Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


IV BÖLMƏ GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ



Yüklə 162,94 Kb.
səhifə3/12
tarix20.09.2018
ölçüsü162,94 Kb.
#69523
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

IV BÖLMƏ

GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ

 

FƏSİL 9



GÖMRÜK ORQANLARININ QƏRARLARI

 

Maddə 48. Ümumi müddəalar



 

48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər.

48.2. Gömrük orqanlarının qərarları bir şəxs və ya şəxslər qrupu barəsində qəbul olunur.

48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

48.5. Gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.

48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir.

48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.

 

Maddə 49. Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi



 

49.1. Gömrük orqanının şəxsin xeyrinə çıxardığı qərar aşağıdakı halların hamısı olduqda ləğv edilir:

49.1.1. qərar qeyri-dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə;

49.1.2. şəxs təqdim etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi və ya bilməli idi;

49.1.3. şəxsin təqdim etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli olardı.

49.2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulan ləğvetmə barədə qərar, ilkin qərar qüvvəyə mindiyi tarixdən etibarən qüvvəyə minmiş sayılır.

49.3. Şəxsin xeyrinə çıxarılan qərar onun icra edilməsi üçün orada nəzərdə tutulmuş bir və ya bir neçə öhdəliyin yerinə yetirilmədiyi təqdirdə də ləğv edilir və ya ona dəyişiklik edilir. Bir neçə şəxsin xeyrinə çıxarılmış qərar yalnız bu qərarla əlaqədar öhdəliyi yerinə yetirməyən şəxslə bağlı hissədə ləğv olunur və ya ona dəyişiklik edilir.

49.4. Barəsində qərar çıxarılmış şəxs həmin qərarın ləğv edilməsi və ya ona dəyişiklik edilməsi haqqında “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırılır.

 

Maddə 50. Məcburi qərarlar



 

50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir.

50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir.

50.4. Bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

50.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir:

50.5.1. bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulmuş halda;

50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük qanunvericiliyində qərarla ziddiyyət yaradan dəyişiklik edildikdə.

 

 

FƏSİL 10



GÖMRÜK ORQANLARININ, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ

 

Maddə 51. Şəxsin şikayətvermə hüququ



 

Maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər.

 

Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları



 

52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

52.2. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

52.3. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır.

52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir.

52.5. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

52.6. Bu Məcəllənin 52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə bilər.

52.7. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir.

 

 

V BÖLMƏ



GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ

 

FƏSİL 11



GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU, DÖVLƏT VƏ SOSİAL MÜDAFİƏSİ

 

Maddə 53. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu



 

53.1. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar, fiziki və mənəvi keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

53.2. Gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı məzmunda and içirlər: “Mən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə və gömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm”.

53.3. Andiçmə mərasimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

53.4. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir.

53.5. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir.

53.6. Bu Məcəllənin 53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil edilir.

53.7. Gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş səlahiyyətlərdən istifadə edirlər.

53.8. Gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

53.9. Gömrük orqanlarının vəzifəli şəxslərinin əxlaq prinsipləri və etik davranış qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksivə digər normativ hüquqi aktlarla tənzimlənir.

53.10. Gömrük orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir.

 

Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi



 

54.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.

54.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.

 

Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminat



 

55.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar.

55.2. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa rəhbərlərinə tabedirlər.

55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə edə bilməz.

55.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən təsərrüfat subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən, vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə yetirməsi (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, tətillərin təşkili və onların keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud onların işində iştirak etməsi qadağandır.

55.5. Gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

 

FƏSİL 12



GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ

 

Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə



 

56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində nəzərdə tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri həyata keçirmək hüququna malikdirlər:

56.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, həmin ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.3. aeroportlara, aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-enmə zolağına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.

56.2. Bu Məcəllənin 56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.

56.3. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.

56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 57. Nəqliyyat vasitələrinə daxilolma



 

57.1. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər:

57.1.1. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil olduqda;

57.1.2. nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda;

57.1.3. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük ərazisindən tranzitlə keçdikdə;

57.1.4. gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını ehtimal etdikdə;

57.1.5. gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda.

57.2. Nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsinə, yaxud onun hər hansı hissəsinə təhlükəsiz daxil olmasını və tərk etməsini, lazımi hallarda onları orada qalmaq uçun münasib yerlə öz vəsaiti hesabına təmin etməlidir.

 

Maddə 58. Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması



 

58.1. Aşağıdakı hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin nəqliyyat vəsitəsini saxlayır:

58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda;

58.1.2. nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda;

58.1.3. nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan mallar olduqda;

58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə məlumatlar olduqda;

58.1.5. malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı dəlillər olduqda.

58.2. Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi vasitələrdən və bu Məcəllədə 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu silahdan istifadə oluna bilər.

58.3. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər.

58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna əsaslı şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola, oradakı bütün bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər.

58.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri məhdudlaşdırıla bilməz.

58.6. Yoxlama nəticəsində bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən hallar aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər.

 

Maddə 59. Nəqliyyat vasitələrində olan malların mühafizəsi



 

Bu Məcəllə ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəsinə daxil olub, yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxsləri oradakı malların mühafizəsini təmin etməlidirlər.

 

Maddə 60. Şəxslərin sorğu-sual edilməsi



 

60.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardankeçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu;

60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri;

60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması;

60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği.

 

Maddə 61. Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi və digər məsələlər barədə sorğu-sual edilməsi



 

61.1. Məcəllənin bu maddəsi gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsindən düşmüş və ya düşdüyü ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil olması faktını gizlətmiş və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.

61.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 61.1-ci maddəsində göstərilən şəxsləri aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

61.2.1. şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;

61.2.2. şəxsin yaşadığı ünvan;

61.2.3. şəxsin səyahətinin məqsədi və marşrutu;

61.2.4. şəxsin səyahət sənədi;

61.2.5. şəxsin düşdüyü və ya düşməsi ehtimal edilən və gömrük ərazisindən yola düşməyə cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi.

61.3. Gömrük orqanlarının vəzifəli şəxsləri eyni zamanda nəqliyyat müəssisələrinin sahiblərini və onların işçilərini də sorğu-sual etmək hüququna malikdirlər.

 

Maddə 62. Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması



 

62.1. Şəxs, gömrük orqanlarının vəzifəli şəxslərinin sorğu-sual aparılması üçün bu Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir.

62.2. Şəxsin təqdim etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən dərhal yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır.

 

Maddə 63. Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması



 

63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində ilkin yoxlama keçirmək hüququna malikdirlər.

63.2. İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır.

 

Maddə 64. Şəxsi yoxlama



 

64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar.

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir.

64.3. Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır.

64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.

64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür.

64.8. Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.

64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb işçisi tərəfindən imzalanır.

 

Maddə 65. Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması



 

65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.

65.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.

65.3. Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.

65.4. Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.

65.5. Bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.

65.6. Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi, ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən, detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, mexaniki, elektrik, elektron cihazlardan, malların yerləşdirildiyibağlamaların deşilməsi və sökülməsi üçün tətbiq olunan digər vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

65.7. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür.

65.8. Götürülən prob və nümunələr onların ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) olmalıdır.

65.9. Bu Məcəllə və gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək hüququna malikdirlər.

65.10. Yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol verilmir.

65.11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 66. Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması



 

66.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarəti altında olan mallarla əlaqədar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması barədə kifayət qədər əsası olduqda, şəxsdən həmin malların əlavə yoxlanılması üçün təqdim olunmasını tələb edirlər.

66.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara verilmiş səlahiyyətlərdən istifadə edirlər.

66.3. Yoxlama bəyannaməçinin və ya bu əməliyyatlara birbaşa, yaxud dolayı yolla aidiyyəti olan, habelə bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədlərə malik istənilən şəxsin olduğu yerdə aparıla bilər.

 

Maddə 67. Mallarla bağlı hesabatın təqdim olunması



 

67.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə tutulmuş lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını tələb etmək hüququna malikdirlər:

67.0.1. gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı;

67.0.2. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədi.

 

Maddə 68. Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi



 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər.

 

Maddə 69. Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi



 

69.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq təmsil etdiyi şəxsin adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət göstərdiyini bildirən şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim etməlidir.

69.2. Təmsilçiliklə bağlı sənədlər təqdim olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri həmin təmsilçiliyi tanımaqdan imtina edirlər.

 

Maddə 70. Sənədlərin təqdim edilməsinə dair tələblər



 

70.1. Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər.

70.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək hüququna malikdirlər.

70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını, müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ vardır.

 

Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər



 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada alırlar.

 

Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar)



 

Xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.

 

Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması



 

73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1(bir) günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər. 

73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini verirlər.

73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli kimi istifadə oluna bilər.

 

Maddə 74. Sənədlərin gömrük auditi



 

Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması



 

75.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin çıxarılması məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna malikdirlər.

75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar üzərində hüquq sahibi olan şəxsə qaytarılır.

 

Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların götürülüb saxlanılması



 

76.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin məlumatları, sənədləri və malları götürüb saxlayırlar.

76.2. Gömrük orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları götürüb saxladığı halda, bu həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini verirlər.

76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.

 

Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və odlu silahdan istifadənin şərtləri və hüdudları



 

77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər.

77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm yoxlanılmalıdırlar.

77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:

77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-mümkün olduğu başqa hallar istisna edilir);

77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;

77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.

77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir.

77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə müvafiq prokurora məlumat verməlidir.

77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

 

Maddə 78. Fiziki qüvvənin tətbiqi



 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

 

Maddə 79. Xüsusi vasitələrin tətbiqi



 

79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:

79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən basqınların dəf edilməsi üçün;

79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt edildikdə, onların azad edilməsi üçün;

79.1.3. hüquqpozmaları törətmiş şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqazidd hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı yarandıqda, onların tutulub saxlanılması və gömrük orqanlarının xidməti binalarına gətirilməsi üçün;

79.1.4. sürücüsü gömrük orqanlarının vəzifəli şəxslərinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə, nəqliyyat vasitəsinin saxlanılması üçün;

79.1.5. gömrük orqanlarının vəzifəli şəxslərinə göstərilən fiziki müqavimətin aradan qaldırılması üçün.

79.2. Aşkar hamiləlik əlamətləri olan qadınlara, azyaşlılara, əlilliyi və digər fiziki qüsurları aşkar bilinən şəxslərə qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda xüsusi vasitələrin tətbiq edilməsi qadağandır.

79.3. Zəruri müdafiə və ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli şəxsləri xüsusi vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.

79.4. Bu Məcəllənin 79.1-ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 80. Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə



 

80.1. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ verilir.

80.2. Gömrük orqanlarının odlu silahdan istifadə etmək hüququ olan vəzifəli şəxsləri yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısını alarkən odlu silahı aşağıdakı hallarda tətbiq edə bilərlər:

80.2.1. gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;

80.2.2. başqa şəxslərin gömrük orqanlarının vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısını almaq üçün (gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin həmin vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək cəhdi kimi qiymətləndirilir);

80.2.3. gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində basqının dəf edilməsi üçün;

80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;

80.2.5. sürücü gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradarsa və onların nəqliyyat vasitəsini saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmazsa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;

80.2.6. gömrük orqanlarının vəzifəli şəxslərinin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;

80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.

80.3. Odlu silahı tətbiq etməzdən əvvəl şəxsə şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu silah tətbiq edilə bilər:

80.3.1. qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verdikdə;

80.3.2. hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edildikdə.

80.4. Qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı, həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və adamların çox toplaşdığı hallarda odlu silahın tətbiq edilməsi qadağandır (həmin şəxslər tərəfindən gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər şəkildə hücum halları istisna edilməklə).

80.5. Gömrük orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 81. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və ya tələblərinin icrasının məcburiliyi



 

81.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük işinə dair qanuni sərəncamlarının və ya tələblərinin icrası şəxslər üçün məcburidir.

81.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarına və ya tələblərinə tabe olmamaq, həmçinin onların vəzifələrini yerinə yetirməsinə maneçilik törədən hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

 



Yüklə 162,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə