ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


YAXIN KEÇMİŞLƏ BAĞLI ƏHVALATLAR



Yüklə 2,19 Mb.
səhifə34/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

7. YAXIN KEÇMİŞLƏ BAĞLI ƏHVALATLAR

Deməli, çox məşhur məhlədir Qala məhləsi. Dediyim o, yəni babamın qayınatası, nənəmin atası – ulu babam o dövrdə elə hey hələ qədim dövrlərdə hansı illər ki, mən bilmirəm bu Qala məhləsində yaşayb. Adı Mircavad Ağa olub. Mircavad Ağa bu bölgənin bəyi olubdur, bu bölgəyə, bu kəndə rəhbərlik edən Mircavad bəy. Nənəm Mircavad bəyin qızıdır. O dövr­lərdə XVI əsrdə yaşayıbdır Şah İsmayıl Xətai. Şah İsmayıl Xə­tai öz qoşunları ilə İrana gedəndə onlar gəliblər Mah­mu­da­var­da Qala məhləsində istirahət ediblər. Qala nəyə görə de­yilir ora. Onlar tərəfindən səngər qazıblar o qoşun tərəfindən, hətta divar­ları kərpiclə hörüblər. İndi o kərpiclər yoxdur. On­lar o vaxtı o nəslin yəni o dövrdə yaşayan ulu babamın nəs­linin mə­ka­nı olubdur o yer. Deməli, o vaxtı onların bir başçısı olubdur da.

Onların gözəl bir qızı olubdur. Həddindən artıq gözəl olubdur. Şah İsmayıl Xətai indi bilmirəm onun neçə xanımı olubdur. Buda həmin xanıma vurulubdur. Biri var deyirlər 3-cü xanımı qalalı olubdur, biri də var deyirlər 7-ci xanımı qalalı olubdur. Yəni Şah İsmayıl Xətai burada onu kəbin edir. O qədər qız gözəl olur ki, qızı Şah İsmayıl Xətaiyə qulluq et­mək üçün gətirirlər meydana yanına və ona vurulur. Hətda İrana gedəndə o xanımı qoymur axı onlar müharibəyə ge­dir­lər. Deyir birdən əldən çıxar, nəsə olar. Yəni ki, hər şey ola bilər. O xanımı özüylə götürür aparır. Orada qələbə qa­zan­dıq­dan sonra xanımı gətirir özüynən aparır. Həmin o, xanım mah­mudavarlı qız olur. O, nəslin musiqiçilər nəslinin nüma­yən­dəsi olur. Yəni belə şeyləri nənəmdən eşitmişəm. Belə şey­lər olub biz bilmirik uşaqlar bilmirlər. Müasir dövrün gəncləri bilmirlər. Bu qalalar məhəlləsi yəni onlardan qalıb.

* * *


Bu mənim əmim qızıdır. Bunların cahı-cəlalını gör­mü­şəm. Fələk belə gətirdi. Xülasə, razılığ verdim gəldilər, mənə dedilər ki, sən gəlginən camaat səni görsün. Neynən gəlim cı­rığdı çuxam, yamağlı köynəyim. Əmim arvadı mənə dedi ki, getməlisən. Dedim, ay bibi mənim əmim arvadın adı Üm­ni­sədi dedim, axı mən ora neynən gedim. Paltarım yox, cibimdə pul yox, bir şey aparam. Dedi əmin deyir ki, getməlidir. Deyir qanundu. Gəldim köhnə yoldan aşağı düşürəm e ordan arx ge­dir. Hava qaralıb gördüm. Mənim qaynanam var idi. Demək is­tiyirəm bularında mən cahi – cəlalını görmüşəm. İndi gəlib heç zad. Hava qaralıb qaynanam dedi, əlindəki nədir? Dedim bax. Gəldik çayı nədə qaynadırdıq aftafada. Qara aftafada, ça­yı nədə içirdik fincanda. Çaya nəyi atırdıq qəndi yandırırdıq. Mən neçə dəfə demişəm ki, Allah hər şeyin yaxşısını bilir. Ka­mil insan nə qədər səbir eləsə, asan olar. Səbri gərək ola.
* * *

Günlərin bir günündə mən oğlumnan gedirəm bazara. Evdən çıxıncan bazara qədər mənə salam verdilər. Ağa, salam əleykim. Uşağ day yığıldı bura. Kinoteatırın yanında dedi:

– Ata, bular sənə niyə salam verir e.

Dedim:


– Oğul, mən oların atalarına salam vermişəm dedi indi mən olara salam verməliyəm ki, olarında evladları mənə sa­lam versin.

Sonra dedi ki, ata, sən bu tərbiyəni kimnən almısan?

Dedim:


  • Bala, hey yığışardılar həftənin birinci günü məsələn bizdə idilər, ya bazar günü başladıq söhbət eləməyə mənə de­dilər ki, məsələn Füzuli var e, Xırmandalıda pay atonnan in­san necə qabiliyyətli olar insan necə tərbiyəli olar. Səhər du­rur­dum düşürdüm arxasıycan görüm bu Füzuli neynir. Gö­rürdüm Füzuli salam verir, skamekada oturub böyüyü gələndə durur ayağa belə-belə onun yaxşı xüsusiyyətlərini götürdüm. Sonra deyirdilər ki, filankəsin oğlu çox tərbiyəsiz uşağdı. Dü­şürdüm onun dalınca görürdüm o götürüb daş atır. Atam mən­nən oturub dizbədiz demiyib bunu elə, bunu eləmə. Mən belə götürmüşəm. Ata dedi məntiq vara burda uşağ idi, beşinci si­nifdə oxuyurdu. İnsanı paltarnan qarşılayıb kəlləynən yola sa­larlar. Gözünnən götürəsən yaxşını, pisdən vaz keçəsən. Ma­sal­lı masal bəy deyirlər çox şeyə misal çəkirlər.

* * *


Babamgili sürgün eliyiblər. Məmmədəmin deyib ki, sən o pulları ver mənə, mən qoyum bu toxunulmaz bang deyirlər. Qoyum onu ora bir vaxt olar sənin nəsillərivə qismət olar. Qa­yıtsan heç, qayıtmasan qoy pulun əllərə düşməsin. Sənin gələ­cək nəsillərin qoy o puldan istifadə eləsin. Bu babam bu pulu verir ona Məmmədəmində buna xəbər verir ki, pulu qoyub toxunulmaz bangə. İndiyəcən o pul bizə çatmıyıb. O vaxt bangdə bundan istifadə eliyirmiş axı. O pul batdı.

Mənim xalamgili sürgün eləmişdilər. O vaxtı xalamın qızılları qalır burda. Məktəb var bu yanda orada paraxot daya­nır. Nənəm götürür məni qucağına qızıllarıda tikir arxalığına pramoy praxota, minir praxota. Pramoy Astarxana gedir. Nə­nəm orada qızılları verir gəlir. Bizim bu kənd bular hamısı dəniz olub. İndi-indi açığlığ olub.


* * *

Kişi danışırdı ki, on iki on beş yaşı olub. Deyir gəldilər siyahı tutdular. Məscidin böründə kommunist partiyasına ya­zı­lardığ. Böyük axund yazıldı, kiçik axund yazıldı. Deyir gəldilər mənim Ağama dedilər, Ağa səndə yazıl. Dedi mən ya­zılmıram və bir dənə Allahın partiyasının üzvüyəm. Nə qə­dər elədi yoldaşlar yazıl yazılmadı. Gəldim soruşdum ay Ağa neyçündü, dedi ay bala, dünya dəyişəndən sonra o, partiya ona qalıb. Gələndən sonra hamısını bir dənə-bir dənə dən­niyirlər. Tuturlar. O kişi də çox təmiz kişi olub.


* * *

Qağam deyərdi, mən oğruyam, amma baxır nətəri oğru. Mən omrü boyu kiminsə gedib mal heyvanını oğurruyam, ya birinin toyuğunu gətirəm uşaxlarıma yedizdirəm omrü boyu belə şey eləməmişəm. Mən qumaroyniyan olmuşam. Qağa­mın yaxşı qardaşdarı olub eeee. Bi qardaşı ölüncən kənd so­veti işdiyib, bi qardaşı kolxoz sədri olub, bi dənə bu qumarbaz idi. Həm də dələğayı idi. Qumara uduzurmuş. Bi rəhmətdik Abi kolxoz sədri bunnan yaxın dost olub. Qumara bir yerdə gedil­lərmiş. Qumar oynıyannar da Səlyandan gəlirlərmiş. Səl­yannan 2-3 nəfər gəlib birda qumar oynuyurlarmış, bular ud­duğunda dermişdər biz pul istəmirik, bizə cəltik, buğda verin aparağ. Uduzanda qağam dururmuş ayağa, kolxoz sədri belə göz eleermiş ki, yəni dimmə. 3-4 dənə siyəzi götür get. Ge­dirdim deer ambarın taxtasını cıxardardım, doldurardım, ağ­zın bağlar­dım, atardım ciynimə, aparıb atdım o səlyannının arabasına, sağ ol-sağ ol. Götürüb cıxıb gedərdilər. Mınnan da bitərdi.

Amma and icərdi ki, mən 1 kilo bi adamın bi şeyini oğur­­ramamışam. Özu də cox quvvalı olub eee qağam. Sarı Süleymannan güləşib. Sarı Süleyman özü qağamı şagird gö­türürmüş ozünə. Deyib gəl mənnən işdə, qağam deyib yox. Qu­marı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Cox düz danışan olub. Oturardı məsəl evdə, biri vırıb birini öldürüb qan düşüb, ya məsəl hayatınnan tiryək, xaşxaş tapıblar. Du­rardı gedərdi 3-4 il iş veriləcək də filankəsə işi bağlıyardı gə­lərdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh kəsərdi. Belə kişi idi. Qocu idi də.

Cox namıssı qiryətdi idi. Muharibə vaxtı qağam qa­cağtutan olub. At veriblər, belinə qatar, beşacılan, tufəng ve­riblər. Veriblər bi qacağları tuturmuş, muharibədən qacıb giz­dənənnəri tuturmuş verirmiş təhvil. 3-nü deer tutdum təhvil verdim bi dənə orden deer vurdular burama. Deer, bi at ve­riblər mənə qara atdi vallah at deer əlləri üssə qalxır. Biri də deer ailəsinin az qalıbmış doğmağına, gəldim deer bını güdə-güdə gördüm deer bı evdədi. Gəldim yavaşca qapını açdım gir­dim icəri. Deer dik qalxdı ayağa. Arvadı yaylığını açdı atdı ayağımın altına kı, sən gəl mənim ailəmi aparma. 3-4 günə azad olacam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim adamam. Mən bına gümannıyam. Baxdım baxdım deer, de­dim insandı dana. Əgər bı gedərsə vətəni qorumağa elə bu da vətəninin adamıdı də. Deer, dedim mən səni ələ vermərəm. Am­ma biz 2 yoldaşıq o da mənnəndi. Adı Mirzədi.

Nəisə üssünnən 4-5 gün kecdi səhər-səhərdi, atı min­mi­şəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm deer. Yer də deer əl naziklikdə buzdu. Atı sürdüm bizdə cay var Adıgözəldi adı. Helə ora az qalmışdım, gördüm bi dənə atlı qabağında bi arvad gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlin­də gəlir. Yer buz, deməynən 3-cə gündü azad olubmuş. Mən də deer ayrı yerə getmişəm qacağ tutmağa. Bılardan xəbərim yoxdu. Hə bi də gördüm atın qabağında Mirzə. Ayə, bu nədi dedim. Ağlım başımnan çıxdı. Ayə, bı nağayrır? Gəl ha gəl, gəl ha gəl gördüm əəəəə bu həmin qadındı. Suyu keçdim. De­dim, əəəə, bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut, bu arvadı neynirsən. Deer, dedi əmi belə başaa dö­nüm, ayağıın altında ölum sən də məni bağışda 3 gündü azad olmuşam.

Dedim:


– Ə, sən nə təhər adamsan.

Bunu deer hərbələdim. Qolumun pencəyini belə elədim ki, əli əlimə dəymısin. Bala Allahın da yanında üzüm ağdı bən­dənin də, pencəyimi belə elədim, dedim bala yapış mənim əlimnən. Yapışdı burdan deer götdüm atdım atın tərkinə. Ata bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın hayatında. Hey deyərdi bala o uşaxların səsi mənim qulağımnan getmir. Biri 3 yaşında, biri 2 gündü doğulub. İkisi də nətəri ağlaşır, mə­ləşir. Uşağın səsi beynimə girdi.

Dedim:

– Tfuuu nəhlət olsun sənə, sən nə yava adamsan.



Bala düş atdan, bıni düşürtdüm.

Mirzə bunu görndə:

– Paşa səni tutduracam dedi.

Getdim deer Masallıya rayona, gördüm ordadı. Gördüm oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danış­dım böyükümüzə. Danışan kimi kişi qalxdı yerinnən hax-tfuu üzünə. Hec ölürsən? O nədi, əəəə, 2 körpənin sən anasını gə­ti­rir­sən mənə təhvil verməyə, salaq türməyə o 2 körpəyə kim baxacaq?

Nəisə qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ vermirəm. Deer, dedim səni ələ vermirəm ailəvi, uşağıvı sax­la. İnan deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o Mirzə gedir deer ki, Paşa qacaxları görür tutmur. Deer, dedim ayə mən 4 qacax tutmuşam sən hec bir dənə də tutmamısan. Deer, yox mən tuta bilmirəm, sən qacırdırsan. Nə isə ikimizi də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. Getdik türməyə. O orda öldü. Mən isə qayıtdım.

Qağam rəhmətdik öləndə də onnan 1 gün qabaq gedib ba­zara. Bazarın icində də hamam var idi. Orda yuyunardı. Təmizkar idi. Həm də yaraşıqlı idi. Hə gedib hamamda yuyu­nub gəlib qatığ alıb, deyib arvad bunnan doğa bişirərsən, ar­vad da səhər durub doğa bişirib. Balığ bişirib. Məscidə də gedib namazını qılıb, surfanu səriblər, hamı gəlib, gəlin, oğul, hami oturub yeyiblər günorta. Deyib:

– Hə, arvad hərif haxlıyıb məni. Dur məəm yerimi sal. Sən görmürsən, mən görürəm. Dur mənim yerimi sal. Arvad deeb, əşi, özüü itiribsən nədi, deeb sora Molla Yusifi çağır, uşaxları yığıb yanıma.

Arvad heç bilmiyib kimə deyə. Deer, həmişəki kimi bu­nun yerini beləsinə saldım, belə baxdı deer gülümsədi. Deer, dedi arvad dünya görübsən, sən tək, mən də ölü bu yeri kim dön­dərəcək? Mən ağzı qibləyə ölüm də, tərsiyə yox. Arvad deer məəttəl qaldım. Bunun yerin döndərdim üzü qibləyə. So­yundu, adicə ağ dizzig, ağ köynək geyindi, girdi yerə. Dedi, mol­­la Yusifi çağır. Çıxdim çölə uşax tapıb molla Yusifə yol­luyum. Gördüm bıy molla Yusif yolnan gedir. Çağırdım, a ba­la, sən Allah bura gəl, əminin kefi yoxdu. Gəldi. Kişi dedi, mə­nə yasin oxu. Molla dedi, əşi, sən də nə var e, dedi oxu sən görmürsən, mən görrəm bıdə mənnən üzbəüz dayanıb. Ay əmi, nədi? Sən görmürsən o hərifi. Yasinin birini oxudu. Əlini deer, bele eledi ki, birini də oxu. Birini də oxuyanda yarıya çatmışdı ki, kişi öldü.

* * *

Qağam yaxşı güləşəndi, toyda onun belini yerə vuran ol­mamışdı. O vaxt kənddə Müseyib adında biri vardı. Toyda bəzilərinin dolduruşuna gəldi qağamla güləşmək istədi. Cəngi çalındı, qağam rəhməttiy bu Müseyibnən güləşdi. Güləşəndə əli­ni belə qoyub belə-belə, belə-belə aşırdı. Ə paşa, məni yıxa bilərsən, Müseyib deyib qağama. Deer gəldi əlin belənçik tut­du qağam, atdı özünnən bu yana, Müseyib arxası üstə düşdü yerə. Camaat şapalağ vurdu güldü. Aşıx da bu yannan çalır. Hə, bi xeyləm oynadı 101-i havasına oynıyardı qağam. 101-i havası ən çətin havadı, hər adam oynıya bilməzdi. Elə belə-belə eliyərdi bir də gördün toyxananın o başındadı.



Bi gün hardansa pəhlivan gəlibmiş Xoççobannıya, bur­dan da gəlib qağamı aparıblar. Həə, qağam elə bil güləşəndə elə bi dəfə yapışıb belənçig əlinnən atıb özünnən bu yüzə. Bi də durub bunun üstünə gələndə əl atıb yapışıb burasınnan tə­kəlli qalxızıb göyə. Qalxızanda hamı başdıyıb hoy-hoy şa­pa­lağ vurmağa. Pəhlivan deyib sən Allah, qardaş, atma məni yerə, ölərəm. Qağam deyib səni mən atmaram axı yerə, amma sən mənnən güləşə bilməzsən. Ged özüvə bab adam tap çağırtdır.

Fərahim əmioğluynan da güləşməsi belə olur ki, hamı de­yir ki, paşa qocalıb uje, 70 yaşı var. Fərahim də hündür­boylu, kök, dolu adam idi. Həm əmioğluydular, həm də qon­şu. O da deyir, ə, paşanı yıxmağa nə var? Bi o yana, bi bu ya­na gedib, gəlib qağama yapışmağ isdiyəndə qağam əlini çəkib deyib hələ gözdə güləşmə, hələ oynıyağ biyaz. Yox əmi, yıx­ma­lıyam səni, sən yaşdısan, mən cavan. Qağamı zad eliyəndə belənçık eliyib qağam boynunu salıb qoltuğunun altına. Elə qo­lu­nun altında belə-belə qiçdarını eliyib, burdan dik qaldırıb yuxarı göyə. Deeb, ə, mən nə qədər yaşdı olsam da 5-6 dənə sənin kimi cavanın quvvası var məndə. Qağam rəhməddig quv­valı adam olub. Həə, deeb əmi elə bil ayağım yerdən üzü­ləndə ürəyim üzüldü. Dedim öldüm daa.


* * *

Qağam rəhməddiy yeyən idi. Necə yeyəniydi, lətif xö­rəy yeyərdi. Da onun plov bişirtdirməyi camaatın canına ver­mişdi. Daimi quşa gedən idi, ova. Olmıyanda alardı. 20, 30, 40 dənə quşu birdən alardı, tökərdi evə. Qonşumuz vardı, əmim arvadı. Qağam dedi, get Səbiyəni şağır. Səbiyə gəldi, de­di qağa, nə qədə quş almısan. Dedi köməy elə əvvəl mınnan 3-4 dənəsini qoorun günortaya yeyəg. Sora başdıyun yarun, duzdıyun gedəndə sən də apararsan. Həmin günü 3-4-nü gü­nor­tıya bişirdilər, hammız yedüg, axşama da 3-4-ün qoydu plovun altına. Həə, belə-belə bala. Əgər paşa qalseydi, indi bu kənd belə olmazdı. Nə böyügü bilinir, nə kiçiyi bilinir. Yola daş töküləcəg, qağam bi kəlmə dedi qutardı. Gedirdi kənd sa­ve­tinə deyirdi filan yol filan yerə qədər düzəlməlidi, daş gəl­məlidi. İxdiyarları nədi gətirməsinlər.


* * *

Əvvəl bura atalarımızın deməyinə görə, Ərkivanın as­fal­tına qədər çay olub, dəniz olub. Çünki biz quyu qaz­dı­randa 4 metrədən sora kötüy çıxdı bu uzunnuğunda. Ordan bildüy ki, bura həqiqətən dəniz olub. Viləşçay da burdan keçib. So­radan çəkilib o tərəfə. Musa adında bir kəs gəlib burada düşüb koma düzəldib qalıb. O adnan da bura qalıb Musaküçə. Sora acığ eliyən gəlib bura, təzə yurd salan gəlib bura. Mənim ulu­larım Səlyanın Xolqarabucağından gəlib. Acığ eliyib gedib Səlyana. Babamın atası Xolqarabucağdan gəlib Səlyana ordan da gəlib düşüb Musaküçəyə. Burda ailə qurub. Yeddi oğlu olub. Babmın atasının adı da Kərim olub. Böyük tayfa olub­lar. İndi məhəllənin adı atamın adıynan adlanır. Atamın adı Alıhüseyin idi. Məhəllə də Hüseynli məhəlləsi adlanır.


* * *

Deyillər ki, Azərbaycanda qurulan ilk sovet dövləti Xır­mandalı bolşevik respublikasıdır. Deməli bizdə dəniz yolu ol­duğuna görə adətən bolşeviklər qacağ yolnan bizim kəndin ərazisindən kecib üzü Lənkərana gedirmişdər. Deyillər ki, Sta­lin dəfələrnən ordan kecib. Hətta bir kağız da yazıb verib ki, ilk bolşeviklər məkanı bu kənd elə özu olmuşdur və bu öz təsirini 32 kənddə birdən birə ya rayspalkom, ya hansısa başçı xırmandalıdan olub. 30-cu illərdə ilk başçı rayon icra komi­təsi aryek dövründə olub. Səmərrux arvadın atası bu tarixi qeyd eliyib. Deer, bi gün Stalini tutubmuşdar, salıbmışdar Lən­kəranda həbsxanaya. Bizim kənddən də bir kişi olur bu türmədə, adı Məcid olur. Stalinin dostdarı onu qutarmağ üçün türmənin divarının birini capıllar və Stalini qacırdıllar. Qaçan­da Stalin deyir, ay kişi, gəl gedək. Kişi deyir, yox, mən qa­nu­nu poza bilmərəm. Səhər tezdən gözətcilər türmə işçiləri gə­lil­lər, qapını acıb görüllər ki, türmənin bir divarı yoxdu. So­ru­şullar ki, a kişi, bəs nə baş verib? Deer, a bala, gəldilər çap­dılar divarı onu apardılar. Sən demə bu kişi heç bilmirmiş ki, söhbət Stalinnən gedir. Deellər, bəs sən niyə burdasan? Deer, bala, divarın 4-nü də uçurtsaydılar mən elə burda da qala­sıy­dim, mən qanun adamıyam.


* * *

Əhmədağa kişi olub bizdə pəhləvan cüssəli adam olub. O müharibə dövründə göndərilib müharibəyə cətin yerlərə. Çox igiddiklər göstərib. Ona sovet ittifaqı qəhrəmanı adını ver­məyə az qalmış, rus dilini bilmədiyinə görə vermiyiblər. O vaxt rus kamandirrərdən biri bizim kətdə kəççinin birini rusca bilmədi­yinə görə silahı cıxardıb vurmağ istiyəndə Əhmədağa kişi deyib:

– Ə kopoyoğlu, mənim kəççimi vurursan?

Həmin zabiti vurub. Onnan sora da rəhmətdik nə qədər cəhd eliyib sənəddərin düzəltməyə öz hakkını qaytarmağa alın­madı.

Həsənli kəndi azərbaycanda çoxdu. Xüsusilə şimali Azər­baycanda. Amma bizim cənub zonasının tarixinnən üst-üstə düşür. Həsən bəy gəlib bura, Cənubi Azərbaycanın Sul­duz vilayəti olub, o ordan gəlıb. Burda bina eliyib 12 qəməran yeri. Qəməran torpağ sahiblərinə deyiblər o vaxtı. Yığıb oları başına 12 nəfər. Püşk atma yolu ilə bəylik qazanıb. Sora da­vam etdirib onun nəsli kökü bu ənənəni, kəndi idarə ediblər. İndi kənd 300 ildən artıq bir tarixə malikdir.
* * *

Puşkatma mərasimi qabağ belə olardı. Primitiv şəkildə. Tayfanın nə qədər adamı varsa, onun sayına görə uyğun qoz yı­ğıllarmış torbaya. Səsvermə ancaq qoznan bildirilirdi. Mə­sə­lən, torbalar qoyulub ora. Sənin torbana nə qədər qoz atı­lır­dısa o səsi qazanırdı. Qoz da torpağ sahiblərinə verilirdi. Hər adama yox. Olar da istədiyi torbaya atıb səs verillərmiş. Ya torba olarmış ya sərinc. Bizim babalarımızdan biri Kəlba Mah­mud olub. 2 dəfə qazı secilib. Demək, bir qəlyanı varmış, bir mahud cuxası, bir də samovarı. Arvad buna yandı qındı verirmiş ki, sənə dedim ki, yığginən malı dövləti. Yığmadın. Elə belə də qalacağsan. Deer, arvad darıxma. Bir neçə ildən sora camaat yığışır bunu yenə qazı seçillər. Yenidən bu seçi­lir. Deyir, arvad, gördün? Düzgünlük həmişə qalib gəlir. Xal­qa nə qədər xeyir versən köməklik eləsən xalq itirməz.


* * *

Qızılağac! Bu ad haqqında çoxlu rəvayətlər söylənilib. Ancaq ad iki məfhumla bağlıdır. Biri qızıl-sərvət, dövlət, o biri ağac, uca, əzəmətli, vüqarlı. Bu kənd həmişə nəzər nöqtəsi olub. Qızılağac və cənub bölgəsi üzrə ən qədim məlumatı yu­nan tarixçisi Heredot, çoğrafiyaşünas Starabon verib. Ptolo­me­yin hazırladığı xəritədə Xəzər dənizinin sahilində Qızılağac şəhəri gösrərilib. O qeyd edib ki, Qızılağac şəhəri Viləş çayının Xəzərə töküldüyü yerin qərb sahilindədir. Heredot və Strabon öz əsərlərində Qızılağacın Midiya ərazisində yerləşməsini qeyd edilər. Makedoniyalı İsgəndərin vaxtında Qızılağac Midiya döv­­ləti tərkibində olmuşdu. Bunu Plutarx özünün “İsgəndər Zül­qərneyn” əsərində işıqlandırıb. O, yazır ki, İsgəndər Dara­nın vaxtında İrana hücum etmiş və Daranı məğlubiyyətə uğra­daraq ( e.ə.331-ci il) onu həlak etmişdir. İsgəndər bu qələbədən sonra öz adamları ilə Hirkana (Lənkaran ərazisindədir) gəlmiş, oradan Qızılağaca gəlib Nefcalaya getmişdir. İsgəndər uzun müddət Nefçalanı mühasirə şəraitində saxlamışdır.


* * *

Kəndxudaya talışlar qısa şəkildə “kətto” deyirlər. Mah­mu­davarda kəndxuda seçkisi ədalətli, düzgün aparılırdı, o, heç də yuxarıdan təyin olunmurdu. Xankişi Kişiyev nəql edir ki, Mahmudavarda kəndxudalıq vəzifəsinə namizədi ağsaq­qal­lar özləri irəli sürürdülər. Seçki günü bütün kənd camaatı, əsasən yaşlılar bir yerə toplaşır, göstərilən iki nəfər namizəd­dən birini seçmək üçün ortaya iki qoduş (süd sağılan qab) və yanında da bir zənbil qoz qoyurdular. Hər kəs kimin kənd­xu­da seçilməsini istəyirdisə, bir qoz götürüb həmin namizəd üçün nəzərdə tu­tu­lan qoduşa atırdı. Axırda qoduşlarda yığılan qozları sayır­dı­lar. Hansı namizədin qoduşuna daha çox qoz yığılırdısa, o, kənd­xuda seçilirdi. Bu seçki üsuluna ciddi nəza­rət edilirdi. Seçkilər müəyyən müddətə keçirilirdi, əgər kənd­xuda özünü doğrultma­saydı, növbədənkənar seçkilər keçiri­lər­di. Beləliklə, hər yeni seçilən kəndxuda çalışırdı ki, müəy­yən qrupun mənafeyini deyil, əhalinin böyük əksəriyyətinin mə­nafeyini müdafiə etsin. İndiki kəndxudalar rəiyyətlə çox vaxt hesablaşmır, bilirlər ki, onu aşağıdan deyil, yuxarıdan təyin edirlər.


Xanlar da ədalətli idi

Tarix kitablarında xanlar və bəylər həddən ziyadə tənqid edilir, onları az qala dünyanın ən qəddar zümrəsi kimi qələmə verirdilər. İxtiyar babalar qaynaqlarda göstərilən faktlarla heç də tamamilə şərik deyillər. Onlar hakim sinfin istismarçı ol­ma­sını təsdiq etsələr də, bunu da qeyd edirlər ki, xanlar, bəy­lər və kəndxudalar xalq malını yeyib dağıdan indiki bəzi rüş­vətxor və bacarıqsız təsərrüfat rəhbərlərinə nisbətən daha əda­lətli olub, iqtisadiyyatı daha yaxşı idarə edir, əkinçilik mədə­niy­yətləri də yüksək idi.


Mir Abdulla xan rəiyyəti sevirdi
Yüz yaşlı Seyid Hüseyn Həsənov Mahmudavarda yaşa­yan Talışxanov-Talışinskilər nəslini yaxşı tanıyır, o dövrün can­lı şahidi idi. O nəql edir ki, Talışinskilər nəslindən olan xan-bəylər arasında hümanist, rəiyyəti sevənlər az deyildi. On­lardan biri Mir Abdulla xan Talışinski idi, o, rəiyyəti sevən adam idi, camaata əl tutar, bayram günlərində dükanından on­la­ra ucuz qiymətə şirniyyat, pal-paltar satdırar, borc verər, əkin vaxtı əkinçi rəiyyətlə bicarda işləyərmiş. Novruz bayramında rəiyyətlə “xan-xan oyunu” zamanı Mir Abdulla xanı cəzalandı­raraq suya – Qamaş çayına atmışdılar. Bu, xanın xoşuna gəlsə də, qardaşlarının bərk kefinə dəymişdi. Nəql edilir ki, o, qar­daşlarını həmişə rəiyyətlə yaxşı davranmağa sövq edərdi.
Kərbalayı İsa Həzrət Məryəmin nəvəsini öpdü
1918-ci ildə kəndimizdə Mir Qasım xan Talışinskinin to­yunda baş vermiş bir hadisə indiyədək yaddaşlarda qorunur. Toy Novruz bayramı günlərində təşkil olunmuş bir həftə da­vam etmişdir. Seyid Hüseyn Həsənov nəql edir ki, o, bu toyun canlı şahidi olmuş, yeddi gün toyxanada yeyib içmiş, hətta gecələr də toyxanada yatıb evə qayıtmamışdı, çünki özünün dediyi kimi ana­sının sözünə qulaq asmadığına görə atası ondan acıqlanıb ev­dən qovmuşdu. Seyid Hüseyn nəql edirdi ki, toyda baş verən bütün hadisələr onun gənclik yaddaşında möhkəm həkk olun­muşdur, çünki o, ömründə heç vaxt Mahmudavarda belə təmtəraqlı toy görməmişdi. Toya Lənkəran qəzasının ta­nın­mış adamalrı dəvət edilmişdi. Çalğıçılar Bakıdan çağırıl­mış­dı. Onlar özləri ilə Marusiya adlı bir rəqqas da gətirmişdilər.

Marusiya yarıçılpaq geyinmiş halda rəqs edir, hamının diqqətini özünə cəlb edirdi. Mahmudavar mühiti üçün nadir gö­rünən bu səhnəyə tamaşa edən bığıburma kişilər ehtirasla­rı­nı zorla cilovlayırdılar. Əsəblər gərilmişdi. Marusiya növbə­ti dəfə rəqs edərkən Kərbəlayi İsa adlı ortabab bir kəndli özü­nü saxlaya bilməyib qeyri-ixtiyari ayağa durub Marusiya ilə rəq­sə başlayır. Bir qədər rəqs edəndən sonra İsa kişi heç kəsin gözləmədiyi halda Marusiyanı qucaqlayıb öpür və tez cibin­dən bir qızıl onluq çıxarıb rəqqasa verir. Marusiya pulu alan dəmdə İsa kişi onu yenidən öpür. Bu, məclisdəkilərin hay-kü­yü­nə və gülüşməyə səbəb olsa da, bəzi dindarlar bundan hid­dətlənirlər. Guya ki, Kərbəlayi İsa xristian qadını öpdüyü üçün qusl verməlidir. Bu hadisəyə görə İsa kişinin bir müddət dini məclislərə qoymurlar. İsa kişiyə həm maddi və həm də mə­nəvi ziyan deyir. Buna baxmayaraq o, xristian qadınını öz kəndində öpən ilk mahmudavarlı idi.


* * *

O vaxt briqadalar var idi. Əkin-biçinçiliklə məşgul olur­duq. Tərəvəz əkirdik. Yolluyurdug Urusiyaya, orda da neçəyə satılırdı, sovxozun hesabına o qiymət də gəlirdi. Məndə 9 nə­fər işləyən olub. O dövürdə bir ilə bir gaz 24 alacaq qədər mükafat alırdığ. Son Sovet höküməti dagılandan sora çox çə­tinlik çəkdik. Çox gorxulu vaxtlar oldu .

Keçmişdə kotan idi, yəni öküz deyirdik, malın erkəyi, onnan yer sürmüşüy. Gün ərzində 2 adam 15 sot yeri sürüb gur­tara bilmiyib. Onu sürəndən sora 1-ci şumu var, 3-cü şumu var. Bu əlnən görülən işdər idi. Elə vaxt olurdu yagmurun vaxtı keçirdi. Texnika olmadığından lapatkenan, yavenan iş gö­rürdük .

Gəyəçöl – mənası, “gen sahəli, geniş sahəsi olan” yer­dir. Sahəsi gen olub tarixə gəlib düşüb Gəyəçöl. İsrafil, Şıx­lar, Yeddioymağ kəndləri var, bu kəndə Gençölli diyirlər. Soruşanda hardansan? – Diyirsən – “ Gəyəçöl”dən, diyir Gən çöl­lisən. Dünya zadını araşdıranda, bizdən alayi kənddər bizə “Gençöl” diyəllər.


* * *

Bugdanı tökərdük tavaya onu qovrərdük tökərdük cib­mizə gedərdük məktəbə. Kündə tutub fətir bişirərdik. Ondan bebelə qoyardıq başmızın altına. Aclıq idi. Azuqə yox idi də. Bebelə un tökərdüy, onu heyvana verirdilər ki, heyvanın qarnı agriyə. Onu tökürdüy qarışdırərdüy bir çömçə ola olmiya. Tur­pi töküb qəynədürdüy, yiyərdüy. Ayaga çarıg giyərdün e çarıg. Elə bil heyvanın gönü yoxdu? Göndən ayaqqabı düzəl­dirlər. Onu dögriyərdilər, qəzənə töküb, bişirib, yeyərdilər.


* * *

Atam Müzəffər 1901-ci ildə Nəcəf şəhərinə ruhani təh­sili almağa gedir. 25-il Nəcəfdə təhsil alır. Ərəb qızinən orda evlənir. Bir oğlu olur, bir qızı. Oğlunun adı Yusif olur, qızının adı Bətul. 1926-cı ildə qayıdır. Maşallah zirək kişi olub, tək ge­dib, beş nəfərnən qayıdır. Gələnnən sora 32-37-ci ildə sür­gün eliyirlər. Atam qacağ olub, bizi evdən qovublar. Mən ana­dan olmamışam onda. Dimək, 32-ci ildə bizi evdən çıxar­dıblar. Böyük çillədə qarda, şaxtada. Heç kəs bizi kəntdə sax­lamaz. Nə əmi, nə dayı, nə qohum, heç kəs qorxusundan bizi sax­lamıyıb. Bi dənə lüt ev varmış, balaca koma. İki qardaş or­da olurmuşdar. Deməy, olar bizi saxliyarlar.

Qışın oğlan çağında otağı veriblər bizə. Anamnan, bö­yük nənəmə. Onnan sora özzəri çıxıb çölə. Palaz-malaz tu­tub­lar, balaca yerdə qalıblar. Haman yerdə mən anadan ol­mu­şam. Guya ki, buların atası axunddı, sürgün eliyək getsin. Atam da gəlmiyib. Onnan sora atam gəldi. Atam gələndən so­ra 1941-ci ildə böyük qardaşım Yusif müharibəyə getdi, gəl­mədi. Atamı onnan sora Bakıya Şeyx İslam idarəsinə nüma­yən­də seçdilər. 47-ci ildə Stalin qalmışdı. Onda bir neçə mol­lalarnan göndərmişdilər atamı İrana. Təbliğatdı də eləmişdi Sta­lin. Onnan sora atam gəldi. Haman indiki məçid anbar idi. Taxıl-zad tökürdülər. Sora taxılı-zadı təmiziyənnən atam gə­lib o məçidi açdı. Onnan sora o məçiddə bir neçə il İmam Hü­seyn təzyəsin keçirtdilər.
* * *

Anamızın atası Balaca Kolatannan evlənib. Oda orda dərs alıb. Deməli, o orda evlənib Ərəb qızınən. Bu Ərəb qı­zın­nən bizim anamız olub. Anamızın atası bizim atamıza de­yir ki, day bu qızı başqasına yox, sənə verək. Atamızda qəbul eliyir, onu alır. 59– cu ildə atamız vəfat eliyir.


* * *

2 dənə Malakan var: Biri Göytəpə Malakanı, biri də Ka­linovka. Kalinovkada heç malakan qalmayıb. Göytəpədə ma­lakanın 2-3 dənə qala-qalmaya. Bizim evin qabagında iki me­şə­nin arasınsda orada Mollahəsənli torpagı sayılır. 26 hek­tar­lıg yer var. Elə bil külqabıdı. Hər dəfə oranı şumlyanda ordan saxsı qablar çıxır.

Stalinin vaxtında o səngərdən bu səngərə gedəndə o vaxt çox acdığ idi. Mən arxa cəbhədə briqadir işləyirdim, əs­gər getməmişdim, onda mənim 20 yaşım vardı. Şunametr de­yirdilər Məsələn, hər metirdə 100 qr. O vaxtı bilmədən elə­mişəm 150 gr. Bilməmişəm quruyannan sora çəkmişəm. Mə­sə­lən, bunun müqabilində buğda gətirdim, toninan. 5 min ton olmalı idi . Olub 6 ton. Payızda götürəndə nəm olur axı. Mən 6 ton buğda ğötürmüşəm axı. 5 min vermişəm buğdadan 1ton artığ qaldı. Bunun atası dedi:

– Otur, bala, səbr elə, Allahın dostu səbr eliyən olar. Nəryədnən, şundametrnən olan şeydi.

Dedim:

– Nağayrağ mıni. Novruz əmi, əziyyətin özüm çəkəcəm. Hər kəs nə qədər şundametir çəkər qalan buğdanı böləcəm. Ki­mə nə qədər düşəcəy gecə aparıb hamıya paylıyacam. Mən qalan 1 ton buğdanı gecənən 5 kilo -10 kilo payladım, arxayın oldum.


* * *

Allah rəhmət eləsin. Hikmətin atası Hacı Maliki, onun ba­bası Allah rəhmət eləsin. Babalı kişini. Babalı kişi özü avam adam olub. Quran oxuyan olub. Amma savadı olmuyub. Gəlib­lər ki, əsgərlikdən qaçan var imiş. Səlyandan gəlib, buda çıxıb damda gizlənib. Axundda gündüzlər damda qalarmış. Gecələr düşüb Babalıgilin üst evində qalarmış. Alt evində Ba­ba­lı özü qalarmış. Bir gün rəhmətlik Axund orda damda giz­lənib otların arasında, gəliblər ki, bu adamı gəzməyə. Neft­ça­lalı ilə Axun­duda tutublar. Axunduda ki, tutublar gətir­sinlər Al­lah rəhmət eləsin yaxşı insanlara. Alişan müəllimin atası Fəy­yaz olub – iki qardaş olublar. İndi Köçəklidən çıxar­dıblar. Həsəniyə tərəf gətirirlər. Ordan gələndə rəhmətlik İsrafil yeri­yir irəli deyir:

– Axund, KKB bizim qabağımızda gedir. Biz yerimizi dəyişmək bəhanəsi ilə sənin arxanı boş qoyacayığ. Sən özüvü at bu qamışlığa qaç.

Axund rəhmətlik deyir. Bunlar yerlərini dəyişməyinən mən özümü atım sanduxa, o getməynən getdi. Birdən hər yer­də oxşama deməy ağlaşma Axund ölüb. Getdi Neftçalada ya­şadı aralığa gətirib çıxmasına o, Mikayıl kişi Allah rəhmət elə­sin, o səbəb oldu. Süleyman oğlu Mikayıl oda Rayspalko­mun burda müavini işliyirmiş. Belə bizlərdə haqq sevər yaxşı insanlar olub. Allah rəhmət eləsin. Şeyx Bəşir, bizim bu Ərki­vanda bir Mir Bəşir olub. Şeyx Bəşir Axund Nəcəf alimi olub. Şeyx Bəşir Axundu axtarırlar. Tutmağa gəlib çıxırlar Mir Bə­şirgilə. Mir Bəşir də seyid babası olub. Deyirlər ki, Mir Bəşir deyir, mənəm, kişini aparıb salıblar zindana əzab-əziyyət eli­yiblər. Mən Bəşirəm, Mir Bəşir demiyib ki, axund mən deyi­ləm, deyib qoy Axund sağ qalsın. Belə fədai insanlar olubdur. Mir Bəşirin sonradan məndə məktubuda var. Həmin Şeyx Bəşir Axundun həmən biz toplum yığırıq ki, kitab halına sal­mağa. Bu insan dörd dəfə epillasiyaya uğruyub. Var-dövləti izzəti hamısı əlinnən gedib. Belə işlərdə bunu yaşatmağ gələ­cək nəslə lazımdır. Məsələn, yetmiş beş dənə Nəcəf alim­lə­ri­nin adlarını çəkib birbəbir. Bayaq dediyim kimi Fikrət müəl­lim deyir ki, atam yaxşı bilərdi, kaş bu vaxt tez gəlib tez ge­dəy­di. Yəni burda ged-gedə tariximizi unuduruq.

Gələcək nəslimizi unuduruq. Hələ bir dənə Ərkivanda Al­lah rəhmət eləsin on yeddi dənə Nəcəf alimi olub. Ərki­vanda rəhmətlik Molla Qulami axund olub. Allah rəhmət elə­sin. Molla Qulami Axundun yanına biri gəlir, kəbin kəs­dir­məyə bu arvadın əri varmış. Əri ola-ola kəbin kəsdirir başqası üçün. Buna ki, deyirlər bunu sən etmisən, qaçır özün atır qu­yuya öz-özünü öldürür. Niyə mən belə səhv eləmişəm. Allah rəhmət eləsin Lənkəranda olub Molla Qulaməli Axund. Mol­laları tutdu-tutdu özünü vurur dəliliyə. Oturarmış pul yığar­mış. Durarmış atarmış pulu guyə, ay Allah, ay Allah ney­nür­dün bu qədər camaatı yaratdun. Yəni bu yolnan özünü saxlı­yıb türməyə düşmüyüb. Yetmiş beş dənə bizim burda Nəcəf alimlərimiz olub. Həmən Nəcəf alimlərinin başına qan işləri gətiriblər. Onların əksəriyyəti gedib Nargin adasına tökdülər. Allah lənət eləsin. O, vaxtı Mir Cəfər Ağananın onun təd­bi­riy­nən onun göstərişiynən ki, Nəcəf alimlərinin kökü kəsilsin. Çox sözlər var.
* * *

Atamın da dindar öz atası olub. Çox dindar olub. Sovet dövründə sovet hakimiyyəti qurulanda Masallıda Nəcəfil Əş­rəf­də oxuyan 112 şeyxin siyahısını tuturlar. Bunların hamısını sürgün eləmək uzaqlaşdırmağ üçün. Bu mənada Masallının Ça­xırlı kəndində Şeyx Rəhmət axund bu da öz dövrünün alim­lərindən idi. Bu alimi müəyyən adamlar çıxardırdı ki, o siyahıda adı getməsin. Bu da gəlir babama sığınır. Babam bu­na şərait yaradır Masallının Köçəkli kəndində öz evində bunu gizlədir. Deməli, bu ərəfələr də bunların başına çox hadi­sələr gəlir. Hətta bir nəfər deyir ki, Babalı sənin Şeyxi saxla­dığını bilirik. Bu xəbər NTB-yə çatsa səni gülləliyəcəklər. Ba­balı deyir ki, mənim üçün xoşdur. Deyir, ailəvi uşağuvu o mə­nim üçün xoşdur. Sənə görə dakument var əlimdə. Deyir, necə sə­nəd olar o sənədnən də ölənə qədər gedərəm Peyğəmbərin yanına deyərəm, ya Peğəmbər, bir Şeyxi qoruduğum üçün mə­­ni şəhid elədilər. Ailəmi, uşağımı ailəmdən, uşağımdan keç­dim. Əgər mən Kərbəla müsübətində oğlun Hüseynin ya­nında olsaydım onun qeyrətini çəkərdim. Bu cür bu Şeyxi saxladı.

Şeyxi saxlamaq onun ailəsini, uşağını, mal-qarasını da öz evində saxlıyırdı. Deməli, bir gün Şeyx üçün ot tayası qo­yur qışa hazırlıq işləri görür. Şeyxin xanımı Fatma nənəni qal­dırır tayanın üstünə özü aşağıdan otu verir nənə yuxarıda otu yığır. Bəzən otu ala bilməyəndə yuxarıdan ot düşür baba­nın başına saqqalına yapışır tərli adama yapışır. Hirslənir babam deyir ay Fatma alda bu otu. Bunu evin damında gizlə­nən Şeyx eşidir, Şeyx hirslənir. Axşam vaxtı babam yenə Şeyx üçün dəs­təmaz suyu aparır. Azan vaxtı babam yenə Şeyx üçün dəstəmaz suyu, yemək aparır. Şeyx deyir:

– Babalı, səhər arvadımın üstünə qışqırdığını eşitdim. Bu çəliyi əsanı elə vuraram başına başın partdıyar.

Babam bir söz demir düşür gedir. Babam gedəndən son­ra Fatma nənə deyir ki, a kişi bu bütün ölümü, ailəsini, uşa­ğını ölümünü gözə alıb, bizə evində sığınacağ verib. Mənnən böyükdü mənim üstümə qışqırıb onu mən keçirəm sən həzm eləmirsən bu sözü.

Deyir:


– Arvad, düz deyirsən.

Səhər tezdən sübh azanında yenə babam su götürür, dəstəmaz suyu, qalxır Şeyxin yanına. Şeyx bunu görür deyir ki, sən məndən yaxşı kişinin oğlusan. Səhər tezdənnən qalxıb yanıma mənə xidmət üçün gəlmisən. Deyirsən Şeyx sabahın xeyir, ancağ inandırım sən mənim evimdə qaçağ olsaydın səni o sözüvə görə aparıb NKV– də yatızdırardım bu sözüvə görə. Bu o kişilərin özünə məxsus hərəkətləri idi.


* * *

Günlərin bir günü NTB-də əsgərlər kəndə girir. Kəndə girəndə babam başa düşür ki, bütün hər yeri axtaracağlar. Dər­hal özü girir süpürgənin altına, evdə də Şeyxi tapmaq üçün evin damına çıxırlar. Siz hay salın mən çıxacam süpürgənin da­lından. Süpürgədə çöldən yığılıb satmaq üçün. Çöldə yabanı kö­kündən bitən süpürgələrdir. Girir babam gizzənir onun al­tında. Əsgərlər evin damını axtarmaq istiyəndə qadınlar hay sa­lır. Babam süpürgənin altında. Baxırlar görürlər saqqallı zaddı bir qoca kişi, tuturlar babamı gətirirlər ki, bəs sən Şeyxsən. Deyir, yox, mən Babalıyam bunu tanıyanlardan biri iki nəfəri ça­ğırırlar deyirlər bu kimdi? Deyirlər Babalı. Bəs Şeyx Rəh­məti tutmalı idi, əsgərlər bunu niyə tutub? Deyir mən əsgərləri gördüm kəndə girəndə qorxudan getdim süpürgənin altında giz­ləndim. Bu proses zamanı da Şeyxi damdan düşür­dürlər. Də­yişirlər, bu bir bəhanə idi, Şeyxi gizlətmək üçün.


* * *

Ağa Palaz oğlu varmış. Sımavara kömür atarmış. Kö­mür başdıyarmış yanmağa, sımavar səs verir axı. O səsə bəm tutarmış, not tutarmış, oxuyarmış muğamı.

Sora aşığ sapı kəsib ortalığdan siqaretin kağızı yoxdu, “Avrora”nın kağızı onu qırarmış, onnan zü tutarmış, oxu­yar­mış.

İndi Masallıda aşığ yoxdu. Atabala idi, getdi rəhmətə.


* * *

1918-ci ildə Sığınacaq Çaxırrıda ermənilər olub. Erməni qızdarı hətta gül əkərmişdər. Ermənilər də yaşayıb burda ta 1918-ci ildə Nuru paşanın qoşunları gələnə kimi ermənilər at oynadıblar burda. Burda Nikalay yolu deyiblər, bu Prişiv yolu, Kalinovka yolu. Burdan rus daşnaq birləşməsi gedirmiş ca­maatı qıra-qıra. O yol bura yaxındı. Burda Məmmədalı adında bir adam olur o vaxtı. Yaxşı natiq olub o. Həm də ona türklərin generalı deyillərmiş. O deyib ki, mən imkan vermərəm ki, er­mə­nilər bizim yurddan keçsinlər. O atəş açıb ermənilərdən biri­ni vurub. Onnan sora olar da əvvəl məscidin güldəstəsin, sora isə kəndi yandırıblar. Camaatın çoxu qaçıb dənizə tərəf, yarısı meşəyə. 4-5 aydan sora qayıdıb gəliblər. Demək, martda olub hadisə, oktyabrda qayıdıblar. O zamana qaçaqaç deyir­dilər. Xır­mandalı camaatı da qaçaqaçda çox əziyyət çəkib.

* * *

Acxamramız dönüb daşa,



Süfrəmiz ortülüb başa.

Baxmayır qardaş qardaşa,

Ay sarı telli buğdaça.

Ay qara telli buğdaça.

Allah heç kimə müharibə gostərməsin, onu danışmaq özü zülümdü. Bı dediklərim 1943-cü ildən sorakı əhvalatlardı. Elə ki, gün batardı, görərdün bı kəndin ortasında, o başında, bı başında şüvən qalxdı. Yəni paştalyonnar qara kağızı gecə gə­­tirərdilər. Mənim atam tez gedib gəlib muharibəyə, şıkəst olub, ona görə. Ona görə də biz yaşamışuy də atam gəlib işdi­yib eliyib. 3-4 vəzifə aparırdı onda. Çəliynən idi. Atam ya­dım­dadı qoşa çəliynən gəzirdi.

Vijdan haqqı bi də gördun kətdə bi müsibət qalxdı. Deyərdilər ədə filankəsin qara kağızı gəlib. O vaxt ona qara kağız deyirdilər. O hallar mənim heeççç yadımnan çıxmır dəh­­şət idi. Mənim yadımnan çıxmır bi də kadınnar, taxta gö­türüb sağsağannarı qovardılar ki, sağsağan, sağsağan xeyir xə­bər, xeyir xəbər gətir. Hec vaxt bu səhnələri unuda bil­mirəm.O vaxtı belə bir boyatı deyərdilər ki,

Uçubdur quşun sənün,

Yaşıldır başın sənün,

Gedəndə cüt getmişdün,

Hanı yoldaşın sənün.

Axı həmişə kətdən 3-4 nəfəri bir aparırdılar. Nəbilim be­lə. O vaxtlar kolxozda işliyirdi ancax qocalar, kadınlar və əlillər.

Mən bı təzə icra hakimiyyətində bir 6 il işlədim. Məni məsləhətçi kimi saxladılar. Mavin verdilər getmədim, sora gör­düm ki, yox işləməli dööl. Bı dövrdə mən işdiyə bilmirəm. Orda mənim üzümə dedilər ki, ədə, o vaxtı hələ bı kalxoz sədrrəri zadı yığıb, raykom katiblərinnən bi yerdə dağıdıblar. Mən cavab qaytardım başçıya da, mavinə də. Dedim, bə indi siz satdığuuzu kim tikib? Siz kişisüz deun bi dənə daşı daş üstə qoymuşam. Əyəm deyə biləllərsə. Elə gələn gəlir divar­rarı kraskalıyır gedir.


* * *

Amma Şah İsmail Xətai Şeyx Heydərin oğludur. 550 il Səfəvilər sülaləsi hökmdar olublar. 250 il Abbasilər olub, 80 il Əməvilər olubdur. Şah İsmail Xətainin anası Qibti Məryəm gürci qızıdur. Bu öləndə, Heydər öləndə ona bir üzük verib. O da zəhərli olub. Deeb, nəbadə özüü düşmana verəsən. Gəlib­lər, bını öz dayısı əhatə eleyib, bı görüb ki, onu tutacağ­lar, hə­mən uziki salıb ağzına, onan da dünyasını dəyişib, qadın.

Lələ Hüseyin Şah İsmayılı götürüb qoyub cəbbarəyə (beşiyə) asıb ağajdan. Gəliblər axtarsınnar, and içib ki, İsma­yil bu torpaxda döör. Axı ağajdan asıb. O vaxt çatdı ki, Şah İsmayil gəldi çıxdı 13 yşına. Ordan Ərdəbildən yavaş-yavaş gəl­di çıxdı bu Ərçivana. Astaranın Ərçivan kəndinə. Yasir Hə­sən ordan bının gəldiyin bildi, xəbər göndərdi ki, Lənkəran xanlığına onu tutun. Deeb, məən nə işim var onnan, gəlib gəz­məyə gəzir də. Ordan adam gönərər ki, ona xörəy bişirəndə zə­hər töksün. Onu da güdəllər biləllər tutallar. Ordan Şah İs­ma­yıl gəldi Xudafərin körpusunə. Dedi, mənim babam Cü­neyd də bırdan keçib. Onnan sora özü birinci dəfə atı saldı, bü­tün mal qaranın da hamısını barkəzzərnən keçirdi.

Yasir Həsən bütün qoşunlarının hamısını çıxartmışdı şə­hərdən, salmışdı qalıya. Kənd qalmışdı bomboş, birdən bı kəndə gələndə hücum eləsinnər, tutsunnar. Amma bını İs­ma­yıla xəbər verdilər. O da getdi qalanın qabağın kəsdi.


* * *

Bizim bi axundumuz olub, Qaryağdıoğlu Hacı Məhəm­məd axund. 1804-ci ildə anadan olub, 1924-cü ildə ölüb. 120 il yaşeeb. Bu axund Nəcəfdə qutarıb, həm də tibb elmini də öy­rənib orda. Bu ətrafda axundluğdan əvvəl həkimlik eliyib. Deeb camaatın gərək səhiyyəsiynən sağlamlığıynan məşğul olam. Axund məşhur olub həkim kimi. Sora da axund kimi. Mə­çid tikib bırda. 1902-ci ildə başdeeb 1907-ci ildə qutarıb. 5 ilə mə­çid tikiblər. Orda mədrəsə açlb, mənim babam, Sərəfə kəndin­nən gələn başqa bi molla orda dərs verib, məllim olub. Mənim babam Molla Əliabbas (Əliş deyirdilər ona). Bu axund gəlib çıxıb sovet hökuməti dövrünə qədər. Onun oğlu da varmış. On­nan razı döörmiş axund. Müəyyən davranışla­rın­­nan. Bı oğlan, gəlir bir gün gecə deer ki, ata, məni kənd soveti sədri qoydular. Axund da savaddıdı də deer ki, adə izah elə görüm, o sənin işün nədi? İzah eleer ki, bəs belə rəhbər ol­dum, camaata rəhbərrik eli­yəcəm filan. Axund deer ki, ədə sən? Sən heç öz ailöə rəh­bər­rik eliyə bilmirsən. Deer ki, hə belədi də məni qoydular. Axundda bir hiss yaranır. İlahi bu hü­kumətin əyər rəhbəri bu olacağsa, vay o xalğın başına. Axund səhər süb namazına durur. Namazı qılır, Allaha yar­va­rır. Deer, İlahi, mən bu quruluşda yaşaya bilmərəm. Əgər məs­ləhətdisə, mənim canımı al. Axund öziyçin yer salır, üzi­qibliyə, uzanır elə orada da ölur.


* * *

Bizim kənd ruhani kəndidür. Əyri-üyrülər də var, bı söz­süz belədü. Bıların çoxı Nəcəfdə də oxuyanı var, Teh­ra­na­da da oxuyanı var, ən çox Ərdəbildə oxuyublar. Mənim ba­bam­gil bir yığın adam Ərdəbildə oxuyublar. Babam ordan gə­lənnən sora, kətdə onda bu qədər adam yox idi ki, indi 3 min əhali yaşeer, 1000 ev var və s. Yəni mollaya o qədər də eh­ti­yac olmadığınnan babam dərziliynən məşğul olub bala­la­rını saxlıyırmış.

Bıları müsadirə eliyillər nəyi var, əslində dölətdi ol­meeblar, elmə fikir veriblər ən çoxu. Babamın nəyi varmış alıblar. Hətta evin də müsadirə eliyillər, üst mərtəbə olur kənd soveti sədri, alt mərtəbədə bına bi zirzəmi kimi yer verillər. Bi­yannara bilir hessad eliyə bilmillər. İndi Yardımlıdu, Ça­nağbulağ, Bərcan bəlkə eşidərsüz Alar kəndləri sora, indi Cə­lilabadındu Alaşar Vənni, Qızıldərə zad bı kətdərdə meşə kən­didür bılar, gedillər mollalığ eliyillər məhərrəmliylərdə.
* * *

Şirməmməd bizim babamız olub. Onun yeddi oğlu olub. Ən axırıncısı Kərbəlayi Əkbər kişi. Kərbəlayi Əkbər 1976 ildə 103 yaşında rəhmətə gedib. Şirməmməd ölənnən sora ar­va­dı Şahnisə xanım 22 il yaşeeb. Deeb ancağ mən bı ye­tim­cəmnən qalacam. Əkbərnən. Onda bı cavan uşağ olub. Bı da evlənmeeb, ta anasına istədiyi kimi qulluğ eləsin onnan sora. İndi bı anasına necə qulluğ eleeb?

Təsəvvür elə ki, onda qardaşdarı da qalırmış, hamısı da ona minnətdarlıq eliyillərmiş ki, qardaş sən bu arvada elə ba­xırsan, bizim hec birimiz sənin kimi bu nənəni saxlıya bil­mə­rük. Analarına nənə deyillərmiş. Kalba Əkbər də hec kimdə qal­mağa qoymurmuş arvadı. Getsə də axşam mütləq gedib kürəyində gətirirmiş. O, arvad yaxşı görməzmiş gözü. O vaxtı da indiki kimi tualet zad yox imiş. Kalba Əkbər neyneeb, bi dənə qatma bağleeb bının yerinin yanında, bi ucunu da aparıb tualetəcən. Deyərmiş nənə bu qatmadan tut, get tualetə. Nənə ora gəlincə bı onun suyun zadın hamısın hazır eliyərmiş. Özi, ancağ özi. Çimizdirməyə də gəlinnərdən çağırarmış, su qo­yar­mış özü, hər şeyin eliyərmiş, indi deyərmiş soyundurun nə­nəni çimizdirün, yuyun.
* * *

Sora bizdə Səfəvilər dövləti gəlir. Bu dövlətə aid olan, Ərkivanda da görmüsüz yəqin Şah Səfi bulağı var, oların mən­bələri, həm də ki, bizdə olar məskunlaşıblar, öz ordularını olar gətiriblər yerrəşdiriblər, həm də ki, olların qəbirləri bizdə rayon ərazisində səpələnib. Çünki bizim qəbristanlıqlarda onla­rın qəbirləri var. Amma bizim öz qəbristanlığımızda Qızılbaş­lara aid olan iki dənə qəbir var. Bunlar isə dəmir xəncərlər, qılınc­lar­dır, bir də dayan doldurumlardı. Bunlar bizim xanlığlar döv­rünə aiddir və yeni Çar Rusiyası gələnnən soraya aid olan si­lahlardı. Bu da dayandoldurumlar və çaxmaxlı tufənglərdi.


Söyləyicilər:

Natavan Əliyeva, doğum tarixi 1964, təhsili ali, Mah­mu­da­var kəndi.

Kərbəlayı Qulamhüseyn, doğum tarixi 1928, təhsili orta ixti­sas, Alışanlı kəndi.

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi.

Mənsurə Abdullayeva İbrahim qızı. Doğum tarixi 1933, Qızılağac kəndi.

Cəmiyəpüstə Sadıqov, doğum tarixi 1920, təhsili yoxdur, Qızılağac kəndi.

Həsənova Mədinə. Doğum tarixi 1941, təhsili 7 illik, Xır­man­dalı kəndi.

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə kəndi.

Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi.

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali , Həsənli kəndi.

Molla Kərbəlayi Nüsrət Qızılağaclı, Qızılağac kəndi, dünən və bu gün, B., 2003.

Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997.

Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi.

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7 illik, Ərkivan kəndi.

Möhsün Ağayev, doğum tarixi 1932, təhsili orta, Ərkivan kəndi.

Həsən Ağayev, doğum tarixi 1930, təhsili orta, Ərkivan kəndi.

Agababa Abasov, doğum tarixi 1926, təhsili orta, Molla­hə­sən­li kəndi.

Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta, Masallı şəhəri.

Hikmət Xəlilov, doğum tarixi 1977, təhsili ali, Köçəkli kəndi.

İbrahim Sadıqov, do­ğum tarixi1950, təhsili ali, Seybətin kəndi

Kərbalayı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali, Qızılağac kəndi

Əli Əlişov, doğum tarixi 1938, təhsili ali, Köhnə Alvadı

Məhəmməd Abıyev, doğum tarixi 1927, təhsili orta, Köhnə Alvadı

Əntiqə Tağıyeva, doğum tarixi 1971, təhsili ali, Hişkədərə kəndi


Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Nuridə Muxtarzadə


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə