1920-ci il 27 aprel işğalından sonra Azərbaycan Kommunist Partiyasından
başqa heç bir partiyanın leqal fəaliyyətinə imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və
Zaqatalada lokal xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları
kimi «Müsavat» və «İttihad»ı ittiham etmək, siyasi partiyalara qarşı amansız
mübarizənin başlayacağını xəbər verirdi (50, s. 56).
M. B. Məmmədzadə aprel çevrilişindən sonra siyasi partiyaların, xüsusən
«Əhrar»ın gizli fəaliyyətə keçməsinə dair yazırdı: «Əhrar, nisbətən şimal
bölgəsində nüfuzu olan bu partiya yarandığı gündən Müsavatı Türkiyəyə arxa
çevirməkdə, şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik məzhəbini
qabartmaqla populyarlaşmaq taktikası seçmişdir. Sovet hakimiyyətinin ilk
günlərində özünü buraxmaq haqqında qərar çıxardı və bir-iki il sonra onun üzvləri
rəsmən Müsavat firqəsinə girdi» (82, s.148).
Sosialist fraksiyasına daxil olan «xalqçı sosialist firqəsi» bolşevik
platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirə bildi. Lakin, «fəal
xalqçılardan» Aslan Səfikürdski, Rza Qaraşarlı, Camo Hacınski, Rza Şabanov,
Kərim Feyzullayev, Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında
Azərbaycan SSR Ali İnqilabi Tribunalın «eser partiyasının Zaqafqaziya təşkilatının
işi» adlı qondarma ittihamı ilə mühakimə olunub müxtəlif müddətli həbs cəzaları
aldılar (50, s.57).
1920-ci ilin yazından «İttihad» gizli fəaliyyətə keçərək özünü güclü
antisovet bir partiya kimi göstərə bildi, 1920-ci ilin iyulunda 3 müstəqil qrupa
bölündü: «Vətən və ya ölüm», «Mərkəzi İttihad», «Quranın əmin-amanlığı».
Göstərilən qruplar ideya və təşkilati cəhətdən müstəqil işləyirdilər, amma hamısı
sınanmış siyasətçi Qarabəyovun rəhbərliyi altında «məhv olsun sovet
hakimiyyəti», «Bolşevizmə ölüm!», «Başda milli hökumətlər olmaqla Şərqdə
müsəlmanlığa eşq olsun!» şüarı ətrafında birləşirdilər (21, s.8).
Həmin dövrdə məram və xarakterinə görə «İttihad»a yaxın olan dini
təmayüllü partiyalar fəaliyyətini gücləndirirdilər. Əsasını Türkiyəli zabitlər təşkil
edən «İslam» partiyası, adından göründüyü kimi İslamı təbliğ edirdi. «İttihad»la
«İslam» birləşərək «İttihadi İslam» («İslam birliyi») Partiyası yarandı.
1921-ci il mayın 5-də «İttihadi İslam» «İslam-əl Quran»la birləşib
«Milləti İslam» adını qəbul etdi (50, s.60).
Siyasi partiyalara qarşı repressiya RK(b)P Qafqaz bürosunun qərarı ilə
bütün Zaqafqaziyada həyata keçirilirdi. 1921-ci il iyunun 16-da Azərbaycan K(b)P
Siyasi Bürosunun məxfi iclasında menşevik və başqa partiyaların ləğv edilməsi ilə
bağlı Qafqaz Bürosunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə
ifadə etmişdir: «Azərbaycanda bu teleqramı «ittihadçılara qarşı mübarizə
aparılmalıdır» kimi başa düşmək olar, çünki bizdə menşeviklər və başqa təşkilatlar
çox zəifdir» (50, s.61).
«Günəş-Qafqaz», «Azərbaycan milli müdafiə İslam firqəsi» və s.
partiyalar da o dövrdə təqibə, terrora məruz qalmışdı.
Milli müqavimət hərəkatının aparıcı qüvvəsi olan Müsavat Partiyası
aprelin 27-də gizli fəaliyyətə keçmələri haqqında qərar verdi. Onun gizli fəaliyyət
dövrünü 4 mərhələyə bölmək olar: 1.1920-1923-cü illər, 2.1923-1927-ci illər,
3.1927-1931-ci illər, 4.1931-ci ildən II Dünya müharibəsinə qədərki mərhələ (50,
s.66).
Z. Bünyadov aprel çevrilişindən sonra partiya üzvlərinə, ziyalılara qarşı
aparılan kütləvi həbsləri çox aydın işıqlandıraraq yazırdı: «1920-ci ilin may
ayından Azərbaycan ÇK (FK) təxmini həbslərə başladı. Həbs olunanları 3-4 ay ara
vermədən sorğu-suala tutdular. Nəticədə fövqəladə Komissiya həmin dövrdə
demək olar ki, fəaliyyət göstərən bütün partiyaların üzvləri barədə özünə lazım
olan məlumatı yığa bildi. Toplanmış materiallar FK-ya «Müsavat»ın
fəaliyyətindəki zəif və güclü cəhətləri müəyyənləşdirmək, öncülləri, potensial
fəalları aşkara çıxarmaq... yaxın gələcəkdə qəti addımlar atmaq imkanı verdi.
1920-ci ilin sonlarından 1923-cü ilin ortalarınadək Fövqaladə Komissiya
«Müsavat» partiyası üzvləri arasında seçmə həbslər apardı. Həbs olunanlar
içərisində Kərbəlayi Vəli Mikayıl oğlu Mikayılov, Rəhim Vəkilov, Qurban
Musayev və b. 30-dan çox müsavatçı var idi» (21, s.40). 1924-cü il aprel ayında
100-dən çox müsavatçı mühakimə olunaraq 2-3 il müddətinə Yaroslavl, Suzdal,
Solovetski həbs düşərgələrinə göndərilmişdilər.
Hər dəfə «antisovet ünsürlərin» həbsi ilə əlaqədar keçirilən genişmiqyaslı
aksiyalardan sonra Azərbaycan FK rəhbərliyi, AK(b)P liderləri açıq şəkildə
bildirirdilər ki, Azərbaycanda «xalq əleyhinə» partiyaların kökü kəsilmişdir. 1923-
cü ildə də belə olmuşdu. Yayın əvvəlində növbəti kütləvi həbslər zamanı
müsavatçıların gizli təşkilatının bir qrup nümayəndəsi zindana atılmışdı. Çekanın
qarşısında dustaqların açıq şəkildə günahlarını etiraf etməsinə və Sovet
hakimiyyətinə qarşı mübarizəni dayandıracaqları haqqında təminat vermələrinə
nail olmaq vəzifəsi dururdu (94, s.24).
1920-ci il 27 aprel işğalı ilə əlaqədar Azərbaycandan kənara yeni mühacir
axını başlandı. Aparılan terror və kütləvi həbslər Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərini, görkəmli dövlət və siyasət adamlarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu. Fətəli Xan Xoyski, Mustafa Vəkilov, Şəfi
Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. dövlət xadimləri hələ sovetləşməmiş qonşu
Gürcüstana keçə bildilər (50, s.101).
1920-ci il aprelin ortalarında Azərbaycan parlamentinin sabiq sədr
müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə, Zaqafqaziya Respublikalarının
Konfransına göndərilən nümayəndə heyəti də çevrilişdən sonra vətənə dönmədilər.
1919-cu ildə Azərbaycan parlamenti tərəfindən Ə. M. Topçubaşovun
rəhbərliyi ilə Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin üzvləri
1920-ci il 27 apreldən sonra Avropada qalaraq fəaliyyət gostərdilər (C. Hacıbəyli,
M. Məhərrəmov, M. Mehdiyev və b.).
Dostları ilə paylaş: |