Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə4/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

Y.M.Lotman şeirin struktur təhlilini aparanda mifoloji amillərin hətta müasir poeziyanın da ən sirli cəhətlərinin, gö­rünməyən tərəflərinin əlaqələndiricisi rolunu yerinə yetir­di­yini göstərir. Poetik fiqurların dünyanın quruluşuna uy­ğun verilməsi bir tərəfdən ənənədən gəlir, digər tərəfdən «Ar­xetiplər» təliminə uyğun olaraq alimin yaradıcılığına üz tütduğu söz sənətkarının (N.A.Zabolotskiy) həyatda çətinlik­lərlə qarşılaşıb psixoloji hallar keçirməsindən doğur. «Yuxa­rı/aşağı» (verx/niz) modelinin cəmiyyətdəki əksliklərə şamil edilməsindən danışanda M.Lotman bildirir ki, «yuxarı» hə­mişə «uzaq», «aşağı» isə «yaxın» sözlərinə sinonim anla­mın­da da işlədilir61. Bədii əsərin poetik strukturunun, xüsusilə bütünlüklə ilkin təsəvvürlərdən, xalq inanclarından qidala­nan Nizami kimi şairin yaradıcılığının mifoloji modellərə uyğunluğu ilk baxışda təəccüb doğursa da, əslində əsas mənəvi sərvət sayılan ölçülü-biçimli poeziyanın ilhamdan – dünyanı idarə edən qüvvədən, kənar enerjidən doğduğunu sübuta yetirir. Çünki şeir adi informasiyanın ruhun dərin qatlarından keçirilməsi, xəyali dünyalarda obrazlaşması və kodlarla, işarələrlə, simvollarla əksidir. Nizamidə

a) yüksəklik, kamillik, haqq (ədalət), xeyir, yaradıcılıq vü­səti, işıq, istilik, gerçəklik, uzaq, genişlik, inkişaf//fəaliyyət, me­tamorfoza, azadlıq//müstəqillik, müxtəlif məzmunlu dolğun in­formasiya, fikir//düşüncə (mədəniyyət), yaradıcılıq potensialı (yeni formalar yaratmaq), harmoniya//tarazlıq, əbədiyyət, yaşar­lığın mənbəyi yuxarıda,

b) alçaqlıq, nadanlıq, zülm, şər, mütilik, zülmət, soyuqluq, yalan (uydyrma), yaxın, sıxlıq, fəaliyyətsizlik, mexaniki hərəkət, əsarət//köləlik, məddahlıq, təbiət, qabiliyyətin yoxluğu, qarışıq­lıq, durğunluq, ölüm isə aşağıda yerləşir.

Onların arasında eşq durub tarazlıq yaratmasaydı, dünya məhvərindən çıxar, yüksəklik-alçaqlıq, kamillik-nadanlıq, haqq (ədalət)-zülm, xeyir-şər, istedad-mütilik, işıq-zülmət, istilik-so­yuq­­luq, uzaq-yaxın, genişlik-sıxlıq, inkişaf (fəaliyyət)-fəaliy­yət­sizlik (tənbəllik), metamorfoza-mexaniki hərəkət, azadlıq (müs­təqillik)-əsarət (köləlik), informasiya-məddahlıq, fikir // düşüncə (mədəniyyət)-təbiət, yaradıcılıq (yeni formalar tapmaq) – qabi­liy­­yətin yoxluğu, harmoniya (tarazlıq)-qarışıqlıq, əbədiyyat-dur­ğunluq, gerçəklik-yalan (uydurma), həyat-ölüm qarşıdurması təzədən xaos yaradardı. Məhəbbətin atəşi aşağıdan yuxarıya doğ­ru uzanan düz ox boyu çoxaldıqca pisliklərin, mənfiliklərin gücü tükənir, fəallığı sönür.











Şərq intibahının çiçəklənən çağında – XII yüzillikdə Azər­baycan ədəbiyyatı bəşər mədəniyyəti xəzinəsinə iki eşq dastanı bəxş etmişdi və Nizami özünə qədərki fikir dəryasına baş vurub çoxsaylı qənaətləri ümumiləşdirməklə yer üzünə yeni ab-hava gətirmişdi. O, söz sənətkarlarının gül bağçasında daha ətirli və daha təravətli çiçək yetişdirməklə məhəbbətin iki formasını üzə çıxardıb insanlığı uzun müddət imtahana çəkmiişdi. «Xəmsə»­dəki təsvirlərdən alınan nəticəyə görə, eşq

a) ilk olaraq, bütün varlıqların doğulması və inkişafını şərtləndirən daxili enerjidir. Onun gücüylə şər xeyirləşə bilir.

Şair dünyanı vahid orqanizm kimi götürüb onun içərisində olan bütün varlıqların eyni başlanğıcdan güc alaraq idarə edildi­yini irəli sürür və hər şeyin bir-biri ilə əlaqələnməsinə, bağlan­masına, təbiətdə, cəmiyyətdə müxtəlif münasibətlər qurulma­sı­na, yeniləş­mə­yə təkan verən enerjini məhəbbətlə eyniləşdirir. İnsanı – dünya­nın əşrəfini əsas canlı varlıq kimi eşqin daşıyıcısı hesab edir. Mə­həbbətin qarşısında xudbinlik, şərxislətlilik, eybə­cər­lik, kin-kidurət, zülm, qaranlığın öz mövcudluğunu itirirdiyi qənaətinə gəlir. Şirin sevgisiylə Xosrovu vətənpərvər, humanist, elmə, incəsənətə maraq göstərən, mənəvi dəyərləri qiymətləndi­rən, ürəyində hamıya qarşı rəhm bəsləyən, bədxahlıqdan üz dön­dərib ancaq yaxşılıq etmək barədə düşünən müdrik hökmdara, sədaqətli ərə çevirir.

b) İkincisi, eşq cəmiyyətin gələcəyə doğru uzanan uğur yolunun işığıdır. Bu yol haqqın dərgahından keçir.

«Məhəbbətin gözü kordur!..» Bu hikmətin mənasını müx­təlif cür yozurlar. Hətta onu «Könül sevən göyçək olar» məsəli ilə də eyniləşdirirlər. Lakin birinci müdrik fikirdə işığın yoxlu­ğundan bəhs açılır. Parlaq günəşə baxmaq mümkün deyil. Mə­həbbəti də günəş şüalarına bənzədirdilər. O səbəbdən də ona tutulanların gözləri kor sayılır.

Könlünə sevgi qığılcımları düşənin qarşı tərəfi həmişə gözəl görməsinə gəlincə, şair təsdiq edir ki, məhəbbətin xəmiri gözəllikdən yoğrulub, onun beşiyi də, məskəni də həmişə gö­zəlliyə bağlanıb. Ona görə də sevgi, eşq olan yerdə çirkinlikliyə yer qalmır. İşığın dünyaya hökmranlıq etdiyi, daha döğrusu, günəşin çıxıb batdığı çağlarda şərin meydanı daralır, eybəcərlik qaranlıq yerə girib yox olur.

İşığı ürəyindən keçirən insanları irqinə, cinsinə, silkinə, millətinə və əqidəsinə görə biri-birindən ayırmaq məhəbbəti dan­maqdır. Sadalananlar bəşər övladının elə zahiri əlamətləridir ki, heç biri onun mahiyyətini üzə çıxartmağa qadir deyil. Meyvənin qabığının nazikliyi-qalınlığı, bərkliyi-yumşaqlığı, sarılığı-qırmızı­lığı, hamarlığı-tüklülüyü ilə dadını müəyyənləş­dirmək mümkün olmadığı kimi insanların da dərisinin rənginə, dilinə, var-döv­lə­tinə, dininə baxıb nəyə qadir olduğunu, kimliyini aydınlaşdırmaq çətindir. Onun çölünün göstərdiklərinin içərisinə dəxli yoxdur. Bu səbəbdən də şüura malik varlığı hissiz, duy­ğusuz, cansız əşya kimi satmaq, eləcə də satın almaq böyük gü­nahdır. İnsan heyvan olmadığı üçün özününkülərə qənim kəsil­məməlidir. Çünki o, sevgisi və ağlıyla başqa canlılardan seçilir.

Dünyada qadınların da, kişilərin də həm müdrikləri, həm də dar düşüncəliləri olur. Var-dövlət, güc ərin yaraşığı olsa da, kişiliyi deyil. Kişilik əlin səxavətiylə və ağılla ölçülür. Nizami təbəqələşmənin, bölünmənin, parçalanmanın əleyhinə idi. Onun qənaətlərinə görə, insanın ürəyindəkilər yalnız onun özünə məx­sus mənəvi sərvətdir. Sevgi isə yaradıcının hər kəsə bağışladığı paydır. Allahdan gələni isə heç bir qüvvə dəyişdirməyə, yox etməyə qadir deyil. Çünki ölüncədi.

Cəmiyyət sevgiylə idarə olunsa, aləm gül-çiçək ətrinə tutular.


ƏDƏBİYYAT

1. Nizami. Yeddi gözəl (filolji tərcümə). Bakı, 1983.



  1. Nizami. Leyli və Məcnun (filoloji tərcümə). Bakı, 1981, s. 18

  2. Nizami. İsgəndərnamə (filoloji tərcümə). Bakı, 1983, s. 22

  3. Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliye­vindir. –Bakı, 1981, s. 79-81.

  4. Türk şiiri özel sayısı III (Halk şiiri). Türk dili. Aylık Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 260.

  5. Лотман Ю.М. Анализ поэтического текста. Изда­тель­ства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 104

  6. Философия любви, Т. 1, с. 25 (См: Маркс К., Энгельс Ф. Соч. Т. 21, с. 79)

  7. Kitabi-Dədə Qorqud. – Bakı, Yazıçı, 1988, s. 83

  8. Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116

  9. Крачковский И.Ю. Ранная история повести о Меджнуне и Лейли в арабской литературе. Изб. сочинения., том II, М.-Л., 1956, с. 591-596; Е.Э.Бертельс. Источники “Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, с. 266-275

  10. Бертельс Е.Э. Источники “Лейли и Меджнун” Низа­ми. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, с. 268

  11. Алиев Г.Ю. Академик А.Е.Крымский и его сочи­не­ние «Низами и его современники». – Введение в кн. А.Е.Крым­ский. Низами и его современники, Баку, 1981, с. 11

  12. Алиев Р.М. Низами и его поэма «Лейли и Медж­нун». – Предисловие к кн.: Низами Гянджеви. Лейли и Медж­нун. Перевод с фарси, предисловие и комментарие Рустама Алиева, Баку, 1981, с. 11

  13. Ширвани Ю.З. Еще раз об источниках поэмы «Лей­ли и Меджнун» Низами /Опыт историко-сравни­тель­ного изучение литературных взаимосвязей/. – журнал «Уче­ние записи Азербайджанского Университета»,серия: язык и литература, 1966, № 6

  14. Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın kitabxanasında sxlanır).

  15. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay­naq­ları. – Bakı, 1991, s 108

  16. Бахшалиева Г.Б. Предисловие к кн. Абу-л-Фарадж Ал-Исфахани. Книга песен. Филологический перевод с араб­ского, предисловие, исследование, комментарии и ука­затели Г.Б.Бахшалиевой. – Баку, 1994, с. 20

  17. Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri. – Bax:. «Nizami» almanaxı, Birinci kitab, Bakı, 1940, s. 181

  18. Sm.: İbn Xalikan. Kitab vafaət…, I-IV, al-Kaxira, 1948

  19. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay­naq­ları. – Bakı, 1991, s 103

  20. Розанов В.В. Люди лунного света. Метафизика христианства. Второе издание– С.Петербургь, 1913

  21. Гередот. История. В девяти томах. – М., 1999, с. 87-88

  22. Şirvani Yusif Ziya. «Leyli və Məcnun» əsərinin mey­dana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, Üçüncü kitab – Bakı, 1941, s. 120-126

  23. Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azər­bay­can ədəbiyyatı, s. 109

  24. Крымский А.Е. Низами и его современники. – Баку, 1981, с. 27 вя 79

  25. Hacılı A.Bayatı poetikası. – Bakı, 2000

  26. Тодоров Цветан. Поэтика. В кн. «Структурализм: «за» и «против». – М., 1975, с. 37

  27. Лотман Ю.М. Анализ поэтического текста. Изда­тель­ства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 257


РАМАЗАН КАФАРЛЫ

идеал любви у низами: миф, легенда или действительность

РЕЗЮМЕ

В статье анализируются один из главных идей произведе­ний Низами – идея любви. В своем энергичном повествовании автор приближает героев великого Низами к нашей со­времен­ности и отвечает на интересующие читателя вопросы о любви и влюблённости, многие из которых подняты впервые.



Ключевые слова: идеал любви, мифическое пространство, время мифическая, магические числа

Ağaverdi XƏLİL

aqaverdi@yandex.ru



NİZAMİ VƏ FOLKLOR: ŞİFAHİ VƏ YAZILI

ƏNƏNƏ ƏLAQƏSİ KONTEKSTİNDƏ
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri özündə qədim mədəniyyətin incilərini qoruyub saxlayan və əsrlər keçə­rək bu möhtəşəm mənəvi mirasın günümüzə qədər itki və zədə gör­­mədən gəlib çıxa bilməsini təmin edən mühüm mənbədir. Vax­tilə ulu öndər Heydər Əliyev Nizami irsini çox yüksək qiy­mətləndirərək onun adı ilə bağlı elmi və mədəni tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdi. “Azər­baycanda Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, əsər­lərinin nəş­ri, təbliği, tədqiqi və dünyada yayılması işinin mü­kəm­məl şə­kildə rəsmi təşkili Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli si­yasi xadim Heydər Əliyev istər sovet dönəmində, istərsə də milli müstəqillik qazandıqdan sonrakı dövrdə Nizami Gəncəvi şəxsiy­yətinə və irsinə son dərəcə böyük ehtiramla ya­naşmış, ciddi diq­qət və qayğı göstərmiş, geniş və çoxistiqamətli tədbirlər proqra­mı həyata keçirmişdir” (1, 13).

Çünki mədəniyyəti dərindən bilən, onun incəliklərinə bə­ləd olan, onun tarixi-mədəni əhəmiyyətini müəyyənləşdirə bi­lən şəxsiyyətlər Nizami irsinin nə qədər milli və nə qədər bəşəri bir dəyər daşıdığını aydın təsəvvür edirlər. Nizami dünyada yaşa­dı­ğı bölgəsinə görə tanınan insanlardan deyil, o elə dahi şəxsiy­yətdir ki, ona görə onun ölkəsini tanıyırlar. Yeni dövrdə isə belə bir dahi şəxsiyyətimiz ulu öndər Heydər Əliyev oldu. Ulu öndər dahiliyin dəyərini bildiyindən Nizamiyə həmişə və hər zaman həssas yanaşdı, onun irsinin öyrənilməsi və təbliği üçün zəruri olan bütün rəsmi tədbirləri həyata keçirdi. Məhz ulu öndərin ya­ratdığı şərait sayəsində tədqiqatçılarımız Nizami irsinə yenidən müraciət etdilər və onu ən müxtəlif istiqamətlərdən araşdırmaya cəlb etdilər. Bunun nəticəsidir ki, indi Nizamini dahi Azərbay­can şairi kimi, filosofu və şeyxi kimi mükəmməl şəkildə təqdim edən onlarla tədqiqat əsərləri mövcuddur.

Nizaminin dünya şöhrətli bir şəxsiyyət olması, onun za­manın sərhədlərini sındıran əsərlərinin əzəməti və möhtəşəmliyi onu başqaları üçün də cazibədar edir. Dünyanın bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun milli mənsu­biyyətini özlərinə bağlamağa cəhd edirlər.

Məlumdur ki, Nizami Azərbaycanda doğulub, Azərbaycan türküdür, əsərlərini isə o dövrün bir çox türk şairləri kimi türk­lərin bir dönəm şeir dili olaraq istifadə etdikləri fars dilində yazıb. Dil tədqiqatçılarımız Nizaminin dilində çoxlu türk sözləri aşkarladılar. Tarixçilərimiz onun yurdunun Azərbaycan oldu­ğu­nu bir daha təsdiqlədilər. Dahi şairin milli mənsubiyyətini müəy­yənləşdirən əsas istiqamət isə folklor idi ki, bu məsələ ilə ardıcıl olaraq Sədnik Paşa Pirsultanlı məşğul olmuşdur.

Qeyd edim ki, milli düşüncənin gerçəkləşdiyi folklor mətn­ləri əslində “zahirən tərcümə” olunur. Onun ifadə etdiyi sxem, kod və məlumat isə yerində qalır. Azərbaycan düşün­cəsinə məx­sus olan və ya düşüncənin Azərbaycan modelindəki sxemlər, kod­lar və məlumatlar bir milli sistemin elementləri ol­duğundan onlar invariant xarakterlidir və dil tərcüməsi zamanı da dəyişmirlər. Çünki onlar dillə ifadə olunan dildən böyük vahidlərdir.

Araşdırmalardan məlum olur ki, Nizami Gəncəvi xalq ya­radıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümu­nələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün us­talıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertles yazır: “Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə et­məmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şi­fahi rəvayətlər onun üçün material olmuşdur”. Nizami xalq hik­mə­tini, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sə­nətkar ki­mi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azər­baycan xalq yaradıcılığı mühüm rol oynamışdır.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Pro­fessor M.H.Təhmasib yazır ki: “Qədim Azərbaycan ədəbiy­yatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrla­rından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə” sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsər­ləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağdakı tə­rəf­lərlə alqoritmik məzmun kəsb etmişdir:

1. Sənətkarın xalq ədəbiyyatından istifadə etməsi.

2. Xalq ruhuna dərindən bələd olan sənətkar olan Niza­mi­nin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folk­lorda izləri.

3. Nizaminin həyatı ilə əlaqədar yaranmış yeni folklor nümunələri, yaxud el variantı kimi yaranmış əsərlər.

Nizami müxtəlif folklor nümunələrindən, o cümlədən əsa­tir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifa­də etmiş və sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. Nizaminin ilk böyük əsəri olan “Sir­lər xəzi­nə­si”ndə xalq əfsanə və nağıllarından istifadə edil­mişdir. Bunlar­dan “Süleyman və əkinçi” ,“Nürşiravan və bay­quşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nü­munələri göstərmək olar.

Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə ərazisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə, demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrətli, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin hümanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşla­rın belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oya­nışı və əməlindən peşmançılıq çəkdiyi verilir.

“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Ha­run ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “Zsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.

Ümumiyyətlə, Nizami əsərləri öz kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və Zəhər əfsanəsi” xalq arasında başqa şəkildə danışılır, xalq ara­­sında bu, “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr ara­sında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konfilikt eynidir: iki alimdən biri yaşamalı, digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazır­layanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.

Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanə­lərdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun” dan ustalıqla bəhrələnmiş və “Xəmsə”­si­nə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. La­kin bu əfsanənin yalnız ərəb mənbələrindən alındığını iddia edən­lər əlbətdə yanılırlar. Çünki bu əfsanə ərəb mənbələrində öz əksi­ni tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədə­biy­yat­da həkk olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsasla­naraq yazır ki: “Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həl­ledici rol oy­na­mır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üs­tün­lük təşkil edir”. Şirvan hökmdarı Axistanın Leyli və Məcnun əf­sanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil. Bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri ol­muş, Azərbaycan əhalisi arasında bu əfsa­nə sevilərək yazılmışdır”.

Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” muğa­mı­nın guşələrindən birinin “Leyli və Məcnun” adlanması yu­xarıda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poe­masının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrəli şair də bundan həvəslə bəhrələnmişdir.

Nizaminin “Leyli və Məcnun” poemasında “İt və Cavan” rəvayəti ilə şahın zülümkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi ve­rir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm də oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdir­mək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, ”Göyər­çin əfsanələri”, “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qır­mı­zı­dır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gən­cəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə ya­naşı, təm­sil­lərdən də ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla fayda­lan­mışdır. Məsələn, onun “Sirlər xəzinəsi”ndə verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyatındakı “Tülkü və Qarğa” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qı­zılquş”, “Mey­və­satanla tülkü”, ”Ovçu, it və tülkünün dastanı” təm­silin ən yaxşı numunələridir. Bundan sonra humanist şair “Xos­rov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o, öz yara­dıcılığı ilə xalq həya­tına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xos­rov və Şirin” əsərinin müqəddi­məsində deyilir:

Məlum hekayədir bu “Xosrov Şirin”

Ancaq dastan yoxdur bu qədər şirin,

Ruha xoş gəlsə də, bu gözəl dastan

Pərdədə qalmışdı bu gəlin çoxdan.

“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl əfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu” (M.Rəfili).

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dovrün bütün hadisələri ilə səs­ləşdirilmişdir. Bütün bunlar xalq bədii təfəkkülünü inkşafına əhəmiyətli təsir göstərmişdir.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilinə tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı numunələrindən istifadə etməklə bərabər, özudə yeni aforizmlər, hikmətli sözlər yazmışdır: “Ot kökü üstündə bitər”, ”Pişik balasını istədiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu qoyun ayağından asarlar, keçini keçi”, “özgəyə quyu qazan özu düşər” və s.

Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiy­ya­tın­dan ustalıqla faydalanmış, həm də onun inkişafına güclü təsir et­mişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur.

Epos yaradıcılığının son mərhələsində qədim epos və das­tanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəm­sə”si tükənməz bir xəzinə, qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğan aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məc­nun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Gü­ləndam” və başqaları bunun ən yaxşı numunələridir. Bunlardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” və “Məmməd və Güləndam” isə Nizaminin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır.

Nizami və folklor mövzusu müasir dövrdə bir çox tədqi­qat­çıların araşdırma mövzusu olmuşdur. Onlardan biri də gör­kəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. O, bir folk­lorşünas alim olaraq xalq yaradıcılığının ən müxtəlif sahələrinə dair tədqi­qatlar aparmışdır və onun tədqiqatlarının mühüm bir cəhəti də on­dan ibarətdir ki, apardığı təhlillər konkret olaraq topladığı ma­te­riallara əsaslanır. Şifahi qaynaqların zənginliyi Səd­nik Paşa Pir­sultanlının əsərlərini səciyyələndirən əsas cəhətlərdəndir.

Xalq yaradıcılığının yaddaşlarda yaşayan yadigarlarına ya­xından bələd olan Sədnik Paşa Pirsultanlı onları yazılı qay­naq­larda dərhal müəyyənləşdirir və hər kəsdən daha sərrast seçə bilir. Folkloru yaddaşlardan itkisiz və qalıqsız bir şəkildə top­layıb öyrənən alim həm də uzun illər ərzində fenomenal bir folk­lor yaddaşına malikdir. Bu zəngin ehtiyat ona imkan verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat əlaqələrini mü­kəm­məl bir şəkildə araşdırsın. Bu xalis elmi bir problemdir və filoloji araş­dırmalarda aktuallığını saxlayır. Digər məsələ isə milli təəs­sübkeşlik məsələsidir.

Folklorun milli düşüncənin ifadəsi olduğunu diqqətdə sax­layan alim Nizami irsində Azərbaycan xalq yaradıcılığının ən müxtəlif janrlarını aşkarlamaqla onun təkcə əsərlərinin deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən qaynaqlan­dığını və ya başqa sözlə onun türklüyünü aydınlaşdırmışdır. Bunun üçün onun istifadə etdiyi folklor qaynaqları içində əfsanələrin xüsusi yeri vardır. Əfsanələr bir folklor janrı olaraq mifə çox yaxın olan mətnlərdir. Əslində əfsanə gerçəkliyin mifoloji izahıdır. Amma bununla yanaşı əfsanə özündə mifoloji dünya modelini əks etdirən mühüm mətn qaynağıdır. Bu mətn­lərdən milli düşüncə bərpa oluna bilir. Eyni zamanda əfsanədə tarix, coğrafiya, etnoqrafiya və s. bu kimi məlumatlar da spesifik şəkildə mövcud olur. Bu mənada əfsanə bir janr olaraq folklor­şünaslığın ciddi problemidir.

“Azərbaycanda ən qədim zamanlardan əfsanələr toplanıb sistemə salınmamış, öyrənilməmişdir. Eradan əvvəl V əsr yunan tarixçisi Heredotun əsərində məzmunu verilən Midiya əfsanələri göstərir ki, Azərbaycanda folklorun bu janrı çox qədim bir tarixə malik olmuşdur. Azərbaycanda əfsanələr ilk dəfə e.ə. V əsrdə qələmə alınsa da, bu sahədə Azərbaycanlıların daha qədim bir ənənəyə malik olduqları aydındır. Bunu Heredotun göstərdiyi əfsanələrlə yanaşı, indiyə qədər respublikamızın müxtəlif rayon və kəndlərində yaşayan çoxsaylı əfsanələrin məzmunu və xarakteri də təsdiq edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri ilə çox qədim dövrlərin baxış və görüşlərinə bağlıdır”. Əfsanələrin hələ əski zamanlardan yazıya alınması onlar üzə­rində tədqiat aparmaq imkanlarını bir qədər asanlaşdırır. Çünki belə olduqda yazılı qaynaqla şifahi yaddaşda yaşayan oxşar nümunələri müqayisə etmək imkanı yaranır.

“Sonrakı dövrlərin epik poeziyasında, o cümlədən Nizami­nin əsərlərində istər Heredotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, folk­lorla qüvvətli şəkildə bağlı olan Nizami, əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətini xalq əfsanələrindən aldığı kiçik süjetlərlə bəzəmiş, ümumiləşdirmiş, qüvvətləndirmiş, xalqa ya­xınlaşdırmışdır. Məhz buna görə də yazılı epik poeziyanın əf­sa­nələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Nizami yaradı­cılığı zəngin material verir. Bu mütəfəkkir şairin əsərlərində əf­sa­nələrdən yerli-yerində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxımından da fayda­lıdır. Bunları nəzərə alaraq, biz burada daha çox Nizami və Azər­baycan şifahi ədəbiyatı problemi üzərində dayanmaq istər­dik”. Problemə ciddi tədqiqatçı münasibəti və zəngin məlumat ehtiyatı alimə uğurlu nəticələr almaq imkanı təqdim edir. Bunun üçün alim əsas yanaşma istiqamətlərini müəyyənləşdirir.

Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiy­ya­tının, folklorun, qədim Azərbaycan bədii təfəkkürünün tükən­məz xəzinəsidir.

“Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbə­lə­rindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Ni­zami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərcə kiçik, böyük əfsanələrə, əsa­tirlərə təsadüf edilir. Bunlardan bəzilərini o özü yaratmış, bəzi­lərini isə müxtəlif yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır (14,28). Tədqiqatdan aydın olur ki, dahi şair özündən əvvəlki yazılı irslə də yaxından tanış olmuş, bəzi folklor məlumatı ondan da öncə yazılı ədəbiyyata daxil olmuşdur. Tarixi qaynaqlara yaxından bələd olan Nizami bu tipli məlumatlara həssas yanaşmışdır.

“Nizami dastanlarının başlıca mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir” (2, 25). Bu qeydi bir qədər də dəqiqləşdirərək S. Paşayev yazır: “Nizami özünə qədərki Şərq ədəbiyyatında və folklorunda mövcud olan ədəbi növlərdən və janrlardan da bacarıqla, yaradıcı şəkildə özünə­məx­sus tərzdə istifadə etmişdir. Əlbəttə, Nizami bütün başqa mənbələrlə yanaşı, öz doğma xalqının yaılı və şifahi ədəbiy­yatından daha geniş şəkildə faydalanamışdır” (9, 7).

Nizami əsas mövzularını xalq yaradıcılığından alıb, yara­dıcılığını həmin mənbəyə uyğun, xalqın istək və arzuları ilə həmahəng şəkildə inkişaf etdirən bir sənətkar olduğundan onun əsərləri sonrakı şifahi ədəbiyyatımıza güclü təsir göstərmişdir. Şair əsərlərində müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən ge­niş istifadə etdiyi kimi, onun yaradıcılıq xəzinəsi də öz növbə­sində yeni əfsanələrin, rəvayətlərin meydana gəlməyi üçün tü­kən­məz bir qaynaq rolu oynamışdır. Bütün bunlar, Nizaminin Azərbaycan torpağı ilə, doğma xalqının bitib-tükənməyən folk­lor xəzinəsi ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir. Nizami mövzusu bizim filologiyamızda müəyyən qədər işlən­mişdir. Nizami və folklor istiqamətinə də müraciətlər olmuşdur. Sədnik Paşa Pirsultanlı problemin tədqiq tarixini də yaxından araşdırmış və dəyərli mülahizələri əsərində məqsədyönlü şəkildə istifadə etmişdir. Tədqiqatları nəzərdən keçirən alim yazır: “Ni­zami və folklor probleminə bir sıra araşdırmalar həsr edilmişdir: Nizami və Dədə Qorqud dastanları, Nizamidə xalq sözləri, xalq ifadələri və zərbməsəllər, Nizami yaradıcılığında Azərbaycan xalq mərasimləri və başqa məsələlər ayrı- ayrı tədqiqatçılar tərəfindən işlənmişdir” (2;3;4;5;6;7;8;9 və b.). Fundamental araş­dırma baxımında qeyd etməliyik ki, Nizaminin Azərbaycan əsatir və əfsanələri ilə bağlılığını ilk dəfə Sədnik Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq araşdırmışdır. Bu mövzunu in­cəliklərinə qədər araşdıran alim bu sahədə diqqəti çəkən fikir və mülahizələrə də həssas yanaşır.

Alimin qeyd etdiyinə görə, akademik H. Araslı Nizami Gən­cəvinin folklor əlaqələrini öyrənməyin elmi əhəmiyyətindən bəhs edərək yazır: “Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəx­siyyəti və onun qəhrəmanları, əsərlərinin süjetləri ilə əlaqədar çox materiallar vardır ki, bunların elmi surətdə toplanması ni­za­mişü­naslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müx­təlif va­riant­ların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyektidir”. Məsələnin aktuallığını bir daha təs­diqləmək üçün problemlə yaxından tanış olan mütəxəssislərin də fikirlərini diq­qətə çəkən müəllif yazır: “Nizami tədqiqatçılarının çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər ki, “o, klassik şairlərimiz içə­risində hamıdan artıq xalq yaradıcılığı xəzinə­sin­dən istifadə et­mişdir”. Bundan sonra alim problemi daha ciddi və dəqiq araş­dırmaq üçün əsas istiqamətləri təsnif edərək müəy­yənləşdirir:

“Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi mümkün sayırıq:



  1. Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və və əfsanələr, yaxud da başqa folklor nümunələri.

  2. Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.

  3. Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər.

Nizaminin Şərq əfsanələrindən daha çox faydalandığını müşahidə edən müəllif iki səbəbdən bunları xüsusi olaraq qeyd etmir. “Birincisi ona görə ki, əfsanələrdə lokallıq-milli mənsu­biyyət, bir xalqa məxsusluq, çox güclü olur. Belə ki, əfsanələr düşdüyü yeni folklor mühitində xeyli dəyişir, milli zəminlə çulğaşaraq yeni keyfiyyətlər qazanır, özümləşir. Həm də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi ilə, xalqın tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı olur. İkinci səbəb isə ondan ibarətdir ki, Şərq əfsanələrində Azərbaycan xalqının da payı vardır. Məsələn, “Əshabi-kəhf”, “Nuhun tufanı” və başqa əf­sanələr buna misal ola bilər. Bu əfsanələr nəinki Azərbaycan xalqına məxsusdur hətta bu əfsanələrlə bağlı yerlər də yur­du­muzun ən qədim yaşayış guşələrindən biri olan Naxçıvan tor­pağındadır. “Əshabi-kəhf” və oradakı “Cənnət bağı”, Nuhla bağlı əfsanələrdə adları çəkilən İlandağ, Kəmçi və Ağrı dağları da Naxçıvanda və ona yaxın ərazilərdədir.

S.Paşayevə görə, Nizami qədim folklor nümunələrindən istifadəni başlıca yol saymamış, yeri gələndə başqa mənbələrə də müraciət etmişdir. Dahi şair folklordan aldığı kiçik süjetlər əsa­sın­da yeni keyfiyyətli incilər yaratmışdır. Bunu şairin epik əsəri olan “Sirlər xəzinəsi”ndəki bir sıra hekayətlər, o cümlədən “Sü­leyman və əkinçi”, “Bülbül ilə qızılquşun dastanı” və baş­qaları da təsdiqləməkdədir.Onlarla bu kimi nümunələrin tarixi-müqayisəli təhlili alimə o qənaətə gəlməyə əsas vermişdir ki, həmin örnək­lər “bilavasitə Azərbaycan folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə qaynaqlarından istifadə yolu ilə yaradılmışdır”.

Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, “Xəm­sə”dəki hekayətlər, onların süjet və motivləri ilə səsləşən, ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor nümunələri (xüsusən əsatir və əfsanələr), bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. Belə mürəkkəb və çoxsahəli paralellərı ilk dəfə S. Paşayev aparmışdır.

Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının bü­tün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir və əf­sa­nələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta, ən sadə görünən tapmacalardan belə yaradıcı şəkildə istifadə etmişdir.

S.Paşayevin tədqiqatının özəlliklərindən biri də budur ki, o, Nizamidən folklora baxmır, folklordan Nizamiyə doğru isti­qamətlənir. Belə yanaşmanın fərqi böyükdür. Hər şeydən öncə ona görə ki, Nizami irsini araşdırıb onun folklor əlaqələrini müəyyənləşdirən əski ədəbiyyat mütəxəssisləri yalnız sabit, sta­tik folklor nümunələrini müşahidə edə bilirlər. Çünki folklor mətnlərini ədəbiyyatın içində dəyişik şəkildə görmək və onları qeydə almaq çətin bir işdir. Amma folklor mütəxəssisi əlaqələri ən örtülü və qapalı şəkillərdə də aşkarlaya bilir. Bu mənada S.Pa­şayevin tədqiqatları olduqca diqqətli və həssas müşahidə­lərin nəticəsi kimi meydana çıxmışdır.

Nizaminin bütün əsərlərində Şərq mənşəli “mətnlər qala­reyası” cəmləşdirilmişdir. Müəllif subyekti tərəfindən deforma­si­yaya uğraması mətnlərin struktur mahiyyətini dəyişməmişdir; hazır şəkildə əsərə daxil olan əfsanə, rəvayət, dastan, nağıl kimi şərq epik ənənəsinin vahidləri, mənqəbələrdən və tarixdən alın­mış məlumatlar, süjetlər və janrlar iri kültür arealında mövcud olan çeşidli xalqların mifologiyasını, dünyagörüşünü, epik təfəkkür ehtiyatını ehtiva etdiyindən burada dünya modellərinin zəngin tiplərinin olması şübhəsizdir (10). S. Paşayev bu zəngin məlumat şəbəkəsinin içərisindən şairin milli mənsubiyyətindən gələn mərkəzi xətti seçir və onun yalnız milli zəmində, məkanda və zamanda qorunan izlərini bizlərə aşkarlayır. Buradan görünür ki, bir çox mətnlər kvaziformada işlənmişdir. Onların folklor şəklini S. Paşayev bərpa edir və Azərbaycan şifahi ənənəsində gələn örnəklərlə onları qarşılaşdırır. Əsərlərin hər yerində, bəzən üzdə, bəzən də dərində Azərbaycan xalq yaradıcılığı yarusu aşkarlanır. Hər dəfə də zəngin sənətkarlıq işinin içərisində bu nümunələr onun mayasını və qayəsini təşkil etməklə ona milli ruhdan uzaqlaşmağa imkan vermir. Burada dilin mənanı və ma­hiyyəti dəyişməyə gücü çatmır, çünki folklor adi dildən daha böyük bir dildir. Başqa sözlə, folklor dilin tərcümədə dəyişə biləcəyi işarə deyildir. Ona görə də Nizami əsərləri dildən dilə keçsə də milli istisini və odunu, özündəki türk folklor məlumatını, sxemini və kodunu öz daxili potensialı hesabına qoruyub saxlayır.

Sədnik Paşa Pirsultanlının tədqiqatlarında Nizami və folk­lor probleminə Azərbaycan xalq musiqisi ilə bağlı dəyərli araş­dırmalar və aşkarlanmış faktlar da daxildir. Bu istiqamətdə apar­dığı araşdırmalarında alimin xüsusi diqqət mərkəzində xalq mu­siqi alətləri, xalq musiqi havaları və bu kimi məsələlər durur. Nizami əsərlərinin dəyərli qaynaq olduğunu doğru dəyərləndirən alim burada xalq musiqimizin qədim dövrü haqqında təsəvvür­ləri genişləndirir. Folkolor musiqisinin və ümumiyyətlə musiqi tariximizin öyrənilməsində Nizami əsərlərindəki məlumatları araşdıran alim müşahidələrini qeyd edərək yazır: “Nizami özü­nün əsərlərində, xüsusilə “Xosrov və Şirin”də, “İsgəndərna­mə”nin “İqbalnamə” hissəsində musiqi məsələlərinə tez-tez to­xu­nur. O, burada eyni zamanda ud, təmbur, ney, saz (setar) (setar-üç simli ən qədim musiqi aləti, Setar Azərbaycan sazının əcdadı, ulu babası sayılır) (15, 66) və başqa çalğı alətlərinin adını çəkir. Haqqında söz açır. Aydın olur ki, Nizami bu çalğı alətlərinin zahiri cəhətlərini deyil, onların quruluşunu, xüsusilə kök və pərdələrin rolunu çox düzgün bilirmiş, hətta, pərdənin quru bağırsaqdan bağlandığını, telin ipəkdən olduğunu da qeyd edir: Quru bağırsaqdan bağladı pərdə (16, 77). Yaxud: Sazın ipək telli xoş avaz almış (17,239). Nizami sazın kökləri və köklənməsinə də yaxından bələd imiş:

Hər pərdədə yalnız o adam çalar,

Ki, ola pərdədən yaxşı xəbərdar (16, 36).

“Əyri pərdədə çalğı çalınmaz” (18,46) deyən sənətkar “Bu pozuq pərdədə oxuma nəğmə” (18, 96) misrası ilə çalğıçıya müraciət edir.

Hümmət eylə, burda ələ al sazı,

Ucalt bu pərdədə şirin avazı (17, 24).

Əlbəttə, buradan görünən məlumatlar zəngin musiqi mə­dəniyyətinin varlığından xəbər verir. Musiqi araşdırıcıları üçün əl­də olan məlumatlar təhlil aparmağa, bu təsvirlər əsasında xalq mu­siqi alətlərinin əski formasını rekonstruksiya etməyə imkan verir. Burada adı geniş şəkildə keçən saz musiqi alətinin ümu­miyyətlə, musiqi aləti mənasında və ya onun differensiallaşmış bir tipi kimi işlənməsi məsələsi gələcək araşdırmalara mövzu ola bilər.

S.Paşa Pirsultanlı folklor musiqisi ilə bağlı müşahidə etdiyi məlumatlara əsaslanaraq saz havaları haqqında da diqqəti çəkən mülahizələr irəli sürür. Məsələ onda deyil ki, bu havalar XVI əsrdə sufi təriqət əsasında formalaşan və ilahi eşqi tərənnüm edən haqq aşiqlərinin saz havaları ilə eyniyyət təşkil etməyə bilər. Amma bu milli musiqi ənənəsinin tarixi bir mərhələsidir və bu mərhələdə mövcud olan musiqi mənzərəsini Nizaminin əsərlərindən müşahidə edirik. Bu kifayət qədər etibarlı bir mən­bədir. Motivləri Nizami əsərlərində də müşahidə olunan bir sıra xalq dastanlarının mərasimlərlə bağlı olması məlumat dairəsini bir qədər də genişləndirir. Belə mürəkkəb tipli müqayisəli araş­dırma aparan alim orijinal xarakterli nəticələr əldə etmişdir. Mə­lumdur ki, “Novruz və Qəndab” ən qədim dastanlarımızdandır. Bu dastan qədim görüşlərlə, ayin və mərasimlərlə bağlı olduğu kimi, Nizami əsərlərindəki bir sıra əlamət və izlər də bu dastanla bağlıdır. Muğam və saz havaları ilə əlaqədar olan “Novruz” adları da daha çox qədim bahar bayramı mərasimi ilə bağlıdır. “Xosrov və Şirin” poemasındakı “Sazi-Novruz”, qədim saz havası olan “Şah yuxusu” ilə əlaqədar olan Əflatunun icad etdiyi çalğı aləti, bu alətdə çaldığı havalarla heyvanları bihuş edib yatırtması və oyatması epizodları belə bir fikir söyləməyə haqq verir ki, Nizami öz dövründə mövcud olan saz havaları ilə tanış imiş. Məşhur “Yanıq “Kərəmi” saz havasının ilk adı “Nov­ruzu”dur. Sazda “Yanıq Kərəmi” melo­di­yasının əvvəlində indi də bu misralar musiqi dili ilə təkrar edilir:

Ana, mənim dərdim Novruz dərdidi,

Ana, mənim dərdim Novruz dərdidi (9,14-15).

Şübhəsiz ki, saz havaları qısa bir müddətdə yoxdan yara­dıl­mamışdır. Azərbaycanda aşıq sənəti yarananda xalq musiqi ənənəsindən və bu ənənədə mövcud olan havalardan yaradıcı şəkildə istifadə olunmuşdur. Bu zaman havalar və havacatlar sufi ideyanın və praktikanın ifadəsinə uyğunlaşdırılmışdır.

Nizami dahi şəxsiyyətdir. O, zamanına görə ensiklopedik biliyə malik bir insandır. Ona görə də ona qədərki və onun za­manı hər kəsdən öncə ondan sorulur. S. P. Pirsultanlı sorğunu doğru ünvana ünvanlayıb. Çünki o ünvandan yalnız doğru ca­vablar alınır. Bu doğru cavablar da çağdaş folklor məlumatları ilə səsləşir, ədəbiyyatın çətinləri folklor mətnlərində asanlaşır. Çünki bu fəaliyyət sahələri biri-biri ilə sıx şəkildə bağlıdır və on­lar biri digərini izah edən spesifik sistemin tərkib elementləridir.

“Xəmsə” eyni zamanda, yəni bütün digər keyfiyyətləri ilə yanaşı və onlara heç bir xələl gətirmədən, möhtəşəm bir folklor ensiklopediyasıdır. Bu ensiklopediyada xalqımızın mənəvi dün­yasını özündə mükəmməl şəkildə ehtiva edən xalq yaradıcılığı­nın çeşidli sahələri, müxtəlif janrları, folklora, etnoqrafiyaya aid bilikləri əks olunmuşdur.

Nizami “Xəmsə”sindəki əsərlərin əksəriyyəti arxetiplərini folk­lordan götürür və ədəbi ənənəyə uyğun bir şəkildə dəyişir. Bu­radakı əsərlər əsasında möhtəşəm bir folklor antologiyası bər­pa olu­na bilər. Nizamidən folkloru öyrənməyin ən nikbin və mü­kəm­məl nümunəsini Sədnik Paşa Pirsultanlı öz tədqiqatlarında göstərib.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə