Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti


MÖVZU 6. Dinin sosiologiyası. (2 saat)



Yüklə 218,1 Kb.
səhifə3/3
tarix20.09.2017
ölçüsü218,1 Kb.
#1090
1   2   3

MÖVZU 6.

Dinin sosiologiyası. (2 saat)
Plan:


    1. Dinin mahiyyəti və funksiyaları.

    2. Müasir dini sərəyanlar.

    3. Müasir dövrdə ekimenizm və sekulyarizasiya problemləri.



Ədəbiyyat


  1. Azərbaycan Respublikasının Konstitusiyası. 2011.

  2. Abbasova Q. Hacıyev Z. Sosial fəlsəfə. B., 2001.

  3. Bəlaqi. S. Quran qissələri. B., 2010.

  4. Xəlilov S. Sivilizasiyalararası dialoq. B., 2009.

  5. Vahidov F. Ağayev T. Sosiologiya. B., 2012.

  6. Sosiologiya. B., 2006.

  7. Гачаджа Б.И. Социология религии . М., 1996.

  8. Тощенко Ж.Т. Социология. М., 2012.


METODİK MƏSLƏHƏT
Dinin mahiyyəti” adlı birinci sualın şərhi zamanı qeyd edilməlidir ki, din etiqadlar və təsəvvürlər sistemi olub ibtidai icma quruluşunda meydana gəlmişdir. Bu gündə inkişaf etməkdədir, eyni zamanda cəmiyyətin üzvlərini həyatlarına təsir göstərməkdədir. Bu dini təşkilatlarda və dini cərəyanlarla müşayiət olunmaqdadır. Bu baxımdan qeyd edilməlidir ki, dinin sosiologiyasının məqsədini dinin cəmiyyətdə yerini və rolunu müəyyən edir. Dinin predmetini onun sosial institut kimi genezisini, mövcudluğunu və inkişaf qanunauyğunluqlarını və digər sosial institutlarla qarşılıqlı əlaqələrini öyrənmək təşkil edir.

Bu sualda dinin sosilogiyasının baniləri hesab olunan E.Dürkheym və M.Veberin ideyaları şərh olunmalıdır. Dinin sosiologiyasında dini fenomenlərin öyrənilməsində iki səviyyəni təhlil etmək lazımdır.



      1. nəzəri səviyyə - dini bütov altsistem kimi nəzərdən keçirir və onun digər sosial struklarla qarşılıqlı təsirini üzə çıxarır.

      2. empirik səviyyə - sosial demoqrafik qrupların, ayrıca şəxsiyyətlərin dindarlığını öyrənməyi təklif edir.

Nəzəri səviyyədə XX əsrin 70-illərinə qədər mövcud olan bir necə cərəyanlar emprik səviyyədə XX əsrin 70-ci illərindən sonrakı dövrdə sosioloqların dini proseslərin tədqiqinə dair elmi nəzəriyyələr və məktəblər haqqında məlumatlar verilməlidir.

Dinin strukturu ətraflı şərh olunmalıdır. Dinin strukturuna daxildir: dini şüur, dini fəaliyyət, dini münasibətlər, dini institutlar və təşkilatlar. Belə bir fikir vurğulanmalıdır ki, dini şüur ictimai şüurun xüsusi forması olub, dini ideologiyanı və psixologiyanı təşkil edir. Dini fəaliyyət isə inancların insanlar tərəfindən həyata keçirilməsi prosesidir.

Dinin strukturunun tərkib hissəsi kimi dini münasibətlər, dinin cəmiyyətin müxtəlif sferalarına təsirini əks edir. Dini institutlar və təşkilatların cəmiyyətdə tutduğu mövqeləri ilə bağlıdır. Müxtəlif dinlər dünyada mövcud olsada onların yalnız bir məqsədi vardır cəmiyyətdə əmin amanlıq yaratmaq. Buna görədə müasir dövrdə din cəmiyyətdə müxtəlif funksiyaları yerinə yetirir. Dinin funksiyalarına xüsusi yer verilməlidir. 1) Dünyagörüşü funksiyası (insan, təbiət, kainat və s. haqqında məlumatlar verir, elmin tapa bilmədiyi suallara cavab verilir), 2) Təsəlliverici funksiya (həyatın ən çətin anında insan mənəvi dayaq alır), 3) İdeoloji funksiya (əhali kütlələri arasında dünyagörüşünün yayılması), 4) Mənəvi-tərbiyəvi funksiya (insanların, halallıq, təmizlik, hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsi), 5) Tənzimedici funksiya (insanların davranışlarını tənzimləyir) və s.

Sualın yekununda dinin cəmiyyətə əhəmiyyəti, dini-əxlaqi dəyərlər təhlil olunur.

Müasir dini cərəyanlar” adlanan ikinci sualda ilkin olaraq dini təsəvvürlər və baxışlar haqqında ətraflı məlumatlar verilməlidir. Amerikan sosioloqu Bellahın dini təsəvvürlər və baxışlar öz inkişafında beş əsas mərhələ şərh olunmalıdır. Bunlar aşağıdakılardan ibarətdir:

1) Primitiv – burada din öz əksini sitayişlərdə tapır, (yəni bura daxildir – animizm, fetişizm və totemizm) yaxşı olar ki, bu fövqəltəbii qüvvələrə olan dini inamlar haqqında ətraflı məlumatlar verilsin.

Animizm – ruhlara, onlara qeyri-adi qüvvəsinə olan inamdır. Fetişizm- ayrı-ayrı əşyaların, predmetlərin hadisələrə təsir göstərmə qüvvəsinə olan inamdır. Totemizm – müxtəlif canlıların müqəddəsləşdirilməsi deməkdir.

2) Arxaik – burada din öz əksini müxtəlif ayinlərin icrasında əks edir (cadugərlik, şamanlıq).

3) Tarixi – tarixin müxtəlif mərhələlərində meydana gələn və unudulan dinlər

4) İlk modern – müxtəlif dövrdə meydana gələn dini cərəyanlar

5) Modern – bura daxildir müasir dinlər.

Qeyd olunmalıdır ki, dinin sosiologiyası həmçinin cəmiyyətə təsir göstərmiş əsas müasir dinləri öyrənir. Bunlar buddizm, xristianlıq və islamdır.

Yuxarıda göstərilən dünya dinlərinin yaranması inkişaf tarixi mahiyyəti və əhəmiyyəti geniş şəkildə təhlil olunmalıdır.

Buddizm b.e. əvvəl VI əsrdə Hindistanda meydana gəlmişdir. Müqəddəs kitabı “Kanon” (Qanun) hesab olunur. Bu təlimə görə bütün maddi varlıq daim sükunət halında misfik varlığın təzahürüdür.

Xristianlıq – eramızın I əsrində Yaxın Şərqdə yaranmışdır. İsa Məsihin doğum günü ilə xristianlıq cərəyanının yaranması və “Bibliya” (İncil) müqəddəs kitabı adlanması diqqətə gətirilir. Əvvəlki dinlərdən Xristianlığın mühüm fərqi din, qurban, ayın məsələlərində etnik və sosial sədlərdən imtina edilməsi idi. Ruhun ölməzliyi və axirətdə bu dünyadakı əməlinə və çəkdiyi zillətə görə əvəz veriləcəyi haqqında təlim olmas xüsusi olaraq vurğulanmalıdır. Xristianlığın qolları olan katolisizm, pravoslavlıq, protestanlıq və s. haqqında məlumat verilməlidir.

İslam dini – dünyada ən mükəmməl və gənc din hesab olunur. VII əsrdə Ərəbistanda əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuşdur. Müqəddəs kitabı “Qurani –Kərimdir”. Dünyada ən sürətlə insanlar arasında yayılmış bir din olaraq, 2 milyarda yaxın insan islam dininə sitayiş edir. İslam dininin müasir dövrdə dünyada baş verən sosial-siyasi proseslərə təsirindən ətraflı bəhs olunmalıdır.

İslam dininin cəmiyyətin inkişafına şəxsiyyətin formalaşmasına təsir göstərən amilləri aşkarlanmalı, bərabərlik, sosial ədalət, azadlıq, maarifləndirici, əməksevərlik, düzlük təmizlik, sülh, əmi – amanlıq, xeyirxahlıq kimi ictimai funksiyaları izah olunmalıdır.

Müasir dünyada digər dini cərəyanlar və təriqətlərdən olan iudaizm, induizm, sintoizm, konfutçilik və s. şərhinə yer ayrılmalıdır.

Müasir dövrdə ekumenizm və sekulyarizaisya problemləri” adlanan üçüncü sualın şərhinə başlayarkən qeyd etmək lazımdır ki, ekumenizm cərəyanının əsası 1910-cu ildə Şotlandiyanın Edinburq şəhərində missioner konfransında qoyulmuşdur. Tələbələrin diqqətinə çatdırılmalıdır ki, ekumenizm cərəyanının tərəfdarları Pravosslav kilsəsi ilə müxtəlif xristian dini təşkilatları arasında qarşılıqlı anlaşma, birlik və əməkdaşlığa cəhd göstərirlər. Bu cərəyanın əsas məqsədi xristianlığı müasir şəraitə uyğunlaşdırmaq. İsa Məsihə hədsiz məhəbbət və inam göstərmək və həmçinin dinin böhranının qarşısını almaqdır. Xüsusi olaraq vurğulanmalıdır ki, ekumenizm cərəyanının fəaliyyəti nəticəsində 1948-ci ildə kilsələrin Ümumdünya Şurası yaradılır. Amma Pravoslav kilsəsi vahid kilsənin mövcudluğunu məqsədəuyğun saymadığına görə bu cərəyanın fəaliyyəti bir o qədər inkişaf etmir.

Dinin sosiologiyasında Sekulyarizasiya prosesinin şərhinə xüsusi yer verilməlidir. Sekulyarizasiya prosesi insanın zaman çərçivəsində dini təsirlərdən azadlığı, müqəddəs qüvvələrə, ayinlərə etiqadın azalması kimi qəbul edərək dini institutların sosial təsirinin zəifləməsini əks etdirir. Bu prosesin baş verməsi səbəbləri təhlil olunmalıdır.


      1. Elm və texnikanın inkişafı ilə bir sıra sualların cavablandırılması

      2. Mədəniyyətin inkişafı

      3. Dövlətlərin sosial inkişafı nəticəsində kənar qüvvənin köməyinə ehtiyacın olmaması

      4. İqtisadiyyatın güclənməsi sayəsində insanların rifahının yüksəlişi

      5. Sosial mobillik nəticəsində ümumi birliyin itirilməsi və s.

Sekulyarizasiya prosesinə münasibət bildirən sosioloqların fikirləri haqqında məlumat verilməlidir. Məsələn, burada əsas məsələ dinin necə qəbul edilməsidir. M.Zinqer, R.Bella, T.Lukman kimi sosioloqları sekulyarizasiya anlayışını əsassız sayırlar. Onlar dinin cəmiyyətdə çox geniş və dərin yayılmasını qəbul edirlər. B.Uilson, Ç Qlok və digər sosioloqlar isə müasir dövrdə sekulyarizasiyası çox vacib sosial proses kimi qəbul edərək nəhayət ki yaşadığımız zamanda dinin cəmiyyətdə yerini və rolunu dərindən dəyişməsini təsdiqləyirlər.

Sualı yekunlaşdırarkən qeyd edilməlidir ki, din insanların şüuruna, fəaliyyətinə təsir göstərən amil olaraq sosioloji tədqiqatların önündədir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında dinlərin azad, sərbəst fəaliyyəti öz əksini tapması vurğulanır. Ölkəmizdə tolerantlığın qorunması dövlətimizin əsas siyasətindən biri hesab edilir.


Test tapşırıqlar

1. İbtidai insanların müxtəlif fövqaltəbii qüvvələrə inamı öz əksini dinin hansı ilkin primitiv formalarında tapdı?



  1. animizm, islam, xristianlıq

  2. animizm, fetişizm, totemizm

  3. xristianlıq, totemizm, islam

  4. buddizm, animizm, xristianlıq

  5. fetişizm, buddizm, islam

2. Dinin hansı funksiyası insana axirət xoşbəxtliyi haqqında təsəvvür yaradır?

  1. Təsəlliverici

  2. Dünyagörüşü

  3. İdeoloji

  4. Mənəvi-tərbiyəvi

  5. İdarəetmə

3. Geniş əhali kütlələrinə təsir göstərərək onların sosial-siyasi dünyagörüşünün

formalaşmasına xidmət edən dini funksiya hansıdır?



  1. Tənzimedici

  2. Mənəvi-tərbiyəvi

  3. İdeoloji

  4. Dünyagörüşü

  5. Təsəlliverici

4. İnsanların mənəvi-əxlaqi sərvətlərə yönümlüyünün artırılmasına, onların düzgünlük, təmizlik, əməksevərlik ruhunda tərbiyə edilməsi işinə xidmət edən dini funksiyanı göstərin.

  1. İdarəetmə

  2. Proqnozlaşdırma

  3. Mənəvi- tərbiyəvi

  4. İdeoloji

  5. Təsəlliverici

5.Sosiologiyada dini şüur,dini fəaliyyət,dini münasibətlər, dini istitutlar və təşkilatlar hansı mənada müəyyən edilir?

A)dinin strukturu

B)dinin funksiyaları

C)dinin tipləri

D)dinin xüsusiyyətləri

E)dinin təriqətləri



MÖVZU 7.
Mədəniyyətin sosiologiyası (2 saat)
Plan:

  1. Mədəniyyət və sosial həyatda onun yeri

  2. Mədəniyyətin funksiyaları və inkişaf qanunauyğunluqları

  3. Kütləvi mədəniyyət və submədəniyyətlər



Ədəbiyyat


  1. Əfəndiyev M. Sosiologiya. B., 2009

  2. Xəlilov S. Sivilizasiyalararası diaoloq. B., 2009.

  3. Mehdiyev R. Yeni siyasət: inkişafa doğru. B., 2008.

  4. Məmmədov. Z. Demokratik cəmiyyət şəraitində şəxsiyyət və siyasət. B., 2000.

  5. Sosiologiya. B., 1996.

  6. Vahidov F. Ağayev T. Sosiologiya. B., 2012.

  7. Бердяев Н. О человеке, его свободе и духовности: изб. труды. М.,1999.

  8. Ионин Л. Социология к культуры. М., 1996.

  9. Михайлова Л. Социология культуры. М., 1999.

  10. Сорокин П. «Человек, Цивилизация. Общества». М., 1992.



METODİK MƏSLƏHƏT
Mədəniyyət və sosial həyatda onun yeri” adlı birinci sualda mədəniyyət anlayışının mahiyyəti açılmalı və nəzərə çatdırılmalıdır ki, bu anlayış ayrı-ayrı zamanlarda müxtəlif mənaları kəsb etmişdir. “Mədəniyyət” latınca “cultura” sözü olub-yetişdirmək, tərbiyə, inkişaf deməkdir. Daha sonra Qərbi Avropada mədəniyyət özünüdərketmənin mərkəzi mənasında ifadə edilir. Müsəlman Şərqində isə mədəniyyət fəlsəfi və bədii əsərlərdə əxlaq, davranış, savad, insanlararası düzgün münasibət qurmaq kimi başa düşülürdü. XX əsrdən etibarən mədəniyyət bədii yaradıcılıq prosesi ilə yanaşı, həmçinin əxlaq, mənəvi sərvətlər, baxışlar və s. kimi qəbul edilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün mədəniyyət insanın sosial özünüdərketməsinin bütün sferalarını əhatə edir. K.Klakxonun fikrini diqqətə çatdırmaq olar ki, “mədəniyyət bioloji yolla ötürülmədiyi üçün, o hər bir nəsil tərəfindən təkrar istehsal olunaraq özündən sonrakı nəslə ötürülür. Bu proses sosiallaşmanın əsasını təşkil edir”.

Daha sonra mədəniyyət insan fəallığının geniş miqyaslı və çoxşaxəli sistemi kimi təhlil olunmalıdır. Mədəniyyət müxtəlif sosial sistemlərə və şəxsiyyətlərə qarşı münasibətdə obyektiv amil kimi çıxış edərək insanların sərvət normaları və idealları inkişaf etdirərək dəyişir və ya mədəniyyət insanın sosial varlığını qoruyub saxlamaqla fəaliyyət nəticəsində təzələnərək yüksək səviyyəyə qalxır. Beləliklə, mədəniyyət həm mənəvi, maddi, etik, estetik sərvətlərin məcmusu, həm də bu sərvətlərin yaradılması, yayılması və qorunub saxlanılması sahəsində insanların fəaliyyətinin ifadə olunması nəzərə çatdırılmalıdır.

Bu sualda mədəniyyətin sosiologiyasının vəzifələri ətraflı şərh olunmalıdır. Mədəniyyətin sosiologiyası sosial münasibətlər, strukturlar, mədəniyyətin inkişafının və təzahür formalarının sosial qanunauyğunluqlarını öyrənir. Qeyd edilməlidir ki, mədəniyətin sosiologiyasının öyrənilməsində G.Zimmelin, P.Sorokinin, M.Veberin böyük rolu olmuşdur. Mədəni fəaliyyətin struktur ünsürləri üzərində xüsusi olaraq dayanmaq lazımdır. Bunlar aşağıdakılardan ibarətdir: kommunikativ ünsür, semantik ünsür, normativ – etalon ünsürü, informasion ünsür. Daha sonra bu sualda tərbiyə və təhsilin, mədəniyyətlə qarşılıqlı əlaqəsi geniş izah olunmalıdır. Diqqətə çatdırılmalıdır ki, hər bir insan uşaq yaşlarından müəyyən mədəniyyətin-predmetlərin, ideyayaların, fikirlərin, davranış nümunələrinin təsiri altında olur. İnsanın mədəni səviyyəsi onun tərbiyə və təhsil alması ilə bağlıdır. Qədim dövrdən etibarən hər bir cəmiyyətin mədəniyyətə qarışması üçün təhsilə və tərbiyəyə xüsusilə üstünlük veriblər. Nəzərə almalıyıq ki, müxtəlif millərlər arasında mədəniyyətin fərqli cəhətləri olduqca çoxdur. Bu özünün dil, davranış, adət ənənə, vərdişlərdə əksini tapır.

Tələbə sualda məşhur aktropoloq U.Qudenaunun mədəniyyətin əsas dörd elementinin təhlili ətraflı izah etməlidir. 1) Anlayışlar sistemi – dillə bağlı olub ətraf aləm haqqında məlumat verir, 2) Münasibətlər sistemi – ayrı-ayrı mədəniyyətlər bizi əhatə edən gerçəkliyə müxtəlif yanaşma nümayiş etdirirlər,3) Sərvətlər sistemi – o insanın can atdığı məqsədlərin əldə olunması üçün qəbul etdiyi insanlar sistemidir, 4) Qaydalar sistemi – bu elementlər və normalar müəyyən mədəniyyətin sərvətlərinə müvafiq olaraq insanların davranış tərzini qaydaya salaraq formalaşdırır.

Sualın sonunda qeyd olunmalıdır ki, mədəniyyətin quruluşu maddi və mənəvi mədəniyyətə ayrılır. Maddi mədəniyyət mədəniyyətin bütün predmetləri və maddi obyektlərində öz əksini tapır, mənəvi mədəniyyət isə mənəvi sərvətlərin mövcudluğunda.

Mədəniyyətin funksiyaları və inkişaf qanunauyğunluqları” adlanan ikinci sualı şərh edərkən, mədəniyyətin funksiyaları ətraflı təhlil olunmalıdır. Bu funksiyalar qeyd olunmalıdır:



  1. Humanist (başlıca funksiya) – insanın yaradıcı potensialının inkişaf etdirilməsi.

  2. İdrakı-cəmiyyətin, sosial qrupun və şəxsiyyətin özünüdərketmə üsulu.

  3. İnformativ-keçmiş, bu gün və gələcək arasında sosial təcrübənin ötürülməsi.

  4. Maarifləndirici – insanların maariflənməsi yüksək mədəniyyətə nail olmasına imkan yaradır.

  5. Tərbiyəvi – sosial norma və dəyərlərə nail olduqca insanlar cəmiyyətdə yaşamaq qaydalarını yaradırlar.

  6. Tənzimləyici – mədəniyyət insanların davranışlarını formalaşdıraraq tənzimləyir, onların həmçinin davranışları üzərində sosial nəzarət yaranır.

  7. Sərvət yönümlüyü – mədəniyyət “həyati sərvətlər xəritəsini” formalaşdırır.

  8. İnformativ – keçmiş, bu gün və gələcək arasında sosial təcrübənin ötürülməsi.

  9. Sosial varlığın mühafizə edilməsi – mədəni sosial varlığı qorumaqla yanaşı onu yaradıcı surətdə inkişaf etdirir.

  10. Kommunikativ (ünsiyyət) – qarşılıqlı anlaşmanın adekvatlığını təmin edir.

  11. Varislik mədəni dəyərlər mədəniyyətin içində yaradaraq, neqativ cəhətləri vurub çıxarır. Əsrlərdən gələn mədəni xüsusiyyətlər qorunub saxlanılır.

  12. Birləşdirici – xalqlar, millətlər, dövlətlər arasında insanların mədəni birliyini formalaşdırır.

Qeyd olunmalıdır ki, mədəniyyətin bütün funksiyaları bir-biri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərirlər. Mədəniyyət cəmiyyət və insanın inkişafının tarixən müəyyən səviyyəsi olaraq xalq və millətlərin maddi və mənəvi inkişaf səviyyəsini səciyyələndirir və həmçinin fəaliyyət və ya həyatın spesifik sahəsini bildirilməsi xüsusi olaraq diqqətə çatdırılmalıdır.

Mədəniyyətin inkişaf qanunauyğunluqlarından danışarkən qeyd etmək lazımdır ki, sosioloqlar bu qanunauyğunluqları belə əks etmişlər:



    1. Mədəniyyət tipinin cəmiyyətin həyat tərzindən asılılğı və ona əks təsiri;

    2. Mədəniyyətin inkaşafında varislik prinsipi;

    3. Mədəniyyətin inkişafının qeyri-bərabər xarakter daşıması. Bu özünü mədəniyyətin çiçəklənməsi və ya tənəzzülə uğraması ictimai həyatın başqa sahələrinin tərəqqisi və ya tənəzzülü ilə bağlı aspektində və mədəniyyətin özünün növləri qeyri-bərabər inkişafı aspektində biruzə verir.

    4. Mədəni prosesdə şəxsiyyətin, insan fərdiyyətinin əsas rolu.

Xüsusi olaraq vurğulanmalıdır ki, mədəniyyətin inkişafında elm və texnologiyanın üç böyük keyfiyyət sıçrayışının böyük əhəmiyyəti olmuşdur. Bunlar aşağıdakılardan ibarətdir:

  1. Yazının meydana gəlməsi

  2. Kitab nəşrinin kəşfi

  3. Kütləvi informaisya vasitələrinin (sosial şəbəkələr, TV, radio) və s. nailiyyətləri.

Beləliklə sualı yekunlaşdıraraq nəzərə çatdırılır ki, mədəniyyət ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin yaradılması ilə səciyyələnərək, əmək məhsuldarlığının artmasına, xüsusi mülkiyyətin müxtəlif formalarının yaranmasına səbəb olmuşdur.

Kütləvi mədəniyyət və submədəniyyətlər” adlanan üçüncü sonuncu sualda ilk olaraq, kütləvi mədəniyyət anlayışının mahiyyəti açıqlanmalıdır. Kütləvi mədəniyyət yeni dövrün fenomeni hesab olunaraq XX əsrin əvvəllərində elm və texnikanın sürətli inkişafı ictimai həyatın bütün sahələrinə təsir etdiyi kimi mənəvi proseslərdən yan keçə bilmədi. Bu da kütləvi mədəniyyətin yaranmasına gətirib çıxardı. Bu gün artıq kütləvi mədəniyyət postindustrial, informasiya mədəniyyətinə keçidin təsiri altında inkişafdadır. Qeyd olunmalıdır ki, “kütlə” anlayışı cəmiyyətdə çoxluğu deyil, eyni zamanda keyfiyyəti ifadə edir. Burada müxtəlif fəaliyyət sahələrində çür bəcür meyllər əmələ gəldi. Kütləvi mədəniyyət əsl mədəniyyətə əks olan mədəniyyət kimi qəbul edilir. Əhatə dairəsi geniş olduğu üçün kütləvi məhsullar hazırlanır və bununda sonu görünmür. Bura kütləvi təhsil, incəsənət, reklam, səhiyyə, siyasət və s. sahələri daxil etmək olar.

Belə bir cəhətə diqqət yetirilməlidir ki, kütləvi mədəniyyət sosial fəaliyyətin nəticəsində yeniləşir və təkmilləşir. Burada texnikanın surətli inkişafı danılmaz faktor kimi qalmaqdadır. Kütləvi mədəniyyətin öyrənilməsində sosioloqların qarşısında duran vəzifələr təhlil edilməldir:


      1. Mədəniyyət əlamətlərinə görə sosial təbəqələrin qruplaşdırılması

      2. Onların xüsusi maraq dairəsinin müəyyən edilməsi və bir-birinə uyğun gələn nöqtələrin aşkara çıxarılması

      3. Bu və digər qrupa təsir göstərməyin yollarının, üsulları və vasitələrinin müəyyən edilməsi.

Xüsusi olaraq vurğulanmalıdır ki, kütləvi mədəniyyətlə əsl mədəniyyət köklü şəkildə bir-birindən fərqləndiyi halda, hakim mədəniyyətə qarşı olaraq XX əsrin II yarısında əks mədəniyyət və submədəniyyət formalaşır. Bundan əvvəlki fəaliyyət normalarının zəifləməsi yeni yaranan ictimai təbəqələşmə cəmiyyətdə yeniləşmə xüsusiyyətlərini formalaşdırır. Yaranan əksmədəniyyət əvvəlki mədəniyyət normalarından fərqlənərək yeni davranış nümunələrinə, geyim tərzinə, ünsiyyət formasına, ənənələrə, dəyərlərə malik olur. Burada o sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır. Amerikalı sosioloq T.Rozzanın sözü ilə desək “Cəmiyyətdə mövcüd hakim mədəni sərvətlərə qarşı çıxan submədəniyyət əks mədəniyyət adlanır”. Əks mədəniyyət ətralı təhlil olunmalıdır. Nəzərə çatdırılmalıdır ki, hər bir submədəniyyət ümumi qəbul edilmiş mədəniyyət normalarından fərqlənən sərvətləri, davranış nümunələrini əks etdirir. Müasir dövrdə ən çox submədəniyyət prosesi səhər mühitində yaşayan gəncləri əhatə edən mədəniyyətdə, etnik-milli submədəniyyətdə, sosial qrupların təbəqələşməsi prosesində yəni yoxsul qrupların elitar mədəniyyətə təsiri konteksində görmək olar. Xüsusi olaraq vurğulanmalıdır ki, sosioloji tədqiqatlar göstərir ki, submədəniyyət müasir gənclərin həyat fəaliyytində inkişaf edir. Bu da gənclərin təhsil, yaş səviyyəsi, yaşayış yerləri ilə bağlıdır. Xüsusilə submədəni fəallıq gənclərdə 16-20 yaşlarında yüksək olur. Submədəniyyətin inkişafında gənclər birlikləri və təşkilatlarının da əhəmiyyəti böyükdür. Bu birliklər və təşkilatlar öz növbəsində sosial istiqamətləri və davranışları ilə seçilirlər.

Beləliklə əks mədəniyyətləri səciyyətləndirən xüsusiyyətlər diqqət mərkəzinə gətirilir- real gerçəkliyə tənqidi yanaşma tərzi, mövcud normalar zidd olan alternativ həyat tərzi, bədii yaradıcılığın antiənənəvi formaları.

Sonda müstəqillik dövründə Azərbaycan mədəniyyətinin inkişafı, onun tərəqqisi, yeniləşməsi, zənginləşməsi, dünyaya inteqrasiyası xüsusiyyətlərinin təhlili aparılmalıdır.
Test tapşırıqlar

1. Mədəniyyətin hansı funksiyası cəmiyyətin sosial qrupun və şəxsiyyətin özünədərketmə üsulunu müəyyən edir?

A)İdraki

B)Tərbiyəvi

C)Komunikativ

D)Sərvətyönlü

E)Humanist

2. Hisslərə üstünlük verilməsi intelllektin itməsi, öz hərəkətlərinə görə şəxsi məsuliyyət daşımamaq hansı mədəniyyətə aiddir?

A)Sub mədəniyyət

B)Super mədəniyyət

C)Kütləvi mədəniyyət

D)Sosial mədəniyyət

e) Siyasi mədəniyyət

3. Ümumi qəbul edilmiş mədəniyyət normalarından fərqlənən sərvətlərə, davranış nümunələrinə, geyintərzinə, ünsiyyət formasına malik olan hansı mədəniyyətə aiddir

A)Submədəniyyət

b)Supermədəniyyət

c)Milli mədəniyyət

d)Dini mədəniyyət

e)Əks mıdəniyyət

4. Mədəniyyətin hansı funksiyası keçmiş, bu gün və gələcək arasında sosial təcrübənin ötürülməsini yerinə yetirir



  1. Kommunikativ

  2. Normativ

  3. İnformativ

  4. Tərbiyəvi

  5. İdeoloji

5. Cəmiyyətdə mövcud hakim mədəni sərvətlərə qarşı submədəniyyət necə adlanır

    1. Submədəniyyət

    2. Əks mədəniyyət

    3. Super mədəniyyət

    4. Milli mədəniyyət

    5. Dünya mədəniyyəti

Politologiya”_kafedrasının_dosenti,_f.f.d.Mustafayeva_Hümeyrə_Teymur_qızının_“Sosiologiya_fənnindən_seminar_məşğələlərinin_tədrisinə_dair”_metodik_göstərişə_RƏY'>Politologiya” kafedrasının dosenti, f.f.d.Mustafayeva Hümeyrə Teymur qızının “Sosiologiya fənnindən seminar məşğələlərinin tədrisinə dair” metodik göstərişə


RƏY
Kafedranın dosenti f.f.d.H.T.Mustafayevanın hazırladığı metodik göstəriş tələbələrə “Sosiologiya” fənninin tədrisi zamanı köməklik göstərilməsi məqsədini güdür.

“Sosiologiya” fənni üzrə tədris olunan mövzular metodik göstərişdə öz geniş izahı tapmışdır. Elmin predmeti və inkişaf tarixi daha müfəssəl şəkildə izah olunmuşdur. Sosiologiya elminin qanun və kateqoriyalarının təhlili verilmişdir.

Elmin təşəkkülü ilə bağlı əsas fikirlər burada öz əksini tapmışdır. “Sosioloji tədqiqatların metodologiyası və metodikası” mövzusunda sosioloji tədiqiqatların mərhələləri, sosioloji tədqiqar planının növləri, sosioloji tədqiqat proqramını xarakterik xüsusiyyətləri, sosioloji tədqiqatların təsnifatı geniş şərh olunmuşdur. Metodik göstərişdə ən yaxşı şərh olunmuş mövzulardan biri ictimai rəyin sosiologiyasıdır. İctimai rəy anlayışının mahiyyətindən onu yaradan amillərdən, ictimai rəyin funksiyalarından və ictimai rəyin formalaşmasında təbliğat və təşviqatın yeri, rolu göstərişdə hərtərəfli şərh olunmuşdur. “Şəxsiyyətin sosiologiası” mövzusunda şərh olunan əsas problem isə şəxsiyyətin formalaşmasına təsir amilləridir. Şəxsiyyətlə cəmiyyət arasında qarşılıqlı əlaqə təhlil olunur. Müəllif göstərir ki, şəxsiyyətin fəaliyyəti həyata keçdiyi şərait onun sosial davranışını şərtləndirir.

Ailənin sosiologiyası mövzusunun izahı zamanı ailənin və nigahın mahiyyəti, tarixi tipləri, əsas funksiyaları, formaları, strukturu, vəzifələri diqqət mərkəzinə keçmişdir. O, göstərir ki, cəmiyyətdə qadının rolu, uşaqların mühafizəsi problemi artmışdır. Metodik göstərişdə əsas diqqət bu sualda gənc ailələrin problemləri, boşanma səbəbləri ailədaxili münaqişələrin müəyyən edilməsi problemi üzərinə yönəlmişdir. Ən çox yer ayrılan və dərindən təhlil olunan problem “Mədəniyyətin sosiologiyası” problemidir. Müəllif müxtəlif dövrlərdə mədəniyyət anlayışının mahiyyətini əks edən konsepsiyalara daha çox yer ayırmışdır. Mədəniyyətin əsas funksiyalarını açıb göstərir, kütləvi mədəniyyət, əks mədəniyyət və submədəniyyətlər arasındakı fərqin geniş şərhini verir.

H.T.Mustafayeva sonuncu mövzu olan “Dinin sosiologiyası”nın şərhini verərkən müasir dövrdə cəmiyyətdə təşəkkül tapan dinin funksiyalarına və vəzifələrinə, dinin cəmiyyətin inkişafında əhəmiyyətinə üstünlük verir.

Eyni zamanda metodik göstərişdə hər bir mövzuya müvafiq ədəbiyyatlar göstərilmişdir.

Hesab edirəm ki, H.T.Mustafayevanın tərtib etdiyi metodik göstəriş “Sosiologiya” fənninin çox mühüm problemlərinin həllinə həsr olunmuşdur və böyük elmi, praktiki əhəmiyyət daşıyır.

Mən bu metodik göstərişi çapa məsləhət görürəm.


Politologiya”

kafedrasının dosenti, f.e.n.: A.Y.Əhmədova
Politologiya” kafedrasının dosenti, f.f.d.Mustafayeva Hümeyrə Teymur qızının “Sosiologiya fənnindən seminar məşğələlərinin tədrisinə dair” metodik göstərişə
RƏY
Metodik göstərişlərə tələb gənclərin sosioloji biliklərin dərinləşdirilməsi və zənginləşdirilməsi prosesində kömək göstərilməsi məqsədini daşıyır. Son iyirmi il ərzində ölkəmizdə ali məktəb tələbələri üçün çoxlu sayda “Sosiologiya” dərslikləri və dərs vəsaitləri hazırlansa da seminar məşğələlərinə hazırlıqla bağlı metodik vəsaitlərin tərtibi diqqət mərkəzindən müəyyən mənada kənarda qalmışdır. Bu mənada H.T.Mustafayevanın “Sosiologiya” fənnindən seminar məşğələlərinin tədrisinə dair metodik göstərişi həqiqətən də çox lazımlı əhəmiyyət daşıyır və təqdirə layiq bir işdir.

H.T.Mustafayevanın tərtib etdiyi metodik göstərişdə Universitetdə tədris olunan “Sosiologiya” fənni üzrə seminar mövzular öz əksini tapmışdır. Birinci mövzu “Sosiologiyanın predmeti və tədqiqat obyekti” adlanır. Müəllif göstərir ki, burada elmin predmeti, təşəkkülü, inkişafının şərtləri, metod və funksiyaları xüsusi qeyd olunmalıdır. Onun fikrincə bu elmin özünıməxsus metodlar sistemi vardır. Bu metodların təzahür sahələrində asılı olaraq üç əsas qrupa bölmək mümkündür. Bundan əlavə müəllifin fikrincə burada elmin istifadə etdiyi əsas funksiyalara da diqqət yetirilməlidir. Ikinci mövzu “Sosioloji tədqiqatların metodologiyası” adlanır. Müəllifin fikrincə əsas diqqət sosioloji tədqiqatın məqsədi, sosial idarəetmə təcrübəsində həqiqi məlumatların istifadə edilməsi, sosioloji tədqiqatın mərhələləri, təsnifatı növləri, tədqiqatların planı və sosioloji tədqiqat proqramının xarakteri xüsusiyyətlərinə yönəltmək lazımdır. Müəllif ictimai rəyin cəmiyyətdə formalaşması mexanizmləri barədə fikri yürüdərkən qeyd edir ki, ictimai rəyin formalaşması kortəbii proses olmayıb, məqsədyönlü şəkildə təşkil olunan tədbirlər kompleksindən ibarətdir. “Şəxsiyyətin sosiologiyası” mövzusunda diqqəti fərd, şəxsiyyətin sosial xarakterini müəyyən edən cəhətlərə verilməsini göstərir. Şəxsiyyətin sosiallaşması yolları və şərtləri bu sualda təhlili öz əksini tapır.

Daha sonra müəllif “Ailənin sosiologiyası” ,“Dinin sosiologiyası” mövzularını tələbələr üçün anlaşıqlı bir dildə izah etmişdir. “Mədəniyyətin sosiologiyası” mövzusunun təhlili zamanı əsas diqqət mədəniyyətin inkişafının tipləri və növləri, mədəniyyətin inkişafı qanunauyğunluqlarına yetirilir. Ümumiyyətlə metodik göstərişdə izahı verilən bütün mövzuların şərhi zamanı, bu və digər problem izah edilərkən Azərbaycana da yönəldilir.

Hesab edirəm ki, metodik göstəriş çox yüksək elmi səviyyədə tərtib olunmuşdur və bütün tələblərə tam cavab verir. Buna görə də onu çapa məsləhət görürəm. Onun nəşr olunması tələbələrə böyük köməklik göstərəcək və sosiologiya elminin mənimsənilməsinə imkan verəcəkdir.


Politologiya”

kafedranın dosenti, f.e.n.: X.H.Orucov


Yüklə 218,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə