Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


On ikinci söz: "Din alimləri və İslam Oyanışı" Beynəlxalq Konfransında çıxış: 29 aprel 2013



Yüklə 0,66 Mb.
səhifə12/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   ...   4   5   6   7   8   9   10   11   12

On ikinci söz: "Din alimləri və İslam Oyanışı" Beynəlxalq Konfransında çıxış: 29 aprel 2013



Bismillahir-Rəhmanir-Rəhim

Siz əziz qonaqlara xoşgəldin deyirəm. Əziz və Rəhmli Allahdan diləyirəm ki, bu kollektiv fəaliyyətlərə bərəkət versin və onu müsəlmanların tərəqqisində təsirli addım buyursun. Həqiqətən, O, eşidən və qəbul edəndir.

Bu iclasda haqqında danışacağınız İslam Oyanışı mövzusu hazırda İslam dünyasının və İslam ümmətinin ən aktual məsələsidir. Bu böyük hadisə Allahın izni ilə sağlam şəkildə davam etsə, yaxın gələcəkdə İslam ümmətinə və bütün bəşəriyyətə İslam sivilizasiyasını ərməğan edəcək.
Bu gün bizim gözlərimiz önündə baş verən və heç bir məlumatlı insanın inkar edə bilmədiyi məsələ budur ki, İslam dünyanın ictimai və siyasi hadisələrinə təsirsiz mövqedən çıxıb təyinedici amillərin mərkəzində mühüm yer tutmuşdur və həyata, siyasətə, hakimiyyətə və ictimai dəyişikliklərə dair yeni konsepsiya təqdim edir. Kommunizm və liberalizmin iflasından sonra dərin elmi və nəzəri boşluğun yarandığı indiki dünyada bu, əhəmiyyətli və mənalı fenomen sayılır. Bu, Şimali Afrikada və ərəb regionunda baş verən siyasi və inqilabi hadisələrin beynəlxalq miqyasda buraxdığı ilk təsirdir. Və bunun özü gələcəkdə baş verəcək daha böyük hadisələri müjdələyir.

Hegemon və irtica düşərgələrinin sözçülərinin hətta adını belə söyləməkdən çəkindikləri və qorxduqları İslam oyanışının əlamətlərini təxminən bütün İslam dünyasında görmək olar. Onun ən aydın əlaməti ictimai rəyin, xüsusən də gənc təbəqələrin İslamın əzəmətinin dirçəldilməsinə, beynəlxalq istismarçı sistemin mahiyyətini öyrənməyə, iki yüz ildən artıq müddətdə müsəlman və qeyri-müsəlman şərqi öz qanlı pəncələri arasında sıxan, mədəniyyət və sivilizasiya pərdəsi altında xalqları özünün rəhmsiz və təcavüzkar ambisiyalarına qurban verən hökumət və mərkəzlərin həyasız, zalım və hegemon simalarının aşkara çıxmasına göstərdiyi həvəsdir.

Bu mübarək oyanışın əhatəsi genişdir, əsrarəngiz şəkildə davam edir. Şimali Afrikanın bir neçə ölkəsində əldə edilən nailiyyətlər qəlblərdə böyük nəticələrə əminlik yarada bilər. İlahi vədlərin möcüzəli reallaşması ümidverici nişanədir və qarşıda daha böyük vədlərdən müjdə verir. Quranın Musanın anasına iki vədi haqqında danışdıqları bu ilahi taktikanın nümunəsidir.

Körpənin suya atılması əmri verilən ağır anda ilahi vəd bu oldu: “Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) Qorxma və (ayrılığına) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik.” (Qəsəs, 7)
Ananı rahatlatmaq üçün verilən bu kiçik vədin ardınca çox böyük və təbii ki, əzab-əziyyət dolu, uzun mübarizə və dözümlülük tələb edən risalət vədi gəldi: “Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq”. (Qəsəs, 13) Bu doğru risalət vədi qısa zaman sonra gerçəkləşdi və tarixin istiqamətini dəyişdirdi.

Digər bir nümunə şərif evə hücum edənlər qarşısında ilahi qüdrətin zəfərinin xatırladılması idi. Allah insanları Böyük Peyğəmbər vasitəsilə həvəsləndirir: “Bu evin Rəbbinə ibadət etsinlər!” (Qureyş, 3); “Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! ( Fil, 2) Yaxud sevimli peyğəmbərini mənən gücləndirmək və “Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu” (Zuha, 3) vədinə inandırmaq üçün "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!" (Zuha, 6-7) nemətlərini yada salır. Quranda belə nümunələr çoxdur. İranda İslam qələbə çalıb, ABŞ-ın və sionizmin çox həssas olan bu regionun ən həssas ölkələrindən birində yerləşən qalasını fəth edəndə ibrət və hikmət sahibləri bildilər ki, dözüm və ayıqlıq olan yerdə digər zəfərlər bir-birinin ardınca gələcək; və gəldi də.
İslam Respublikasının düşmənlər tərəfindən etiraf olunan bütün parlaq nailiyyətləri ilahi vədə inamın, dözümlülüyün, müqavimətin və Allahdan yardım istəməyin sayəsində əldə olunmuşdur. Bizim xalqımız gərgin durumlarda "Artıq yaxalandıq" (Şüəra, 61) deyən zəif insanların təhriki qarşısında "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" (Şüəra, 62) fəryadını ucaltmışdır.

Bu dəyərli təcrübə bu gün hegemonizmin və avtoritorizmin qarşısında ayağa qalxıb ABŞ-ın əmrinə müntəzir dayanan asılı və fəsadlı rejimləri devirmiş, yaxud silkələtmiş xalqların ixtiyarındadır.
Müqavimət, dözümlülük, ayıqlıq və "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" vədinə güvənmək İslam sivilizasiyasının zirvəsinə çatana qədər İslam ümməti üçün bu şərəfli yolu açıq saxlayan amildir.
Müxtəlif İslam ölkələrinin və məzhəblərinin təmsilçiləri olan ümmət alimlərinin toplandığı bu mühüm məclisdə İslam oyanışına dair bir neçə məsələyə toxunmağı lazım bilirəm.

Birinci məsələ budur ki, ilk müstəmləkəçilərin bu region ölkələrinə gəldiyi zaman burada ilk oyanış dalğaları əksərən din alimləri və dini islahatçılar tərəfindən yaradıldı. Seyid Camaləddin, Məhəmməd Əbdüh, Mirzə Şirazi, Axund Xorasani, Mahmud əl-Həsən, Məhəmməd Əli, Şeyx Fəzlullah, Hacağa Nurullah, Əbüləla Mövdudi kimi dəyərli rəhbər və şəxsiyyətlərin, habelə İran, Misir, Hindistan və İraqdan olan onlarla məşhur, böyük, mücahid və nüfuzlu ruhaninin adı tarixin səhifələrində həmişəlik qeyd olunmuşdur.

Müasir dövrdə Böyük İmam Xomeyninin parlaq adı İran İslam İnqilabının başı üzərində ulduz kimi işıq saçır. Bundan əlavə, bu gün və dünən yüzlərlə məşhur, minlərlə qeyri-məşhur alim müxtəlif ölkələrdə böyük və kiçik islahat işlərində mühüm rol oynamışlar. Həsən əl-Bənna və İqbal Lahuri kimi qeyri-ruhani din islahatçılarının siyahısı da uzun və heyrətamizdir.

Ruhani və din xadimləri hər yerdə az-çox xalqın düşüncə mənbəyi və psixoloji dayağı olmuşlar. Onlar hansı böyük hadisədə rəhbər və qabaqcıl olmuşlarsa, təhlükələr qarşısında xalqın ön sıralarında hərəkət etmişlərsə, onlarla xalq arasındakı düşüncə rabitəsi artmış, insanlara təsir gücləri çoxalmışdır. Bu, İslam oyanışı hərəkatına faydalı olduğu qədər həm də ümmətin düşmənlərinə, İslama ədavət bəsləyənlərə və İslam dəyərlərinin hakimiyyətinə qarşı çıxanlara problem yaradır. Onlar dini mərkəzlərin düşüncə qaynaqlığını almağa və onların əvəzinə yeni qütblər təqdim etməyə çalışırlar. Təcrübədən bilirlər ki, onlarla milli prinsip və dəyərlər üzərindən asanlıqla bazarlıq etmək olar. Təqvalı din alimləri və öhdəçi din xadimləri ilə isə bu mümkün deyil.
Bu, din alimlərinin vəzifəsini daha ağırlaşdırır. Onlar düşmənin hiylə və fəndlərini öyrənməli, çox diqqət və sayıqlıqla təsir yolunu tam bağlamalı və onu nakam qoymalıdırlar. Rəngarəng dünya süfrələrində əyləşmək ən təhlükəli məsələdir. Pul və güc sahiblərinin bəxşişinə bulaşmaq, ehtiras və hakimiyyət tağutları ilə duz-çörək kəsmək xalqdan ayıran, onun inam və etimadını yox edən ən təhlükəli amildir. Zəif insanları hakim qüvvələrə doğru çağıran mənəmlik və vəzifə həvəsi fəsad və azğınlığa səbəb olan amildir. Quranın bu ayəsini həmişə yadda saxlamalısınız: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq təqvalılara məxsusdur!" (Qəsəs, 83)

Bu gün ümidverici İslam oyanışı dövründə bəzən bir tərəfdən ABŞ və sionizm muzdurlarının etimadsız düşüncə mərkəzləri yaratmağa dair səylərini, digər tərəfdən də şəhvətpərəst qarunların dindar və təqvalı qüvvələri özlərinin zəhərli və çirkin süfrələrinə oturtmaq cəhdlərini göstərən səhnələr müşahidə olunur. Din alimləri və din xadimləri bundan çox ehtiyatlı olmalıdırlar.

İkinci məsələ müsəlman ölkələrində İslam oyanışı üçün uzunmüddətli məqsəd təsvir etməkdir. Bu, xalqların oyanışına istiqamət verib onları səsləyən uca nöqtədir. Bu məqsədi tanıdıqdan sonra yol xəritəsi yazıb orta və yaxın məqsədləri müəyyən etmək olar.
Bu son məqsəd "parlaq İslam sivilizasiyası yaratmaq"dan kiçik bir məqsəd ola bilməz. Bütün İslam ümməti xalq və ölkələr formatında Quranın istədiyi sivilizasiyaya malik olmalıdır. Bu sivilizasiyanın əsas ümumi səciyyəsi insanların bütün maddi və mənəvi potensiallardan istifadə etməsidir. Allah bu imkanları onların səadəti və inkişafı üçün təbiətdə və öz vücudlarında yaratmışdır. Bu sivilizasiyanın zahiri gözəlliyini xalq hakimiyyətində, Qurandan alınmış qanunlarda, ictihadda, bəşərin növbənöv ehtiyaclarına cavab verməkdə, qapalılıq və mürtəcelikdən, həmçinin bidət və eklektizmdən uzaq durmaqda, ümumi rifahın yaranmasında, ədalətin bərqərar edilməsində, inhisarçılığa, sələmə və sərvətlə öyünməyə əsaslanan iqtisadiyyatdan qurtulmaqda, bəşəri əxlaqın rəvacında, dünya məzlumlarını müdafiədə, işdə, çalışmada və yaradıcılıqda görmək olar və görünməlidir. Humanitar elmlərdən tutmuş rəsmi pedaqoji sistemə, iqtisadiyyat və bankçılıqdan tutmuş texnika və texnologiya istehsalına, müasir informasiya vasitələrindən tutmuş incəsənətə, kinoya və beynəlxalq münasibətlərə qədər bütün sahələrə elmi və ictihad baxışı bu sivilizasiyanın şərtlərindəndir.

Təcrübə göstərir ki, bunların hamısı mümkün və bizim cəmiyyətlərimizin imkanları daxilindədir. Bu gələcəyə tələsik, yaxud pessimist yanaşmaq olmaz. Öz imkanlarına inamsızlıq ilahi nemətə küfr etmək, ilahi yardımı və xilqətin qanunlarının köməyini unutmaq və "Onun barəsində bədgüman olanlar"a (Fəth, 6) çevrilməkdir. Biz istismarçı qüvvələrin elmi, iqtisadi və siyasi inhisarlarını yara və İslam ümmətini dünya xalqlarının hegemon azlığa məğlub olan çoxluğunu müdafiədə öncül edə bilərik.

İslam sivilizasiyası iman, elm, əxlaq və davamlı mübarizə xüsusiyyətləri ilə İslam ümmətinə və bütün bəşəriyyətə mütərəqqi düşüncə və uca əxlaq hədiyyə edə, bugünkü Qərb sivilizasiyasının təməlləri olan materialist və zülmkar dünyagörüşündən, çirkab dolu əxlaqından qurtuluş nöqtəsi ola bilər.

Üçüncü məsələ budur ki, siyasətdə, əxlaqda, rəftarda və həyat tərzində Qərbi yamsılamaqdan ibarət olan acı və dəhşətli təcrübə İslam oyanışı hərəkatlarının daim diqqət mərkəzində olmalıdır. İslam ölkələri hegemon dövlətlərin mədəniyyət və siyasətlərini bir əsrdən artıq yamsılamaqla siyasi asılılıq, iqtisadi fəlakət və yoxsulluq, dəyər və əxlaqın süqutu və xəcalətli elmi gerilik kimi həlakedici problemlərə düçar oldu. Halbuki İslam ümməti bütün bu sahələrdə şanlı keçmişə malikdir.

Bu sözü Qərblə düşmənlik kimi başa düşməyin. Biz coğrafi fərqlərə görə heç kimlə düşmənlik etmirik. Biz Əlidən (ə) insanlar haqda bunu öyrənmişik: "İnsanlar iki qisimdir: ya din qardaşların, ya da yaradılışda sənin kimi (insan) olanlar" (Nəhcül-bəlağə, Malik Əjdərə məktub). Bizim şikayətimiz müstəmləkəçi və hegemon qüvvələr tərəfindən xalqlarımıza edilən zülm və hegemonluqdan, təcavüz və hökmranlıqdan, yaradılan fəsadlardan, əxlaq və əməl pozğunluğundandır. ABŞ-ın və regiondakı bəzi davamçılarının hökmranlığını, müdaxilə və hegemonluğunu oyanış mehinin qiyam və inqilab tufanına çevrildiyi ölkələrdə indinin özündə də müşahidə edirik.

Onların vəd və təhdidləri siyasi elitanın qərar və hərəkətlərinə və xalqın möhtəşəm hərəkətinə təsir göstərməməlidir. Burada da təcrübələrdən dərs almalıyıq. Uzun illər ABŞ-ın vədlərinə bel bağlayıb, əməl və siyasətlərində zalıma etimadı rəhbər tutanlar xalqlarının heç bir problemini həll edə, özlərini və ya başqalarını zülmdən qurtara bilmədilər. Onlar ABŞ qarşısında təslimçiliklə fələstinlilərə məxsus torpaqlarda hətta bir fələstinlinin evinin dağılmasına da mane olmağı bacarmadılar. Hegemon düşərgənin tamahlandırmasına aldanan, yaxud təhdidindən qorxan və böyük "İslam oyanışı" fürsətini əldən verən siyasilər və aparıcı şəxsiyyətlər bu ilahi təhdiddən qorxmalıdırlar: "Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!" (İbrahim, 28-29)

Dördüncü məsələ budur ki, bu gün İslam oyanışı hərəkatını təhdid edən ən təhlükəli amillərdən biri ixtilafların yaranması və bu hərəkatların firqə, məzhəb, irq və milliyyətlər arasında qanlı toqquşmalara çevrilməsidir. Bu təxribat indi Qərbin və sionizmin casus şəbəkələri tərəfindən neft dollarlarının və satqın siyasətçilərin köməyi ilə Şərqi Asiyadan Şimali Afrikaya qədər hər yerdə, xüsusən də ərəb regionunda ciddi şəkildə aparılır. Xalqa xidmət üçün xərclənə bilən pul təhdidə, müsəlmanları kafir elan etməyə, terrora, bombaya, müsəlman qanının tökülməsinə və uzunmüddətli ədavətlərin qızışdırılmasına sərf olunur. Vahid İslam gücünü öz çirkin məqsədlərinə maneə görənlər İslam ümməti daxilində ixtilaf yaratmağı özlərinə ən asan yol bilir, fiqh, kəlam, tarix və hədis elmlərində təbii şəkildə mövcud olan elmi fərqləri insanları kafir elan etməyə, qan tökməyə, fitnə-fəsad törətməyə vasitə seçirlər.

Daxili çəkişmələrə diqqətlə baxdıqda bu faciələr arxasında düşmən əli aşkar görünür. Bu qəddar əl bizim cəmiyyətlərimizdə mövcud olan cəhalətlərdən, təəssübkeşliklərdən və yaxıngörənliklərdən şübhəsiz ki, sui-istifadə edib od üzərinə benzin tökür. Bu baxımdan dini və siyasi şəxsiyyətlərin, islahatçıların üzərinə düşən vəzifə çox ağırdır.
Bu gün Liviya bir şəkildə, Misir və Tunis bir şəkildə, Suriya bir şəkildə, Pakistan bir şəkildə, İraq və Livan bir şəkildə bu təhlükəli alovlar altındadır. Çox ehtiyatlı olmaq, buna çarə qılmaq lazımdır. Bütün bunların dini və milli amillərdən irəli gəldiyini düşünmək sadəlövhlükdür. Qərb mediası, regionun asılı və muzdur KİV-i Suriyadakı fəlakətli müharibəni şiə-sünni qarşıdurması kimi qələmə verir, sionistlər üçün, Suriya və Livandakı müqavimət hərəkatının düşmənləri üçün təhlükəsizlik şəraiti yaradırlar. Halbuki Suriyada vuruşan iki tərəf sünni və şiə yox, antisionist hərəkatın tərəfdarları və müxalifləridir. Nə Suriya hökuməti şiə hökumətidir, nə də onun sekulyar və antiislam düşməni bir sünni qrupudur. Bu faciəli ssenarinin rejissorlarının yeganə hünəri bu fəlakətdə sadəlövh insanların məzhəb hisslərindən məharətlə istifadə etməkdir. Qarşıdurma səhnəsinə və onun müxtəlif səviyyələrdəki icraçılarına baxarkən hər insaflı adam bunu başa düşür.

Bu təbliğat kampaniyası Bəhreyn məsələsində başqa bir formada yalan və hiylələrlə məşğuldur. Bəhreyndə uzun illərdir səsvermə hüququ və bir xalqın digər fundamental haqlarından məhrum olan məzlum əksəriyyət öz haqqını tələb edir. Bu məzlum əksəriyyət şiə olduğuna, zalım sekulyar hökumət isə zahirdə özünü sünni göstərdiyinə görə bunu şiə-sünni qarşıdurması hesab etməliyik?! Avropa və Amerika müstəmləkəçiləri və onların regiondakı müttəfiqləri əlbəttə ki, bunu yeritməyə çalışırlar. Məgər bu həqiqətdir?!

Bunlar din alimlərini və insaflı islahatçıları diqqətlə düşünməyə, məsuliyyət hissi keçirməyə çağırır, məzhəb, milliyyət və partiya ixtilaflarını qabartmaqda düşmənin məqsədlərinin nə olduğunu öyrənməyi hamıya vacib edir.

Beşinci məsələ budur ki, İslam oyanışı hərəkatlarının yolunun düzgünlüyünü onların Fələstin məsələsi qarşısında tutduqları mövqedən bilmək lazımdır. Altmış il öncədən indiyədək İslam ümmətinin qəlbinə Fələstinin işğalından böyük yara vurulmamışdır. Fələstin faciəsi əvvəldən indiyədək qətl, terror, fəlakət, təcavüz və İslam müqəddəslərinə təhqirlə yanaşı olmuşdur. Bu hərbi və işğalçı düşmənə qarşı mübarizənin vacib olması bütün İslam məzhəbləri və sağlam milli cərəyanlar tərəfindən yekdilliklə qəbul olunur. İslam ölkələrində hansı cərəyan ABŞ-ın amiranə istəyini nəzərə alaraq, yaxud digər məntiqsiz bəhanələrlə bu dini və milli vəzifəni yaddan çıxarsa, ona İslama vəfalı, yaxud həqiqi vətənpərvər kimi baxılmasını gözləməsin. Bu bir meyardır. Şərafətli Qüdsün azadlığı, Fələstin xalqının və Fələstin torpaqlarının xilası şüarını qəbul etməyən, əhəmiyyətsiz sayan, yaxud müqavimət cəbhəsinə arxa çevirən hər kəs bu baxımdan günahkardır. İslam ümməti həmişə və hər yerdə bu aşkar və mühüm meyarı diqqətdə saxlamalıdır.

Əziz qonaqlar! Qardaş və bacılar!

Düşmənin hiyləsini heç vaxt nəzərdən qaçırmayın. Bizim diqqətsizliyimiz düşmənlərimizə fürsət verir. Həzrət Əlinin (ə) bizə dərsi budur: "Kimsə yatmışdırsa, bu onun düşməninin də yatması anlamına gəlmir" (Nəhcül-bəlağə, məktub: 62). Bizim bu sahədə İslam Respublikasındakı təcrübələrimiz ibrətamizdir. Qərbin hegemon dövlətləri və ABŞ uzun müddət idi İranın zalım hakimlərini əllərində saxlayır, siyasi, iqtisadi və mədəni sahələrdə ölkəmizin taleyini təyin edirdi. Onlar cəmiyyətimizdəki iman qüvvəsini lazımınca qiymətləndirmir, Bəsicin gücündən, İslam və Quran hidayətindən xəbərsiz idilər. İranda İslam inqilabı qələbə çalanda isə qəfildən özlərinə gəldilər, böyük səhvlərini düzəltmək üçün hakimiyyət qurumları, təhlükəsizlik şəbəkələri, rejissor otaqları işə düşdü.

Ötən otuz dörd ildə onlardan çox təxribatlar, hiylələr gördük. Onların hiyləsini puça çxaran iki əsas amil oldu: İslam prinsiplərindən dönməzlik və xalqın səhnədə olması. Bu iki amil hər yerdə qurtuluş və qələbə açarıdır. Birinci amil ilahi vədə inamla, ikinci amil isə ixlaslı səylə və qaneedici izahla təmin olunur. Rəhbərlərinin sədaqət və səmimiyyətinə inanan xalq öz fəallığı ilə səhnəni rövnəqləndirir. Xalq harada möhkəm iradə ilə meydanda qalsa, heç bir güc onu məğlub edə bilməz. Bu, öz fəallığı ilə İslam oyanışı yaradan bütün xalqlar üçün uğurlu təcrübədir.

Allah-Taaladan sizə və bütün müsəlman xalqlara hidayət, yardım və mərhəmətini diləyirəm.

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!

1 "Əhzab"/43.

2 "Cümə"/3.

3 "Nisa"/79.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə