Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
12
Beləcə Natəvanla Vaqifin arasında dilə  gəlməyən bir 
sevgi macərası yaşandı. Pak... Bulaq suyu kimi saf... Əlçatmaz, 
sözsüz-söhbətsiz. Bu hisslər necə güclü idisə, Vaqif dilinə 
gətirə bilmədi.  
Onuncu sinfi bitirdi. Şəhərə getməmişdən qabaq 
Natəvana məktub yazdı. Natəvan ilk sevgi məktubunu aldı və 
dönə-dönə məktubu oxudu: 
 
“Natəvan, bu məktubu yazmağa cəsarət etdiyim üçün məni 
bağışla. Artıq susa bilmirəm. Yəqin ki, özün də yaxşı bilirsən, hər 
gün səni görmək üçün arxanca gəzirəm. Bəzən istəyirəm addımlarımı 
yeyinlədib sənə çatam, yanaşı gedək. Amma sənə çata bilmirəm.  
Səni göydə yanıb-sönən ulduzlara bənzədirəm. İş ondadır ki, 
sən göydə deyil, yerdəsən. Natəvan, sən mənim bəxt ulduzumsan. 
Ürəyimdə yanırsan. Amma nədənsə qorxuram. Ona görə qorxuram 
ki, sən göydəki ulduzlar kimi məndən uzaqsan. Yaxşı bilirəm ki, 
onlara çatmaq mümkün deyil. 
Mənsə sənə çatmaq istəyirəm. Yanında olmaq istəyirəm. Sən 
özün də bilmədən məni xoşbəxt etmisən. Məktəbi bitirib şəhərə 
oxumağa getməliyəm, amma ürəyimi bu kənddə qoyub gedirəm. Bu, 
mənim üçün çox çətindir.  
Natəvan, nə yaxşı ki, sən bu dünyada varsan... 
 
Vaqif”  
 
 
Natəvan məktubu ədəbiyyat kitabının arasında gizlətdi. 
Ona elə  gəlirdi ki, məktubda yazılan hər bir söz başqa bir 
aləmdən xəbər verir və Natəvanın üzünə yeni bir dünyanın 
qapıları açılır. O, anlaşılmaz hisslər içərisində vurnuxurdu. 
Oxuduğu bədii əsərlərdəki sevgi qəhrəmanları bir-bir gözünün 
önündə canlanır, onların iztirabı, acı-ağrıları, nakam sevgisi 
indi Natəvana başqa cür təsir edirdi, çünki artıq Natəvan özü 
bu odun içində yanmaqda idi.  
Natəvan növbəti dəfə evdə təklənib məktubu oxuyarkən 
böyük qardaşı Azər qəflətən otağa girdi. Natəvan özünü itirdi. 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
13
Tələsik məktubu kitabın arasında gizlətmək istədikdə  məktub 
yerə düşdü. Qorxudan Natəvanın gözləri böyüdü, sifəti alışıb 
yandı. O, təşvişlə bir qardaşına, bir də yerdəki məktuba baxdı. 
Azər yaxınlaşıb məktubu götürdü və oxudu. O, rəng verib, rəng 
aldı. Natəvan isə xəcalətindən bilmirdi nə etsin. Yer yarılsaydı 
yerə girərdi. Amma yer yarılmadı. Sərt bir sillə onu silkələdi.  
– Bu nədir?! Məktəbə buna görə gedirsən?! 
Natəvan heç nə  eşitmədi. Qardaşının səsi bir də 
qulaqlarında cingildədi.  
– Namusu itə atıblar, it yeməyib! Abırsız!! 
Azər qəzəblə sözünü deyib, otaqdan çıxdı.  
Natəvan  əlləri ilə üzünü tutub hönkürdü. O vaxtdan 
qardaşının səsi qulaqlarında qaldı. Deyilən hər bir söz bıçaq 
kimi sanki Natəvanın ürəyinə sancılıb elə oradaca qaldı. 
Ömrünün sonuna kimi Natəvana əzab verdi. Nə qədər çalışdısa, 
o sözləri unuda bilmədi. O, günahı olmadığını bircə özü 
bilirdisə  də, bu barədə demək istədiyi sözlər ürəyində qaldı. 
Yaxşı bilirdi ki, artıq heç kəs ona inanmayacaq. Ona olan inam 
vaxtsız və nahaq yerə alışıb yandı, heç külü də qalmadı. 
Bundan belə heç nəyi dəyişmək mümkün deyil. Bir tərəfdən də 
xəcalət hissi ona rahatlıq vermirdi. Niyə xəcalət çəkdiyini özü 
də bilmirdi. Əslində bütün qızlar bu dünyaya sevilmək üçün 
gəlir, sevilmək arzusu ilə yaşayır və seviləndə  bəxtəvər olur. 
Bu, Natəvana qismət olmadı. Görünür bu dünya belədir. Hər 
kəs etdiyi günaha görə cəzalandırılmır, çünki kiminsə günahkar 
və yaxud günahsız olduğunu sübut etmək asan deyil. Hər kəs 
istədiyi kimi nəticə  çıxarır, biri haqq, biri nahaq. Bircə insan 
özü bilir öz dərdini, öz günahlarını, və ya günahsız olduğunu.  
Natəvanı məktəbdən çıxartdılar. Həmişə nəzarət altında 
olan Natəvan həyət-bacada kölgə kimi gəzib dolandı. Hətta 
sinif uşaqları ilə görüşmək də ona qadağan olundu.  


 
 
 
Solmaz Muxtarova 
 
14
Natəvan sinifdə ən yaxşı şagird idi. Bir neçə dəfə sinif 
rəhbəri, axırda direktor özü Şafa kişinin qapısına gəldi – 
Natəvanı məktəbə qaytarmağa çalışdı:  
– Bu uşaq heyifdir. Onu dərsdən ayırmayın. Oxusa, 
yaxşı gələcəyi olar.  
Şafa kişi arvadı  Nəcibə ilə baxışdılar. Onlar ağzını 
açmağa imkan tapmamışdılar ki, Azər qabağa çıxıb direktora 
sərt cavab verdi.  
– Bizim heç kəslə ortaqlı uşağımız yoxdur! Natəvan bir 
də məktəbə qayıtmayacaq! Artıq söz-söhbət lazım deyil... 
– Oğlum, ayıbdır... Müəllimlə kobud danışma. Kəndin 
ağsaqqalıdır.  
– Qızımızın oxuyub-oxumamaq məsələsini biz özümüz 
həll edirik, başqaları yox. Bir dəfəlik bildirmək istəyirəm ki, 
Natəvan məktəbə qayıtmayacaq, vəssəlam! – deyib Azər dönüb 
getdi. 
Şafa kişi üzrxahlıq etdi: 
– Bağışla müəllim... Cavandır... 
Direktor dərindən köks ötürdü.  
Hə Şafa kişi, deyəsən saqqalı yaman ələ vermisən, – 
deyib mənalı-mənalı Şafa kişiyə baxdı. 
– Vallah nə edim? 
Şafa kişi sözünün ardını gətirmədi. “Bacara bilmirəm...” 
demək istədisə  də, bu sözü deməyə ar etdi və  xəcalət çəkdi. 
“Necə yəni bacara bilmirəm?! Kişi də yəni öz övladı ilə bacara 
bilməz?! Bu necə ola bilər? Deməli, olanda olur. Mən də, 
Nəcibə  də bir abırlı adamlarıq. Bir kişinin toyuğuna “kış” 
deməmişik. Bu uşaq kimə oxşadı belə? Axırda əlindən bir xəta 
çıxmasa yaxşıdır.” 
Kənddə hamı Azərin  əlindən dad edirdi. Dəliqanlı, 
davakar, özündən razı. Kəndin ağıllı cavanları onunla 
mübahisə etməzdi, yan keçərdi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə