Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
  1   2   3   4   5   6   7   8   9   ...   49


 


Cavid ZEYNALLI  
LEYLA 
Roman 
 
  
 
Bir qadın var hardasa, 
Kibrit çöpündən tez sönür gülüşü… 
Qismət 
 
Bir qadın üçün bu qədər zülmə tab gətirmək kimə lazım idi, Rəcəb?! Bütün təhqirlərə canında 
yer tapıldı, heysiyyətinin alçalmağından havalanmadın. Özünə haqq qazandırma, bədbəxt adam! 
Qəhrəmanlığın, canıyananlığın, lap elə kişiliyin də bir həddi var, axı! İndi boğazına qəhər 
tıxlanıb, içindəki qurğuşun ağırlığından yaxa qurtara bilmirsən. Hələ canındakı ağrıları demirəm: 
gecələr yorğan-döşəkdə qıvrılırsan, əlacın olsa it olub ulayarsan. O günəşli, nizamlı həftələri indi 
uğursuz günlər qarabaqara izləyir. Başıkəsik toyuq kimi ora-bura vurnuxmağın axırı urvatsız 
gəbərməkdi, bilmirsənmi?! Kimdi axı, o?! Anandımı, bacındımı, könül verib xəyal qurduğun 
sevgilindimi? Nə özgə kimi özgən, nə doğma kimi doğman deyil, ay bədbəxt! Tay-tuşların ev 
qurub ocaq qalayanda sən ləçər bir qadının keçmişini düyü kimi arıtlamaqdan bezmirsən... Nəyə 
güvəndiyini bilirəm! Amma sən də qulağında sırğa elə: səfehliyinin əvəzini daha pis günlərlə 
ödəyəndə, gərəksiz peşən də dadına yetməyəcək! 
 
Yalvarıram, alçaltmayın! 
Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər, qəm yatır.  
İmam Əli 
O dəhşətli dekabr axşamının canımdan çəkilməyən ağrılarını anlatmaq üçün mənə güc ver, 
Tanrım! İçimdə boyatıyan məhrəm hisslər durulsun, beynim avazıyıb içimi rahatlatsın! Novxanı 
yolunun tülkügörünməz kimsəsizliyində dörd nəfər pəzəvəngin daş kimi ağır təpiklərini sir-
sifətimdə, qabırğalarımda hiss etdikcə qar üstə düşən qırmızı ləkələrin vahiməsi içimdəki xofu 
körükləyir. Yuxarıdakı öyüdnaməni qulağıma pıçıldayan kimdirsə, axmaq canıyananlığından 
əməllicə çimçəşdim. Bacarsaydım, bu qoca əbləhin üstünə çəmkirərdim ki, nəsihətbazlığını 
yığışdır, özün də itil gözümün qabağından! Elektrik naqillərinin uğultusu küləyin səsinə qarışıb 
adamı ölümün bir qarışlığınacan sürükləyir. Kabus kimi başımın üstünü kəsdirən bu əclafların 
əlindən sağ qurtardımsa, demək, nənəm namaz üstəymiş. Deyəcəkdilər, vayına oturmağa anası 
yox, yaxa cırmağa əzizi!!! İndi kanallarını kitab kimi vərəqlədiyim “Sony” televizorunun solğun 
ekranı məni yaxalayan “Niva”nın közərən işıqlarını xatırladır. Dəhşət filmlərini otağıma gətirən 
bu şeytan qutusunu zibilliyə tolazlayıb, hiddətimdən tapdaq-tapdaq etmək istəyirəm.  
Binəqədinin təzəbinə məhəllələrindəki kibrit qutusuna oxşar yastı-yapalaq evlər yaşamağa 
ümidimi artırsa da, dizinin ağırlığını mədəmin üstünə salan əclafın heybətli səsindən içim üşəndi: 
- Usta, - şalvarının zəncirbəndini açdı - bəlkə, bunun başını murdarlayım?  
İkinci dilləndi: 
- Tələsmə, telefon maşındadır, gətirirəm. Bunu çəkmək lazımdır.  
- Xe-xe-hee-hiii-hii... - Xırıltılı gülüş səsi eşidildi.  
-İnternetdə rekord qıracaq.  
Getdikcə uzaqlaşan addım səsləri çəkic kimi beynimi döyəcləyirdi. Mənim heysiyyətimi 
alçatmaq üçün bir-birilə bəhsə girib razılığa gələ bilmirdilər. Usta dedikləri kimdisə, deyəsən, 
ürəyiyuxa, qəlbigenişdi. Xırıltılı səslə gülən əclaf pivə butulkasının üstündə oturtmağı təklif 
edəndə, dizini mədəmə sıxan yekəpər ikinci alçaqlığa qol qoydu:  
- Lap axırda bir banka mürəbbə alıb, bu küçüyü apararıq şortu Mərziyənin yanına!  
“Niva”nın qapısı zərblə çırpıldı. “Sizi and verirəm bu qarın ağlığına, məni alçaltmayın!” Ağzıma 
çəkilən skotçu dişimlə didik-didik edib gücüm çatdıqca yalvarmaq, bağırmaq, mərhəmət diləmək 
istəyirdim. Hamının yanında gözükölgəli, üzüxəcalətli olmaqdansa gəbərmək yaxşıdır, 
gəbərmək! Video internetdə yayılar-yayılmaz dost-tanış bir-birinə xəbər verib saatlarla çənə 
döyəcəkdilər. Xəcalət hissi adamların üzündən, küçə səkilərindən, işıqfor dirəyindən, körpələrin 
təbəssümündən arsız-arsız dişini ağardıb içimi qurd kimi yeyəcəkdi. Pərvərdigaraaa, məni tək 


qoyma, kömək ol! Mən nə edəcəm, nə?! Məni alçaltmayın, alçaltmayın!!! Sevgilim var, 
arzularım var, həyatım qabaqdadır, yalvarıram, yalvarırammm, yalvarıraaa-am!!!  
Telefon dalınca gedən yekəpər ovucdolusu qar götürüb əlləri arasında yumruladı. Sol gözümün 
üstündən dəyən qartopunun ağrısından iliyiməcən sarsıldım. Qulağım tutuldu, gözümün 
qabağında oynayan ağappaq yumru zərrəciklər itər-itməz huşdan getdim. Ayılanda yanıma 
qoyulan iki boş “koka-kola” butulkasını görəndə başa düşdüm ki, üz-gözüm, paltarım su 
içindədir; butulkaların suyu üstümə boşalandan sonra özümə gəlmişəm.  
Xırıltılı səslə gülən nacins rəzil niyyətindən əl çəkməmişdi: 
- Usta, özünə gəldi. Nə deyirsən, başlamayaq? 
Usta siqaret yandırıb arın-arxayın yaxamdan yapışdı. Vəhşi bir güclə heysiz cəmdəyimi yerdən 
qaldırıb özünə yaxınlaşdıranda, siqareti dişlərimdə söndürəcəyindən qorxub, dəhşətə gəldim. 
Yox, deyəsən, bu, ağlına gəlməmişdi. Skotçu göz qırpımında dartıb qoparmağı ilə üz-gözüm 
alışıb-yandı.  
- Başını dik saxla! - Dəli bağırtısından ödüm partladı. Nəfəsi çaxır qoxuyurdu.  
- ...ııııııuuuğğııuuı, - zarıyıb ağzımın qanını tüpürdüm. 
- Eşitmədin, başını dik saxlaaa-a! - İlahi, səsi necə dəhşətliydi. 
- ...  
Heysiz-hərəkətsiz sinəmə sallanan başımı qaldırıb bu səfər mülayim tonda dilləndi: 
- Dərs oldu sənə?  
- ... 
- Sənnənəm küçük, dərs oldu?! Aç qulağını, eşit: bilmirəm, jurnalistsən, nə zibilsən, özünü adam 
kimi apar! Burnun girməyən yerə kəlləni soxma! O qəhbənin də başını burax, qoy rədd olsun. 
Görürəm, pis oğlana oxşamırsan. Üz-gözünə əl gəzdir, həkimə get. Sabah-birigün sevimli 
Leylanın ehsanını yeməyə hazırlaşarsan. Yəqin, mən də başsağlığına gəlib bir tikə çörək 
kəsəcəm. Cınqırını çıxarsan, qırxı çıxan kimi səni də onun yanına göndərərəm.  
- Usta, telefona icazə vermədin, Mərziyənin yanına aparmağa razı deyilsən. Heç olmasa, bu 
küçüyü çimizdirim, ürəyim rahatlaşsın. 
- Rədd ol maşına, gedirik!  
Dizini sinəmə sıxan əclaf donquldana-donquldana maşına səmt aldı. “Niva” yerindən 
tərpənəndə, Usta dedikləri yaramaz başını pəncərədən çıxarıb, üzrxahlıq elədi: 
- Gərək bağışlayasan, səni apara bilməyəcəyik. Görürəm, əfəl uşaq deyilsən, birtəhər gedərsən.  
Maşın şosse yolundan üzü Novxanıya sarı burulub görünməz olanda küləyin səsindən, çölün 
vahiməsindən üşəndim. Ağrıdan əzalarım sızıldayır, halsızlıqdan ayağım yer tutmurdu. 
Dizlərimdə taqət qalmamışdı, şaxtadan ölməsəydim elə burdaca yatıb qalar, səhər ertə sürünə-
sürünə şosse yoluna çıxıb bir maşına əl edərdim. Get-gedə nəfəsim tıncıxmağa başladı. Boğazım, 
dil-dodağım susuzluqdan alışıb yanırdı. Bir ovuc qar götürüb ağzıma apardım. Başımın küt ağrısı 
şiddətlənib ürəkbulanması gətirmişdi. Nə yaxşı telefonumu əlimdən almamışdılar. Saat birin 
yarısıydı. İndi mən kimin yanına üz tutum, başıma haranın daşını salım? Bədənimdən nə qədər 
hərarət çəkilməmişdi, hərəkət etməliydim. Qılınc kimi kəsən küləyin sazağı içalatımı almamış, 
burdan rədd olmalıydım. Binəqədinin təzəbinə məhəllələrindəki evlərdən birinin qapısını döyüb 
bir gecəlik sığınacaq ala bilərdim. Üzümə qapı bağlayan olsaydı, boğazımın gur yerilə söyərdim 
ki, qaçaq-quldur deyiləm, oğurluq niyyətilə gəlməmişəm; zavallı və bədbəxtin təkiyəm, yazığın 
gəlsin. Mənə öyüd verən nurani qocanın sözləri yenidən qulağımda səsləndi: “Kimdi axı o?! 
Anandımı, bacındımı, könül verib xəyal qurduğun sevgilindimi? Nə özgə kimi özgən, nə doğma 
kimi doğman deyil, ay bədbəxt!” Doğrudan, bu nə ağılsız işdir mən qurşandım? Bu pəzəvənglər 
hər kimdirsə, onlar əlində məni öldürmək, siçanı tələdə gəbərtmək qədər asandı.  
Maşın rəddini tutub yola sarı ayaqlarımı sürüyürdüm. Mədəmdən dəhşətli ağrı başlamışdı, 
xayalarım ara-sıra sancırdı. Huşumu itirsəydim, səhərə meyitim qaxac olacaqdı. Qar getdikcə 
güclənmişdi, üz-gözümə, boyun-boğazıma dolurdu. Üstümə çökən dəhşətli yalqızlığın acısından 
boğazımda qəhər düyünləndi. Yerə çöküb özümü toxtatmağa çalışsam da, alınmadı. Vəhşi bir 
çığırtıyla hönkür-hönkür ağlamaq keçirdi könlümdən. Elə bil, kimsə ürəyimi ovcunun içində 
sıxıb duyğularımı korşaldır, qəlbimi incidib sonu görünməyən qaranlıqlara tuşlayırdı. Boğazımı 
göynədən qəhər sinəmə yayılıb qaynar qurğuşun kimi içimi köz-köz elədi. Ağlamaqdan 
utanmadım. Kim nə bilir, hardan xəbər tutacaqdılar?  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə