Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


FƏSİL 37 MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN, BU ƏRAZİDƏN APARILMASININ QADAĞAN EDİLMƏSİ VƏ MƏHDUDLAŞDIRILMASI



Yüklə 162,94 Kb.
səhifə9/12
tarix20.09.2018
ölçüsü162,94 Kb.
#69523
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

FƏSİL 37

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN, BU ƏRAZİDƏN APARILMASININ QADAĞAN EDİLMƏSİ VƏ MƏHDUDLAŞDIRILMASI

 

Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi



 

214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır:

214.1.1. saxta kağız və metal pullar;

214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;

214.1.3. pornoqrafik materialları və ya əşyalar;

214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar.

214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.

214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir.

 

Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının məhdudlaşdırılması



 

215.1. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.

215.2. Bu Məcəllənin 215.1-cü maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir.

215.3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.

 

 

FƏSİL 38



GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLƏN MALLARIN NƏZARƏTLİ GÖNDƏRİŞİ

 

Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri



 

216.1. Nəzarətli göndəriş - qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

216.2. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə yol verilir.

216.3. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir.

216.4. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə haqqında qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda, əməliyyat-qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin başlanılıb-başlanılmaması məsələsi həll edilir.

 

Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi



 

Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər.

 

 

XIII BÖLMƏ



GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR

 

FƏSİL 39



GÖMRÜK TARİFİ VƏ MALLARIN TARİF TƏSNİFATI

 

Maddə 218. Gömrük tarifi



 

218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.

218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:

218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;

218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;

218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;

218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;

218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri;

218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər;

218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;

218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.

218.3. Bu Məcəllənin 218.2.4–218.2.7-ci maddələrində qeyd olunan tədbirlərin tətbiqi və ya bu Məcəllənin 218.2.8-ci maddəsində qeyd olunan tədbirlərdən azadetmə idxalın və ya ixracın müəyyən həcmi ilə məhdudlaşırsa, həmin tədbirlərin tətbiqi və ya azadetmə (tarif kvotası olduğu halda) idxal və ya ixrac üzrə müəyyənləşdirilən həcmə çatan kimi dərhal dayandırılmalıdır.

218.4. Bu Məcəllənin 218.2.3-cü maddəsində “konvensiya idxal rüsum dərəcələri” dedikdə bağlanılan beynəlxalq müqavilələr əsasında, “avtonom rüsum dərəcələri” dedikdə isə dövlət tərəfindən birtərəfli qaydada, beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur.

 

Maddə 219. Malların tarif təsnifatı



 

219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir.

219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.

 

 



FƏSİL 40

MALLARIN GÖMRÜK DƏYƏRİ

 

Maddə 220. Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi



 

220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs:

220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı;

220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

 

Maddə 221. Gömrük dəyərinə düzəlişlərin edilməsi



 

221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir.

221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.

221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

 

 



FƏSİL 41

MALLARIN MƏNŞƏYİ

 

Maddə 222. Malların qeyri-preferensial mənşəyi



 

222.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.

222.2. Tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur.

222.3. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir.

222.4. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdirlər.

222.5. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 223. Malların preferensial mənşəyi



 

223.1. Bu Məcəllənin 218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək üçün mallar bu Məcəllənin 223.2-223.4-cü maddələrində qeyd olunan preferensial mənşəyə dair qaydalara uyğun olmalıdır.

223.2. Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil olduğu mallar üzrə preferensial mənşə qaydaları bu müqavilələrdə öz əksini tapır.

223.3. Gömrük orqanları Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq təşkilatın üzv ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensialtədbirlərin şamil olunduğu mallara münasibətdə bu Məcəllənin 223.4-cü maddəsində nəzərdə tutulan qaydaları tətbiq edirlər.

223.4. Malların preferensial mənşəyinin müəyyən olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 



XIV BÖLMƏ

GÖMRÜK ÖDƏNİŞLƏRİ, GÖMRÜK BORCU VƏ TƏMİNAT

 

FƏSİL 42



ƏSAS MÜDDƏALAR

 

Maddə 224. Gömrük ödənişləri



 

224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:

224.1.1. gömrük rüsumları;

224.1.2. əlavə dəyər vergisi ;

224.1.3. aksizlər;

224.1.4. yol vergisi;

224.1.5. gömrük yığımları;

224.1.6. haqq;

224.1.7. dövlət rüsumu.

224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir.

224.3. Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq //çıxarılıb// mövsümi rüsumlar tətbiq oluna bilər.

224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.

224.4. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.

224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür.

224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir.

 

Maddə 225. Gömrük rüsumları



 

225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.

 

Maddə 226. Gömrük rüsumlarının növləri



 

226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir:

226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;

226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;

226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan.

 

Maddə 227. Gömrük orqanları tərəfindən alınan vergilər



 

227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır.

227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 228. Əlavə dəyər vergisi



 

Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

 

Maddə 229. Aksizlər



 

Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlər bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

 

Maddə 230. Yol vergisi



 

230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir.

230.2. Yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

Maddə 231. Gömrük yığımları



 

231.1. Gömrük yığımlarına aşağıdakılar aiddir:

231.1.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;

231.1.2. gömrük müşayiətinə görə gömrük yığımları;

231.1.3. malların saxlancına görə gömrük yığımları;

231.1.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar;

231.1.5. bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar.

231.2. Gömrük yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 232. Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları



 

232.1. Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən, bu Məcəllədə və digər normativ aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, aşağıdakıların yerinə yetirilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları alırlar:

232.1.1. malların gömrük rəsmiləşdirilməsinə;

232.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına;

232.1.3. malların gömrük nəzarəti altında məhvinə.

232.2. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat məbləğdə alınır.

 

Maddə 233. Gömrük hərraclarında iştiraka görə haqq



 

Gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır.

 

Maddə 234. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumu



 

234.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

234.2. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

 

Maddə 235. Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin tətbiqi



 

“Hasilatın pay bölgüsü haqqında”, “Əsas boru kəməri haqqında” sazişlərin və bu qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun olaraq tətbiq edilir.

 

Maddə 236. Gömrük borcunun ödənildiyi valyuta



 

Gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.

 

 

FƏSİL 43



MALLARIN İDXALI VƏ İXRACI ÜZRƏ YARANMIŞ GÖMRÜK BORCLARINA DAİR ÜMUMİ MÜDDƏALAR

 

Maddə 237. Gömrük borcunun yarandığı yer



 

237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir.

237.2. Gömrük borcunun yaranma yerini müəyyənləşdirmək mümkün olmadıqda, onun mövcudluğunun aşkarlandığı yer gömrük borcunun yarandığı yer hesab edilir.

237.3. Müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə bu Məcəllənin 237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən yeri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyətı gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir.

237.4. Gömrük orqanlarında olan məlumatlar gömrük borcunun bir neçə yerdə yarandığını müəyyənləşdirməyə imkan verdiyi hallarda, onun yarandığı ilk yer gömrük borcunun yarandığı yer hesab edilir.

 

Maddə 238. Malların idxalı üzrə gömrük borcu



 

238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır.

238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır.

238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.

238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir.

 

Maddə 239. Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu



 

239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:

239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda.

239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:

239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt;

239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt.

239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:

239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;

239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);

239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs.

239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur.

 

Maddə 240. Malların ixracı üzrə gömrük borcu



 

240.1. Malların ixracı üzrə gömrük borcu daxili malların bu Məcəlləyə əsasən ixrac gömrük proseduru və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır.

240.2. Gömrük borcu gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi vaxt yaranır.

240.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.

240.4. Bu Məcəllənin 240.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsi ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsinə səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab olunur.

 

Maddə 241. Malların ixracı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu



 

241.1. İxrac gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:

241.1.1. malların ixracı ilə əlaqədar bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə;

241.1.2. malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə.

241.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:

241.2.1. malların gömrük ərazisindən gömrük bəyannaməsi olmadan faktiki aparıldığı vaxt;

241.2.2. gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılan malların gömrük orqanlarının icazə verdiyi yerdən deyil, başqa yerdən aparıldığı vaxt;

241.2.3. gömrük orqanları bu Məcəllənin 241.2.2-ci maddəsində göstərilən vaxtı müəyyən edə bilmədikdə, ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadedilmə şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədlərin verilməsi üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxt.

241.3. Bu Məcəllənin 241.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:

241.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;

241.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);

241.3.3. öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxarmış hərəkətlərdə iştirak etmiş və gömrük bəyannaməsi təqdim edilməli olduğu hallarda onun təqdim edilmədiyini bilən, yaxud bilməli olan şəxs.

241.4. Bu Məcəllənin 241.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılması üçün müvafiq şərtləri yerinə yetirməli olan şəxs borclu hesab edilir.

 

 



FƏSİL 44

GÖMRÜK BORCUNUN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ

 

Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları



 

242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür.

242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.

242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.

242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır.

242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır.

 

Maddə 243. Gömrük borcunun ödənilməsi müddətləri



 

243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir.

243.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.

243.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır.

243.4. Bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.

 

Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları



 

244.1. Gömrük borcu gömrük orqanına (yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə), beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına (qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə) ödənilir.

244.2. Gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılmalıdır.

244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

244.4. Poçt rabitəsi operatorları gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər.

244.5. Yol vergisi və icazə blankına görə dövlət rüsumu xarici dövlətlərin avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

Maddə 245. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs



 

245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.

245.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərindəntamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə bu Məcəllədə nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirilməli olan şəxs həmin mallar üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab olunur.

 

Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət verilməsi



 

246.1. Şəxs tərəfindən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük borcunun ödənilməsinə 14 (on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər.

246.2. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddəti ərzində borcun məbləğinə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.

 

Maddə 247. Dəbbə pulu



 

247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar.

247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır:

247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək;

247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək.

247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir.

247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.

 

Maddə 248. Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə gömrük borcunun hesablanması



 

248.1. Gömrük sərhədindən qanunsuz keçirilməklə gətirilən malların qanunsuz keçirilmə gününü müəyyən etmək mümkün olmadıqda, gömrük orqanları gömrük borcunun məbləğini həmin malların aşkar edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsasında hesablayırlar.

248.2. Tranzit və ya saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan, yaxud saxlanılan mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsas götürülür.

248.3. Gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilməklə şərti buraxılmış mallar nəzərdə tutulmayan başqa məqsədlər üçün istifadə edildikdə, onlar üzrə şərti buraxılış gününə hesablanmış gömrük borcunun məbləği əsas götürülür.

248.4. Bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ödənişləri ödənilməli olan malların qanunvericiliyin tələbləri pozulmaqla idxalı və ya ixracı, mal sahibini bu mallara görə gömrük ödənişlərini ödəmək öhdəliyindən azad etmir.

 

Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri



 

249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır.

249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar.

 

 

FƏSİL 45



MÖVCUD VƏ YARANA BİLƏCƏK GÖMRÜK BORCU ÜÇÜN TƏMİNAT

 

Maddə 250. Ümumi müddəalar



 

250.1. Bu fəsildə həm mövcud, həm də yarana biləcək gömrük borclarına təminat verilməsi qaydaları müəyyən olunur.

250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.

250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də verilə bilər.

250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə, bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır.

250.9. Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 251. Məcburi təminat



 

251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.

251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir.

 

Maddə 252. Fakültativ (məcburi olmayan) təminat



 

Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın verilməsini tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır.

 

Maddə 253. Təminatın seçilməsi



 

253.1. Gömrük borcuna təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər.

253.2. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edir.

253.3. Gömrük orqanları seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb edirlər.

 

Maddə 254. Zamin şəxs



 

254.1. Bu Məcəllənin 258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.

254.2. Zamin şəxs gömrük borcunun ödənilməsinə yazılı təminat verməlidir.

254.3. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddət ərzində ödəniləcəyinə əmin olmadıqda, üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər.

 

Maddə 255. Əhatəli təminat



 

255.1. Gömrük orqanları bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab verən şəxsin yazılı müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminatı qəbul edirlər.

255.2. Əhatəli təminat gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərdən qəbul olunur.

 

Maddə 256. Əlavə və yaxud əvəzedici təminat



 

Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 250.2-ci maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud verilmiştəminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.

 

Maddə 257. Təminatın başa çatması



 

Gömrük orqanları gömrük borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun olmamasına əmin olduğu zaman təminat başa çatmış hesab edilir.

 

Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları



 

258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:

258.1.1. girov;

258.1.2. veksel zaminliyi (aval);

258.1.3. bank qarantiyası;

258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;

258.1.5. sığorta müqavilələri;

258.1.6. üçüncü şəxsin zaminliyi;

258.1.7. avans ödəmələr.

258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir.

258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 259. Girov



 

259.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur.

259.2. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 260. Veksel zaminliyi (aval)



 

Gömrük borcunun təminatı kimi veksellər yalnız o halda qəbul olunur ki, onlar üzrə avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan kredit təşkilatları çıxış etsin.

 

Maddə 261. Bank qarantiyası



 

261.1. Gömrük borcu bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və müvafiq icra hakimiyyəti orqanının apardığı müvafiq reyestrə daxil edilmiş bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.

261.2. Bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxılır.

261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə yığım alınır.

261.4. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bank qarantiyası üzrə öhdəliklərini yerinə yetirməyən banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır.

261.5. Banklar və bank olmayan kredit təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə daxil olduğu zaman ödədiyi yığım geri qaytarılmır.

 

Maddə 262. Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi



 

262.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir.

262.2. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən istifadə olunması



 

Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi



 

Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən istifadə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 265. Avans ödəmələr



 

Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi, ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.

 

 

FƏSİL 46



GÖMRÜK BORCU ÜZRƏ ÖDƏNİLMİŞ GÖMRÜK ÖDƏNİŞLƏRİNİN QAYTARILMASI VƏ GÖMRÜK BORCUNUN LƏĞVİ

 

Maddə 266. Ümumi müddəalar



 

266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər.

 

Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar



 

267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır:

267.1.1. mallar qüsurlu olduqda;

267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;



267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.

267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.

267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

 

Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması



 

268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.

268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.

268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verirlər.

 

Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması



 

Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.

 

Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət



 

270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

 

Maddə 271. Gömrük borcunun ləğvi



 

271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir:

271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi;

271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;

271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi;

271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi;

271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması.

271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir.

 

 

XV BÖLMƏ



GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR

 

FƏSİL 47



GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN VALYUTA NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi



 

272.1. Gömrük orqanları Azərbaycan Respublikasında valyuta nəzarətini həyata keçirən dövlət orqanlarından biridir.

272.2. Gömrük orqanları gömrük işi ilə bağlı valyuta nəzarətini bu Məcəlləyə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirirlər.

 

Maddə 273. Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri



 

Gömrük orqanları sərbəst zonaların perimetrləri istisna olmaqla, şəxslərin gömrük sərhədindən Azərbaycan Respublikasının milli valyutasını, milli valyutada qiymətli kağızları və digər valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət



 

Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

 

FƏSİL 48



GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN İXRAC NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi



 

Gömrük orqanları bu Məcəllə və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər.

 

Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri



 

276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyri-qanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar.

276.2. İxrac nəzarətinə düşən malların gömrük sərhədindən keçirilməsi qaydaları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir.

 

Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi



 

Gömrük orqanlarının ixrac nəzarətini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini qorumağa borcludurlar.



Yüklə 162,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə