- 12 -
özündə birləşdirdiyindən bu ziddiyyət, heç olmazsa, formal surətdə aradan götürül-
müşdür. Bunun səbəbi islamda dinlə hüququn vəhdətdə olması, şəriətdə (fiqhdə)
ehtiva olunması idi.
İslam özü sinkretik səciyyə daşıyırdı və ona görə də hüquq, əxlaq və
mədəniyyət də vəhdət halında idi. Din həm də həyat tərzi olmaqla, millilik
elementlərinin müstəqil inkişafına yol vermirdi.
Nəticədə, Avropada dövlətlər dindən ayrılaraq, milli dövlətçilik mərhələsinə
keçdiyi dövrdə islam dünyası hələ də dinin təsiri altında idi.
Müasir dövrdə Avropa artıq antitezis mərhələsini başa vurub inkarı inkar
məqamına, yenidən hüquqi dövlət mərhələsinə qədəm qoyduğu və bu əsasda
birləşmək əzmində olduğu bir vaxtda şərq dünyası hələ təzə-təzə milli dövlət
quruculuğu mərhələsinə yeni qədəm qoyur.
Bu addımı islam dünyasında ilk dəfə Azərbaycan (1918-ci ildə), daha sonra
isə Türkiyə (1923-cü ildə) atmışdır. Bundan sonra Azərbaycan dövlətçiliyi yetmiş
il ərzində müstəqilliyini itirsə də, bu gün yenə məhz Azərbaycan Avropanın daha
əvvəl keçmiş olduğu yolu qısa müddətdə qət etmək əzmində olduğunu sübut edir.
Ona görə də, müasir dövrün tələblərinə uyğun ideologiyanın formalaşması da məhz
Azərbaycanda həyata keçir.
Azərbaycan artıq iki əsrdir ki, Qərb dünyası ilə, Qərb mədəniyyəti ilə sıx
təmasdadır. Və Qərblə Şərqin sintezi deyilən möcüzə üçün Yaponiyadan sonra ən
gözəl şərait məhz Azərbaycandadır.
Azərbaycanın müstəqil respublika olmasından cəmi on il keçib. On il tarix
üçün kiçik müddətdir. Lakin indi zaman sürətlə keçir. Bu gün biz gözümüzü açıb
özümüzü Avropanın qoynunda görürük. Biz özümüzü bu yeni ampluada dərk
edənə qədər Avropa əlimizdən dartıb bizi yeni dünyaya aparır. Proseslər bizim
götür-qoy etməyimizi, ölçüb-biçməyimizi gözləmir. Ona görə də ya biz özümüzü
sadəcə olaraq yedəyə verərək rahatlanmalı, ya da bütün intellektual gücümüzü
toplayıb keçməli olduğumuz yolu öz idrakımız və öz iradəmizlə qət etməliyik.
Və bu zaman bu yolu yaxın Şərqdə ilk dəfə (Türkiyə ilə təxminən eyni
vaxtda və ola bilsin ki, ondan da əvvəl, çünki indi Türkiyə Respublikası da Avropa
ilə münasibətdə eyni psixoloji və ideoloji baryerlərlə üzləşmişdir və hələ irəliyə
gedə bilmir) keçmək istəyən tərəf gərək bütövlükdə Şərq-Qərb münasibətlərinə
aydınlıq gətirsin, bütövlükdə islama münasibətdən doğan təbəddüatları aradan
qaldırmaq missiyasını da öz üzərinə götürsün.
Bu gün Azərbaycana təkcə öz daxili problemləri çərçivəsində baxmaq düz-
gün deyil. Azərbaycanın seçdiyi, həyata keçirməyə çalışdığı siyasi kurs, inkişaf
yolu – onun Şərq dünyasında, xüsusən, islam ölkələri içərisində mövQeyinin və
rolunun ilkin müəyyənliyini tələb edir. Şərq ilə Qərb arasında vəhdət modelinin
təbii nümunəsi olmaqla, Azərbaycan xüsusi strateji mövqeyə malikdir.
- 13 -
İslam dünyasının qabaqcıl ölkələrində gedən ictimai-siyasi və ideoloji
proseslərin mahiyyətini Qərb prizmasından görmək çox çətindir. Ona görə də, Qərb
siyasətçiləri hüquqi dövlətə, vətəndaş cəmiyyətinə doğru üz tutmuş bir sıra
ölkələrin spesifik problemlərini və xüsusiyyətlərini nəzərə ala bilmirlər. Onlar bu
ölkələri sadəcə olaraq Qərb standartlarına uyğunlaşdırmaq siyasəti yürüdürlər. Nə-
ticədə öz daxillərində ideologiyasızlaşdırma tərəfdarları olan Qərb dövlətləri, ola
bilsin ki, bizə yeni ideologiya təlqin etdiklərini ağıllarına da gətirmirlər. Belə ki,
inkişaf etmiş Qərb ölkələrində artıq ictimai gerçəkliyə çevrilmiş siyasi-hüquqi
dəyərlər sistemi bizə kənardan təlqin olunarkən, həm də nəzəri səviyyədə yox, artıq
konkret tətbiqi reseptlər şəklində təlqin olunarkən məhz ideologiya rolunu oynayır.
Əslində isə başqa ünvandan transfer olunan hər hansı bir ideologiya yox,
konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb
olunur. Burada milli siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə
tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə
salmaq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək yolunu
bərpa etmək qədər və bəlkə ondan daha çətindir.
Müasir dövrdə qərbləşmək, Avropaya qatılmaq istəyən ölkələr qarşısında
duran vəzifələrdən biri də elm və texnologiyanın inkişaf etdirilməsindən ibarətdir.
Lakin milli fəlsəfi fikir olmadan, sadəcə Qərbin elmi mühitinə daxil olmaq və onu
təqlid etməklə ictimai inkişafa nail olmaq mümkündürmü? Hələ XIX əsrin
axırlarında böyük mütəfəkkir Cəmaləddin Əfqani bu məsələyə toxunaraq yazırdı:
«Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə
elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə
çıxarmaqda çətinlik çəkər»
1
. C.Əfqani öz fikrini Şərq ölkələrinin praktikasına
müraciətlə əsaslandırır: «Osmanlı dövləti, eləcə də Misir 60 ildir ki, elmlərin təlimi
üçün məktəblər açmışdır və hələ də ondan bir xeyir götürməmişdir.»
2
Səbəbini isə
o, haqlı olaraq, fəlsəfi ruhun çatışmamasında görür.
Elmi biliklər pozitiv ictimai qüvvəyə o zaman çevrilir ki, onları düzgün
yönəldən, ictimai tələbatla uzlaşdıran istiqamətləndirici fəlsəfi ideya olsun. Bütün
zamanlar və xalqlar üçün ümumi olan ümumbəşəri fəlsəfi fikirdən fərqli olaraq,
burada söhbət məhz milli fəlsəfi özünüdərkdən gedir.
Həm fərdi, həm milli, həm də ümumbəşəri inkişafın təməlində ideya
dayanır. Bu bölgüdə milli, bir növ keçid mərhələsidir. Milli ideya səviyyəsinə
qalxmadan, ümumbəşəri ideyaya yiyələnmək və onu şüurlu surətdə təmsil etmək
1
Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29.
2
Yenə orada.
Dostları ilə paylaş: |