21.6. Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən
ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb
etməlidir.
Maddə 22. Gömrük brokeri
22.1. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu
ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata
keçirən hüquqi şəxsdir.
22.2. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir.
22.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri
malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və
onun kimi məsuliyyət daşıyır.
22.4. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış
müqavilə ilə tənzimlənir.
22.5. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir,
rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini
təmin edir.
22.6. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük
orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə
gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib
edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi
üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
Maddə 23. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziya
23.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün
müraciətlərə baxır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hüquqi
şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir.
23.2. Hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı iki hüquqi şəxsə gömrük brokeri
fəaliyyəti üçün lisenziya verilməlidir.
Maddə 24. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın
fəaliyyətinin dayandırılması və ləğv edilməsi
Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin
dayandırılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.
Maddə 25. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər
25.1. Müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər gömrük
brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək
hüququna malikdirlər.
25.2. Bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük
rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə,
onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.
25.3. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları
ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.
25.4. İxtisas attestatının verilməsi qaydalarını və gömrük rəsmiləşdirilməsi üçün
mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 26. İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi
İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 27. Lisenziya və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu və yığım
27.1. Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə qanunvericiliklə
müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
27.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə
ödənilən yığımın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
27.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyəti
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssisin ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların
verilməsinə görə ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır.
Fəsil 4. Gömrük daşıyıcısı
Maddə 28. Gömrük daşıyıcısı
28.1. Qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından
gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər
gömrük daşıyıcısı ola bilərlər.
28.2. Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və gömrük işi üzrə digər
qanunvericilik aktlarına uyğun həyata keçirir.
28.3. Gömrük daşıyıcısının malları və onlara aid sənədləri göndərənlərlə münasibətləri
müqavilə əsasında qurulur.
Maddə 29. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, onun
fəaliyyətinin dayandırılması və ləğv edilməsi
Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də
onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 30. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə
dövlət rüsumu
30.1. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə
qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
30.2. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət
rüsumu qaytarılmır.
Fəsil 5. Səlahiyyətli iqtisadi operatorlar
Maddə 31. Səlahiyyətli iqtisadi operator statusu
31.1. Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq,
səlahiyyətli iqtisadi operator — malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin
təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin
sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.
31.2. Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə müəyyən olunmuş şərtlərə cavab
verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunu almaq üçün müvafiq icra
hakimiyyəti orqanına müraciət edə bilər.
31.3. Səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
31.4. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və
ləğv olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
31.5. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük
prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün səlahiyyətli
iqtisadi operatora müəyyən hüquqlar verir.
31.6. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator
statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanına
bilər.
Dostları ilə paylaş: |