MÖVZU 5
İşçi qüvvəsinin beynəlxalq miqrasiyası
5.1. İşçi qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin
əsas formalarından biri kimi
XX əsrin ikinci yarısında dünya ictimaiyyətinin həyatında müşahidə edilən xarakterik
meyllərdən biri də əhalinin kütləvi miqrasiyasıdır. Əmtəə, xidmət və kapital bazarları ilə yanaşı
işçi qüvvəsinin beynəlxalq bazarı da mövcuddur. Bir ölkədən digərinə hərəkət edən işçi qüvvəsi
özünü əmtəə kimi təqdim edir və beləliklə də, beynəlxalq iqtisadi münasibətlər sisteminin tərkib
hissəsinə çevrilmiş beynəlxalq əmək miqrasiyası baş verir.
Ölkələr arasında ictimai-ərazi əmək bölgüsünün ən yüksək səviyyəsi olan beynəlxalq əmək
bölgüsü müxtəlif əmtəələrin istehsalının müxtəlif ölkələrdə təmərküzləşməsini, müxtəlif ölkələrdə
müxtəlif həcmdə və fərqli ixtisas səviyyələrində əmək resurslarının olmasını nəzərdə tutur.
Beynəlxalq əmək bölgüsü çərçivəsində kooperasiya həyata keçirilərkən bu iki formada baş verir:
əmək bölgüsü əsasında istehsal edilən əmtəələrlə beynəlxalq mübadilə (beynəlxalq ticarət) və ya
əməyin ölkələrarası hərəkəti əsasında beynəlxalq əmək miqrasiyası.
İşçi qüvvəsinin daxili miqrasiyasını (bir ölkənin regionları arasında) və xarici miqrasiyasını
(bir neçə ölkələyə aid olan) fərqləndirirlər. Beynəlxalq miqrasiya problemlərini öyrənərkən
istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
İşçi qüvvəsinin beynəlxalq miqrasiyası - əməkqabiliyyətli əhalinin iş axtarışı məqsədilə və
daimi yaşayış yerlərini dəyişməklə bir ölkədən digər ölkəyə hərəkəti başa düşülür.
İmmiqrasiya ölkəyə xaricdən əməkqabiliyyətli əhali axınıdır.
Emiqrasiya ölkədən xaricə əməkqabiliyyətli əhali axınıdır.
Miqrasiya saldosu ölkənin immiqrasiya və emiqrasiya göstəricilərinin fərqidir.
“Beyin axını” - yüksək ixtisaslı kadrların emiqrasiyası nəzərdə tutulur.
Reemiqrasiya - daha əvvəl ölkədən emiqrasiya etmiş əhalinin daimi yaşamaq üçün yenidən
vətənlərinə qayıtmaları başa düşülür.
Beləliklə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası muzdlu əməyin ixracı və idxalından
ibarətdir. Beynəlxalq miqrasiya bir proses kimi emiqrasiya, immiqrasiya və reemiqrasiyanın
vahidliyini əks etdirir.
Beynəlxalq miqrasiya problemlərinin aktiv surətdə öyrənilməsinə 1960-cı illərin
sonlarından başlanmışdır. Iqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas
ideyası istehsalın amillərindən biri olan işçi qüvvəsinin beynəlxalq hərəkətinin iqtisadi artımın
templərinə təsir göstərməsindən ibarət olub. Işçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi
isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır.
Neoklassik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, emiqrasiya işçi qüvvəsini qəbul
edən ölkənin rifah səviyyəsinin artımına gətirib çıxarır. Emiqrasiyanın mənbəsi kimi çıxış edən
ölkənin iqtisadi artım tempi isə pisləşməyərək əvvəlki səviyyədə qalır.
Neokeynsçilərin fikrincə, işçi qüvvəsinin, xüsusilə də yüksək ixtisaslı işçiləri ixrac edən
ölkənin iqtisadi vəziyyətinin pisləşməsi mümkündür. Bununla əlaqədar, “beyin axını”na vergi
tətbiq edilməsi ideyası irəli sürülmüşdü. Bu yolla əldə edilən gəlirin inkişaf ehtiyaclarına istifadə
edilməsi üçün BMT-nin sərəncamına verilməsi nəzərdə tutulurdu.
Son illərdə miqrasiya proseslərinin təhlilində vurğu ölkənin iqtisadi artımının endogen
amili kimi nəzərdən keçirilən insan kapitalının akkumulyasiyasının tədqiqinə yönəlmişdir. Insan
kapitalını iqtisadi inkişafın vacib amili olduğunu hesab edən bu yanaşmaya görə, beynəlxalq
miqrasiya ölkələrin iqtisadi artım templərində olan fərqləri izah edən səbəblərdən biridir.
İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı kimi təsnifləşdirmək olar:
1)
istiqamətinə görə:
inkişaf etməkdə olan ölkələrdən və keçmiş sosialist ölkələrindən sənayecə inkişaf etmiş
ölkələrə miqrasiya;
sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya;
inkişaf etməkdə olan ölkələr arasında miqrasiya;
yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan
ölkələrə miqrasiyası;
inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya.
2)
ərazi əhatəsinə görə:
qitələrarası;
qitədaxili.
3)
miqrantların ixtisas səviyyəsinə görə:
yüksək ixtisaslı işçi qüvvəsi;
aşağı ixtisaslı işçi qüvvəsi.
4)
müddətinə görə:
birdəfəlik (bir qayda olaraq qitələrarasıdır);
müddətli (bir qayda olaraq qitədaxili);
mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər);
gündəlik (öz ölkəndə yerləşən yaşayış məntəqəsindən digər ölkədə yerləşən iş yerinə
gündəlik edilən hərəkət).
5)
qanuniliyinə görə:
leqal;
qeyri-leqal.
Beynəlxalq Əmək Təşkilatının təsnifinə görə, müasir beynəlxalq miqrasiyanın 5 əsas tipi
fərqləndirilir:
1)
daimi yaşayış yerini
dəyişən köçkünlər;
2)
müqavilə üzrə işləyənlər (müqavilədə işçinin ölkədə işləmə müddəti dəqiq şəkildə
göstərilir);
3)
yüksək hazırlıq səviyyəsinə, müvafiq təhsilə, praktiki iş təcrübəsinə malik peşəkarlar,
həmçinin dünya ali təhsil sistemi çərçivəsində hərəkət
edən müəllimlər və tələbələr;
4)
qeyri-leqal immiqrantlar;
5)
hər hansı bir təhlükə səbəbindən öz ölkələrindən emiqrasiya etməyə məcbur olan şəxslər,
yəni qaçqınlar.
Əmək resurslarının beynəlxalq miqrasiyası nəticəsində xaricə fərqli xüsusiyyətli əmtəə -
işçi qüvvəsi hərəkət edir. Onun digər əmtəələrdən prinsipial fərqi ondadır ki, işçi qüvvəsi özü
digər əmtəələrin istehsal amili kimi çıxış edir. Miqrasiya axınlarının əsasını işçilər, daha az
dərəcədə isə qulluqçular təşkil edir.
5.2. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasını yaradan və
onun inkişafına təsir edən amillər