BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   2   3   4   5   6   7   8   9   ...   62

________________Milli Kitabxana______________ 
14 
 
Dedi: - Neyi ver bəri. 
 Verdim. Aldı, əsirdi yarpaq kimi əlləri,  
Dodağına apardı, səslər titrədi... çaldı.  
Buludlar topalandı, Günəş söndü, qaraldı.  
O, neyimi çalırdı, neymi çalırdı onu?  
Ürəyinin qəmini, eşqini, arzusunu  
Qatdı yetim segahda o, neyin fəryadına,  
Elə bil çağırırdı kimiysə imdadına...  
Od çıxırdı elə bil o yanıqlı nəfəsdən  
Qana dönmüş ürəyim parçalandı bu səsdən.  
 
Bu səsdən çıraq kimi gah yanır, gah sönürdüm.  
Dalıb neyin səsinə düşünür, düşünürdüm:  
"Neyçin düşmən edirlər insanı insanlara,  
Səbəb nədir görəsən bu günahsız qanlara?  
Nədən ötrü mən onu bu günə saldım görən?  
Töküb onun qanını nə qazandım axı mən?  
Onun nəğməsindəki yanıqlı xallara bax,  
Şirin arzulara bax, incə xəyallara bax.  
Tək onunku deyildi bu xallar, zəngulələr,  
Mənə də çox doğmadır bu guşələr, nalələr.  
Dünya əsirgəməyib əzabından onu da.  
Mən onun nəğməsini, eşqini, ruhunu da  
Anlayıram, düşmənim  
Ola bilməz o mənim!  
Eləysə, ah, eləysə bəs bu kəsə-kəs neçin?  
Qılınc verib əlinə şahla sultan bəs neçin?  
Bir doğma qardaşları qırdırır qardaşlara?  
Mənim yaram deyilmi 
Bu yazığın köksünə 
İndi vurduğum yara?  
Yaralı da bu zaman 
Yəqin mənə bunları 
Söyləmək istəyirdi. 
Sözlə demədi, ancaq sözü segaha verdi...  
Odunu, yanğısını ney də ürəkdən aldı.  
Ney ürəkdən-ürəyə bir incə körpü saldı.  
Birdən nəğmə kəsildi... 
  


________________Milli Kitabxana______________ 
15 
 
Gördüm artıq keçinmiş! 
Ağlaya-ağlaya mən,  
Onu dəfn etdim həmən.  
Yuxudaydım elə bil, mən ayıldım yuxudan,  
Gözümə başqa donda görünürdü bu cahan.  
Qılıncımı tullayıb o andaca yerə mən,  
O mərhumun neyini taxdım onun yerindən.  
Öyrənməyə başladım o gündən ney çalmağı,  
Öyrədənim kim oldu?  
Can yanğısı, gözdağı.  
Sənət can yanğısıdır mənim üçün, a dostlar,  
Bu dünyanın oduna gərək yana sənətkar.  
O bunları deyərkən Məhəmmədə baxırdı,  
Məhəmmədin gözündən sel kimi yaş axırdı...  
Bu yaş "insan insanın qardaşıdır" - deyirdi,  
"Sənət can yanğısıdır, göz yaşıdır" - deyirdi. 
 
 
İKİ HƏDİYYƏ 
 
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan 
Sədəf su almayınca əbri nisandan göhər verməz. 
 
Əyləşib Məhəmməd otağında tək  
Oynaşır üzündə qəm buludları.  
Bayırda cücərib min gül, min çiçək,  
Əriyir qəlbində dağların qarı. 
 
Üzündən, gözündən tökülür kədər,  
Qəmlər dövlətidir, dərdlər varıdır.  
Ağaran dan yeri, qızaran göylər,  
Onunçün Leylanın yanaqlarıdır. 
 
Boğur öz dərdini o, yana-yana,  
Axıtmaq istəmir göz yaşlarını.  
Qaralan üfüqlər andırır ona  
Leylanın kədərli baxışlarını.  
Məhəbbət dünyanı anlatmış ona, 
  


________________Milli Kitabxana______________ 
16 
 
Leyla Məhəmmədçin eşqin adıdır ; 
Qıvrımsaç, ucaboy, qaragöz Leyla 
Onun dünyasıdır, kainatıdır. 
Bahar öz gülləri, çiçəklərilə 
Leylanın adını yazmış düzlərə, 
Çöldə pıçıldaşan yarpaqlar belə 
"Leyla! Leyla!" - deyir gündə min kərə. 
Yazmaq! 
Nədən yazmaq? 
Ozanlar kimi 
Nəğməyə çevirim məhəbbətimi? 
Tökümmü qəlbimin bütün varını? 
Hicran gecəsinin əzablarını 
Yazım hansı sözün qüdrətilə mən? 
Ah... Necə söyləmək? 
Hardan başlamaq? 
Nə qədər çalışır, gözü önündən 
Leylanın xəyalı çəkilmir ancaq... 
Leyla şeir kimi, nəğmələr kimi 
Səslənir şairin qulaqlarında. 
Leyla qızıl donlu bir səhər kimi 
   Süzülüb qapıdan girir bu anda.   
Məhəmməd          - Aman, bu xəyalmı, röyamı? Əsla! 
   Yox, bu xəyal deyil, özudür... 
 - Leyla! 
Leyla                    - Məhəmməd! 
Məhəmməd          - Ah, Leyla de, bu sənmisən? 
   Ey Günəş, sən göydən yerə enmisən? 
Leyla 
              - Eşqdən qüdrətli dünyada nə var
   Məhəbbət yeri də göyə qaldırar?!  
 Məhəmməd         - Sən odmu, atəşmi, ya məşəlmisən, 
   Leyla, söylə, bura necə gəlmisən?! 
Leyla 
              - Dedim ki, məhəbbət gətirər... atam 
   Mənim hər işimə göz qoyur müdam: 
   Məni məktəbə də buraxmır artıq.  
Məhəmməd          - Eşqin göylərinə çökdü qaranlıq, 
   İndi biz neyləyək? 
 
  


________________Milli Kitabxana______________ 
17 
 
Leyla - 
Sən yaz, sən yarat, 
Sevmək bir həyatdır, yazmaq bir həyat. 
Məhəmməd         - Son çarəm budursa, qoy dərdi-sərim, 
Mənim fikirlərim, düşüncələrim, 
Eşqim kağızlara süzülsün dən-dən - 
Qara saçlarının rayihəsindən. 
Sənsiz qəhr edərdi bu cahan məni, 
Sənsən bu cahana bağlayan məni! 
O gün ki, qəlbimi mən sənə verdim, 
Hər şey gözlərimə göründü aydın. 
Varlığı heçliyə mən dəyişərdim, 
Əgər bu dünyada sən olmasaydın. 
Doğrandım, kəsildim mən dilim-dilim, 
Dünya əzab evi, ömür vəfasız. 
Gördüyüm hər şeyə inan, sevgilim, 
Sənin gözlərinlə baxıram yalnız. 
Hara baxıramsa görürəm səni
Quş səsi, çay səsi sənin səsindir. 
Çəkəndə köksümə gülün ətrini, 
Sanıram bu sənin öz nəfəsindir. 
Qara gözlərində batıram sənin 
Bu gözlər dəryadan, göydən dərindir. 
Buluda deyirəm saçmdır yəqin, 
Güllər mənə baxan nəzərlərindir. 
Yarpaqlar - əllərin, çeşmələr - gözün, 
Yağış damcıları - göz yaşlarındır. 
Dünya yaranmısan mənimçün özün, 
Baxışım da sənin baxışlarındır. 
Kitabam, gəl məni aç varaq-varaq, 
Gör nələr çəkmişəm bu zəmanədən. 
Vəfasız bildiyim dünyaya ancaq 
Sənin saçlarınla bağlanmışam mən. 
Dərk edə bilməzdim dəhri, varlığı; 
Heyran olmasaydım gözəlliyinə. 
Hüsnünün əsrarı, füsunkarlığı 
Ana təbiəti andırır mənə. 
Leyla - 
Mən ki inanıram sənin eşqinə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə