Əvvəllər hər şey yaxşı idi deyə bilmərəm



Yüklə 287,2 Kb.
səhifə5/5
tarix29.09.2017
ölçüsü287,2 Kb.
#2364
1   2   3   4   5

Bu gün dərsdə müəllimədən icazə alıb, dəhlizə çıxdım. Asta, ama qəti addımlarla ikinci mərtəbəyə düşdüm. Ikinci mərtəbədə universitetimizin rektorunun kabineti

Yerləşirdi. Qapını astaca döyüb, açdım.

-Olar?

-Buyurun.-məni rektorun katibəsi qarşıladı.-Nə lazımdır?



-Rektor içəridədir?

-Hə. Kabinetindədir.-katibə məni başdan-ayağa süzdü.

-Ona sözüm var.

O, mənə cavab vermədi. Diqqətlə mənə baxdı.

-Mən keçə bilərəm?-mənim hövsələm daraldı.

-Gözlə. Indi işi var.

“Bəlkə geri qayıdım?”-bir anlıq ağlımdan keçdi. Ama yox. Mən bunu etməliydim. Katibə başını aşağı salıb, komputerdə nəsə yazırdı. Mənsə gözləyirdim. Yox, mənim vaxtım yoxdur. Mən burada vaxt itirirəm. bu vaxt ərzində hər şey ola bilər. Yeni qurban həyatını məhv edə bilər. Mənim gözləməyə vaxtım yox idi. Heç nə demədən rektorun qapısına yaxınlaşıb, onu açdım.

-Olar?


-Ay qız, ay qız, kim sənə icazə verdi?-katibə mənə mane olmağa çalışdı. Mənsə ona məhəl verməyərək, rektorun icazəsini gözləyirdim. O, başı ilə mənə gələ biləcəyimi işarə etdi. Mən acıq verərcəsinə katibəyə baxıb, qapını onun üzünə örtdüm.

-Mən sizə bir şey demək istəyirəm.

-Eşidirəm.

-Sizin universitetdə narkoman tələbə var. O, narkotikanı təbliğ edərək, tələbələri nəşəyə cəlb edir.

-Nə?-o, təəccüblə mənə baxdı.-Kimdir o?

-Əliyev İsmayıl. 768-ci qrupda oxuyur.-Mən o oğlanın adını, soyadını hansı qrupda oxuduğunu öyrənmişdim.

Bu sözlərdən sonra cəld otaqdan çıxdım. Yəqin ki, katibə arxamca nifrətlə mənə baxdı. Mən heç nəyə, heç kimə fikir vermədən otaqdan çıxdım. Mən artıq rektora bu haqda demişdim. Bundan sonrası artıq onların işidir. Bilmirəm, ama qəribə hisslər içində idim. Bilmirəm özümü rahat hiss edirdim, yoxsa qorxurdum. Istəməsəm də bu narkotika işinə bulaşmışdım. Bəlkə o oğlanı tutandan sonra, ya da universitetdən qovandan sonra məndən intiqam alacaq. Biləcək ki, onu mən rektora demişəm. Bəlkə o, təkcə mənə deməyib. Bəlkə onun ağlına başqa insanlar da gəldi. Hər nə olursa olsun, o,məndən şübhələnəcəkdi. Yox, mən təhlükədə idim. Mən artıq təhlükədə idim. Öz-özümə şübhələnməyə başladım. Yox, mən mütləq ölməliyəm.

Tənəffüsdə bir qız mənə yaxınlaşdı. Mən onu tanıdım. Bu o idi. Tualetdə biləklərini kəsərək, özünü öldürmək istəyən qız. O, mənə baxaraq, gülümsədi. Mənim gözlərim onun bintlə sarılmış biləklərinə sataşdı. O, əlini çiynimə qoydu və gülümsəyərək dedi:

-Hər şey üçün çox sağ ol. Əgər sən olmasaydın, o an məni xilas etməsəydin, indi mən həyatda olmazdım. Bu həyatım üçün sənə minnətdaram.

Yaxşılıq çox yaxşı şeydir. Insan cüzi də olsa yaxşılıq edəndən sonra özünü çox rahat hiss edir. Ama mən bu rahatlığı hiss etmək istəmirdim. Çünki mən bu həyata bağlanmaq istəmirdim. Axı mən pis insan idim. Mən Allaha qarşı çıxmışdım. Mən lənətlənmişdim. Mən qara fikirlərin əsirinə çevrilmişdim.

-Burada mənlik heç nə yoxdur.-mən dedim.-Mən olmasaydım, bir başqası səni xilas edəcəkdi. Əgər sənin qismətində ölüm yoxdursa, səni xilas edəcək biri mütləq

tapılacaq. Buna əmin ol. Öz təcrübəmə əsasən deyirəm.

-Yox. Mən həyatımı sənə borcluyam. Əgər sən o anda məni qurtarmasaydın, indi mən valideynlərimi gözü yaşlı qoymuşdum. Həm də nəyə görə. Adı bir səbəbə görə. Mən tək valideynlərimə görə demirəm. ümumiyyətlə həyat yaşamaq üçün çox gözəldir. O yaşanılacaq qədər dəyərlidir. Sənin də başına nələr gəlib. Ama sən həyatdan əlini üzməmisən. Sən hamımıza örnəksən.

-“Nə? Örnək?” özüm öz içimdə güldüm: “Hər gün intihar haqda düşünən və neçə dəfə cəhd edən insandır örnək? Yazıq insanlar...Gör kimi örnək götürürlər...”

-Nəsə.-mən söhbəti uzatmaq istəmirdim. Çünki qız danışdıqca həyatın doğrudan da gözəl olduğuna inanırdım. Ama mən buna inanmaq istəmirdim. Əgər inansaydım bu həyatda sürünməyə davam edəcəkdim. Həyat onun üçün gözəl və dəyərli ola bilərdi. Çünki onun bu həyatda yaşamaq üçün çox səbəbləri var idi. Mənimsə ölmək üçün çox səbəblərim vardı.

-Əsas odur ki, başa düşdün ki, hansısa şərəfsizlərə, alçaqlara görə intihar etməyə dəyməz.

-Hə. Başa düşdüm. Artıq o oğlanla danışmıram. Həyatda yaxşı insanlar da var. Sənin kimi. Sən çox yaxşı insansan. Inan ki, bunu səmimi qəlbdən deyirəm. sən çox yaxşı insansan!

Qızın axırıncı sözlərindən sonra ürəyim sıxılmağa başladı. Elə bil qəsdən mənə əzab verirdi. Mən artıq çoxdan necə bir insan olduğumu anlamışdım. Kimsə mənim bu fikirlərimi dəyişdirə bilməzdi.

O gün evə gedərkən yol boyunca özüm –özümə dedim:

“Sən yaxşı insan deyilsən, Aytən. sən pis insansan. Bax, sənin başına nələr gəldi. Əgər Allah səni sevsəydi, səni tək qoyardı? Allahın sınağı, imtahanı hamısı boş şeylərdir. Sən lənətlənmisən. ona görə də hər şey belə alındı. Bax, sən nə insan kimi yaşaya bilirsən, nə də ölə bilirsən. ortalıqda qalmısan. Bax, budur sənin cəzan.”

Intihar edənlər əsas səbəbi tənhalıqdır. O gün xəbərlərdə eşitdim: 73 yaşlı bir kişi özünü hamamda ipdən asaraq, intihar edib. Ilk ağlıma gələn fikir bu oldu.

“ 73 yaşında? Day bura qədər dözmüşdün. Bir az da dözərdin. Öz əcəlinlə ölərdin. Günaha da batmazdın.”

Sonra intihar səbəbini eşidəndən sonra hər şey mənə aydın oldu. Sən demə, intihar edən kişinin həyat yoldaşı ölübmüş. Heç bir ay keçmədən o da intihar edib. Yəqin tənhalıq onu bezdirib. Xeyr, bu sevgi deyil. Bu sadəcə tənhalıqdır. Əgər sevgidən olsaydı, ürəkdən gedərdi. O, isə özü intihar etmişdi. Ümumiyyətlə, internetdə də oxumuşdum. Intiharın çox səbəbləri tənhalıqdır. Mən də tənha idim. Hər axşam tənha, boş otaqda divarlara baxmaqdan bezmişdim. Hara qədər? Nə vaxtacan bu belə olacaqdı? Mən təkəm. Mən heç kimin həyatında yoxam. Heç kim mənlə maraqlanmır. Heç kim mənə zəng vurmur. Heç kim məni sevmir. Bəlkə bütün bunlara elə özüm səbəbkaram? Özüm insanlardan qaçıram, sonra da onlardan diqqət və qayğı tələb edirəm. Yox. Heç nə istəmirəm. Nə insanları, nə də onların diqqətini. Mən anamı istəyirəm. Anamı! Başqa heç kim lazım deyil mənə. Ona sarılmaq istəyirəm.Ona sığınmaq istəyirəm. Başqa heç nə.

Ev dərin sükut içindədir. Elə həmişə bu ev dərin sükut içində olub. Yox, mən daha bu sükutu sevmirəm. Bezmişəm bu sükutdan. Bezmişəm bu tənhalıqdan. Geriyə son bir üsul qalırdı....

“Lezva...Nə qəribə forması var. Görəsən niyə bu formadadır? Görəsən o insanın ətinə dəysə nə baş verər? Yoxlayıb, baxarıq. AAAA. Qan çıxırmış. Qan qırmızı

rəngdə olur. Niyə? Nəsə. Görəsən o biri qolumu da bu lezva ilə cızsam oradan da qırmızı rəng çıxar? Yoxlayıb, baxarıq. AAAA. Buradan da qırmızı rəng çıxırmış. AAAA qollarımdan qan axır. Ha ha ha ha hah.”

Mən qollarımdan axan qana baxıb, dəli kimi gülürdüm.

“Qan. Qan. Gözəl qan. Ax. Sən ax, mən də sənə baxım. Inanmıram! Nəhayət ki, bunu bacardım. Nəhayət. Yaşasın!!!”

Mən biləklərimdən damcı-damcı süzülən qana baxırdım. Elə sadəcə baxırdım. Başqa heç nə keçmirdi ağlımdan. Gülürdüm. Dəlilər kimi gülürdüm. Artıq ağlımı itirmişdim. Sinirlərim darmadağın olmuşdu. Psixikam çox bərbad bir vəziyyətdə idi. Nə vaxt öləcəyimi gözləyirdim. Qana baxırdım. Öləcəyimi gözləyirdim. Qana baxırdım. Öləcəyimi gözləyirdim. Birdən hiss etdim ki, mən otaqda tək deyiləm. otaqda kimsə var idi. Mən onun nəfəsini hiss edirdim. Onun varlığını hiss edirdim. Axı kim ola bilər? Mən ki evdə təkəm. Heç kim mane olmasın deyə qapını, pəncərələri qapatmışam, telefonu söndürmüşəm. televizoru, maqnitofonu tokdan çıxartmışam. Axı kim ola bilər? Mən qorxaraq, asta-asta başımı qaldırdım. Qarşımda biri dayanmışdı. Ağ libasda. Mən qorxudan donub qaldım. Deyəsən, axan qanım da dayanmışdı. Mən diqqətlə qarşımdakı varlığa baxırdım. O, sanki işıq saçırdı. Başdan –ayağa işıq saçan ağ libasda idi. Bu o idi. Aman Allahım, bu o idi. Mənim anam! Mənim canım anam! Mənim sevimli anam! Mənim hər şeyim, bütün varlığım!

-Ana...-mən ağlayırdım. Mən hönkür-hönkür ağlayırdım.-Ana, sən buradasan? Nəhayət ki...Nəhayət ki, mən səni görə bildim.

Elə bil zaman dayanmışdı. Elə bil bütün gücümü almışdılar. Ayağa qalxıb, anama tərəf getmək istəyirdim. Onu qucaqlamaq istəyirdim. Ama bacarmırdım. Bədənim beynimə tabe olmurdu.

-Axı niyə tərpənə bilmirəm? Axı niyə? Niyəəə? Lənətə gəlsin!!!

O burada idi. O qarşımda dayanmışdı. Necə də nurlu siması vardı. O, mələk idi. Mən həmişə deyirdim ki, o, mələk kimi qadındır.

-Ana. Ana. Ana. Anaaaaa!!!

-Niyə belə edirsən, Aytən?

O danışdı. Aman Allah, o danışdı. Mən sevincdən ağlayırdım. Mən qorxudan ağlayırdım.

-Ana, mən bütün bunları sənin yanına gəlmək üçün edirdim. Bax, indi sənin yanındayam. Nə olar artıq məni tərk etmə.

-Sən düz eləmirsən, Aytən.

-Ana, mən çox gücsüzəm. Mən bu dünyada yaşamağı bacarmıram. Mənə çox çətindir. Çox çətindir.

-Axı sən bilirsən ki, intihar etmək günahdır. Niyə bunu edirsən,Aytən? niyə Allaha qarşı çıxırsan? O, çox mərhəmətlidir. O, hər şeyi görür və bilir. O, çox ədalətlidir.

-Axı necə ədalətlidir? O, səni tez apardı? O, məni tək qoydu. O, sənə əzablı bir həyat yaşatdırdı.

-Yox, Aytən. sən yanılırsan. Düzdür, mən də sənin kimi düşünürdüm. Ama buranı görəndən sonra anladım ki, hər şey ədalətlə həll olunur. Mən o dünyada çox əzab çəkirdim. Çox. Ama burada. Burada çox rahatam. Bura elə gözəldir ki...Burda hər şeyi unudursan. Bütün çəkdiyin əzablar, iztirablar, hər şey, hər şey yaddan çıxır. Bura çox gözəl yerdir,Aytən. burada insanı əməllərinə görə qiymətləndirirlər. Sən Allaha qarşı çıxma! Bu günahdır. Çox günahdır. Allah hər şeyi görür və bilir. Mən burada çox yaxşıyam. Çox yaxşı. Sən də Allaha inan. O ədalətlidir. Ondan ümidini kəsmə.

-Ana, məni tərk etmə. Mən günahlarımın əff olunması üçün hər şey edərəm. Yetər ki, sən məni tərk etmə.

-Sən Yaşamalısan, Aytən. Sən yaşayacaqsan. Allah hər insana bir ömür yazır. Sənin də ömrün yazılıb.

-Ana, mən artıq ölmüşəm. ölmüşəm. Ölməmişəmsə, bəs səni necə görə bilirəm? səninlə necə danışa bilirəm?

-Sən indi kliniki ölüm keçirirsən. Sən yaşayacaqsan. Sənin ömrün hələ bitməyib.

-Ana, mən yaşamaq istəmirəm. Mən səni istəyirəm.

-Mən həmişə sənin yanındayam,qızım. Həmişə səninləyəm. sən məni görməsən də, mən həmişə sənin yanındayam. Niyə düşünürsən ki, Allah sənə nifrət edir?Allah səni sevir ,qızım. Sən yaxşı insansan. Sadəcə bir az üsyankarsan. Əgər Allah səni sevməsəydi, o, sənə icazə verərdi ki, sən özünü öldürəsən. Əgər özünü öldürsəydin, səni əzablarla dolu bir cəhənnəm gözləyərdi. Onda sənin geri dönmək şansın da olmayacaqdı.Allah səni sevir. O, sənə bir şans daha verdi.

-Deməli, mən həmişə intihar edəndə sən mənim yanımda olmusan? Qapını döyən o qadın, televizorun yanıb, cəhənnəmdən danışması, o narkoman oğlanın maşın vurması, hamısı, hamısı...İnanmiram. sən məni hər dəfə qorumusan. Mənsə elə bilirdim ki, mən təkəm. mən lənətlənmişəm. Ana. Ana.

Anam gülümsədi.

-Aytən, Allah istəməsə bir yarpaq belə ağacdan düşə bilməz. səni qorumağımı o, istəyir. Aytən, indi vaxtdır. Sən getməlisən.

-Hara?


-Ora. Səni gözləyən həyata. Sənin ömrün hələ bitməyib. Sən yaşayacaqsan. Söz ver ki, bir də intihar haqda düşünməyəcəksən. həyatı sev, Aytən. çalış yaxşı insan ol. Yaxşı əməllərin olsun. Burada fərqi yoxdur, sən kasıb olmusan, yoxsa varlı, əzab çəkmisən yoxsa kef içində yaşamısan. Burada əsas sənin əməllərindir. Sənin niyyətin, ürəyindir. Sən çox ürəyi təmiz qızsan,Aytən. çalış, əməllərin də yaxşı olsun. Sən hələ neçə intihar etmək istəyən qızı xilas edəcəksən. sən hələ neçə qanunsuzluqlarla mübarizə aparacaqsan. Sənin həyatdakı missiyan hələ bitməyib. Çalış, yaxşı insan ol,Aytən. Allah sənə bir şans verdi. Onun dəyərini bil.Mən həmişə sənin yanındayam,Aytən. bunu unutma.

-Ana, olar səni qucaqlayım? Buna o qədər ehtiyacım var ki...

Anam qollarını açdı. Mən ayağa qalxdım. Aman Allah, mən addımlaya bilirdim. Qollarıma baxdım. Artıq qan axmırdı. Mən anamı bərk-bərk qucaqladım. Elə bil yumşaq bir pambığa toxundum. Içimdə qəribə ifadəolunmaz bir rahatlıq hiss etdim. Az qala bu rahatlıqdan nəfəsim kəsiləcəkdi. Içim nurla doldu sanki. Mən gözlərimi yumdum. Nəfəs almaqda çətinlik çəkirdim. Rahatlıq, sevgi, nur mənim bütün ruhuma yayıldı. Bu elə bir duyğudur ki, sözlərlə ifadə edilməyəcək bir hissdir. Mən indiyə qədər cənnət və cəhənnəm haqda ancaq Quranda, televizorlarda, mollalar danışarkən eşitmişdim. Ancaq, indi mən cənnətin necə bir yer olduğunu anladım. Mən anamı qucaqlayarkən o cənnəti hiss etdim. O cənnətdəki huzuru, rahatlığı hiss etdim. Ora elə bir yerdir ki...İnsanın ağlından ancaq bir fikir keçir: mən nə lazımdırsa etməliyəm. yetər ki, buradakı huzuru duya bilim. Burada hər şey sənin yadından çıxır. Bütün çəkdiyin əzab-əziyyətlər, axıtdığın göz yaşları, hər şey, hər şeyi unudursan. Mən onu hiss etdim. O duyğuları hiss etdim. Və yaddaşımda bir şey yazıldı: “Doğrudan da cənnət varmış.”...

Mən gözlərimi açanda başımın üstündə ağ xalatda biri dayanmışdı. Yox, bu anam deyildi. Bu hansısa mələk də deyildi. Bu adicə bir tibb işçisi idi. Mənim ayıldığımı görüb, həyəcanla qışqırdı:

-Həkim, həkim, o, özünə gəldi.

Mən hələ də nə baş verdiyini anlamırdım. Bir azdan həkim və bir neçə nəfər otağa daxil oldular. Həkim mənə diqqətlə baxdı. Mən donuq gözlərlə ona baxırdım. Cibindən lazerə oxşar bir cihazı çıxardıb, mənim gözlərimə tutdu. Mən güclü işığın təsirindən gözlərimi qıydım.

-Hə. Hər şey normaldır.-həkim gülümsədi.-Xəstə özünə gəlib.

-Mən haradayam?

Bir azdan xalam gəldi. Mənə gülümsəyərək, mülayim nəzərlərlə baxırdı.

-Xala, mən haradayam?

-Xəstəxanadasan, qızım. Bir az dəlilik eləmişdin. Ama Allaha şükür, indi hər şey yolundadır.

-Xala, kim məni xilas etdi?

-Qonşu.

-Qonşumuz?Necə?



-Qonşu görüb ki, səs gəlir. Bilmək istəyirmiş ki, bu nə səsdir. Qapını döyüb, görüb açıqdır. Səni səsləyib, ama cavab gəlməyib. O da fikirləşib ki, yəqin evə oğru girib. Keçib içəri. Sonra görüb ki, sən huşsuz halda yerdə uzanmısan. Biləklərindən də qan axır. Təcili səni xəstəxanaya gətiriblər. Bax belə.

-Qapı açıq idi?-mən bir anlıq düşündüm: “Axı mən qapını bağlamışdım.” Sonra anamın sözləri yadıma düşdü. Gülümsədim. Artıq heç bir şübhəm yox idi. O, həmişə mənim yanımdadır. O, məni qoruyur. O, mənim qoruyucu mələyimdir. Indi əminəm ki, o, buradadır. Mənimlədir. Mən onu görməsəm də o mənə baxıb, gülümsəyir.

-Xala, səni acıladığım üçün məni bağışla. Mən səni incitmək istəmirdim.

-Əşi, nə danışırsan. Mən sənin xalanam. Səni başa düşürəm.-o, kövrəldi.-Bacımın əmanətisən mənə. Sən bağışla ki, mən səni tək qoydum. Sən tək deyilsən, Aytən. Biz varıq. Bizlər varıq. Biz səni çox sevirik.

-Bilirəm, xala. Mən də sizi çox sevirəm....

Bəli. Həyat bax belə qəribəliklərlə dolu bir şeydir. Həyat nədir? Hələ də bu suala dəqiq tərif verən tapılmayıb. Mən deyərdim ki, həyat yaşamaq sevgisidir. Həyat bir sevgidir. Heç vaxt bitməyəcək, tükənməz bir sevgidir. Mən ikinci dəfə bu dünyaya gəlmişdim. Yenidən doğulmuşdum. Və həyatıma yeni bir səhifədən başlayacaqdım. Ağappaq bir səhifədən. Daha gülərüz, daha ümidli, daha sevinclə, daha nikbin. Artıq açılan hər səhər mənə sonsuz ümidlər verirdi. Çıxan günəş mənə fərqli görünürdü. Adicə əsən külək mənə həyat eşqi verirdi. Mən Allahı sevirəm. Mən həyatı sevirəm. Mən Allahın yaratdığı hər şeyi sevirəm. Mən tək deyiləm artıq. Mənim qoruyucu mələyim həmişə mənimlədir. Mən hiss edirəm. onu görməsəm də onun varlığını hiss edirəm. Mən xöşbəxtəm. Mən nikbinəm. Mən yaşamaq istəyirəm. Çünki mən kiməsə yaxşılıq edə bilərəm. Kiminsə mənim köməyimə ehtiyacı ola bilər.

Heç özüm də inana bilmirdim ki, mən belə dəyişə bilərəm. Yox, mən dəyişməmişdim. Mənim həyata olan baxışlarım dəyişmişdi. Mənzərə eyni idi. Yenə də səhər olurdu, günəş çıxırdı. Yenə də mən səhər durub, dərsə gedirdim. Eyni yollar, eyni mənzərə, eyni tələbələr. Yenə axşam olurdu. Ay çıxırdı. Eyni həyat hadisələri. Ama dəyişən bir şey vardı: MƏNİM DÜŞÜNCƏLƏRİM. Mən artıq fərqli düşünürdüm. Mən həyatda özümü tapmışdım. Özümü tapmışdım deyə, xoşbəxtliyi də tapmışdım. Içimdəki sevgini də tapmışdım. Bu Allah sevgisi idi. Allah məni sevirdi. O, məni cəhənnəm əzabından qurtararaq, mənə şans vermişdi. O, məni sevirdi. Mən bu sevgini hiss edirdim. Mən də Allahı çox sevirdim. Mən artıq insanları

da çox sevirdim. Axı insanları da Allah yaratmışdı.

Bu gün universitetə girərkən anladım. Mən bu binanı necə də çox sevirdim. O, məni həyatımda çox böyük rol oynamışdı. Bu gün sinif otağına girərkən gülümsəyərək dedim:

-Sabahınız xeyir, qızlar. Necəsiniz?

Bir anlıq mənə elə gəldi ki, mən təəccüblü baxışlarla baxan insanlardan ibarət portretə baxıram. Hamısı donub, qalmışdı. Heç kim məndən bu davranışı gözləmirdi. Heç kimin ağlına belə gəlməzdi ki, onlar mənim üzümdə təbəssüm görə bilərlər. Onlar bir müddət çaşqınlıq içində mənə baxdılar. Sonra hamısı ətrafıma toplaşdı. Onlar mənimlə elə mehriban, elə səmimi danışırdılar ki. Mənim qrup yoldaşlarım çox yaxşı insanlar idi. Əvvəlki vəziyyətimə qayıtmağım ən çox Leylanı sevindirmişdi. Nəhayət ki, mən dostumla köhnə münasibətlərimizi bərpa etmişdim. Müəllimlər də məndəki dəyişikliyi dərhal hiss etdilər. Onlar da sevinirdilər.

Bu gün tənəffüsdə bir qızı axtardım. Əvvəlcə bufetə düşdüm. Orada yox idi. Sonra həyətə çıxdım. Orada da yox idi. Sonra “ayaq yolu”, sonra dəhliz. Nəhayət ki, onu dərs keçəcəkləri dərs otağının qabağında tapdım. Əlində kola vardı. Ətrafındakı qızlarla nədənsə danışıb, gülürdülər. Mən onlara yaxınlaşanda onlar susdular. Həmin qız qorxu dolu baxışlarla mənə baxdı. Bu Elvinin sevgilisi idi. O, hətta 1-2 addım geri çəkildi də. Yəqin onu bərk qorxutmuşdum. Elə bilirdi ki, bu dəfə də onun üstünə hücum çəkib, onu döyəcəkdim. Mən ona yaxınlaşdım.

-Üzr istəyirəm. bağışla, əgər incitdimsə...

Yəqin ki, onlar şoka düşmüşdülər. Bunu onların simasındakı ifadədən sezə bilirdim. Mən cavabı gözləmədən üzümü çevirib, getdim. Bilmədim o məni bağışladı ya yox. Əsas o idi ki, mən kobud hərəkətimə görə üzr istəmişdim. Özümü çox rahat hiss edirdim...

Bu gün evə gələrkən, qəzet satılan köşkdən “iş elanları” qəzetini aldım. Artıq işləmək istəyirdim. Çünki o gün evə göz gəzdirərkən anladım ki, bu evin divar kağızlarını dəyişməliyəm. onlar çox solğundurlar. Bunun üçün pul lazım idi. Mənim xərclərim çoxalmışdı. Mənim arzularım da çoxalmışdı. Mən yeni paltar almaq istəyirdim. Mən artıq peçenye, bulka, hazır yarımfabrikatlar yeməkdən bezmişdim. Iştaham artmışdı. Dadlı, “sanballı” yeməklər hazırlamaq istəyirdim. Bunun üçün işləməliydim. Pul qazanmalı idim. Hər ay aldığım əlaçılıq stipendiyası artıq arzularıma və istəklərimə çatmırdı. Mən hələ çox şeylər etmək istəyirdim. Tezliklə xarici dil kurslarının birində iş tapdım. İngilis dilindən dərs deyəcəkdim. Yeni işim çox maraqlı idi. Mən müxtəlif insanlarla qarşılaşır, onlarla ünsiyyətdə olurdum. Mən həyatı sevməyə başlamışdım. Qaranlıq keçmişimi çoxdan dəfn etmişdim. Mən artıq yeni arzularla yaşayırdım...

***


Dəmir barmaqlıqlar arxasından o, necə də zəif, gücsüz və aciz görünürdü. O, artıq heç bir vəhşilik edə bilmirdi. Bir azca barbarlıq etmək istəyən kimi onu dəmir çubuqla ağıllandırırdılar. O, artıq heç kimin canını yandıra bilmirdi. Mən ona ötəri nəzər saldım. Onun qanla dolu gözlərinə baxdım. Məni bir sual düşündürür: Görəsən, ata nə deməkdir? Mənim qarşımda dayanan bu insan mənim atam idi. Mənsə ona qarşı heç nə hiss etmirdim. O, mənim üçün bu dünyadakı tanımadığım milyonlarca insanlar kimi idi. O, mənim üçün heç bir məna kəsb etmirdi. Mən ona nifrət də etmirdim. Çünki nifrət də duyğunun bir növüdür. Mən ona qarşı heç nə hiss etmirdim. Sadəcə ona yazığım gəlirdi. Axı o, ruhi xəstə idi. Mən artıq onun törətdiyi əməllərə görə ona qəzəblənmirdim. Çünki onun vaxtilə döydüyü, ağlagəlməz işgəncələr verdiyi anam indi çox yaxşı bir yerdə idi. O, artıq ağlamırdı. Döyülmürdü. Qorxmurdu. Indi o, xöşbəxt idi. Atam isə hələ 17 il bu barmaqlıqlar arasında yatacaqdı. Bəlkə bütün bunları bildiyim üçün artıq ona nifrət etmirdim. Axı ədalət öz yerini tapmışdı. Əgər anam hələ də yaşasaydı, bu ruhi xəstənin törətdiyi ağır işgəncələrə dözməli olacaqdı. Ancaq indi, o, çox rahat bir yerdə idi. Artıq ölümə pis baxmıram. “Allah, niyə anamı məndən tez aldın?” deyə üsyan etmirəm. Çünki bilirəm ki, anam üçün belə yaxşıdır. Onun üçün yaxşıdırsa, deməli mənim üçün də yaxşıdır.

-Ata, sənin üçün bir neçə paltar və yemək gətirmişəm.

Mən yerə baxırdım. onun gözlərinə baxmaq istəmirdim. Heç bilmirəm, niyə gəlmişdim bura? Niyə anamın qatilinə paltar və yemək gətirmişdim. Ama bunu etmişdim. Səbəbsiz. Bəzən elə hallar olur axı. Nəsə edirsən. ama səbəbini bilmirsən. mən üzümü çevirib, çıxmaq istəyəndə atam xırıltılı, zəif səslə məni çağırdı. Mən geri çevrildim. Ama yenə də baxışlarımı yerə zillədim.

-Aytən, bağışla məni. Mən istəmirdim belə olsun. Bağışla məni.

Bir anlıq istədim ki, ona bağışlanmaq üçün hər şeyin gec olduğunu deyim. Ama bilirdim ki, danışmağa başlasam, kobud sözlər deyəcəkdim. O, nə də olsa atam idi. Sözün hərfi mənasında atam olsa da, ata idi. Mənə heç bir atalıq etməsə də, ata idi. Bəlkə mənə qalsaydı mən çox kobudluqlar edərdim. Ama anamın verdiyi tərbiyə qabağıma sədd çəkdi.

-Allah bağışlasın. Mən kiməm ki?

Cəld oradan uzaqlaşdım. Üzünə baxmasam belə, vicdan əzabı çəkdiyini hiss edirdim. Çox peşman olmuşdu.

Özümü çox rahat hiss edirdim. Çox sevinirdim. Sevirdim həyatı. Sevirdim insanları. Artıq tək deyildim. Çoxlu dostlarım vardı. Onlar məni darıxmağa qoymurdular. Çox sevdiyim universitetim vardı. Hər gün müxtəlif hadisələrlə rastlaşırdım. Maraqlı bir işim vardı. Uşaqlara dərs demək çox maraqlı idi. Onlar hər dəfə mənə “müəllimə” deyə müraciət edəndə bu məni çox fərəhləndirirdi. Özümü böyük adamlar kimi hiss edirdim. Hər şey yaxşı idi. Əsas bir şey var: Anam mənimlə idi. O, həmişə mənimlə idi. Bəzən avtobusda gedərkən kiminsə çiynimə toxunduğunu hiss edirdim. Cəld çevrilib, ətrafıma baxanda heç kimi görmürdüm. Bu o idi. Mənim anam. Mənim canım anam. Gülümsəyirdim. Bəzən ətrafımdakı insanlar mənə qəribə baxırdılar. Ama onlar bilmirdilər ki, mənim yanımda anam var. O, həmişə mənimlədir. O, mənim qoruyucu mələyimdir. Bir gün gələcək və biz əbədiyyən bir yerdə olacağıq. Ama hələki mənim bu həyatdakı missiyam sona çatmayıb. Mən hələ yaşamalıyam. Axı mən həyatı çox sevirəm. Həyat çox gözəldir. Həyat yaşanılacaq qədər dəyərlidir...

SON

Bu gün kriminal xəbərləri aparan oğlan danışırdı.



“Ötən həftə cinayət hadisəsi baş verib. Bir kişi öz arvadının başına balta ilə vuraraq qətlə yetirib. Kişinin ruhi xəstə olduğu deyilir. Onların 5 yaşlı uşağı var.”

Cəsədi görən ekspertlərdən biri deyir:

“Qadının kəllə sümüyü elə yarılmışdı ki, biz onu yığışdırıb, bir yerə gətirə bilmirdik.”

Və ən dəhşətlisi bu idi: bütün bu hadisələr 5 yaşlı uşağın gözləri qarşısında baş vermişdi.

Bəli, çox təəssüf ki, son zamanlarda belə hadisələri tez –tez eşidirik. Həmin dəhşətlərə şahid olmuş uşaqların psixoloji vəziyyətindən isə danışmağa dəyməz. Sözüm isə gələcək valideynlərədir:

Nə vaxtsa dünyaya uşaq gətirmək istəsəniz, əvvəlcə bu sualı özünüzə verin: “Mən bu uşağa sağlam ailə mühiti verə biləcəmmi?”



Unutmayın! Ailə şiddətindən ən çox uşaqlar əziyyət çəkir. Onları narkoman, pessimist, intihar etməyə meyl edən görmək istəmirsinizsə,onlara sağlam ailə mühiti verin. Onlara sevgi göstərin. Qoy onlar sizdən görmədiyi sevgini başqa gözlərdə axtarmasınlar. Sevgiyə möhtac olmasınlar. Qayğını, diqqəti başqa, zərərli şeylərdə axtarmasınlar. Heç bir uşaq anadan narkoman doğulmur. Heç bir uşaq intihar etmək üçün dünyaya gəlmir. Onların dünyanı çəhrayı və ya qara rəngdə görməsi sizlərdən asılıdır. Onları həyatdan küsdürməyin. Axı onlar sizin gələcəyinizdir. Qaranlıq və pessimist gələcəyi isə heç kim arzulamır.




Yüklə 287,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə