17
Tazikbətazik allahın əmrilə Nazikbənaziyi özünə arvad almışdı.
Ay ötdü, il dolandı, qış gəldi, çoxlu qar yağdı..
Tazikbətazik arvadına dedi:
-
Mən çıxım damımızım qarını kürüyüm, sən də bir qazan umac bişir, yeyək,
qarnımız qızsın.
Nazibənazik dedi:
-
Yaxşı, olar.
Tazikbətazik çıxdı damın qarını kürəməyə, Nazikbənazik də ocaq qalayıb bir
qazan umac asdı.
Tazikbətazik az kürəmişdi, çox kürəmişdi, birdən ayağı sürüşüb bacadan
düşdü umac qazanının içinə və o saat da öldü. Bunu görəndə Nazikbənazik
başına çırpdı, dizinə çırpdı. Haray hara çatar! Ölən bir də dirilməz ki!
Nazikbənaziyin başına döyüb ağlamağını sərçə görüb ondan soruşdu:
-
Nazikbənazik, bu nədir niyə ağlayırsan?
Nazikbənazik dedi ki, daha nə olacaqdır, Tazikbətazik damın qarını kürədiyi
yerdə ayağı sürüşüb umac qazanının içinə düşüb ölübdür.
Bunu eşitcək sərçə də başına-gözünə döyə-döyə uçdu getdi.
Ona bir qarğa rast gəldi və soruşdu:
-
Sərçeyi-cükcük, bu nədir?
Sərçeyi-cükcük cavab verdi ki:
-
Sərçeyi-cükcük neyləsin, Nazikbənazik deyir, Tazikbətazik qar kürədiyi
yerdə bacadan umac aşına düşüb ölübdür.
Qarğa bu sözü eşidəndə çox bikef olub, uçdu, qondu çinar ağacına. Çinar
onun bikef olduğunu görüb soruşdu:
-
Qarğaye-qırqır, bu nədir?
-
Qarğaye-qırqır neyləsin. Sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir,
Tazikbətazik qar kürəyəndə bacadan umac qazanına düşüb ölübdür.
Bu xəbəri eşidəndə çinar da çox bikef oldu. Yanından dəvə keçib gedəndə
onun bikef olduğunu görüb soruşdu:
-
Çinarbəçinar, bu nədir?
Çinar cavabında dedi ki:
-
Çinarbəçinar neyləsin. Qarğeyi-qırqır deyir ki, sərçeyi-cükcük deyir ki,
Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür.
Bu pis xəbəri eşidəndə dəvə bikef olub başladı getməyə. Onun qabağına
suya gedən bir qarı çıxdı. Qarı dəvənin belə damaqsız olmağını görüb, ondan
soruşdu:
-
Dəvəyi-löklök, bu nədir?
Dəvə cavab verdi ki:
-
Dəvəyi-löklök neyləsin? Çinarbəçinar deyir ki, Qarğeyi-qırqır deyir ki,
sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür.
Bu yaman xəbəri eşidən kimi qarı da vurub səhəngini sındırdı. Elə ki,
bulağın başına gəldi, bulaq qarının sınmış səhəngini və bikefliyini gördü,
ondan soruşdu:
-
Vurub-sındıran, bu nədir?
Qarı cavab verdi:
18
-
Vurub-sındıran neyləsin. Dəvəyi-lök-lök deyir ki, Çinarbəçinar deyir ki,
Qarğeyi-qırqır deyir ki, sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki,
Tazikbətazik dama çıxıb qar kürədiyi yerdə ayağı sürüşüb, bacadan umac
qazanının içinə düşüb ölübdür.
Bulaq da bu xəbəri eşidəndə çox qüssə elədi və qüssədən onun suyu qurudu.
İndi də bulağın suyu axmayır.
M ə s ə l l ə r:
Ata olmayan ata qədrini bilməz.
Anası çıxan ağacı qızı budaq-budaq gəzər.
Qırağına bax bezini al, anasına bax qızını al.
Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı.
Oğul atanın kövşənini əkər.
Qız yükü, duz yükü.
Qız idim, sultan idim, nişanlandım xan oldum, gəlin oldum, qul oldum,
ayaqlara çul oldum.
Qız, sənə deyirəm, gəlinim, sən eşit.
Kürəkən, kül əkən.
Birənin qanını aldın, canını aldın.
LAYLA
Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə,
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim ucadan,
Ünüm çıxdı bacadan,
Səni tanrı saxlasın
Çiçəkdən, qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi
Sən hasilə çatınca.
Balam layla, a layla!