Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

hər şeydən ehtiyat edir. Səbr etmək lazımdır” Özümü təsəlliyə tutsam da, dodağımın altında 
donquldanıb ac köpək kimi üzümə marıddayan adamları söyməkdən dilimi saxlaya bilmədim. 
İkicə dəqiqə sonra Leyla yenidən balkonda göründü. Əyninə sarı kişi köynəyi geymişdi. Ovcunu 
açıb-yummağı ilə balaca, bükülü kağız ayaqqabımın burnuna toxunub yerə düşdü. “Köçürəm. 
Köməyin lazımdır. Yeşikləri bağlamaq üçün dükandan möhkəm kəndir al. Beşinci mərtəbə, 
soldakı qırmızı qapı”. Başımı təkrar yuxarı qaldıranda onu artırmada görmədim. Kirli tül 
pərdənin arxasından məni güddüyünü güclə seçdim.  
Vitrinin üstünə birmanatlıq qoyub qonşuda yaşayan satıcı oğlanı tələsdirəndə həyəcanlı 
olduğumdan duyuq düşüb şübhəli nəzərlərini üzümə zillədi. Bilmək olmazdı, bəlkə cırıltılı 
pəncərələrdən boylanan adamların içində onun qohum-əqrabası, məsələn, anası, qardaşı da vardı; 
adı bədnam olan bu gözüqıpıq ləçərin hər addımını izləyirdilər?! Ya da eləcə dükanın tinində 
siqaret fısqırdanda məni Leyla ilə xosunlaşan görmüşdü?! Qaynar suda ürəyi bişən tifili ölümün 
cəngindən qurtarmaqla deyil ki, adamların içində bircə çimdik də olsa nagümanlıq qala bilərdi.  
Blokun üstündəki elektrik lampasının üstündə qaranquş yuvası vardı. Lampa hörümçək torunda 
it-bat olmuş, közərən işıqda pilləkənlər güclə seçilirdi. Hansısa yelbeyin gədə mətbəxi ələk-vələk 
edən it küçüyü boyda siçovulun başını əzib quyruğundan pilləkən sürahisinə asmışdı. Alışqan 
istisində əriyib eybəcər hala düşən düyməni hikkəylə sıxmağım işə yaramadı: lift işləmirdi. Çar-
naçar pilləkənə üz tutdum. Bir pillə... iki-iki... üç-üç... Nəfəsim tıncıxdı... Təngnəfəslik sinəmə 
düşməyən siqaret kimi məni öskürtdü; səsimdən vahimələndim. Beşinci mərtəbə zülmət idi. 
Telefonumu çıxarıb işığını... Diksindim... O nə səsdi elə? Güllə... güllə səsi...  
- Leylaaaaa...! - Bağırmaq istədim, bacarmadım.- ııııııı...uuuıııııı - Gücüm kəsik-kəsik 
inildəməyə çatdı. Ola bilməz, ola bilməz... O özünü öldürməməliydi. Ayaqlarımın taqətinin 
çəkilməyilə dizlərim büküldü. Yanımı yerə qoyub əllərimlə başımı tutdum; beynim uğuldayırdı. 
İndi qonşulardan kimsə qapını açıb məni bu halda görsəydi nə deyəcəkdim? Deyəcəkdim havam 
çatmadı?! Ürəkkeçməm var? Bəlkə, heç güllənin səsini eşidən olmamışdı?! Bəlkə, qonşular 
ailəlikcə şam süfrəsinə oturub türk teleserialına baxa-baxa nəsə tıxışdırırdılar; başları hansısa 
ismətli kənd qızının ərini əlindən alan fahişənin əməllərinə qarışmışdı?! Bəlkə, güllə açılan anda 
evin ağzıyava, yüngülağıl kişisi əlini-əlində şappıldadıb qızın ərinə oğraş, binamus, şərəfsiz 
demişdi; arvadı da kişinin üstünə təpinmişdi ki, səsin özünə xoş gəlməsin, camaatdan ayıbdır! 
Beləcə Leylanın gicgahında qopan gurultunu heç kəs eşitməmişdi, bəlkə. Bəlkə... Bəlkə... nə 
bəlkə!!! Cəhənnəm olsun bu bəlkələr! İndi hamı üstümə tökülüşəcək. Leylanın qana bulaşan 
boyun-boğazı, hədəqəsindən çıxıb bərələn gözləri... Polisə, məhkəməyə ayaq döymək, ifadə 
vermək, məsuliyyət xofu... İlahi, İlahi... Mən nə edəcəm, nə? Niyə burda oturmuşam, axı? Güc 
tapıb yuxarı qalxmaq lazımdır! Qalxıb nə edəcəm? Özünün öldürən adam qapını açıq qoyar?! 
Baş barmaq yoğunluğundakı dəmir cəftəni keçirib, hələ üstəlik açarla da kilidləyib yəqin...  
Qapı dəstəyinin... taqqıltısı eşidildi. Yağsız nərmədanların ətürpədən cırıltısının dalınca 
pilləkənlərin işıqlanması çox çəkmədi. Bu birinci qonşu... - İldırım sürətilə beynimdən keçirdim. 
- İndi ikinci, üçüncü... Yoo-x, yo...x!!! Qo-qonşu deyil. Soldakı qapıdır. Leylanın nişan verdiyi... 
İçəridən düşən gur işıq, qapının kandarında dayanan adamın kölgəsini üzbəüzdəki divarboyunca 
yaydı...  
 
Maestronun gözlənilməz gəlişi 
Qadın nə olan şeydir - bunu bir Allah bilir,  
mənsə, şükürlər olsun, onları yaxşı tanıyıram. 
F.M.Dostoyevski, “Karamazov 
qardaşları” romanından 
Gilənar rəngli “Asel” elektrik sobasını görər-görməz alt dodağımı dişlədim. Qaşlarımı çatıb 
şübhəli baxışlarımı üzünə zilləyəndə ödü içində partladı: canına yayılan zəhər, rəngini gömgöy 
göyərtdi. Sobanın qulpunu (əl izləri vardı), ayaqlarını, spiralları tək-tək işlətmək üçün üstünə 
“on-off” yazılan düymələri toz basmışdı; dəmir barmaqlığın üstünü tələsik silsə də, qıraq-
bucağında hörümçək toru görünürdü. Leylanın həyatı da eynən bu sobanın vəziyyətindəydi: 
səhvləri ucbatından adına, taleyinə düşən ləkələri aparmağa gücü çatmırdı; bapbalaca xalın 
altında daha eybəcər, çirkin yara qaşınırdı.  
İkicə dəqiqə əvvəl təmirsiz, divar kağızlarının qopub töküldüyü evə girəndə kəsif tütün və 
rütubət qoxusundan çimçəşmişdim. Hamamdan götürdüyü ev başmağını ayağıma atıb içindəki 


nigaranlığı arıtlaya-arıtlaya gülümsəməyi məni axmaq yerinə qoymağı deməkdi. Gözləri bağlı 
qapı kimi sirli, müəmmalıydı.  
- Ev soyuq idi, istədim ... - dilini sürüdü - narahat olma, onsuz da bura qayıtmayacam.  
Dayaz ağlıyla qurduğu kələyin naşılığını qanı çəkilən bət-bənizindən savayı, əsən əlləri də 
göstərirdi. Guya sobanı cərəyana qoşanda naqillərdəki qısaqapanma elektrik qutusunda partlayış 
yaratmışdı. İçəri dolan barıt iyini öldürmək üçün yasəmən qoxulu ətir vurmağı işə yaramamışdı. 
Artırmanın qapısını aralı görəndə içimdən dəli, havalı bir gülmək keçdi. Kaş elə gülə-gülə də 
onun üzünə deyə biləydim: ağıllı bala, illərdir kimsənin yadına düşməyən sobanı gətirəndə 
baxmaq lazımdı ki, cərəyana qoşmaq üçün naqili var, ya yox?! Bu yaşa çatmısan, hələ bilmirsən, 
kələkbaz və yalançı adamın ağlı, iz buraxmayan usta cinayətkarın hafizəsindən daha iti 
olmalıdır!  
Ürəyimdən keçənləri gözümdən oxudu. Pərtliyi, narahat-nigaran ora-bura döyüküb mısmırığını 
sallaması, içinə dolan utanc hissindən alnında gilələnən purçum-purçum tər, mənim 
üstünlüyümdən savayı, həm məğlubiyyətim, həm də cızığımdan çıxmağımın son həddiydi. 
Həyətdəykən ürəyimə şübhə tikən iynəni yenidən sapladım: o hürkə bilərdi, axmaq! Son dərəcə 
ağıllı və ehtiyatlı olmaq lazımdı, başıboşluq eləmə! 
- Sənin bu evə köçdüyün günü xatırlayıram. - Yaltaq-yaltaq irişdim.  
- Doğrudan? - Qaşlarını qaldırıb alnını qırışdırdı. - Yadında nə qalıb? 
- Məsələn, səni öpmək üçün liftin yanına gələn uşaq hələ də gözümün qabağındadır.  
- Elə şirin idi ki... 
- O, üzündən öpmək üçün gəlməmişdi.  
Güldü. Bu o deməkdi ki, oxu atıb yayı gizlətmə, danış! Ürəkləndim. 
- Uşaqlar öz aralarında mərc gəlmişdilər ki, kim ürək edib sənin dodağından öpər.  
- Bilsəydim qəlbini qırmazdım. - Təəssüfləndi - Onu elə öpərdim ki, ömrü boyu məni unutmazdı.  
- Heç mən də unutmaram...  
İkimiz də güldük. Elə bil cəsarətimdən xoşlandı, amma nəsə üstünü vurmadı. Mən də dərinə 
getmədim; yeri deyildi. Görk olub qırmızı-qırmızı dişini ağardan elektrik sobasını göz 
qırpımında qapıb, artırmaya apardı.  
- Yadında başqa nə qalıb? Danış da... - Artırmadan dilləndi. 
“Maşının içinə boylanıb havalanan zavallı fəhlədən danışsam pis çıxmaz ki?”- düşündüm. 
“Birdən xətrinə dəyər, lazım deyil” 
- Həə, noldun? Danışmırsan? - Leyla ərklə üstümə elə qışqırdı, elə bil sevişməmizin şirin yerində 
dolu döşündən tutarlı diş götürmüşdüm. Amma nədənsə, aramızda olan pərdəni tezcənə yırtmağı 
xoşuma gəldi.  
Artırmada gurultu qopdu. Yəqin, elektrik sobası üzünə salıb durduğu yerdə qalmaq istəmirdi: 
gurultuyla yerə düşmüşdü.  
- Zibil yeşiklərini təmizləyən bir fəhlə vardı. Maşının içinə boylanıb... - Tərəddüd elədim.  
- Hə, boylanıb nə elədiii?  
- Lifçiklərini, prezervativ paketlərini görüb havalanmışdı.  
 
Artırmadan əvvəlcə aram-aram gülməyi, sonra əlini-əlində şappıldatması eşidildi. Qıraqdan 
baxan olsaydı, deyərdi, bəxtəvər necə kişmişi gülür.  
“Qadın əlini-əlinə çırpıb həyasızcasına uzun-uzun gülürsə, bu, fürsət düşər-düşməz onun yolunu 
azacağını, yaxud artıq azdığını nişan verən ən vacib əlamətlərdən biridir.” - Düşündüm.  
- O fəhləni yenə görürsən? 
- Hərdən rastlaşırıq. Gözü hər yerdə sənin maşınını axtarır.- Gopladım. - Elə bilir, həmişə belə 
huşsuzluq edəcəksən.  
Leyla yenidən qəhqəhə ilə gülməyə başladı. Artırmanın arakəsməsini külək divara çırpanda 
özümü irəli verib qapını ikinci zərbədən qorumasaydım, ortasından qoşa xətt gedən çat şüşə 
çiliklənib yerə töküləcəkdi. Tül pərdə evin ortasında oynayıb üz-gözümü yaladı. Belə şeylər, 
deyəsən, Leylanın vecinə deyildi. Başısoyuq zavallı fəhlə haqqında yenə nəsə soruşmaq istəyirdi 
ki, kal öskürəkdən boğulmağa başladı. Doxsanıncı illərdə əsgərlikdə ağır vərəmə tutulan qapı 
qonşumuzun qəsəbənin qışa açılan üzüsoyuq səhərlərini xoruzlardan əvvəl “müjdələyən” göy 
öskürəyi qulaqlarımda səsləndi. Yaddaşımı bir az da qurdalasaydım, axşamlar ağlayan, səhərlər 
şaxtadan titrəyən əllərində buğlanan yarımçıq stəkanı ərinə içirmək istəyən başıdaşlı təzə gəlini 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə