39.5. Gömrük orqanlarının vəzifəli şəxsləri verdikləri məlumatların düzgünlüyünə görə
cavabdehdirlər.
39.6. Gömrük orqanları gömrük işi və gömrük orqanlarının səlahiyyətlərinə aid olan
məsələlər üzrə məsləhətverməni həyata keçirirlər.
Maddə 40. Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması
40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük
orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla
müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti
olduqda, onlara yardım göstərməlidirlər.
40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini,
sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük
orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs
onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük
proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə
götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
40.3. Gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi,
sadələşdirilmiş bəyannamə, gömrük rəsmiləşdirilməsinə dair ərizə və gömrük
orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədlər şəxsin nümayəndəsi
tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində
müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti
olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac)
bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük rəsmiləşdirilməsinə dair
ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər
əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
40.5. Bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə gömrük orqanlarına
təqdim olunması nəzərdə tutulmuş sənədlər, o cümlədən gömrük bəyannamələri elektron
formada təqdim oluna bilər.
40.6. Sənədlərin elektron formada təqdim olunması qaydaları «Elektron imza və elektron
sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 41. Məlumatların mühafizəsi
41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin
digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti
vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial
məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna
edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi
olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz.
41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial
məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının
vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
verilməsi qaydası «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
41.5. Məlumat mübadiləsi prosesində iştirak edən subyektlərin hüquqlarının və
məlumatların mühafizəsi gömrük orqanlarının xüsusi proqramlardan və texniki
vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur.
41.6. Məlumatların mühafizə səviyyəsi onların kateqoriyasına uyğun olmalıdır.
Məlumatların kateqoriyasına uyğun olaraq mühafizəsi sərəncamında informasiya
ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir.
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələrin istismarına dair
tələblərə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
41.8. Müvafiq icra hakimiyyəti orqanı bütün maraqlı şəxslərlə informasiya
texnologiyalarının tətbiqi barədə mümkün qədər geniş məsləhətləşmələr həyata keçirir.
Fəsil 8. Gömrük orqanlarının elektron məlumat sistemi
Maddə 42. Ümumi müddəalar
42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması,
mühafizəsi və mübadiləsi məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin
işlənib hazırlanmasını və istifadəsini təmin edir.
42.2. Gömrük orqanları tərəfindən qeydiyyata alınan məlumatların məzmununu, onların
təqdim olunma müddətlərini, mühafizəsi məsələlərini də nəzərdə tutan elektron məlumat
sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 43. Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə
Gömrük orqanlarının elektron informasiya sisteminə məlumat göndərmək və ya oradan
məlumat almaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada gömrük orqanları tərəfindən gömrük orqanlarının elektron informasiya
sisteminin istifadəçisi (bundan sonra — istifadəçi) kimi təsdiq edilməlidir.
Maddə 44. İstifadəçilər
44.1. İstifadəçi olmaq üçün şəxs kağız üzərində yazılı, yaxud elektron formalarda ərizə və
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər sənədlərlə müvafiq icra
hakimiyyəti orqanına müraciət edir.
44.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə bir ay müddətində baxır, bu Məcəllənin
42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq şəxsin müraciətinin təmin
edilməsi və ya edilməməsi barədə qərar qəbul edir və ona müvafiq bildiriş göndərir.
44.3. Müvafiq icra hakimiyyəti orqanı müraciətin təmin edilməməsi barədə qərar qəbul
etdikdə, ərizəçiyə təqdim olunan bildirişdə müraciətin təmin olunmamasının səbəbləri
göstərilməlidir.
44.4. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı olmayan ərizəçi həmin qərardan
bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət
edə bilər.
Maddə 45. İstifadəçilər üçün müəyyən edilmiş şərtlər
45.1. Müvafiq icra hakimiyyəti orqanı istifadəçi, istifadəçilər qrupu və ya bütün
istifadəçilər üçün bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarda
göstərilən şərtlər müəyyən etmək hüququna malikdir.
45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45.1-ci maddəsində qeyd olunan
şərtlər barədə aidiyyəti istifadəçiyə (istifadəçilərə) yazılı formada bildiriş verməlidir.
İstifadəçi (istifadəçilər) tərəfindən bu Məcəllənin 45.3-cü maddəsinə uyğun olaraq
şikayət verilmədiyi təqdirdə, şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır:
45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən edilmiş şərtlər barədə bildirişin
verildiyi tarixdən etibarən iyirminci iş günündən;
45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi daha sonrakı tarixdən.
45.3. Müəyyən edilmiş şərtlərlə razı olmayan istifadəçi (istifadəçilər) müvafiq icra
hakimiyyəti orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati
qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Maddə 46. İstifadəçinin təsdiqinin ləğvi
46.1. Müvafiq icra hakimiyyəti orqanı bildiriş göndərməklə, gömrük orqanlarının
elektron məlumat sistemindən istifadə edən şəxsin istifadəçi kimi təsdiqini aşağıdakı
hallarda ləğv edir:
46.1.1. istifadəçi bu Məcəllə ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etmədikdə;
Dostları ilə paylaş: |