Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 162,94 Kb.
səhifə8/12
tarix20.09.2018
ölçüsü162,94 Kb.
#69523
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

FƏSİL 31

SƏRBƏST ZONA

 

Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi



 

184.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər.

184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqələrini müəyyənləşdirir.

184.3. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olur.

184.4. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçməlidirlər.

184.5. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.

 

Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət



 

185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.

185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.

185.3. Müvafiq icra hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.

 

Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilməsi



 

186.1. Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:

186.1.1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;

186.1.2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;

186.1.3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

186.2. Bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir:

186.2.1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında yerləşdirilməyibsə;

186.2.2. tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.

186.3. Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti məhdudlaşdırılmır.

 

Maddə 187. Sərbəst zonada olan daxili mallar



 

187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

187.2. Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:

187.2.1. sərbəst zonaya gətirilən daxili malların;

187.2.2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;

187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.

 

Maddə 188. Sərbəst zonada olan xarici mallar



 

188.1. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq idxal gömrük rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına maneçilik törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.

 

Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması



 

189.1. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.

189.2. Gömrük ərazisinin digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü maddələrinin müddəaları tətbiq edilir.

 

Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük statusu



 

190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu bu Məcəllənin 187.2-ci maddəsinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə təsdiq edilənədək xarici mallar hesab edilir.

190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar hesab edilir.

 

Maddə 191. Sərbəst zonanın ləğvi



 

Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.

 

 

FƏSİL 32



XÜSUSİ İSTİFADƏ

 

Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi



 

192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər.

192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.

 

Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti



 

193.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsininmüddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.

193.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.

193.3. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır.

193.4. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişmallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

 

Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə



 

194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 195. Son istifadə xüsusi gömrük proseduru



 

195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.

195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

FƏSİL 33



EMAL

 

Maddə 196. Hasilat norması



 

196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.

196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.

 

Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi



 

197.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

197.1.1. idxal gömrük rüsumları;

197.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

197.1.3. ticarət siyasəti tədbirləri.

197.2. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun.

197.3. Daxildə emal xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.

197.4. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:

197.4.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

197.4.2. bu Məcəllənin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

197.5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti



 

198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (ikiildən artıq olmamalıdır.

198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.

198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən müddətin uzadılması barədə qərar qəbul edir.

198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.

 

Maddə 199. Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac



 

Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

 

Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi



 

200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.

200.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:

200.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

200.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

200.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.

200.3. Bu Məcəllənin 201-ci və 202-cü maddələrinin əhatə etmədiyi və advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

200.4. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır.

200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 201. Ödənişsiz təmir edilmiş mallar



 

Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, onlar idxal gömrük rüsumlarından və vergilərdən tam azad edirlər.

 

Maddə 202. Standart mübadilə sistemi



 

202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), bu Məcəllənin 202.2 - 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.

202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.

202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadədə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.

202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.

202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.

 

Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı



 

203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsinə göstərilən miqdarda təminat alınır.

203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.

203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.

203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar.

 

 



XII BÖLMƏ

MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

 

FƏSİL 34



MALLARIN KABOTAJ DAŞINMASI

 

Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması



 

204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə həyata keçirilə bilər.

204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.

204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınmasına icazə verirlər.

204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra, mümkün qədər qısa müddətdə icazə verirlər.

204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmişmalların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.

 

 

FƏSİL 35



GÖMRÜK TƏMİNATLARI

 

Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması



 

205.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər.

205.2. Bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar göstərilməlidir.

 

Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş



 

206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb olunur:

206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını;

206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu;

206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi səlahiyyətini:

206.0.3.1. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

206.0.3.2. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun istifadəçisini;

206.0.3.3. Bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

 

 

FƏSİL 36



TƏHLÜKƏSİZ İXRAC SXEMİ

 

Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi



 

Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

 

Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər



 

208.1. Təhlükəsiz ixrac sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.

208.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir. Həmin qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.

 

Maddə 209. Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər



 

209.0. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar təsdiq edilməlidir:

209.0.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;

209.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunması;

209.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:

209.0.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

209.0.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;

209.0.3.3. Bu Məcəllənin 209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

 

Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi



 

210.1. Gömrük orqanları ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı müraciəti əsasında təhlükəsiz ixrac sxemini təsdiq edirlər.

210.2. Gömrük orqanları təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında qəbul etdiyi yazılı qərarı barədə şəxsə bildiriş göndərir.

210.3. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.

210.4. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri və qüvvəyə minmə tarixi göstərilən yazılı formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv edilir.

210.5. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin əsaslandırılmış yazılı müraciəti olduqda da ləğv edilir.

210.6. Təhlükəsiz ixrac sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

 

Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının vurulması



 

211.1. Bu Məcəllənin 208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması həmin təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının vurulmasına mane olmur.

211.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.

 

Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması



 

212.1. Məcəllənin bu fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

212.2. Məcəllənin bu fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

 

Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması



 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda gömrük orqanları təsdiq etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar.

 

 


Yüklə 162,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə