Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 440,01 Kb.
səhifə7/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

KARPAT DAĞLARI.

Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir. Paleogen dövründə baş vermiş tektonik qalxmalar qonşu ərazilərdə çökmə hadisəsi ilə müşayiət olunmuşdur. Pannon qurusunun çökməsi ilə əlaqədar olaraq, Karpat dağlarının daxili hissələrində yaranmış tektonik çatlar boyunca geniş sahədə vulkan püskürmələri baş vermişdir. Vulkan püskürmələri ilə əlaqədar olan intruziv və effuziv süxurlar hazırda Qərbi Karpatların cənub yamaclarında və Transilvaniya yaylasında geniş yayılmışdır. Dağlar paleogenin axırına qədər xeyli aşınmış və neogendə ümumi qalxmaya məruz qalmışdır. Bu qalxmanın ümumi amplitudu 1000-1500 m-ə, bəzi yerlərdə isə 2000 m-ə çatır.

Karpat dağlarında dördüncü dövr buzlaşması Alplara nisbətən çox zəif inkişaf etməklə, yerli xüsusiyyət daşımışdır. Hazırda Karpat dağlarında buzlaqlar yoxdur. Qədim buzlaşma ilə əlaqədar olan relyef formalarına onun ən yüksək hissələri olan yüksək Tatra və Transilvaniya Alplarında rast gəlinir. Alp dağlarından fərqli olaraq, Karpat dağlarında kristallik və metomorflaşmış süxurlardan əmələ gəlmiş mərkəzi ox silsiləsi bir-birindən dərin çay dərələri vasitəsi ilə təcrid edilmiş adalar şəklindədir. Buna müvafiq olaraq mezozoy erasının əhəngdaşlarından ibarət olan zona bir neçə yerdə kəsilmişdir. Dağların yüksək hissələrindən yuyulub gətirilmiş və fliş çöküntülərindən ibarət olan zona Alp dağlarında olduğu kimi Karpatları da fasiləsiz olaraq kənardan hər yerdə haşiyələyir.

Relyefin xüsusiyyətinə görə Karpat dağlarını üç rayona: Qərbi Karpatlar, Şərqi Karpatlar və Cənubi Karpatlara (Transilvaniya Alpları) ayırırlar. Vyana çökməsi rayonunda Kiçik Karpat dağından başlayan Qərbi Karpatlar, şərqdə Poprad çayının dərəsinə qədər təxminən 380 km məsafədə, əvvəlcə cənub-qərb – şimal-şərq, sonra isə şərq istiqamətində uzanmışdır. Karpat dağlarının ən yüksək zirvəsi – Qerlaxovka dağı (2663 m) burada yerləşir. Kristallik süxurlardan ibarət olan Kiçik Karpatlar Dunay çayının sol sahilində yerləşmişdir. Burada dağların yüksək nöqtəsi 754 m-dir. Şərqə doğru dağlar enliləşir. Vaq çayından şərqdə Kiçik Karpatları kristallik süxurlardan ibarət olan Ağ Karpatlar əvəz edir. Ağ Karpatlardan şərqdə Qərbi Karpatların kristallik süxurlardan və mezozoyun əhəngdaşlarından əmələ gəlmiş ən enli mərkəz hissəsi yerləşir. Bu hissədə bir-birindən dərin tektonik dərələrlə ayrılan bir sıra müstəqil dağ sıralarına rast gəlinir. Bunlara mərkəzi ox silsilənin cənubunda yerləşən Yüksək və Alçaq Tatra, Kiçik və Böyük Fatra dağları daxildir. Adları çəkilən dağ sıralarından cənubda yerləşən Slovakiya Filiz dağları və Matra, orta hündürlüyə malik, çox aşınmış əhəngdaşları ilə yanaşı, vulkan süxurlarının geniş yayıldığı, dağ sıralarıdır. Əhəngdaşlarından ibarət olan Böyük və Ağtelek massivində karst hadisəsi ilə əlaqədar relyef formaları geniş intişar tapmışdır (şəkil 12). Əsasən kristallik süxurlardan ibarət olan, Yüksək Tatra dağları Çexoslovakiya ilə Polşanın sərhədində yerləşmişdir. Karpat dağlarının ən yüksək zirvəsi Qerlaxovka dağı (2663 m) Yüksək Tatra massivindədir (şəkil 13). Qərbi Karpatlarda mərkəzi ox silsilənin şimal yamacında fliş çöküntülərindən ibarət olan Qərbi Beskidlər yerləşir. Qərbi Beskidlərin orta hündürlüyü 600-800 m olub, ən yüksək zirvə Babya-Qora dağıdır (1725 m). Qərbi Karpatların ən əlverişli aşırımları (Yablunkov, 551 m) Qərbi Beskid dağlarında yerləşir. Şərqə doğru Qərbi Karpatlar alçalır və çox ensizləşir.

Şimal-qərbdən cənub-şərqə doğru uzanmış olan Şərqi Karpatlar Poprad çayı ilə Praxova çayları arasındakı sahəni tutur. Kristallik süxurlardan əmələ gəlmiş mərkəzi ox silsiləsi Şərqi Karpatlarda o qədər də aydın seçilmir. Dağların daxili (qərb) yamaclarında fliş və vulkan çöküntülərindən ibarət olan dağ sıraları geniş sahəni tutur. Şərqi Karpatların nisbətən ensiz və alçaq hissəsinə meşəli və ya Ukrayna Karpatları da deyilir. Burada dağların şimal-şərq yamacında Qərbi Beskidlərə paralel uzanmış və fliş çöküntülərindən əmələ gəlmiş Şərqi Beskidlər yerləşir. Ukrayna Karpatlarının cənub-qərb yamacları Tissa çayının qolları tərəfindən parçalanmış, bir sıra sönmüş vulkan massivlərindən ibarətdir. Bunlara Viqorlat, Qolika və s. massivləri daxildir.

Şərqi Karpatların cənub hissəsi Rumıniya Karpatları adlanır. Rumıniya Karpatlarının şərq yamaclarında Şərqi Beskidlərin cənuba davamı olan Moldaviya Karpatları yerləşir. Əsasən fliş çöküntülərindən təşkil olunmuş və 1000-1500 m-ə qədər yüksələn Moldaviya Karpatları, şərqdə 400-500 m hündürlüyündəki Moldaviya yaylası ilə əvəz olunur. Rumıniya Karpatlarının qərb yamacları kristallik və vulkanik süxurlardan əmələ gəlmiş, 1300-1700 m-ə qədər yüksələn ayrı-ayrı (Rodna, Keliman, Qutin, Xarqita və s.) dağ sıralarından ibarətdir. Bu dağ sıraları Mureş, Bıstrisa, Olt və s. çayların dərələri tərəfindən çox kəsilib parçalanmışdır.

Karpat dağlarının 46° şimal en dairəsindən cənubda qalan hissəsi Cənubi Karpatlar və ya Transilvaniya Alpları adlanır. Kristallik süxurlardan əmələ gəlmiş bu hissədə, Karpat dağlarının hündürlüyü yenidən artır və burada geniş sahə tutan peneplen səthləri vardır. Dımbovisa ilə Olt çayları arasındakı Faraqaş dağlarının Neqoyu zirvəsi (2544 m) Karpat dağlarında Qerlaxovkadan sonra hündürlüyünə görə ikinci yeri tutur. Sebeş (2245 m), Parınqulay (2529 m) və Retzad (2511 m) dağları Cənubi Karpatların ən yüksək hissələri olub, buzlaq relyef formalarının geniş yayılması ilə səciyyələnir. Şərqi və Cənubi Karpatların üçbucağa oxşar əyrisi arasındakı çökəklikdə geniş sahəni Transilvaniya yaylası tutur. Üçüncü dövrün qum və gillicələrindən əmələ gəlmiş bu yaylanın relyefi çay dərələri tərəfindən kəskin parçalanmış alçaq təpələrdən ibarətdir. Yaylanı qərb tərəfdən 1500 m-ə qədər yüksələn Bixor və Metalliçi dağ sıraları haşiyələmişdir.

Karpat dağları Qərbi Avropanın şərqə tərəf daha çox irəliyə çıxmış fızıki coğrafi sahəsi olduğundan, buranın iqlimində kontinentallıq əlamətləri aydın nəzərə çarpır. Qərbdən gələn mülayim və rütubətli hava kütlələri öz yağıntılarının çoxunu Alp dağlarına verdiyi üçün Karpat dağlarına gəlib çatana qədər çox dəyişikləri uğrayır. Şərqi Avropa düzənliyində yaranan mülayim kontinental hava kütlələri isə heç bir maneəyə rast gəlmədən Karpat dağlarına gəlib çatır. Lakin Karpat dağlarının hündür olması onun qonşu sahələrə nisbətən daha çox yağıntı almasına şərait yaradır. Burada ayrı-ayrı dağ silsilələrinə il ərzində 800-1200 mm yağıntı düşür. Ümumiyyətlə yağıntının paylanmasında yamacların səmti və ərazinin relyef xüsusiyyəti böyük rol oynayır.

Karpat dağlarında yağıntının şimaldan cənuba və qərbdən şərqə azalması qyd edilir. Nisbətən şimalda yerləşən Qərbi Karpatlara il ərzində 1200-1300 mm, Şərqi və Cənubi Karpatlara isə 800-1000 mm yağıntı düşür. Dağətəkləri və çökəkliklərdə yağıntının miqdarı daha az olub, 600-800 mm-ə qədərdir. Hər tərəfdən dağ sıraları ilə əhatələnmiş Transilvaniya yaylası, Karpat dağlarında ən az yağıntı alan sahədir. Burada yağıntının illik miqdarı 400-500 mm-dən çox deyildir. Yağıntılar adətən yay aylarında düşür. Qışı soyuq və şaxtalı keçir. Yanvar ayının temperaturu dağ ətəklərində -3°, dağların yuxarı hissəsində isə -19-20° olub, qar örtüyünün davamlılığı 4-7 aydır. Yay ayları dağ ətəklərində isti (19-22°), yüksək sahələrdə isə sərin (4-6°) keçir. Ümumiyyətlə, Karpat dağlarında eyni yüksəklikdə yerləşən sahələrdə qış və yay aylarının temperaturu Alp dağlarına nisbətən xeyli alçaqdır.

Çay şəbəkəsinin sıxlığı və sululuğuna görə Karpat dağları Alp dağlarından geridə qalır. Çaylarda yüksək səviyyə aprel-may aylarında, qarların əriməsi zamanı müşahidə edilir. Alçaq səviyyə qış və yay ayları üçün səciyyəvidir. Payızda yağıntıların artması ilə çaylarda ikinci dəfə yüksək səviyyə olur. Çayları Qara və Baltik dənizi hövzələrinə aiddir. Ən əsas çayları Tissa, Seret, Oltes, Vaq, Qron və yuxarı axarlarında Visla və Oderdir. Karpat dağlarının gölləri adətən kiçik olub, buzlaq mənşəlidir.

Podzol və boz meşə torpaqları geniş yayılmışdır. Qarışıq meşələr zonasında dağ podzol torpaqlarına, enliyarpaqlı meşələr zonasında isə boz meşə torpaqlarına rast gəlinir. Dağarası çökəkliklər tünd qara rəngli çox məhsuldar torpaqların yayılması ilə səciyyələnir. Karpat dağları Qərbi Avropada meşələrin geniş yayıldığı sahələrdən biridir. Alp dağlarında olduğu kimi, burada da bitki örtüyü şaquli zonallığa uyğun inkişaf etmişdir. Lakin burada ayrı-ayrı qurşaqların yüksəkliyi Alp dağlarından fərqlidir. Hündürlükdən asılı olaraq Karpat dağlarında bir neçə landşaft qurşağı ayrılır. Birinci landşaft qurşağı 500-600 m, bəzən 800 m hündürlüyündə olan dağətəyi sahələri əhatə edir. Bu qurşaq Alp dağlarının ətəklərindəki mədəni landşaft qurşağına uyğun gəlir. Burada üzümlüklər, meyvə bağları və taxıl zəmiləri diqqəti daha çox cəlb edir. Meşə ağacları içərisində fısdıq, palıd, qoz və şabalıd üstünlük təşkil edir. İkinci landşaft qurşağı Karpatların şimalında 600-1500 m, cənubunda isə 800-1800 m hündürlükdə olan sahələri tutur. Bu tipik dağ meşələri qurşağı hesab olunur və iki yarımzonaya: fıstıq və vələs meşələrindən ibarət olan aşağı, qarışıq meşələrin üstünlük təşkil etdiyi yuxarı yarımzonalara bölünür. Küknar və şam meşələrinə Karpat dağlarında təxminən 1300-1400 m yüksəklikdən başlayaraq, ikinci landşaft qurşağının yuxarı sərhədinə qədər (1800 m) rast gəlinir.

Dağ meşələri qurşağını 2200 m hündürlükdə olan sahələri əhatə edən subalp çəmənlikləri qurşağı əvəz edir. Bu qurşağın bəzi yerlərində çəmənliklərlə yanaşı alçaqboylu dağ şamı meşələrindən ibarət kolluqlar və rododendron inkişaf etmişdir. Yüksək Tatrada bu növ kolluqlara 2000 m-ə qədər yüksəklikdə rast gəlmək olar. Ümumiyyətlə, subalp çəmənləri landşaft qurşağı, mal-qaranın yay otlağı olub, daha böyük əhəmiyyətə malikdir. Karpat dağlarında Alp çəmənliklərindən ibarət, dördüncü landşaft qurşağı, 2200 m-dən yüksək hissələri əhatə etməklə, az sahəni tutur. Adətən çoxillik ot bitkilərinin geniş yayıldığı bu landşaft qurşağına, Transilvaniya Alplarında və yüksək Tatrada rast gəlmək olar.

Karpat dağlarının relyef və iqlim xüsusiyyətini nəzərə alaraq, burada aşağıdakı vilayətləri ayırmaq olar: 1) Slovakiya-Polşa və Şimal-Qərbi Karpatlar; 2) Ukrayna və ya Meşəli Karpatlar; 3) Rumıniya və ya Cənub-Şərqi Karpatlar; 4) Cənubi Karpatlar və ya Transilvaniya Alpları; 5) Transilvaniya yaylası; 6) Qərbi Rumıniya və ya Bixor və Metalliçi dağları.
DUNAYBOYU OVALIQLAR

Alp dağlarının şərqində yerləşən Vyana çökəkliyindən Qara dəniz sahilinə qədər, təxminən 1100 km məsafədə Dunayboyu ovalıqları uzanmışdır. Bunlar morfostruktur xüsusiyyətinə görə iki böyük ovalığa: Orta və Aşağı Dunay ovalıqlarına ayrılır. Əmələ gəlməsi və geoloji inkişaf tarixinə görə hər iki ovalığın ümumi oxşar cəhətləri vardır. Üçüncü dövrün əvvəllərinə qədər Ortadunay yaxud Macar ovalığının yerində qədim hertsin massivi olan Pannon qurusu yerləşirdi. Neogenin əvvəllərinə başlayan tektonik hərəkətlər Pannon qurusunun tədricən çökməsi ilə nəticələnmişdir. Ortadunay ovalığında sarmat dövrünün çöküntüləri və pont yaylaları 800 m dərinlikdə yatır və onun üzərini qalınlığı 120 m-ə çatan dördüncü dövrün allüvial çöküntüləri örtür. Üçüncü dövrdə Ortadunay ovalığı sahəsində qapalı dəniz hövzəsi olmuşdur. Dördüncü dövrün əvvəllərində ovalığın kənarlarında yerləşən dağlardan yuyulub gətirilmiş məhsullar hesabına dəniz suları tədricən çəkilmiş və nəhayət ərazi quruya çevrilmişdir.

Orta Dunay ovalığında Dunayın sol sahil hissəsi çökmüş, sağ sahildə yerləşən sahələrdə isə qədim hertsin massivləri 700-800 m-ə qədər qalxmış və qayma şəklində yüksəkliklər əmələ gəlmişdir. Aşağı Dunay ovalığı da təxminən Orta Dunay ovalığına yaxın inkişaf dövrü keçirmişdir. Ovalığın mərkəzi hissəsində sarmat dövrünün çöküntüləri 800-1000 m dərinlikdə yatır. Kənar sahələrdə isə onlara dəniz səviyyəsindən 200-300 m hündürlükdə yerləşən sahələrdə rast gəlinir. Bu xüsusiyyət üçüncü dövrün axırlarından ovalığın mərkəz hissəsində çökmənin, şimal kənarında isə qalxmanın baş verdiyini sübut edir. Aşağı Dunay ovalığının cənub-şərq kənarında yerləşən Dobruca massivi qədim hertsin qırışıqlarının qalığıdır.

Dunayboyu ovalıqlar içərisində sahəsinə görə geniş yeri Orta Dunay və ya Macar ovalığı tutur. O, Vyana çökəkliyindən Dəmir Darvazaya qədər şimal-qərbdən cənub-şərqə doğru təxminən 600 km məsafədə uzanaraq ən geniş sahədə eni 450 km-ə çatır. Dunay çayı bu ovalığı iki hissəyə bölür. Dunay çayından şərqdə yerləşən hissə, Böyük Macar ovalığı və ya Alfyeld adlanır. Ovalığın dəniz səviyyəsindən hündürlüyü 120 m-dən çox deyildir. Əsasən allüvial çöküntülərlə, bəzi sahələrdə isə lyoss və lyossvarı gillicələrlə örtülmüşdür. Tissa çayı və onun qolları ovalığı çox parçalamışdır. Şimal-qərb istiqamətində uzanmış və çox da hündür olmayan qum tirələri əsas suayırıcıları hesab olunur. Böyük Macar ovalığının şimal-qərbində, Morava və Qron çayları arasında, Kiçik Macar düzənliyi və ya Kişalfeld yerləşmişdir. Bu ərazi Dunay çayının Bratislava çökməsini doldurmuş qədim gətirmə konusundan ibarət sahəsidir.

Orta Dunay ovalığının Dunay çayından qərbdə yerləşən hissəsinə Dunantule deyilir. Böyük Macar ovalığından fərqli olaraq, Dunantuledə qədim Pannon qurusunun bəzi sahələrinin qalxması baş vermişdir. Ərazinin hazırkı relyefində ayrı-ayrı tirələrdən ibarət dağ massivləri nəzəri daha çox cəlb edir. Burada ən böyük dağ massivi Bakon dağlarıdır. Dağların cənub yamacında, 80 km uzunluğundakı tektonik çökmədə Balaton gölü yerləşir (sahəsi 614 km, dərinliyi 11 m-dir). Balaton gölünün cənubunda Piliş, Meçek (685 m) və Villiali (440 m) dağları vardır. Adları çəkilən dağ massivlərində karst formaları geniş yayılmışdır.

Aşağı Dunay və yaxud Valaxiya ovalığı Transilvaniya Alpları ilə Stara-Planina (Balkan) dağları arasında yerləşir. Dəmir Darvazadan Qara dəniz sahilinə qədər, uzunluğu təxminən 500 km, eni isə 150-300 km arasında dəyişilir. Ovalıq, cənubda Dunay çayının enli yatağı (Balta) ilə əhatələnir. Bura ovalığın dəniz səviyyəsindən 100 m hündürlükdə yerləşən hissəsidir. Dunay çay dərəsi bu hissədə 20-25 km enində olub, axmaz göllərin, bataqlıq sahələrin və onları bir-birindən ayıran sahil boyu tirələrin geniş yaılması ilə səciyyələnir. Şimala doğru ovalığın hündürlüyü tədricən artır. Karpatın ətəklərində konqlomeratlardan və başqa iri qırıntılı materiallardan əmələ gəlmiş alçaq tirələr yayılmışdır. Ovalığın bu hissəsi Jiu, Olt, Vedya, Arceş çayları və onların bir çox kiçik qolları tərəfindən çox kəsilib parçalanmasıdır. Valaxiya ovalığını Qara dəniz sahilindən Dobruca massivi ayırır. Bu yüksəklik qədim hertsin massivinin qalığı olub, səthi əhəngdaşlarından və bəzi sahələrdə lyoss çöküntülərindən yaranmışdır. Bəzi tirələrin hündürlüyü 400 m-ə çatır. Karst relyef formalarının geniş yayılması ilə əlaqədar olaraq səth axarı zəif inkişaf etmişdir.

Dunayboyu ovalıqların iqlimi qonşu dağlıq sahələrdən daha çox kontinentallığı ilə fərqlənir. Qış demək olar ki, mülayim keçir. Yanvar ayının temperaturu 0° ilə -2° arasında dəyişilir. Bəzən soyuq Arktika hava kütlələri daxil olduqda, havanın temperaturu -20°-dən aşağı düşə bilir. Yay ayları isti və bəzi yerlərdə quraq keçir. İyul ayının temperaturu 20-22° arasında dəyişilir. Bəzən cənubdan tropik hava kütlələri daxil olduqda, havanın temperaturu +40°-yə qədər qalxır. Macar ovalığından fərqli olaraq, Valaxiya ovalığında yayın axırları bəzən quraq keçir. Orta Dunay ovalığının Alfyeld hissəsində illik yağıntının miqdarı 400-600 mm, Dunantuledə isə 600-800 mm-dir. Aşağı Dunay ovalığında yağıntıların miqdarı bir qədər azdır – qərbdə 400-500 mm, Dobruca və onun ərtaflarında 350-400 mm-dir. Ovalıqların əsas çayları – Dunay və onun onlarca iri qolları, gəmiçilik, suvarma və hidroenerji əhəmiyyətinə malikdir. Dunay, Tissa, Seret və s. çayların üzərində böyük su elektrik stansiyaları qurulmuşdur.

Dunayboyu ovalıqları keçmişdə meşə-çöl və çöl landşaftına malik idi. Hazırda demək olar ki, ovalığın bitki və torpaq örtüyünün 90%-i insanların fəaliyyəti ilə dəyişdirilmiş və onun çox hissəsi mədəni bitkilərin əkin sahəsinə çevrilmişdir. Əsasən qara, şabalıdı, dağətəyi sahələrdə boz-meşə və Dunay çayı sahillərinin bəzi yerlərində isə bataqlıq torpaqları geniş yayılmışdır. Keçmişdə böyük sahəni tutan enliyarpaqlı meşələrə hazırda Dunay çayı sahillərindən başqa, Dunantuledə və Valaxiya ovalığının Karpat dağları ətəklərinə yaxın hissələrində rast gəlinir. Enliyarpaqlı meşələr içərisində geniş yeri palıd, fıstıq (Dunantuledə), qovaq, söyüd və ağcaqovaq ağacları tutur. Dunay çayının sahillərində bu meşələrdən başqa, qamış cəngəllikləri də geniş yayılmışdır.

Dunayboyu ovalıqları morfostruktur və landşaft xüsusiyyətinə görə aşağıdakı vilayətlərə ayırmaq olar: 1) Böyük Macar ovalığı və ya Alfyeld; 2) Kiçik Macar düzənliyi və ya Kişalfyeld; 3) Dunay çayının qərb sahili və ya Dunantule; 4) Valaxiya ovalığının qərbi, (nisbətən yüksək hissəsi) və ya Olteniya; 5) Valaxiya ovalığının şərqi (nisbətən alçaq hissəsi) və ya Molteniya; 6) Karpat dağlarının ətəkləri və ya təpəlik Valaxiya; 7) Dobruca və 8) Dunay çayı deltası. Bu vilayətlərin hər biri özünəməxsus yerli təbii landşafta malikdir.

CƏNUBİ AVROPA

Cənubi Avropaya Pireney, Apennin, Balkan yarımadaları və bunların sahillərində yerləşən adalar daxildir. Alp geosinklinalı sahəsində yerləşən bu təbii coğrafi sahə, morfostruktur xüsusiyyəti, iqlimi, torpaq və bitkisinə görə Qərbi Avropanın fiziki-coğrafi sahələrindən kəskin surətdə fərqlənir. Cənubi Avropada çox aşınmış və orta hündürlüyə malik olan qayma və faylı dağlar və yaylalarla yanaşı, Alp orogeninə aid edilən hündür dağlar və dağarası çökəkliklər də geniş yayılmışdır. Cənubi Avropada müasir vulkanizm və seysmik hərəkətlər tez-tez müşahidə edilir.

Cənubi Avropa üçün qışı mülayim və rütubətli, yayı isti və quru keçən subtropik iqlim səciyyəvidir. Aralıq dənizinin subtropik iqlimi adı ilə məşhur olan bu iqlim növünə müvafiq olaraq bitki örtüyü yaranmışdır. Orta Avropadan fərqli olaraq, Cənubi Avopada həmişəyaşıl enliyarpaqlı və iynəyarpaqlı meşələr, kolluqlar, hündür (makvis) və alçaqboylu (friqana) cəngəlliklər geniş yayılmışdır. Ərazidə iqlimin qərbdən şərqə eləcə də cənubdan şimala doğru dəyişilməsi ilə əlaqədar olaraq, bitki örtüyünün müxtəlifliyi aydın nəzərə çarpır. Cənubi Avropada üç fiziki-coğrafi sahə ayrılır. Bunlara sahil adaları ilə birlikdə Balkan, Apennin və Pireney yarımadaları daxildir.

BALKAN YARIMADASI

Balkan yarımadasının sahəsi 468000 km2-dir. Yarımadanın şimal sərhədi Dunay və Sava çaylarının dərələri boyunca, Qara dənizdən Adriatik dənizinin sahillərinə qədər, təxminən 1200 km uzanmışdır. İstriya, Peloponnes, Xalkidon yarımadaları, Dalmasiya, İonik, Kiklad, Evbeya, Krit və bir sıra kiçik adalar Balkan yarımadasına aid edilir.

Yarımadanın səthi əsasən dağlıqdır. Türk dilində “Balkan” dağ deməkdir. Mənşəyinə görə yarımadada yerləşən dağları iki qrupa: hertsin və alp qırışıqlarına aid etmək olar. Sahil xəttinin formalaşması və müasir relyefin yaranmasında yaxın geoloji keçmişdə baş vermiş tektonik hərəkətlərin böyük rolu olmuşdur. Balkan yarımadası neogenin sonu və antropogenin əvvəllərinə qədər indiki Egey dənizinin yerində mövcud olmuş, Egeida qurusu vasitəsi ilə Kiçik Asiya yarımadasına bitişik olmuşdur. Neogenin sonunda başlamış şaquli hərəkətlər Egeida qurusunun çökməsi, Dardanel və Bosfor boğazlarının yaranması və beləliklə yarımadanın Kiçik Asiyadan ayrılması ilə nəticələnmişdir. Hazırda Egey dənizində yerləşən bütün ada qrupları keçmiş Egeida qurusunun qalıqları hesab olunur. Tektonik hərəkətlər yarımadanın daxili hissələrində də baş vermişdir. Burada hertsin qırışıqlığına aid edilən və yarımadanın mərkəzi hissəsində yerləşən ayrı-ayrı dağ massivləri təkrar tektonik hərəkətlərə məruz qaldığı üçün bir növ “cavanlaşmış”, nisbi hündürlükləri artmaqla yanaşı, daha çox qayma və faylı dağlara çevrilmişdir. Yarımadanın qərb sahillərində və eləcə də şimal-şərqində yerləşən (Stara-Planina) dağ sıraları mənşəyinə görə mərkəzi massivlərdən bir qədər fərqlənir. Yaşına görə mərkəzi massivlərdən cavan olan bu dağ sıraları Alp qırışıqlığına aiddir. Demək olar ki, Balkan yarımadasında tektonik hərəkətlər indi də davam etməkdədir. Arabir tektonik qırılmalar üzrə güclü hərəkətlər baş verir. Yuqoslaviyanın Skopye şəhərində 1963-cü ildə baş vermiş güclü zəlzələ bunu bir daha sübut edir.

Balkan yarımadasında dəmir, mis, alüminium, polimetal filizləri, daş və boz kömür yataqları, neft (Albaniyada) və s. faydalı qazıntı yataqları vardır.

Relyefinə görə Balkan yarımadası üç hissəyə bölünür. 1. Qərbdə Alp qırışıqlığı dağları, 2. Mərkəzi yaylalar, qayma dağlar və dağarası çökəklər, 3. Qırışıqlı-qayma Stara-Planina dağları.

Yarımadanı qərbdən əhatə edən dağ sıralarının əsas istiqaməti şimal-qərbdən cənub-şərqədir. Bu dağ sıraları şimal-qərbdə, İstriya yarımadasından başlamaqla cənuba – Krit adasına, buradan isə Egey dənizinin cənubunda yerləşən adalar və sualtı yüksəkliklər vasitəsi ilə Kiçik Asiya yarımadasındakı Tavr silsiləsinə keçir. Buraya Dinar, Şimali Albaniya Alpları, Pind, Epir və Krit dağ silsilələri daxildir. Bütün adları çəkilən silsilələr üçün səciyyəvi olan ümumi cəhət, burada süxurların qərb və cənub-qərb istiqamətində hərəkət etməsi, horst formalı yüksəkliklərə və dağarası çökəkliklərə malik olmasıdır. Dağların müasir formaya düşməsində denudasiya hadisəsinin böyük rolu olmuşdur.

Dinar dağları yarımadanın şimal-qərbində geniş sahəni tutur. Burada kristallik və metamorfik süxurların üzərini böyük qalınlığa malik olan mezozoy erasının və üçüncü dövrün karbonatlı çöküntüləri, xüsusən əhəngdaşları örtmüşdür. Yuli Alplarından ayrıldıqdan sonra, sahilə paralel istiqamətdə uzanmış bir neçə dağ sırasını əmələ gətirən Dinar dağları cənub-şərq istiqamətində tədricən yüksəlir, həm də genişlənir. Una çayından qərbdə yerləşən Lika yaylasında dağların hündürlüyü 1758 m, Una ilə Brbas çayları arasında isə 2000 m-ə çatır. Neretva və Lim çaylarının yuxarı hissəsində Dinar dağları daha da genişlənir. Dinar dağlarının ən hündür zirvəsi Durmitor dağı (2528 m) burada yerləşir. Dinar dağlarının qərb və şərq hissələri morfostruktur xüsusiyyətinə görə bir-birindən kəskin seçilir. Əhəngdaşlarından ibarət olan süxurların geniş yayıldığı sahələrdə karst formaları geniş inkişaf etməklə, ərazinin səthi çox parçalanmışdır. Karst mağaraları, quru dərələr və geniş sahəni tutan çökəkliklərin ən çox yayıldığı Karst yaylası tamamilə səth axarından, torpaq və bitki örtüyündən məhrumdur. Karst yaylasında Triyest şəhərindən bir qədər şərqdə yerləşən məşhur Postoyn mağarasının uzunluğu 20 km-dir. Səyahətçilərin müşahidə aparması üçün mağaranın içərisində dəmir yolu çəkilmişdir.

Dinar dağlarının qərb ətəklərində Adriatik dənizi sahillərində və adalarda cavan tirələr yerləşir. Son zamanlarda baş vermiş tektonik çökmələr nəticəsində qurudan ayrılan adalar sahilə paralel şəkildə yerləşməklə, Dalmasiya sahil tipini əmələ gətirmişdir. Bosniya filiz dağları (2107 m) və Zlatibor dağları Dinar yaylasını şərqdən haşiyələyir. Qərbdə yerləşən dağ silsilələrindən fərqli olaraq, şərqdəki dağ sıraları əsasən kristallik süxurlardan ibarətdir. Dinar dağları cənubda Şimali Albaniya Alplarına (2693 m) keçir. Cənub-qərbdən şimal-şərqə doğru uzanmış bu dağlar, kristallik süxurlarla yanaşı fliş çöküntüləri və serpentindən əmələ gəlmişdir, əhəngdaşların qalınlığı çox azdır. Dağların cənub-qərb qurtaracağındakı tektonik çökəklikdə Skadar gölü yerləşir.

Balkan yarımadasının qərb sahilində ən böyük ovalıq Albaniya ovalığıdır. Ovalığın çox hissəsini bataqlıq sahələr və şimal-qərb istiqamətində uzanan 200-500 m hündürlüyündəki tirələr tutur. Pind dağları Dinar dağlarının cənub davamı hesab olunur. Əsasən əhəngdaşlarından ibarət olan bu dağların yamacları bitki örtüyündən məhrumdur, karst formaları geniş yayılmışdır. Ən yüksək zirvələri Zmolikas (2633 m), Giona (2510 m), Parnas (2457 m) və s.-dir. Pind dağlarını cənubda Peloponnes və Krit adasındakı 2500 m-ə qədər yüksələn dağlar əvəz edir.

Balkan yarımadasının qərb dağ sıraları ilə mərkəzi qırışıq-qayma dağları arasındakı sərhəd təxminən Evbeya adası, Presna gölü və Morava çayının aşağı axarı istiqamətində keçir. Makedoniya-Frakiya massivi adlanan bu rayon üçün, qırışıq-qayma dağları və onların arasında yerləşən geniş çökəklik sahələr səciyyəvidir. Üst paleozoyda yaranmış və mezozoy erasına qədər peneplenləşmiş olan bu dağ massivi neogendə təkrar tektonik hərəkətlərə məruz qaldığından, keçmiş peneplen sahələri qırışıq-qayma formasını almış və onlar arasında geniş çökəkliklər yaranmışdır. Əvvəlcə çökəklik sahələrdə dəniz hövzələri, sonradan isə bir-birindən təcrid olunmuş göl çalaları olmuşdur. Dördüncü dövrün əvvəlində qurumuş, əsasən neogen və müasir dövrün göl və çay çöküntülərindən əmələ gəlmiş bu sahələr, hazırda əhalinin ən çox məskunlaşdığı yerlərdir. Skopye, Yuxarı Frakiya, Aşağı Frakiya, Salonik və Fessaliya bu növ çökəkliklərdəndir.

Makedoniya-Frakiya massivinin qayma və faylı dağlarından ən mühümləri Bolqarıstanda: Rila (hündürlüyü 2925 m olan Musala dağı Balkan yarımadasında ən yüksək zirvədir), Pirin Rodop; Yuqoslaviyada: Şar-Planina, Kopaonik (2017 m), Korab; Yunanıstanda: Olimp, Pelion, Ossa, Besik; Türkiyədə: İstrəncə dağlarıdır. Balkan yarımadasının şimal-şərqində yerləşən Stara-Planina (Balkan) dağları əmələ gəlməsi və struktur quruluşuna görə Dinar və Karpat dağlarına çox oxşardır. Əvvəlcə şimal-qərb, sonradan isə şərq istiqamətində uzanmış bu dağlar Dunay çayının dərəsi ilə Cənubi Karpatlardan ayrılır. Şərqi Serbiya dağları Karpat dağları ilə Stara-Planina arasında keçid təşkil edir. Şərqə doğru ensizləşən Stara-Planina dağlarının şimal yamacları az meyilli olub, tədricən Bolqarıstan yaylası ilə əvəz olunur. Əhəngdaşlarından əmələ gəlmiş bu yayla şərqə doğru genişlənərək eni 100-120 km-ə çatır. Dunay çayının qolları tərəfindən yaylanın səthi çox kəsilib parçalanmışdır. İskır çayı nəinki Bolqarıstan yaylasını, hətta Stara-Planina dağlarını belə eninə istiqamətdə yarıb keçir. Sofiya şəhərinə gedən dəmir və şosse yolu bu dərədən keçir. Stara-Planina dağlarının cənub yamacları olduqca dikdir. Burada öz təbiəti ilə dünyada məşhur olan Sofiya, Karlovo, Qazanlıq və Sliven kimi tektonik çökəkliklər yerləşmişdir.

Antibalkan (və ya bolqar dilində Sredne qora) dağları tektonik çökəklikləri cənubdan haşiyələmişdir. Struktur quruluşu tədricən Stara-Planinaya oxşar olan bu dağlardan cənubda Plovdiv çökəkliyi və yuxarı Frakiya ovalığı yerləşir. Kristallik və metamorflaşmış süxurlardan ibarət olan Xristo Botev massivində Yumruqçal dağının hündürlüyü 2376 m-ə çatır. Tarixdə məşhur olan Şipka aşırımı də (1185 m) Mərkəzi Balkanlarda yerləşir.

Yarımadanın qərb, cənub-qərb və cənub-şərq hissəsində Aralıq dənizi iqlimi hakimdir. Şimal və şimal-şərq hissə iqliminə görə Orta Avropaya daha yaxındır (mülayim-kontinental iqlimə malikdir). Bu iki iqlim növü arasında Aralıq dənizi iqlimindən mülayim-kontinental iqlimə keçid təşkil edən sahə yerləşmişdir. Aralıq dənizi subtropik iqliminə malik olan Adriatik, İonik, Krit və Egey dənizlərinin sahillərində qış mülayim və rütubətli keçir. Yunanıstanın cənub hissələri və Dalmasiya sahilləri qışda tez-tez qərbdən hərəkət edən siklonların təsirinə məruz qalır. Bu sahələrdə qışda havanın temperaturu şimalda (Dalmasiya sahillərində) +4 +5°, cənub və cənub-qərbdə (İonik dənizi sahillərində) +10 +12° arasında dəyişilir. Yarımadanın şimal-qərb hissəsində qışda tez-tez soyuq və güclü bora küləkləri müşahidə edilir. Şimal və şimal-şərq hissədə qış nisbətən soyuq və bəzən şaxtalı keçir. Bu hissədə qar örtüyü bəzən 4-5 həftə davam edir. Yanvar ayının temperaturu +2° ilə -2° arasında dəyişilir.

Yarımadanın mərkəzi hissələrində yerləşən dağarası çökəkliklərdə qışda temperatur inversiyası müşahidə edilir. Bəzən dağarası çökəkliklərə soyuq havaların dolması ilə havanın temperaturu -8 -10°-dən aşağı düşür. İyul ayının temperaturu Adriatik dənizinin şimalında 21-23°, İonik dənizi sahillərində 25-28°, şimal və şərq sahillərdə isə 23-25°-dir. Dağarası çökəkliklərdə havanın temperaturu 25-30°-yə çatır. Aralıq dənizi iqlimnə malik olan sahələr üçün yayın quraq keçməsi səciyyəvidir.

Ərazidə yağıntılar qeyri-bərabər paylanmışdır. Balkan yarımadasının qərb sahillərinə orta hesabla ildə 1000-1500 mm yağıntı düşür. Rütubətli küləklərə qarşı çevrilmiş olan Dinar dağlarının qərb ətəkləri 2000 mm-dən çox yağıntı alır. Yuqoslaviyada Kotor buxtasının sahillərində yağıntının miqdarı bəzən 5000 mm-dən çox olur. Yarımadanın daxili hissələrində yerləşən yüksək dağlarda da yağıntının miqdarı xeyli çoxdur. Yunanıstanın şərq sahilləri və yarımadanın şimal və şərq hissəsinə il ərzində 500-600 mm, Rodop dağlarına 1000 mm, dağarası çökəkliklərə isə 400 mm-dən az yağıntı düşür. Yarımadanın cənub və cənub-qərb sahillərinə yağıntı ən çox qışda, Dinar dağları və Makedoniyanın cənubunda payızın axırlarında, şimal və şimal-şərqdə isə yazda və yayın əvvəllərində düşür.

Balkan yarımadası inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayları əsasən Qara, Adriatik, İonik və Egey dənizi hövzələrinə aiddir. Ən böyük çayları Dunay, Morava, Sava, Marisa, Vardar, Struma, Penay, Semeni, Drin və Neretvadır. Gölləri tektonik, karst və tektonik-karst mənşəlidir. Ən böyük gölləri Skadar (Şkoder), Presna və Oxriddir. Dinar yaylası və Pind dağlarında çoxlu karst gölləri vardır.

Relyef və bitki xüsusiyyətindən asılı olaraq, yarımadanın torpaq və bitki örtüyü də çox müxtəlifdir. Balkan yarımadasında 6500-dən çox bitki növü qeydə alınmışdır. İqlimdə olduğu kimi, bitki formasiyalarının yayılmasına görə də yarımadanı iki hissəyə ayrımaq olar. Aralıq dənizi iqliminə malik olan sahələrdə həmişəyaşıl ağac və kolluqlar geniş yayılmışdır. Palıd və şam meşələri və makvis kolluqları (şəkil 14) ilə örtülü olan sahə Adriatik və Egey dənizi sahillərindən daxilə doğru hərəkət etdikcə tədricən daralır. Yarımadanın daxili hissələrində, 600-800 m hündürlüyündəki alçaq dağlıq sahələrdə, həmişəyaşıl ağac növləri ilə yanaşı yarpağını tökən ağac növləri də geniş yayılmışdır. Digər tərəfdən bu sahələrdə meşəaltı örtüyü təşkil edən qaratikan, yasəmən, sumax, palıd, yemişan, nar və s. kolluqlar da yayılmışdır.

Yunanıstanda və Adriatik dənizinin sahillərində yarpağını tökən dağ meşələri 1500-1700 m yüksəkliklərə qədər yayılmışdır. Buranın meşələri içərisində palıq, vələs, fıstıq, şabalıd və s. ağaclar üstünlük təşkil edir. Meşələrin yuxarı sərhədi 1800-2000 m, Olimp dağlarında isə 2200 m-ə çatır.

Yarımadanın şimal və şimal-şərq hissəsində kiçik sahəni tutan çöl bitki formasiyalarına, qalan yerlərdə isə cənub növləri də daxil olmaqla Orta Avropa tipli bitki örtüyünə rast gəlinir. Burada yerləşən dağların aşağı hissələrində yarpağını tökən palıd və fıstıq meşələri, yuxarıda iynəyarpaqlı meşələr, subalp və alp çəmənləri yerləşir. Stara Planina və Rodop dağlarında meşələrin yuxarı sərhədi 1600-1800 m-ə qədər yüksəlir. Yarımadanın heyvanlar aləmi içərisində həm Aralıq dənizi subtropiklərinə, həm də Orta Avropaya xas olan heyvan növlərinə rast gəlinir. Dağ keçisi, tur, muflon, qonur ayı, yırtıcıların müxtəlif növləri, çoxlu sürünənlər və quş növləri yarımadada ən çox yayılmış heyvanlardır. Balkan yarımadasının iqlim və morfostruktur xüsusiyyətini nəzərə alaraq, burada aşağıdakı fiziki-coğrafi vilayətlər ayrılır: 1) Dinar yaylası; 2) Dalmasiya sahil zonası; 3) Albaniya; 4) Mərkəzi Yunanıstan; 5) Peloponnes yarımadası; 6) Makedoniya sahili; 7) Serbiya yaylası; 8) Yuxarı və Aşağı Frakiya ovalıqları; 9) Rodop yaylası; 10) Stara-Planina (Balkan) dağları; 11) Krit adası və Kiklad adaları arxipelaqı.


Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə