Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

də gözümün qabağına gətirəcəkdim. Sonra ovqatımı çulğayan kədərdən yaxa qurtara bilməyib 
qayğılanacaqdım. Leylanın vərəm olduğuna inanmırdım, bu, stolun üstündə yan-yana düzülən 
“Sabrani”, “Kent”, “Marlboro”nun işiydi.  
- Çay içmək istəyirsən? - Artırmada qurcalana-qurcalana samur dərisindən tikilən şubasını 
əynindən çıxarıb, qapıdan mənə uzatdı. “Deməli, tapança paltonun cibində deyil”. - Ürəyimdən 
keçdi. Amma cibini yoxlamaqdan da özümü saxlaya bilmədim: Maşın açarı, qəpik-quruş, nanəli 
“orbit” saqqızı və yarımçıq valerian!  
- Ürəyindən mənə qulluq etmək keçir? - Bir az gecikdirsəm də, uca səslə  
soruşdum. 
- Yəqin, bundan sonra bir-birimizi görməyəcəyik. Mehriban ayrılaq ki, xatirələrlərimiz tamlı 
olsun, - Sağ ol, Leyla, səndən də ağıllı sözlər çıxarmış!!!  
- Acı çaydan şirin xatirə qalacaq?  
- Axı, özün dedin ki, məni bir stəkan çaya qonaq et. - Artırmadan çıxdı. Qapını ehmalca örtüb 
pərdəni çəkdi. - Bağışla, ev tör-töküntüdür. Neçə gündür evə ancaq gecə yatmağa gəlirəm.  
- O vaxtacan harda olursan? - eyhamla dillənib cavab gözlədim.  
- Çox sual verirsən, yaxşısı budur, gəl su tök, stəkanları yuyum! 
Mətbəxə keçər-keçməz krantdan axan suyun şırıltısı, dalınca stəkan-nəlbəki səsi eşidildi. Mətbəx 
qapısının kandarında dayanıb uzun-uzadı onun qab-qaşıq yumağına, barmaqlarının ucunda 
stəkan sürtməyinə tamaşa elədim. Vaxt vardı, Leylanın evinə soxulub alt paltar saxladığı dolabı 
ələk-vələk edən arvadxasiyyət aparıcı, mətbəx işlərindəki səriştəsizliyinə görə onu el-aləmdə 
rüsvay etmişdi. Qızın yanaqlarına çökən qızartını görəndə operatora qaş-göz atıb, “yaxından 
götür, pərt olduğunu bütün ölkə görsün,” demişdi. Sonra beş qarın qız doğub onların taleyi üçün 
narahat olan ətiacı analar kimi nümayişkaranə şəkildə, daha doğrusu, tənə ilə ağızdan-ağıza 
eşitdiyi mətbəx məsləhətlərini onun başına yeritmişdi: “sabah ər qulluğu tutacaqsan, adi şeyləri 
bilmirsən. Soyuducudan pis qoxu gələndə bilirsən nə edirlər? Yox, hardan biləsən! Buzxanaya 
ya bir tikə çörək, ya da kömür parçası qoymaq lazımdı (Yəqin, bu ağılumulmazın burnu 
Leylanın soyuducusundan pis qoxu çəkmişdi, ona görə belə öfkəliydi). Çörək tez boyatımasın 
deyə, yanında kəsilmiş limon saxlayırlar. Yağ qaynayanda tavaya duz səpirlər ki, kənara 
sıçramasın”. Özü də Leyla o vaxtlar belə kasıb, divarlarından kədər ələnən evdə yaşamırdı. 
Məşhur “Christian Dior” firmasının svarovski qaşlarla bəzədilmiş 3500 manatlıq eynəyini taxır, 
əngiboş şou müxbirlərinin yazılarına məhəl qoymayıb ədabazlığından qalmırdı. Hətta and içib 
qürrələnirdi ki, mətbəx mebelimi Rumıniyada yaşayan azərbaycanlı iş adamı göndərib; 
“Embawud” mağazalar şəbəkəsində 35 min manatdan qara qəpik çıxmırlar. Pərtliyini gizlətmək 
üçün gülə-gülə “mənə ərə gələcəklər, mən getməyəcəm” - deyəndə, aparıcı da dilini dinc 
qoymamışdı: “Sən əziyyət çəkməzsən, elə uşağı da ərin doğar”.  
İndi nə zaman o zamandı, nə də Leyla o Leyla. Nə o gen-geniş ev vardı, nə o əyin-baş, nə bahalı 
Rumın mebeli, nə də bəxtəvər günlər... Bircə “Toyota”sını saxlaya bilmişdi ki, qəzetlərin 
yazdığına görə, onun da kredit pulunu ödəyə bilmədiyindən, bank tezliklə maşını geri almağa 
hazırlaşırdı. Qızın üstünə çökən bu ümidsizlik ağrısından bilmək olardı ki, səhərləri televiziya 
çal-çağırlarında, axşamları şadlıq evlərinin səs-küylü divarları arasında keçən o mümtaz çağları 
geri qaytarmaq, ilan ağzından qurbağa almaq qədər çətin idi. Gecə yarı İsmayıl dayının miskin 
daxmasına gəlib fağır-fağır ağlayıb-sıtqayırsa, onun qanıistiliyi içinə daş kimi düşüb gözünə qora 
gətirirsə, deməli, bu bədbəxt məxluqa inanmaq lazım idi: mənim vəziyyətim sən düşündüyündən 
də pisdir, Rəcəb!  
Stolun üstündə dığıldayan “Tefal”dan çaynikə isti su töküb yaxaladı. Ağca, ətli baldırları, biçimli 
arxası, iri döşlərinə uyuşmayan incə beli canımı sızıldatdı. Hələ hamar boyun-boğazı... 
Sinədolusu nəfəs alanda, deyəsən, niyyətimdən duyuq düşdü.  
- Darıxma, səbrin olsun. 
Sırtıq-sırtıq irişdim.  
- Hara köçürsən?!  
- Bir yer taparıq. 
Diksindim.  
- Necə, yəni, bir yer taparıq?! - Qaşlarımı düyünlədim.  
- Çayımızı içək, sonra baxarıq... Zəhmət olmasa, stəkanları apar, gəlirəm.  


Stolun üstünü köynəyimin qolu ilə təmizləyib stəkanları, içi bər-bəzəkli şokaladlarla dolu olan 
qabı, peçenye nimçəsini səliqəylə düzdüm. “O məni avam yerinə qoyduğunun fərqindədirmi?” - 
Maraqlı sualdır! Evə gələndən dər-divara göz gəzdirsəm də, güllənin yerini tapa bilməmişdim. 
Görəsən, tapançanın onun əlində açılmağı təsadüf, yəni ehtiyatsızlığı ucbatından olmuşdu, 
yoxsa...  
Leylanın mahnılarından birini zümzümə edə-edə barmağımın ucunda ensiz foyedən keçib, ikinci 
otağa gəldim. Divarlar naşı, pinti ustanın əlindən çıxan qum suvağı ilə suvanmışdı. Tavandan 
asılan köhnə dəbli çilçırağın işıq qapaqlarını toz tutmuşdu, girdə lampalardan divarboyu solğun, 
tutqun işıq sürünürdü. Ortalıqdakı taxtın güllü-güllü yatacağı dağınıqdı; balışın üstünə iki ət 
rəngli lifçik atılmışdı. Sınıq-salxaq şifonerin açıq, güzgülü qapıları dilənçi əlinə bənzəyir
asılqandan rəngbərəng paltarlar görünürdü. Döşəməyə atılmış dəri torbadan dağılmış oyuncaqlar 
əl-ayağa dolaşırdı: bərbəzəkli kuklalar, cürbəcür maşınlar, su vuran tapançalar...  
Mətbəxdən gələn su şırıltısı qızın təmizlik işlərilə baş qatdığını göstərirdi; deməli, iki daşın 
arasında olsa da, otağı əlüstü axtara bilərdim. Qapıda, divarlarda, tavanda güllə yeri yox idi. 
Görəsən, tapançanı harda gizlədib? Başını birtəhər qatsam, tapa bilərdimmi? Taxtın yuxarı 
başına keçib şifonerin içinə boylananda rəngbərəng geyinəcəklərdən biri... tərpəndi. Diksinib 
içimi çəkə-çəkə kənara sıçradım. Qorxudan bağırsaqlarım genəldi. Sarı zolaqlı kişi pencəyinin 
üstünə örtülən şəffaf sellofan torbanın içində civildəyən siçanın başı göründü: mərci gözlərini 
bərəldib üzümə baxırdı. Dizlərimə yayılan əsməcəni canımdan çıxarmaq üçün dərindən nəfəs 
alıb içimdəki həyəcanı öldürmək istədim. Elə bil, sinəmə sərin su səpdilər. Aha... Bu nədir belə? 
Tapança?! Güllü balışın altındakı qaraltı gözümə dəyər-dəyməz, özümü irəli atdım. Çərçivənin 
içinə salınan şəkil idi, ağzı üstə çevrilmişdi.  
“Maestro Vüqar?!”. “Ohooo!!!”. İçimi çəkib, heyrətdən alt dodağımı dişlədim, gözlərim bərəldi. 
Mətbəxdən gələn su şırıltısının kəsilməsilə ayaq səsləri eşidildi. Şəkli balışın altına dürtüb, 
barmaqlarımın ucunda necə ustufca gəlmişdimsə, eləcə - dodağımın altında mızıldana-mızıldana 
yerimə qayıtdım. “Maestro, maestro...”- sinədolusu köks ötürüb, udqundum. “Sənin Leyla ilə 
aranda olanları qulağım almışdı, amma şəklinin balış altınacan irəliləməsi, əsl sürprizdi”  
- Gəl çayniki apar, çayını iç. Mən çiməcəm.- Adətən, on ilin kəbinli arvadları zəif, məğmun 
kişiyə belə əda və hökmlə söz deyir. Amma səsindəki məhrəmlik, incə ərkyanalıq xoşuma gəldi.  
Çayniki gətirmək üçün mətbəxə keçəndə ikinci otaqda şifonerin qapıları cırıldadı. Qorxdum, 
əməllərimdən duyuq düşüb özbaşınalığıma görə mənə acığı tutar, indi-indi aramızda yaranan 
hörməti, şirin ötkəmliyi-filanı vecinə almayıb özünü qınayar ki, bu çölləmə adamı evimin yuxarı 
başına hansı ağılla çıxarmışam? Çıxarıb haracan özümə, ürəyimə yaxın buraxacam, sirlərimi, 
qayğılarımı, dərd-ələmimi bölüşəcəm? Bölüşüb içimə çökən rahatlığı nə vədəyədək yaşayıb 
sinədolusu nəfəs ala bilərəm? Bəlkə, mərdimazarın, nanəcibin lap elə, cildini dəyişmiş əclafın 
təkidir; həyatıma soxulub bədniyyət əməllərinin baş tutması üçün dəridən-qabıqdan çıxır? Özü 
də... jurnalistdir. Onsuz da bu zəli tayfasından boğaza yığılmışam. Əsəblərimi pozub günümü-
gündüzümü zəqquma döndərən bu adamlardan başım az çəkməyib... Xatırladınızsa, İsmayıl dayı 
bizdən ayrılar-ayrılmaz, şəkil söhbətindən dərhal sonra “Mənim bu hala düşməyimdə 
jurnalistlərin də əməyi böyükdür” deyib, istehza ilə gülümsəmişdi.  
- Rəcəb, uçurum haqqındakı sözün necə idi, xoşuma gəldi, bir də de. 
- Uğura aparan yollardan biri uçurumdan keçir, Leyla xanım. Bu, bütün yaradıcı və istedadlı 
adamların həyatında olur. Depressiyaya qapılmaq dişiylə öz əllərinə düyün vurub, uçurumdan 
atılmağa bənzəyir. - Güldü. Ürəyinə yatmışdı. 
- Əsl ədəbiyyatçı cümləsidir. - Sağ ol, Leyla!!! 
- Sən hara, ədəbiyyat hara? 
- Məktəb vaxtı “Yad qızı”nı, “Təhminə və Zaur”u oxuyub o qədər ağlamışam... Kədərli vaxtlar 
idi. Mehrab gözümün yaşını quruda bilmirdi. - Yenə gülüş - Axmaq olmuşam da, adam da kitab 
oxuyub, ağlayar?  
“Aha, Mehrab... şəkildəki oğlan”- düşündüm. “Nə yaxşı, şəkilləri xəbər almır, deyəsən, tamam 
yadından çıxıb”. 
Qolunun üstündə hamam dəsmalı, göyümtül xalat, qapının ağzında peyda oldu. Birdəncə yetişən 
məktəbli qızlarsayaq saçını ortadan ayırıb döşlərinin üstünə atmışdı. Qəşəng görünürdü. Çay 
dolu stəkanı yuxarı qaldırıb, içməyini təklif elədim. Başını yellədi, foyedəki güzgünün qabağına 
keçib ora-burasına baxdı, barmaqlarını daraq edib saçında gəzdirəndə hiss etdim ki, altdan-altdan 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə