Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 
41
XƏTAİ İŞIĞINDA 
 
Xətainin heykəli önündə düşüncələr 
 
Ey böyük məmləkət quran Xətai, 
düşmənin əzmini qıran Xətai. 
Daralır bir ucdan sərhədlərimiz, 
qılıncı əlində duran Xətai. 
 
Hünər təcəssümü, məğrur Xətai, 
təpədən dırnağa qürur Xətai. 
Kim səni oturtdu bu daş üstündə, 
sıyır qılıncını, bir dur, Xətai? 
 
Sən ey fikri məchul, pərişan babam, 
qələbə əzmiylə alışan babam. 
Çaldıran çölünə kim çəkdi səni
tutduğu əməldən peşman babam? 
 
Ey şair Xətai, ey şah Xətai, 
dövlətə, millətə pənah Xətai. 
Şeirin ürəkləri fəth eyləsə də, 
qılıncın etdi min günah, Xətai! 
 
Ayıl, dərdli babam, ey Şahe-mərdan, 
sənsiz yarımadıq bir dostdan, yardan. 
Qoruya bilmədik əmanətini, 
qurtara bilmədik milləti dardan. 
 
Səndən utanırmı torpaq satanlar, 
millətin ömrünə zəhər qatanlar. 
Vətən təəssübü çəkirlər güya
pulu qeyrətindən üstün tutanlar. 
 
Ey ulu əcdadım, ey böyük ələm, 
istərəm sənintək yaşayam, öləm. 
Yazdın bu millətin hünər tarixin, 
bir əlində qılınc, birində qələm! 
 
16 /17.11.98 


 
42
SOYUQ TƏNDİRLƏRƏ ÇÖRƏK YAPILMAZ 
 
Çılğınlıq cahillik əlamətidir, 
ağlı yetkin olan hissə qapılmaz. 
Fərhadın dastanı bir əfsanədir, 
külüng zərbəsiylə qaya çapılmaz. 
 
Qəribə bir xislət var canımızda, 
gücü axtarırıq ad-sanımızda. 
Düşmən baş kəssə də dörd yanımızda, 
bizə toxunmasa, rəqib sayılmaz. 
 
Yaman öyrəşmişik alqı-satqıya, 
əhsən bu hərraca, bu soyhasoya. 
Ola, bu ağalar dayana, doya, 
anlaya, ləyaqət, Vətən satılmaz! 
 
Torpağı verdik ya satdıq, nə fərqi
yadlara qoyduq ya atdıq, nə fərqi, 
biganə qaldıq ya yatdıq, nə fərqi, 
qəflət yuxusuna gedən ayılmaz. 
 
Bu xalqın nəyi var, dağıdın, sökün, 
Bakı özünüzün, yenidən tikin. 
Yola, dənizə də bir çəpər çəkin, 
hələ ki, sizə yox deyən tapılmaz. 
 
Ayrılın, ayrılsın bazarınız da,  
eviniz, işiniz, məzarınız da. 
Ayrıdır ağrınız, azarınız da, 
onsuz qanınıza bir qan qatılmaz. 
 
Dərd ki, ovunmadı əhli-hal ilə, 
keçər gün-güzəran qeylü-qal ilə. 
Qayıtmaz Qarabağ bu minval ilə, 
soyuq təndirlərə çörək yapılmaz. 
 
18.03.02 


 
43
ŞÖHRƏT AZARINA TUTULAN MİLLƏT 
 
Dərdi bir yandadır,nəfsi bir yanda, 
sərvət azarına tutulan millət. 
Korşalmış qılıncı paslanır qında, 
söhbət azarına tutulan millət. 
 
Tamam əks qütblərdir əməli, sözü, 
eli talamaqdan doymayır gözü. 
Pula hərislikdən bozarıb üzü, 
rüşvət azarına tutulan millət. 
 
Həm tədbir tökəndir, həm uzaqgörən
tərifdən məst olan, mədh üçün ölən. 
Oğrunu, qulduru rəhbər eyləyən, 
dövlət azarına tutulan millət. 
 
Xudpəsəndliyindən uyanda hərdən, 
başına ulduzlar tökülür göydən. 
İndi də dahilik keçir könlündən, 
şöhrət azarına tutulan millət. 
 
Vaxtı yox, qızıldır güya hər anı, 
Paris, London, Dubay tez-tez ünvanı. 
Gəzir eyş-işrətlə bütün dünyanı, 
şəhvət azarına tutulan millət. 
 
Danışar arxayın, dindirsən haçan, 
Deyir ki, bəs, ona işləyir zaman. 
Vaxt gələr, dünyanı qoyacaq heyran, 
Heyrət azarına tutulan millət. 
 
Qaçqını, köçkünü tacir, sahibkar, 
ay-hay, bu minvalla erməni qaçar. 
Bilmir “atəşkəsi” bitəcək haçan, 
möhlət azarına tutulan millət. 
 
Son illər yüz yerə yazırlar “milli”, 
banklar, institutlar, bazarlar “milli”, 
qulp qoyub çox işi yozurlar “milli”, 
millət azarına tutulan millət. 


 
44
Təki öz-özündən yarıya bilsin, 
açıq yarasını sarıya bilsin. 
Barı qeyrətini qoruya bilsin 
qəflət azarına tutulan millət, 
şöhrət azarına tutulan millət! 
 
Oktyabr, 2004 
 
 
GÖZLƏRİ YOL ÇƏKƏN VƏTƏN 
 
M.Babayev musiqi bəstələmişdir 
 
Ey mənim əbədi-əzəli yurdum, 
min ildir hərblərə meydandlr sinən. 
Bütün ölkələrin gözəli yurdum, 
sənin taleyinçün narahatam mən, 
taleyi narahat Vətən. 
 
Ey azər torpağı, ey ata yurdum
heç kimə, heç vədə qıymaram səni. 
Üzündə babamın qan izi vardır, 
ölərəm, düşməndə qoymaram səni, 
ey qanlı tarixim Vətən. 
 
Göyündə nə qədər qara bulud var, 
səni öz qanımla suvaracağam. 
Ey məni qoynunda bəsləyən diyar, 
mən səni xoş günə çıxaracağam, 
gözləri yol çəkən Vətən. 
 
Yam-yaşıl rübəndli, göy gözlü gözəl, 
vurğunam füsünkar təbiətinə. 
Qoy öpüm dağını, düzünü yüz yol, 
səndən sonra gəlir Məkkə, Mədinə, 
baş qoyum daşına, Vətən. 
 
Avqust, 2005 


 
45
QULAQ AS, BALA 
 
Dünya duyğu yeri, nəşə yeridir, 
gəncliyi qəflətdə yatmazlar, bala. 
İnsanda çox şey var zinətdən baha, 
hər pula gedəni satmazlar, bala. 
 
Həyatda hər şeyin əks üzü var, 
yaxşının pisi var, kəcin düzü var. 
Əməl tarazlanır, geci-tezi var, 
nahaqdan günaha batmazlar, bala. 
 
Qocalar evinə ayaq bas bir gün
bənizlər kədərli, baxışlar küskün. 
Can qurban edərlər valideyn üçün, 
atanı, ananı atmazlar, bala. 
 
Baxma ki, özündən razıdır hər kəs, 
hamıya sağlam ruh, bədən verilməz. 
Milyon nataraza bir ağıllı bəs, 
səni çaşdırmasın, qoy azlar bala. 
 
Axdıqca ciblərə bu xalqın varı, 
unutduq vədləri, əhdi, ilqarı. 
Söz vermək ayrıdır, iş görmək ayrı, 
yenə fənd axtarır işbazlar, bala. 
 
Biz kimdən öyrənək mədəniyyəti, 
böyüklər nəfsi ac, mədə niyyətli. 
Hələ azdır bizdə kişi qeyrəti, 
hələ ürəyimiz sızıldar, bala. 
 
20.03.2002 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə