ELMİ REDAKTOR: tarix elmləri doktoru, professor,
əməkdar elm xadimi
S.T.QƏNDİLOV
RƏYÇİLƏR: t.e.d , prof.
D.H.Qüdrətov
t.e.n.,
dos.
F.F.Əhmədova
R.M.Bayramova. «Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi
çəkişmələr (1920-1925-ci illər)».
Bakı, «Elm» nəşriyyatı, 2007; 196 səh.
Müstəqil, demokratik, çoxpartiyalı cəmiyyətin mövcud olduğu bir
zamanda totalitar sovet rejimində baş vermiş siyasi proseslərin əsil mahiyyətini
açıqlamaq, xüsusən də dövlət rəhbərliyindəki daxili ixtilaflardan, siyasi
çəkişmələrdən bəhs etmək asan olduğu qədər də məsuliyyətli, ciddi tədqiqat
mövzusu hesab edilə bilər. İdeoloji
diqtədən uzaq, obyektiv tədqiqat imkanı
olduğu
bir şəraitdə 1920-1925-ci illərin ab-havasını, dövlət idarəçiliyi mexanizminin
özünəməxsus xüsusiyyətlərini bilmək, siyasi müstəvidə şəxsi keyfiyyətlərdən
doğan, müstəqil xarakter daşıyan mübarizənin təhlilini vermək xeyli zəhmət tələb
edən vəzifədir.
R.M.Bayramovanın «Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi
çəkişmələr (1920-1925-ci illər)» monoqrafiyası bu problemə həsr olunmuş mühüm
əhəmiyyətə malik ilk əsərdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu
auditoriyası üçün nəzərdə tutulmuşdur.
İSBN 5-8066-1691-6
4603000000
655(07) - 2007
© «Elm» nəşriyyatı - 2007
GİRİŞ
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrdə tarixi düzgün,
obyektiv araşdırmağa, hadisələri, onları doğuran səbəbləri hərtərəfli təhlil etməyə
geniş imkan və şərait yaranmışdır.
Uzun müddət düzgün şərh və təhlil edilməmiş problemlərdən biri
Azərbaycan SSR-də milli siyasətin həyata keçirilməsi və bu prosesdə Azərbaycan
rəhbərliyində baş verən ixtilaflar və daxili siyasi çəkişmələr məsələsidir. Bu
ixtilaflar və daxili siyasi çəkişmələr 1920-1925-ci illərdə özünü daha bariz şəkildə
göstərmişdir. Sovet hakimiyyətinin ilk illərində, vətəndaş müharibəsindən sonrakı
dövlət quruculuğu illərində partiya rəhbərliyində, hökumət daxilində demokratik
ab-hava hələ mövcud idi. Yeni hakimiyyətin yaradıcıları ümumi, vahid prinsip
ətrafında birləşsələr də, fərdiyyəti ilə seçilən, dövlət quruculuğuna münasibətdə öz
mövqeyi olan şəxslər idilər. Yeni həyat quruculuğu yollarında Azərbaycan
rəhbərliyindəkilərdən bir çoxlarının yerli şəraiti, milli xüsusiyyətləri nəzərə
almamaları milli mənafeyə ciddi
zərər vurur, ixtilaf və çəkişmələrə səbəb olurdu.
Müsəlman Şərqində ilk olaraq respublika qurmuş Azərbaycan xalqı bu
siyasi seçiminə ardıcıl sadiq qaldı. Azərbaycanın XX əsr siyasi tarixini üç
respublika nümunəsində təqdim edənlər mahiyyət - siyasi-iqtisadi məzmun
prinsipindən çıxış etsələr də, Azərbaycan Respublikasının tarixi 1918-ci ilin
mayından günümüzədək davam etməkdədir. Şərti fərqləndirmə forması kimi
birinci Respublikadan (Azərbaycan Cümhuriyyəti) ikinciyə (Azərbaycan SSR)
keçid prosesini izləmək, tədqiq etmək, nəticə çıxartmaq, müvafiq məzmunda
olmasa da, ikinci Respublikadan üçüncüyə keçəndə düzgün inkişaf kursu tutmaq,
cəmiyyət həyatında yeni istiqamətləri dəyərləndirmək baxımından mühüm
əhəmiyyət kəsb edir.
Xüsusi mülkiyyət formasının aparıcı olduğu iqtisadiyyat, hüquqi dövlət
quruculuğu yönündə çoxcəhətli fəaliyyət məzmunlu respublikadan ictimai
mülkiyyət, birpartiyalı siyasi sistemə keçidin təcrübəsi əks istiqamətdə keçid üçün
konstruktiv nəticələr əldə etməyə qadirdir. Bu baxımdan 1991-ci ildə müstəqilliyi
bərpa olunmuş Azərbaycan Respublikasının dövlət idarəçiliyi istiqamətlərini
müəyyənləşdirmək və reallaşdırmaq prosesində məhz 1920-1925-ci illərdə
Azərbaycanda dovlət idarəçiliyində gedən prosesləri dərindən təhlil etmək
faydalıdır.
Azərbaycan sovetləşəndən sonra ilk tədbirlərin həyata keçirilməsi,
azərbaycanlıların partiya, sovet, ictimai və təsərrüfat təşkilatlarına cəlb edilməsi,
bu təşkilatların azərbaycanlılaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi
tətbiqi, ixtisaslı milli fəhlə kadrların hazırlanması, kommunist partiyasının Bakıda
və kənddə yeritdiyi siyasət, xırda burjuaziyaya, ziyalılara, kəndlilərə və
qolçomaqlara, qadın azadlığına, dinə, adət-ənənəyə münasibət, ərazi, neft və s.
məsələlər Azərbaycan rəhbərliyində ən çox mübahisə və ciddi münaqişəyə səbəb
olan məsələlərdən olmuşdur. Elmi tədqiqat istiqamətinin məhz bu sahəyə
yönəldilməsi çağdaş Azərbaycan cəmiyyətini düşündürən problemlər baxımından
da aktualdır.
Aprel çevrilişindən sonra bolşevik üsul-idarəsinin yaradılmasından keçən
ilk illər Azərbaycanın dövlətçilik tarixi baxımından çox mühüm mərhələ olmuşdur.
Xüsusən də milli mənafe və yerli şəraitin nəzərə alınmaması ətrafında rəhbər
dairələrdə ixtilaflar və daxili siyasi çəkişmələr 1920-1925-ci illərdə özünü daha
qabarıq büruzə verdiyindən, bu illər, tədqiqatın xronoloji çərçivəsini əhatə edir.
Məhz bu illər Azərbaycanda sovet dövlət idarəçiliyinin əsasının
qoyulması və yeni sistemin yaradılması kimi birinci ilk beşillik mürəkkəb sınaq
dövrü idi. Azərbaycan rəhbərliyində ixtilafların kəskinləşdiyi 1920-1925-ci illər
həm də ixtilafların əsas tərəfdaşı kimi N.Nərimanovun istər Azərbaycan SSR-də,
istərsə də SSRİ rəhbərliyində fəaliyyət dövrüdür. N.Nərimanov Azərbaycan SSR-
dən uzaqlaşdırıldıqdan sonra belə respublikada gedən proseslərə biganə
qalmamışdır.
Respublika
rəhbərliyində
ixtilaflar
nərimanovçuluq,
xanbudaqovçuluq ideyası altında səciyyələndirildiyindən, xronoloji aidiyyət 1920-
1925-ci illərə şamil edilir. Dövlət idarəçiliyi baxımından aktuallığı, mövzu ilə bağlı
birbaşa aidiyyəti tədqiqat üçün bəhs edilən xronoloji çərçivəni məqsədə müvafiq
etmişdir.
Öyrənilməsi zəruri və mühüm məsələlərdən biri də XX əsrin 20-ci
illərində Azərbaycan SSR rəhbərliyində baş vermiş ixtilafların, daxili-siyasi
çəkişmələrin səbəbləri və mahiyyətinin tədqiq edilib araşdırılmasıdır. Təəssüf ki,
son dövrədək, 20-ci illərə aid tədqiqat əsərlərində son dərəcə vacib və prinsipial
olan bu məsələnin üstündən əsasən sükutla keçilmiş, onun tədqiq olunub
öyrənilməsinə mövcud ideoloji çərçivə tələblərindən yanaşılmışdır.
Şübhəsiz ki, Kommunist Partiyasının vahid hegemon bir partiya olduğu
dövrdə partiyadaxili ixtilafları rəsmi səviyyədə obyektiv təqdid etmək mümkün
deyildi.
XX əsrin 20-ci illərilə bağlı
onlarla elmi monaqrafiyalar, cild-cild kitablar,
əsərlər nəşr edilsə də, elmi axtarışlar aparılsa da onlar əsasən Kommunist
Partiyasının və sovet qanunlarının tələblərinə uyğun, sosializmin qələbəsi uğrunda
mübarizədə KP-nin rəhbər, təşkilatçılıq rolu, tədqiq edilən problemlər şəraitində
yüksək partiyalılıq prinsipini rəhbər tutmaqla aparılırdı. Məsələyə bu prizmadan
yanaşmaq alimlərimizin istək və arzularından deyil, hakim ideologiyanın
tələblərindən irəli gəlirdi.
XIX-XX əsrlər tariximizin obyektiv yazılmamasından, onun düzgün
tədqiq edilməməsindən və bu gün üçün tarixçilərimizin qarşısında duran
vəzifələrdən danışan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-
cü ilin sentyabrında respublika MEA-nın əməkdaşları
ilə görüşündə bildirmişdir ki,
o vaxtkı ideologiyanın təsiri altında və ya bu ideologiyanın tələbi ilə yazılan tarix,
şübhəsiz ki, bizi qane edə bilməz (1. s. 154).