230
Səbr daşı
(Nazim Hikmətin xatirə günü münasibətilə)
Son dəfə həmişəlik gəldiyi Moskvadan geriyə - Türkiyəyə yolu bağlı idi.
Sovetlərdə yaşadığı mühit onu alqışlara, gül-çiçək dəstələrinə bürüsə də, sonralar
o, bu zahiri dəbdəbənin arxasında cəmiyyətin eybəcərliklərini apaydın görə
bilmişdi. Sadəlövh, günahsız türk inqilabçılarının, o cümlədən Nazimin dostu
Affan İkmekin Azərbaycanda yaşadığı dövrdə Sibirə sürgün edilməsinin,
Müşfiqin, Cavidin faciəsinin köklərini araşdırır, araşdırdıqca da dəhşətə gəlirdi.
Belə müdhiş duyğularla yaşayır, səbr edirdi. Günlərin birində bu səbr daşı çat-çat
oldu...
Gənclik illərində Moskvaya məftun olmuş Nazim Hikmət 50-ci illərin
sonunda bağlandığı ideala inamını itirmişdi. İnamı itirmək isə onun üçün bütün
faciələrin ən dəhşətlisi idi.
Anlamağa çalışıyorum inanmayı yitirmenin pahasına.
Bir söz söyleyecektim sana söyleyemedim.
Dünyamda sabahleyin aç karına içilen cıgaramın tadı,
ölüm kendinden önce bana yalnızlığını yolladı…
(“Kocalmağa alışıyorum,” 12. I. 1963)
Nazim sosializm cəmiyyətinin eybəcərliklərini gördükdən sonra buna dözə
bilmirdi. Bir yandan da məmləkət həsrəti. Oğluna göndərdiyi oyuncaqların geri
qayıtması acısı. Varnadan oğluna səslənməsi, tək-tənha, hər əzaba qatlaşan
Münəvvərini xatırlayarkən çəkdiyi vicdan əzabı, dərin peşimançılıq hissi,
əsərlərinin Türkiyədə işıq üzü görməməsi, Nazimi sevənlərin təqib edilməsi,-bütün
bunlar Nazimi sarsıtdı və şairin gənclik dostu Vala Nurəddinin sözləri ilə desək:
“Bu dünyadan Nazim geçdi”.
Bu yerdə, Moskvada yaşayan həmyerlimiz, görkəmli türkşünas, professor
Tofiq Məliklinin məşhur türk şairi Fazıl Hüsnü Dağlarcaya həsr etdiyi yenicə
çapdan çıxmış çox dəyərli kitabındakı bir məqamı oxucuların nəzərinə çatdırmaq
istəyirəm. Tofiq Məliklinin “Siz Nazim Hikmətlə görüşdünüzmü?” sualına
231
F.H.Dağlarca belə cavab vermişdi: “Təəssüf ki, yox. Mən orduda xidmət edirdim.
İstanbulda nadir hallarda olurdum. Onunla çox görüşmək istəyirdim, ancaq
alınmırdı. 1937-ci ildə onu həbs etdilər. Bundan sonra hökümət Nazimin bütün
kitablarını yasaq etdi. Və tez bir vaxtda bizə təcili olaraq Nazimin bütün kitablarını
toplayıb təhvil vermək əmri verildi. Ancaq mən Nazimin kitablarını əldən vermək
istəmirdim. Hərbi hissədə saxlaya bilməzdim, evə poçtla göndərmək də təhlükəli
idi. Bax, o vaxt mənim Nazimlə dəhşətli bir “vidalaşmam” oldu. Mən səhərəcən
onun bütün kitablarını bir daha oxudum, sonra... yandırdım. Bu mənim üçün heç
vaxt unutmayacağım müdhiş, əzablı bir günah oldu.”
Nazim Hikmət ilk şeirini qələmə alan gündən özünü təsdiq edən şairlərdən
olub və həmin andan etibarən də yaradıcılığı birmənalı qarşılanmayıb. İstər
məfkurəsinə görə, istərsə də türk poeziyasına yeni ideya, yeni vəzn gətirdiyinə
görə. Amma bu bir həqiqətdir ki, dövrünün Əbdülhəqq Hamid kimi nəhəng
sənətkarı Nazim Hikməti bəyənmişdi. Özü də təkcə Əbdülhəqq Hamid yox,
yaşadığı dövrün əksər qüdrətli ədəbi simaları Nazim Hikmətin sənətini yüksək
qiymətləndirmişdi. Amma şairin kommunist ideyalarına sədaqətini bəyənməyib
onu tənqid, hətta təhqir də etmişdilər.
Nazim Hikmət ilk dəfə Moskvaya gəldiyi vaxt sovet cəmiyyətini ideal bir
quruluş kimi görmüşdü. Türkiyədə həbsxanada yatdığı illərdə “Zoya”, “Moskva
simfoniyası” kimi əsərlərində Sovetlər ölkəsini, faşizmə qarşı sovet xalqlarının
mübarizəsini gur səslə vəsf etmişdi. Sovet yazıçıları da Nazimin müdafiəsinə
qalxmışdılar. Azərbaycanın söz ustaları da Nazim Hikmətin məhbəsdən azad
edilməsi uğrunda öz səslərini dünyanın mütərəqqi insanlarının səsinə qatmış, şairin
zindandan azad olunmasını tələb etmişdilər.
Ömrünün son illərində Nazim Hikmət kommunizm ideyalarının, sosializm
cəmiyyətinin mahiyyətini başa düşmüşdü.
Moskvada yaşadığı illərdə şairin ümid yeri ancaq Azərbaycandı. Mikayıl
Rəfili, Süleyman Rüstəm, Rəsul Rza kimi şairlərlə, Əkbər Babayev kimi
tədqiqatçılarla olan dostluğu ona dayaqdı. Bu dostluq qardaşlıq zirvəsində idi.
Xüsusən Rəsul Rza ilə olan dostluğu onun üçün aman eviydi .
232
Nazim məmləkətinə bütün varlığı ilə bağlı idi. Əgər bir gün Nazimin Vətən
həsrətinə həsr olunmuş şeirləri ayrıca kitab şəklində nəşr olunsa, o zaman şairin
çəkdiyi iztirablar daha aydın şəkildə gözlərimiz önündə canlanar. Həmin şeirlər bir
deyil, beş deyil. "Ağcaqayın meşəsində", "Yeni il", "Gəmi", "Balkon", "Ceviz
ağacı", "Mavi liman", "Münəvvərə məktub yazdım, dedim ki...", "Sağ əlim",
"Sebastyan Baxın bir nömrəli Dominor konserti", "Dunay çayı", "Məmləkətim
haqqında", "Bir Üsküdar balkonunda", "Faustun evi" və s. sənət nümunələri buna
sübutdur. Bu şeirlərdə qürbət eldə yaşayan Nazimin böyük həsrəti, ürək ağrısı
bütün incəliklərinə qədər duyulur.
Nazimin bir gün, yəqin ki, "Məmləkətim" adlı bir kitabı çapdan çıxar. Və o
kitabda Nazimin təkcə şeirləri deyil, Türkiyə haqqında düşüncələri, uca
kürsülərdən Türkiyə, Türk xalqı, Türk dili haqqında dediyi dəyərli sözlər,
dostlarına, yaxınlarına yana-yana açıb söylədiyi ürək duyğuları da öz əksini
tapar… Məsələn bu sözləri: “Dünyanın ən yaxşı insanlarından olan Türk xalqının
və dünyanın ən gözəl dillərindən biri və bəlkə də ən başda gələnlərindən olan Türk
dilinin yabançı diyarlarda tanınmasına vəsilə ola bilmək, ömrümün ən böyük
sevinci və şərəfi olur. Bir kəndli torpağını və öküzünü, bir dülgər taxtasını və
rəndəsini necə sevirsə, mən də türk dilini elə sevirəm.”
3 iyun 1963-cü il. Nazimin qəfil ölümü onu tanıyanları, sevənləri qəlbən
sarsıtdı. Onun ölümünə ağılar deyildi, şeirlər yazıldı. Bu ağıların, şeirlərin böyük
bir qismi Nazimi həmişə yaşadan, heç zaman unutmayan Azərbaycanın payına
düşdü. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Nazim Hikmət həmişə
Bakıdadır, Azərbaycandadır, xatirəmizdədir, ürəyimizdədir.
“525-ci qəzet, 22 may 2014-cü il.
Dostları ilə paylaş: |