Azərbaycan Respublikasının Meşə Məcəlləsi
(30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir)
Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin
tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının,
bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən
edir.
Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və
ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər
komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:
meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir
göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların,
mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan
meşə və qeyri-meşə torpaq sahələri;
meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;
xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol
cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən,
habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;
yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin
sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu,
sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin
istirahəti üçün istifadə edilən meşələr;
yabanı meyvə meşələri — meşə fondu
ərazisində təbii bitən, yaxud süni yolla
yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə,
giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin
plantasiyaları;
dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan,
iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən
meşələr;
qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş
torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq
və təbii qoruyucu
funksiyaları gücləndirmək məqsədi ilə qırma yaşı çatmış və ya ötmüş ağaclıqlarda
aparılan qırma;
aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə
ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və
başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər
qırmalar;
relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış
mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;
arid bitkilər — buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu
quraq iqlimli ərazilərin bitkiləri.
Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə
Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən
edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və
vəzifələri
Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin
əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji
müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında
onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin
etməyə yönəldilmişdir.
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası
sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə
qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra — ağac-kol bitkiləri)
istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan
Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin
müvafiq müddəaları ilə tənzimlənir.
Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin təkinin, atmosfer
havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının
meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu
torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə
tənzimlənir.
Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı
yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa,
Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə
münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə
qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.
Maddə 5. Meşə münasibətlərinin obyektləri