qərara alındı. Qeyd etmək lazımdır ki, Gürcüstan təhsil sferasında qısa zaman kəsiyində Azərbaycanda uzun müddət müzakirəsi gedən islahatları reallaşdıra bildi. Boloniya prosesindən sözdə çox danışılsa da, əməldə bu prosesə qoşulma sahəsində ciddi problemlərimiz var. Mübaliğəsiz Saakaşvili hakimiyyətinin təhsil sferasındakı operativ islahatlarını Azərbaycan üçün örnək göstərə bilərik. Əslində Azərbaycan əhalisi kimi Sovet sistemindən çıxan və bir sıra xüsusiyyətlərinə görə oxşar olan gürcü əhalisinin islahatları qəbul etməsi və bunu uğurlu addım hesab etməsi Azərbaycan ictimaiyyətinin diqqət yetirməli olduğu məqamlardandır.


3.7. Səhiyyə sistemində islahatlar

Gürcüstanın səhiyyə sistemində həyata keçirilən islahatlar aşağıdakılar üzrə aparılır:



1. İnfrastruktura investisiya

2. Peşəkar fəaliyyət standartları

3. İnsan resurslarına investisiya

4. Xidmətlərin adekvat maliyyələşdirilməsi

5. Əsas Benefisiar Paketin və əlavə Benefisiar Paketin islahatı və həyata keçirilməsi

6. Yeni sığorta məhsulu – tibbi məhsulun Gürcüstan tibbi sığorta bazarına təqdimi.

İslahatların yerinə yetirilməsi nəticəsində aşağıdakı nəticələr gözlənilir: a) ana və uşaqlara tibbi yardım və sosial proqramlarının və onların maliyyələşdirilməsinin artırılması; b) ana və uşaqlara tibbi yardım proqramlarının optimal təşkili modelinin yaradılması; c) ilkin tibbi yardım sisteminin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin artırılması; d) reproduktiv sağlamlıqla bağlı, səhiyyə sistemində həyata keçirilən islahatlarla bağlı QHT və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi.



Tibbi islahatların uğurla həyata keçirilməsi üçün isə maliyyə və struktur islahatlarının paralel rejimdə həyata keçirilməsi zəruridir. Gürcüstan hökuməti ilkin və ümumi tibbi islahatların həyata keçirilməsi dövrünü 2005 - 2009-cu illər üçün müəyyən etmişdir. 2007-ci ilin əvvəlində isə Gürcüstan hökuməti başqa bir iri həcmli layihənin həyata keçirilməsinə başladı. Layihənin həyata keçirilməsi Gürcüstan üçün 100 yeni hospital demək idi. Layihənin məqsədlərindən biri də dövlət xəstəxanalarının özəlləşdirilməsini nəzərdə tuturdu. Bu proqram Gürcüstan hökuməti ilə Avropa Birliyi arasında imzalanmış Avropa Qonşuluq Siyasəti çərçivəsində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, səhiyyədə idarəetmənin strukturunun təkmilləşdirilməsi və səhiyyənin maliyyələşdirilməsində davamlılığın təmin olunması üçün həyata keçirilir.
Səhiyyə üçün Gürcüstanın konsolidə edilmiş (birləşdirilmiş) büdcəsi


İllər

Dövlətin ümumi səhiyyə xərcləri (Gürcü larisi ilə)

ABŞ dolları ilə

ÜDM-yə nisbətdə (faizlə)

2003

108

50

1.3

2004

129

67

1.3

2005

195

108

1.7

2006

250

140

1.8


Səhiyyə islahatlarının tənqidi. Səhiyyə islahatlarını tənqid edənlər daha çox səhiyyə xərclərinin ümumi daxili məhsulda payının çox az olmasını (qeyd edək ki, bu haqda son göstərici 1.8%-dir) əsas gətirirlər. Lakin büdcə siyasətinin uğursuzluğu nəticəsində səhiyyəyə ayrılan vəsait bundan da azdır. Tənqidlərin yönəldiyi əsas sahələrdən biri də profilaktik tibbi xidmətdir. Bu xidmətin səviyyəsinin müasir standartlardan uzaq olduğu bildirilir.
3.8. Pensiya sistemində islahatlar
Gürcüstanda həyata keçirilən pensiya islahatlarının xüsusi qeyd edilməli cəhəti ondan ibarətdir ki, islahatlar pensiyaların baza hissəsinin həcmini əhəmiyyətli dərəcədə artırdı və bu proses ildən-ilə davam etdi. Gürcüstandakı hazırkı pensiya sisteminə əsasən pensiya yaşına çatmış hər bir şəxsə müəyyənləşdirilmiş pensiya verilir. 2005-ci ilin yanvarında Gürcüstanda pensiyalar 14 laridən 28 lariyə çatdırıldı. Hökumət pensiya islahatlarına başlamazdan əvvəl təqaüd borclarının qurulmasını dayandırdı və borclarını qaytardı. Bu pensiya islahatlarının həyata keçirilməsinə başlamaq üçün ilk addım idi. 2005-ci ildə “Pensiya Sistemi” və “Dövlət Kompensasiyaları və Təhsil Təqaüdləri” Qanun layihələri qəbul edildi. 2006-cı ilin yanvarın 1-dən qanun qüvvəyə mindi. Qanunların əsas məqsədi mövcud pensiya sisteminin hüquqi bazasının yaradılması idi. Bu qanunlar qüvvəyə mindikdən sonra pensiyalarda bir ildə iki dəfə artım oldu. Belə ki, 2006-cı ilin yazında pensiyalar 33 lariyə çatdırıldı. Həmin ilin payızında isə ikinci artım baş verdi və 38 lariyə çatdırıldı. 2008-ci ilin aprelinə olan göstəriciyə əsasən deyə bilərik ki, artıq bu rəqəm 70 lari - 46.1 dollardır. Dövlətin qarşıda duran əsas məqsəd pensiyaları 100 dollara (150 lari) çatdırmaqdır.

Nəticələr
1. Gürcüstanda 2003-cü ildə baş verən və post-sovet məkanında analoqu olmayan siyasi dəyişiklik həddən artıq ciddi daxili sosial-iqtisadi zərurətdən doğurdu.
2. Saakaşvili hakimiyyəti ilk dövrdə əsasən populist xarakter daşıyan sosial əhəmiyyətli islahatları həyata keçirməklə işini bitmiş hesab etmirdi. O dövrdə hakimiyyət doğrudan da hesab edirdi ki, beynəlxalq maliyyə qurumlarının tövsiyyələrinə olduğu kimi əməl etməklə çox tezliklə arzu edilən liberal iqtisadi sistemə malik olmaq mümkündür.
3. Müqayisə olunan iki ölkənin sosial-iqtisadi islahatlarının diskursu bir-birindən kəskin fərqlənir. Belə ki, əgər Gürcüstan özünün islahatlar konsepsiyasında birmənalı olaraq Avropa Birliyinin xəttini götürübsə, Azərbaycanda daha çox Rusiya hakimiyyətinin son zamanlar apardığı siyasi xətt açıq-aydın sezilir. Avropa Birliyi institutlarının hər iki ölkə ilə bağlı fəaliyyət planının strukturunda fərqlər olsa da, əslində bu qurumlar regionda aktivdirlər. Lakin Azərbaycanın real islahat xəttinin AB tövsiyyələri ilə tam olaraq uzlaşdığını demək olmur. Xarici siyasətdəki diversifikasiya, əslində dövlət idarəçilik reformlarına da təsir edir.
4.Tədqiqatın təhlil obyektinin 2003-2008-ci illəri əhatə etməsinə baxmayaraq, Gürcüstan iqtisadiyyatının əslində 2003-cü ildən əvvəl aktiv iqtisadi artım fazasına qədəm qoyduğunu söyləmək olar.
5. Gürcüstanda aparılan sosial-iqtisadi reformlarla ölkəyə daxil olan xarici birbaşa investisiya arasında birbaşa korrelyasiya 2008-ci ildən etibarən itmişdir. Belə ki, həmin il ondan əvvəlki ilə nisbətən xarici investisiyanın ciddi azalması olmuşdur ki, bu da müharibə riski və qlobal böhran kimi xarici faktorlarla yanaşı (externalities), daxili biznes mühiti ilə də bağlıdır.
6. Yeni hökümət gənc kadrların rotasiyası və qulluğa cəlbi prinsipini rəhbər tutaraq “nailiyyət sistemi”ni və ya “merit sistemi” tətbiq etməklə idarəetmədə effektivliyi artırdı.
7. Ölkədə iqtisadi artıma aparan əsas çıxış nöqtəsi kimi xarici ticarət, özəlləşdirmə və ölkəyə xarici investisiya axınının liberallaşdırılması hesab edildi. Bu üç sahədəki liberallaşma özünün faydaları ilə yanaşı ciddi daxili (bəzən xarici) müqavimətlə müşayiət olunaraq siyasi hakimiyyətin və indiki iqtisadi elitanın tez gücdən düşməsinə səbəb oldu.
8. Aparılan sosial-iqtisadi islahatlara baxmayaraq Gürcüstanda əhalinin gəlirlərindəki bərabərsizliyin azaldılması sahəsində əldə olunan nəticələr qənaətbəxş deyil. 2004-cü ildə həyata keçirilən islahatlardan sonra Gürcüstanda yoxsulluq probleminin niyə azalmamağına (artan işsizliyə paralel olaraq) cavablardan biri də inflyasiya ilə bağlıdır. Bu ölkədə 2004-cü ildən sonra inflyasiya davamlı olaraq artmışdır.
9. Ölkə təhsilində ən çox tənqid edilən cəhət ali təhsilin hazırkı əmək bazarının tələblərinə cavab verə bilməmsidir. Lakin aparılan təhsil islahatlarının əhali tərəfindən ildən-ilə daha artıq dəstəklənməsi təhsil islahatlarının hökumətin ən uğurlu addımlarından birinin olmağını söyləməyə imkan verir.
10. Səhiyyə islahatlarından sonra da səhiyyə xərclərinin ümumi daxili məhsulda payının hələ də çox az olması neqativ faktor kimi dəyərləndirilir.
11. Gürcüstanda həyata keçirilən pensiya islahatlarının xüsusi qeyd edilməli cəhəti ondan ibarətdir ki, islahatlar pensiyaların baza hissəsinin həcmini əhəmiyyətli dərəcədə artırdı və bu proses ildən-ilə davam etdi. Həm də bu sahə artıq yeni məzmunlu qanunvericiliklə tənzimlənir.

Yüklə 405,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə