Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


MƏRKƏZİ AVROPANIN HERTSİN QIRIŞIQLIĞI SAHƏSİ



Yüklə 440,01 Kb.
səhifə6/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

MƏRKƏZİ AVROPANIN HERTSİN QIRIŞIQLIĞI SAHƏSİ.

Bu fiziki-coğrafi sahə qərbdə Fransanın hertsin qırışıqları sahəsi ilə həmsərhəd olan Lotaringiya yaylası və Arden dağlarından başlayaraq, şərqə doğru tədricən ensizləşir. Kiçik Polşa yüksəkliyində yerləşən Keletsk-Sandomir kryajı fiziki-coğrafi sahənin şərq qurtaracağı hesab olunur. Şimalda Almaniya-Polşa ovalığı, cənubda isə Alp və Karpat dağları ilə haşiyələnmişdir. Ərazinin relyefində tektonik çatlar vasitəsi ilə təcrid olunmuş, gümbəzvari və tağvarı formaya malik olan uzun müddət aşınmaya məruz qalmış, alçaq dağ tirələri, orta dağlıq sahələr və onların arasında yerləşən ovalıq və düzənliklər üstünlük təşkil edir. Ərazidə geniş yayılmış alçaq və orta dağlıq sahələr arxey və proterozoy eralarının qranit və qneyslərindən, paleozoyun qumdaşından və gilli şistlərdən əmələ gəlmişdir. Uzun müddət aşınma hadisəsinə məruz qaldığı üçün dağ sıralarında qədim süxurları örtən laylar yuyulmuş və onlar daha çox peneplen səthlərinə çevrilmişdir. Vogez və Şvarsvald dağları, eləcə də Çexiya massivi buna misal ola bilər. Bu sahələrdə peneplen səthləri üzərində yüksələn ayrı-ayrı zirvələr kristallik süxurlardan ibarətdir. Üçüncü dövrdə baş vermiş şaquli tektonik hərəkətlər bu ərazidə qayma və faylı dağların və bunlar arasında yerləşən dağarası çökəklərin yaranması ilə nəticələnmişdir. Bəzi sahələrdə tektonik çatlar boyunca yerləşən vulkan püskürmələri də qeyd edilmişdir. Bu tipdən olan relyef formaları Reyn Şistli dağlarında və Çexiya massivində daha geniş yayılmışdır.

Dördüncü dövr buzlaşması sahənin ancaq şərq qurtaracağına təsir göstərmişdir. Riss buzlağı ilə əlaqədar olan gil və qumlardan ibarət moren tirələrinə hazırda Kiçik Polşa yüksəliyində rast gəlinir. Mərkəzi Avropanın hertsin qırışıqları sahəsi şimal-qərbdə Ardenlər dağından başlanır. Əsasən devon dövrünün çöküntülərindən ibarət olan Ardenlər aşınmaya çox məruz qalmış paralel tirələrdən ibarətdir. Bu tirələrin hündürlüyü 600-700 m-dən çox deyildir. Ardenlərdən cənubda, Fransa ilə Almaniya sərhədində, kuest tirələrindən təşkil olunmuş Lotaringiya yaylası yerləşmişdir. Yura və trias dövrünün əhəngdaşı və qumdaşları ilə örtülmüş kuest tirələrinin hündürlüyü 700 m-ə çatır. Yaylanı Reyn, Mozel, Maas çaylarının qolları çox parçalanmışdır. Vogez və Şvarsvald dağları qədim kristallik çöküntülərin geniş yayıldığı sahədir. Üçüncü dövr tektonik qalxmaları nəticəsində yaranmış bu əkiz dağ massivlərini qraben çökəkliyində yaranmış Yuxarı Reyn ovalığı ayırır. Dağların ovalığa enən yamacları olduqca dik, kənar yamaclar isə az meyillidir. Ən yüksək hissələri cənubda yerləşən Ballon-de-Qebviller (1423 m, Vogez dağlarında) və Feldberq (1493 m, Şvardsvald dağlarında) zirvələridir. Bunlar kristallik süxurlardan əmələ gəlmişdir. Şimala tərəf kristallik süxurlar trias dövrünün qumdaşları ilə əvəz olunur və dağlar tədricən alçalır. Vogez dağlarının şimalında yerləşən Odenvald yaylası ilə Şvasrvaldın şimalındakı Hardt yaylalarını bir-birindən Reyn çayının dərəsi ayırır.

Yuxarı Reyn ovalığı Bazel və Frankfurt şəhərləri arasında 300 km uzunluğa və təxminən 40 km enə malikdir. Paleogendə dəniz transqressiyasına məruz qaldığı üçün ovalığın çox hissəsi dəniz və göl çöküntülərindən ibarətdir. Onların üzəri hazırda dördüncü dövrün lyossvarı və Reyn çayının allüvial çöküntüləri ilə örtülmüşdür. Cənub-qərbdən şimal-şərqə uzanan Reyn şistli dağları Yuxarı Reyn ovalığının kristallik süxurlarının səthə çıxdığı sahəsidir. Devon dövrünün kristallik süxurlarından əmələ gəlmiş bu dağlar, neogendə baş vermiş tektonik hərəkətlər nəticəsində ümumi qalxmaya məruz qalmışdır. Hazırda kristallik süxurların üzə çıxdığı Taynus və Hunsryuk zirvələrinin hündürlüyü 843 m-ə çatır. Reyn Şistli dağları enlik istiqamətində yerləşən çay dərələri vasitəsilə bir neçə müstəqil dağ massivlərinə ayrılmışdır. Eyfel massivi Reyn çayının qərbində (Mozel çayından şimalda), Vestervald və Zibengebirqe massivləri isə onun şərqində, Lan çayından şimalda yerləşir. Reyn Şistli dağlardan şərqdə Harts və Turingiya meşəsi dağları yerləşir. Bunlar bir-birindən Unstrut çayının dərəsi ilə ayrılır. Trias və tabaşir çöküntülərindən əmələ gəlmiş bu dağ sıralarının ən yüksək zirvələri Harts dağlarında 1142 m (Brogen dağı), Turingiya meşəsində 982 m-ə yüksəlir. Şvarsvald dağlarından şərqdə hertsin qırışıqları üzərində yatmış, trias və yura dövrlərinin dəniz çöküntüləri arasında kuest tirələrinin geniş yayıldığı sahələr üstünlük təşkil edir. Nekkar və Mayn çaylarının hövzəsində yerləşən Şvab Frankon kuest yaylası və cənub-qərbdən şimal-şərqə doğru uzanan Şvab və Frankon yurası dağları bu sahəyə aid edilir. Reyn, Vezer və Dunay çaylarının qolları ilə çox kəsilmiş bu yayla və dağların hündürlüyü 500-1000 m arasında dəyişilir. Ərazinin relyefi üçün kuest tirələri ilə yanaşı, yura dövrünün əhəng daşlarında geniş yayılmış karst sahələri səciyyəvidir.

Frankon yurası dağlarından şərqdə Orta Avropanın hertsin qırışıqları sahəsində hündürlüyünə görə Mərkəzi Fransa massivindən sonra ikinci yeri tutan Çexiya massivi yerləşmişdir. Çexiya massivinin şimal-qərbində yerləşən Filizli dağların uca zirvələri 1244 m yüksəlir. Dağların cənub yamacları dik, şimal-qərb yamacları isə meyillidir. Neogen dövründə baş vermiş vulkan püskürmələri ilə əlaqədar olan mineral və isti bulaqlara (Karlovı-Varı və s.) dağların ətəklərində rast gəlmək olur.

Şimal-qərbdən cənub-şərqə doğru uzanan Sudet dağları Çexiya massivini şimal-şərqdən haşiyələyir. Qədim kristallik süxurlardan və neogen dövründə baş vermiş vulkanlarla əlaqədar olan çöküntülərdən əmələ gəlmiş bu dağlar ayrı-ayrı zirvələrdən və onların arasında yerləşən çökəkliklərdən ibarətdir. Yüksək zirvəsi Snejka (1605 m) dağıdır.

Çexiya massivinin cənub-qərbində ayrı-ayrı horst yüksəkliklərindən ibarət olan Çexiya meşəsi, Şumava və Bavariya meşəsi dağları yerləşmişdir. Bunların ən hündür zirvəsi 1456 m yüksələn (Şumavada) Qroser-Arber dağıdır. Çexiya massivini kənardan əhatə edən dağ sıraları üçün səciyyəvi cəhətlərdən biri də onların dördüncü dövrdə buzlaqlarla örtülməsidir. Buzlaqla əlaqədar olan relyef formalarına (karlar, təknəvari dərələr, buzlaq gölləri və s.) Sudet və Şuvama dağlarında daha çox rast gəlinir.

Kənar sahələrə nisbətən Çexiya massivinin mərkəzi hissələri bir qədər alçaqdır. Laba (Elba) çayının sahili boyunca yerləşən Polab düzənliyinin dəniz səviyyəsindən hündürlüyü 200 m-dən çox deyildir. Düzənliyin çox hissəsi tabaşir dövrünün lyossabənzər çöküntüləri ilə örtülmüşdür. Polab düzənliyindən cənuba və şərqə doğru yenidən ərazinin yüksəlməsi, qədim süxurların səthə çıxması müşahidə edilir. Qədim süxurlar uzun müddət aşınmaya məruz qaldığından ərazi hamarlanmış, düzən sahələrə və qalıq dağlara çevrilmişdir. Praqanın cənub-qərbində yerləşən Brdi yüksəkliyi (700-800 m) çox aşınmış hertsin qırışıqlarının kristallik süxurlarından əmələ gəlmiş qalığıdır.

Vltava çayı Çexiya-Moraviya yaylasını Brdi yüksəkliyindən ayırır. Yaylanın qərb hissəsi kembriyəqədərki dövrün kristallik süxurları, şərqi isə karst formalarının geniş yayıldığı mezozoy əhəngdaşları ilə örtülmüşdür. Moraviyanın karst mağaralarının əksəriyyəti qədimdə ibtidai insanların yaşaması ilə tarixdə məşhurdur. Burada məşhur Masoxa karst sahəsi vardır.

Kuest relyefinin geniş inkişaf tapdığı əsasən trias və tabaşir dövrlərinin çöküntülərindən əmələ gəlmiş Turingiya hövzəsi Zaale çayı və onun qolları tərəfindən çox kəsilmişdir.

Mərkəzi Avropanın hertsin qırışıqları sahəsinin şərq qurtaracağı Kiçik Polşa yüksəkliyidir. Yüksəkliyin mərkəzi hissələri trias, kənarları isə yura və tabaşir dövrünün çöküntüləri ilə örtülmüşdür. Keletsk-Sandomir kryajında yerləşən Lısitsa dağının hündürlüyü 611 m-dir. Dördüncü dövr buzlaşması Kiçik Polşa yüksəkliyini tamam örtdüyü üçün burada onun izləri aydın görünür.

Mərkəzi Avropanın hertsin qırışıqlığı sahəsinin iqlimi hertsin Fransasına nisbətən bir qədər kontinentaldır. Burada Atlantik okeanın mülayimləşdirici təsiri Fransaya nisbətən çox zəifdir. Buranın iqlimində Sibir antisiklonu və mülayim qurşağın kontinental hava kütlələrinin təsiri daha aydın hiss olunur. Ərazinin morfometrik xüsusiyyəti müxtəlif sahələrin iqlim cəhətindən fərqlənməsinə şərait yaradır. Ümumiyyətlə fiziki-coğrafi sahənin iqlimi mülayim olub, daniz ilə kontinental iqlim arasında keçid təşkil edir. yanvar ayının temperaturu qərbdə +1° olduğu halda, şərqdə -4°-dir. Bəzən qışda Şərqi Avropadan kontinental hava kütlələri daxil olduqda, havanın çox soyuması və şaxta müşahidə edilir. Lakin bu cür havalar qərbdən siklonların daxil olması nəticəsində uzun çəkmir. Düzənliklər üçün davamlı qar örtüyü səciyyəvi deyildir. Lakin dağların 800-1000 m hündürlükdəki sahələrində qar örtüyü 3-5 ay davam edir, yayı isti (çökəkliklərdə) və mülayim (dağlıq sahələrdə) keçir. İyulun orta temperaturu düzənliklərdə və qapalı çökəklərdə 18-20°, dağlıq sahələrdə 10-11°-dir. Yayı buludlu, çiskin yağışlı keçir. Yağıntıların miqdarı da temperatura müvafiq olaraq, qərbdən şərqə doğru dəyişir. Ərazinin qərb hissəsi və dağların qərb yamaclarına ildə 1000-2000 mm, şərq sahələrə isə 600-700 mm yağıntı düşür. Qapalı çökəklər yağıntının azlığı (500-600 mm) ilə başqa sahələrdən seçilir. Çay şəbəkəsi yaxşı inkişaf etmişdir. Reyn, Vezer, Elba, Oder, Visla və s. çaylar yuxarı və orta axarlarında Mərkəzi Avropanın hertsin qırışıqları sahəsindən axıb keçir. Çayların gəmiçilik üçün yararlıdır. Vulkan və buzlaqlarla əlaqədar olan xırda göl çalalarına Reyn Şistli və Sudet dağlarında rast gəlmək olur.

Əsasən qonur meşə torpaqları, iynəyarpaqlı meşələr zonasında isə podzol torpaqlar yayılmışdır. Qapalı çökəklər və ovalıqlarda qara torpağa bənzər məhsuldar tünd torpaqlara, əhəngdaşı süxurların yayıldığı sahələrdə isə çürüntülü-karbonatlı torpaqlara rast gəlinir. Ərazidə əsasən enliyarpaqlı, dağlıq sahələrdə isə iynəyarpaqlı meşələr geniş yayılmışdır. Atlantik okeanına yaxın olan sahələrdən fərqli olaraq, burada enliyarpaqlı ağacların kontinental iqlimə uyğunlaşmış növləri üstündür. Enliyarpaqlı meşələr içərisində fısdıq, qış və yay palıdı, vələs və az miqdarda göyrüş geniş yer tutur.

Meşələr dağlıq sahələrdə daha yaxşı saxlanmışdır. Dağların 700-800 m hündürlüyündəki hissələri enliyarpaqlı, 1100-1300 m hündürlüyündəki sahələri isə iynəyarpaqlı (küknar, şam) meşələrlə örtülüdür. Düzənlik və ovalıq sahələrdə meşələr çox qırılmışdır. Bu sahələrdə adətən mədəni bitkilər və pannon steplərinə bənzər bitki formasiyaları geniş yer tutur. Mərkəzi Avropanın hertsin qırışıqları sahəsini relyef və iqlim xüsusiyyətinə görə aşağıdakı vilayətlərə ayırmaq olar: 1) Lotaringiya yaylası ilə birlikdə Vogez və Şvarsvald dağları; 2) Yuxarı Reyn ovalığı; 3) Reyn Şistli dağları; 4) Şvab və Frankon yaylaları; 5) Çexiya massivinin kənar yüksəklikləri; 6) Çexiya-Moraviya yaylası; 7) Turingiya hövzəsi; 8) Kiçik Polşa yüksəkliyi.


ALP DAĞLARI VƏ ALPƏTRAFI VİLAYƏTLƏR.

Alp dağları qərbdə Liquriya danizi sahilindən başlayaraq şərqdə Vyana çökəkliyinə qədər 1200 km məsafədə uzanır. Cənubda Venesiya-Po ovalığı, şimalda isə Yura dağları, İsveçrə və Bavariya yaylaları Alpqabağı vilayətlərə daxildir. Alp dağları fiziki-coğrafi xüsusiyyəti və mövqeyinə görə Avropa qitəsinin digər təbii sahələrindən kəskin fərqlənən fiziki-coğrafi sahədir. Bu ərazinin əsas xüsusiyyətlərindən biri onun çox yüksək olması, cavan qırışıq dağlar sistemində yerləməsi və Cənubi Avropa ilə Orta Avropa arasında təbii sərhər təşkil etməklə, onların hər ikisindən kəskin surətdə seçilməsidir. Alp dağları Cənubi Avropanı şimaldan gələn, Orta Avropanı isə Cənubdan gələn hava kütlələrindən qoruyur və beləliklə də Orta Avropa ilə Cənubi Avropa arasında çox aydın seçilən iqlim sərhədini təşkil edir. Alplara məxsus olan xüsusiyyətlərdən biri də burada landşaft qurşaqlarının şaquli zonallığının yaxşı nəzərə çarpmasıdır.

Hələ keçən əsrin ortalarından başlayaraq Alp dağları müxtəlif ölkələrin alimləri tərəfindən çox dəqiq öyrənilmişdir. Kaynozoy erasının dağ qırışıqları xüsusiyyətinin müəyyən edilməsində, iqlim və landşaft qurşaqları şaquli zonallığa dair qanunauyğunluqların öyrənilməsində, dördüncü dövr buzlaşmasının Qərbi Avropa dağlıq sahələrində təkrarlanmasının müəyyən edilməsində və s. bu tədqiqatların böyük əhəmiyyəti olmuşdur.

İnzibati cəhətdən Alp dağları bir çox dövlətlərin: Fransanın, İtaliyanın, İsveçrənin, Avrtriyanın, Almaniya Federativ Respublikasının, Macarıstanın və Yuqoslaviyanın ərazisində yerləşmişdir. Buna görə bəzən ədəbiyyatda Fransa, İtaliya, İsveçrə və s. Alpları məhfumlarına rast gəlirik. Lakin geoloji quruluşu, relyefi və morfoloji xüsusiyyəinə görə Alp dağları ancaq iki hissəyə - Qərbi və Şərqi Alplara ayrılır. Bu sahələr arasındakı sərhəd Boden və Komo gölləri arasında yerləşmiş dərin tektonik çökəklikdən keçir. Qərbi Alplar cənub-qərbdə Liquriya dənizi və Rona çayı dərəsindən başlayaraq əsasən Fransa, İtaliya və İsveçrə ərazisində yerləşir. Fransa ilə İtaliya sərhədində meridian istiqamətdə uzanmış Qərbi Alplar bir neçə dağ sıraları və massivlərdən ibarətdir.

Qərbi Alpların cənub dəniz sahili hissəsi Sahil Alpları adlanır. Cənub-qərb, qərb və şimal-qərb istiqamətində uzanmış bu dağların ən hündür nöqtəsi 3297 m-dir. Dağlar şimala doğru tədricən yüksələrək Dyurans və Po çayları suayrıcında Kot Alpları ilə əvəz olunur. Monte-Vizo dağı (3845 m) Kot Alplarının ən yüksək zirvəsidir. Pelvu massivi (4103 m) qərb tərəfdən Kot Alplarını əhatə edir. Sahil Alplarının qərbində, ondan bir qədər alçaq olan Provans Alpları yerləşir. Bu dağların şərq yamacları dikdir. Qərb yamacları az meyilli olub, Rona çayına tərəf alçalan Provans alpqabağı sahəsini təşkil edir. Kot Alplarının şimal davamında Qray Alpları yerləşir. Burada dağların ox hissəsi daha yüksəkdir. Ayrı-ayrı massivləri örtən geniş buzlaq sahələr var. Qran-Paradizo massivi (4061 m) Qray Alplarının ən yüksək hissəsidir. İzer çayı və Ponun bir sıra qolları öz başlanğıcını bu dağlardan alır.

Qray və Kot Alplarından qərbdə Qərbi Alpların geniş ön dağ zonası yerləşmişdir. Bunlara Dyurans çayı ilə İzerin arasındakı Dofine və Cenevrə gölünün cənubu ilə Ark çayı arasındakı Savoyya ön dağ zonası daxildir. Qray Alplarından şimalda Alp dağlarının ən hündür beşbaşlı zirvəsi olan Monblan massivi yerləşir (şəkil 11). Monblan massivi həm də Alp dağları istiqamətinin kəskin dəyişildiyi sahəsidir. Əsasən meridian istiqamətində uzanan Alp dağları Monblan massivindən birdən-birə istiqamətini dəyişərək, şərqə doğru uzanır. Burada Rona çayının dərəsi ilə ayrılmış və bir növ paralel istiqamətdə uzanan Bern və Pennin Alpları yerləşmişdir. Monblan massivi Pennin Alplarında və eləcə də Alp sistemində ən hündür massiv sayılır. Buzlaqların sahəsi burada çox genişlənir. Monblan (4810 m), Matterhorn (4505 m), Monte-Roza (4638 m), Veyshorn (4512 m) və s. zirvələr buzlaqlarla örtülüdür. Rona və Po çaylarının bir sıra qolları öz başlanğıcını bu buzlaqlardan alır.

Pennin Alplarının şimala davamını Bern Alpları təşkil edir. Burada dağların ox hissəsinin alçalmasına baxmayaraq, yüksəkliyi (4167 m), Aleçhorn (4182 m), Finsteraarhorn (4275 m) və s. Adları çəkilən massivlərin hamısında geniş buzlaq sahələri vardır. Reyn çayı və onun bir sıra qolları öz başlanğıcını Bern Alplarından alır. Bern Alplarının şərqində Qlarn, onun cənubunda isə Lepontin Alpları yerləşmişdir. Bu iki dağ silsiləsini Reyn çayı dərəsi bir-birindən ayırır. Pennin Alpları ilə onun şərqə davamı olan Lepontin Alpları arasında Simplon (2009 m), Lepontin Alplarında isə Sen-Qotard (2112 m) aşırımı vardır. Qlarn Alplarının ən yüksək nöqtəsi Tedi massivində 3623 m-ə çatır. İsveçrə ərazisində, Rona və Reyn çayları arasında yerləşən Qotard massivi İsveçrə Alplarının suayırıcı hissəsidir. Qlarn və Lepontin Alplarının şərqində yerləşən, Boden və Komo gölləri istiqamətində Alp dağlarını yarıb keçən tektonik çökəklik Qərbi Alpların şərq qurtaracağı hesab edilir. Şərqi Alplara nisbətən Qərbi Alplar hündür, lakin ensizdir. Monblan massivi sahəsində Alp dağlarının eni 150 km-dən çox deyildir. Qərbi Alplara xas olan xüsusiyyətlərdən biri də geniş buzlaq sahələrinə malik olması, şimal və qərb yamaclarının az meylli, cənub və şərq (daxili) yamacların çox dik olmasıdır.

Şərqi Alplar nisbətən alçaq, lakin enlidir (240 km). Burada dağların ox hissəsi alçaq, buzlaq sahələri isə azdır. Şərq istiqamətində hərəkət etdikcə dağ massivləri yelpikvarı formada bir-birindən çox aralanır və onların arasında geniş sahəni tutan alçaq və orta dağlıq sahələr nəzərə çarpır. Şərqi Alpların çox hissəsini Retiy, Estal və Tsellertal Alpları təşkil edir. Bu dağların bir çox massivləri 4000 m-dən yüksəyə qalxır. Bernina (4055 m), Ortler (3899 m) və Adamello (3564 m) massivləri Şərqi Alplarda ən hündür sahələr olub, buzlaqlarla örtülüdür. İnn və Adidce çaylarından şərqə, Mura çayının mənbəyinə qədər Şərqi Alpların ox silsiləsi yüksək dağlıq xüsusiyyətini saxlayır. Bundan sonra mərkəzi silsilənin alçalması və onun yelpikvarı formada iki dağ sırasına ayrılması müşahidə edilir. Birinci dağ silsiləsi şimal-qərb istiqamətindəVyana çökəyinə uzanır. Bunun şərq davamı Karpat dağlarına keçir. Cənub-şərq istiqamətində uzanan ikinci qolun davamı Balkan yarımadasının şimal qərbindəki Dinar dağlarını təşkil edir.

Cənub-qərbdən şimal-şərqə doğru uzanmış Retiy Alpları Bernina və Ortler massivlərinin şimalında, İsveçrə ilə Avstriyanın ərazisindədir. Bu dağ silsiləsi İnn, Adda və Adidce çaylarının dərələri tərəfindən bir neçə yerdə kəsilmişdir. Bu silsilənin şərqində mərkəzi hissəni təşkil edən Estal və Tsellertal Alpları yerləşmişdir. Bir növ paralel istiqamətində uzanmış Estal Alplarının ən hündür zirvələri 3714 m, Tsellertal Alplarının yüksək Tauren massivi isə 3798 m (Qros-Qlokner dağı) yüksəlir. Tsellertal Alplarının şimalında Klarn Alpları yerləşir. Onun şimal-şərqə davamını Lextal Alpları təşkil edir. bunlar şimalda Bavariya Alplarına qədər davam edir. Yüksək Taurendən şimalda Zaltsburq, onun şərqə davamında isə Avstriya Alpları və Vyana meşələri yerləşir.

Ştiriya Alpları Alçaq Taurenin cənub-şərqindədir. Dolomit və Karni Alpları Bernina və Ortler massivlərinin şərq və nisbətən alçaq hissələridir. Yuliy Alpları Dinar dağları ilə Karni Alpları arasında keçid təşkil etməklə, ən yüksək hissəsi 2863 m ucalır. Şərqi Alplar cənubdan geniş sahəni tutan alçaq və orta dağlıq sahələrlə əhatələnmişdir. Bunlara Laqo-Macore və Qarda gölləri arasındakı Lombardiya Alpları və Venetsiya Alpları daxildir.

Alp dağlarının şimal və şimal-qərbində yerləşən Yura dağları, İsveçrə və Bavariya yaylaları və eləcə də Apenninlə Alp dağları arasındakı Venetsiya-Po ovalığı Alpqabağı vilayətlərə aid edilir.

Yura dağları cənub-qərbdən şimal-şərqə doğru uzanmış, orta yüksəkliyə malik olan sıra dağlardır. Ən yüksək zirvəsi Kre-de-la Nejin hündürlüyü 1723 m-dir. Əsasən üçüncü dövrün qırışıqlarından ibarət olan bu dağlar, yura dövrünün əhəngdaşları və mergellərindən əmələ gəlmişdir. Dağların şimal hissəsi yaylavari və alçaq olduğu halda, cənubu bir neçə antiklinal dağların və sinklinal çökəklərin növbələşdiyi sahədir. Dağlar əsasən əhəngdaşlarından ibarət olub, burada karst relyef formaları geniş yayılmışdır. İsveçrə və Bavariya yaylaları Alpqabağı çökmə sahəsini əhatə edir. Əsasən neogenin molass çöküntüləri ilə dolmuş bu çökəklik Alp orogenezinin son mərhələlərində zəif qırışıqlara məruz qalmışdır. Molass çöküntülərinin üzəri çox yerdə Alp dağlarından gətirilmiş buzlaq çöküntüləri ilə örtülmüşdür. Yaylaların hündürlüyü Dunay çayı sahillərindən (300-400 m), Alp dağlarına doğru (700-900 m) tədricən artır. Bavariya yaylasına nisbətən İsveçrə yaylası bir qədər hündürdür, buzlaqla əlaqədar göl çalaları geniş sahəni tutur.

Alp dağlarının şimal ətəklərindən fərqli olaraq, onun cənub yamaclarında dağətəyi sahələr geniş yayılmışdır. Burada Alp dağları ilə Apennin dağları arasındakı çökəklikdə Venetsiya-Po ovalığı yerləşir. Kaynozoy erasının əvvəllərində Adriatik dənizinin körfəzi olmuş bu sahə, sonradan Alp və Apennin dağlarından gətirilən allüvi ilə tədricən doldurularaq, neogenin axırlarından quruya çevrilmişdir. Üçbucaq formasında olan bu ovalığın şərq hissəsi dəniz səviyyəsindən 100 m, qərb hissəsi isə 500-600 m-ə qədər yüksəkliyə malikdir. Dağətəklərinə yaxın sahələrdə nisbətən iri qırıntı məhsullarının toplanmasından, uc morenləri və eləcə də zandr qumlarından ibarət olan xırda təpəliklər nəzəri daha çox cəlb edir. Po çayının məcrasında məhsuldar allüvial torpaqlar yayılmışdır. Ovalığın çox hissəsi Po çayı və onun qolları tərəfindən olduqca kəsilib parçalanmışdır. Düzənliyin Adriatik dənizi sahillərində bataqlıqlar və laqun gölləri geniş sahəni əhatə edir.

Alp dağlarının çox yüksək olmasına baxmayaraq, onları aşıb keçmək o qədər də çətin deyildir. Alp dağlarında yerləşən Maddalena (1996 m), Pti-Monseni (2084 m), Böyük və Kiçik Sen-Bernar (2472 m), Simplon (2009 m), Sen-Qotard (2112 m), Brenner (1370 m) və b. aşırımlardan Fransa, İsveçrə, Almaniya Federativ Respublikası, Avstriya və s. dövlətləri İtaliya və Yuqoslaviya ilə birləşdirən dəmir və şosse yolları (çox yerdə tunellərdən) keçir.

Alp dağlarının geoloji quruluşu və tektonikası çox mürəkkəbdir. Dağların müasir relyefinin yaranmasında mezozoy və paleogen qırışıqları ilə yanaşı, neogen və dördüncü dövrün orogenik hərəkətləri və eləcə də dördüncü dövr buzlaşmasının böyük rolu olmuşdur. Alp dağlarının geoloji quruluşu üçün səciyyəvi cəhətlərdən biri burada uzununa yerləşmiş, bir-birindən kəskin fərqlənən dörd litoloji zonanın mövcud olmasıdır. Qədim kristallik və metomorflaşmış süxurlardan ibarət olan zona hər yerdə mərkəzi ox silsiləsini tutur. Bu zonanın relyefində buzlaq sirkləri vasitəsi ilə təcrid edilmiş dağ qolları, təknəvari və asılı dərələr nəzəri çox cəlb edir. Bundan cənubda əsasən mezozoyun əhəngdaşı, mergel və dolomitlərin geniş yayıldığı zona yerləşir. Aşınmaya davamlılığı cəhətindən kəskin fərqlənən süxurların yayıldığı bu zonada mürəkkəb relyef formaları müşahidə edilir.

Alpqabağı vilayətlər və dağətəyi sahələr molass və fliş çöküntülərindən əmələ gəlmiş zonada yerləşmişdir. Əsasən yüksək dağlıq sahələrdən gətirilmiş qırıntı materiallarından ibarət olan bu zonalarda qumdaşı, konqlomeratlar və gilli şistlər çox yerdə üfüqi şəkildə yatmış və yaxud zəif qırışıqlara məruz qalmışdır. Litoloji xüsusiyyətinə görə seçilən bu zonaların simmetrik şəkildə bir-birini əvəz etməsi Şərqi Alplarda daha yaxşı müşahidə edilir. Qərbi Alpların daxili (İtaliyaya tərəf çevrilmiş) yamacları bu cəhətdən bir qədər fərqlidir. Burada kristallik və metamorfik süxurlardan ibarət olan zonanı birdən-birə Venetsiya-Po ovalığı əvəz edir. Alp dağlarının tektonik xüsusiyyətində şaryaj quruluşu mühüm yer tutur. Qərbi Avropada süxurların hərəkəti qərb və şimal-qərbə, Şərqi Alplarda isə şimala doğru olmuşdur. Alpqabağı vilayətlərdə şaryaj quruluşunu avtoxton qırışıq sistemi əvəz edir. Bu qırışıq sistemi Provans Alplarında, Yura dağlarında və s. xüsusilə nəzərə çarpır.

Mülayim və subtropik qurşaqlar arasında yerləşməsi və eləcə də onun dağlıq relyefi Alp dağları iqliminə böyük təsir göstərir. Alp dağları Qərbi Avropada Atlantik okeanından gələn hava kütlələrinin ən yaxşı kondensasiyaya uğradığı sahədir. Dağlarda yağıntının miqdarı istər hündürlükdən və istərsə də yamacların səmtindən çox asılıdır.

Qərbi Alpların Fransa ərazisində yerləşən 1500-2000 m hündürlüyündəki sahələrinə il ərzində 2000-2500 mm yağıntı düşür. bu sahə üçün dumanlı, buludlu və yağışlı havalar səciyyəvidir. Dağların şimal ətəklərində yağıntının miqdarı 1000 mm olub, il ərzində bərabər paylanmışdır. Alp dağlarında ən az yağıntı alan sahələr dağarası dərə və çökəklərdir. Bu hissələrə ildə 600-800 mm yağıntı düşür. Yağıntıların yüksəkliyə görə artması 2000 m hündürlüyədək müşahidə edilir. Bundan yüksək sahələrdə yağıntı və buludluluq azalır, günəş insolyasiyası isə artır. 0°-lik izoterm Alp dağlarının şimalında 2000 m hündürlükdən, Sahil və Kot Alplarında isə 2600-2700 m hündürlükdən keçir. Dağların cənub yamacları, şimal yamaclarına nisbətən daha çox qızır. Bunun səbəbi cənub yamacların Aralıq dənizi sahəsindən gələn isti hava kütlələrinə qarşı çevrilməsi və bura günəş şüalarının perpendikulyar düşməsidir. Temperatura müvafiq olaraq Alp dağlarında qar xəttinin hündürlüyü də müxtəlifdir. Daha çox rütubətli və nisbətən soyuq şimal yamaclarda qar xətti 2500 m hündürlükdən, nisbətən isti və quru iqlimə malik olan cənub yamaclarda isə 3000-3500 m hündürlükdən keçir.

Alp dağlarının iqliminə xas olan cəhətlərdən biri də burada iqlim qurşaqlarının yerləşməsində şaquli zonallığın aydın müşahidə edilməsidir.

Alp dağlarının iqlimində yerli küləklərin rolu böyükdür. Burada dağ-dərə və xüsusilə fyon küləkləri hakimdir. Fyonların sürəti şimal yamaclarda daha böyük olur. Adətən yaz və payızda müşahidə edilən bu küləklər, dağları aşaraq şimala hərəkət etdikcə daha çox qızır və şimal yamacların ətəklərində havanın temperaturunu birdən-birə artırır.

Böyük sürətlə hərəkət edən hava kütlələri bəzən binaları uçurur, qar uçqunları və havanın birdən-birə qızması nəticəsində böyük daşqınlar əmələ gətirir. Lakin buna baxmayaraq fyonların müsbət təsiri də çoxdur. Adətən fyonlar dağların şimal ətəklərində yayın girməsini, eləcə də kənd təsərrüfatı bitkilərinin yetişməsini sürətləndirir.

Alp dağlarının cənub ətəklərində geniş sahəni tutan Venetsiya-Po ovalığının iqlimi başqa sahələrdən bir qədər fərqlidir. Burada yayı isti və qışı bir qədər yumşaq keçən iqlim hakimdir. Yanvar ayının orta temperaturu -2° ilə +2° arasında dəyişdiyi halda, iyulda havanın temperaturu 23-24°-yə çatır. Qış aylarında bəzən qərb dağətəyi sahələrə qar yağması müşahidə edilir. Qar örtüyünün qalınlığı burada 0,5 m-ə çatıb, 2-3 həftəyədək davam edir. Ovalıqda yağıntıların miqdarı 600-1000 mm olub, çox hissəsi yayda düşür.

Alp dağları Orta Avropada müasir buzlaqların ən çox yayıldığı sahədir. Burada ümumi sahəsi 4100 kv. km olan 1200-dən çox buzlaq qeydə alınmışdır. Ayrı-ayrı dərə buzlaqlarının dilləri 1100-1500 m hündürlüyə qədər enmişdir. Qərbi Alplarda buzlaqların tutduğu sahə (2689 kv. km) Şərqi Alplara (1450 kv. km) nisbətən daha çoxdur. Alp dağlarında ən böyük buzlaq İsveçrənin Bern Alplarındakı Aleç qletçeri (uzunluğu 27 km, sahəsi 115 kv. km-dir) və Monblan massivindəki Mer-de-qlas (uzunluğu 15 km) buzlağıdır. Bern və Pennin Alpları, Monblan massivi, Şərqi Alplarda isə Yüksək Tauren əsas buzlaq mərkəzləridir.

Alp dağlarında çayların sulu, sürətli və hidroqrafik şəbəkənin sıx olmasına yağıntılardan başqa, ərazinin quruluşu a xeyli təsir göstərir. Çay şəbəkəsi Qara, Şimal, Adriatik və Tirren dənizləri hövzəsinə aiddir. Şərqi Alplarda əhəngdaşı süxurlarının geniş yayıldığı sahələrdə çay şəbəkəsi zəif inkişaf etmişdir. Çaylarda meyillilik yüksəkliyə görə çox artdığından, axım əmsalı 70-90% arasında dəyişilir. Daimi qar və buzlaqlardan mənbəyini alan çaylar daha böyük axım əmsalına malikdirlər. Məsələn İnn çayının yuxarı axarında axım əmsalı 80%, Adda çayında 90%, Rona çayının Cenevrə gölünə qədər olan hissəsində 80%-dir. Alpın orta və aşağı yamaclarında axan çayların axım əmsalı 60%-dən çoxdur. Yağıntıların paylanmasından asılı olaraq, çayların su rejimi də müxtəlifdir. Mənbəyini daimi qar və buzlaqlardan alan çaylarda yüksək səviyyə və daşqınlar yayda, Aralıq dənizi iqliminin təsiri altında olan cənub və cənub-qərb yamaclardan başlanan çaylarda isə yaz və payızda müşahidə edilir. Tipik Alp və Aralıq dənizi rejiminə malik olan çaylardan başqa, qarışıq rejimə malik olan çaylar da vardır. Bu qrupa öz başlanğıcını mərkəzi ox silsiləsindən götürən və cənuba doğru axan Po çayının sol qolları daxildir.

Alp çaylarının hidroenerji ehtiyatları böyükdür. Çayların su rejiminin tənzim edilməsində göllər əsas rol oynayır. Göl çalaları əmələ gəlməsinə görə tektonik və buzlaq mənşəlidir. Böyük göl çalaları əsasən iki zonada qruplaşmışdır. Birinci zonaya İsveçrə Alplarındakı göl çalaları daxildir. Buraya Cenevrə (sahəsi 581 kv. km, ən dərin yeri 375 m), Boden (sahəsi 538 kv. km, ən dərin yeri 395 m), Sürix, Nevşatel, Firvaldştet və s. göllər aiddir. İtaliya Alplarında yerləşən Komo (dərinliyi 410 m), Qarda (sahəsi 370 kv. km, ən dərin yeri 346 m), Laqo-Macore və s. göllər ikinci zonaya daxildir.

Qərbi Avropa ərazisində hündürlükdən asılı olaraq dəyişilən bitki örtüyünün şaquli zonallığı Alp dağlarında daha yaxşı inkişaf etmişdir. Hündürlükdən asılı olaraq Alp dağlarında bir neçə landşaft qurşağını ayırmaq olar. Birinci landşaft qurşağı hündürlüyü 800-1000 m-dək olan dağətəyi və alçaq dağlıq sahəni əhatə edir. Burada təbii bitki örtüyü insan fəaliyyəti ilə çox dəyişdirilmişdir. Bitki örtüyü içərisində mədəni və texniki bitkilərin tutduğu sahə daha genişdir. Bu qurşağın Sahil, Kot, Qray Alpları hissəsində və eləcə də Venetsiya-Po ovalığına qonşu olan Lombardiya və Venetsiya Alplarında Aralıq dənizi tipli, quraqlığa davamlı, həmişəyaşıl kolluqlar (makvis, qarriqa və s.), üzüm və zeytun plantasiyaları geniş yayılmışdır. Meşə bitkilərindən burada ən çox yayılanı şabalıq və hələb şamıdır. Qərbi Alpların şimal yamaclarında meşə örtüyü içərisində fısdıq, palıq və iynəyarpaqlı ağacların üstünlüyü hiss edilir. Şərqi Alplarda Orta Dunay ovalığına yaxın olan dağətəyi və alçaq dağlıq sahələrdə iqlimin soyuması və kontinentallaşması ilə əlaqədar olaraq, meşə örtüyündə küknar, şam və soyuğa davamlı palıq ağacları geniş yer tutur. Dağətəyi və alçaq dağlıq sahənin landşaft qurşağında, öz təbiəti ilə daha çox seçilən sahə Fransanın Liquriya dənizi sahilləridir. Bu ərazidə demək olar ki, təbii bitki örtüyü tamamilə dəyişdirilmişdir. Dekorativ bitkilərlə zəngin olan bağ və parklar “Lazur sahil”də daha geniş sahəni tutmuşdur.

İkinci landşaft qurşağı hündürlüyü təxminən 1800 m-ə qədər olan sahələri əhatə edir. Mülayim-rütubətli və mülayim-soyuq iqlimin hakim olduğu bu qurşaqda, havanın temperaturu iyulda 10-15°, yanvarda isə -4-8°-dir. Qışı 4-7 ay çəkməklə, qar örtüyünün qalınlığı 90-100 sm-dən çoxdur. Yayı sərin, rütubətli və dumanlı olub, meşə bitkilərinin geniş yayılması üçün əlverişlidir. Ərazinin 50-60%-i meşələrlə örtülüdür. Bu qurşağın aşağısında palıd və fısdıq meşələri çox yayıldığı halda, yuxarı hissədə onları küknar və şam ağaclarından ibarət qarışıq və iynəyarpaqlı meşələr əvəz edir.

Subalp çəmənləri və meşə talalarından ibarət olan, üçüncü landşaft qurşağının yuxarı sərhədi 2300 m hündürlükdən keçir. Bu qurşağın aşağı – nisbətən daha çox rütubətli hissələrində alçaqboylu ardıc və şam kolluqları geniş sahəni əhatə edir. Ştiriya Alplarında meşələrin yuxarı sərhədi 1500-1600 m, mərkəzi Alplarda isə 2100-2300 m hündürlükdən keçir. Subalp çəmənliklərindən ibarət olan landşaft qurşağının qışı uzun (6-8 ay), şaxtalı, yayı isə qısa və sərin keçir. Yanvar ayında havanın temperaturu -8°,-12°-dir. İyulda temperatur +4° ilə +10° arasında dəyişilib, ot bitkilərinin yayılması üçün əlverişlidir. Təbii bitki örtüyü içərisində subalp çəmənlikləri geniş sahəni tutur və bunlardan əsasən yay otlaqları kimi istifadə edilir.

Alp çəmənliklərindən ibarət olan dördüncü landşaft qurşağının yuxarı sərhədi 2600-3200 m hündürlükdən keçir. Alp dağlarında daimi qar xəttinin keçdiyi hündürlük Alp çəmənlikləri qurşağının yuxarı sərhədi hesab olunur ki, bu da dağların mövqeyindən, yamacın səmtindən və yağıntıların miqdarından asılı olaraq 2600 m-lə 3200 m arasında dəyişilir. Bu qurşağın iqlimi daha sərt və qurudur. Ərazinin çox hissəsi bitki örtüyündən məhrum olan çınqıl və daş yığınlarından ibarətdir. Nisbətən rütubətli və bir qədər küləklərdən yaxşı qorunan sahələrdə alçaqboylu ot bitkilərindən ibarət olan çəmənliklərə - “alp xalılarına” rast gəlmək olur.

Nival qurşaq Alp dağlarında qar xəttindən yuxarıda yerləşən daimi qar və buz sahələrini əhatə edir. Bura bitki və heyvanlar aləmindən məhrum olan yeganə landşaft qurşağıdır. Alp dağlarını və Alp ətrafı vilayəti morfoloji xüsusiyyəti və iqliminə görə fərqlənən bir neçə fiziki-coğrafi vilayətə ayırmaq olar. Bunlara: 1) Fransa Alpları; 2) İsveçrə Alpları; 3) İtaliya Alpları; 4) Avstriya Alpları; 5) Yura dağları; 6) İsveçrə yaylası; 7) Bavariya yaylası; 8) Venetsiya-Po ovalığı və nəhayət 9) Avstriya Alplarının şərq ön dağ hissəsi daxildir.


Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə