Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə8/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBIYYAT

  1. Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı / Nizami məcmuəsi, Bakı: 1947

  2. Araslı H. Nizamidə xalq sözləri, xalq ifadə və zərb­məsəlləri // AEA “Xəbərləri” Bakı: 1942, N 8

  3. Araslı H. Şairin həyatı: [Nizami Gəncəvi haqqında]. Bakı: Gənclik, 1967, 187 s.

  4. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq ya­radıcılığı //Azərbaycan məktəbi, Bakı: 1947, N

  5. Əliyev R. Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı haqqında].Bakı: Yazıçı, 1991, 112 s.

  6. Hüseynov Xəlil. Nizaminin “ Sirlər xəzinəsi” Bakı: Elm, 1983, 132 s.

  7. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı: APİ-nin nəşri, 1988, 213 s.

  8. Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. edən R. Rza. Bakı: AEA nəşriyyatı, 1962.358 s.

  9. Nizami Gəncəvi. Qəzəllər. Bakı: Azərnəşr, 1973, 68 s.

  10. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Yazıçı, 1981, 195s.

  11. Nizami Gəncəvi. Leyli və Məcnun. Tərc. edən S. Vurğun. Bakı: Yazıçı, 1983, 303 s.

  12. Paşayev Sədnik. Nizami və folklor. Bakı: Yeni Kitab mətbəəsi. 1976, 94 s.

  13. Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983, 128 s.

NAILA ASKER

IDIOMS AND SAYINGS IN NIZAMI GANJAVIS

POEM OF "TREASURY OF MYSTERIES"

SUMMARY

Great Azerbaijani poet of XII century Nizami Ganjavi have been widely used folk literature in his works, derived advantage from a lot of folklore genre. In this paper, it will be given general information about the Nizami Ganjavis poem of "Treasury of Mysteries” and idioms and sayings that are used in the work will be reviewed.


НАИЛЯ АСКЕР

ИДИОМЫ И ПОГОВОРКИ В ПОЭМЕ НИЗАМИ ГЯНДЖЕВИ «СОКРОВИЩНИЦА ТАЙН»

РЕЗЮМЕ

Великий азербайджанский поэт XII века Низами Гянджеви широко использовал многие фольклорные жанры и мотивы народной литературы в своих произведениях. В этой статье дана общая информация о идиомах и поговорках в поэме Низами Гянджеви "Сокровищница тайн".



Ramiz ƏLƏKBƏROV

AMEA Folklor İnstitutunun

kiçik elmi işçisi
XEYİR VƏ ŞƏR” HEKAYƏSİNDƏ FOLKLOR MOTİVLƏRİ
Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması sə­bə­bindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm də müasirlərin yazıb-yaratdıqları əsər­lərin əksəriyyətində folklor­dan ya dolayısı ilə bəhrələnmənin, ya da birbaşa isti­fadənin şa­hidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna görə, təkcə ədə­biy­yatda yox, başqa yaradıcılıq sahələrində də stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini əvvəlcə folklorda tapan milli və bəşəri dəyərlər bütün böyük sənətkarların yaradıcılıq yoluna işıq salmış, onları istiqamətləndirmişdir. Şifahi ədəbiyyatdan bəhrələnmə, təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan keçmək mümkünsüzdür.

Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı bütün əsər­lərdə özünü qabarıq şəkildə göstərir. Xalq təfəkküründə, əksər folklor örnəklərində ideya-məzmun xüsusiyyəti kəsb edən xeyirlə şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət naminə haqqın qələbə çalması N.Gəncəvinin əsərlərində aparıcı xətt kimi görünür.

Həm şifahi, həm də yazılı ədəbiyyatda əzəli-əbədi mövzu statusu qazanmış xeyirlə şərin mübarizəsi mövzusu N.Gəncə­vi­yə qədər olan dövrdə və ondan sonrakı dövrdə əksər qələm sa­hiblərinin müxtəlif ədəbi üsullarla müraciət etdikləri mövzudur.

N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və mə­qam­lar barədə tədqi­qatçı alimlərdən M.Əlizadə, H.Araslı, M.Ələk­bərov, Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı, T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli töhfələrini vermiş­lər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin “Xəmsə”yə daxil olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və mükəmməl şəkildə davamının şahidi oluruq. Poemada yazılı ədəbiyyatda alleqoriya adı ilə tanıdığımız ədəbi üsuldan istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janrının ən qədim növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür nağıllar daha sonralar alleqorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda sırf folklor nümunələri təsiri bağışlayır.

“Xosrov və Şirin” poemasında şairin yaşadığı dövrə qədər mövcud olan, əsərlə oxşar məz­mun­lu, müxtəlif variantlı xalq əfsanə və rəvayətlərinə istinad edilmişdir. “Fərhad və Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu qəbildəndir. Bu ardıcıllıq istinad nöqtəsi kimi şairin digər əsərlərində də davam etdirilir.

Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poema­sın­da bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş “Xe­yir və Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə folk­lorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə çat­dırmaqdır.

Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bədii əsərdə təsvir olunan hadisələr və ya epizodlar həyatidir. Həyati olanlar real­lıqdır. Xeyir və Şər həyatda əks qütblər olduğu kimi, əsərdə də əks qütblərdə dayanırlar:

Gəncin biri Xeyir, o biri Şərdi,

Onlar adları tək işlər görərdi.

Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini, mə­nəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmişdir və bu adlar onların əməllərini şərtləndirir. Xeyir yola nabələddir – Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir ina­nandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi və s.

Əsərin məzmun və janr xüsusiyyətindən əlavə folklor mo­tivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın, ob­razın işləndiyi bəzi misralara diqqət yetirək:

“Yol getmək”, “yeddi gün” və “su” anlayışları:

Yedi gün getdilər qızğın çöl boyu,

Qurtardı zavallı Xeyirin suyu.

Sudan yoldaşına vermədi xəbər,

Bir kəlmə dinmədi, danışmadı Şər.


“Göz” anlayışı:

Şər dedi o gövhər ikicə gözdür,

Bu ondan, o bundan daha əzizdir.

Gözünü satmasan bunu yaxşı bil,

Bu sudan içməyin heç mümkün deyil.
“Yarpaq” anlayışı:

Dedi ki, “O yüksək ağacdan varın,

Gedin tez bir neçə yarpaq qoparın.

Suyu çıxanadək əzin yarpağı,

Sürtün yarasına sözümün sağı,

Bu əlac olunsa, xəstənin yenə,

Fər gələr, nur gələr kor gözlərinə.

Yaman olursa da əgər göz dağı,

Şəfadır dediyim ağac yarpağı.
“Xilaskar” anlayışı:

Yolun kənarında bir çeşmə vardı,

Soyuqdu el suyu ordan alardı.

Qız o şirin sudan gəlib doldurdu,

Sonra evlərinə getməyə durdu.

Birdən qulağına gəldi uzaqdan,

Yaralı xəstədən qopan ah-fəğan.

Eşidib o yana qız tez yüyürdü,

Gəlib qan içində bir gənci gördü.

Hər şeydən əvvəl hekayətin süjet xətti, təhkiyə tərzi xalq na­ğılları, əfsanə və rəvayətləri ilə üzvi vəhdət, daxili bağlılıq təş­kil edir. Əsərdə yol, su və göz obraz­ları ilk baxışda şərti an­layışlar təsiri bağışlasa da, əsas obrazların daxili aləminin açıl­ma­sı, ide­ya­nın oxucuya çatdırılması baxımından özül rolunu oy­nayır. Qəhrə­man­ların yol getməsi, yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadi­səylə rastlaşması, yola tədarük görülməsi, səfərə çıxma və qayıdış, üç yol ayrıcına çatmaq və sair bir çox süjetli folk­lor nümunələrinin dramatizmini təmin edənə amil­lərdəndir və bir az dolayısıyla ömrün əslində yol, in­sanın yolçu olmasını, ömür yolunun hamar olmadığını, keşmə­keş­lərin, nəticə çıxarmağa va­dar edən çətinlik­lərin labüdlüyünü diqtə edən fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssə­məsidir, suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyati əhəmiy­yətin­dən başqa insan dərdinin və kədərinin tər­cümanıdır. Təsadüfi deyil ki, folklorda hər üç anlayış haqqında kifayət qədər deyimlərə və yaxud söylə­mələrə rast gəlirik. Əsər­də əsas surətlərin xarakterinin açılmasın­da mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol oynayır.

“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri sən­dəl ağacının yarpağından hazırlanmış məlhəmin köməyi ilə sa­ğalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi ilə. Bu təsviri biz “Hatəmin nağılı” adlı nağılda, “Məlik Dücar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında müşahidə edirik. “Hatəmin nağılı”nda İbrahimin atasının gözləri, “Məlik Dücarın nağılı”nda Məlik Dücarın gözləri, “Kitabi-Dədə Qorqud” das­tan­larında Buğacın yarası yarpaqlardan və yaxud dağ çiçək­lə­rindən hazırlanmış məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və etiqadına, xalq hikmətinə – folklora söykənir. “Ko­roğlu” dastanında da Alı kişinin gözlərini ənənəvi olaraq Qoşa­bulağın suyu, yəni təbii vasitə sağaltmalı idi.

Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlar­dan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik təfəkkü­rün­də uğur­lu rəqəm statusu qazanmış, bir çox şifahi ədə­biy­yat nümu­nələrində müxtəlif çalarlarda işlənmişdir. “Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı” ifadələri və sair bu qəbil­dəndir.

Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dara, çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən gö­yərçin və yaxud başqa canlılar şəklində təqdim olunur. Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd quşu oynayır. “Məlik Dücar” nağılında xilaskar rolunu göyərçin­lər oynayır. “Xeyir və Şər” bu cəhətdən də xalq nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı – xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması təsadüflə bağlı olur.

Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri məz­mununda ifadə edən parçalar da diqqət çəkəndir. Yaxşılığa qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır:

Süfrəndən bu çörək yediyim qədər,

Sənə şükr eyləyə bilsəydim əgər,

Haqqını verməyə yaradan tarı,

Mənə kömək əli verəydi barı.

Ayrılıq gəlsə də çox ağır mənə

İcazə ver, artıq, gedim vətənə.

Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan sonra insanlıq naminə günahkarın günahını əfv etmək milli dəyərlər sistemində mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi həmişə təqdir olunmuşdur. Şər aman istədikdə, Xeyir adına uyğun hərəkəti ilə insanlıq fövqünə yüksəlir:

Nələr bacarırsan, mənə durma et,

Et ancaq özünə, adına nisbət.

Xeyir bu nöqtəni eyləyincə yad,

Tez onu ölümdən eylədi azad.

“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləş­məsi onların süjet xəttində olan oxşarlıqda və yaxud paralellikdə özünü göstərir. “Məlik Dücarın nağılı”nda padşah Məlik Dücarı öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya aparır. Məlik Dücar susuzluqdan əzab çəkir. Padşah ətrafda olan yeganə bulağı bir qarıya tapşırır və su istəyənin gözünü çıxarıb sonra su verilməsini tapşırır. Sonra su­suz­luqdan ölmək dərəcəsinə çatan Məlik Dücarı həmin bulağa göndərir. Məlik Dücar əlacsız qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır. Burada da Məlik Dücarın gözləri şəfa­verici yarpağın məlhəmi ilə sağalır.

“Hatəmin nağılı”nda Hatəm atasının gözlərinin dərmanının qarovulçuları divlər olan bir bağdakı ağacın yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra həmin bağı tapıb yarpaqları əldə edir və atasının gözləri həmin yarpaqların köməyi ilə şəfa tapır.

“Mərd və Namərd” nağılı həm süjet baxımından, həm də surətlərin xarak­terik xüsusiyyətləri baxımından, cüzi fərqlər nəzərə alınmazsa, “Xeyir və Şər” nağılı ilə paralellik təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi, bu oxşar motivlərin əksəriyyəti çox qədim ənənələrlə bağlı olan ilkin çağların nağılları ilə bağlıdır.

“Xeyir və Şər” nağılı süjetli folklor nümunələrində olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir və bu da xalq nağıllarında ənənəvi sonluqla səsləşmənin bir nümunəsidir.
ƏDƏBİYYAT

1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə, IV cild. Bakı: Elm, 1985.

2. Kitabi-Dədə Qorqud. Tərtib edəni S.Əlizadə. Bakı: Öndər, 2004.

3. Azərbaycan nağılları. 2 cilddə. Bakı: 1970.

4. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları. Bakı: Azərnəşr, 1991.

5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev. Bakı: Gənclik, 1976.

6. S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983.

7. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I cild. Azərb. SSR EA nəşriyyatı. Bakı: 1960.

8. N.Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983.
RAMİZ ALEKBEROV

SUMMARY

There had been partially explored folk motifs from fairy tale “Kheyir ve Sher” (“Good and Evil”) taken from the poem “Yeddi gezel” (“Seven Beauties”) of great Azerbaijani poet N.Ganjavi in the article. There it was spken about various elements, which make up the unity, the internal consistency with other expressions of folklore. There was a comparison with a few folk tales that make up an identical plot.



Key words: folklore, tale, well, evil, image
РАМИЗ АЛЕКПЕРОВ

РЕЗЮМЕ

В статье были частично исследованы народные мотивы из сказки под названием «Хейир ве Шер» («Добро и Зло»), взятой из поэмы «Йедди Гёзель» («Сем красавиц») великого Азербай­джан­ского поэта Н.Гянджави. Были доведены до сведения различные элементы, составляющие единство, внутреннюю согласованность с другими выражениями фольклора. Было пред­ставлено сопос­тавление с несколькими народными сказками, составляю­щими идентичный сюжет.



Ключевые слова: фольклор, сказка, добро, зло, образ

Aydın MUSTAFAYEV

AMEA Folklor İnstitutunun elmi işçisi
NİZAMİ GƏNCƏVİ VƏ MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük us­tadlarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və fəl­səfi düşüncəsinin inkişafı tarixində əvəzsiz rolu vardır. Hökm­dar, cəmiyyət, elm, din, idrak kimi problemləri əks etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi, Ş.İ.Xətayi, S.Vurğun, R.Rza, M.Müş­fiq, M.Araz və b. yaradıcılığına ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası N.Gəncəvinin folklora bağlılığı bütün poe­malarında geniş şəkildə özünü göstərir. Bununla bağlı pro­fessor Sədnik Pirsultanlı yazır: “Nizaminin bir sənətkar kimi yetişməsində başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol oynamışdır” [7,3]. Bu əsərlərdən biri də “Yeddi gö­zəl”dir. Xeyirlə şərin, halalla haramın, ədalətlə zülmün mübari­zəsindən bəhs edən “Yeddi gözəl” poemasında mütərəqqi, hu­manist ideyalar tərənnüm olunur. Nizami var-dövlət toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin ən böyük bəlası hesab edərək ağlı, idrakı,elmi hər şeydən üstün tutur:

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı [ 2,41].

“Yeddi gözəl” əsərində folklordan gələn xalq hikmətləri ilə şairin hikmət dolu düşüncələrinin qovuşduğunu görürük. O, əf­sanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə ya­ratdığı əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük tədqiqatçısı professor Xəlil Yusifli yazır: “Yeddi gözəl” poeması hər hansı mənbədən alınmış bir materialın məzmununun nəzmə çəkilməsi deyildir. Bəhram Ə.Firdovsinin “Şahnamə”də işlənmiş “Bəhram Gur” hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan yonub yaratdığı yeni, canlı sənət heykəlidir” [10,137].

Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnə­sinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa da olduqca ibrətamizdir. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı hə­yatını tədqiqata cəlb edərək yazır ki, gur, əjdaha, gor mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahanı öldürərək, gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha blokunda xe­yir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman bir-birilə müba­ri­zədədir. Mağara ölümün simvolik məkanıdır. Bəhramın əjdaha üzərində qələbəsi itirilmiş dəyərlərin qaytarılması kimi dəyər­ləndirilir [8,56-60].

Həqiqətən də bədxahlarla xeyirxahları, yoxsullarla varlı­ları, halal zəhmət adamları ilə müftəxorlar arasındakı münasi­bət­ləri qarşı-qarşıya qoyan şair, xeyirlə şərin daim mübarizə apar­dığı bu dünyada feodal-zadəgan sinfinə məxsus qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa çağırır. Vətən xain­lərinə, satqınlara, əmanətə xəyanət edənlərə ikrah hissi ilə yana­şaraq onların mənfi obrazını yaradır. Əməyə, zəhmətə, xalq mə­dəniyyətinə, adət-ənənəsinə xor baxanlar şər qüvvələr kimi təq­dim olunur. Saraylardan uzaq gəzən şair sadə, yoxsul, zəhmət­keş insanların əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa xidmət etməkdən şərəf hissi duymuşdur. Folklor örnəklərini xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk toplayıcısı və qoruyucusu kimi bir vəzifəni də yerinə yetirmişdir[6,43].

Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi iqlim­dən gətirilmiş yeddi şahzadə qızla yeddi gün yeddi günbəzli yeddi rəngli qəsrə çəkilir, eyş-işrətə başlayır. N. Gəncəvinin təd­qiqatçılarından professor X.Yusifli və Ə.Səfərli qeyd edirlər ki, “Yeddi rəng, yeddi planet, yeddi iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danışdığı yeddi nağıl Bəhramın işrətlər, se­vinclər, arzular dünyasıdır və bu dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır” [9,119].

Şahın etibarından istifadə edən vəzir ölkəni xarabazara çe­virir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə na­razılıqlar gündən-günə artır:

Məmləkət döndükcə xarabazara,

Xəzinə həsrət qaldı gəlirə, vara

Vəzirinsə evi xəzanə oldu,

Aləm başdan-başa viranə oldu [4,267].

Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz vəziyyətə düşən şah sadə xalqın nümayəndəsi, müdrik qoca bir çobanla qarşılaş­dırılır. Çoban həm şifahi xalq ədəbiyyatında, həm də klassik ədə­biyyatda müdrikliyin simvolu kimi xarakterizə olunur. Qo­naq­pərvər, dünyagörmüş çoban geniş təsvir edilmir. Şair bir ne­çə misra ilə sadə xalq nümayəndəsi olan çobanın böyük ob­razını yaradır. Çoban xəyanəti bağışlamır, şərə güzəştə get­mir. Nəfsinə güc gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam haqlı olduğunu bildirir:

Xəyanət eyləmiş o, əmanətə,

Satır əminliyi min xəyanətə

Bu işin üstündə asıb ağacdan,

Dedim ki, açmaram verməyincə can.

Günahkarla belə rəftar etməsən,

Kimsə deməz sənə: afərin, əhsən [4,271].

Əsərdə xəyanətkar itlə xəyanətkar vəzir Rast-Rövşən bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi satqınların axırda ölümə, məhvə məhkumluğunu açıb göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa bağlı, əməksevər və əma­nətə sadiq bir obraz kimi təqdim olunur. Sadə bir xalq nü­mayəndəsi olan çobanın idrakına mat qalan şahın açıq şəkildə etiraf etdiyini görürük:

Çobanın sözündə var idi hikmət,

Bu arif qocadan şah aldı ibrət...

Dedi ki: “Bu işə olmuşam heyran,

Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272].

Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə çək­mək, yaxud tarixi hökmdarların simasında ideal şah obrazı ya­ratmaq mütəfəkkir şair olan N.Gəncəvinin başlıca məqsədi ol­mamışdır. Araşdırmalar göstərir ki, onun yaradıcılığının əsas qa­yəsini cəmiyyətin problemləri və insan fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır: “Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin ən qüdrətli və kamil varlığıdır. İnsan həyatının məqsədi zəhmət-yaradıcılıq və fəaliyyətdir” [1,125]. Şair göstərir ki, kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən bəhrələnməyə məhkumsan. Xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban obrazı məhəb­bətlə yaradılmışdır. “Qazan xanın evinin yağmalanması boyu”n­da əsas obrazlardan biri Qaraca Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək düşməni məğlub edir. Qazan xan tərəfindən danlanan Qaraca Çoban deyir:

Nə qaqarsan bana, ağam Qazan?

Yoxsa, köksündə yoqmıdır iman?... [3,45].

Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır xan­dan sonra birinci adam olan Qazan xanla bərabər səviyyədə təq­dim olunur. O, başına gələnləri belə nəql edir:

Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm, ğəza etdim. Simüz qoyun, arıq toqlı sənin qapundan kafərlərə vermədim. Üç yerdən yara­landım, qara başım bun aldı, yalnız qaldım...” [3,46].

Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadir­dir. Görkəmli alim H.Araslı N.Gəncəvi ilə bağlı araşdırma­la­rın­da qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və sə­mi­miyyətdir” [2,19]. Çoban itə ən ağır cəzanı ona görə verir ki, köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir. Qa­raca Çoban da ona görə geri çəkilmir, kafirlərlə danışığa get­mir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri xalqı­mızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə olmaz xəya­nət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə Qorqud” dasta­nında ço­ban cəsur, qorxubilməz, yenilməz, sədaqətli, təd­birli; “Yeddi gö­zəl” poemasında isə gözüaçıq, halalı harama qat­mayan, müdrik qəhrəman kimi səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəma­nədə bacarıqsız, qabiliyyətsiz insanlara “ço­ban­dır”, yaxud “ço­ban-çoluqdur” deməklə əslində tarixlər boyu müdrikliyin simvolu olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir.

Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi:

Şeirdən ucalıq umma dünyada

Çünki Nizami ilə qurtardı o da.

Nizami Gəncəvinin əsərləri doqquz əsr keçməsinə baxma­yaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi ədəbiy­yatşünaslar, folklorşünaslar, tarixçilər, etnoqraflar, filosoflar tə­rəfindən dərindən araşdırılaraq öyrənilir. Mayası, ruhu folk­lorla yoğrulan və real həyatdan götürülən əsərlərinin heç vaxt dəyər­dən, qiymətdən düşməyəcəyini dahi filosof əvvəlcədən görürdü:

Şeiri oxunanda bu Nizaminin

Özü də hər sözdə görünər yəqin...

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: “Burda, burdadır!” [5,362].


ƏDƏBİYYAT

1. Ağayev Əkbər. Nizami və dünya ədəbiyyatı. Bakı: Azər­nəşr, 1964.

2. Araslı Həmid. Nizami və Vətən. Bakı: Azərnəşr, 1943.

3. Kitabi-Dədə Qorqud (Fərhad Zeynalov, Samət Əlizadə) Bakı: Yazıçı 1988.

4. N.Gəncəvi. Yeddi gözəl (Lider nəşriyyatı) Bakı, 2004.

5. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, “Yazıçı”, 1983, 401 s.

6. Paşayev Sədnik. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı. “Azərnəşr”-2009.

7. Paşayev Sədnik. Nizami və folklor. Bakı, 1976.

8. Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003.

9. Səfərli Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı Bakı: “Maarif”, 1982.

10. Yusifov Xəlil. Şərqdə intibah və N.Gəncəvi. Bakı, 1982.
AYDIN MUSTAFAYEV


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə